Siracəddin HACI
5. Məhəmməd Füzulinin doğulduğu yer, il, doğum və ölüm tarixi
Türk füzulişünaslığı bu məsələləri araşdırarkən təzkirələri, Füzulinin əsərlərini qaynaq olaraq göstərmişdir. Bu qaynaqlar azdır, fərqli, bir-birinə zidd fikirlər var. Şairin əsərlərindən dəqiq məlumat əldə etmək çətindir.
Təzkirəçilərdən Lətifi, Əhdi, Əli Bəyani, Aşıq Çələbi, Sam Mirzə şairin Bağdadda doğulduğunu yazırlar. Əhdi Bağdadi şairi "mövlana Füzuli Bağdadi", Aşiq Çələbi "Füzuli məzkur Bağdadidir" kimi tanıdır. Alimlərin çoxu Füzulinin Bağdadda doğulması fikrini qəbul etməmişlər.
Təzkirəçi Xınalızadə Həsən Çələbi yazır ki, Füzuli Hillədə doğulmuşdur. Sadiq bəy Sadiqi, Məhəmməd Fuad Köprülü, Əli Məhfuz da eyni fikri təkrar etmişlər.
Sərvət Bayoğlu ciddi qaynaq göstərmədən, təxminlərə əsaslanaraq Məhəmməd Füzulinin Bağdad, Kərbəla, Nəcəf, Hillə, Kərkük, Mənzil, Hit şəhərlərindən birində doğulduğunu yazmışdır.
XX yüzilliyin altmışıncı illərindən başlayaraq Məhəmməd Füzulinin Kərkükdə doğulması ilə bağlı fikirlər önə çıxmışdır. Bu fikri daha çox İraq türkmən alimləri müdafiə etmişlər. Dörd səbəbə görə Füzulinin Kərkükdə doğulması fikrini ciddi qəbul etmək imkansızdır: birincisi, Füzulinin çağdaşı olan və sonrakı dövrdə yaşamış heç bir təzkirəçi bu fikrə yer verməmişdir, ikincisi, Füzulinin Kərkükdə, bölgənin bir kəndində doğulması fikri XX yüzilliyin başlanğıcında ara-sıra səsləndirilsə də, eyni əsrin 60-cı illərində önə çıxmışdır ki, bu da siyasi səbəblərlə bağlıdır, Füzulinin ərəb, kürd olduğunu yazanlara cavabdır, üçüncüsü, Füzulinin Kərkükdə doğulduğunu iddia edənlərin tutarlı elmi, tarixi, ədəbi qaynaqları yoxdur, dördüncüsü, Məhəmməd Füzulinin irsindən şairin Kərkükdə doğulması ilə bağlı qaynaq tapmaq imkansızdır.
Füzulinin Kərbəlada doğulması ilə bağlı fikri ilk dəfə Riyazi "Riyazüş-şuəara" təzkirəsində irəli sürmüşdür. Riyazi bu tezisini əsaslandırmaq üçün şairin farsca bir qitəsinə əsaslanmışdır. Füzuli bu qitədə deyir ki, bir halda ki, mənim məqamım Kərbəla torpağıdır, o halda, şeirim hər getdiyi yerdə hörmətlə qarşılanmalıdır. Mənim şeirim qızıl deyil, gümüş deyil, inci deyil, ləl deyil. Bu qulun şeiri bir torpaqdır, ancaq Kərbəla torpağıdır... Qeyd edək ki, bu qitə Füzulinin Kərbəlada doğulmasını təsdiq edəcək tutarlı dəlil sayıla bilməz. Şairin Kərbəlanı çox sevdiyi, hz.Hüseynə bağlılığı bir gerçəklikdir, o bu məkana ruhən bağlıdır, ancaq şeirlərində Kərbəla adı doğulduğu məkan anlamında işlədilməmişdir.
Məhəmməd Füzulinin həyatı, mühiti ilə bağlı ayrıca kitab yazmış Əbdülqadir Qaraxan şairin doğum yeri ilə bağlı yazılanlara Əhməd Razinin "Həft iqlim", Lütfəli bəyin "Atəşkədə" təzkirələrindəki qeydləri də artıraraq onun Kərbəlada doğulduğunu söyləmişdir.
