Mirzə Yusif xan (1823, Təbriz - 1895, Tehran) - M.F.Axundzadənin yaxın dostu və əqidə qardaşı. M.F.Axundzadənin ən çox məktublaşdığı və məktublarını aldığı müasirlərindən biri. Milliyyət etibarı ilə Azərbaycan türkü olan Mirzə Yusif xan Hacı Mirzə Kazım oğlu Müstəşarüddövlə böyük mütəfəkkir və diplomat olmuşdur.
O, 1854-cü ildən 1867-ci ilin sonunadək Həştərxan, Peterburq və Tiflis şəhərlərində İranın konsulu olmuş, 1867-ci ildən 1871-ci ilədək Parisdə İranın səfiri vəzifəsini daşımışdır. Parisdə olduğu zaman Fransanın 19 maddəlik konstitusiyasından iqtibasən "Yek kəlmə" adlı əsərini yazmış və onun İran xalqları həyatına tətbiq edilməsi fikrini irəli sürmüşdür. Mirzə Yusif xan İranda azadlıq ideyaları yayan ən qabaqcıl ziyalılardan biri, parlament üsuli-idarəsi yaratmaq fikrini irəli sürən ilk şəxsdir.
Mirzə Yusif xan Müstəşarüddövlə 1890-cı ildə həbs olunmuş, bir neçə aydan sonra azad edilsə də, bilavasitə şahın əmrilə əmlakı müsadirə olunmaqla yenidən Qəzvin zindanına salınmışdır.. Zindanda ağır işgəncələrə məruz qalan Mirzə Yusif xan Müstəşarüddövlə həbsdən çıxandan az sonra 1895-ci ildə acınacaqlı bir vəziyyətdə Tehranda vəfat etmişdir.
"Rəmzi-Yusifi", "Risaleyi-bənəfs", "Yek kəlmə" və s. qiymətli əsərlərin müəllifi, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə və Mirzə Melkum xanla yaxın dost olan, onlarla məktublaşan, M.F.Axundzadənin tərtib etdiyi yeni əlifba layihəsini təbliğ və "Kəmalüddövlə məktubları" əsərini fars dilinə tərcümə edib çapına çalışan Mirzə Yusif xan İranı düşdüyü səfalət və fəlakətdən xilas etmək üçün ölkə əhalisinin maarifləndirilməsini, ictimai quruluşun dəyişdirilməsini əsas vasitə və çarə hesab edirdi.
M.F.Axundzadənin Mirzə Yusif xana məktubları
Mirzə Fətəli Axundzadənin "Əsərləri"ndə ədibin Mirzə Yusif xana yazdığı 14 (M.F.Axundov. Əsərləri. II, III cildlər. Bakı: "Elm", 1988), Mirzə Yusif xanın ona yazdığı 8 məktuba rast gəlirik (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988). Fars dilində yazılan bu məktublar tərcümə edilərək M.F.Axundzadənin "Əsərlərinə daxil edilmişdir. (Qeyd: Sitatlar yuxarıda göstərilən kitablardan gətiriləcəkdir - İ.Q.)
M.F.Axundzadənin əldə olan məktublarından belə anlaşılır ki, ədibin onunla məktublaşmasının tarixi Mirzə Yusif xanın Parisdə "İranın vəziri-muxtarı", yəni səfiri olduğu illərdə başlamışdır. 1868-ci ilin sentyabrında Tiflisdə yazılaraq Parisə, Mirzə Yusif xana göndərilən məktub belə başlanır: "Cəlal sahibi cənabınızdan Süavi əfəndinin qəzetini mənə göndərdiyiniz üçün çox razıyam. Süavi əfəndinin qəzeti mənim əlimə belə bir zamanda çatdı ki, mən Ruhül-qüdsün (Mirzə Melkum xan - İ.Q.) əlifbasının yaxşı və çatışmayan cəhətlərinə dair öz fikrimi yazaraq, həmin əlifbanı son zamanlarda islam əlifbasını dəyişdirmək haqqında özümün düzəltdiyim başqa bir layihə ilə birlikdə Tehrana göndərməyə hazırlaşırdım" (III cild, s. 124).
