Molla Cumanın ismi-pünhanı kimdir - Aynur XƏLİLOVA

Dad, qazılar, Yusif kimi zindanda əgləşmişəm,

Bülbül misal bağ içində əfqanda əgləşmişəm.

Yəqin bilin, mən olmuşam Məcnun kimi didərgin,

Kərəm kimi yanıb-yanıb dumanda əgləşmişəm.

 

Aşıq poeziyası yarandığı vaxtdan etibarən yeknəsək və ya monoton olmamış, daim dinamik inkişaf prosesi keçirərək çeşidli şeir şəkillərində və biçimlərdə meydana çıxmaqla, daha da zənginləşmiş və yeni-yeni janr keyfiyyətləri qazanmışdır. Bütün bunlar isə yaradıcı-ustad aşıqlarımızın bu istiqamətdəki peşəkar fəaliyyətlərinin, istedad və bacarıqlarının, ekspromt və improvizələrinin nəticəsində baş vermişdir. Azərbaycan aşıq poeziyasının inkişaf və zənginləşməsində xüsusi xidmətlər göstərmiş yaradıcı-ustad sənətkarlarımızdan biri də Molla Cuma (Cuma Salah oğlu Orucov (təxminən, 1858/1859-1920) olmuşdur.

Molla Cumanın poetik irsi geniş mövzu və janr əhatəsinə malik olub, aşıq şeirinin çeşidli şəkillərini çevrələyir. Forma və məzmun baxımından olduqca maraqlı və rəngarəng olan bu örnəklər Molla Cumanın bir ömür boyunca rastlaşdığı məqamların, həyati müşahidələrinin, başına gələn hadisə-əhvalatların, ruhi-psixoloji yaşantılarının, insan və dünya, yaşam və ölüm... müstəvisində düşüncələrinin... bədii inikası kimi ortaya çıxmışdır ki, bunların da böyük bir hissəsi aşığın həyatında dərin və əbədi iz qoyan nakam sevgi hekayətilə bağlı olub məhəbbət və ayrılıqdan doğan hissləri ifadə edir:

 

İsmi-Pünhan, həsrətindən ağlaram,

Fələk də yaşıma qan qatar indi.

Dərdimi cəm edib dəftər bağlaram,

Onun hesabına kim çatar indi?!

 

Molla Cumanın sevdiyi, lakin qovuşa bilmədiyi, el içində faş etməmək üçün həqiqi adını gizli saxlayıb rəmzi-simvolik olaraq "İsmi-Pünhan" adlandırdığı sevgilisi və aşığın nakam sevgi hekayətilə bağlı nümunələr silsilə şəklində şeir və rəvayətlərdən ibarətdir. Aşığın həyatının unudulmaz bir hissəsinə çevrilən İsmi-Pünhan onun yaradıcılığında da aparıcı mövzu olmuşdur.

Cuma hələ çox gənc yaşlarında ikən hörmətli və dindar ailədən olan bir qıza aşiq olur. Lakin atası qızını zorla başqa birisinə ərə verir. Qarlı-çovğunlu bir gündə gəlin köçən sevgilisinə gizli-gizli baxıb için-için ayrılıq atəşində qovrulan aşıq "Geri dön" şeirində məhz bu hadisədən bəhs edir.

Yeri gəlmişkən, qeyd edək ki, İsmi-Pünhanın atası Cumanın təhsil aldığı mədrəsənin sahibi olmuş və çox güman ki, ona Quran elmlərindən dərs demişdir.

Könül həmdəmindən ayrı düşmək onu unuda bilməyən Cumanın yaradıcılığına da təsir edir, vüsal həsrətli şeirlərinə, təbii olaraq, ayrılıq, hicran və kədər motivləri gətirir:

 

İsmi-Pünhan, bir dağ çəkdin sinəmə,

Dünya üçün əmanətə saxlaram.

Zənn eyləmə nagah ölsə, unudar,

Xak altında yata-yata saxlaram.

