Gülnar xanım - Vilayət QULİYEV

Vilayət QULİYEV

XIX əsr İstanbulunda "Gülnar xanım" kimi tanınan türkoloq, klassik rus ədəbiyyatı nümunələrinin türkcəyə orijinaldan ilk tərcüməçisi Olqa Sergeyevna Lebedevanın (1852-1913?, doğum tarixi bəzi mənbələrdə 1854-cü il kimi də göstərilir, ölüm tarixinə gəldikdə isə, 1909-cu ildən tutmuş, 1930-cu illərin əvvəlinə qədər fərqli rəqəmlər səsləndirilir. Həyatda olması ilə bağlı mətbuatda gedən ən son məlumat 1913-cü ilə aiddir - V.Q.) adını ilk dəfə 1986-cı ildə, Kazanda elmi ezamiyyətdə olduğum zaman tatar kitabının məşhur tədqiqatçısı, akademik Əbrar Kərimullindən eşitmişdim. Kitabşünas alim təxminən, on il əvvəl maraqlı ədəbi şəxsiyyət barəsində "Asiya və Afrika xalqları" jurnalında çıxmış məqaləsinin (1977, № 3) ottiskini də mənə hədiyyə etmişdi.

"Sufrajistka, (qadınlara seçki hüququ tələb edən - V.Q.) şərqşünasların beynəlxalq konqreslərinin iştirakçısı, tatar xalqının maariflənməsi uğrunda mübariz, Türkiyədə rus ədəbiyyatının təbliğatçısı, Rusiya və digər ölkələrdə müsəlman qadınlarının azadlığa çıxmasının qızğın tərəfdarı" - Gülnar xanım haqda ilk elmi araşdırmanın müəllifi Əbrar Kərimullin onun çoxcəhətli fəaliyyətinin əsas parametrlərini belə müəyyənləşdirmişdi. Aradan ötən onilliklər ərzində türk, tatar və rus alimlərinin çoxsaylı tədqiqatları filoloq, yazıçı, tərcüməçi, ədəbiyyat tarixçisi, ictimai xadim kimi tanınan türk dostu rus qadınının portretinə yeni ştrixlər əlavə etməyə imkan yaratmışdır.

Olqa Lebedeva - Gülnar xanım tərcümə və filoloji araşdırmaları ilə rus ədəbiyyatını Türkiyədə tanıtmaq işinin pionerlərindən olmuşdu. İki imperiyanın yaxın qonşuluğuna, Osmanlıda xeyli sayda Rusiya köçməninin yaşamasına baxmayaraq rus ədəbiyyatından tək-tük əsərlər XIX əsr boyu türkcəyə əsasən fransız dilindən çevrilmişdi. Vəziyyət "Mizan" qəzetinin naşiri, Dağıstan əsilli Murad Mizançının (1854-1917) məşhur "Ağıldan bəla" pyesini orijinaldan türk dilinə çevirdiyi 1884-cü ilə qədər belə davam etmişdi. Bir neçə il sonra rus-türk ədəbi-mədəni əlaqələri sahəsində fəaliyyətə başlayan Gülnar xanım isə bu sahədə bir məktəb yaradacaq qədər mühüm işlər görmüşdü.

Qızlıq familiyası Barşeva olan Olqa Kazan quberniyasında, zadəgan ailəsində doğulmuşdu. Atası rus ordusunun polkovniki idi. Kiçik yaşdan yerli əhali, xüsusən də, həmyaşıdları ilə sıx ünsiyyət nəticəsində tatar danışıq dilini kifayət qədər yaxşı öyrənmişdi. Lebedova familiyası 1883-1886 və 1899-1903-cü illər Kazan şəhər başçısı olan ikinci ərinin soyadından götürülüb. Avropa qaynaqlarında "knyaginya" - Olqa de Lebedeff kimi təqdim edilir. Əslində əri kamerger çini daşısa da, knyaz deyildi. "Gülnar" təxəllüsünü isə hələ Kazanda olarkən tatar qız adlarından təsirlənib götürmüşdü.