Müəllif "Süavinin qəzeti" deyəndə, Əli Süavinin Londonda türk dilində nəşr etdirdiyi "Müxbir" qəzetini nəzərdə tuturdu. Qəzetin 13 cəmadiyəl-əvvəl 1284-cü il tarixli 47-ci nömrəsində (1867-ci ilin sentyabr ayı - İ.Q.) Süavi əfəndi əlifba haqqında "Xəttimizin islahı" adlı məqalə dərc etdirmiş (Süavinin "Müxbir" qəzetində dərc olunmuş məqaləsinin sadələşdirilmiş variantı M.F.Axundzadənin "Əsərləri"nə daxil edilmişdir (III cild, s. 279-281), Mirzə Yusif xan M.F.Axundzadənin xahişi ilə qəzetin həmin nömrəsini ona göndərmiş, onun məqaləyə yazdığı cavabı isə Süavi əfəndiyə çatdırmışdı (M.F.Axundzadənin Süavi əfəndinin məqaləsinə cavab olaraq 1868-ci ilin sentyabrında "Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti" adlı çox əhatəli əsəri tərcümə olunaraq ədibin "Əsərləri"nə daxil edilmişdir ( II cild, s.259-270).
M.F.Axundzadə qeyd edir ki, qəzeti aldıqdan sonra Süavi əfəndinin əqidəsinə tənqid yazmağa başladım və qəzetin əslini farsca tərcüməsi ilə birlikdə Tehranın Maarif Nazirliyinə və Ruhül-qüdsə göndərdim. "İndi isə Ruhül-qüdsə göndərdiyim məktub və məqalələrin surətini cəlal sahibi cənabınıza göndərirəm" (yenə orada, s.124).
"Məqaləni lazım və münasib bilsə çap etdirməyi Mirzə Melkum xandan xahiş etmişəm", - yazan müəllif məqaləni (Süavi əfəndinin məqaləsinə cavabı - İ.Q.) Mirzə Yusif xana çap etdirmək üçün göndərmədiyini bildirir və yazır: "Lakin yazdığım tənqidi məqalə məzəsiz olmadığına görə, sizə göndərirəm ki, qulluq işlərinin çoxluğu nəticəsində yorulduqda oxuyasınız ki, ürəyiniz açılsın" (yenə orada, s.125).
M.F.Axundzadə 1868-ci il sentyabrın 3-də Mirzə Yusif xana olan digər bir məktub da ünvanlamışdır. Məktubun məzmunu deməyə əsas verir ki, dostundan "Kəmalüddövlə məktubları"nın çapı ilə bağlı sevindirici xəbər gözləyən müəllif bunun əksini gördüyündən ondan incimişdir. Məktubdan açıq şəkildə bilinir ki, M.F.Axundzadə dostunun keçən məktubunda "Mən əlifbanı dəyişdirməkdən daha əhəmiyyətli olan, xalqa və dövlətə daha artıq fayda verən böyük bir işlə məşğulam. Əgər mənim və mənimlə həmrəy olan iş yoldaşlarımın səyinin səmərə verməsinə tale yardım edərsə, bizə və həmvətənlərimizə ən gözəl nemətlər nəsib olacaqdır. Bu məsələni sizə gizli yazıram. Sirrimi əmanət saxlayın, görək nəticəsi nə olacaqdır" (yenə orada, s.125) fikrini səhv anlamış, elə başa düşmüşdür ki, Mirzə Yusif xan "əhəmiyyətli iş" deyərkən, onun "Kəmalüddövlə məktubları" əsərinin çapı ilə bağlı çalışdığını yazmışdır. Lakin sonra anlamışdır ki, Mirzə Yusif xan əslində "əhəmiyyətli iş" deyərkən, "Kəmalüddövlə məktubları"nı deyil, özünün Avropa qanunlarına istinad etməklə yazdığı "Yek kəlmə" əsərini nəzərdə tuturmuş. Bu səbəbdən də M.F.Axundzadə dostunu verdiyi vəddən boyun qaçırmaqda, onu xəyal qırıqlığına uğratmaqda ittiham edərək yazır: "Belə bilirəm ki, siz mənim əsərim kimi və ya ona oxşar bir əsərin çapına iqdam edəcəksiniz, ya da ki, heç bir iş görməyəcəksiniz. Lakin özünüzü qəsdən belə göstərmək istəyirsiniz" (yenə orada, s. 127).