 

Cuma sevdiyinin adını hamıdan gizlətsə də, sevgisini gizlədə bilmir, bu sevgiyə çoxlu şeirlər həsr edir, lakin heç birində onun adını söyləmir. "Bu aşkar sirrimi pünhan eylədim, // Dedilər: danışsan, dedim: demərəm"; "Bir məhbub gözəlin ismin çaşırdım" (çaşdırdım mənasındadır - A.X.); "Xalq içində adın ana bilmirəm"; "Dedim ki, ismini pünhan eylədim"; "Cümlətan sirrimi nihan eylədim"; "Adını demərəm, İsmi-Pünhandı", - deyərək elə şeirlərində də onu rəmzi-simvolik şəkildə "İsmi-Pünhan" adlandırır.

Aralarında olan əhd-peymanı gizli saxlamaq, kimliyini aşkar etməmək Cuma ilə yanaşı, İsmi-Pünhan üçün də keçərlidir. Aşıq şeirlərində ona bunu dönə-dönə xatırladır:

 

Ey cavan, mən sana aşiq olmağı

Bir mən bilim, bir də sən bil, bir Allah.

Sən məhbub da mənə aşiq olmağı

Bir mən bilim, bir də sən bil, bir Allah.

 

Yaxud:

 

Cuma deyər, hər yetənə sirr vermə,

Dost mehriban, ya bir olar, ya iki.

 

İsmi-Pünhan gənc yaşlarında dünyadan köçmüşdür. Onun ölümü Molla Cumaya daha ağır zərbə olmuşdur. İsmi-Pünhanın ölüm xəbərini eşidən aşıq öz hisslərini "Hayıf oldu" qoşmasında ifadə etmişdir:

 

İsmi-Pünhan köçdü fani dünyadan,

Qarışdı torpağa, göz hayıf oldu.

Xudanın tədbiri beləymiş bizə,

Soldu yanaqları, üz hayıf oldu...

 

Bu yazıq Cumanın dönübdü baxtı,

Əsdi əcəl yeli, sərvimi yıxdı.

Dedim ki, şad ollam bu bahar vaxtı,

Töküldü burnumdan, yaz hayıf oldu.

 

Cuma dözə bilməyib İsmi-Pünhanın evinə gedir və həyətə daxil olarkən sevgilisinin kəfənlənib cənazə namazına gətirildiyini görür. Aşığın "Sevdiyin üstündə ağlar bəzənir" qoşması da bu hadisə ilə bağlı yaranır:

 

Gedibən zimistan, bahar yetişdi,

Abi-leysan yağıb, dağlar bəzənir.

Bülbülün canına qəhər ilişdi,

Açılıb qönçələr, bağlar bəzənir.

Əcəl piyalədən dolanda camlar,

Qırılsa məhəbbət, yavaşar xamlar.

Odlanıb qəndillər, yananda şamlar,

Alışır pərvanə, yağlar bəzənir.

 

Bilmirəm neylədim qadir Xudama,

Salıbdır hicrana, böylə sitama.

Ah çəkibən ağla, ay Molla Cuma,

Sevdiyin üstündə ağlar bəzənir.

 

Molla Cuma İsmi-Pünhanın dəfnində də iştirak edir. Dəfndən sonra qəbiristanlıqda tək qalan Cuma sevgilisinin məzarı üstündə göz yaşları içində bir neçə şeir, o cümlədən, "Sənsiz" qoşmasını deyir:

 

İsmi-Pünhan, ərəsətin günündə,

Ol hesab-kitaba düşmərəm sənsiz.

Yolunu gözlərəm Sirat üstündə,

Bir qədəm irəli keçmərəm sənsiz...

 

Molla Cuma -

                        

Ey fələk, indən belə   

Yar bu məzarda qalacaqmı?

Pərişan tökülübən       

Zülfü üzərdə qalacaqmı?

 

- şeirini də İsmi-Pünhanın məzarı başında söyləmişdir. Maddi dünyada sevdiyinə qovuşa bilməyən aşıq "Ey fələk, eşitmədin // Bizim çəkən ahımızı. // Tapışdır xak altında // Nigaranlı ruhumuzu", - deyə dua edir.

İsmi-Pünhanın ölümündən sonra Cumanın kədəri daha da artır, sevdiyindən ayrı düşdüyü üçün onsuz da taleyindən küskün olan aşıq bu hadisədən sonra daha da sarsılır. Cuma çəkdiyi acıların baiskarı kimi aşığa qarşı rəhmsiz və insafsız olan dünyanı günahlandırır, "Puç imiş axırın, yalansan, yalan", - deyib dünya ilə cəngə girərək onu sorğu-suala tutur:

 

Ey dünya, Cumaya çox etdin sitəm,

Nə tay-tuş qalmadı, nə anam-atam.

