Professor Ali Kafkasyalının “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” haqqında
Məti OSMANOĞLU
Professor Ali Kafkasyalının Türkiyədə "Nobel" nəşriyyatı tərəfindən çap olunmuş "Böyük türk şairi Nazim Hikmət və Türk Dünyası" kitabının məzmununa, şairin şəxsiyyəti və yaradıcılığı haqqında hörmətli alimin fikirlərinə münasibət bildirməzdən əvvəl kitabla ilk təmasdan bəri düşüncələrimdə dolaşan bəzi mülahizələri bölüşməyi zəruri sayıram.
Nazim Hikmətin vəfatının 60-cı və Türkiyə Cümhuriyyətinin 100-cü ilinə - Türkiyə əsrinə həsr olunmuş kitabın müəllifi Ali Kafkasyalı, 1920-ci illərdə Azərbaycanda Sovet əsarətinə, bolşevik diktaturasına üsyan edərək, Karsa köçən mühacir ailəsində dünyaya gəlmişdir. Gəncliyindən Türkiyədə sağ təmayüllü milliyyətçi siyasətin sıralarında yetişən Ali bəy bu gün də öz ideoloji mövqeyinə, milliyyətçilik dəyərlərinə sadiqdir. Uzun müddət doğma məmləkətində kommunist kimi lənətlənən Nazim Hikmət haqqında Ali bəyin kitab yazması, Nazim Hikmətin böyük türk şairi portretini yaratması mənim nəzərimdə Türkiyə cəmiyyətinin yaşamaqda olduğu yeni tarixin - Türkiyə əsrinin göstəricisi olmaq baxımından çox əhəmiyyətlidir. Yeni Türkiyə artıq sağçısına-solçusuna baxmadan öz dəyərlərinə, itirdiyi sərvətlərinə sahib çıxır. Bu mənada, Türkiyə Cümhuriyyətinin sonuncu Baş naziri, Türk Dünyası Ağsaqqallar Şurasının sədri hörmətli Binəli Yıldırımın kitaba yazdığı Ön sözdə Nazim Hikməti "Cümhuriyyət dövrü türk ədəbiyyatının ən böyük şairlərindən biri" adlandırması Türkiyədəki yeni düşüncənin milli-mənəvi dəyərlərə münasibətinin ifadəsi kimi qəbul edilməlidir.
Müqayisənin nə qədər yerinə düşəcəyini bilmirəm - Azərbaycanın tarixində də əlimizdən alınan, zaman keçəndən sonra özümüzə qaytarılan dəyərlərimiz az olmamışdır. Xüsusilə, hər cür siyasi qərarların xalqın iradəsindən kənar verildiyi Sovet dövründə neçə-neçə həmvətənimiz "vətən xaini", "xalq düşməni" kimi ittiham edilmiş, həbsə, sürgünə, ölümə məruz qalmış, sonra da bəraət almışdır. Ancaq həmin itkilərin millətin mənəvi varlığına təsirsiz ötüşmədiyi, milli psixologiyada böyük, dərin boşluqlar yaratdığı, milli yaddaşda "qara dəliklər" açdığı aydın və acı həqiqətdir.
...2008-ci ilin payızı idi. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatı fənnindən mühazirə oxuyarkən Nazim Hikmətin yaradıcılığının ədəbiyyatımızdakı yerini vurğulamış, sevdiyim misralarını dilə gətirmişdim:
Başım köpük köpük bulut, içim dışım deniz,
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda.
Budak budak, şerham şerham ihtiyar bir ceviz,
Ne sen bunun farkındasın ne polis farkında...
Tələbələrdən biri yerindən durub qəzəbli tonda sözümü kəsmişdi:
- Hocam, vətən xainini təbliğ etməklə bizim qürurumuza toxunursunuz!..
