"Şərqin idealı - insanın kamilləşməsi, Qərbin idealı - cəmiyyətin təkmilləşdirilməsidir". Əbu Turxanın bu fikri ilə yazıma başlamaq istərdim. Çünki müasir dünyada Qərb inkişaf, mədəniyyət anlayışlarını ehtiva etsə də, Şərq fəlsəfi düşüncəsi qədim dövrlərdən zənginliyi, rəngarəngliyi ilə dünya ədəbi fikrinin formalaşmasına, yeni bir mərhələyə daşınmasına töhfə vermişdir. Asiya böyük bir coğrafi ərazini əhatə edərək qədim mədəniyyətin beşiyi sayılır, bir çox mədəni ünsürlərin məhz Şərqdən Qərbə əxz olunması da buradan qaynaqlanır. Lakin zaman keçdikcə Qərb təkmilləşərək bir çox sahədə inkişaf etməklə Şərqdən ayrılmış, dünya üzərində həlledici bir təsir formalaşdırmağa başlamışdır.
Bu vəziyyət ədəbiyyatın öyrənilməsinə də təsirsiz qalmamışdır. Dünya ədəbiyyatını öyrənmək, müxtəlif ədəbi düşüncələri saf-çürük etməklə mədəni, kontekstual mühiti təhlil etmək məsələsi ilə qarşılaşanda daha çox Qərb, Avropa, Amerika ədəbiyyatı ön planda olmuşdur. Tədqiqatçılar Avropa və Amerika yazıçılarının əsərlərini öyrənməyə, onları mənimsəməyə, sanki bir-birilə yarışa girmişlər. Halbuki ənənə və mədəni düşüncənin yeni formaları, estetizm məhz Asiya xalqlarının ədəbiyyatında özünəməxsusluğu ilə seçilməkdədir. Bir-birini təkrarlamayan bu düşüncə tərzi və ifadə formaları zaman-zaman tədqiqat predmetinə çevrilsə də, bütünlüklə bu ədəbiyyatın öyrənilməsi bir qədər arxa planda olmuşdur. Təəssüflə deyə bilərik ki, Şərq xalqları ədəbiyyatı dedikdə, ilk yada düşən, əsasən, ərəb, fars və türk ədəbiyyatı olur, Uzaq Şərq ölkələrinin ədəbiyyatı universitet dərsliklərinin ədəbiyyat tarixi vəsaitlərindən çox da uzağa getmir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin yaradılması və iş prinsipi məhz bu gözdən, könüldən uzaqda duran, sirlərinin açılmasını, tanıdılmasını gözləyən Uzaq və Orta Şərq ölkələrinin ədəbiyyatının - Asiya ədəbiyyatının araşdırılmasına əsaslanır. Düzdür, ara-sıra tərcümə edilən, oxuculara təqdim edilən bədii əsərlər olsa da, onların bir ədəbiyyatçı baxışı ilə dəyərləndirilməsi və təhlil süzgəcindən keçirilməsi labüdlüyünü hiss etdirirdi. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin profili məhz kəşfini gözləyən sahəni - Asiya ədəbiyyatının açılmamış səhifələrini vərəqləməyi və təhlil edilməyi hədəfləyir.
"Asiya ədəbiyyatı araşdırmaları" məcmuəsi 2023-cü ildə çoxsaylı tədqiqatların, gərgin əməyin nəticəsi olaraq ərsəyə gəlmiş, sanballı tədqiqat əsərlərindən biridir. Kitab həm də komanda şəklində işləməyin nəticəsi olduğu, bir-birini dəstəkləyən bir kollektivin əməyi şəklində ərsəyə gəldiyi üçün dəyərlidir. AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin Ön sözü ilə başlayan kitabda Asiya ədəbiyyatının öyrənilmə prosesi təhlil edilir, bu prosesin labüdlüyü konkret izahlarla təqdim edilir. Akademik İsa Həbibbəylinin "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsini Asiya ədəbiyyatına Azərbaycan elmi mühitindən açılan qapı olaraq dəyərləndirməsi bu sahədə şöbə əməkdaşlarının sərf etdiyi əməyə verdiyi dəyərin göstəricisidir.