M.F.Axundzadə 1869-cu ilin avqustunda Qocor yaylağından "Sizə ixlası olan Mirzə Fətəli" imzası ilə yazdığı məktubun əvvəlində Mirzə Yusif xandan ona niyə cavab yazmadığının səbəbini soruşur, onu nəcib xasiyyətli, idraklı, pərəstişə layiq bir insan kimi dəyərləndirdiyini bildirərək yazır: "Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz" (yenə orda, s. 129).
Məktubda daha sonra İranın Tiflisdəki konsulu Əli xanın mənzilində Tehrandan gəlmiş Əbdürrəsul xan adlı birisi ilə bağlı əhvalat nağıl olunur. Məlum olur ki, M.F.Axundzadə ilə əvvəlcədən razılaşıb onun əlifba ilə bağlı yazdıqlarını oxuyacağını vəd edən, lakin içdiyi şərabın və yanına gətirilən tərsa qızının ucbatından vədinə xilaf çıxan Əbdürrəsul xan insana layiq olmayan hərəkətləri ilə özünü rüsvay etmişdir.
Konsulxananı ədalət məhkəməsi və bir növ müqəddəs yer sayan M.F.Axundzadə burada Əbdürrəsul xanın içkiyə qurşanıb fahişə ilə vaxt keçirməsini insanlığa və İran dövlətinə ləkə hesab edir. Bu hadisənin təsiri ilə o, "Həcvi-Əbdürrəsul xan" adlı kəskin satirasını yazaraq, Mirzə Yusif xana və digər dostlarına göndərərək onu ifşa edir.
M.F.Axundzadə məktubun sonunda məsləkinə uyğun olaraq yenə də əlifba ilə bağlı problemə toxunur. Əlifba ilə bağlı müfəssəl izahat yazıb Tehrana göndərdiyi məktuba altı aydan bəri cavab almadığından şikayətlənərək qeyd edir: "Tehrana elə bir müfəssəl və həkimanə izahat yazıb göndərmişəm ki, mənim fikrimcə, əgər Afrika və Amerika vəhşilərinə yazsaydım, mütləq təsir edərdi. Lakin bunlar Tehrandakı dövlət başçılarının təbiətinə əsla təsir etmir... Mən yazıq nə edim? Əlacım bircə ona qalmışdır ki, siz Tehrana gedəsiniz, ya maarif nazıri, ya ticarət naziri, ya da tənzimat naziri olasınız ki, bəlkə, mənim işlərim bunun sayəsində irəliləməyə başlasın" (III c., s.131).
