Mirzə Fətəli Axundzadənin Cəlaləddin Mirzə ilə yazışmaları - İslam QƏRİBLİ

M.F.Axundzadənin Cəlaləddin Mirzəyə məktubları: M.F.Axundzadənin məktublaşdığı adamlar sırasında xüsusi mövqeyi ilə seçilənlərdən biri də Qacarlar sülaləsindən İranın ikinci şahı Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzə olmuşdur. 1870-ci ildə M.F.Axundzadəyə yazdığı məktubunda 45 yaşında olduğunu bildirən Cəlaləddin Mirzə (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 292) azadfikirli və tərəqqipərvər bir adam olduğu üçün qardaşı oğlu Nəsirəddin şahın göstərişi ilə təqib edilmiş, bu səbəbdən də öz evində inzivaya çəkilməyə məcbur olmuşdu. Dörd cilddə yazmağı planlaşdırdığı, üç cildini yazıb tamamlaya bildiyi, İranın tarixindən bəhs edən "Nameyi-xosrovan" adlı əsərini M.F.Axundzadəyə göndərən Cəlaləddin Mirzə bir çox məsələlərdə böyük mütəfəkkirlə həmfikir olmuşdur. Onların tanışlıqları 1870-ci ildən başlamış və aralarında yazışmalar şahzadənin ölümünə qədər davam etmişdir. Cəlaləddin Mirzəyə çox yüksək dəyər verən, dostlarından Mirzə Yusif xana və Mirzə Melkum xana yazdığı məktublarda onu böyük hörmətlə gözəl alim və tərəqqipərvər ziyalı kimi xarakterizə edən ədibin Cəlaləddin Mirzəyə fars dilində yazdığı səkkiz məktubu şərqşünas-tərcüməçi, professor Məmməd Mübariz Əlizadə tərəfindən tərcümə edilərək, M.F.Axundzadənin "Əsərləri"nin III cildinə daxil edilmişdir (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988 (Tərtib edəni: Həmid Məmmədzadə; farscadan tərcümə edəni: M.Mübariz, redaktoru Ə.Mirəhmədov), s.141-145, 145-147, 149, 160-164, 164, 164-168, 181-182, 184-186)

"Nəvvabi-əşrəf, yüksək və böyük alimənsəb Cəlaləddin Mirzə (Allah onun ömrünü uzun eləsin) həzrətlərinə ərz edirəm" adlı birinci məktub 15 iyun 1870-ci ildə, sonuncu "Həzrət əşrəf şahzadə Cəlaləddin Mirzəyə" məktub isə 1871-ci ilin sentyabrında  yazılmışdır. 

Birinci məktubdan anlaşılan budur ki, şahzadə ilə M.F.Axundzadə şəxsən tanış olmasalar da, şahzadə onun haqqında kifayət qədər məlumata malikdir və məktub yazaraq kitabını İranın Tiflisdəki konsulu Əli xan vasitəsi ilə M.F.Axundzadəyə hədiyyə kimi göndərmişdir.

Şahzadənin göndərdiklərini götürmək üçün Əli xanın mənzilinə getdiyini qeyd edən M.F.Axundzadə yazır: "Həzrət-əşrəfinizin xidmətinə ərz edirəm ki, kitab və məktubunuz çatıncaya qədər mən sizin fəzilət və kamalınız, habelə vəziyyətiniz haqqında olan həqiqətlərdən o qədər də xəbərdar deyildim. Sizin haqqınızda birinci dəfə mənə alicənab cavanlardan olan Əli xan o qədər yüksək məlumat vermişdir ki, gecə-gündüz sizi görmək həsrətindəyəm" (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s.143) .

M.F.Axundzadə Cəlaləddin Mirzəyə göndərdiyi kitabı oxuduğunu (məktubda kitabın adı çəkilməsə də, əsasən, atəşpərəstlərdən bəhs etdiyi anlaşılır - İ.Q.), sadə, anlaşıqlı dildə, ərəb tərkiblərindən daha az istifadə olunmaqla yazıldığını bəyəndiyini bildirir, sonra da öz yaradıcılığı barədə qısaca məlumat verərək yazır: "Bir də mənim elə əsərlərim var ki, doğrudan da, həzrət-əşrəfinizin mütaliəsinə layiq görülə bilər. Lakin təəssüf ki, onların çoxu hələ çap edilməmişdir" (yenə orada, s.144). "Çap olunmamış əsərlərim" deyəndə, M.F.Axundzadə, heç şübhəsiz ki, "Kəmalüddövlə məktubları"nı, "Yeni əlifba layihəsi"ni, fəlsəfi, ədəbi-tənqidi və tarixi məqalələrini nəzərdə tuturdu. Çünki ədibin komediyaları və "Aldanmış kəvakib" povesti məktub yazılandan xeyli əvvəl Azərbaycan və rus dillərində çap olunmuş, İran, Türkiyə və hətta Avropa ölkələrində yayılmışdı.