Məhəmməd Füzuli Kərbəlada doğulmuşdur fikri türk füzulişünaslığında XX yüzilliyin 40-50-ci illərindən başlayaraq sabitləşmişdir. Təbii ki, bu bütün alimlərin qənaəti deyil - şairin Babildə, Hillədə doğulduğunu iddia edən alimlər də var.
Nəticə olaraq, deyə bilərik ki, Füzuli türkcə divanının ön sözündə İraqi-ərəbdə doğulduğunu, böyüdüyünü, başqa bir məkana getmədiyini yazır, Kərbəla torpağını başqa ölkələrin torpağından şərəfli sayır, elə buna görə də şeirinin mərtəbəsinin ucalığını vurğulayır. Şair farsca divanının ön sözündə isə şeirlərinin Nəcəf, Kərbəla torpağında yetişdiyini, vəlilər bürcü Bağdadın suyu, havası ilə bəslənib böyüdüyünü, Kərbəlada yazdıqlarının bu məkanın torpağından düzəldilən təsbeh kimi əldən-ələ gəzməsinin zəruri olduğunu söyləyir, yəni birbaşa Kərbəlada doğulduğunu demir, o yerə sevgisini ifadə edir, çox sevdiyi məkanda yazdığı şeirlərin üstünlüyünü göstərir.
Türk füzulişünaslığında Məhəmməd Füzulinin doğum tarixi ilə bağlı fərqli fikirlər var. Əbu Ziya Tofiq şairin 910/1504-cü ildə doğulduğunu, Hillə müftisinin oğlu olduğunu yazır, ancaq heç bir qaynaq göstərmir. Məhəmməd Fuad Köprülü bu fikirlə razılaşmır, şairin doğum tarixini "... bu sənədən on-on beş sənə daha əvvələ götürmək icab edər" deyir, belə ki, Füzuli Ağqoyunlu hökmdarlarından Əlvənd bəyə qəsidə yazmışdır, Əlvənd bəyin ölüm tarixi 1504-cü ildir. Hasibə Mazıoğlu da bu fakta əsaslanaraq Füzulinin təxminən 1480-cı ildə doğulduğunu söyləyir.
Məhəmməd Füzulinin həyatı ilə bağlı monoqrafiya yazmış Əbdülqadir Qaraxan şairlə sıx bağlı olan üç məsələyə əsaslanaraq onun 900/1495-ci ildə doğulduğunu yazmışdır: birincisi, Füzuli "Bəngü-badə" məsnəvisini Sah İsmayıl Şeybək xanı öldürəndən sonra - 916/920-1510-1514-cü illərdə ona ithaf etmişdir, bu vaxt şairin ən azı 18-20 yaşı olmuşdur. İkincisi, Sultan Süleyman Qanuni Bağdadı fəth edərkən (1554) şairin yazdığı qəsidələrdən və qaynaqların verdiyi məlumatlardan anlaşılır ki, Füzuli təxminən qırx yaşındadır. Üçüncüsü, şair qocalığından, ölümlə bağlı düşüncələrindən danışarkən çox yaşlandığını söyləyir, oğlunun üç dildə şeir yaza biləcək qüdrətə yetişdiyini deyir. Bunlar Füzulinin 900/1495-ci il "hüdudlarına girmədən əvvəl" doğulduğunu göstərir. Alim daha sonra bir məqalə yazmış, Füzulinin doğum tarixi ilə bağlı fikrini dəyişmiş, şairin 1480-ci ildə anadan olduğunu yazmışdır. O, dəlil olaraq Füzulinin "Əlvənd bəy mədhində şikayət yollu qəsidə"sini göstərmişdir. Alim Əlvənd bəyin şəxsiyyətini araşdırmış, bu qənaətə gəlmişdir ki, şair qəsidəni 1500-ci ildə Əlvənd bəyə təqdim etmişdir. Deməli, şairin 1500-ci ildə təxminən iyirmi yaşı olmuşdur.