Mirzə Yusif xan Parisdəki vəzifəsindən geri çağırılandan sonra da ədibin onunla məktublaşması davam etmişdir. 1870-ci il dekabrın 17-də yazılmış məktubdan anlaşılır ki, Mirzə Yusif xan artıq İrandadır. "Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu" (II c., s.297) cümlələri ilə başlanan məktubda müxtəlif məsələlər barədə danışılsa da, əsasən, "Təmsilat"ın fars dilinə tərcümə edilməsi və "Kəmalüddövlə məktubları"nın nəşri xüsusi olaraq qabardılır. Müəllif dostundan xahiş edir ki, ("Təmsilat"ı fars dilinə Mirzə Məhəmməd Cəfər çevirmiş və M.F.Axundzadə ona "Türkcə "Təmsilat"ı tərcümə edən Mirzə Məhəmməd Cəfərə" adlı məktubla müraciət etmişdir (yenə orada, s.294-300) mütərcim "Sərab xanının hekayəti"ni hər yerdə "Lənkəran xanının hekayəti" yazsın. Çünki mənim xəbərim olmadan mətbəədə "Lənkəran" sözünü "Sərab" sözü ilə əvəz etmişlər. Sərab səhvdir. Lənkəran yazılmalıdır. Sərabın yanında dəniz yoxdur" (yenə orada, s.287).
"Kəmalüddövlə" ilə bağlı müəllif qeyd edir ki, hicrətdən bəri (M:621-ci il) bu sərtlikdə əsər yazılmamışdır. Əsəri yazmaqda məqsədim təkcə xalqların mədəniləşdirilməsi deyil, həm də təfəkkür sahiblərinin yolunu açmaq, filosoflarımızın 1287 il əsarətdə və zindanda olan fikrini azad etmək, insanları korluqdan qurtarmaq istəyi ilə bağlıdır.
Müəllif daha sonra Mirzə Yusif xandan xahiş edir ki, "Kəmalüddövlə məktubları"nın onda olan əlyazmalarından birini oxuyub tanış olması üçün zərdüştilərin Tehranda yaşayan nümayəndəsi Manukci Sahibə versin və "əgər o, əsəri Kücəratda çap etdirmək fikrində olarsa, icazə versin" (yenə orada, s. 289).
M.F.Axundzadə dostundan onu da xahiş edir ki, Ruhül-qüdsün (Mirzə Melkum xanın) əlifba ilə bağlı kitabçasını münasib hesab etdiyi hər kəsə versin.
Məktubda oğlu Rəşidin Boklun, Renanın əsərlərini oxuduğunu, fəlsəfəni, fizikanı və təbiətşünaslığı ondan yaxşı anladığını bildirən M.F.Axundzadə daha sonra yazır: "...Bu il ramazan ayını başdan-başa bütün şərtləri və əməlləri yerinə yetirməklə oruc tutdu. Deyir ki, mən istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın... Ramazan ayında hər gecə namaz qılır, dua oxuyur, lakin çox gözəl tar çalır, musiqi elminə böyük həvəsi vardır"(yenə orada, s.290).
1871-ci il martın 25-də yazılmış məktubunda dostunu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən (Mirzə Yusif xan o zaman ədliyyə nazirinin müavini təyin edilmişdi - İ.Q.) M.F.Axundzadə özünün və şeyxülislamın adından dostuna məsləhət görür ki, İranda məhkəmə işləri ruhanilərin əlindən tamamilə alınsın və Ədliyyə Nazirliyinə tapşırılsın ki, ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. "Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, pişnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar"(yenə orada, s. 291).
Məhkəmə işlərinin ruhanilərin əlindən alınmasının zəruriliyini məktubunda əsaslandıran M.F.Axundzadənin fikrincə, dövlətlə xalq arasında ixtilafın əsl səbəbkarı ruhanilərdir.
M.F.Axundzadənin əqidəsinə görə, xalqın ehtiyacı ruhanilər vasitəsilə ödənildiyindən, idarəetmə sistemində dövlət ikinci dərəcəli yer tutur.
Məktubda ədib Mirzə Yusif xana bildirir ki, "...əziz qardaşım Mirzə Məhəmməd Cəfər "Molla İbrahim Xəlil" hekayəsini çox düzgün və gözəl tərcümə etmişdir. Yazdım ki, çap etdirsin" (yenə orada, s.293).