1877-1878-ci il Rusiya-Osmanlı müharibəsində əsir düşən türk zabitləri ilə təmas nəticəsində tatar dili ilə yanaşı, Osmanlı türkcəsi sahəsində də biliklərini təkmilləşdirmiş, çağdaş türk ədəbiyyatının bəzi nümunələri ilə tanış olmuşdu. Olqa-Gülnar xanım poliqlot sayılırdı - tatar, türk, ərəb və fars dilləri ilə yanaşı, yunan, fransız, italyan, ingilis və alman dillərini də bilirdi.

Əksər mənbələrdə onun Kazan Universitetinin tarix-filologiya fakültəsini bitirdiyi iddia olunur. Lakin 1880-ci illərdə Bestujev kursları kimi xüsusi qadın tədris müəssisələri istisna edilərsə, Rusiya imperiyasında qadınların rəsmi ali təhsil alması imkan xaricində idi. Qadınların universitetlərə daxil olmalarına yalnız 1905-ci ildə icazə verilmişdi. Odur ki, Kazanda məşğələlərə, sadəcə, azad dinləyici kimi qatıldığını düşünmək üçün daha çox əsas var.

Görkəmli tatar maarifçisi Qəyyum Nəsiri (1825-1902) ilə tanışlıq onun yalnız tatar deyil, digər Şərq dilləri ilə də peşəkar səviyyədə məşğul olmasına şərait yaratmışdı. Bədii tərcümə sahəsində ilk addımı da müəlliminin təşviqi ilə atmışdı - Nəsirinin farscadan tatar dilinə çevirdiyi məşhur didaktik ədəbiyyat nümunəsini - Keykabusun (Ünsür əl-Məəlli) "Qabusnamə"sini ixtisarla ruscaya tərcümə etmişdi. 1886-cı ildə universitet mətbəəsində çap olunan əsər şərqşünas- tərcüməçi kimi Olqa Lebedevanı elmi-ədəbi dairələrdə tanıtmışdı.

Universitet alimləri və tatar maarifçilərinin iştirakı ilə Kazanda fəaliyyət göstərən Arxeologiya, etnoqrafiya və tarix cəmiyyəti ilə əməkdaşlıq nəticəsində Olqa Lebedeva XIX əsr tatar mədəniyyətinin Şihabətdin Mərcani, Məhəmməd Qali Mahmudov, Əbdürrəhman İlyasi kimi nümayəndələri ilə yaxından tanış olub sıx ünsiyyət və yaradıcılıq əlaqələri saxlamağa başlamışdı.

Rusiya türkologiyasının tarixçisi akademik A.İ.Kononov özünün "Vətən türkoloqlarının biobiblioqrafik lüğəti" əsərində Olqa Lebedevanın İstanbula ilk dəfə 1881-ci ildə gəldiyini yazır. "Tolstoy və Şərq" kitabının müəllifi A.İ.Şifman da eyni fikirdədir: "...rus müəlliflərin əsərlərinin türkcəyə tərcüməsi ilə bağlı geniş plan hazırlayan Olqa Lebedeva Osmanlı hökumətindən nəşrlərlə bağlı icazə almaq üçün Konstantinopola gəldi. Amma burada xanımı dərin məyusluq gözləyirdi - türk məmurları onun simasında gizli rus casusu gördülər və Puşkindən tərcümələrin çapının qarşısını qətiyyətlə aldılar". Şifman da bu hadisənin 1881-ci ildə baş verdiyini güman edir. Yalnız onu demək lazımdır ki, son illərdə türk tədqiqatçıları Rusiya və Osmanlı arxivlərindəki sənədləri araşdırıb göstərilən tarixin doğru olmadığını aşkara çıxarıblar.