O vaxt Bakı Dövlət Universitetində qardaş Türkiyədən gəlmiş tələbələrin sayı çox idi və müəllim-tələbə münasibətlərində onlar daha təmkinli, daha ölçülü-biçili davranırdılar. Ona görə də tələbəm Mehmetin ötkəm ədayla sözümü kəsməsi mənim üçün gözlənilməz olmuşdu. Bunun da fərqində idim ki, ülkü ocaqlarını təmsil edən Mehmetin Nazim Hikmət haqqında dedikləri öz sözləri deyil, şairə bu münasibət onillər boyu zehinlərdə kök salmış hazır təsəvvürdən, türklər demiş, önyarğıdan gəlir. 1951-ci ildə Türkiyə vətəndaşlığından məhrum edilmiş Nazim Hikməti həsrətindən öldüyü məmləkətində gözdən salmaq üçün onun haqqında XXI əsrdə də müxtəlif "şəhər əfsanələri" dolaşmaqdaydı və çoxunun nəzərində o, bir "vətən xaini" - "xalq düşməni" idi. Ali bəyin "Böyük türk şairi..." kitabında tarixin daha bir paradoksunun üzərindəki pərdənin qaldırıldığını görürük: Nazim Hikməti Türkiyədə "xain" adlandırmaqda kommunistlər millətçiləri qabaqlayıbmış - onun 1930-cu ildə kommunist partiyasından xaric edilməsi barədə qəzet xəbərinin manşetində şair "Türkiyə kommunist partiyasından qovulmuş xain" adlandırılmışdı...
Bu da Allahın xoş bir inayəti oldu ki, elə həmin dərs ilində - 2009-cu il yanvar ayının 5-də (mənim doğum günümdə) Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin qərarı ilə Nazim Hikmətin vətəndaşlığı 58 ildən sonra özünə qaytarıldı.
Hər dəfə Mehmetlə universitet dəhlizində qarşılaşanda ona Nazimin şeiri ilə səslənirdim:
Karşı yaka memleket,
sesleniyorum Varna'dan,
işitiyor musun?
Memet! Memet!..
Professor Ali Kafkasyalının "Böyük türk şairi Nazim Hikmət və Türk Dünyası" kitabı tarixin "babalını yumaq", şairin "vətən xaini" adını üstündən götürmək, ona "bəraət vermək" məqsədilə yazılmayıb. Kitabın maraq kəsb edən başlıca keyfiyyəti qarışıq zamanın aldanışlarının qurbanı olan, dolaşıq yollar arasında səmtini itirən, qürbətdən qayıdanda həbsxanaya salınan, həbsxanadan çıxanda həsrətində olduğu azadlığa qovuşmaq əvəzinə, yolu yenidən qürbətə salınan, qapıldığı xəyallar suya düşən, "həsrətin, ayrılıqların dilini yaxşı bilən" şairin şəxsiyyətinin və yaradıcılığının siyasi düşüncənin əks qütbündən qiymətləndirilməsi, aradan onillər keçəndən sonra şairin səsinə "qarşı yaxadan" səs verilməsidir. Kitab müəllifinin qarşısında duran ən çətin vəzifə isə Nazim Hikmətin ömür yolunun və yaradıcılığının siyasətin fövqündə olan tərəflərini görmək, kitabın adında göstərilən böyük türk şairi portretini yaratmaq idi. Bunun üçün müəllifin özündən də şairə və şeirə siyasi baxışların fövqündən baxmaq cəsarəti göstərmək tələb olunurdu...
Nazim Hikmət ömrünün sonuna yaxın, 1961-ci ildə qələmə aldığı "Otobiyografi" şeirində yazmışdı:
1902'de doğdum
doğduğum şehre dönmedim bir daha
geriye dönmeyi sevmem.
üç yaşımda Halep'te paşa torunluğu ettim
...ve on dördümden beri şairlik ederim...
Nazim Hikmət dünyaya gələndə onun cənnəti - Osmanlı dövləti qocalıb əldən düşmüşdü, son illərini yaşayırdı. Osmanlı dövlətinin başından gəlib keçənlər on dörd yaşından "şairlik edən" paşa torunundan da yan ötməyəcəkdi. Nazim Hikmətin ömür və yaradıcılıq yolunun başlanğıcı bilavasitə imperiyanın, onun xarabaları üzərində qurulan cümhuriyyətin tarixinə, eləcə də dünyada gedən proseslərə bağlı hadisələrlə o qədər zəngin, o qədər dolu olub ki, həmin hadisələri bir xətt boyunca düzmək, bir zəncir halına gətirmək olduqca çətin idi...