Məktubun sonunda komediyalarının "bir nüsxəsi"ni və "oxunması maraqlı olan Süruş haqqında yazdığı tənqidin surəti"ni Cəlaləddin Mirzəyə göndərdiyini bildirən müəllif qeyd edir ki, mənimlə "məktublaşmağı davam etdirərək, öz fikir və planlarınız haqqında mənə yazsanız, özümü xoşbəxt adamlardan biri hesab edərəm. Mən də öz növbəmdə sizin hər bir məktubunuza dərhal cavab yazıb, həzrət-əşrəfinizin qiyabi mərhəməti ilə kədərli könlümə təsəlli verəcəyəm" (yenə orada, s.145).

M.F.Axundzadə Cəlaləddin Mirzəyə ikinci məktubu 1870-ci il sentyabr ayının sonlarında yazmışdır. Cəlaləddin Mirzədən iyul ayında gələn məktuba cavab kimi yazılan məktubda M.F.Axundzadə qeyd edir ki, "mən məktublarımı sizin kimi ərəb sözlərinin qarışığı olmadan xalis fars dilində yaza bilmirəm. Çünki uşaqlıqdan fars dilini belə öyrənmişəm. İndi isə bu adəti tərk etmək mənim üçün çox çətindir. Məndə günah yoxdur. Ərəblərin evi yıxılsın. Bu barədə məni bağışlamalısınız" (yenə orada, s.145).

"Sizin məktubunuzu dönə-dönə oxuyub vəziyyətinizdən xəbərdar oldum. Sizin hümmətinizə, zövqünüzə və incə nüktələri anlamaq qabiliyyətinizə və hər işdən agah olmağınıza afərinlər söylədim", - deyən ədib ümid edir ki, o, zərdüştilərin əhvalatına dair əsəri uğurla yazıb tamamlayacaqdır.

M.F.Axundzadə şahzadəyə məsləhət görür ki, İranın Parisdə konsulu olan və son zamanlarda Tehrana çağırılmış Mirzə Yusif xanla görüşüb əsərlərini oxusun, "hərdənbir onunla söhbət etməklə dərd-qəmini dağıtsın". Fikrinə davam edən ədib Mirzə Yusif xanı belə xarakterizə edir: "Mənim nəzərimdə bu şəxs dünyanın bütün möbidləri, ağıllıları və filosof təbiətli adamları içərisində əvəzsiz bir insandır. Mənim etiqadımca, indiki dövrdə İran şahının belə bir fərasətli, düşüncəli, inamlı və dövlətsevən qulluqçusu yoxdur" (yenə orada, s.146).

M.F.Axundzadə məsləhət görür ki, şahzadə "əsərlərini oxuyarkən mənə üz verən sonsuz sevinc və vəcd nəticəsində "ruhül-qüds" ləqəbini verdiyim Mirzə Melkum xanın son günlər islam əlifbasının dəyişdirilməsi ilə bağlı yazdığı kitabçasını və "Vəzir və rəfiq" adlı əsərini oxusun. Ədib əlavə edir ki, bunların tapılmasına Mirzə Yusif xan ona yardımçı ola bilər.

Cavabı bir qədər gecikən məktubunda ədib əlifba məsələsinə də toxunur və yazır: "İndi isə mətləb üstünə gələk. Köhnə islam əlifbasını dəyişdirməyin din, dövlət, ölkə və xalq üçün nə qədər faydalı bir iş olduğuna dair bu məktubda müfəssəl dəlillər gətirməklə başınızı ağrıtmaq istəmirəm. Hələ inişil bu məsələyə dair yazıb tərtib etdiyim bir neçə layihə və kitabçanı Tiflisdən İran konsulxanası vasitəsi ilə Tehrana, Maarif Nazirliyinə göndərmişəm. Bu günə qədər mənə cavab verməmişlər. Bilmirəm, bu sənədlər Maarif Nazirliyinə çatmış və məni cavabsız qoymuşlar, ya onlara çatmamışdır? Xahiş edirəm ki, cənabınız lütf edib, guya mənim tərəfimdən deyil, başqa bir vasitə ilə xəbər tutmuş adam kimi bu məsələni öyrənəsiniz ki, kitabça çatmışsa, cavabının verilməsinə nə kimi bir hadisə və ya nə kimi fikir səbəb olmuşdur?" (yenə orada, s. 146).