Odur ki, Gülnar xanımın İstanbula ilk gəlişi ölkəsində artıq türkoloq və tərcüməçi kimi tanındığı 1890-cı il olaraq qəbul edilir. Bir il əvvəl İsveçin paytaxtı Stokholm şəhərində şərqşünasların VIII beynəlxalq konqresi keçirilirdi. Xanım Lebedeva da öz hesabına elmi foruma qatılmışdı. Konqresin gedişində Türkiyə təmsilçisi, "Tərcümani-həqiqət" qəzetinin naşiri və baş redaktoru, tanınmış yazıçı-publisist, atası Azərbaycanın Ağdaş bölgəsindən olan Əhməd Midhət Əfəndi (1844-1912, məşhur türk yazıçısının Azərbaycan kökləri haqda soydaşı, əslən şamaxılı Şərif Bilgəxan-Məhəmməd Şərif Əfəndizadə (1887-1954) "Akşam" qəzetinin 1944-cü il saylarının birində "Əhməd Midhət Əfəndinin mənşəyinə dair məlumat" adlı xatirə yazısında məlumat vermişdi - V.Q.) ilə tanışlıq İstanbuldakı əlaqələrin yeni, daha səmərəli mərhələyə daxil olmasına imkan yaradır. Türk ictimaiyyəti və ziyalıları Gülnar xanım haqda ilk müfəssəl məlumatı onu yaxından tanıyan, fəaliyyətinə bələd olan Əhməd Midhətin "Avropada bir cevelan" adlı səyahət xatirələrindən almışdılar. Əvvəlcə təfriqələr halında "Tərcümani-həqiqət" qəzetində çıxan yol qeydləri sonradan kitab şəklində çap olunmuşdu. 1030 səhifəlik nəşrin təxminən, 600 səhifəsi Gülnar xanımdan bəhs edirdi. Ona görə də həmkarları yazıçının populyarlıq qazanmış kitabını zarafatla "Gülnarnamə" adlandırmışdılar.

Barələrində müxtəlif söz-söhbətlər yayılmasına baxmayaraq (aralarındakı məhəbbət macərası ilə yanaşı, hətta hər ikisinin casus olması iddiası da irəli sürülmüşdü! - V.Q.) bu rus qadını Osmanlı ədəbi mühitində qazandığı uğurlara görə ilk növbədə və hamıdan çox Əhməd Midhətə borclu idi. Bəlkə də məqsədə doğru aparan yolda ona rast gəlməsəydi, fəaliyyəti də bu qədər uğurlu və məhsuldar alınmayacaqdı. Əhməd Midhət Gülnar xanımın əksər tərcümələri ilə əlyazması şəklində tanış olmuş, zəruri saydığı hallarda üzərində təshihlər aparmış, İstanbulda çıxan dörd kitabına müqəddimə yazmışdı.

İlk tanışlıqdan və ədəbiyyatla bağlı söhətlərdən aralarında səmimi dostanə münasibət yaranmşdı. Bu səbəbdən də Olqa Lebedeva türk həmkarının təklifi ilə Stokholmdan konqresin yekun mərhələsinin keçirildiyi Xristianiyaya (indiki Oslo) getmişdi. Sonra isə birlikdə digər Avropa paytaxtlarında olmuşdular. Dörd həftəlik Avropa gəzisini başa vuran cütlük 1889-cu ilin oktyabrında Parisdə ayrılmışdı. Amma əlaqələri kəsilməmiş, məktublar vasitəsi ilə davam etmişdi. Bəzi tərcümələrinin əlyazması ilə tanış olan Əhməd Midhət onu Türkiyəyə dəvət etmişdi. Olqa Lebedeva növbəti il qışı keçirmək üçün İstanbula gəlib əvvəlcə Əhməd Midhət Əfəndinin Beyközdəki yalısında, sonra isə Bəyoğlu məhəlləsində, Təpəbaşı səmtindəki "De Belle Vua" otelində yerləşmişdi. Kifayət qədər məhsuldar keçən ilk İstanbul səfəri 7 ay çəkmişdi. 1891-ci ilin oktyabrında yenidən İstanbula gələn Gülnar xanım bu dəfə də təxminən, 7 ay -1892-ci ilin mayında qədər Osmanlı paytaxtında yaşamışdı.

