Qəmər Ağaoğluna dair yeni faktlar - Dilqəm ƏHMƏD

Vyana Universitetinin sənədi

 

1920-ci ildə Avropaya təhsil üçün göndərilmiş Cümhuriyyət tələbələrinin Berlində Anadolu klubunda çəkilmiş bir fotoşəkli var. 1922-1923-cü illərə aid olan bu şəkildə iyirmidən çox gəncin arasında sadəcə bir xanım yer alıb. O, Cümhuriyyət tələbəsi olmasa da, Cümhuriyyət mühitinin yetişdirdiyi qadın idi və həyat yoldaşı Məhəmməd Ağaoğlu ilə birlikdə Avropaya yollanmışdılar.

Qarabağ xanlarının nəslindən olan Talıbxan bəy Talıbxanbəyov ilə Xeyransa xanımın evliliyindən üç qız dünyaya gəlib: Qəmər, Sürəyya, Dilşad. Talıbxan bəy həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışıb, 1920-ci ildə Rusiyanın Azərbaycanı işğalı zamanı istila qurbanlarından biri olub. Xeyransa xanımın qardaşı, dövrün gənc ədiblərindən Hüseyn bəy Mirzəcamalzadə bacısı və iki qızını da götürərək Türkiyəyə mühacirət edib. Hüseyn bəyin "Keçmiş günlər" kitabı Bakıda "Azərnəşr"də 1926-cı ildə işıq üzü görüb. Ehtimal ki, Türkiyəyə mühacirət də bu ərəfələrdə baş tutub. Türkiyə mətbuatından əldə etdiyimiz məlumata görə, Xeyransa xanım 1949-cu ilin yanvar ayının 18-də İstanbulda vəfat edib, Feriköy məzarlığında dəfn olunub.

Talıbxan bəyin qızları qısa zamanda İstanbuldakı həyata alışıblar. Onların yeniyetməliyi haqqında ən maraqlı bilgi Məhəmməd Əmin Rəsulzadənin baş mühərriri olduğu "Odlu yurd" jurnalında çıxan bir xəbərdə verilib. Belə ki, 1929-cu ildə İstanbulda 28 May bayramında Sürəyya və Dilşad bacıları Rəsulzadəyə bayraq təqdim ediblər. Bu mərasimdə Sürəyya xanım Rəsulzadənin önündə çıxış edib, sonuncu bu hadisədən təsirlənərək nitqində bildirib: "İstiqlalımızla birgə yaşadığımız məsud gündə "bir dəfə yüksələn istiqlal bayrağı bir daha enməz!" demişdim. İstiqlalımızın məruz qaldığı müvəqqəti fasiləni əbədi çöküş şəklində görən düşmən bu şüarı xor görmüşdü. Sürəyya xanımın istiqlalçı Azərbaycan gəncliyi namına ruhları alovlandıran müqəddəs həyəcanla gətirdiyi bu bayraq onlara verilmiş nə müşküt cavabdır. Vətəndaşlar, ey Vətənin idealist gəncliyi, bayrağımız enməmiş, o, imanlı azəri gəncliyinin əlindədir. Çox keçməz ki o əl onu təkrar Azərbaycan üfüqlərində dalğalandırar. Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncliyi!"

Sürəyya xanım İstanbul Universitetində təhsil alıb, 1928-ci ildə "Karabağ ve İstanbul şivelerinin savtiyat cihetinden mukayesesi" adlı elmi iş müdafiə edib. Bu elmi işi "Azerbaycan Yurt Bilgisi" jurnalında hissə-hissə dərc olunub. O, 1939-cu il il martın 4-də İstanbul Universitetində Fuad Köprülünün tədrisat həyatının 25-ci ildönümü münasibətilə konfransda da çıxış edib. Sürəyya xanım çıxışında bunları bildirib: "Mən sizdən ayrı olduğu halda sizə candan bağlı olan azərbaycanlıyam. Böyük ustadı ilk dəfə olaraq orada gördüm. Oraya gəldiyi vaxt evlərdə, cəmiyyətlərdə, məktəblərdə hər kəs Köprülüdən bəhs edərək onu dinləmək üçün can atırdı. Hələ universitet tələbələrinin sevincini demirəm. Sinəmiz iftixarla dolurdu. Əcnəbi dostlarımıza onun yüksək məziyyətlərindən bəhs edirdik. Azəri türklüyü o günləri heç zaman unutmadı və unutmayacaqdır da".

