Tatar xalqının simvolu - 26 yaşlı Tukay - Azər TURAN

Azər TURAN

Bu şəkil 1913-cü ildə çəkilib. 26 yaşlı Qabdulla Tukayın son fotosudur. Nə gələn var, nə gedən... Son nəfəsini gözləyir. Bir azdan öləcək.

"Mənim atam Məhəmmədarif Kuşlavıç qəryəsində Məhəmmədalim adlı mollanın oğludur".

Atasını xatırlamır. O öləndə Tukay 5 aylıq körpəydi.

Zinətulla həzrətin qızı olan anası Məmdudə xanım da onu qapılarda buraxıb ərə getmişdi.

26 yaşında tənha və kimsəsiz ölüb. "Şair Turkay 5-6 yaşlarında atadan, anadan ayrılıb çarəsiz bir yetim qalmış idi. El içində, el qapısında hizmətçilik ilə bir gün ac, bir gün tox olub bu fəna dünyanın hər türlü acısını, ağusunu çəkmiş, yutmuş idi. Vərəm kimi qəddar mərəz ilə uğraşa-uğraşa qələmi ilə qazanıb artırdığı 500 rubləsini bir adam oxutmağa, təhsil uğruna vəqf edib can vermişdi".

Belə bir Tukay ölən kimi xalqının and yerinə çevrildi. Öldüyü gün vida mərasiminə on minlərlə adam qatıldı... Ölümünə İstanbuldan Krıma qədər bütün türk dünyası ağladı...

Avropa mətbuatı ondan yazdı.

Ona dərman gərək olanda, bir qarınlıq çörək lazım olanda yanında xalq yox idi.

Elə ki, öldü, xalq onu heykəlləşdirdi.

Şəkildəki xəstə çarpayısından boylanan 26 yaşlı Tukay tatar xalqının simvoludur... 26 yaşında dünyasını dəyişsə də, Rusiya türkləri arasında ana dilinə ilk şeiri o həsr edib. 20 yaşlarında milli cərəyanın önlərində olub.

 

...Ləfzi-milliyi sevər kalbim bənim, bilməm neden?

Eylə milli millətim, bəxş eylə məmnuniyyətim...

 

Bir zaman yad eyləsə bililtifat millət bəni

İştə budur maksadım, mezmül və mesqudiyetim.

 

Eylədim garzı mehebbet ben sena, i milletim

Dust küresen sen beni de, var buna emniyetim.

 

Bunu Qabdulla Tukay yazır. Millətinə xitab edib, - "Səhhətindir səhhətim, illətindir illətim", - deyir. Tukay tatar varlığının ədəbi-siyasi təsdiqi və özünüizharıydı. Tukay millətini, Tukayı qorumaqla isə, kazan türkləri - dil, tarix, mifoloji yaddaş və inanc baxımından özlərini qoruyub saxladılar.

Tukayın nəinki Kazan türklərinin, həm də çağdaş Türküstan ədəbiyyatının gəlişməsində böyük və həlledici təsiri olmuşdu. Yaradıcılıq həyatında Tukayın ciddi təsirini etiraf edən Oljas Süleymenov çağdaş qazax ədəbiyyatının banisi Saken Seyfulin kimi nadir bir ədəbiyyat və millət xadiminin də Tukayın təsiri ilə yetişdiyini etiraf edir, Çingiz Aytmatov Tukayın izaholunmaz sirlərinə cavab axtarır və s.