Tərcümələrinin çapından əvvəl o, yüksək türk cəmiyyəti, türklərdə ailə həyatı, qadına münasibət kimi məsələlərlə maraqlanmışdı. Bu məqsədlə tarixçi və dövlət xadimi, müxtəlif hökumət kabinələrində 11 dəfə nazir postu tutmuş Əhməd Cövdət Paşanı (1822-1895) ziyarət etmişdi. Onun qızı, ilk türk qadın romançısı Fatma Aliyə xanımla münasibət qurmuşdu. Dialoq həm də gələcək əməkdaşlıq baxımından səmərəli olmuşdu. Bir müddət sonra Olqa Lebedeva onun "Nisvani-islam" əsərini qeyd və şərhlərlə fransızcaya çevirib "Les femmes musulmanes" adı altında 1896-cı ildə Parisdə çapdan buraxmışdı.

Aliyə xanım fransızca gedən söhbətin məzmununu atasına danışanda Paşa bunu mütləq yazıya almağı tapşırmış, həm də Mabeynə - Sultan dəftərxanasına məlumat vermişdi. Bir neçə gün sonra Gülnar xanım Cövdət Paşa ailəsini qaldığı otelə səhər yeməyinə çağıranda təcrübəli türk məmuru yenə eyni şəkildə hərəkət eləmişdi - sarayı məlumatlandırmışdı. Nəticədə Sultan II Əbdülhəmid rus qadının məqsəd və missiyasından xəbər tutub niyyətini xoş qarşılamışdı. Bir müddət sonra onu qadınlar üçün təsis olunan II dərəcəli Şəfqət ordeni ilə təltif etmişdi. Bu münasibətlə "Sərvəti-fünun" 20 iyun 1891-ci il sayında "Gülnar xanım, nami - digər Olqa de Lebedeff" adlı məqalə yayınlamışdı. Gülnar xanımın yuxarıdakı "ordenli şəkli" də ilk dəfə həmin qəzetdə verilmişdi. Beləliklə, o, ən yüksək səviyyədə kart-blanş almış, qarşısında yaşıl işıq yandırılmışdı.

Türkiyəyə gəlişindən az sonra A.S.Puşkinin "Mərhum İvan Petroviç Belkinin povestləri" silsiləsindən "Çovğun" ("Metel") hekayəsi Gülnar xanımın tərcüməsində "Kar fırtınası" adı ilə "Tərcümani-həqiqət" qəzetinin 1890-cı il saylarında hissə-hissə dərc olunmuş, ardınca isə Əhməd Midhətin müqəddiməsi ilə kitab şəklində nəşr edilmişdi. Puşkin nəsrindən türkcəyə çevirdiyi ikinci nümunə 1892-ci ildə tamamladığı "Qaratoxmaq qadın" ("Pikovaya dama") povesti olmuşdu. Əsər türk oxucusuna "Kağıt oyunu" adı ilə təqdim edilmişdi.

Rus şairinin orijinal poetik yaradıcılığı da Gülnar xanımın diqqətindən kənarda qalmamışdı. Tərcümə məqsədi ilə onun türk ruhuna, türk qəlbinə ən munis əsərinə - "Bağçasaray fontanı" poemasına üz tutmuşdu. Türkiyə rusşünası professor Türkan Olcayın fikrincə, yalnız Osmanlı deyil, həm də Krım türkcəsinə çevrilən, amma nəşr yeri və ili bilinməyən əsər böyük ehtimalla Bağçasarayda, "Tərcüman" mətbəəsində çapa hazırlanmışdı.

Maraqlıdır ki, Gülnar xanıma qədər də həmin əsəri türkcə səsləndirmək təşəbbüsü göstərilmişdi. Karaim maarifçisi, Kazan Universitetinin məzunu İosif Erakın (1832-1896) tərcüməsində poemanın "Göz yaşı çeşməsi" adlanan, üzərində Mirzə Kazımbəyin qeyd və təshihləri olan əlyazma nüsxəsi indi də Tatarıstan Mərkəzi Dövlət Arxivində mühafizə olunmaqdadır. 1886-cı ildə İosif Erak Puşkindən tərcümələrini ("Göz yaşı çeşməsi", "Talisman" və b.) bir kitabda toplayaraq Sankt-Peterburqda nəşr etdirmişdi.