M.F.Axundzadə əlifba məsələsi ilə yanaşı, əsərlərinin çapı və tərcüməsi ilə bağlı da Cəlaləddin Mirzə ilə fikir mübadiləsi aparmışdır. Onun 1870-ci ildə şahzadəyə göndərdiyi "Azərbaycanca "Təmsilat"ın bir səhifəsinə yazmış olduğu mətləbin surəti"ndə oxuyuruq: "Bu cür əsərlərin əsas məqsədi əxlaqı yaxşılaşdırmaqdır. Avropanın mütəfəkkirləri və filosofları anlamışlar ki, insanların təbiətindən və tinətindən eyibləri və pis əməlləri ancaq məsxərə və istehza ilə rəf etmək olar" (yenə orada, s. 149).

Teatrı və dram əsərləri "camaatın onlardan ibrət alıb, pis və çirkin əməllərdən uzaqlaşmasına kömək edən yol" hesab edən M.F.Axundzadə "Təmsilat"ın farscaya tərcüməsi ilə bağlı düşüncələrini bu cür bəyan edir: "Əgər əslində fars olub türkcəni lazımınca bilən Tehran ziyalılarından biri bu "Təmsilat"ı kitabda göstərilən şərtlər və qaydalar üzrə, bir şey əskiltmədən, sözçülüyə və qafiyəpərdazlığa yol vermədən, farsların yazı qaydalarına deyil, danışıq qaydalarına əsasən, sadə bir şivə ilə türk dilindən fars dilinə tərcümə edib yayarsa, həm xalqa böyük xidmət etmiş olarlar, həm də bu kitabı satmaq yolu ilə çoxlu qazanc əldə edə bilərlər" (yenə orada, s. 149).

M.F.Axundzadə 1871-ci il may ayının 20-də Cəlaləddin Mirzəyə yazdığı məktubunda onun göndərdiyi "Nameyi-xosrovan" əsərinin ikinci cildini aldığını, məzmunundan çox məmnun qaldığını, oğlu Rəşidin fars dilini ikicildlik "Nameyi-xosrovan" və Firdovsinin "Şahnamə"sindən öyrəndiyini qeyd edir və bildirir ki, "Nameyi-xosrovan"dan "məktubun axırında adını yazacağım şəniyuksək dostlardan birisi ilə zərdüştilərin əhvalatını oxuyub ləzzət apardıq. Xüsusilə mənim xoşuma gələn Tahirin zərdüştilərlə rəftarı hekayəsidir ki, bu hekayə məni vəsfəgəlməz dərəcədə sevindirdi... Çox qəribə hekayədir. Mən islam tarixlərinin heç birində onu görməmişdim" (yenə orda, s. 160).

Məktubdan məlum olur ki, Cəlaləddin Mirzə öz əsəri, yəni "Nameyi-xosrovan"la bərabər, ayrıca bir zərfdə "Dərviş fani" ləqəbli Manukci Sahib Kəyaninin "Səyahətnamə"sini də ona göndərmiş və M.F.Axundzadə "şəniyüksək olan dostu ilə onu əvvəldən axıra qədər oxuyub yazıq zərdüştilərin əhvalatından xəbərdar olublar". Fikrinə davam edən ədib yazır: "Biz Manukci Sahibin Şeyx Mürtəzaya verdiyi sualları təhlil edərək, şeyxin cavablarını da görüb, təəssüf etdik. İndi həzrət-əşrəf şahzadədən xahiş edirəm ki, Manukci Sahibi hüzuruna çağırıb mənim dilimdən ona salam yetirsin və mənim dilimdən aşağıdakı mətləbi ona söyləsin" (yenə orada, s. 161).

