Nizami Gəncəvinin Türk Divanının dünya kitabxanalarında mövcud olduğunu hələ XX əsrin ortalarında Səid Nəfisi, Əbdürrəhman Tahircanov, Rüstəm Əliyev, Azadə Rüstəmova kimi görkəmli şərqşünas alimlər təsdiq etmişlər.
Nizami Gəncəvinin öncə özünün türkcə Divanını Şirvanşah Axsitana göndərməsi, lakin Şirvanşahın Divanı dəyərləndirmək əvəzinə, Nizamiyə "Leyli və Məcnun" əsərini farsca yazmasını sifariş etməsi və dahi şairimizin türkcə şeirlərinin qiymətləndirilməməsi səbəbindən çox məyus olması elm aləminə hələ XX əsrdən məlum olan bir faktdır. 1983-cü ildə Sankt-Peterburq Şərqşünaslıq Universitetinin professoru, Şərq əlyazmaları üzrə məşhur mütəxəssis-alim Əbdürrəhman Tahircanov "Nizami Divanının əlyazmalarının "Nizami" və "Nizam" təxəllüsləri ilə yazan digər şairlərin şeirləri ilə eyni bir siyahıya daxil edildiyini" göstərir və yazırdı ki: "Bu siyahının üzü Nizaminin yurdundan uzaqlarda, təbii olaraq türk poeziyasının maraq doğurmadığı Hindistanda yenidən köçürülmüşdür. Nizaminin öz yurdunda yazılmış və güman ki, türk poeziyasını ehtiva edən məcmuələr Azərbaycanın şəhərlərində məhv olmuş, fatehlər tərəfindən dağıdılmışdır" (Taqirdjanov A.A. Nekotorıe soobrajeniə o törkskix stixax Nizami Qəndjevi. Materialı Nauçnoy konferenüii posvəhennoy probleme "Nizami i mirovaə literatura". - Baku, 17 ənvarğ, 1983, str.26-30).
XXI əsrin əvvəllərində Nizami Gəncəvinin Türk "Divanı"nın əlyazma nüsxəsinin Misirin Xədiviyyə kitabxanasında Fəxrtac Şəms Vaizi tərəfindən surətinin əldə edilməsindən sonra problemin araşdırılması genişləndirilmişdir. İranda Sədyar Vəzifə-Eloğlu, Hüseyn Şərqi Soytürk, Barat Zəncani, Hüseyn Məhəmmədzadə Sədiq, Amerikada Bağban Kərimi kimi alimlər tərəfindən başlanan tədqiqatları Bakıda da davam etdirən Nizami Xudiyev, Azadə Rüstəmova, Əlyar Səfərli, İsa Həbibbəyli, Vaqif Arzumanlı, Pərviz Kazımi, Sənan İbrahimli və başqa görkəmli elm adamlarının zəhmətini xüsusi qeyd etmək lazımdır.
İndiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərən nizamişünas alimlər, o cümlədən biz özümüz də Nizami Gəncəvinin türk Divanının yalnız Sədyar Vəzifə-Eloğlu tərəfindən transliterasiya olunmuş variantı əsasında fikir söyləməli olmuşduq. Əlyazma nüsxəsinin əlimizdə olmaması səbəbindən, bir sıra sözlərin və söz birləşmələrinin düzgün oxunmaması, şeiriyyətin pozulması halları bizə dürüst qənaətə gəlməyə imkan verməmiş və Divan üzərində səmərəli araşdırmalar aparmaq mümkün olmamışdır.
2023-cü ilin dekabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Nizami Gəncəvi Divanının Xədiviyyə nüsxəsinin surəti Bakıya gətirilmiş və müvafiq qurumlar tərəfindən baxılmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasına göndərilmişdir. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Nizami Gəncəvi Divanının əlyazma nüsxəsini münasibət bildirmək üçün bir neçə tədqiqatçı alimə, o cümlədən mənə də təqdim etmişdir.
Məlumat üçün deyim ki, 1991-ci ildə "Azərbaycanda nizamişünaslığın təşəkkülü və inkişafı (XX əsrin 40-cı illəri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişəm. Nizami Gəncəvinin həyatı və yaradıcılığına həsr olunmuş 5 kitabın və 200-ə yaxın məqalənin müəllifiyəm. Hazırda "Klassik Şərq ədəbiyyatında "Xəmsə" mövzusu, strukturu, üslubu və poetikası (XIV əsr)" mövzusunda doktorluq işini tamamlamışam. Nizami Gəncəvinin həyatı və yaradıcılığına həsr edilmiş elmi məqalələrlə həm ölkəmizdə və həm də xaricdə çıxışlar etmişəm.