Türk oxucusuna Gülnar xanımın tərcüməsi vasitəsi ilə tanıdılan digər rus şairi M.Y.Lermontov idi. 1891-ci ildə onun "Demon" poemasından ayrı-ayrı parçaları nəsrə çevirib daimi müəllifi olduğu "Tərcümani-həqiqət"də çap etdirmişdi. Rus şairinin "Mələk", "Yelkən" kimi şeirlərinin Mustafa Rəşidlə birlikdə türkcəyə tərcüməsi ideyası da Gülnar xanıma məxsus idi.

Onun yaradıcılığına daha çox üz tutduğu, məsləhət aldığı, məktublaşdığı yazıçı isə rus ədəbiyyatının canlı klassiki Lev Tolstoy olmuşdu. Əslində türkcəyə çevirdiyi ilk ədəbi nümunə də Tolstoy irsinə aid idi. Hələ Stokholmda tanış olduqları zaman yazıçının "İlyas" hekayəsinin tərcüməsini fikir söyləmək üçün Əhməd Midhətə vermişdi. O isə əlyazmasını əsaslı şəkildə redaktə edib kiçik müqəddimə ilə birlikdə "Tərcümani-həqiqət" qəzetinin 1891-ci il dekabr və 1892-ci il yanvar saylarında çap etmişdi. Bunun ardınca Tolstoyun "Ailə səadəti" romanı, "İki qoca", "İvan İliçin ölümü", "İnsanları yaşadan nədir?" hekayələrinin tərcümələri meydana çıxmışdı. Mətbuatda yazıçının "Sahibkar və işçi" povestinin tərcüməsi üzərində iş getdiyi barədə xəbərlər yayılsa da, indiyə qədər tərcümənin taleyi bəlli deyil. 1892-ci il "Tərcümani-həqiqət" qəzetinin beş sayında dərc edilən "Rus ədəbiyyatı və Avropa, yaxud ədib Tolstoydan bir mülahizə" məqaləsi də, çox ehtimal Olqa Lebedeva və Əhməd Midhət Əfəndinin birgə əməyinin məhsulu kimi meydana çıxmışdı.

A.Şifmanın yazdığına görə, Gülnar xanımın rus ədəbiyyatından, xüsusən də, Tolstoy yaradıcılığından tərcümələri diqqətlə qarşılanmış və 1890-cı illər osmanlısı üçün görünməmiş tirajla - 40 000 nüsxədə yayılmışdı. Gülnar xanım özü də L.N.Tolstoya məktubunda "tərcümələrin böyük uğur qazandığını, əl-əl gəzdiyi"ni bildirmiş, hətta "Ailə səadəti" romanının türkcə mətni əsasında Beyrutda ərəb variantının meydana çıxdığını yazmışdı. Lev Tolstoya 1894-cü ilin sentyabrında göndərdiyi məktubda böyük həmvətəninin Türkiyə ədəbi dairələrində şöhrət qazanmasından məmnuniyyətlə söz açmışdı: "Mərhəmətli cənab Lev Nikolayeviç, Şərq dilləri ilə məşğul olarkən türk dili və ədəbiyyatını xüsusilə dərindən öyrəndim. Bu məqsədlə bir müddət Konstantinopolda yaşadım, ədəbiyyat adamları ilə ünsiyyət qurdum. Nəticədə inandım ki, onlar Sizin əsərlərinizi fransız dilindən tərcümədə böyük acgözlüklə oxuyurlar".

Osmanlı imperiyasında rus poeziyası və nəsrinin ilk tədqiqatçı və tarixçisinin Gülnar xanım olması da, təbii ki, qəribə görünməməlidir. Bu sahədə azərbaycanlı həmkarı, "Rus ədəbiyyatının ümumi səciyyəsi" əsərinin müəllifi Əhməd Ağaoğlunu bir neçə il qabaqlamışdı. Cildində yazarı "Madam Gülnar - Olqa de Lebedeff" kimi göstərilən "Şair Puşkin: sənəti, əsərləri" kitabına böyük şairin həyat yolu haqda məlumatlarla birlikdə, "Yevgeni Onegin", "Poltava", "Kapitan qızı", "Tunc atlı", "Boris Qodunov" və b. poema, povest və dramlarının, həmçinin məşhur operaların librettosuna çevrilən süjetlərinin qısa məzmunu, ədəbi-tənqidi təhlili də daxil edilmişdi.