Məktubun bundan sonrakı: "Ey Manukci Sahib! Şeyx Mürtəza və onun kimiləri sizin və həmdinlərinizin qeydinə qala bilməzlər. Allah onlara elə bir fərasət verməmişdir ki, sizin kim olduğunuzu, İranın necə idi, necədir və necə olacağını anlaya bilsinlər, sizin zillətinizin, İranın viranlığının və iranlıların bədbəxtliyinin səbəbini başa düşsünlər" (yenə orada, s.161) cümlələri ilə başlanan hissəsi, əslində Manukci Sahibə yazılmışdır. Altı dəfə "Ey Manukci Sahib!" xitabı ilə Manukci Sahibə müraciət edən, çoxəsrlik tarixə malik olan İranın və orada yaşayan xalqların, xüsusilə, zərdüştilərin hazırda zülm və istibdad altında inləmələrinin səbəblərini açıqlayan, bunların aradan qaldırılma yollarının Fətəli şah Qacarın oğlu Cəlaləddin və Övrəng-Zibi-Bərlasın oğlu Kəmalüddövlənin məktublarında göstərildiyini bildirən müəllif yazır: "İndiyə qədər sizin haqqınızda olan bütün haqsızlıqlar cəhalət üzündən və həqiqət sirlərini bilməməzlik üzündən əmələ gəlmişdir. Bu cəhalətin üzündən pərdəni götürmək və həqiqət sirlərini açıb meydana qoymağın lüzumu, hicrətdən (621-ci ildən - İ.Q.) bu günə qədər heç kəsin ağlına gəlməmişdir. Nəhayət, bağışlayan Allah bu işdə Cəlaləddini və Kəmalüddövləni müvəffəq etmişdir" (yenə orada, s. 163).

M.F.Axundzadə məktubun Manukci Sahibə aid olan sonuncu, altıncı bəndində yazır: "Peymani-fərhəng"in, məhbadilərin qanunlarının, Zərdüşt dininin və atəşpərəstlərin qanunlarının və kəyanilər dövlətinin ehyası İranda bundan sonra ağlasığan iş deyildir. Çünki dövlətlərin və dinlərin dövrü vardır. İnsanların ömrü müəyyən vaxt başa çatdığı kimi, din və dövlət cəhətdən siz də ömrünüzü başa çatdırmısınız... Hələlik, İranda islam dini yaşayıb bərqərar olacaqdır. Çünki islam dininin ömrü hələ başa çatmamışdır. Lakin bu din əvvəlki vəziyyətdə və əvvəlki qaydada yaşamayacaqdır. Siz isə İranda olan müsəlmanların yanında hər kəsdən artıq hörmətli və əziz olacaqsınız. Elə olacaq ki, mühacirətdə olan sizlər öz ata-baba vətəninizə, cənnətmisal İrana qayıdacaqsınız" (yenə orada, s.163).

Məktubun sonunda müəllif vədinə əməl edərək iki yerdə "şəniyüksək dost" adlandırdığı şəxsin kimliyini açıqlayır. Bildirir ki, "yuxarıda qeyd etdiyim şəniyüksək dostum Qafqazın Şeyxül-islamı Axund Molla Əhməd Hüseynzadədir. ..Müxtəlif elmlər və fənlər sahəsində: astronomiya, coğrafiya, hesab, riyaziyyat, heyət, tarix, hikmət və xüsusilə, fiqh eimi sahəsində bütün Qafqaz ölkəsində Şeyxül-islamın tayı-bərabəri yoxdur. Bununla belə, o, filosof təbiətli və liberal məsləkli bir adamdır" (yenə orada, s.163).

Bu məktubdan həm də məlum olur ki, Cəlaləddin Mirzə İranda şahlıq etmiş hökmdarların şəkillərini tapmaq üçün M.F.Axundzadədən yardım istəmişdir ki, əldə edə bildiyi şəkilləri kitabına daxil etsin. Məktubda "Çingiz xandan tutmuş, Səfəvilərə qədər padşahların şəklini axtarıram. Əgər tapsam, göndərməyi əsirgəməyəcəyəm. Amma çətin ki, taplısın" (yenə orada, s. 161), - deyən M.F.Axundzadə Cəlaləddin Mirzəyə göndərdiyi "Ayrıca vərəqə"də yazır: "Şahzadə! Avropa camaatının istilahında həqiqi padşah adı o şəxsə layiq görülür ki, qanuna tabe olub vətəninin abadlığı, əmin-amanlığı və xalqının tərbiyə və tərəqqisinin fikri ilə yaşasın. Ərəblərin qələbəsi, farslar dövlətinin zavalı, "Peymani-fərhəng" və məhbadilər qanunlarının ləğvindən sonra İran məmləkətində həqiqi səltənət olmamışdır. Bütün hicri tarixi boyu bu ölkənin hökmdarları hamılıqla despot və haramibaşıların tayı olmuşlar. Buna görə də mən yazıram ki, həmin padşahların ləyaqəti yoxdur ki, şəkilləri sizin əsərinizdə çap olunsun" (yenə orada, s. 164).    

