Mifologiya elmimizdə Mirəli Seyidov fenomeni - Qəzənfər PAŞAYEV

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana

Hörmətli Azər müəllim,

"Ədəbiyyat qəzeti"nin 19 sentyabr 2024-cü il sayında müəllim-tələbə, ata-oğul münasibətində olduğunuz, Əməkdar elm xadimi, professor Mirəli Seyidova həsr etdiyiniz çox maraqlı "Mif prosesdir" adlı yazınızı oxudum.

Çox sevindim ki, həyatını bütövlükdə Azərbaycan elminə həsr edən, xalqa təmənnasız xidmət göstərən örnək insanı başqa yöndən: alim kimi, əsl pedaqoq kimi, şəxsiyyət kimi layiqincə qiymətləndiribsiniz.

Azər müəllim, bildiyiniz kimi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" yazılır (Orada sizin də oçerkləriniz vardır). Bir neçə cild artıq işıq üzü görüb. Çapa hazırlanan VII cilddə mənim görkəmli folklorşünas alimlərimiz Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov və Azad Nəbiyev haqqında oçerklərim yer alır. Mirəli Seyidov haqqında məqaləmdə sizin yazınızı tamamlayan məqamlar çoxdur. Oxucu və tədqiqatçıların marağına səbəb olacağına inandığımdan "Mifologiya elmimizdə Mirəli Seyidov fenomeni" adlı yazımı çap üçün qəzetinizə təqdim edirəm.

Hörmətlə, Qəzənfər Paşayev

 

Mifologiya elmimizdə Mirəli Seyidov fenomeni

Əməkdar elm xadimi, professor Mirəli Seyidov folklor, etnoqrafiya, toponimika, mifologiya, dilçilik, ədəbiyyatşünaslıq elm sahələrinin tədqiqi ilə məşğul olan, həyatını Azərbaycan humanitar elminin təbliği və inkişafına, xüsusən də, əsatirlərimizin tədqiqinə həsr edən görkəmli alimdir. Tədqiqatçı yarım əsrə yaxın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi axtarışlarla məşğul olmuş, gənc alimlərin yetişməsində səmərəli fəaliyyət göstərmişdir.

Mirəli Mirələkbər oğlu Seyidov 1918-ci il may ayının 5-də Qərbi Azərbaycanın İrəvan şəhərində, bəy ailəsində anadan olmuşdur. İlk təhsilini İrəvanda almış, Bakıya gələrək S.Ağamalıoğlu adına texnikumu bitirmiş (1938), İrəvana dönmüş, Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində (1938-1944), sonra isə Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində (1941-1945) təhsil almışdır. Təhsilini başa vuran kimi Bakıya gəlmiş, Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953) vəzifəsində işləmişdir. Sonralar Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), Ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), həmin şöbənin müdiri (1967-1980), Azərbaycan mifologiyası və Orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), 1988-ci ildən dünyasını dəyişdiyi 1992-ci ilə qədər institutun Xalq yaradıcılığı şöbəsində baş elmi işçi olmuşdur.

Mirəli Seyidov elmi fəaliyyətə başladığı qısa bir zaman kəsiyində namizədlik və "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonlarınadək)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1968). O, Azərbaycan elmi qarşısında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüşdü (1982).

Mirəli Seyidovun yaradıcılığını bir-birindən köklü şəkildə fərqlənən iki mərhələyə bölmək olar: 1940-1970-ci illəri birinci mərhələyə, 1980-1992-ci illəri isə ikinci mərhələyə aid etmək olar. Tədqiqatçı yaradıcılığının birinci mərhələsində daha çox Azərbaycan-erməni ədəbi əlaqələrinə, xalqlar dostluğuna, orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi məsələlərinə yer vermişdir. Alimin bu dövr yaradıcılığına "Sayat Nova" (1954), "Qövsi Təbrizi" (1963), "Azərbaycan-erməni ədəbi əlaqələri" (1976) monoqrafiyaları, Məsihi, M.V.Vidadi haqqında yazdığı, "Nəsimi və erməni ədəbiyyatı", "Şifahi xalq ədəbiyyatının təsiri ilə yaranan şeir" elmi məqalələrini aid etmək olar. Bu əsərlər onun ədəbiyyatşünaslıq sahəsində əvəzsiz xidmətlərindən xəbər verir.