Qeyd etməliyəm ki, Nizami Gəncəvi Divanının Xədiviyyə nüsxəsinin əlyazması ilə əyani şəkildə yaxından tanış olduqdan və əlyazmadakı şeirləri dönə-dönə təhlil etdikdən sonra, Divanda mövcud olan şeirlər haqqında öz elmi mövqeyimi tam müəyyənləşdirə bilmişəm. 1981-ci ildən, yəni ömrümün 40 ildən artıq bir müddətində sorağında olduğum bu əlyazmanın surətini əldə etməkdə vasitəçi olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və AMEA-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
XV əsrdə Əlişir Nəvainin Nizami Gəncəvi haqqında söylədiyi fikirlər arasında belə bir beyt vardır:
Nizamiy olsa Barda birla Qanja,
Kadam Rum axliqa xam kilsa ranja.
(Navai Alişir. Xamsa. Şamsiev.
Taşkent, 1960, c.331).
(Nizami Bərdə və Gəncəni aldı,
Çəkib zəhmət Rum əhlinə (tərəf) qədəm qoydu).
Bir halda ki, Nizami Gəncəvi "Xəmsə"sinə birinci olaraq Hindistanda Əmir Xosrov Dəhləvi cavab yazmışdır, niyə Nəvai yuxarıdakı beytdə Nizaminin Rum əhlinə tərəf qədəm qoymasından danışır? Deməli, söhbət Nizaminin fars dilində yazdığı "Xəmsə"sindən yox, türkcə yazdığı Divan şeirlərindən gedir. Məsələ burasındadır ki, Nizami özü də Divanını bir çox şəhərlərə, saraylara göndərdiyini açıq şəkildə yazmışdır və təbii olaraq, şair Divanını yaxın Rum ellərinə də göndərmişdir. Bu haqda ilk poeması olan "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") əsərində yazmışdır:
Elmsiz bayraq ucaldan hər sözün -
Mənim sözüm olsa belə, üstündən qələm çək.
Əgər mən söz bağını təzələməsəydim,
Onları şəhərbəşəhər yollamazdım.
Bu türfəm sözün ayağını bağladı,
Bütün ətraf (ölkələr) mənim əlimin altındadır.
Deməli, onun öz sözlərindən belə məlum olur ki, Nizami Gəncəvi "Sirlər xəzinəsi" əsərini yazana qədər artıq onun Divan şeirləri, qəsidə və qəzəlləri ətraf regionlarda yayılmışdır. Şairin Divanının sonrakı taleyi haqqında dəqiq məlumat əldə etmək üçün bir çox məsələlərə aydınlıq gətirilməsi vacibdir.
İlk növbədə, Nizami Gəncəviyə məxsus türkcə Divanın Qaramanlı Nizami adı ilə nəşr olunmasının əsas səbəblərini araşdırmaq lazım gəlir. XVI əsrin məşhur türk təzkirəçisi Qəstəmonlu Lətifi "Təzkirətüş-şüəra"sında orta əsrlərdə Osmanlı ədəbiyyatının ümumi mənzərəsini təsvir edərkən bir qrup şairlər haqqında belə yazırdı ki, "...qafiyə, rədif nədir bilmədən hər misranı bir ustad şairin Divanından alar və hər mənanı bir irfan sahibindən çalarlar. İki misraya qadir olanlar və cəmi beş beyt yazanlar "Pənc Gənc"ə - "Xəmsə"yə cavab verməyə qəsd edib, "Xəmsə" sahibi ilə, yəni Nizami ilə pəncə-pəncəyə gələrlər. 5-6 qəzəl yazıb, özlərini zamanın Həssanı, dövranın Səlmanı təsəvvür edərlər"... Mənaları oğurlayıb Divan sahibi olarlar və bu gedişlə nə Şeyx Camiyə, nə də Nizaminin özünə belə qayil olub baş əyməzlər" (Latifi. Tezkiretüş-şüara ve Tabsiratün-nuzama (Tenkitli metin), Hazırlayan: Dr.Ridvan Canım, Ankara, T.C., Kültür ve Turizm Bakanlığı, 2018, 579 sayfa, s. 60). Müəllif bu haqda bir məşhur ərəb misalı da çəkir:
Yiyəsində qalmayan (bir şey) oğurlanar.
Təəssüf ki, Nizami Gəncəvinin ana dilində yazdığı şeirləri də zamanın bu acı sınağına tuş gəlmiş və şirin Azərbaycan türkcəsində dillənən, Nizami Gəncəviyə məxsus olduğu aşkar bilinən bir çox nəfis nümunələr bəzən bilərəkdən, bəzən də bilməyərəkdən Konyalı, yaxud Qaramanlı Nizamiyə aid hesab olunmuşdur.