Yazılma tarixi göstəilməsə də, məzmunundan 1871-ci ilin yazında yazıldığı bilinən, "Şahzadə!" müraciəti ilə başlanan məktubda zərdüştilərlə bağlı əsərinə görə Cəlaləddin Mirzəyə təşəkkür edən, daha sonra, "Sarısifət kişiciyin" kim olduğunun ona məlum olub-olmaması sualını verən müəllif həmvətən və həmməzhəblərinin cəhalətdə qalmasından yana təəssüf hissi keçirməsini açıqlayır. Bildirir ki, cəhalət elmsizlik və savadsızlıqdan doğur ki, bu da daha çox islam əlifbasının çətinliyi ilə əlaqədardır. O, çıxış yolunu islam əlifbasının dəyişdirilməsində görür. Əlifbanın yenilənməsindən ötrü Osmanlı dövlətinə müraciət etdiyini, ancaq onlardan heç bir müsbət cavab almadığını bildirən müəllifin fikrincə, bunun səbəbi odur ki, onların "nə başlarında zəka, nə də ürəklərində atəş vardır". İran dövlət başçılarına təqdim etdiyi yeni əlifba layihəsinə müsbət cavab ala bilməyən M.F. Axundzadə bunu iranlıların bədgümanlıq, inad, xudpəsəndlik, təkəbbür üzündən başqalarının ağıllı və haqq sözünü dinləmək istəməmələrində və ağıllı məsləhətlərə əməl etməmələrində görür. Savadsız adamın heyvandan fərqlənmədiyi qənaətinə gələn mütəfəkkir Avropa xalqlarının məhz anlaşıqlı əlifba və dünyəvi elmlər sayəsində inkişaf etməsi məsələsinə də məktubda yer ayırır və yazır: "14 milyonluq İran əhalisi içərisində savadlıların sayı yarım milyondan artıq deyildir və bu yarım milyonun da əksəriyyətinin savadı çox qüsurlu və naqisdir. Nə üçün bimirlər ki, savadsız adam heyvanatdan bir o qədər fərqlənməz? Savadsızlar içərisindən mütəfəkkirlər, alimlər və filosoflar çıxmaz. Halbuki xalq ancaq bu kimi vücudların tədbirləri ilə gündən-günə inkişaf edə bilər" (yenə orada, s.165).

M.F.Axundzadənin Cəlaləddin Mirzəyə yazdığı daha iki məktubu vardır ki, birincisi, 29 iyul 1871-ci ildə, ikincisi isə 1871-ci ilin sentyabrında yazılmışdır.

Birinci məktubdan aydın olur ki, göz xəstəliyindən əziyyət çəkən Cəlaləddin Mirzə sağalmış və "Allahın evi"ni ziyarət etmək qərarına gəlmişdir. M.F.Axundzadə xahiş edir ki, Məkkəyə "həm gedəndə, həm də gələndə Tiflis yolu ilə keçib bəndənizin evində mənzil edəsiniz ki, qonaqpərvərlik vəzifəmizi yerinə yetirək və bir neçə gün burada qalmağınız fürsətindən istifadə edərək, həzrət-əşrəfinizin mübarək görüşü və söhbətindən şad və xoşhal olaq. Şahzadənin dövlətindən yaraşıqlı və səliqəli çoxlu otaqlarımız vardır ki, həzrət-əşrəfinizin mənzil etməsinə layiq ola bilər" (yenə orada, s.181).

Cəlaləddin Mirzənin göndərdiyi məktubu "Nameyi-xosrovan"ın iki cildi ilə birlikdə Şeyxül-islam cənablarına çatdırdığını bildirən M.F.Axundzadə əlifba məsələsinə də toxunaraq yazır: "Əlifba hələlik çap olunmamışdır. Bir çox məsələlər və maneələr meydana çıxmışdır. Əhvalatın nə yerdə olduğunu əzəmətli ağam Mirzə Yusif xan cənablarına yazmışam. O, əlbəttə, həzrət-əşrəfə nəql edəcəkdir" (yenə orada, s. 181).

M.F.Axundzadənin 1871-ci ilin sentyabr ayında Cəlaləddin Mirzəyə yazdığı məktub, hesab edirik ki, şahzadəyə ünvanladığı sonuncu məktubdur (yenə orada, s.184-186).