Könül əyləncəsi, istəkli butam,          

Ol İsmi-Pünhanı neylədin, dünya?    

 

Yaxud:

                   

Ey dünya, namərdsən, mərd olmaz səndən,

Yazığam, amandır, əl götür məndən. 

 

Cuma İsmi-Pünhanın ölümündən sonra dünyanın faniliyini sanki bir daha dərk edir. Yaşı bilinməyən, Əzraillə əlbir olub heç kimi özündə baqi qoymayan bu vəfasız, məkrli və fitnəkar dünyanın ədalətsizliyini qəbul edə bilməyən aşıq dünyaya bir gün onun özünü də Qiyamət əzabı gözlədiyini xatırladır.

Cuma şeirlərində İsmi-Pünhanı sevdiyi və onun vəfat etdiyi ili də hicri-qəməri təqvimlə maddeyi-tarix olaraq göstərmişdir:

Molla Cuma çəkər dost intizarı,

Olubdur dünyada Qeys barabarı.

Min iki yüz doxsanda sevmişdim yarı,

Min üç yüz onda da əlimdən getdi.

           

Molla Cumanın yaradıcılığının aparıcı xətti olan İsmi-Pünhan mövzusu aşığın tərcümeyi-halının bir hissəsi kimi xüsusi diqqət tələb edir. Qeyd edək ki, həm rəvayətlərdə, həm də Cuma ilə bağlı ayrı-ayrı yazılarda İsmi-Pünhanın kimliyi haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, İsmi-Pünhanın Şəkinin Layisqi, Göynük, Şabalıdlı, yaxud Qaxın Marsan kəndindən olduğu söylənilir.

Molla Cumanın poetik irsini diqqətlə izlədikdə görürük ki, İsmi-Pünhan Şəkinin Göynük kəndindən olmuşdur:

 

Fələk məni döndəribdi Məcnuna,

İnsan da dözərmi belə zuluma?

Göynüyün ətrafın bu Molla Cuma     

Hər gündə dörd yolla ziyarət eylər.  

 

Şeirlərinin birində "Cuma ölüb tapılmasa meyidi, // İsmi-Pünhan obasını axtarın" söyləyən aşıq sevgilisini uzaqdan da olsa, bircə dəfə görmək ümidilə tez-tez Layisqidən Göynüyə getmişdir. Yuxarıdakı nümunədə də bu kontekstdə aşığın aşkar etirafını görürük.

Molla Cuma da digər aşıqlar kimi gördüyü, tanıdığı gözəlləri tərif edən şeirlər düzüb-qoşmuşdur. Bu şeirlərdə həmin gözəllərin adları iki şəkildə - aşkar və gizli, mücərrəd-işarəvi olaraq verilmişdir. Ərəb-fars hərflərindən istifadə ilə yaradılan ikinci üsulda söz onun əsas sütununu təşkil edən hərflərlə işarəvi şəkildə təqdim olunur. Məsələn, "İsmini söylərəm, "fe", "te", "mim"inən"; "İsmini söylərəm "qaf"i "ze"yinən, // "Ye"yinən, "te"yinən, bir də "re"yinən"; "Unutmam adını, yazıram, axtar, // İki "mim", "re" ilə "ye" üstə, dilbər"; "İsmini aşikar söyləməz dillər, // "Sin", "lam", "mim"inən "te"yə bağlıdır" və s. Ümumiyyətlə, bu üsul aşıq poeziyası üçün səciyyəvi olub, hansısa sözü müəyyən qədər gizli saxlayaraq onu tam bəlli etməmək, şeirin maraqlılığını artırmaq və başqa bu kimi məqsədlərlə istifadə olunmuşdur. Ərəb-fars dillərini yaxşı bilməyindəndir ki, Molla Cumanın şeirlərində bu üsulla yaradılmış söz və adlara daha çox rast gəlirik. Bəs, bu gizli-işarəvi şəkildə verilən adlar arasında aşığın sevgilisinin adı varmı? Cuma eldən gizlətdiyi və rəmzi-simvolik olaraq "İsmi-Pünhan" kimi bəhs etdiyi sevgilisinin əsl adı ilə bağlı öz yaradıcılığında doğrudanmı heç bir nişanə qoymamışdır?