Öncə baxıb görək, Qaramanlı Nizami kimdir? Bu şair haqqında ilk dəfə XVI əsrdə Səhi bəyin "Həft behişt" təzkirəsində məlumat verilmişdir. (Heşt-behişt (inceleme-transkripsiyonlu metin-sözlük) hazırlayan: Harun Akar, T.C. Qaziosmanpaşa Universitesi, Tokat, 2010, 451sayfa, s.146).
Bu məlumatdan sonra, Qəstəmonlu Lətifinin "Təzkirətüş-şüəra"sında, ardınca Aşıq Çələbi, Katib Çələbi və başqaları tərəfindən qısa qeydlərlə Konyalı, yaxud Qaramanlı Nizami təxəllüslü şairdən bəhs etmişlər. Öncə onu qeyd edim ki, XV əsrdə yaşadığına baxmayaraq, elm aləminə özünün nə adı, nə doğum, nə də ölüm tarixi məlum olmayan yeganə şairdir. Guya qəbir daşının yazısı pozulduğuna görə müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin Qaramanlı Nizaminin atasının adı ilə bağlı ziddiyyətli fikirlər vardır. Türk təzkirəçiləri onun atasının adını "Molla Vəliyüddin" olaraq qeydə aldıqları halda, XVI əsr təzkirəçisi və şairi Qəribi Təbrizi "Təzkirey-məcalisi-şüərayi-Rum" əsərində çox gənc - "17 yaşında ölən Konyalı, Qaramanlı Nizami Çələbinin atasının adının "Qazi Əbul-leys" olduğunu göstərmişdir. ("Divani-Qəribi vo tezkireyi-mecalisi-şüərayi-Rum", be təshih-e doktor Hüseyn Məhəmmədzadə Sədiq, Tehran, h.1382, s. 202).
Bütün orta əsr təzkirələri Qaramanlı Nizaminin çox gənc, hətta on səkkiz yaşına çatmamış, xəstələnib öldüyünü və həmin Divandakı şeirləri 14-18 yaş arasında yazdığını göstərirlər. Hətta ilkin təzkirəçilərdən Aşıq Çələbi "onun 14 yaşında öldüyünü, bığ-saqqalının belə çıxmadığını və onun erkən ölümündən çox təsirləndiyini" göstərir (Aşıq Çələbi. Məşairüş-şüəra, hazırlayan, d-r. Filiz Kılıç, Ankara, 2018, s. 376).
Həmçinin onun çox gənc ikən belə mükəmməl şeirlər yazması elə təzkirəçilərin özündə və sonradan bir sıra alimlərdə şəkk-şübhə doğurmuşdur.
Məşhur ingilis şərqşünası Elis Gibb özünün 7 cildlik "Osmanlı ədəbiyyatı tarixi" əsərinin II cildinin "Kiçik, lirik-mistik şairlər" adlandırdığı bölümündə Lətifi təzkirəsinə istinad edərək, Konyalı Nizamidən bəhs etmiş, iki qəzəlini ingilis dilinə tərcümə edərək öz əsərində nümunə vermişdir. E.Gibb 18 yaşında ölən bir gəncin belə mükəmməl şeirlər yazmasına təəccüb və heyrətini gizlətməmiş və yazmışdır: "Konyalı Nizami çox gənc ölməsəydi, Osmanlı ədəbiyyatı tarixində görkəmli bir mövqe tutacaqdı. 14-18 yaş arasında qısa ömründə yazdığı qəzəllər nəinki onun öz sələflərinin hər birindən, hətta ən məşhurların əsərlərindən belə üstündür" (Gibb, Elias John Wilkinson, A history of Ottoman poetry by. 1857-1901; Browne, Edward Granville, 1862-1926, II, London, Luzac, p.371).
Əlbəttə, Elis Gibb haradan biləydi ki, tərcümə etdiyi nəfis qəzəllər böyük Azərbaycan şairi Nizami Gəncəvinin qələmindən çıxmışdır.
Türk alimi Haluk İpəktən (1926-1992) İstanbul Universiteti Türkiyat Araştırmaları İnstitutunun (Türkiyat Enstitüsü) kitabxanaçılıq fakültəsində (1955-1959) təhsil alarkən, "Qaramanlı Nizami, həyatı, ədəbi şəxsiyyəti və Divan`ın edisyon kritiği" adlı Məzuniyet Tezi (Diplom işi) hazırlamış və belə bir məlumat vermişdir: "Qaramanlı Nizami (ö.tahminən 880/1475) Konyadan təhsil üçün İrana gedib, yenə Konyaya dönmüş, Qaraman bəyi İbrahim bəyə (ölümü.868/1464) qulluq etmişdir". O, Qaramanlı haqqında 1955-ci ildən başlayaraq, 3 dəfə müxtəlif illərdə kitab şəklində nəşr etdiyi araşdırmalarında da eyni məlumatları vermişdir. Haluk İpəktənin ölümündən sonra 2020-ci ildə Ankarada həmin Divanı yenidən nəşr etmişlər.
