Mühacirət tarixi məktublarda: Ramiz Abutalıbovdan Abbas Zamanova - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən Abbas Zamanov fondunda mərhum diplomat, tarixçi Ramiz Abutalıbovla görkəmli ədəbiyyatşünas alimin bir sıra məktublaşmaları mövcuddur. Hər iki şəxsin hələ sovet dövründə Azərbaycan mühacirləri ilə maraqlanmaları, diplomat olduğu üçün Ramiz bəyin onlarla gizli və ya açıq şəkildə görüşməsi faktının mövcudluğu bu gün bu məktubların mətnini daha da maraqlı etməkdədir.

1976-1977-ci il tarixli qovluqda qorunan məktubun birində R.Abutalıbov Əli bəy Hüseynzadənin oğlu Səlim Turanla görüşü barədə Abbas bəyə məlumat verib:

"...Bu yaxınlarda Səlim Hüseynzadə ilə görüşdüm. Onun sizə bir xahişi var. Vaxtı ilə o, sizə bir məcmuə verib. Həmin məcmuədə onun atası Əli bəy haqqında bir məqalə var. Məqalənin müəllifi türk alimi Hilmi Ziya Ülkendir. Çox xahiş edir, həmin məqalənin surətini çıxarıb ona göndərəsiniz... Bu ilin yanvar ayında Səlim və Şaikə xanım bizim konsulxanada olmuş, Bakıya gəlmək üçün lazımi anketləri doldurub yanvarın 31-də sifarişli məktub ilə Şəmsəddin müəllimə göndərmiş. Əgər yeni bir xəbər varsa, qoy Şəmsəddin müəllim Səlimə məktub yazsın".

H.Z.Ülken Əli bəy haqqında iki məqalə yazıb. "Professor Əli Turanın 1926-da Bakıda toplanan I Türkoloji Qurultayda tutduğu qeydlərdən" adlı məqaləsi 1964-cü ildə Ankarada Türk Tarix Qurumunda, "Türkçülüyün və türk sosializminin atası Əli Turan" adlı məqaləsi isə 1970-ci ilin yanvar ayında "Yeni insan" jurnalında işıq üzü görüb. Eləcə də onun məşhur "Türkiyədə çağdaş düşüncə tarixi" kitabında da Əli bəy haqqında məqalə vardır.

Abbas Zamanov 7 may 1977-ci il tarixli məktubunda Ramiz bəyə cavab göndərib:

"Bakıda olmadığım üçün sənin məktubunu ancaq mayın 5-də oxuya bildim... Səlimin istədiyi məqalənin surətini sənin adresinə göndərə bilərəmmi? Çünki onun məndə olan adresinə qabaqlar məktub yazardım, cavab gələrdi. Sonra cavab gəlmədi. Əgər adresini dəyişdirmişdirsə, təzə adresini mənə bildirin. Səlim narahat olmasın. Mənə verdiyi tabloları da, atası haqqındakı məqalələri də əmanət kimi saxlayıram. Səndən məktub alan kimi məqalələrin foto surətini dərhal göndərəcəyəm. Şəmsi Hüseynzadə Səlimin və Şaiqə xanımın Bakıya səfəri haqqında materialları almış, müvafiq sənədləri düzəltməklə məşğuldur. Hazır olan kimi göndərəcəkdir. Səlimə məndən salam söylə, de ki, mən onu Bakıda yaxın bir dost kimi qarşılamağa hazıram. De ki, bizim gözəl Azərbaycan onun üçün çox maraqlı olar. Onun Azərbaycanla tanış olması üçün biz hər şeyi edərik..."

Ramiz müəllim 20 may 1977-ci ildə Parisdən Abbas müəllimə yolladığı məktubunda Səlim Turanın istədiyi materialları Bakıya gəlib qayıdacaq həyat yoldaşı Tamilla xanımla göndərməsini xahiş edib və bildirib: "Səlim və Şaiqə xanım sentyabr ayında Bakıya getməyə hazırlaşırlar. Yaxşı olardı ki, onlar Bakıda olduğu zaman Azərbaycan Xarici Ölkələr ilə Dostluq Cəmiyyətində Səlimin balaca bir sərgisini təşkil etmək. Əgər bu iş çətindirsə, onda lazım deyil".