Qabdulla Tukayın şeirlərini, hekayələrini, publisist məqalələrini mütaliə etdikcə bu əsərlərin ədəbi dəyəri, xüsusən, publisistikasında Məhəmmədəli Şahla, Pruşkeviçlə... bağlı yazdıqları, Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətinin səbəblərinə münasibəti, yazılarında göstərdiyi siyasi kamilliyi adamı heyran qoyur. Tukayın yazılarını oxuyub ortaq türkcənin nə üçünsə mümkün ola bilməyəcəyini israr edənlərin mövqeyini anlamaq olmur. Ayrı-ayrı türk ləhcələrini fərqli müstəqil dillərə çevirənlərin bizə tətbiq etdikləri siyasətin ən ağır zərbələrindən biri də elə Qabdulla Tukaya dəyib. Tukayın o zaman bütün türk dünyasında tanınmamasının tək səbəbini də İsmayıl bəy Qaspıralı haqlı olaraq, lisansızlığımızda, yəni ortaq türkcənin hasilə gətirilməsi yolunda israrlı olmamağımızda görürdü. Tukay isə bu nöqtədə İsmayıl bəylə həmfikir deyildi. Qaspıralıya qarşı inadkarcasına sərt münasibətinin təməlində də Qabdulla Tukayın türklükdən daha çox, tatarçılığa meyli dayanırdı: "Minem uyımca "Terceman"ın bez tatarlarga qalakese bötenley yuktır. Çönki evvelen anın tele - beznen telemezge bötenley kire (geri) ber Kırım teleder". Nədən Qabdulla Tukay belə düşünürdü? Kazan tatarcası ilə yazdığı bu sözləri üstündən yüz il keçəndən sonra da indi heç nəyinə toxunmadan dilimizə uyğunlaşdıraraq oxumaq və anlamaq mümkündürsə və "Mənim fikrimcə, "Tərcüman"ın biz tatarlara əlaqəsi bütünlüklə yoxdur. Çünki əvvələn, onun dili bütünlüklə bir Krım dilidir", - dediyini bu gün nəinki Krımda, hətta Bakıda da anlamaq mümkündürsə, Tukay niyə belə deyirdi? Tədqiqatçılar deyir ki, Tukay milli tarix şüuruna sahib olmayıb. Amma nəinki olmayıb, aşağıda haqqında danışacağımız "Kitmibez" (Getmərik), yaxud "Tuqan tel" (Ana dili) şeirlərində Tukay milli tarix şüurunun ilk mütəfəkkirlərindən biri kimi görünür. Sadəcə, həmin milli şüuru sistem halına salmağa ömrü vəfa etməyib. Digər tərəfdən, 20 yaşlarında gənc bir tatar vətənpərvəri başqa necə düşünsün? Bunu da nəzərə alsaq ki, XX yüzilin əvvəllərində təkcə Rusiya imperiyasında deyil, hətta bütün türk dünyasında türklük düşüncəsi hələ gəlişməmişdi, türkçülük şüuru geniş qapsamda dövriyyəyə qatılmamışdı, gənc Tukayın məsələyə bu kontekstdə yanaşması əslində onun milli şüurun yolgöstərənlərindən biri kimi etiraf olunmasını zəruri edir.

Yazıq İsmayıl bəy ləhcələrin ədəbi dil halına gətirlməsi səbəbilə türklərin siyasi parçalanmalara məruz qalacaqlarını bildiyi üçün ortaq türkcənin varlığı naminə hər şeyini fəda etmişdi. Amma nə etmək olar? Çirkin İlminski nəcib Qaspıralının ruhunu əzməyi, milləti parçalamağı hələ o zaman bacarmışdı. Kaş Qabdulla Tukayın ömrü yarıda qırılmayaydı, İsmayıl bəyin dil siyasətini, dildə birlik idealını örnək alaydı.

Tukayın yazdığı İdil-Ural yazı dili zamanında təkcə tatarların deyil, başqırdların da, qazaxların da, özbəklərin də istifadə etdiyi dil idi. Bu mənada tatarçılıq cərəyanından ayrılmayan Tukay əslində bir sistem halında olmasa da, sövq-təbii türk özünüdərkinin, milli mənlik şüurunun peşindəydi. İndi Qabdulla Tukayın nəinki yalnız Kazan tatarlarının, müəyyən mənada, hətta öz bulqar qandaşları olan çirmiş və çuvaşların da, noqayların da, qaraqalpaqların da, Azərbaycan türklərinin də, Türkiyə türklərinin də ortaq şairi kimi təzahür edə bilməsinin kökündə həmin sövq-təbiilik dayanır. Və bunu kimsənin danmasına lüzum yoxdur. Tukayda, hətta İstanbul ədəbi türkcəsinin əlamətlərini sezən Ömər Seyfəddin yazırdı ki, "ədəbi lisan ən qəvi bir bağdır. Bu bağı hörmək bütün Turan ədiblərinin ən müqəddəs vəzifəsidir. Abdulla Tukayev ehtimal, bu həqiqəti anladığı üçün İstanbul türkcəsinə mümkün olduğu qədər yaxınlaşıyordu..."

"Tuğan til" (Ana dili) Krımda Çobanzadənin, Kazanda Tukayın yazdığı iki fərqli şeirin adıdır. Biri Kazan tatarcasını, digəri Krım tatarcasını öyür...