Əbdülqadir Qaraxanın Füzulinin 1480-ci ildə doğulduğunu əsaslandırmaq üçün bir qaynağı da var. Alim deyir ki, şair "Ey əmir-əl möminin, əlli ildir ki, Füzuliyə cənabi-haqq sənin mədhini ilham edir... qocalıq onun belini bükdü" misralarını hz.Əliyə həsr etmişdir. O bu misraları Şah İsmayıl Bağdadı fəth edərkən (914/1508) yazıb, o zaman Füzulinin otuz yaşında bir gənc olduğunu düşünmək olar.
Əbdülbaqi Gölpınarlı da, bir sıra başqa qaynaqlar da Füzulinin təxminən 1480-ci ildə doğulduğunu yazmışlar.
Türk alimləri Füzulinin doğum tarixini dəqiq göstərməsələr də, bu tarixin 1480-1490-cı illər arasında olduğunu iddia edir, əsaslandırmağa çalışırlar.
Türk füzulişünaslığında şairin ölüm tarixi ilə bağlı ortaq fikir olduğunu söyləmək mümkündür. Təzkirələrdə fərqli fikirlər olsa da, Əbdülqadir Qaraxan ortaq qənaəti belə ifadə etmişdir: "... Bütün dəlillər Füzulinin ölümünün hicri 963-cü ildə olduğunu göstərir və artıq bu tarixdən şübhə caiz deyildir".
Füzulinin ölüm tarixini Əhdi Bağdadi "köçdi Füzuli", ya da "keçdi Füzuli" ifadəsi ilə göstərmişdir. Bu ifadənin əbcəd hesabı ilə qarşılığı 963/1566-cı ildir - Əhdi bu tarixi rəqəmlə də yazmışdır, ancaq Əhdi də, başqa təzkirəçilər də Füzulinin harada vəfat etdiyi, harada dəfn olunduğu ilə bağlı məlumat verməmişlər. Məsələ ilə bağlı xəbəri Süleyman Faiq Əfəndi məcmuəsindən öyrənirik. Bu qaynaqda deyilir ki, Füzulinin məzarı Kərbəlada - İmam Hüseynin türbəsinin yaxınlığındadır.
Əhdi Bağdadi qeyd edir ki, Füzulinin Fəzli adlı bir oğlu var, o, şairdir, zahiri elmlərlə məşğuldur, üç dildə - türkcə, farsca, ərəbcə şeir yazır.
Sadiq bəy Sadiqi "Məcmaul-xəvas" (1007/1598) adlı təzkirəsində Füzulinin oğuzların bayat boyundan olduğunu göstərir. Şair türkcə, farsca divanlarının ön sözündə, "Hədiqətüs-süəada" adlı nəsr əsərində ana dilinin türkcə olduğunu açıq yazmışdır:
Ey feyzrəsani-ərəbü türkü əcəm,
Qıldın ərəbi əfsəhi-əhli-aləm,
Etdin füsəhayi-əcəmi İsadəm,
Bən türkzəbandan iltifat eyləmə kəm.
(Ey ərəbə, türkə, əcəmə feyz bağışlayan (Allah), ərəbi dünya xalqının ən fasihi - gözəl danışanı, yazanı, İran (Əcəm) fasihlərini İsa nəfəsli etdin. Dili türk dili olan məndən də yardımını əskik etmə).
Türk alimləri deyirlər ki, Məhəmməd Füzulinin dərin təhsili var, o, dövrünün elmlərini, türk, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair türkcə, farsca divanlarının ön sözlərində, şeirlərində nəqli, əqli elmləri öyrənmək üçün ömrü boyu çalışdığını bildirir, mədrəsədə oxuyarkən şeirlər yazır, şeirə fitri meylinin olduğunu açıqlayır, o, "şeir gözəlinin elm və mərifət bəzəyindən məhrum olmasını istəmir", elmsiz şeiri təməlsiz divara bənzədir.