Diqqətlə oxuduqda məlum olur ki, Divanı hazırlayan Haluk İpəktən heç özü də tədqiqatçıların əsassız, qaynaq göstərmədən yazdıqları təxmini fərziyyələrinə inanmamışdır. Məsələn, giriş hissədə şairin doğum tarixi haqqında heç bir mənbə, fakt olmadığını göstərərək yazır: "Haydar Ali Diriöz, kaynak göstermeden Nizami'nin İbrahim Bey'in Sultan Murad II ile yaptığı sülhdən (1444/848) yedi sekiz yıl önce doğulduğunu söylemiştir (Haydar Ali Diriöz (1946)" ( Haluk İpekten: Bax: Karamanlı Nizami. Divan, Hazırlayan: Haluk İpekten, Ankara, 2020. s.3).
Bununla belə, Haluk İpəktən Divanın müqəddiməsində özü də fərziyyə xarakterli fikirlər irəli sürərək belə yazmışdır: "Şairin belə gənc yaşda vəfat etməsi bir çox insanların qəlbində ona qarşı məhəbbət, mərhəmət hissləri yaratdı. Hətta təzkirəçi yazarlar da bunun təsiri altında olmuş və "heyf və yüz min heyf" kimi hüzn ifadə edən sözlərlə şairin yaşını on dörd yaşa salmış, hətta saqqalı-bığı belə çıxmadan dünyasını dəyişdiyini söyləmişlər" (Haluk İpəktən..., s.10). Onun fikrincə, təzkirə müəlliflərinin bu şəkildə həmfikir olmasının səbəbi Lətifinin öz təzkirəsində onun "on dörd yaşında...fevt" olduğunu söyləməsidir və davam edir ki, "Şəqayiqi-Nu'maniyə"nin müəllifi yazır ki, o, "on səkkiz yaşına çatanda və hələ elmin təkmil pilləsində ikən" vəfat etmişdir. Gelibolulu Əli və Aşıq Çələbi də onun on səkkiz yaşında dünyasını dəyişdiyini deyirlər" (Haluk İpəktən... s.11). Nəhayət, Haluk İpəktən özü davam edir: "Doğrudan da, on dörd-on səkkiz yaşında dünyasını dəyişən bir şəxsin İrana gedib o dövrün quldur, təhlükə və çətinliklərlə dolu yollarında təhsil alması, ərəb və fars dillərindən başqa "mötəbər elmləri" öyrənib vətənə qayıtması üçün və o yaşda olan bir uşağın "bu qədər saf mənəviyyata" sahib olması üçün "möcüzəni" tapıb, qələmə almaq kifayət qədər çətin işdir" (Haluk İpəktən... s.11).
Təəccüblü haldır ki, Haluk İpəktən müqəddimədə Nizami Gəncəvinin sevimli həyat yoldaşı Afaqın ölümünə yazdığı mərsiyə-qəzəldən bir beyt gətirərək, yazmışdır: "O yaşda bir uşağın bu cür piranə qəribə şeirləri yazması xeyli zor bir işdir" (Haluk. s.11). Təəssüf ki, alim şeirin hüznlü məzmununu olduğu kimi duymamış və ərəb-fars lüğətlərində Afəq-Ofoq sözünün yazılış qaydasının eyni olduğunu və bir mənasının da qız adı olduğunu bilməmişdir.
Qeyd etmək lazımdır ki, indiyə qədər hələ də bu mərsiyə-qəzəlin məzmununa diqqət etməyən və Afaqın adını "Üfüq" kimi oxuyanlar vardır. Fikrimizcə, həmin qəzəl Nizami Gəncəviyə məxsusdur. Haluk İpəktənin ölümündən sonra Divanı Qaramanlı Nizami adı ilə nəşr edən alimlər qrupu, eləcə də Nizami Gəncəvi Divanı adı ilə nəşr edən tədqiqatçılar bu aşkar görünən məsələyə diqqət yetirməmiş, yaxud həqiqətin üstündən qeyri-peşəkarcasına keçmişlər.
Bundan əlavə, Qaramanlı Nizaminin Qaraman hökmdarı İbrahim bəyə qəsidə yazması da qeyri-ciddi bir iddiadır. Çünki İbrahim bəy 1464-cü ildə ölərkən, Qaramanlı Nizaminin, hətta çox hesablasaq, cəmi 7-8 yaşı olmuşdur. Bu yaşda uşağın Divanda yer alan qəsidələri yazması ağılasığmazdır.