Həmin gün yazdığı "İkinci ayrıca məktub"da İbn-Xəldunun ərəb dilində olan "Tarix" kitabından götürdüyü və "Məlum əsərin", yəni "Kəmalüddövlə məktubları"nın mətninə əlavə ediləcək iki qeydi Mirzə Yusif xana göndərən (yenə orada, s.294) ədib 1871-ci il martın 29-da dostuna "Üçüncü məktub"la müraciət edir (yenə orada, s. 301-304).
Məktubda, əsasən, M.F.Axundzadənin tənqid və onun əhəmiyyəti ilə bağlı görüşləri öz əksini tapmışdır. Bir sıra məsələlərin moizə və nəsihət yolu ilə cəmiyyətə çatdırıla biləcəyinin mümkün olmadığını dəlillərlə əsaslandıran M.F.Axundzadə yazır ki, möizə və nəsihətə meyilli olan İran xalqı Şah Abbas dövründən bu əsrə qədər puç əqidələrin təsiri sayəsində tərbiyə aləmində o qədər də tərəqqi etməmiş, "Avropa dövlətləri isə bugünkü intizam və tərəqqiyə moizə və nəsihət sayəsində deyil, tənqid sayəsində çatmışlar. Siz Volter, Yuğni Sud, Aleksandr Düma, Koldikok kimi yazıçıların romanlarından və başqa bədii əsərlərindən, bu ölkələrin Bokl və Renan kimi başqa filosoflarının əsərlərindən xəbərdar olmalısınız ki, bu sözün həqiqət olması sizə sabit olsun və siz mənim dediklərimə inanasınız ki, moizə və nəsihətin insan təbiətində, onun uşaqlıq və ilk gənclik dövrü keçdikdən sonra heç bir faydası və təsiri ola bilməz" (yenə orada, s. 302).
M.F.Axundzadə 1871-ci il iyunun 8-də eyni gündə Mirzə Yusif xana üç məktub yazmışdır. Birinci məktub "1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış məktubun surəti" (III c., s.173-175), ikinci məktub "1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış ayrıca məktubun surəti" (yenə orada, s.175-176), üçüncü məktub isə "1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış başqa bir məktubun surəti" (yenə orada, s. 177-178) adlanır.
Məktubların birincisindən məlum olur ki, M.F.Axundzadə Ruhül-qüdsdən (Mirzə Melkum xandan - İ.Q.) "kədərləndirici bir məktub" almışdır. Bu məktubda Mirzə Melkum M.F.Axundzadəyə yazmışdır ki, İstanbul nazirləri onun yeni əlifba layihəsini top-tüfənglə qarşılamış, onu dini korlamaqda, dili məhv etməkdə, dövləti yıxmaqda ittiham etmişlər. Osmanlı nazirlərin belə mövqeyi həm Mirzə Melkum xana, həm də M.F.Axundzadəyə çox pis təsir etsə də, o, Mirzə Melkum xana səbirli və dözümlü olmağı məsləhət gördüyü kimi, özü də əlifba layihəsini həyata keçirmək üçün sona qədər mübarizə aparacağını bildirir və Mirzə Yusif xana yazır: "İstanbul nazırlərinin bu cür rəftarı məni təzədən zəhmətə saldı. Qələm əlimdən düşmür. İstanbula göndərmək üçün elə şeylər yazıram ki, sərt qayaya toxunsa, əzib tökər. Əlifba fikrindən ayrılmaq mənim üçün təsəvvürə gələn şey deyildir və nə qədər ki, sağam, İstanbul nazirlərinə qarşı vuruşacağam" (yenə orada, s.174).
Eyni gündə yazdığı ikinci məktubda M.F.Axundzadə İranın İstanbuldakı səlahiyyətli naziri Həsənəli xan Gərrusi ilə Tiflisdə görüşdüyündən, onun öz əsil-nəsəbini ərəblərə bağladığından bəhs edir və yazır ki, daha çox ərəblərin tənqid olunduğu "Kəmalüddövlə məktubları"nın nə üçün onun xoşuna gəlmədiyinin səbəbi indi ona aydın oldu.