Məhəmməd Füzuli bir sıra dövlət adamlarından yardım alsa da, yoxsul, təvazökar həyat yaşamışdır. O, adının Məhəmməd, atasının adının Süleyman olduğunu "Mətləəl-etiqad" əsərinin ön sözündə yazmışdır: "... Əsaslı elmi axtarışlar sahəsində yüksək mövqeyə malik bəndə -Füzuli adını daşıyan Məhəmməd ibn Süleyman deyir...".
Şair farsca divanının ön sözündə niyə məhz "Füzuli" təxəllüsünü seçdiyini izah etmişdir. "Füzuli" sözünün iki mənası var: sözü "fəzl" sözünün cəmi kimi oxumaq olar, bu zaman "fəzilət", "ərdəmli olmaq", "yetkinlik" mənalarını yüklənir, bir də sözün "boş-boş danışan" "uzunçu", "arsız" anlamları var: "... Şair elmin, fəzilətin üstünlüyünü göstərmək üçün özünü boş-boş danışan adlandıraraq ustaca bir ifadədən yararlanmışdır. Füzuli şeirlərində və əsərlərində daima tək qalmaq, bənzərsiz olmaq arzusundadır. Buna görə Füzuli təxəllüsü ilə şair özünə başqa şairlərdən fərqli bir şeir dünyası yaradaraq, şeirlərinin məna və ifadə baxımından qüsursuz olması üçün çalışaraq əbədiyyatımızda tək qalmağı bacarmışdır".
Məhəmməd Füzuli yaşadığı məkanda ona dəyər verilmədiyini yazır, Təbrizə, Anadoluya, Hindistana getməyi arzulayır.
Füzuli dindar şairdir, Qurani-Kərimi, hədisləri bilir, Allah Rəsuluna, onun əhli-beytinə bağlıdır. Süleyman Nazif şairin sünni olduğunu yazsa da, bu fikrin heç bir əsası yoxdur, Fuad Köprülünün dediyi kimidir, o, şiədir, ancaq fanatik şiə deyildir, sünnilərlə də gözəl əlaqə qurmuş, Qanuni Sultan Süleymana "gəldi bürcü övliyaya padişahi namdar", "o, Peyğəmbərin xəlifəsi, müsəlmanların başı və qoruyucusudur, İraqa ədalət, nizam gətirmişdir" deməyi bacarmışdır: "O, imanı sağlam, əxlaqi məziyyətləri üstün, böyük bir insan, tam bir müsəlmandır...".
Füzuli şairdir, din alimidir, nəzmlə, nəsrlə əsərləri var, üç dildə yazmışdır: "... O, dərin mədəniyyəti, kəskin zəkası, iti qələmi, şair ruhu ilə bədii nəsrin ən mükəmməl örnəklərini vermişdir. O, məcazi bir üslubda yazsa da, ifadəsi (üslubu) son dərəcə axıcı və gözəldir...".
Məhəmməd Füzuli türk, ərəb, fars mədəniyyətinin bir arada yaşadığı İraq ədəbi, elmi, dini, mədəni, siyasi mühitinin yetirməsidir.
6. Məhəmməd Füzulinin əsərlərinin təhlil örnəkləri
a) Şairin türkcə divanı
Məhəmməd Füzulinin türkcə divanında qəsidələr, qəzəllər, müstəzad, tərkibbənd, tərcübəndlər, müsəddəslər, müxəmməslər, təxmislər, mürəbbelər, qitələr, rübailər var. Şair türkcə divanının ön sözündə şeirlə bağlı görüşlərini açıqlayır, deyir ki, sözün yaradıcısı Allahdır, şeir Allahın bəzi qullarına verdiyi bir lütfdür. O, söz nemətini Füzuliyə də vermişdir. Füzuli üç qrup insanın şərindən Allaha sığınır: şeirlərini yanlış yazan katiblər, şeiri pis oxuyanlar, istedadsız şairlər.