Həmin qəsidə Nizami Gəncəvi Divanının əlyazmasının Xədiviyyə nüsxəsində yoxdur. Lakin Haluk İpəktənin nəşrində bir qəsidədə iki ayrı-ayrı üslublu şairin şeirlərinin bir-birinə qarışdığının şahidi oluruk. Bizə görə, qəsidənin əvvəli Nizami Gəncəviyə məxsusdur, çünki şeirdə şairin öz təxəllüsünü iki yerdə qeyd etməsi məqbul hesab olunmurdu. Sonradan yazılan beytlər isə pərakəndə şəkildə uzadılır. Bu faktın özü onu göstərir ki, əlyazmaların üzü köçürülərkən, katib tərəfindən Nizami təxəllüslü daha başqa bir şairin şeirləri bir-birinə qarışmışdır. Yaxud yenicə şairliyə başlayan Qaramanlı Nizami özü Nizami Gəncəvinin şeirlərinin üzünü köçürmüş və ona nəzirə yazmaqla, ardını davam etdirmişdir.
Nizami Qaramanlının İbrahim bəyin oğlu Pir Əhmədə qəsidələr yazması da inandırıcı deyildir və bu iddia heç bir tarixi mənbəyə və sübuta söykənmir. Çünki onun Qaramanlı Nizamini himayə etməsi haqqında dəqiq məlumat, tarixi fakt və sübut belə yoxdur. Bir sözlə, Qaramanlı Nizami haqqında əsas məlumatlar rəvayət şəklindədir, hətta yuxarıda göstərdiyimiz kimi, onun nə dəqiq adı və nə də doğulduğu tarix belə məlum deyildir. Araşdırmalar göstərir ki, Nizami təxəllüsü ilə yazan bu istedadlı şairin cəmi 30-35 şeiri mövcud olmuşdur və erkən dünyasını dəyişdiyinə görə yaradıcılığı da yarımçıq qalmış və məşhurlaşa bilməmişdir. Katiblər isə Qaramanlı Nizami haqqında məlumatsız olduqlarından onun şeirlərini Nizami Gəncəvinin Divanına daxil etmişlər.
Onu da deyim ki, Cənubi Azərbaycan alimi Sədyar Vəzifə-Eloğlu Nizami Gəncəvinin bu Divanını ilk dəfə üzə çıxarandan sonra Türkiyə alimləri nədənsə onun hər nəşr olunan kitabında və kataloqlarda, hətta ensiklopediyalarda Konyalı-Qaramanlı Nizaminin yaşını süni şəkildə 8-10 il artırmağa başlamışlar. Anadolu Universitetinin 2019-cu ildə buraxdığı kataloqda yaşı heç bir mənbə olmadan 30-35 yaş arası göstərilmişdir. Halbuki İslam ensiklopediyasının əvvəlki XX əsrdəki nəşrində 14 yaş qeydə alınmışdır. XXI əsrdən başlayaraq Divanın nəşrində və Vikipediyalarda isə heç bir mənbə, yazılı təzkirə və qəbir daşına istinad göstərilmədən bu rəqəm 35 yaşa çatdırılır. Heç şübhəsiz, bu süni şişirtmələrlə oxucuları və elmi ictimaiyyəti Qaramanlı Nizami adı ilə çap olunan Divandakı bütün şeirlərin ona aid olmasına inandırmaq istəmişlər.
Nizami Gəncəvi Divanının Xədiviyyə kitabxanasında saxlanan əlyazma nüsxəsinin surəti ilə tanış olduqdan sonra artıq qətiyyətlə söz deməyə imkan vardır. Nizami Gəncəvinin Türk Divanının Xədiviyyə əlyazma nüsxəsində 5 türkcə qəsidə, 1 mədhiyyə, 17 farsca qəzəl, 120 türkcə qəzəl, 5 farsca rübai və 3 farsca dübeyti sıralanmışdır. Bunlardan 15-20 türkcə qəzəlin Nizamiyə aid olması şübhəli görünsə də, qalan şeirlərin Nizami Gəncəviyə məxsus olması fikrindəyik.
Xədiviyyə nüsxəsində yer alan Peyğəmbərə həsr olunmuş Nət məzmunlu 1-ci qəsidə yarımçıqdır. Qəsidənin əvvəlindən salınmış 12 beyt burada yer alır. Amma Türkiyədə Qaramanlı adı ilə nəşr olunan 2016-cı il nüsxəsində və 2021-ci ildə İranda tapılan yeni Şeyx Nizami Divanı nüsxəsində isə həmin qəsidə 60 beytdən ibarətdir və bu haqda Divanın Nizami Gəncəviyə məxsus olduğunu müəyyən edən Sədyar Vəzifə-Eloğlu məlumat verərək, Tehranda qəsidəni tam şəkildə dərc etmişdir. Əlimizdəki Xədiviyyə nüsxəsində qəsidə yarımçıq olduğu üçün son məqtə beyti burada yoxdur. Amma bütöv şəkildə olduğu nüsxələrin sonluğunda Nizami öz təxəllüsünü vermişdir. Qəsidənin sonunda Nizami üzünü Allaha tutur:
Əfv et Nizaminin kərəmindən xətaların,
Şahdən əta çu adət urur, bəndədən xəta...
