30 oktyabr 2024-cü il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Hüseyn Kürdoğlunun 90 illiyi ilə bağlı nəşr edilmiş "Silinməz sözdən izim" adlı kitabın təqdimatı keçirilib. Nəşrin redaktoru professor Qəzənfər Paşayev, tərtib edənlər İlham və Şirindil Alışanlıdır.
Kitaba şairin yaradıcılığı haqqında ayrı-ayrı illərdə (1985-2022) işıq üzü görmüş 51 yazı daxil edilmişdir. Təqdimatı kitabın redaktoru professor Qəzənfər Paşayev aparırdı.
Xatırlamaq yerinə düşər ki, 7 il əvvəl (18 mart 2017-ci il tarixində) Azərbaycan Yazıçılar Birliyində Qəzənfər müəllimin "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı sanballı monoqrafiyasının təqdimatı keçirilmişdi. Yığıncağı giriş sözü ilə Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid açıb tədbiri aparmaq üçün sözü akademik Nizami Cəfərova həvalə etmişdi. Çıxış edənlər akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azər Turan. Musa Ələkbərli, Vaqif Yusifli, İlham Rəhimli və ədəbi ictimaiyyətimizin bir sıra digər nümayəndələri idi. Bu təqdimatla bağlı geniş məlumat "Silinməz sözdən izim" kitabında yer alan Sərvaz Hüseynoğlunun yazısında əks edilmişdir.
Qeyd edildiyi kimi, sözügedən topluda Hüseyn Kürdoğlunun poeziyasına dair təxminən 40 illik dövr ərzində müxtəlif mətbuat orqanlarında işıq üzü görmüş fərqli səpgili yazılar - məqalə, xatirə, açıq məktub və sair yer almışdır.
Müxtəlif nəsillərə mənsub görkəmli qələm sahibləri - akademiklər İsa Həbibbəyli, Tofiq Hacıyev, Bəkir Nəbiyev, Teymur Bünyadov, Budaq Budaqov, Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayev, professor Qasım Qasımzadə, Xalq yazıçısı Elçin, imzası tanınan digər müəlliflərin yazılarında (cəmi 51), xalq yaradıcılığından qaynaqlanan, bu möcüzəli sərvətin dərin qatlarına enməklə zənginləşən yaradıcılıq ruhun gücü ilə yaradılan Kürdoğlu şeiriyyət dünyasına nəzər yetirilir.
Şəxsi tədqiqat təcrübəmdən çıxış edərək deyə bilərəm ki, məsələn, monoqrafiya ilə müqayisədə məqalələr toplusunu (hətta bir qələm sahibinə həsr olunmuş) yazıda dəyərləndirmək bir qədər çətindir. Ələlxüsus, 50-dən çox fərqli səriştəli, səciyyəli, statuslu və s. müəlliflərin yazısından ibarət topludan söhbət gedəndə.
Sözüm ondadır ki, təsviri-biblioqrafikvari sindromdan qorunmaq üçün əvvəlcə şərti reprezentativ üsula müraciət etməyə qərar verdim. Amma mündəricatı seyr edərkən uduzmaq ehtimalının kiçik olmayan əmsalı göründü. Bir daha mündəricatı var-gəl edəndə gözüm iki yazının adında bir kod-açar sözü tutdu: Dördlüklər. Yaşar Qarayevin "Dördlüklər" (1985), İlham Məmmədlinin "Hüseyn Kürdoğlunun dördüklərinin sənətkarlıq xüsusiyyətləri" (2018).
Adında olmasa da, digər yazılarda da bu məsələyə diqqət yetirilməsi ilə bağlı ehtimalım reallaşdı. Akademik İsa Həbibbəyli yazısında qeyd edir ki, "Qəzənfər Paşayev Hüseyn Kürdoğlunun şeirlərindən çıxış edərək və akademik Tofiq Hacıyevin təhlillərinə əsaslanaraq onun dördlük tarixində eraya çevrilən şeirlərini: bayatı-dördlük, qoşma-dördlük, gəraylı-dördlük, satirik dördüklər formasında yazılmış poetik nümunələrin ideya-bədii xüsusiyyətlərini seçilmiş misallarla isbata çatdırmışdır".