Məktubunun davamında Ramiz bəy Topçubaşı ailəsi haqqında da məlumat verib: "Fevral ayının 9-da Ələkbər Topçubaşı rəhmətə getdi. Ancaq təəssüf ki, onun arxivini Bakıya göndərmək məsələsini həll edə bilmədim. Axır vaxtları buna meyli var idi, ancaq qəflətən vəfat etdi. Qardaşı və bacısı isə Ələkbərin bütün kitabxanasını Şərq xalqları muzeyinə hədiyyə verdilər...".

20 iyul 1977-ci il tarixli məktubunda Ramiz müəllim Abbas Zamanova yazıb: "...Bir neçə gün bundan əvvəl Səlim və Şaiqə xanımı gördüm. Bakıdan onlara məktub gəlib. Ancaq evdə olmadıqlarına görə poçtalyon qaytarıb məktubu poçtaya. Ertəsi günü Şaiqə xanım gedib poçtaya, ancaq məktubu tapa bilməyib. Deməliyəm ki, fransız poçtu çox pis işləyir və görünür, məktubu itiriblər. Zəhmət olmasa, Şəmsəddin müəllimdən soruşun, əgər məktubun içində dəvətnamə idisə, onda qoy dublikatını göndərsin..."

Ramiz müəllimin 22 oktyabr 1978-ci ildə göndərdiyi məktubunda Səlim Turanın Bakıya səfəri ilə bağlı yeni bilgilər verilib: "...Səlimin Bakıya gəlməsi yenə təxirə salındı. Bu ilin iyun ayında Səlim bir böyük heykəl yaratmağa sifariş alıb. Bununla indiyə qədər başı qarışıqdır. Deyir ki, gələn il turist kimi Bakıya gedəcəyik. Mənə elə gəlir ki, maddi vəziyyəti və səhhəti də getməyə mane olur. Tez-tez xəstə olur, mənə aylar ilə telefon eləmir. Mənim də işim çox olur, onlara getməyə vaxtım olmur..."

16 mart 1979-cu ildə Ramiz bəy Parisdən göndərdiyi açıqcada Abbas Zamanovu Novruz Bayramı münasibətilə təbrik edib, Səlim bəyin gəlişi məsələsinə toxunub: "Səlimi gördüm, bizim konsulluqdan lazımi anketləri alıb ona verdim. Söz verdi doldursun və Bakıya Şəmsəddin müəllimə göndərsin".

Təəssüf ki, bütün bu cəhdlərə rəğmən Səlim bəyin Azərbaycana gəlişi mümkün olmayıb.

İstanbul Paris arasında bir həyat

 

Əli bəy Hüseynzadənin oğlu Səlim Turan 1915-ci il mayın 27-də İstanbul şəhərində doğulub. Orta təhsilini Bəyazid Nümuneyi-Zükur məktəbində, ardınca Qalatasaray liseyində alıb. İstanbul Gözəl Sənətlər Akademiyasını (1935-1938) bitirib. Bu akademiyada əvvəlcə Feyhaman Duranın, sonra Leopold -Levynin tələbəsi olub. 1939-dan etibarən rəsm müəllimi olaraq məktəblərdə çalışıb. 1941-də Xalq evlərinin təşəbbüsü ilə rəssamlar müxtəlif vilayətlərə gedərək seçdikləri mənzərələri tablolara köçürərək geri dönüblər. Yaradılan əsərləri jüri dəyərləndirib, Səlim Turanın Muğlada çəkdiyi mənzərə birinciliyi qazanıb. Bu əsər Çankayadakı Prezident köşkünə ərməğan edilib. 1941-ci ildən Yenilər Qrupunun ilk sərgisinə, xarici gəzintilərə, dövlət rəsm və heykəl sərgilərinə qatılıb. 1947-ci ildə Fransa hökumətinin tələbə təqaüdünü qazanaraq Parisə gedib. 1947-ci il aprelin 1-də Parisdə Ekol-De-Boze Ali Rəssamlıq Məktəbində rəngkarlıq və heykəltaraşlıq ixtisasları üzrə təhsil alıb. Səlim bəy rəngkarlıq, heykəltaraşlıqla yanaşı, miniatür, təzhib, əbru kimi ənənəvi sənətlərlə də məşğul olub. Rəisül-Xəttat Hacı Kamil Əfəndidən (Kamil Aktik) xətt, İsmayıl Altunbəzərdən təzhib, Nəcməddin Oxyaydan əbru və cild dərslərini alıb. Fatih divanına miniatürlər çəkib. Turan Parisə gəldikdən sonra o dönəmdə türk aydınların qaldığı Schola Cantorumda yaşayıb. Parisdəki rəsm mühiti onu heyrətləndirib və bu barədə açıq şəkildə yazıb: "Biz burada (İstanbulda) rəsm öyrəndiyimizi zənn edirdik. Və orada (Parisdə) yenidən başlamaq məcburiyyəti hasil oldu. Türkiyədəki müəllimlərimiz yaxşı, akademik baxımından qənaətbəxş idi. Fəqət buna baxmayaraq rəsm görmək çətin idi. Muzey deyə bir şey yoxdu. Bəzi rəssamları reprodüksiyalarla tanıyırdıq".