Sürəyya xanımın bu çıxışı da onu təsdiqləyir ki, 1926-cı ildə Türkoloji Qurultay zamanı Hüseyn bəy hələ ki Bakıda idi. Ailə 1926-cı ildən sonra Türkiyəyə mühacirət edib. Türkiyə mətbuatından Sürəyya xanımın vəfat tarixini də dəqiqləşdirmişik. "Bir müəllim vəfat etdi" başlıqlı nekroloqda yazılıb: "İstanbul Müəllimləri Yardım Cəmiyyəti Rəisliyindən: Cəmiyyətimizin üzvlərindən, Nişantaşı 2-ci qız orta məktəbinin türk dili müəllimi Sürəyya Odoğlunu təəssüf ki həmişəlik itirdik. Kədərli ailəsinə və dostlarına başsağlığı veririk".

Beləliklə, Sürəyya xanım 1941-ci ildə vəfat edib. Nekroloqdan aydın olur ki, o, Nişantaşındakı orta məktəbdə türk dili müəllimi kimi fəaliyyət göstərib. Odoğlu soyadına gəldikdə isə, Sürəyya xanım əvvəlcə Cümhuriyyətin sonuncu daxili işlər naziri olmuş Mustafa ağa Vəkilovla ailə qurub, daha sonra irəvanlı Nağı bəyin oğlu Bəkir Odoğlu ilə evlənib. Bu evlilikdən Can adlı övladları dünyaya gəlib. Sürəyya xanımın vəfatından sonra Canı Dilşad xanım böyüdüb.

Talıbxan bəyin ikinci qızı Dilşad xanım Türkiyədə daha böyük nüfuz qazanıb. Dilşad Talıbxan Elbrus 1915-ci ildə Bakıda doğulub. 1931-ci ildə İstanbul Qız Liseyini, 1934-cü ildə İstanbul Universiteti Fənn fakültəsi Fizika-kimya bölümünü bitirib. Həmin fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi elmi fəaliyyətə başlayıb. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə edib, eyni bölümdə 1954-cü ilin noyabrında dosent ünvanını qazanıb. 1957-ci ilin noyabrında İzmirdə Ege Universiteti Tibb fakültəsi Fizika İnstitutuna təyin edilib. O, 11 iyul 1961-ci ildə burada professor ünvanına sahib olub. 14 oktyabr 1961-ci ildə yeni qurulan Ege Universiteti Fənn fakültəsi Təcrübi fizika kafedrasına təyin edilib. 15 aprel 1969-cu ildə eyni universitetin Mühəndislik elmləri fakültəsinə keçib. 18 yanvar 1955-ci ildə İstanbulda Sultan Əhməd meydanında yerləşən Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin binasında Dilşad xanımın fizika elmi üzrə dosent olması münasibətilə tədbir keçirilib. Törənə Türkiyədə elm aləmində tanınan başqa azərbaycanlı məşhurlar da qatılıblar: Əhməd Cəfəroğlu, Sürəyya Ağaoğlu, Tezer Taşkıran (Ağaoğlu). Yüzə yaxın iştirakçı arasında professor Rəşid Rəhməti Arat, Qarsın sabiq millət vəkili Hüsaməddin Tuğaç və başqaları da olub. Sağlamlığında yaranmış narahatlıqla bağlı 1976-cı ildə erkən yaşda təqaüdə çıxıb, İzmirdən İstanbula köçüb, Bağdad prospektindəki evində yaşayıb. Dilşad xanım 11 aprel 1979-cu ildə İstanbulda vəfat edib.