Molla Cumanın bu qədər sevdiyi insanın kimliyi, xüsusilə də, adı ilə bağlı şeirlərində heç bir işarə verməməsi mümkünsüzdür! Aşığın əlimizdə olan poetik irsi üzərində bu istiqamətdə apardığımız maraqlı və bir o qədər də çətin araşdırma nəticəsində diqqəti çəkən bəzi məqamlara rast gəldik. Bunlardan biri aşığın bir neçə şeirində işlətdiyi "dörd hərf" və "dörd hərfli" sözləridir: "Molla Cuma eşqdə sərgərdan qalmış, // Dörd hərf ismini əzbərə almış"; "Dərdimin dərmanı dörd hərf oldu"; "Öldürən Cumanı dörd hərf oldu"; "Ey dörd hərfli, salamımı qəbul et"; "Ey dörd hərfli, qıl təvəkkül bu işi" və s. Aşığın, hətta "Dörd hərf oldu" rədifli ayrıca qoşması da var. Buradan belə nəticəyə gəlinir ki, İsmi-Pünhanın əsl adı dörd hərfdən ibarət olmuş, yaxud dörd hərflə şifrələnmişdir. Bəs, bu hərflər hansılardır? Sualın cavabını yenə də Molla Cumanın öz şeirlərində axtarmaq lazımdır. Öncə "Dörd hərf oldu" qoşmasına nəzər yetirək:

 

Əvvəlinci, getdim ustad yanına,

Oxudum surəni, dörd hərf oldu.

Bir gözəlin eşqi düşdü sərimə,

Soruşdum ismini, dörd hərf oldu.      

 

Burada ismi dörd hərfdən ibarət olan bir gözəli sevdiyini söyləyən Cuma sonrakı dörd bənddə həmin hərflərin "sin", "re", "te" və "mim" olduğunu diqqətə çatdırır. Hər bir bəndin sonunda isə dörd hərf faktorunu təkrarən vurğulayır. Başqa bir qoşmasında isə aşıq bu sıralamanı "sin", "te", "mim", "re" kimi təqdim edir:

 

Cumayam, mətləbim "sin"inən "te"di,

İkinci bir "mim"di, üçüncü "re"di.      

 

Digər bir şeirində isə Molla Cuma sözügedən hərfləri "te", "sin", "re", "mim" şəklində sıralayır və rədifləri də elə bu hərflər üzərində qurur:

 

Ol xudadan aşna olam

            "te", "sin", "re", "mim"inən,

Qəvvas təki bəhrə dolam

            "te", "sin", "re", "mim"inən...

Nola bircə mətləb alam

            "te", "sin", "re", "mim"inən...

Mən istərəm baqi qalam

            "te", "sin", "re", "mim"inən.

           

Yaxud:

 

"Te", "sin", "re", "mim" üstündə

Sübhi-şam ismin oxurdum.

 

Diqqətlə izlədikdə görürük ki, Molla Cuma ayrı-ayrı şeirlərində bu dörd hərfin adını çəkir, lakin dəyişik formalarda: "Sin", "re", "te", "mim"; "Sin", "te", "mim", "re"; "Te", "sin", "re", "mim" və s. Deməli, burada bir müəmma, gizli manera var və bu müəmmanın, gizlinlərin izahını tapmaq üçün yenə də məhz Cumanın öz yaradıcılığına müraciət etmək lazımdır. Aşıq şeirlərindən birində -

 

Bir "mim" hərfi dilə düşüb

"Te"ni, "re"ni "sin" oxuyub

 

- misralarında maraqlı manera ilə həm sözügedən hərflərin adlarını hallandırır, həm də bu hərflərin yerini tərs söylədiyini vurğulayır. "Qafiyə və Təcnis" (Burada adlar şərtidir. Qafiyə Cumaya, Təcnis isə İsmi-Pünhana işarədir.) deyişməsində isə aşıq bunu daha aydın şəkildə diqqətə çatdırır. Deyişmənin sonunda -

 

"Te", "sin", "re", "mim" həsrətini çəkməkdən,

Cuma dönüb bir mismara deyərsən

 