Gülnar xanımın (Gülnar de Lebedeff) imzası ilə Türkiyədə işıq üzü görən irihəcmli ədəbiyyatşünaslıq əsəri 1895-ci ildə çap olunmuş 132 səhifəlik "Rus ədəbiyyatı" monoqrafiyası idi. Kitabın əvvəlində Puşkinəqədərki rus bədii söz sənəti, onun meydana çıxması, inkişafı, əsas janrları və tanınmış nümayəndələri barəsində müxtəsər məlumat verilmişdi. Ardınca isə Antiox Kantemirdən Lev Tolstoya qədər 19 tanınmış ədibin portret oçerkləri gəlirdi. Müəllif rus yazıçılarının artıq dünya klassikasına çevrilən, amma hələlik türk dilinə tərcümə olunmayan bir sıra əsərlərinin qısa məzmununu nağıl etməklə oxucuların rus ədəbiyyatı ilə bağlı təsəvvürlərini genişləndirməyə çalışmışdı.

Rus qadınının tərcüməçilik və tədqiqatçılıq fəaliyyəti ilə bağlı xəbərlər Avropaya da çatmış, adını "köhnə qitə" şərqşünasları arasında tanıtmışdı. Bu haqda Türkiyə Diyanət Vakfının nəşr etdiyi "İslam Ansiklopedisi"nin "Gülnar xanım" oçerkində deyilir: "Barəsində mətbuatda çıxan xəbərlər, eləcə də sadə türk ailələrindən başqa Bəyoğlunun seçkin dairələri ilə qurduğu təmaslar nəticəsində şöhrəti və əhatə dairəsi getdikcə genişlənən Gülnar xanımın fəaliyyəti Türkiyədəki tərəfdarları vasitəsi ilə Avropa mətbuatında da özünü büruzə verməyə gecikməmişdi". Oçerkin müəllifi nümunə kimi "L`Opinion" adlı Belçika qəzetində dərc olunan məqaləyə istinad etmiş və "Gülnar xanımın türk dilində də mükəmməl əsərlər yazdığını, rus ədəbiyyatını türklərə tanıtdığı qədər də öz ölkəsində Osmanlı ədəbiyyatına bələdçilik etmək vəzifəsinin öhdəsindən bacarıqla gəldiyini diqqətə çatdırmış, Olqa de Lebedeffin çoxcəhətli qabiliyyət və məziyyətləri ilə heyrətamiz bir sima olduğunu" vurğulamışdı. 

1890-cı illərin ortalarında Olqa Lebedeva tatar uşaqları üçün müasir tipli dünyəvi məktəb açmaq, tatar dilində "Çeşmə" adlı qəzet nəşr etmək fikrinə düşsə də, rəsmi dairələrin biganə münasibəti nəticəsində niyyətlərinin heç birini gerçəkləşdirə bilməmişdi. Əksinə, tatarlar arasında maarifi yaymaq istəyi onun guya gizli şəkildə islamı qəbul etməsi barədə şübhələrə yol açmışdı.

VIII Stokholm beynəlxalq konqresinin (1889) ardınca o, şərqşünasların XI Paris, (1897), XII Roma (1899), XIII Hamburq (1902), XIV Əlcəzair (1905), XVI Afina (1912) forumlarının işində də iştirak etmişdi. Bu mötəbər elmi məclislərdə Gülnar xanımın islamda qadın hüququ, Kazanın işğalı, sufizmin mahiyyəti və digər mövzularda məruzələri dinlənilmişdi.