Səlim bəy Parisdə ikən gənc sənətçilər olan Georges Mathieu, Camille Bryen kimi rəssamlarla münasibət qurub, onlardan təsirlənib. 1948-ci ilin oktyabrında Galerie des Deux İlesdə açılan La Rose des Vents qrup sərgisində Səlim bəyin də əsərləri ilk dəfə olaraq sərgilənib. Səlim bəy Parisdə ilk sərgisini 1950-ci ildə Galerie Breteauda açıb. Bu illərdə Parisdə müəllimliklə də məşğul olan Səlim Turanın 1956-cı ildə Galerie Cravendə ikinci sərgisi baş tutub. Səlim bəy ardınca 1956-cı ildə Londonda Obelisk Gallerydə, 1957-ci ildə Brüsseldə Galerie Europedə, 1958-də yenidən Parisdə Galerie Cravendə sərgi açıb. Səlim Turan 1963-cü ildə Türkiyə vətəndaşlığından çıxarılıb. 1979-cu ildə uzun davam edən mücadilədən sonra yenidən vətəndaşlıq qazanıb. Özünün də yazdığı kimi yenidən vətəndaşlıq qazandıqdan sonra Səlim bəyin həyatı Paris və İstanbul arasında keçib. S.Turan Şaiqə xanımla ailə həyatı qurub. O, 13 oktyabr 1994-də Parisdə vəfat edib, cənazəsi ayın 26-sında Türkiyəyə gətirilib, 27-si günü İstanbulun Atatürk Kültür Mərkəzində törən keçirilib, Təşviqiyyə Camesində qılınan günorta namazından sonra Qaracaəhməd Çiçəkçi məzarlığında atasının məzarında dəfn edilib.

Ramiz bəy diplomat kimi Parisdə işləyərkən Səlim bəylə tanış olub. 9 oktyabr 2018-ci ildə Ramiz bəy Səlim Turanın ona hədiyyə etdiyi kiçik ölçülü Əli bəy Hüseynzadənin fotoşəklini böyük lütfkarlıq göstərərək mənə bağışladı. Abbas Zamanovun arxivindəki Ələkbər Topçubaşıya aid fotoşəkli də, ehtimal ki, ona Ramiz bəy göndərib. Hər iki şəkli dərc edirik.

 

Baninlə bağlı məktublar

 

Ramiz Abutalıbov Parisdə olarkən yazıçı Baninlə də sıx münasibət qurub, ömrünün axırlarında onun Azərbaycanla bağlı məqalələrinin hazırlanmasında iştirak edib. 24 fevral 1988-ci ildə Abbas Zamanova yazdığı məktubunda bildirib: "...Ümbülbəni xanım haqqında çox yazırlar, bu, yaxşı əlamətdir... Mayda gəlmək istəyir Axundovun yubileyinə, Anar ilə məktublaşır, indi dəvətnamə gözləyir. Bakıya gəlsə, əsərlərinin Azərbaycan dilində nəşri barədə danışmaq olar. "Azərbaycan" jurnalının 12-ci nömrəsində (1987) mənim qızımın Ümbülbəni xanım haqqında məqaləsi çap olunub. Yəqin ki, oxumusunuz..."