Məktubda şahzadə Cəlaləddin Mirzənin tarix kitabının çatdığını qeyd edən müəllif "Təmsilat"ın farscaya tərcüməçisi, "onunla bir növ elli, yəni Ünkütlü olan" (Ünküt - Cənubi Azərbaycanda kənddir. M.F.Axundzadə 1818-1825-ci illərdə anasının əmisi Axund Hacı Ələsgərin ailəsi ilə bir müddət orada yaşamışdır - İ.Q) Mirzə Cəfərə salam söyləməyi və özünün, yəni Mirzə Yusif xanın çalışdığı Ədliyyə Nazirliyi haqqında ona ətraflı məktub yazmağı xahiş edir, çünki "Ədliyyə Nazirliyi haqqında Tiflisdə bir sıra xoşagəlməyən xəbərlər yayılır. Bu xüsusda doğru xəbəri özünüz yazın ki, vəziyyət bizə məlum olsun" (yenə orada, s. 176).
Üçüncü məktubda Cənubi Azərbaycanda keçirtdiyi uşaqlıq illərini xatırladan, Ünküt, Əlipəncəsi, Meşkin, Savalan dağının ətəklərində boş-boşuna axan isti su mənbələri, suyu bir dəyirmanı işlədə biləcək qədər bol olan "Qotur suyu" haqqında danışan ədib Axund Hacı Ələsgərin arvadının şahsevən tayfasında qohumları olduğunu bildirir və hökumətinin səlahiyyətli şəxsi kimi, Mirzə Yusif xanın diqqətini vacib bir məsələyə yönəldərək yazır: "...Nə olardı dövləti-əliyyeyi-İrana bir layihə təqdim edəydiniz ki, 2-3 nəfər avropalı həkimi Savalan dağı ətəyində olan bu isti su mənbələrini yoxlamağa və onların əhəmiyyətini təyin etməyə göndərəydi, sonra isə o isti və kükürdlü suların yanında binalar tikiləydi və xəstələr müalicə olunaydı" (yenə orada, s. 177).
Belə işlər görüləcəksə, yolların təmir olunacağını, "hər il bu isti sulardan ağlagəlməyən mədaxil əldə ediləcəyi"ni və ehtimal ki, xüsusi bir xarici şirkətin tapılıb bu suları icarəyə götürəcəyini bildirən müəllif, təəssüf edir ki, İranın başbilənləri bunların əhəmiyyətini anlamır və anlamaq qüdrətində deyil.
M.F.Axundzadənin Mirzə Yusif xan İranın Ədliyyə nazirinin müşaviri olarkən, 1872-ci il martın 3-də ona yazdığı "Mirzə Yusif xan Müstəşarüddövləyə" adlı məktubunu (yenə orada, s.196-199) şərti olaraq iki hissəyə ayırmaq olar. İlk hissə, yəni məktubun əvvəli daha çox ümumi xarakterlidur. Burada müəllif Tehranda yaşayan dostları Mirzə Məhəmmədcəfər, Əli xan, Mirzə Tağı Təbibin onu unutduqlarından, onunla əlaqə saxlamadıqlarından, Manukci Sahibin vəd etdiyi "Əncümənaraye-huşəng" kitabını ona göndərmədiyindən gileylənir.
Məktubun ikinci bölümü ictimai xarakterlidir. M.F.Axundzadə savadı olmayan Zəhirüddövlənin İranın ədliyyə naziri təyin olunmasını fəlakət hesab edir və İranda vəd olunan islahatların heç vaxt həyata keçməyəcəyi qənaətinə gəlir və yazır: "Sizin həyata keçirmək istədiyiniz qanunlar bugünkü İranda ona oxşayır ki, bir arabaya bir at, bir ulaq, bir camış və bir öküzdən ibarət müxtəlif yerişli dörd heyvan qoşasan. At sürətli gedəndir, ulağın yerişi ortadır, camış ağır gedəndir, öküz isə özünü tərsliyə qoyub başqalarının da yeriməsinə mane olandır. Belə bir vəziyyətdə, əlbəttə, araba əsla irəli getməyəcəkdir"(yenə orada, s. 197).