İslam Şərqində Rusiya və rus mədəniyyəti haqqında fikirləri yaymaq, Rusiyada isə imperiya sakinləri olan türk-müsəlman xalqları haqda obyektiv təsəvvür yaratmaq məqsədi ilə Olqa Lebedeva 1880-ci illərin sonundan xüsusi bir Cəmiyyətin yaradılması ideyasını ortaya atmışdı. Bu plan yalnız 1900-cü ildə həyata keçmişdi. Həmin il çar II Nikolayın fərmanı ilə İmperator Şərqşünaslar Cəmiyyəti yaradılmışdı. İmperatriçə Yekaterina Aleksandrovna Cəmiyyətin Hamisi, general-leytenant N.K.Şvedov sədri təyin edilmişdi. İdeyanın müəllifi isə yalnız fəxri sədrliklə kifayətlənməli olmuşdu.

Fikrimcə, Olqa Lebedova XX əsrin əvvəlində çox güman, o zaman dəbdə olan bəhai əqidəsini qəbul etmiş, yaxud bəhailik ideyalarının güclü təsiri altına düşmüşdü. Maraqlıdır ki, yeni dini təlim iddiası ilə meydana çıxan bəhailiyin banisi Bab və İrandakı babilik hərəkatı haqqında ilk dəfə Lev Tolstoya geniş məlumat verən də o olmuşdu. Bəhailiyin bəşəriyyətin vəhdəti və dinlərin birliyi ideyasına əsaslanıb, xristianlıqla islamın mənəvi ideallarının yaxınlığı haqda İncilin və Quranın eyni məzmunlu ayələrindən ibarət bir kitab tərtib niyyətində olduğunu Tolstoya bildirib fikrini soruşmuşdu. Böyük filosof-yazıçı ideyanı təqdir etsə də, sonralar belə bir kitab meydana çıxmamışdı.

Gülnar xanımın bəhai dairələri ilə yaxın əlaqəsi Bəhaullahın oğlu, "dinin Mühafizi" kimi tanınan Əbdülbəhanın (1844-1921) Misirdən Bakıdakı ardıcılı və məslək dostu Mirzə Ələkbər Məmmədxanov-Naxçıvaniyə (1865-1920) göndərdiyi tarixsiz məktubdan (Əbdülbəha 1910-cu ilin sonundan etibarən 6 ay Misirdə yaşadığından həmin dövrdə yazıldığını təxmin etmək mümkündür - V.Q.) da aydın görünür. "Gülnar Misirdədir, - deyə Əbdülbəha yazırdı. - Mən İskəndəriyyəyə varid olanda teleqram göndərib gəlişim münasibətilə təbrik etdi. Ona cavab yazdım. Bu xanımın fikirləri bir az dağınıqdır". 

Növbəti məktubda isə Əbdülbəha İskəndəriyyədə Gülnarla göruşündən söz açır və rus dilini yaxşı bilən Mirzə Ələkbərə görünür, daha əvvəldən tanıdığı rus xanımla "işləməyi" təklif edirdi: "Gülnar İskəndəriyyəyə gəlib mənimlə görüşdü və yüngülvari bir mənəvi hissiyyat təcrübəsi keçirdi. Hələ də Kazana qayıtmaq niyyətində olduğundan indi fikri yalnız həmin məsələ ilə məşğuldur. Bu qadın əsla rahatlıq nə olduğunu bilmir. Onunla əlaqə saxla. Bəlkə sənin də məsləhətinlə yavaş-yavaş hər şeyi tam şəkildə dərk edər".

Müasirləri olan türk müəllifləri və Osmanlı mətbuatı "türk dostu Gülnar xanımın - Olqa Lebedevanın xidmətlərini yüksək qiymətləndirmiş, ondan böyük hörmət və ehtiramla söz açmışdılar. Haqqında "fazileyi-müstəşriqədən Gülnar Hanımefendi", "müstəşriqi-məşhurə", "danişvəri-irfanü kəmal", "ekmeli-nisvan", "kalbinde məhəbbəti-islamiyyə və Osmaniyyə olan mükəmməl qadın" və bu tipli digər heyranlıq, məhəbbət bildirən ifadələr işlədilmişdi.

Müasir türk tədqiqatçısı xanım Türkan Olcay isə onu Rusiyanın Türkiyədə ilk "mədəniyyət elçisi" adlandırır.

 

Sarayevo-Bakı

Noyabr, 2024-cü il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!