Ali Kafkasyalının "Böyük türk şairi..." kitabında göstərildiyi kimi, Nazim Hikmətin dünyaya gəldiyi şəhər - Selanik (bura həm də Qazi Mustafa Kamal Paşa Atatürkün doğulduğu şəhərdir) 1912-ci ilə qədər Osmanlı imperiyasının bir parçası idi. 1912-ci ilin noyabrında Osmanlı ordusunun Balkanlardakı məğlubiyyətindən sonra şəhər yunanların tabeliyinə keçdi. Şairin babası Mehmet Nazim Paşa 1912-ci ildə Selanikə vali təyin edilmişdi və onun adı tarixə şəhərin son türk valisi kimi düşəcəkdi. Selanikdən əvvəl isə o, Hələbin valisi olmuşdu. Balaca Nazim Hikmət üç yaşında ikən atası Hikmət bəy və anası Ayşə Cəlilə xanım ilə birlikdə Hələb şəhərinə köçmüş, ailə bir müddət orada, Mehmet Nazim Paşanın yanında yaşamışdı. "Böyük türk şairi..." kitabından götürdüyüm qısaca bir arayışı da diqqətə çatdırmağın faydalı olacağını düşünürəm ki, şairin adı babası Nazim Paşa ilə atası Hikmət bəyin adlarının birləşməsindən düzəldilmiş mürəkkəb sözdür, müasir Azərbaycan dilinin orfoqrafiyasının tələblərinə görə, əslində bitişik yazılmalıdır...
Ali bəyin nəsr sahəsindəki təcrübəsi, hekayə və romanlar yazması, təfəkkür tipinin epos poetikasına meyli elmi mətnlə oxucu arasındakı fəal ünsiyyətin qurulmasında, mətndəki mətləblərin oxucuya təqdimində və asan dərk olunmasında aparıcı rol oynamaqdadır. Kitabda elmi qaynaqlardan gələn, hər birinin dəqiq mənbəyi göstərilən faktlar oxucuya daim sonunun nə olacağını gözlədiyi təhkiyə (anlatı, narrative) üzərindən təqdim olunur. Elmi təhkiyə mətnin bir araya gətirdiyi çoxsaylı fakt və hadisələr ilə oxucu arasında ünsiyyəti təmin edən gözəgörünməz əlaqələndirici, ötürücü rolunu oynayır. Beləliklə, kitab müəllifi Nazim Hikmətin yaradıcılığında izləri olan hadisələri yada salmaqla yanaşı, həm də bu hadisələr vasitəsilə böyük şair kimliyinin yaddaqalan ibrətli elmi hekayəsini yaradır.
Kitabın şairin "Şəxsiyyəti və şairliyi"nə həsr olunmuş ilk fəslində bir-birindən maraqlı qırxdan çox süjet verilib. Bu yığcam süjetlərdən əksəriyyətinin hər birində ayrıca roman enerjisini görmək mümkündür. Məsələn, faktlardan biri imperiya övladı olan Nazim Hikmətin etnik soyu ilə bağlıdır və bu mövzu Azərbaycan oxucuları üçün də çox maraqlıdır. Kitabda Nazim Hikmətin ata nənəsi Leyla xanımın atası Mehmet Əli Paşa haqqında kiçik bir süjet verilib. Əslən fransız olan Mehmet Əli Paşa 12 yaşında hərbi təlim gəmisi ilə İstanbula gəlir, komandiri ilə dalaşdığı üçün onu gəmidən dənizə atırlar və o, türk dənizçiləri tərəfindən xilas edilir. Hərbi Dəniz Məktəbində təhsil alır, müsəlmanlığı qəbul edir, fərasəti sayəsində tez bir zamanda Osmanlı ordusunda general rütbəsinə yüksəlir. 1878-ci ildə Berlin Konqresində Osmanlı sultanının nümayəndəsi kimi iştirak edir. Torpaqlarının bir hissəsi Monteneqro və Serbiyaya verilən albanlar silahlı üsyana başlayanda yerli əhali ilə danışıqlar aparmağa göndərilir və orada şəhid olur.
Şairin anasının babası Mustafa Cəlaləddin Paşa isə Polşada doğulub, müsəlmanlığı qəbul edənə qədər Borjenski soyadını daşıyıb. Türklüyün tarixini araşdıran, "Qədim və müasir türklər" əsərinin müəllifi kimi şöhrət qazanan Mustafa Cəlaləddin Paşanın etnik mənsubiyyətinə görə polyak deyil, qaqauz türkü olduğunu öyrənirik...