M.F.Axundzadə bildirir ki, nə qədər ki, "Kəmalüddövlə" çap olunmamış və yeni əlifba köhnə əlifbanın yerini tutmamışdır və nə qədər ki, kəndli, şəhərli və bütün əhali savadlanmamışdır, İranda həyata keçirilməsi nəzərdə tutulan işlərin səmərəsi olmaz və çəkilən bütün zəhmətlər heçə çıxacaqdır.
M.F.Axundzadənin hansı ayda yazıldığı göstərilmədən 1872-ci ildə Mirzə Yusif xana göndərdiyi "İkinci məktub"(yenə orada, s. 199-200) məzmun etibarı ilə əvvəlki məktubla yaxından səsləşir. M.F.Axundzadə Mirzə Yusif xanın İranın sədr-əzəminin (Mirzə Hüseyn xan Müşirüddövlənin - İ.Q.) öz ölkəsində Böyük Pyotr kimi işlər görəcəyi ilə bağlı yazdıqlarına inamsızlığını ifadə etmiş və fikirlərini konkret faktlarla əsaslandırmışdır. M.F.Axundzadənin fikrincə, böyük Pyotr öz xalqını savadsızlığın bəlasından xilas etmək üçün rusların köhnə əlifbasını dəyişdiyi halda, İranın sədr-əzəmi köhnə əlifbanı saxlayır.
M.F.Axundzadə dostuna yazır ki, "yeni əlifbanın tətbiqindən və maarifin genişləndirilməsindən əvvəl İranda görüləcək hər cür mülki tədbir nəticəsiz qalacaqdır. Belə bir vəziyyətdə İranda görülən hər bir tədbir qumsal səhrada tikilən bir evə oxşayır ki, külək qalxdıqca bu binanı alt-üst edərək, yerlə-yeksan edəcəkdir" (yenə orada, s.199).
Müəllif hesab edir ki, İran xalqı bu gün sədr-əzəmin məqsədlərini dərk etməkdən məhrumdur. Elə bir vasitə tapmaq lazımdır ki, xalq onun məqsədini dərk etsin. M.F.Axundzadənin əqidəsinə görə, bu vasitə köhnə islam əlifbasını dəyişdirmək, yeni əlifbanı tətbiq etmək yolu ilə İranda savadsızlığı ləğv edə biləcək maarif şəbəkəsini yaratmaqdan ibarətdir.
M.F.Axundzadə məktubun sonuna əlavə etdiyi sual-cavab şəklində yazılmış "Müqəddimə"də İranda yoxsulluğun və fəqirliyin kökündə savadsızlığın, savadsızlığın kökündə isə əlifbanın çətinliyinin dayandığını əsaslandırır.
M.F.Axundzadənin digər bir məktubu Mirzə Yusif xanın Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin edilməsi münasibətilə yazılmışdır (yenə orda, s. 222-224). Məktubun yazılma tarixi göstərilməsə də, 1873-cü ildə yazıldığını ehtimal etmək olar. Çünki həmin ildə Mirzə Yusif xan İran Ədliyyə Nazirinin müşaviri vəzifəsindən azad edilərək Təbrizə, Nəsirəddin şahın oğlu, vəliəhd Müzəffərəddin Qacarın (1853-1907) sarayına vəzir vəzifəsinə göndərilmişdi. M.F.Axundzadənin bu məktubu ümumi məlumat xarakteri daşıyır. Qafqaz şeyxülislamı və müftisi haqqında, Osmanlı elçisi Münif əfəndinin Tiflisə gələcəyi barədə məlumat verən ədib bildirir ki, "bütün tənzimat və yeniliklər yaxşıdır. Lakin əsassızdır, bünövrəsi yoxdur, davamsızdır, müvəqqəti işdir. Bir neçə gündən sonra alt-üst olacaqdır. Elm və maarif yuxarıdan tutmuş aşağıya qədər, kasıbdan tutmuş əşrafa qədər bütün xalqın təbəqələri arasında müstəsnasız olaraq yayılmalıdır" (yenə orada, s.223).