Tofiq Hacıyevin yazısına müraciət edirik: "Klassik ədəbiyyatın rübailəri, tuyuqları, qitələri müqabilinə həmin fəlsəfi məzmun və sənətkarlıqla dördlüklər çıxardı"
Həmin məsələ Gunay Qarayevanın "Vətəndə vətən gəzən şair" məcazvari başlıqlı yazısında da Hüseyn Kürdoğlunun dördüklərinə dair yer alan bütöv bir hissə diqqətəlayiqdir.
Beləliklə, sözügedən topludakı məqalələrdən Hüseyn Kürdoğlunun dördükləri ilə bağlı 3 yazını müəyyənləşdirərkən onların müəlliflərinin ayrı-ayrı nəsillərə aidliyi üzə çıxdı. Ədəbiyyatşünaslıq elmimizdə filosof-tənqidçi kimi qəbul edilən Yaşar Qarayev (yaşlı nəsil), orijinal tarixi-nəzəri araşdırmaların müəllifi İlham Məmmədli (orta nəsil), poeziyada məcazlaşma və simvollar probleminə dair maraqlı yazıların müəllifi Günay Qarayeva (gənc nəsil).
İdman leksikasından iqtibas edərək demək olar ki, "fərqli çəki kateqoriyasına" mənsubluğuna baxmayaraq qeyd etdiyim tədqiqatçıların yazıları da məhz Kürdoğlunun dördükləri ilə bağlı yanaşmalarda peşəkarlıq səviyyəsi, tədqiqatçılıq təcrübəsi və sair ilə bağlı təbii fərdiliklər istisna edilərək, bu mövqelərdə şəsləşən dəyərləndirmələri aşkarlamaq niyyətindəyik. Başqa sözlə, söhbət dəyərləndirmələrin, belə deyək, tipologiyasından gedir.
Belə ki, unikal sinkretik təfəkkürə malik alim kimi Yaşar Qarayev Kürdoğlunun dördüklərini bir neçə yöndən zəncirvari tərzdə səciyyələndirərək tarixi ənənə kontekstindən başlayır: "Hüseyinin dördlüklərində xalis xəyyamvari ruh yoxdur. Taleyin yox, təbiətin müdrikliyinə pərəstiş etmək". Və bu "astanadan" qədim və müasir dördüklərlə müqayisələr aparır. Dördlükləri "təbiətə səyahəti" kimi mənalandırılan mütəfəkkir alim bu təyindən açar olaraq istifadə etməklə şairin təbiətin təzahürləri ilə canlı poetik dialoqa girməsini açıqlayır və bu sehrli məcazın qatlarını qaldırır. Bu üsulla da Kürdoğlunun təbiətlə qovuşan qəlb kitabını oxuyur. Sözsüz ki, bu oxunuşda folklorla genetik-poetik doğmalıq vurğulanır. Beləliklə də, dördlüklərin dəyişməz dəyərləri təbiət, folklor, tarixdir.
İlham Məmmədli Kürdoğlunun dördlüklərinin poetik məğzini "az sözlə böyük mətləbləri" qaldırmaqda forma və məzmunun təbii uzlaşmasında görür. Bu poetik inicilərdə aşıq şeirinin bariz ənənələrini, folklora bağlılığını açıqlayır. Yaşar Qarayevin mövqeyini dəstəkləyən İlham təbiətə sadəcə peyzaj kimi deyil, əsl şair qəlbinin daimi sirdaşı, böyük müəllimi kimi yanaşmasını vurğulayır. Yenə də dəyişməyən 3 meyar: təbiət, tarix, folklor.
Dördlüklərin özəlliklərini incələyən Günay bu şeirdə ənənəvi formada müasir reallıqlarla işarələri oxuyur. Və bu oxunuşda "üç xətti" (daha dəqiq desək, üç dəyər meyarın) qeyd edərək nümunələrlə açıqlayır.
Sözümün canı: müxtəlif dövrlərə mənsub fərqli ədəbi nəsillərin tanınmış nümayəndələri və elmi qələmə sahiblənmək yolunda uğurlu addımlar atmışların Kürdoğlu şeiriyyatının özəlliklərini ifadə edən dördlüklərində şair qəlbinin etiraflarını oxşar şərhlərində açıqlaması məsələsi.
Düşünmək olar ki, əsl xalq şairinin nadir irsinə mütəxəssis marağı illər keçdikcə sönmək bilməyəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!