Kitabda bu cür yığcam hekayələrdən Nazim Hikmətin kimliyinə işıq tutulur və Osmanlı dövlətinin taleyindən saçılan həmin işıq şairin ömrünün son nöqtəsinə, şairin son mənzilinə qədər oxucunun təsəvvürünə yoldaşlıq eləyir. Kitab oxucunun gözü qarşısında paşa nəvəsinin tarixin sərt döngələrindən, taleyin sarp yoxuşlarından keçən yolunu canlandırır.
Nazim Hikmətin ailə dramının - atası ilə anası arasında münasibətlərin gərginləşməsinin uşaqlıqdan onda yaratdığı mənəvi zədə, şairin anasının böyük türk şairi Yəhya Kamalla macərası haqqında söylənənlər, Nazim Hikmətin sevgi və evlənmə tarixçələri, Atatürklə görüşü, Sovet İttifaqına gəlişi, Türkiyəyə qayıdışı, mühakimə olunduğu məhkəmə prosesləri, həbsxana həyatı, Bakı səfərləri və s. kimi onlarla hadisənin bir araya gətirilməsi bütöv bir təhkiyə çərçivəsində təqdim olunduğundan ayrı-ayrı süjetlər rəngarəng bir tablonun ştrixləri kimi yadda qalır. Bu ştrixlər bir araya gətiriləndə Nazim Hikmətin bütöv böyük şair və böyük insan portretini canlandırır. Xüsusi vurğulamaq istəyirəm ki, müəllif bu portreti yaratmaq üçün ayrı-ayrı fraqmentləri mozaika daşları kimi yan-yana düzməmişdir, müxtəlif rənglərin, fərqli hadisələrin ərintisindən, sintezindən bütöv və möhtəşəm bir şair obrazı yaratmağa müvəffəq olmuşdur. Bu isə elmi təhkiyənin fakt və hadisələrdən yığdığı enerjinin oxucuya ötürülməsində müstəsna rol oynayır.
Bir insan kimi taleyi, dünyanın coğrafiyasını dəyişdirən mürəkkəb tarixi proseslərin qaynar mərkəzinə düşən şairin ömründə və şeirində qarışıq və dolaşıq zamanın necə əks olunmasının tam və aydın mənzərəsini yaratmaq "Böyük türk şairi..." kitabının dəyərini və ayarını müəyyənləşdirməkdədir.
Kitab müəllifinin Nazim Hikmətin kimliyinə münasibətinə gəldikdə isə, bir oxucu kimi məndə yaranan qənaət budur ki, Ali Kafkasyalının təqdim etməyə çalışdığı böyük türk şairinin şəxsiyyətinin başlanğıc nöqtəsi Nazim Hikmətin paşa torunu - Osmanlı ordusu generalının nəvəsi olmasıdır (Mötərizə arasında qeyd edək ki, Nazim Hikmətin dayısı, Atatürkün hərbi məktəb yoldaşı və yaxın silahdaşlarından biri Fuad Paşa - Ali Fuad Cebesoy (1882-1968) da Cümhuriyyət Ordusunun generalı olub və adı tarixdə Qurtuluş savaşını başladan qəhrəman komutan kimi keçməkdədir...).
Kitabda vurğulandığı kimi, şairin bir şəxsiyyət kimi yetişməsində babası Nazim Paşanın böyük əməyi və təsiri olmuşdur. "Hikmət bəylə Cəlilə xanım 1917-ci ildə ayrılandan sonra Nazimə və bacısı Samiyəyə baxmağı babası Mehmet Nazim Paşa üzərinə götürür. Nazim Paşa adaşı Nazimi bir paşazadə kimi yetiştirir (kursiv mənimdir - M.O.)".
"Osmanlıçılık ve İslamçılık düşüncələrinin... "Hüsran"a uğradığını" - boşa çıxdığı gerçəyindən yola çıxan Ali Kafkasyalı Nazim Hikmətin sosializmi seçməsinin tarixi şərtlərini şərh edərək şairin yaradıcılığına əvvəldən sona qədər yön verən millət, məmləkət və türk dili sevgisini ön plana gətirir. Bu sevginin kölgəsində Nazimin yaradıcılığında həsrətini çəkdiyi, qarşı yaxadan səsləndiyi məmləkət bütün ağrıları, bütün ziddiyyətləri, cənnəti və cəhənnəmi, tarixi və bu günü ilə birlikdə daha aydın və möhtəşəm görünür.