M.F.Axundzadə bildirir ki, 29 iyul tarixdə sizin məktubunuza cavab yazıb göndərsəm də, hesab edirəm ki, hansı səbəbdənsə, sizə çatmamışdır. Daha sonra bildirir ki, Mirzə Tağı Təbibin vasitəsi ilə "göndərdiyiniz məktubu oxuyaraq, nəvvabi-müstətabın (bəyənilmiş, gözəl canişin - İ.Q.) səlamətliyi və göz ağrısının keçməsi münasibətilə qat-qat sevincim artdı. Mirzə Tağının söylədiyinə görə, sizə Məkkəyə getmək icazəsi verilmişdir. Bu xəbəri eşidərkən sizi görmək arzularımın atəşi qəlbimdə alovlandı" (yenə orada, s.186).

Məktubda işlərinin gedişi, Ruhül-qüdsün vəziyyəti və İstanbulda onun əlifbasına qarşı çıxanların "necə böyük həngamə törətməsinə dair müfəssəl məktub yazıb göndərəcəyini" vəd edən M.F.Axundzadə bildirir ki, yanıma göndərdiyiniz Mirzə Tağını fikrimə və təbiətimə uyğun bir adam kimi tanıdım və onunla bir neçə saatlığa da olsa, sərbəst söhbət edə bildim. Bunları "Mirzə Tağı hüzurunuza gələrkən təfsilatı sizə söyləyəcəkdir. Onun vasitəsi ilə və onun xətti ilə yazılmış bəzi əlavələri xidmətinizə göndərirəm ki, onları qoyduğum işarələrə əsasən "Məlum nüsxənin" ("Kəmalüddövlə məktubları" nəzərdə tutulur - İ.Q.) lazımı  yerlərinə əlavə edəsiniz ki, sizdəki nüsxə təkmilləşmiş olsun. Bu əlavələr olmadan, sizdəki nüsxə naqis hesab olunur" (yenə orada, s.185).

Məktubun sonunda M.F.Axundzadə şahzadədən Manukci Sahibə salam çatdırmağı və Rzaqulu xan Hidayətin yazdığı qədim fars dili lüğəti ilə bərabər "Əncümən araye-huşəng" kitabını ona göndərməyi xahiş edir.

***

Burada yeri gəldiyindən bir məsələyə münasibət bildirərək aydınlıq gətirmək istəyirik. M.F.Axundzadə təxminən, 1874-75-ci illərdə yazdığı "Kolonel Mirzə Fətəli Axundovun özü tərəfindən yazılmış bioqrafiyası - yəni tərcümeyi-halı"nda yazır: "Kəmalüddövlə" əsəri vasitəsi ilə özümə çoxlu dostlar və həmfikirlər tapmışam.... Biri də Fətəli şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin Mirzə idi. O, mənimlə dost olmuşdu və məni sonsuz dərəcədə dost tutardı. Əfsus, əcəl aman vermədi ki, bu fəzilət sahibi olub bütün gözəl sifətləri və təqdirəlayiq əxlaqı öz şəxsiyyətində cəmləşdirmiş şahzadə ilə mənim dostluğum uzun müddət davam etsin. Alinəsəbli şahzadə 1870-ci ildə ömrünün cavan çağlarında bu fani dünyanı tərk etdi" (yenə orada, s.271).

M.F.Axundzadənin yuxarıda bəhs etdiyimz məktublarında göstərilən tarixlər (son məktubundakı tarix 1871-ci ilin sentyabr ayı kimi göstərilir - İ.Q.) və məktublaşmanın kəsilməsi deməyə əsas verir ki, Cəlaləddin Mirzə 1870-ci ildə yox, 1871-ci ilin sonlarında, bəlkə də 1872-ci ildə vəfat etmişdir.

 

***

Cəlaləddin Mirzənin M.F.Axundzadəyə məktubları: M.F.Axundzadənin adı ilk dəfə Cəlaləddin Mirzənin Mirzə Yusif xana yazdığı məktubda çəkilir. Yazılma yeri və tarixi göstərilməyən və şərti olaraq "Birinci məktub" adlandırdığımız qara mürəkkəblə, şikəstə nəstəliq xətti ilə farsca yazılmış, sonunda "Cəlal" imzası qoyulmuş məktub M.F.Axundzadənin arxivində saxlanılan (Q - 4/88) cildlənmiş bir dəftərin sonuna tikilmiş (s.79), oradan tərcümə olunaraq M.F.Axunzadənin "Əsərləri"nə daxil edilmişdir (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm" 1988, s.287-288).