Burada alimin "Sayat Nova" və "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonlarınadək)" doktorluq dissertasiyası əsasında yazılmış "Azərbaycan-erməni ədəbi əlaqələri" monoqrafiyası üzərində xüsusi dayanmaq istərdim.

Tədqiqatçı sovet dönəmində yazılan "Sayat Nova" monoqrafiyasında xalqlar dostluğundan söz açmalı olsa da, Sayat Novanın Azərbaycanca şeirlərini tədqiqata cəlb etməkdə məqsədi Azərbaycan ədəbiyyatı və dilinin erməni ədəbiyyatına təsirini elmi müstəviyə çıxarmaq olmuşdur.

Bir neçə dili mükəmməl bilməsi alimin tədqiqatlarının dərin elmi və çoxşaxəli olmasına münbit şərait yaradırdı. Araşdırıcının həm yeni, həm də qədim ermənicəni - qrabarı əsaslı şəkildə bilməsi Azərbaycan-erməni ədəbi-elmi əlaqələrinin tədqiqində müstəsna rol oynamışdır. Professor Mirəli Seyidov inkarolunmaz faktlarla türkcənin qrabara təsirini, beləliklə, Qafqazda türklərin ermənilərdən əvvəl yaşadığını isbat etmişdir.

Alim, eləcə də, isbat etmişdir ki, Qafqaz albanlarının ermənilərlə qohumluq əlaqəsi yoxdur, Qafqaz albanlarının soykökü türk mənşəlidir.

Professor Mirəli Seyidov yaradıcılığının ikinci mərhələsində Azərbaycan-türk mifik təfəkkürünün qaynaqları və xalq mərasimləri (alimin 1982-ci ildə Türkiyədə IV Türkoloji Konqresdə etdiyi "Yuğ mərasimlərində teatr ünsürləri" məruzəsi hadisəyə çevrilmişdi), etnogenez problemlərini nəzərdən keçirmiş, filoloji məsələləri etnik-milli dəyərlər kontekstində tədqiq etmişdir. Nəticədə alimin "Azərbaycan mifik təfəkkürünün qaynaqları" (1983), "Qızıl döyüşçünün taleyi" (1984), "Azərbaycan xalqının soykökünü düşünərkən" (1989), (eləcə də ölümündən sonra çap olunan "Qam-şaman və onun qaynaqlarına bir baxış" (1994) monoqrafiyaları, hər biri bitkin əsər təsiri bağışlayan "Qorqud", "Qarabağ", "Varsaq... Ozan... Aşıq", "Ağqoyunlu və Qaraqoyunlu" etnonimlərinin araşdırılması, "Qırat", "Misri qılınc", "Böri-qurd", "Qaşqay", "Ayrım", "Oğuz", "Xəzər", "Alı kişi və Koroğlu" və s. Azərbaycan xalqının soykökünə işıq tutan, müstəsna elmi dəyər kəsb edən əsərləri meydana gəlmişdir.

Professor Mirəli Seyidov ifrat ideoloji təhdidlərin tüğyan etdiyi bir vaxtda özündə cəsarət tapıb yuxarıdakı əsərlərdə açıq-aşkar azərbaycançılıq mövqeyindən çıxış edirdi.

Göstərilən sözlərin və toponimlərin etimoloji cəhətdən tədqiqi sözün həqiqi mənasında müstəsna dəyərə malik nailiyyətdir. Bu səpkidə tədqiqatı müxtəlif dil ailələrinə mənsub dilləri bilən alim apara bilərdi.