Abdulla Tukayı Şandor Petöfi ilə qiyaslandıran Bəkir Çobanzadə doğma dilin coğrafiyasında Krımı Kazanla yanaşı görürdü:

 

Səni mən Qırımda, Qazanda taptım,

Cüregim qaynağan, taşqanda taptım...

 

Tukay isə Kazan tatarlarının, az qala, milli bir rəmz olaraq vəsf etdikləri "Tuqan tel" (Ana dili) şeirində yuxarıda da qeyd etdiyim kimi, XX yüzildə Rusiya türkləri ədəbiyyatında, bəlkə, hətta bütöv ümumtürk ədəbiyyatında türk dilini vəsf edən ilk poetik parçanı yaratmış və hər zaman olduğu kimi, bu şeirində də Krımdan Qazaxıstana, Başqırdıstandan Səmərqəndə, Kazandan Bakıyacan anlaşılan dilimizin qədim sözləri ilə hörülmüş bir doğma dil abidəsi qurmuşdu.

 

İ tuqan tel, i matur tel, ətkəm-ənkəmnən tele!

Denyada küp nərsə beldem sin tuqan tel arkılı.

 

İsmayıl bəy Qaspıralı çox çalışdı ki, Tukayı ortaq türkcəyə yönəldə bilsin. Amma nə faydası vardı ki?! Tukay 20 yaşlarında bir tatar dəliqanlısıydı, qarşısındakının altmış yaşlarında bir millət atası olduğunun fərqində belə deyildi. Tənqidlərini bəzən təhqir səviyyəsində yazırdı. Amma o BÖYÜK MÜƏLLİM - İsmayıl bəy Qaspıralı Tukayın acı sözlərinə qarşılıq olaraq bir kəlmə də olsun, ürək qıran, könül incidən söz yazmadı, demədi. Əksinə, onu hər dəfəsində "könlü nurlu Tukay" deyə əzizlədi. Qaspıralının 1913-cü ilin aprelində Tukay barədə yazdığı və yuxarıda bəzi məqamlarını sitat gətirdiyim "Millətoğlu" məqaləsində, nə üçünsə, Tukayşünaslıqda hələ də geniş şəkildə tədqiqata cəlb edilməyən belə fikirlər var: "Şair Tukayev... Bu ismi Krım və Kafkaz və Türkistan bilməz; çünki, gecə qaldığımız, lisansızlığımız, ədəbiyyatda mübtədiliyimiz buna manidir. Əgər daha irtəcə davranıb, himmət edib lisani-ümumiyə malik olmuş olsa idik, biçarə Tukay, bağrı yanıq, gözüyaşlı, sözləri atəşli Tukay, hər tərəfdə məlum olurdu, çünki şair Tukayev həqiqət millət şairi, tam mənasiylə türk oğlu idi... Bir qaç gün müqəddəm vəfatını təəssüf ilə xəbər vermiş idik. Bu gün aldığımız Kazan, Orenburq qəzetələri mərhum şairimizin vəfatına, tərcüməsinə və şeirlərinə dair bəhslər ilə doludur. Bütün şimal türkləri ağlıyorlar... Şair Tukay 5-6 yaşlarında atadan, anadan ayrılıb çarəsiz bir yetim qalmış idi. El içində, el qapısında hizmətçilik ilə bir gün ac, bir gün tox olub bu fəna dünyanın hər türlü acısını, ağusunu çəkmiş, yutmuş idi. Elması palçıq qaplamaz olduğu kimi Tukaya ihsan edilmiş təbiəti-şeriyyəsi hər nasıl isə sönməyib az-maz təhsil etdiyi ilə günəş kibi yanmaya başlamış idi. Dünya məşəqqəti Tukayın ruhuna qələbə edəmədi isə də vücudunu zəif verib vərəmə düçar etmiş idi. Daha kəmalən açılmamış bu gül, bu gənc şairimiz bu mərəzin qurbanı oldu. Kazanlılar mərhuma böyük cənazə alayı tərtib ettilər. Cənazə günü əksər kitabxanalar mərhuma hörmətən açılmadı. "Kuyaş" qəzetəsi çıxmadı, bade (sonra) Tukay yadigarı, Tukay şeirləri ilə qəzetə sütunları dolduruldu. Kazanlıların bu qədirşünaslığı əfkari-ümumiyyəmizin açıldığına dəlil olaraq bizi xeyli mütəsəlli ediyor. Mərhum şairin tərcümeyi-halı ilə Şimal türklərinin tarixi arasında yaxın münasibət vardır. Şimal türklərinin bir çox halları Tukay vücudunda təcəssüm etmiş... Tukayev Kazan türkcəsində yazıyor idi. Yazıları, şeirləri lüğət yığını və qafiyə uydurması deyil idi; hər sətrində can, hər cümləsində fikir işliyor idi. Tukay, mərhum Tukay, gözüyaşlı, könlü nurlu Tukay, millət üçün ağlayan, millət oğlu böyük şair idi. Vərəm kimi qəddar mərəz ilə uğraşa-uğraşa qələmi ilə qazanıb artırdığı 500 rubləsini bir adam oxutmağa, təhsil uğruna vəqf edib can vermişdir..."