"Ruhumdan yaxşı əziz qardaşım!" sözləri ilə başlanan məktub tərcüməçi və tərtibçinin qeyd etdiyi kimi, M.F.Axundzadəyə deyil, Mirzə Yusif xana yazılmış, M.F.Axundzadə məktubda yad edildiyindən ədibin "Əsərləri"nə daxil edilmişdir (yenə orada, s.373).

Cəlaləddin Mirzə Mirzə Yusif xana xatırladır ki, əgər yadınızda varsa, siz Tehranda olarkən, tarixi mövzuda yazdığım əsərin müəyyən yerlərini gətirib evinizdə sizə oxumuşdum. İndi həmin əsərin Məhbadilərin başlanğıcından Sasanilərin sonuna qədər dövrü əhatə edən birinci cildi çıxmışdır. Hər ölkədə olan ağıllı adamlara həmin kitabdan özüm göndərirəm. Aydındır ki, əgər İranda beş nəfər ağıllı adam olarsa, onlardan biri sizsiniz, əgər iki nəfər varsa, yenə də biri sizsiniz. Kitabımı sizə göndərirəm ki, çəkdiyim zəhmətlərdən xəbərdar olasınız.

Cəlaləddin Mirzə daha sonra yazır ki, eşitdiyimə görə, Rusiyada iki nəfər də başqa alim vardır ki, mən onların əsərlərini görmüşəm və əsərləri barədə eşitmişəm. Onlardan biri Mirzə Kazım bəydir ki, Peterburqdadır. Digəri isə, Mirzə Fətəlidir ki, Tiflisdədir. Onlar üçün də "Nameyi-xosrovan"dan ikisinin üstünü yazıb göndərirəm. Kitabları çatdırmağını və onlardan cavab istədiyimi onlara bildirməyinizi rica edirəm.

Mirzə Yusif xan dostunun xahişini yerinə yetirərək, onun məktubunu və kitabını M.F.Axundzadəyə çatdırmış, M.F.Axundzadə məktubu oxuyub kitabla tanış olandan sonra 15 iyun 1870-ci ildə Cəlaləddin Mirzəyə ilk məktubunu yazmışdır (yenə orada, s. 141-145).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə qərara gəlmək olar ki, Cəlaləddin Mirzənin məktubu 1870-ci ilin ilk aylarında Tehranda yazılmışdır.

Cəlaləddin Mirzənin birbaşa M.F.Axundzadəyə ünvanlanan və altında "Cəlal" imzası qoyulan, qara mürəkkəblə, şikəstə nəstəliq xətti ilə fars dilində yazılmış məktubu M.F.Axundzadənin arxivindəki Q - 4/88 nömrəli sənəddən tərcümə edilərək "Əsərləri"nə daxil edilmişdir (yenə orada, s.288). Hesab edirik ki, məktub İranın Fransadakı səfiri Mirzə Yusif xana 1870-ci ilin əvvəllərində yazılmış məktubun içərisinə qoyularaq "Nameyi-xosrovan" kitabı ilə birgə göndərilmiş, Mirzə Yusif xan da Cəlaləddin Mirzənin xahişinə əsasən məktubu və kitabı Tiflisə - M.F.Axundzadəyə göndərmişdir.

"Sizin adınızı eşidib, cənabınızın Hidayətlə münazirə məktubunuzu (M.F.Axundzadənin Rzaqulu xan Hidayətin "Rövzətüssəfayi-Nasiriyyə" adlı əsərinə yazdığı "Tənqid risaləsi" nəzərdə tutulur. Bax: M.F.Axundov. Əsərləri. II cild. Bakı: "Elm", 1988, s.224-231) başdan-ayağa oxuyaraq, sizin böyüklüyünüzü o məzəli və nəsihətamiz yazıdan dərk etmişəm" sözlərindən aydın olur ki, Cəlaləddin Mirzənin M.F.Axundzadə ilə şəxsi tanışlığı olmasa da, əsərləri ilə tanışdır və ona böyük rəğbəti var. "Nameyi-xosrovan" əsərinin yazılma səbəbi barədə məlumat verən müəllif qeyd edir ki, əsəri dörd hissəyə böldüm. Birinci hissə Məhbadilərdən Sasanilərin sonuna qədərki dövrü əhatə edir ki, bu hissə yazılaraq çap olunmuşdur. Bir nüsxəsini də cənabınızın xidmətinə göndərirəm. Xahiş edirəm ki, oxuduqdan sonra fikirlərinizi bildirəsiniz. Müəllifin yazdığına görə, ikinci hissə Tahirilərdən Xarəzmilər dövrünün sonuna qədər, üçüncü hissə Çingiz xandan Səfəvilərə qədər olan dövrü əhatə edəcək, dördüncü hissə isə müasir dövrdən, öz əsil-nəcabətimin tarixindən ibarət olacaqdır. "Öz nəsil-nəcabətim" deyəndə, heç şübhəsiz ki, Cəlaləddin Mirzə Qacarlar sülaləsini nəzərdə tutur (yenə orada, s.288).