Talıbxan bəyin böyük qızı

 

Məqaləmizin qəhrəmanı olan Talıbxan bəyin böyük qızı Qəmər xanım 1902-cü ilin oktyabrında Şuşada doğulub. Dayısı Hüseyn bəyin dostu, irəvanlı Məhəmməd Ağaoğlu ilə evlənib. Məhəmməd bəy Cümhuriyyət dövründə Hüseyn bəylə birlikdə İstiqlal Muzeyini yaradıb. Məhəmməd bəy və Qəmər xanım 1922-ci ildə təhsil üçün Qərbi Avropaya yollanıblar. Vilayət Quliyevin yazdığına görə, onlar Berlin, İen və Vyana universitetlərində tanınmış mütəxəssislərin yanında Şərq incəsənəti üzrə mükəmməl kurs keçib, əcnəbi dillərə yiyələniblər. Yeganə övladları - Gültəkin A.Ludden də 1923-cü ildə Almaniyada doğulub.

"Yeni Kafkasya" jurnalında çıxan xəbərdən öyrənirik ki, Məhəmməd bəy Vyanada doktorluq dissertasiyası müdafiə edib: "Vyana Darülfünunu Birinci Sanaatı-Nəfisə Tarixi İnstitutunu müvəffəqiyyətlə ikmal edən azəri türk gənclərindən Ağaoğlu Məhəmməd bəy İstanbula gəlmişdir. Ağaoğlu Məhəmməd bəy doktora tezi olaraq "Türk memarisində Memar Sinanın mövqeyi" mövzusunda 400 səhifəyə qərib mühüm bir əsər vücuda gətirmişdir. Əsər Vyana Darülfünunu heyəti-elmiyyəsi tərəfindən təqdir olunaraq sahibi məzkur darülfünunun ənənəvi mükafatına layiq görüldüyü kimi əsərin də institut tərəfindən təb və nəşrinə qərar verilmişdir".

Avropadakı təhsillərini bitirdikdən sonra ailə 1927-1929-cu illərdə İstanbulda yaşayıb. Bu dövrdə Məhəmməd bəy burada dövlət muzeyində "Çinili köşk"də islam mədəniyyəti şöbəsinə rəhbərlik edib. Eyni zamanda İstanbul Universitetinin İncəsənət kafedrasının müdiri olub. Həmin il Türküstan və Azərbaycanı Öyrənmə Dərnəyinin də qurucu üzvü kimi fəaliyyət göstərib. 1928-ci ildə isə Türk və İslam Əsərləri Muzeyinin müdir müavini vəzifəsini icra edib.

1929-cu ildə Məhəmməd bəy ABŞ-a gedərək Detroyt İncəsənət İnstitutunun Yaxın Şərq şöbəsini qurub. Bununla bağlı İstanbulda nəşr edilən "Odlu Yurt" jurnalında aşağıdakı məlumat verilib: "Gənc Azərbaycan alimlərindən İstanbul Darülfünunu islam sanayi-i nəfisəsi müəllimi və evqaf müzəsi müdiri, Vyana Darülfünunu İslam sanayi-i tarixi şöbəsindən məzun Ağaoğlu Məhəmməd bəyə Amerikada kain Miçiqan Darülfünunu tərəfindən Şərq sanayi-i nəfisəsi professorluğu təklif edilmişdir. Məhəmməd bəy vüqu bulan bu təklifi qəbul eyləmiş və haziranda maaailə Amerikaya əzimət edəcəkdir".

Beləliklə, Qəmər xanım da onunla bərabər yola düşüb. Vilayət Quliyevin yazdığına görə, 1927-ci ildə İstanbul Universitetindən Şərq tarixi üzrə namizədlik dərəcəsi alan Qəmər xanım da muzeyçilik sahəsində çalışıb. Amma "Odlu yurd" jurnalının 1929-cu il iyul sayında Qəmər xanımın İstanbul Universitetinin tarix şöbəsini tamamladığı xəbəri verilib. Fikrimizcə, mətndə sadəcə "Qəmər xanım" olaraq verilən bu şəxs məhz Ağaoğlu Qəmərdir. 1930-cu ildə Amerikadan 28 May günü münasibətilə "Odlu yurd" idarəxanasına göndərilən teleqrafda yazılıb: "Yaşasın, 28 May, yaşasın Azərbaycan, yox olsun Rusiya!. Dr. Ağaoğlu Məhəmməd və Qəmər xanım".