Sözlərin etimologiyasının açımı tədqiqatçı üçün milli-etnik kimliyi, hansı soya mənsubluğu araşdırmaq, mifoloji görüşünü öyrənmək üçün bir vasitə idi. Alimin tədqiqatları göstərir ki, Azərbaycan qədim türk yurdudur və azərbaycanlılar bu yurdun əzəli və əbədi sakinləridir.

Bu baxımdan deyə bilərik ki, tədqiqatçının mifologiya ilə bağlı əsərləri xüsusi əhəmiyyət kəsb edir. Bir çox dünya alimləri mifologiyanı xalqın qədimliyini göstərən başlıca amil (əlamət) hesab edirlər. Məhz buna görədir ki, zamanında alimin folklor və etnoqrafiyanın qovşağında yazılmış "Yaz bayramı" (1990), "Qam-şaman və onun qaynaqlarına bir baxış" (1994) kitabları, əl-əl gəzən "Dədə Qorqud" boylarının mənşəyinə dair", "Bəzi abidələrdə və xalq yaradıcılığı nümunələrində xalq adətlərinin qalıqları", "Göy, ağ, qara rənglərinin əski inamlarla əlaqəsi" (yeri gəlmişkən, bu məqalə 1988-ci ildə İstanbulda "Türk Dünyası araşdırmaları" dərgisinin 2-ci sayında s.33-52 dərc olunub), "Alı kişi və Koroğlu obrazlarının prototipləri haqqında", "Xızırı türkdilli xalqların inamı yaratmışdır", "Günəş mifi", "Qızıl döyüşçünün soy-etnik taleyi haqqında", "Xalçalarımızdakı əjdaha motivinin mifoloji kökləri", "Oğuzun ata-anasının kimliyi", "Mifdə sonsuzluq və təklik baxışı haqqında", "Ekzoqamlı nigah xalq yaradıcılığında" kimi sanballı elmi məqalələri bu gün də öz dəyər-qiymətini itirmir, Azərbaycan elmi üçün böyük əhəmiyyət kəsb edir.

Mirəli Seyidovun folklor, etnoqrafiya, tarix, toponimika, mifologiya, dilçilik, ədəbiyyat tarixi üzrə çoxşaxəli fəaliyyəti, xüsusən də, mifologiyanın tədqiqində etimoloji yozumlardan istifadə metodu elmdə yenilik kimi qiymətləndirilir.

Alim bu elm sahələrində nüfuzlu söz sahibi idi. Tədqiqatçının "Qızıl döyüşçünün soy-etnik taleyi haqqında" məqaləsi və "Qızıl döyüşçünün taleyi" monoqrafiyası müstəsna elmi dəyərə malikdir. Almatı yaxınlığında tapılan bu tarixi abidəyə sahib çıxmaq, onu skif şahzadəsi kimi Hind-Avropa dilli xalqlara aid etmək istəyənlərin arzusuna xilaf çıxaraq, Mirəli Seyidov inkarolunmaz dəlillərlə onun türk xalqlarına mənsub olduğunu isbat etmişdir.

Professor Mirəli Seyidovun "Azərbaycan xalqının soykökünü düşünərkən" kitabı bütün türk dünyasında hadisə kimi qarşılandı. Bu kitab milli qeyrət tələb edən həcmcə böyük, mənaca müstəsna əhəmiyyəti olan bir əsərdir. Doğrudur, bu əsər Sovet sisteminin dayaqları laxlayan zaman işıq üzü görmüşdü. Lakin oradakı məqalələr, sovet xofunun insanların qəlbində kök saldığı bir vaxtda çap olunmuş, alimin fikirləri xalqın yaddaşına köçürülmüşdü.