...Qabdulla Tukayın istər Türkiyə türkcəsi, istərsə də Azərbaycan türkcəsinə tərcümə edilmiş bütün mətnlərini oxusam da, bu mətnlərin heç biri onun öz yazdığı şəkildə zövqümü oxşamayıb. Məncə, hətta türk dilinin müxtəlif qruplarını belə bir-birinə tərcümə etmək, əslində bu dilləri bir-birindən uzaqlaşdırmaqdan başqa bizə heç nə vəd etmir. Sadəcə, dönə-dönə oxumaq (öyrənmək yox, oxumaq), qulaq yaddaşımızı dilimizin bu mənzərəsinə adətkərdə etməklə məsələni çözmüş olarıq.

Qabdulla Tukayı şimal türklərinin "biricik milli şairi" adlandıran Ömər Seyfəddin "Türk sözü"nün 1914-cü ilin aprelində nəşr olunmuş 3-cü sayında Qabdulla Tukayın "İ kaləm!" şeirini "Ey kalem" başlığı ilə təqdim edərkən bildirirdi ki, əndərun ədəbiyyatın məşum lisanı o xalq şairini belə şaşırtmış, o qədər sadə tərənnümə müsaidə etməmişdir. Ömər Seyfəddin Qabdulla Tukaydan örnək verdiyi şeirdə cüzi də olsa, təshihlər aparır, "Ey qələm"i İstanbul ədəbi dilinə yaxınlaşdırmağa cəhd edirdi. Amma həmin parça Tukayın yazdığı şəkildə daha gözəl və daha cazibədar idi:

 

İ kaləm, səndin kəler hər bəxtemez, ikbalemez;

Bəklənər dürt küz ile lotfında istikbalemez.

Kiçməsen karanqılıkta mahemiz, həm salemez;

Qafilez bez, jahilez - vay xalemez, vay xalemez!

 

Kazan tatarlarının - türklərinin çağdaş ədəbiyyatında Su Anası, Şurale mövzularıyla mifoloji qaynaqlara enən ilk şair Qabdulla Tukaydır. Qurandan ilhamlanaraq yazdıqları kazan tatarlarının dini-milli əhvalını qoruyub saxlayan amillərin başında gəlirdi. Tatarlığı-türklüyü dini yönlərindən ağır gəlsə də, Tukay qısa ömrünün bütün ağır mərhələlərində Peyğəmbərə sədaqətini qoruyub saxladı. Qabdulla Tukayla Yahya Kamal Bayatlının bioqrafiyasında Məhəmməd Çələbinin "Məhəmmədiyyə" əsəri ilə bağlı qəribə və oxşar məqamlar var. Üsküpdə Yahya Kamaldan gəlib keçən "Məhəmmədiyyə" Kazanda Qabdulla Tukaya da sirayət etmiş.

1909-cu ildə Lermontovun "Peyğəmbər"indən təsirlənib "Peyğəmbər" yazırdı:

 

Jəmiqi əkribam - dustlar, karendəşlər, zamandaşlar -

Mina karşı kotırdılar, rəximsez attılar taşlar.

Söylənde östeme küp iftira, böhtan, usal tellər;

Sibelde zur xəkarət berlə xətta başıma köllər.

Yaxud 22 yaşlı Qabdulla Tukayın 1908-ci ildə Quranın "Fətəbarəkəllahu əhsənul-xaliqin" ayəsinə göndərmə edərək bir rəssama ünvanladığı misralar:

 

...bakçı bu kıznın küzene, kaşına:

Men və milyon afərin bu surəten nəkkaşına.