Filologiya elmləri doktoru professor Bədirxan Əhmədlinin "Asiyaya açılan ədəbiyyat qapısı" adlı ilk məqaləsində şöbədə aparılan elmi tədqiqat işlərinin istiqamətinə toxunulur, Çin, Koreya, Pakistan, Hindistan, Vyetnam, İndoneziya, monqol, əfqan ədəbiyyatı üzrə aparılan araşdırmalara diqqət çəkilir. Məqalədə haqlı olaraq qeyd edilir ki, bu şöbənin fəaliyyəti təkcə araşdırma aparmaqla məhdudlaşmır, ədəbi-mədəni əlaqələrin, xalqlararası münasibətlərin yeni mərhələyə və səviyyəyə daşınmasına da xidmət edir. Asiya ədəbiyyatı zəngin mədəniyyəti, qədim tarixi, mübhəm sirləri ilə hər zaman diqqəti cəlb etmişdir. Məhz bu səbəbdən, tarixin açılmamış səhifələrinə göz gəzdirmək üçün müasir dövrdə bu sahədə çoxsaylı tədqiqatlar aparılır. Şöbə əməkdaşları da mütəmadi olaraq qədim mədəni izləri daşıyan ölkə ədəbiyyatlarını tədqiq edir, müxtəlif mətn nümunələri üzərində işləməklə mədəniyyət beşiyinin qapısını aralamağa çalışır.
"Asiya ədəbiyyatı araşdırmaları" toplusu şöbənin profilinə uyğun şəkildə ayrı-ayrı ölkə ədəbiyyatlarına bölünmüş, hər bölmədə şöbənin həmin sahə üzrə tədqiqatçısı ölkələrarası ədəbi-mədəni əlaqələrin tarixinə işıq salmış və ölkə ədəbiyyatının dünyaca tanınmış, lakin Azərbaycan oxucusuna və ədəbi mühitinə az tanış olan bir sıra ədəbiyyat xadiminin həyat və yaradıcılığını təhlil etmişdir.
Azərbaycan-Pakistan dostluq münasibətləri, ölkələr arasındakı ictimai-siyasi əlaqələrin güclənməsi ədəbi əlaqələrin - ədəbiyyatın da ümdə vəzifələrindən biridir. Bədirxan Əhmədlinin bu münasibətlərin tarixinə toxunduğu məqaləsi əlaqələrin hansı dayaqlar üzərində formalaşdığını konkret nümunələrlə izah edir. Alimin Pakistanla olan yaxın münasibətin səbəbini "bədii düşüncə - minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri" ilə əlaqələndirməsi bu yaxınlığın təsadüfi olmayıb, milli-mənəvi əsaslara kökləndiyini vurğulayır. Filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəlinin urdu ədəbiyyatının təhlilinə həsr olunmuş və Pakistanın mənəvi qurucusu Məhəmməd İqballa bağlı məqalələrində fars ədəbi ənənələri üzərində formalaşan, lakin özünəxas xüsusiyyətlər qazanmış bir ədəbiyyatdan bəhs edilir. Bəsirə Əzizəlinin "Pakistan xalqının istiqlal mücahidi" adlandırılan Məhəmməd İqbalın yaradıcılığını tədqiqat predmetinə çevirməsi olduqca dəyərlidir, məqalə Pakistan ədəbiyyatına olan sevgi və marağı əks etdirir. Məhəmməd İqbalın yaradıcılığındakı Şərq-Qərb müqayisəsinə toxunan alim "İqbalın Qərb pozitivizminə qarşı Şərqin eşq fəlsəfəsini qoyması"nı əsərlərdən gətirdiyi nümunələrlə əsaslandırır.
Çin qədim mədəniyyət və fəlsəfi-ədəbi fikrin beşiyi kimi hər zaman diqqət mərkəzində olmuşdur. Qədim dövrlərdən qonşuluq münasibətləri, Çin-Azərbaycan ədəbi əlaqələri mütəşəkkil səviyyədə mövcud olmuş, hər iki xalqın ədəbiyyatında, müxtəlif mənbələrində mövcudluğunu qoruyub saxlamışdır. Çin qaynaqlarında türk bədii düşüncəsinin təsadüf edilməsi, Göytürk abidələrindəki çin izləri, sonrakı mərhələdə Nizami Gəncəvi yaradıcılığında çinli obrazların yaradılması xalqlar arasındakı əbədi ədəbi dostluğun bədii təcəssümüdür. Şöbənin elmi işçisi Nərgiz Kərimovanın Çində çap olunan Azərbaycan bədii nümunələrindən bəhs edən məqaləsi xalqlar arasındakı ədəbi əlaqələrin vüsətindən xəbər verir. Tədqiqatçı N.Gəncəvinin "Leyli və Məcnun" poemasının, S.Vurğunun əsərlərinin tərcüməsindən, Çinin oxucu kütləsinə, ədəbiyyatsevərlərə təqdim edildiyindən bəhs edir. Məqalədə türk xalqının milli kimlik nümunəsi sayılan "Kitabi-Dədə Qorqud" dastanının Çin dilində nəşrinin "mədəniyyətlərarası dialoq üçün yaxşı vasitə" olduğu vurğulanır. Müasir dövrdə əlaqələrin yeni müstəviyə keçməsi tədqiqatların əhatə dairəsini genişləndirdiyi kimi, tərcümə və tədqiq olunan mövzuların arealını da zənginləşdirmişdir. Çin ədəbiyyatı ilə bağlı tədqiqatlar aparan aparıcı elmi işçi Nərmin Cahangirova topluda modern Çin ədəbiyyatının formalaşmasında, onun yeni mərhələyə adlamasında həlledici rol oynayan, Çin ədəbiyyatını yeni dəyərlər əsasında formalaşdıran Lu Sin kimi dünya şöhrətli yazıçının yaradıcılığına müraciət etmişdir. Belə bir yazıçının əsərlərinin ədəbi-bədii məziyyətlərinin araşdırılması, Azərbaycan ədəbi-nəzəri fikrinə təqdim edilməsi Çin ədəbiyyatının öyrənilməsi üçün əhəmiyyətli ola bilər. Uzaq Şərqin diqqət mərkəzində olması bu ölkələrin mövcud ictimai-siyasi statusu, dünya ədəbi-nəzəri fikrində tutduğu mövqeyi ilə də sıx şəkildə bağlıdır.