Alim Azərbaycan mifologiyaşünaslığının əsasını qoymuş, məktəb yaratmışdır. Professor "Azərbaycan xalqının soykökünü düşünərkən" əsərində "qəbilələrin qan yaddaşı"nı üzə çıxarmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.

Görkəmli alimin yaradıcılığı daim ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzində olmuş, M.H.Təhmasib, Ə.Yerevanlı, Xalq şairi Rəsul Rza, İ.Abbasov, İ.Vəliyev, Z.Əsgərli, R.Qafarlı, F.Bayat, S.Rzasoy, O.Əliyev və başqa tədqiqatçılar alimin kitabları haqqında məqalələr, Ə.Ağayev, A.Acalov, İ.Həbibbəyli, S.Rüstəmxanlı, N.Cəfərov alimin monoqrafiyalarına "Ön söz" yazmışlar. E.Ağayev və D.Cümənov professor Mirəli Seyidovun yaradıcılığına dissertasiyalar həsr etmişlər. Ali məktəblərin folklora dair dərsliklərində alimin yaradıcılığına yer verilmişdir.

Dəyanət Cümənovun "Mirəli Seyidovun yaradıcılığında ümumtürk mifologiyası və Azərbaycanşünaslığın ədəbi-nəzəri problemləri" dissertasiyası Mirəli Seyidovun yaradıcılığına bütün yönlərdən işıq tutur. Dissertasiya işinin "Professor Mirəli Seyidovun Azərbaycan ədəbiyyatı tarixinə dair araşdırmaları ədəbi əlaqələr kontekstində" və "Milli filoloji fikrin nailiyyətlərində professor Mirəli Seyidovun rolu" bölmələri deyilənlərə dayaq olur.

Elmi dəyərini nəzərə alaraq, alimin anadan olmasının 100 illiyi münasibətilə "Azərbaycan xalqının soykökünü düşünərkən" əsərini AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu yenidən çap etdirmişdir (Bakı, "Elm və təhsil", 2018, 444 s.). Əsərə yığcam və son dərəcə dərin elmi "Ön söz" yazan akademik İsa Həbibbəyli xüsusi vurğulamışdır ki, Azərbaycan xalqının mənşəyinə dair alimin tədqiqatları mükəmməl başlanğıcdır. Akademikin qənaətinə görə, Mirəli Seyidovun bu möhtəşəm əsəri mifoloji tədqiqatların ümumiləşdirilmiş elmi yekunu kimi folklorşünaslıq elmində hadisədir. Sözün böyük mənasında, "Əski köklər" və "Köklərin, bir sıra görüşlərin və doğma dillərin çarpazlaşmasına baxış" adlı iki fəsildən ibarət "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı fundamental əsər xalqımızın qədimliyinə, zənginliyinə, tariximizə, Azərbaycan xalqının soykökünə işıq tutmaq gücünə malikdir.

Alimin bu əsəri uzun illərin elmi axtarışlarının yekunudur, desək yanılmarıq. Görkəmli alim folklorşünaslıq sahəsində zəngin və təcrübi biliklərə sahib olduğu ümumiləşdirmələrini vərəqə köçürməyə başladığı, "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" kitabı üzərində işlədiyi bir vaxtda 1992-ci il aprelin 26-da qəflətən vəfat edib. Dövlətimiz alimin xidmətlərini ölümündən sonra da yüksək qiymətləndirib: Əməkdar elm xadimi, professor Mirəli Seyidov İkinci Fəxri Xiyabanda dəfn edilib. Yaşadığı binanın divarına xatirə lövhəsi vurulub. Yasamal rayonundakı küçələrdən birinə onun adı verilib. Nizami adına Ədəbiyyat İnstitutunda elmdən, alimdən söz düşəndə, adı hörmətlə çəkilən ədəbiyyat alimlərindən biri də Əməkdar elm xadimi, professor Mirəli Seyidov olur. O, bunu elmi, elm aləminə gələn gənclərə qayğısı sayəsində qazanmışdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!