 

Yuxarıda da xatırlatmışdım, Qabdulla Tukayın bir şeiri "Kitmibez" (Getmərik) adlanır. Şeirdə hədəf Rusiya Dövlət Dumasında meydan sulayan Pruşkeviçdir. Həmin Pruşkeviç idi ki, Rusiya İmperiyasının türklərə laqeyd münasibətini tənqid edən müsəlman fraksiyasının deputatlarını hədələyib, lağa qoyurdu. O Pruşkeviç ki, ən adi hüquqlarını tələb edən müsəlman türklərə Rusiyadan Türkiyəyə köçüb getməyi "tövsiyə" edirdi. Qabdulla Tukay isə Pruşkeviçə cavab olaraq "Kitmibez!", yəni "getmərik!" şeirini yazırdı. Kazan türklərinə "Get!" əmrini verən həmin Pruşkeviç idi ki, elə o illərdə Əli bəy Hüseynzadə "Siyasəti-fürusət" əsərində rus "qarayüzləri və qaraüzlülərinin" lideri Pruşkeviçin kölgəsinə bu sözləri dedizdirib onu ifşa edirdi: "Bizim Rusiyada sehr, əfsun, tilsim-filan yoxsa da, onun yerinə "hipnotizm" deyilən uyutmaq yolu ilə təlqin fənni vardır". Hüseynzadə Rusiya türklərinə Pruşkeviçin hipnozlarına uymamağı təlqin edir, bəzən Rusiya Dövlət Dumasında şıllaq atan Pruşkeviçi ələ salırdı. Tukay da həmin nöqtədə dayanmışdı. "Qöruhe rusiəh!" xatırlatmasıyla rusiyah qaragüruhun - "Rus Xalq İttifaqı"nın başçısı Pruşkeviçin şəstini sındırır, onun rəhbərlik etdiyi Mixail Arxanqel Cəmiyyətinin qarayüzlü (rusiyah - qara üz və çernıe sotni - qara yüzlər) çətəsinə xitab edir və elə bu səbəbdən də şeirin sonundakı müraciəti rusca yazırdı:

 

Ap-açıq bu bir javaptır, süzdə tüqel, basmada:

- Esli luçşe vam,

Tuda sami pojalte, qospoda!

 

Yəni, hara istəyirsiniz, gedin, bura bizim öz məmləkətimizdir... "monda tudık, monda üstek, mondadır beznen əjəl" (burada doğulduq, burada böyüdük, buradadır əcəlimiz), - deyə 24 yaşlı Tukay tatar xalqının milli məramını ifadə edirdi.

Şeiri rus dilinə tərcümə edən Dumaeva qəribədir, nəinki Rusiya adının keçdiyi misraya düzəliş edib, hətta rusiyah sözünü tərcümə etməyə belə ehtiyac duymayıb.

 

İn böek maksat bezem: xör məmləkət - xör Rusiə!

Tiz qenə kuzqalmıybız bez, i qöruhe rusiəh!

 

Net vışe üeli, çem - s toboy, svobodnaə Rossiə!

Net, ne svernёte nas s puti vı, podlıe rusiəh!

 

Battal Taymas Tukayın yaradıcılığını müxtəlif mərhələlərə bölür: bir mərhələdə Tukay islamçıdır, 1907-ci ildən sonra millətçidir, bir mərhələdə sosialistliyə yaxın demokratdır... Ancaq Tukay nə ömür yaşadı ki... On dörd yaşınacan islamçı olsun, 14 yaşından sonra milliyyətçilik havasına girsin. Hələ üstəlik, bir müddət sosialist, ya demokrat olsun... Sovet dövründə isə daha çox onun heç yerli-dibli olmayan antimillətçi görüşlərini qabartmağa cəhd edirdilər. Tukay necə antimilli görüş sahibi ola bilərdi ki, Rusiya tatarlarının siyasi böhranlar yaşadığı iyirminci yüzilin əvvəllərində "Ləfzi-milliyi sevər kalbim bənim, bilməm neden? / Eylə milli millətim, bəxş eylə məmnuniyyətim," - deyirdi? Sadəcə, Fuad Köprülünün sözləri ilə desəm, "Qabdulla Tukayın şeirlərində başdan-aşağı cidal, qovğa, hərəkət və həyat var" idi.

 

***

Ayaz İshaqinin təbirincə, "yetim böyüdü, yetim yaşadı, yetim öldü". Buna rəğmən, 26 yaşından, yəni öldüyü gündən etibarən Tukay mənsub olduğu millətin atasına çevrildi...

 

21 oktyabr 2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!