Bu beytlərin Nizami Gəncəviyə məxsus olduğuna şübhə ola bilməz. Çünki bütün "Xəmsə" boyu Allaha müraciətlərində işlətdiyi və mənasını əzbər bildiyimiz beytlərdir. Sadəcə, "Xəmsə"də fars dilində, burada isə türk dilindədir.
Əlyazmada yer alan ikinci:
Vəsfində ol cəmalın zikr etdügini bu dil,
Hər kim eşitsə aydır: lillahə dürri qail.
(Mənim dilim sənin cəmalını
elə vəsf edir ki, eşidən deyər,
bu dürr sözlər Allahın hədiyəsidir)
- mətlə`li qəsidə məzmunca iki hissədən ibarətdir. 1-ci hissə vəsf, 2-ci hissə dövrün şahına ünvanlanmış mədhdir.
Məsələ burasındadır ki, Nizami Gəncəvinin gənclik dövründə yazdığı bu qəsidədə adını çəkdiyi - Sultan Əbül-Fəzayil Pir Əhmədin - kim olduğu indiyədək müəyənləşdirilməmişdir.
XII əsrin yazılı mənbələri sübut edir ki, yuxarıda bəhs olunan ləqəbin sahibi Xaqani Şirvani olmuşdur. Məlumdur ki, Şirvanşah Məniçöhr Xaqaniyə "Sultanüş-şüəra" titulunu verdikdən sonra, o, Şirvanşah Məniçöhrün ən yaxın adamı kimi çox böyük nüfuz sahibi idi və Şərqin bir çox şairləri ona "Sultan Əbül-Fəzail" deyə müraciət edirdilər. Belə ki, Xaqaninin özündən yaşlı müasiri və dostu, Qəznəvilər sarayının filosof şairi, əxilərə göstərdiyi lütf ilə məşhur olan Məsud bin Sə`d bin Salman Xaqaniyə həsr etdiyi "Əbul-Fəzailin mədhi" adlı qəsidəsində ona həmin məşhur ləqəblə müraciət edərək yazmışdır:
Əbül-Fəzail ki, əsil bir seyiddir,
Şir cəsarəti var və fil bədənlidir.
İşlər, bəzmlər görüb.
Kamlar sürüb, rəmzlər (döyüşlər) edib.
Qürurla dolanır və tacı tanıyır,
Onun dilindən çətin ki, şahın ürəyi şad ola.
Nizami Gəncəvi özü Türk Divanında filosof Salmanı belə xatırlayır:
Mən ol Nizamiyəm ki, kəmalında vəsfinin,
Hüsni-nizami-lütf ilə Səlmana irmişəm.
Təəssüf ki, Türkiyə alimləri burada "lütf" sözünü "nəzm" sözü kimi oxumaqla, yenə də çaşqınlıq yaradırlar. Adı çəkilən şairin XIV əsrdə yaşadığını sübut etməyə çalışırlar.