Dörtnala gelip Uzak Asya'dan
Akdeniz'e bir kısrak başı gibi uzanan
bu memleket bizim.
Bilekler kan içinde,
dişler kenetli, ayaklar çıplak
ve ipek bir halıya benziyen toprak,
bu cehennem, bu cennet bizim.
Kapansın el kapıları, bir daha açılmasın,
yok edin insanın insana kulluğunu,
bu davet bizim...
Yaşamak bir ağaç gibi tek ve hür
ve bir orman gibi kardeşçesine,
bu hasret bizim...
Kitabda Nazim Hikmətin həbsxanada dustaq olarkən yazdığı və qırx altı min misralıq hissəsi sonradan yandırılmış "Kuvayi Milliyyə dastanı"nın ("Qurtuluş Savaşı dastanı") ayrıca bir başlıq altında verilməsi də alimin Nazim Hikmətə Paşa torunu - general nəvəsi kimi yanaşmasından irəli gəlir: Nazim Hikmət harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq özünü məmləkətin taleyinə cavabdeh sayırdı. Burada maraq doğuran başqa bir məqam da müəllifin diqqəti "Kuvayi Milliyyə dastanı"nın təhlilinə, əsərdəki obrazlar sisteminə, struktur xüsusiyyətlərinə deyil, dastanın əlyazmasının hekayəsinə yönəltməsidir. Ümumiyyətlə, "Böyük türk şairi..." kitabında Nazim Hikmətin şəxsiyyətinin və yaradıcılığının fərqli hekayələrin, yığcam və gərgin süjetlərin bir araya gətirildiyi dinamik təhkiyə üzərindən təqdim edilməsi kitabın struktur baxımından özünəməxsusluğunu müəyyənləşdirir.
Nazim Hikmətin insanı bir ağac kimi hür, insanlığı bir orman kimi qardaşcasına yaşamağa dəvət etdiyi bu poemadan bəhs edərkən, Ali Kafkasyalı şairin yaradıcılığında milli varlıq naminə aparılan mübarizə, qurtuluş uğrunda savaş ideyasına daha çox önəm verir və şairin şeir dünyasındakı azadlıq motivini bu ideyanın işığında dəyərləndirir. "On səkkiz yaşında İstanbulun fəthindən bəhs edən "Səkkiz yüz əlli yeddi"; İstanbulun işğalına dair "16 mart"; Anadolunun işğalına dair "Qırx quldurun əsiri"; "Çanaqqala nağılı" (Vala Nurəddin ilə brilikdə); İzmirin işğalına dair "Yaralı ruh"; İzmir və Ədirnənin süqutuna dair "Qaçırılan bacılar" adlı dastanları yazan Nazim Hikmət, Qurtuluş savaşı haqqında da sonradan "Kuvayi Milliyə" adlandırılan "Qurtuluş Savaşı dastanı"nı yazdı. Nazim Hikmət dastanı, son qeyddə göstərildiyi kimi, üç il ərzində üç həbsxanada ("İstanbul təcridxanası (1939), Çankırı həbsxanası (1940) və Bursa həbsxanası (1941)) tamamladı".
Üç həbsxanada Vətənin Qurtuluş Savaşının, azadlıq uğrunda ölüm-dirim mübarizəsinin dastanını yazan Nazim Hikmətin Sovet İttifaqına sürgün kimi son gəlişi, Moskvada yaşadığı dövr türk dünyasının mənəvi birliyində sovet hakimiyyətinin də gözləmədiyi hadisəyə çevrildi. Bu mənada, Ali Kafkasyalının Nazim Hikmətin böyük şair portretinə Türk Dünyası üfüqlərindən nəzər salması həm tarixi, həm də filoloji baxımdan ciddi özüllərə dayanır.
"Geriyə dönməyi sevmirəm" deyən Nazim Hikmət Sovetlər Birliyinə qayıtmağa məcbur olarkən, bütün varlığı ilə sevdiyi məmləkətini, öz sözləri ilə desək, saçlarının ağında, ürəyinin infarktında, alnının qırışlarında sürgünə gətirmişdi.