- söyləyən aşıq əvvəldə dediyi -

 

Eşqin kitabından almışam dərsi,

Söylə sən avandı, söyləmə tərsi

 

- misralarında dolayısı ilə bu hərflərin tərsinə yazıldığına və onun bu şəkildə deyil, çevirərək düzgün şəkildə söylənilməsi gərəkdiyinə işarə edir. Deyişmədə "Ey dörd hərfli, qan sözümü müxtəsər, // Şüurun varsa, bəsdir sənə bu əsər" misraları da məhz bu məqamlara işarə ilə deyilmişdir. Buradan belə aydın olur ki, aşıq İsmi-Pünhanın əsl adının sütun-özül hərflərini nişan vermiş, lakin adın tam aşkar olunmaması üçün onları çaşdırıcı və mücərrəd maneralarla təqdim etmişdir. Molla Cuma bizə məlum olan yalnız bircə şeirində sevgilisinin adını bəlləndirən hərfləri düzgün sıralama ilə söyləmişdir. Lakin fikirləri dolaşdırmaq üçün bu dəfə də İsmi-Pünhanla sual-cavab priyomundan istifadə etmişdir:

 

İsmi-Pünhan sordu: sevdiyin kimdi?

Dedim ki, "mim", "re", "sin" ilə "te"di.

Dedi: ol filankəs məndən gözəldi?

Dedim: təəssüf etmə, bekarə şeydi.   

 

Beləliklə, xüsusi həssaslıq tələb edən bu kontekstdəki araşdırmamız onu göstərir ki, Molla Cumanın poeziyasında sözügedən üsulla yaradılmış bir neçə qadın adı mövcud olsa da, İsmi-Pünhanın indiyə qədər müəmmalı qalan əsl adı məhz "Sin", "re", "te", "mim"; "Sin", "mim", "re", "te"; "Te", "sin", "re", "mim"... şəkillərində şifrələnən, sütun-özül hərflərinin doğru sıralanması isə "Mim", "re", "sin", "te" şəklində olan Mürəstə olmuşdur. Gördüyümüz kimi, Molla Cuma şeirlərində isminin hərfi könlünün əzbəri olan sevgilisinin əsl adını da gizli, mücərrəd-işarəvi üsulla əbədiləşdirmişdir.

İsmi-Pünhanı butası kimi qəbul edən Molla Cuma ömrü boyu nakam sevgi taleyinin acısını, ayrılığın məşəqqətini yaşamışdır. Bu səbəbdəndir ki, aşıq oğlu Həsənə nəsihətində "Alışıb nəgah-nəgah, // Eşq atəşə yanma, oğul... // Nə sevmə Leyli yarı, // Nə Məcnuna dönmə, oğul. // Tutginən nəsihətim, // Salma özün nara, Həsən", - deyə onu aşiqliyin əzabından uzaq durmağa çağırmışdır.

Özünü aşiqliyin simvollarına çevrilmiş Məcnun, Kərəm, Fərhad... kimi eşq əhlinə bənzədən Molla Cuma İsmi-Pünhan eşqinin atəşində pərvanə kimi yanmışdır. "Əzəlki eşqimiz heç eşq deyilmiş, // Təzədən ciyərim od tutar indi", yaxud "Dedim ki, qocalsam, sevda köhnəli, // Eşq sevdası lap əbədi olarmış" deyən Molla Cuma ömrünün sonuna kimi İsmi-Pünhanı unuda bilməmişdir:

 

Bəxti qara, taleyi kor, cigəri dağ Cumayam,

"İsmi-Pünhan" deyə-deyə cahanda əgləşmişəm.

 

Gördüyümüz kimi, İsmi-Pünhan mövzusu Molla Cumanın yaradıcılığında da xüsusi yer tutmuş və burada daha çox vüsal həsrəti, nakam sevgi, ayrılıq, hicran, ağrı və kədər motivləri üstünlük təşkil etmişdir. Böyük saz-söz ustadı Molla Cuma İsmi-Pünhan mövzusunu poeziyasına gətirməklə bütövlükdə Azərbaycan ədəbiyyatında bənzərsiz və təkrarı olmayan bir obraz - İsmi-Pünhan obrazı da yaratmışdır!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!