M.F.Axundzadə hesab edir ki, bunun üçün ümumi əsası olan elmləri inkişaf etdirmək, Kəmalüddövlənin fikirlərini xalq içərisində yaymaq lazımdır və "bunların hər ikisi də əlifbanın dəyişdirilməsi ilə bağlıdır"(yenə orada, s.223).
M.F.Axundzadənin Mirzə Yusif xana ünvanladığı bizə məlum olan axırıncı məktubu 1875-ci il noyabrın 8-də yazılmışdır (yenə orada, s.244-246). Məktubdan məlum olur ki, o, Mirzə Yusif xanın müəllifi olduğu və ona göndərdiyi "Yek kəlmə" kitabının nüsxələrini almış, kitablardan bir nüsxə şeyxülislama və bir nüsxə də Adolf Berjeyə çatdırmışdır. M.F.Axundzadə "Təmsilat"ı fars dilinə yüksək səviyyədə tərcümə etdiyi üçün Mirzə Cəfəri tərifləyir, ancaq tərcümənin çap olunduğu kitabın formasının o qədər də xoşuna gəlmədiyini bildirir.
Mirzə Cəfərə salamatlıq və qiymətli sənəti ilə xalq arasında şöhrət qazanmağı arzu edən müəllif Mirzə Yusif xandan xahiş edir ki, dostları və tanışlarını təşviq etsin ki, "Mirzə Cəfərin tərcüməsini alsınlar ki, o da öz zəhməti müqabilində mükafatdan məhrum olmasın"(yenə orada, s.245).
Gənclərin öz istedadlarını dram yaradıcılığında sınamalarını arzulayan M.F.Axundzadə bir neçə cümlə ilə özünün ədəbiyyatşünaslıq görüşlərini də ifadə edir. Məktubda "Aldanmış kəvakib" povestinin mövzusu ilə bağlı Fərhad Mirzə ilə arasında olan söhbəti xatırlayan müəllif qeyd edir ki, şahzadə əsərin mövzusunu "Tarixi-aləmarayi-Abbasi"dən götürdüyümü deyib bildirdi ki, "Tarixi-Alamara"da Yusif Sərracın hekayəsi sənin yazdığın qədər müfəssəl deyildir. Sən nə üçün o qədər təfsilatı əlavə etmisən?"(yenə orada, s.245).
Şahzadəyə cavab verdim ki, mən tarix yazmamışam ki, təkcə baş verən hadisə ilə kifayətlənim. "Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini göstərmişəm ki, gələcək nəsillər üçün ibrət olsun və onlar səfeh münəccimlərin xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər"(yenə orada, s.245).
M.F.Axundovun arxivində onun 1877-ci ilin mart ayına qədər müxtəlif ünvanlara yazdığı məktublar və ona 10 noyabr 1878-ci ilə qədər yazılan məktublar qorunub saxlanılsa da, təəssüf ki, ədibin 1875-ci il noyabr ayının 8-də yazdığı məktubdan sonra onun Mirzə Yusif xana ünvanladığı məktublara rast gəlinmir.
Fikirlərmizi ümumiləşdirərək belə bir nəticəyə gəlirik ki, bu iki Azərbaycan türkü əllərindən gələn bütün vasitələrlə milləti, xüsusulə, İran xalqlarını cəhalətdən qurtarmağa çalışmış və əməllərində olduğu kimi məktublarında da fikirlərini cəmiyyətə çatdırmağa cəhd etmişlər.
23 oktyabr 2024-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!