Kitabın "Türk Dünyasında Nazim Hikmət və çalışmaları" bölümündə şairin Bolqarıstan türkləri, eləcə də Azərbaycan və Orta Asiya türk xalqları ilə əlaqələrinə dair olduqca maraqlı faktlar, təfərrüatlar bir araya gətirilib.
...1953-cü ildə Stalinin ölümü ilə "Şər imperiyası"ndakı ideoloji iqlim tədricən dəyişirdi. Bir çox həqiqətlərin üstündəki ağır pərdələr qaldırılırdı. Elə o vaxtdan Nazim Hikmətin yaradıcılıq ruhunda kəskin sarsıntılar müşahidə olunmağa başlamışdı. Heç şübhəsiz ki, Nazim Hikmət tragik bir illüziyaya qapıldığını, xəyallarının suya düşdüyünü dərk etmişdi.
Bu da tarixin bir gerçəyidir ki, "Mavi gözlü dev" o illərdə Sovet əsarətində olan türk xalqlarının mənəvi birliyi üçün dev kimi böyük iş görürdü. Onun "dəmir pərdələr" arxasında türk birliyi üçün gördüyü işi o vaxt heç sovet hökumətinin düşmənləri də görə bilməzdilər. 1930-cu illərdə sarsıdılmış, pozulmuş türk birliyi 1950-ci illərin sonlarında Nazimin timsalında mədəni səviyyədə yenidən bərpa olunmağa, türk xalqlarının ədəbiyyatlarında türk dilinin və Türkiyənin havası əsməyə, yeni şeir axını özünü göstərməyə başladı.
Nazim Hikməti Azərbaycanda da yeni şeir axınının önündə görürük. O vaxt ədəbiyyata gələn yenilikçi şairlərin, xüsusən, sərbəst şeir yazan yenilikçi gənclərin yaradıcılığının əsas enerji mənbəyi Nazim Hikmətin yaradıcılıq təcrübəsi idi. Bu məsələyə Moskvada təhsil alan gənclərin Nazim Hikmətlə şəxsi görüşlərinin də az təsiri olmamışdı...
Ali Kafkasyalının "Böyük türk şairi..." kitabında şairin 1957-ci ildə Bakıya səfərinin, Azərbaycan Dövlət Universitetinin tələbələri ilə görüşünün təfərrüatlarına geniş yer verilib.
Həmin görüşdə Nazim Hikmət gələcəkdə nə vaxtsa Bakıdan İstanbul Universitetinə, Türkiyənin Baş nazirinin də iştirak edəcəyi görüşə gedəcək gənc azərbaycanlı şairdən onun Türkiyə gənclərinə salamlarını, eləcə də özünün Azərbaycanda çox sevildiyini, Azərbaycandan çox şey öyrəndiyini çatdırmağı xahiş eləmişdi...
Nazim Hikmətin xəyalından keçən görüş xeyli gec oldu. 2023-cü ilin dekabrında Türkiyənin Ərzincan Universitetində ölkənin sonuncu Baş naziri Binəli Yıldırımın iştirakilə professor Ali Kafkasyalının "Böyük Türk şairi Nazim Hikmət və Türk Dünyası" kitabının təntənəli təqdimatı oldu. Tədbirə Azərbaycandan da qonaqlar dəvət edilmişdi...
"Böyük türk şairi..." kitabında Moskvadakı Novodeviçye qəbiristanlığında uyuyan Nazim Hikmətin məzar daşının üzərində şairin oyma siluetinin şəkli verilib: hər şeydən keçən, hər şeyini arxada qoyan şair var gücü ilə irəliyə, məchul gələcəyə can atır...
Həmin gələcəyin içində qarşı yaxadan səsləndiyi məmləkəti böyük şairin yolunu gözləyirdi. Üç yaşında Hələbdə paşa torunluğu edən şair məmləkətinə Ali Kafkasyalının qiymətli kitabında, bir də onu sevən oxucularının sevən ürəklərində qayıtdı.
İndi Nazim Hikmətin məmləkətinin hüdudları da xeyli genişlənib: şairə dəyər verənlər ona Türk Dünyasının üfüqlərindən baxırlar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!