"Asiya ədəbiyyatı araşdırmaları" toplusunda Koreya ədəbiyyatı nümunələri müasir ədəbi düşüncə predmetindən təhlilə cəlb edilir, mədəni münasibətlərin ədəbi araşdırmalara da ilham verdiyi aşkar görünür. Koreya ədəbi formalarının, Koreya mədəniyyəti günlərinin keçirilməsi ölkələrarası mədəni münasibətləri daha da zənginləşdirir. Leyla Həsənzadənin Koreya ədəbiyyatı ilə bağlı tərcümələrdən, Koreya ədəbi nümayəndələrindən yazdığı məqalələr oxucu və ədəbiyyatsevərlər üçün maraqlı material ola bilər. Yaponiya ədəbiyyatı son illərdə dünya nəsrinə verdiyi töhfələrlə həm oxucular, həm də ədəbiyyatçılar üçün geniş imkanlar açır. Gülnar Yunusovanın dünya şöhrətli Haruki Murakami bədii irsi və Akutavaqa Ryunosukenin hekayə yaradıcılığı ilə bağlı araşdırmaları uzun illər dünyadan təcrid şəkildə yaşayan yapon mədəniyyətinin, ictimai-fəlsəfi düşüncənin araşdırılması baxımından olduqca dəyərlidir.
Bəzi Asiya ölkələri az öyrənilmiş olmalarına baxmayaraq şöbə əməkdaşı Sevda Məmmədovanın Vyetnam ədəbiyyatının inkişaf mərhələlərinə həsr etdiyi tədqiqatı, Sübhan Məmmədovun diqqətdən uzaq qalmış malay ədəbiyyatı araşdırması, Lamiyə Nəsirovanın qədim tarixə malik monqol ədəbiyyatının yazılı nümunəsi olan "Monqolların gizli tarixi" dastanı ilə "Dədə Qorqud dastanı"nın müqayisəsinə əsaslandığı araşdırmaları məqalə şəklində kitabda yer almışdr. Şöbədə İndoneziya ədəbiyyatı diqqətdən kənarda qalmamış, dilimizə çox az nümunəsi tərcümə olunsa da, bu sahədə araşdırmalar başlamışdır. Şöbənin əməkdaşı tədqiqatçı Leyla Ramazanovanın müasir İndoneziya ədəbiyyatının təşəkkül və inkişafından bəhs edən məqaləsi, İndoneziya ədəbiyyatının tanınmış nümayəndəsi Eka Kurnivanla bağlı araşdırması bu sahə ilə maraqlananlar üçün yaxşı material sayıla bilər. Əfqan ədəbiyyatı da şöbənin profilləri arasında xüsusi yer tutur və Xalid Hüseyni yaradıcılığı təhlilə cəlb edilir.
Hind ədəbiyyatı Asiya xalqları içərisində qədimliyi və münasibətlərin dərinliyi ilə seçilən, çoxsaylı araşdırmalara imkan yaradan ədəbiyyatlardan biridir. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin təşkilatçılığı ilə Rabindranat Taqor yaradıcılığına həsr olunmuş "Rabindranat Taqor və dünya ədəbiyyatı" adlı beynəlxalq konfrans keçirilmiş, şöbə əməkdaşlarının, doktorant və dissertantların məqalələrinin yer aldığı konfrans materialları da kitabın içində xüsusi bölmə şəklində təqdim edilmişdir.
Ümumiyyətlə, "Asiya ədəbiyyatı araşdırmaları" toplusu şöbənin fəaliyyətinin sadəcə bir qismini əhatə edir. Buraya daxil edilən məqalələr əməkdaşların geniş maraq dairəsini, təşəbbüskarlığını əks etdirir, yeniliyi, konseptuallığı, rəngarəngliyi ilə diqqəti cəlb edir və Asiya ədəbiyyatının ümumi mənzərəsini yaratmaqda əhəmiyyətli rol oynayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!