Xaqaninin başqa bir müasiri, Bəlxin məşhur şair və alimi Rəşidəddin Vətvat (1080-1178) Şirvanşah sarayı ilə sıx əlaqədə olmuşdur. O, Şirvanşah Məniçöhrə 10-a yaxın şeir ithaf etmiş və Xaqani Şirvani ilə yaxın dost olmuşdur. Rəşidəddin Vətvat "Əfzələddin Xaqaniyə sitayiş" adlı 29 beytlik qəsidəsində Xaqaniyə "Əbül-Fəzail" adı ilə müraciət etmiş və onu elmin günəşi və dinin əfzəli adlandırmış, hətta məşhur şiniyyə qəsidəsinə işarə etmiş, həmçinin ona "dilini qorumağı" tövsiyə etmişdir: "Əbül-Fəzail Fəzlin günəşi, dinin əfzəlidir. O, yer əhlinin fəxri və səma əhlinin tacıdır. Xaqani dövrün Məsihi və zamanın Kəlimidir. Ömrü Xızır kimi əbədi olsun, Yəhya ismətlidir. Ədəb onun məktəbində əbcəd öyrənən uşaq, ağıl onun məclisində dəryadan bir damladır" və sair. Bu qəsidənin əvəzində Xaqani də Rəşidəddin Vətvata cavab yazmış, onlar arasında uzun sürən dostluq münasibəti olmuş, hətta bir qitəsində Xaqani onu həcv də etmişdir. Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə professor Qafar Kəndli-Herisçi "Xaqani Şirvaninin həyatı və mühiti" (Bakı, 1988) kitabında Xaqani ilə Rəşidəddin arasında olan dostluq münasibətlərinə geniş yer ayırmış və Xaqaninin "Əbül-Fəzail" ləqəbinin məşhur olmasını təsdiq etmişdir. O, Rəşidəddin Vətvatın Əbül-Fəzailə, yəni Xaqaniyə ithaf etdiyi məşhur bir beytini öz araşdırmasında qeyd etmişdir. Həmçinin XX əsrdə İran alimi Əli Əkbər Dehxoda məşhur "Lüğətnamə"sində də Rəşidəddin Vətvata istinad edərək bunu təsdiq etmiş və yazmışdır: "Əbül-Fəzail - Xaqaninin ləqəbidir. "Əfzələddin Əbul-fəzail filosofların ağıl dəryası və küfrgahın din fəzasıdır" - R.Vətvat" (Dehxoda. Lüğətnamə. https://lamtakam.com/dictionaries/dehkhoda/260342/).
Onu da qeyd edim ki, Xaqaniyə bu ləqəbin verilməsi təsadüfi deyildir. Həmin dövrün böyük filosof şairi, elm və biliklərin sahibi, əxilərin özlərinə pir, mürşid adlandırdıqları Dərbənd Şeyxi Vəliəddin Əbül-Fəzail Əhməd Simgərin Xaqani haqqında yazdığı aşağıdakı beytlər Xaqaninin bu təxəllüslə tanınmasına səbəb olmuşdur:
Gərçi hamı məni ağıl xəzinəsi kimi tanıyırdı,
Xaqani məni aciz qoydu.
Pak ruhun surətini görürəm,
İnsanlıq və şəxsiyyəti tanıyan.
Əfzələddin söz mülkünün əmiridir,
Gizli rəmzlərin şərhçisidir.
Xaqaniyə verilən bu qiymət çox böyük rezonans doğurmuşdur və dövrün filosofları onu "Fəzilətlərin sahibi - Əbül-Fəzail -Xaqanidir" deyə çağırmışlar. Bundan sonra Xaqani də öz növbəsində Əhməd Simgərə uzun bir qəsidə həsr etmişdir. Beləcə, Xaqani öz dövrünün əxi filosofları arasında "Əbül-Fəzail Pir Əhməd" ləqəbi ilə məşhur olmuşdur. Bunu yaxın dostu və kiçik müasiri Nizami Gəncəvi çox yaxşı bilirdi. Odur ki, öz qəsidəsində Xaqaniyə elə həmin adla "Əbül-Fəzail Pir Əhməd" deyə müraciət edir. Nizami Gəncəvi bu qəsidədə Xaqaninin bütün xarakterini, hətta zahiri görünüşünü, zəif düşdüyünü, şəmayil kimi rənginin şəffaf olduğunu söyləyir. Həmin dövrdə artıq Xaqani iki ildən artıq idi ki, vətəni Şirvandan didərgin düşmüşdü. Baş verən bütün hadisələri müfəssəl qələmə alan və Xaqaninin Gəncə comərdlərindən xüsusi dəstək aldığını göstərən Qafar Kəndli yazırdı ki, "Xaqani 1159-cu ildə Gəncədə olarkən, ağır qızdırma xəstəliyi keçirir və dörd ay xəstə yataraq, ölümdən qayıdır. Bütün Gəncə əhalisi onun qulluğunda dayanmışdı. Ona qulluq edən gənc şairlərdən biri də Nizami Gəncəvi idi" (Qafar Kəndli-Herisçi. Xaqani Şirvani. Həyatı, dövrü və mühiti. Bakı, Elm, 1988, s.297). Görünür, qəsidə həmin dövrdə yazılmışdır və bu qəsidədə bir çox üstüörtülü mətləblər vardır.
Nizami Gəncəvi Türk Divanında iki yerdə Gəncənin adını çəkmişdir. Təəssüf ki, Divanı nəşr edən bütün tərtibçilər nədənsə bu məsələdə təhrifə yol vermişlər. Xədiviyyə əlyazma nüsxəsində aydın şəkildə: "Gördü Gəncə" ifadəsi yazılmışdır. Amma tərtibçilər süni şəkildə mətndən "Gəncə" adını silmiş və "Gördügüncə" sözü ilə əvəzləmişlər ki, bu da mətnşünaslıqda yolverilməz xətadır. Bu səbəbdən beytin mənası tam təhrif olunmuşdur:
Hüsni-Leylidir verən Məcnuna mövladən xəbər,
Nəqşi-dilkeş mərifət əhlinə nəqqaş andırar.