Bu məktubun göndərildiyi dövrdə Cənubi Qafqazda vəziyyət qarışmaqda idi. Abbas Zamanovun 10 mart 1988-ci ildə göndərdiyi cavab məktubunda bu məsələ açıq şəkildə bildirilib: "24.II.1988-ci il tarixli məktubunu aldım. Çox sağ ol. Anara göndərdiyin məktublar da çatmışdır. Lakin son əhvalatlarla əlaqədar olaraq onun başını qaşımağa belə vaxtı yoxdur. Buna görə məndən xahiş elədi ki, ikimizin əvəzində sənə bir məktub yazım. Respublikada başlar qarışıq olduğu üçün hələ Mirzə Fətəlinin yubileyinin nə vaxt keçiriləcəyi tarix müəyyən edilməmişdir. Yaxınlarda müəyyən ediləcək və sizə xəbər veriləcəkdir..."

Ramiz bəyin göndərdiyi 27 mart 1988-ci il tarixli məktubunda Cənubi Qafqazdakı hadisələrin Avropada əleyhimizə əks etdirildiyini bildirib: "...Əhvalatları xarici mətbuat düzgün işıqlandırmır. Bütün günahı qoyur bizim üstümüzə. Bizi qatil, vəhşi adlandırırlar..."

Göründüyü kimi, Qərb cəbhəsində o zaman da yenilik olmayıb.

1989-cu ilin yanvar ayında Ramiz bəy göndərdiyi açıqcada Abbas Zamanovu Türkiyədə fəxri doktor adı alması münasibətilə təbrik edib.

Ramiz Abutalıbov kimdir?

 

Vəfatından qısa bir müddət öncə Ramiz müəllim e-mail yolu ilə öz bioqrafiyasını və bir fotoşəklini göndərərək "bir gün lazım olar" demişdi. Ara-sıra onu mühacirət mövzuları ilə yoraraq e-mail vasitəsilə məktublaşırdıq. Görünür, səhhətindəki narahatlıqlar onu özündən sonrakı həyatı barədə də düşündürürmüş. Sonradan öyrəndim ki, bir neçə həmkarına da bu səpkidə materiallar göndərib. Ona görə də Ramiz müəllimin şəxsimizə göndərdiyi bioqrafiyasını sonda təqdim edirik:

"Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirmişdir. 1980-1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olmuşdur.

1993-2004-cü illərdə o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan  milli komissiyasının baş katibi vəzifələrində işləmişdir.

Ramiz Abutalıbov Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunmuşdur. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.

Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşıya xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpasının, "İçərişəhər" (2000-ci il) və "Muğam" (2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olmuşdur.

Bakı Media Mərkəzi 2016-ci ildə R. Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilmiş və "Qərib məzarlar" kitab-albomu nəşr edilmişdir.

Ramiz Abutalıbov 2016-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür.

           

Təltiflər:

1. H.Z.Tağıyev adına Milli mükafat laureatı (Bakı, 1994)

2. "Fəxri Legion" ordeni (Paris, 1998).

3. "Azərbaycan Diplomatiyasının 90 illiyi" medalı (Bakı, 2009).

4. "Puşkin" medalı (Moskva, 2010).

5. Cümhuriyyət tarixinin sənədli kinoda işiqlandırılması işində xidmətlərinə görə Azərbaycan Kinomatoqrafçılar İttifaqının mükafatı (Bakı, 2018).

6. "AXC-nin 100 illiyi" medalı (Bakı, 2019).

7. Parlament Jurnalistləri Birliyinin (PJB) "Şirməmməd Hu?seynov mu?kafatı" (2020)

Filmoqrafiya:

1. "Parisli azərbaycanlı Ramiz Abutalıbov" (film, 2009).

2. "Üfüqü ötənlər" (film, 2011).

3. "Əbədi ezamiyyət" (film, 2016)".

 

İstanbul,

28.11.2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!