Onun Amerikadakı yüksəlişi haqqında V. Quliyev məqaləsində bunları bildirib: "1937-1938-ci illərdə Miçiqan Universitetində postgraduate student - çağdaş istilahla desək, aspirant kimi kurs keçmiş və İstanbuldan sonra burada da Şərq incəsənəti tarixi üzrə namizədlik dərəcəsi almışdı. Ardınca isə Antropologiya muzeyinin dəvətini qəbul edərək elmi-tədqiqat işləri aparmaq məqsədilə burada assistent kimi fəaliyyətə başlamışdı. İkinci Dünya müharibəsi illərində qısa müddətə ABŞ ordusunun tədris proqramına cəlb edilmişdi. Sənədlərdən də göründüyü kimi, İkinci cəbhənin açılması ərəfəsində amerikalı zabitlərlə rus dili məşğələləri aparırdı. Müharibə qurtarandan dərhal sonra - 1945-ci ildə Antropologiya muzeyinin Şərq bölməsində (Asiya kolleksiyası) mühafiz assistenti kimi elmi fəaliyyətini davam etdirmişdi. 1951-ci ildə mühafiz yardımçısı, 1956-1974-cü illərdə isə mühafiz olmuşdu...  1949-1962-ci illərdə Miçiqan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümündə associate professor - dosent vəzifəsini tutmuşdu. 1966-cı ildən təqaüdə çıxdığı 1974-cü ilə qədər incəsənət tarixi professoru olmuşdu".

O, 1984-cü ilin avqust ayında vəfat edib.

Məhəmməd bəy və Qəmər xanım sonralar Amerikada boşanıblar. Birinci Dorothy Pece adlı xanımla ailə həyatı qurub.

 

Qəmər xanım haqqında yeni bilgilər

 

Qəmər xanımın Azərbaycandakı həyatı haqqında bilgilər, demək olar ki, yoxdur. Lakin Türkiyə auksionlarından surətini əldə edə bildiyimiz orijinal bir sənəddə, onun 1902-ci ilin oktyabrında Şuşada doğulduğu qeyd olunub:

"Şəhadətnamə № 6435 19/VI 21.

Bu şəhadətnamə Azərbaycan Respublikası Xalq Maarif Komissarlığı tərəfindən 1902-ci ilin oktyabr ayında Şuşa şəhərində anadan olmuş Qəmər Talıbxanbəyovaya verilir və təsdiq edir ki, o, 1921-ci ilin may ayının sonunda 4-cü Sovet məktəbinin ikinci dərəcəli (gimnaziya) kursunu bitirmişdir. Bu, imzalar və möhürlə təsdiq edilir.

Azərbaycan Xalq Maarif Komissarı (Dadaş Bünyadzadə)

Məktəb Şöbəsinin Müdiri (A. Əmirov)

İdarə rəisi (Məmmədov)"

Maraqlıdır ki, bu sənədin aşağıdakı hissəsində əski əlifbada Azərbaycan dilində yazılmış mətndə Azərbaycan Cümhuriyyətinin İstanbul Konsulluğunun möhürü var. "Təsdiqnamə" başlığı ilə verilən həmin yazı rus dilində olan yazını təsdiq üçündür. Görünür, hələ ki fəaliyyət göstərən Azərbaycan Cümhuriyyəti Dərsəadət Konsolosxanası gənc tələbəyə köməklik edib.

Bu sənədin orijinalını əldə edə bilməsək də, Qəmər xanımın Vyana Universitetindəki qiymət kitabçasının orijinalını auksiondan satın ala bildik. Kitabçada Qəmər xanımın şəkli verilib, Şuşada doğulduğu, 5 noyabr 1924-cü ildə Vyana Universitetinin fəlsəfə fakültəsinə qəbul edildiyi yazılıb. Kitabça təhsilin altıncı semestrinə qədər - 1926-cı ilin iyuluna qədər doldurulub.

Beləliklə, əldə etdiyimiz bu iki sənəd Qəmər xanım Ağaoğlunun təhsil həyatına dair bəzi məqamlara işıq salmaqdadır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!