Afərin eylər, Nizami, gördü Gəncə hüsnüni,
Surəti-mövzun nəzər əhlinə sabaş andırar.
Hüsn - sufi terminidir. Bu termin ilahinin gözəllik və kamilliyini bildirir. Nizami Gəncəvi bu beytlərlə öz sənətinin mövzu və surət baxımından kamillik və gözəlliyinin Gəncə əhli tərəfindən bəyənildiyini, ona "afərinlər" deyildiyini söyləyir və şeirlərinin söz, sənət biliciləri, nəzər sahibləri tərəfindən qiymətləndirilməyə layiq olduğunu dilə gətirir. Bu şəkildə müraciətlər onun "Xəmsə" yaradıcılığına xas olan ənənəvi bir haldır. Məsələn, şair "Sirlər xəzinəsi"nin sonunda söyləyir: "Hər köhnə və təzə nəzərdən, Mənim nə faydam var, səs-küydən başqa? Qızğın həngamə var, heç qızıl yox, Bazarın zəhməti var, başqa heç nə yox!".
Xədiviyyə əlyazma nüsxəsini oxuyarkən, Nizaminin ömür-gün yoldaşı, çox gənc dünyasını dəyişən Afaqın ölümünə həsr etdiyi mərsiyyə-qəzəli, eləcə də körpə ikən ölən oğlu Yusifə yazdığı bir şeiri və daha neçə-neçə şeirin Nizami qələminə məxsus olduğunu faktlarla müəyyən etmişəm. Bu Divanda Nizami Gəncəvinin gənclik dövründə və orta yaşlarda həyatının bir çox məqamları haqqında qiymətli məlumatlar vardır. Həmçinin sənət baxımından da bu şeirlər orijinal, dil, üslub baxımından bənzərsiz və xalqımızın folklorundan alınma ifadələrlə zəngindir.
Aşağıdakı qəzəl Afaqı itirəndən sonra Nizaminin yerə-göyə sığmayan kədərini, fəryadını bildirir. Nizami Gəncəvi bu qəzəlində "gül yanağı" solan, "pərvanə kimi alışıb-yanan", "ömrünün bahar çağını tamam-kəmal başa vura bilməyən" Afaqına ağı söyləyir. Şair "özünün bunca bilik sahibi olduğu halda, tifil uşaq kimi Afaqın eşq məktəbini" oxuya bilməməsini, qəmin çoxluğundan "səbr köynəyinin çak olduğunu", "qüssəsinə doymadığını", "ömrünün günəşi" hesab etdiyi Afaqın qərib öldüyünü ürək ağrısı ilə qələmə alır. Təəssüf ki, indiyədək Divanı nəşr edən alimlər bu şeirin Nizaminin ömür-gün yoldaşı Afaqa yazıldığının fərqinə varmamışlar. Afaq ölərkən Nizaminin bədahətən söylədiyi bu qəzəli dəyərli oxuculara təqdim edirəm:
Olmadı gül yanağın şəmi-şəbəfruz hənuz,
İrmədi bülbülə, pərvanə kimi suz hənuz.
Canü dil Misrini lütf ilə imarət edəgüz,
Olmadan Rumə Həbəş ləşgəri piruz hənuz.
Sən cəfa ilə ğubarım yelə savurdun və mən,
Qorxuram xatirinə qona deyiv toz hənuz.
Möhri-mehrin fələk dildə tülu etmiş idi,
Olmadın mah fələk səthinə mərkuz hənuz.
Ömrünün irmədin əyyami-bəharinə kəmal,
Hüsnünün mövsimidir, ey güli-novruz, hənuz.
Bunca elmilə sənin məktəbi-eşqində degil,
Piri-danayi-xirəd, tifli-novamuz hənuz.
Cameyi-səbrimi çak eylədi məqrazi-qəmin,
Olmadan qəmzələrin suzəni dilsuz hənuz.
Mali-qaruncə əgər çe ki, qazandı qəmini,
Qüssənə doymadı bu cani-ğəmənduz hənuz.
Şəmsi-ömr oldu, Nizami, Afəq-i mövti-qərib,
Ah kim, irmədi vəslət şəbinə ruz, hənuz.
Biz burada Nizami Gəncəvi Divanının Misir Xədiviyyə əlyazma nüsxəsində yer alan şeirlərin yalnız bir neçəsi haqqında məlumat verə bildik. Düşünürəm ki, əlyazma üzərində tədqiqatlar bundan sonra da uğurla davam etdiriləcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!