Cəlaləddin Mirzənin növbəti məktubu M.F.Axundzadənin 15 iyun 1870-ci ildə Tiflisdən yazdığı "Nəvvabi-əşrəf, yüksək və böyük alimənsəb şahzadə Cəlaləddin Mirzə (Allah onun ömrünü uzun etsin) həzrətlərinə ərz edirəm" adlı məktubuna cavab olaraq yazılmışdır (yenə orada, s.141-145). Qara mürəkkəblə, iki vərəqdə, katib tərəfindən nəstəliq xətti ilə farsca yazılmış, altında "Cəlal" imzası qoyulmuş məktub M.F.Axundzadənin arxivindəki Q - 4/74 nömrəli sənəddən tərcümə edilərək "Əsərləri"nə daxil edilmişdir (yenə orada, s.289-292).

"Mənim əzəmətli qardaşım!" - deyə M.F.Axundzadəyə müraciət edən Cəlaləddin Mirzə onun məktubu ilə yanaşı, türkcə teatr əsərləri və qəzet mühərriri ilə müsahibəsini də aldığını bildirir. Bir çox məsələlərdə, xüsusilə, Süruşun şeirləri ilə bağlı M.F.Axundzadə ilə həmrəy olduğunu qeyd edən müəllif, İranda nadanlıq səbəbindən qərblilərə göstərilən sayğısızlıqdan, küçədə İngiltərənin səfiri Alesona edilən hörmətsizlikdən bəhs edir. Zərdüştilər, xüsusilə, onların başçısı Manukci Sahib, Tehrandakı qəsidənəvislərdən biri, "Süruşdan min dəfə artıq köpək oğlu adlandırdığı Məliküş-şüərayi-İraqeyn ləqəbli Məhrəm" haqqında məlumat verən müəllif Qərbi Avropaya məxsus bir sıra ad və terminlərin M.F.Axundzadə tərəfindən doğru yazılmamasına (Kolumb - Qolumb, kritik - qritik və s.) iradını bildirir, xahiş edir ki, fransız və rus adlarını həmin dillərdə olduğu kimi yazsın. 45 yaşında olduğunu və öz sərgüzəştini yazıb M.F.Axundzadəyə göndərəcəyini vəd edən Cəlaləddin Mirzə ondan yeni əlifba layihəsi, Rzaqulu xanla müsahibə və digər əsərlərini göndərməklə yanaşı, arzu edir ki, aralarında rus səfəratxanası vasitəsi ilə ayda 1-2 dəfə məktublaşma olsun.

Cəlaləddin Mirzə məktubun sonunda yazır: "Öz əsərlərinizdən, fars əlifbasından, başqa yazılarınızdan və Hidayətlə mübahisə məktubunu mütləq göndərin. Əgər çap olunmamışsa, verin, üzünü köçürsünlər və mənə göndərin ki, çox şad və xoşhal olacağam.

Neçə gündür ki, sizin əsəriniz mənə çatmışdır ("Kəmalüddövlə məktubları" nəzərdə tutulur - İ.Q.). Onun üzündən 20 nüsxə çıxartdırıb dostların vasitəsilə İran ölkəsinin hər tərəfinə göndərmişəm. Məktubunuzda adını çəkdiyiniz həzrət-Ruhül-qüds kimdir? Yazın görüm, onun vəziyyəti və işi nə olmuş və nədir? Əgər onun "Rəfiq və vəzir" əsəri sizdə varsa, mənə göndərin!" (yenə orada, s. 292).

***

Əfsus ki, Cəlaləddin Mirzənin vaxtsız vəfatı, M.F.Axundzadənin dili ilə desək, onların dostluğunun uzun müddət davam etməsinə imkan verməmiş, gözəl sifətləri, təqdirəlayiq əxlaqı öz şəxsiyyətlərində cəmləşdirən iki fikir nəhəngi və məslək dostunun yazışmaları yarımçıq kəsilmişdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!