Məhəmməd Füzulinin qəsidələrinin nəşri, tənqidi mətninin hazırlanması, şərhi ilə bağlı türk füzulişünaslarından bu alimlərin ciddi əməyi var: Əbdülbaqi Gölpınarlı, Əbdülqadir Qaraxan, Məhəmməd Fuad Köprülü, Kamal Ədib Kürkçüoğlu, Hasibə Mazıoğlu, Peyami Safa, Əli Nihad Tərlan, Əbdülqadir İnan.
Türk füzulişünasları şairin qəsidələrini təhlil edərkən bu məsələləri önə çıxarmışlar, birincisi, Füzulinin türkcə divanının qəsidələr bölməsi tövhidlə başlayır, bu, şairin Allah inancını, təhqiqi imana sahib olduğunu, Allahı doğru tanıdığını, Onu tanıtmağı vəzifə saydığını, şairin dünyagörüşünün qaynaqlarından birini göstərir. İkincisi, türkcə divanda doqquz nət var, Füzulinin Allah Rəsuluna bağlılığını ifadə edir. Üçüncüsü, Füzulinin qəsidələri onun həyatını, mühitini doğru öyrənmək üçün etibarlı qaynaqlardan biridir, təsadüfi deyildir ki, şairin həyatı ilə bağlı bir sıra faktlar qəsidələrindəki tarixi bilgilər və şəxsiyyətlərin kimliyi müəyyən edilərək ortaya qoyulmuşdur. Dördüncüsü, qəsidələr Füzulinin şair kimliyini, ustalığını təsdiq edən bədii sənədlərdir. Beşincisi, qəsidələr türk dilinin bədii gücünü, şairin üslubunu, fikri ifadə imkanını açıqlayır.
Məhəmməd Füzuli tövhid məzmunlu qəsidəsində Allahın varlığını, təkliyini ifadə edir, varlığa - yaradılmışlara üç baxış ölçüsü qoyur: birincisi, hər varlıq əlamətdir, Allahın varlığını təyid edir, deyir ki, varlıq ona görə var oldu ki, Allah var, hər varlıq öz hal dili ilə Allahdan başqa ilah yoxdur deyir:
...Nişani-kəsrəti-əşya dəmadəm əhli-təqlidə,
Rümuzi-nüqteyi-tövhidi-həqq xatirnişan eylər.
Bəyani-macərayi-masələf hal əhlinə bir-bir,
Zəbani-halilən keyfiyyəti-qüdrət bəyan eylər.
(Şeylərin-yaradılmışların çoxluğu təqlid əhlinə ardıcıl olaraq xatırladır ki, onlar Allahın varlıq və birliyinin rəmzləridir, hər biri öz hal dili ilə Allahın qüdrətini bəyan edir).
İkincisi, Füzuli qəsidələrində buyurur ki, varlıq-yaradılmışlar ayədir, deyirlər ki, Allah tək, yaradılmışlar çoxdur. Üçüncüsü, Füzuli hər varlığın əmanət olduğunu açıqlayır, ey insan, Allahın əmanətlərini qorumaq sənin işindir, Allah əmanətlərinin hesabını səndən soruşacaq, yəni şair axirətə, hesaba, ilahi ədalətə inanır, insanın məsuliyyətli varlıq olduğunu söyləyir.
Türk alimləri Füzulinin "Su" rədifli qəsidəsinə ayrıca yer ayırmış, onu nət ədəbiyyatının şahı saymış, söz-söz şərh etmişlər. Otuz iki beytlik bu qəsidə Füzulinin Allah Rəsuluna sevgisini, mənəvi bağlılığını ifadə edir. Şair "su" sözünü rədif seçir, su həyat qaynağıdır, ilahi rəhmətdir, bərəkətdir, nemətdir, təmizlikdir, səsi hüzur verir. Allah Rəsulu su kimidir, su maddi, o, mənəvi qidadır, Allah hidayət rəhbəri, dirilik qaynağı, ağılın, ruhun, qəlbin şəfası olan vəhyi insanlara çatdırmaq üçün Onu seçmişdir, O, Allahın seçdiyi ən gözəl örnəkdir, Rəsula itaət Allaha itaətdir.
Füzuli deyir ki, qəlbim Allah Rəsuluna sevginin atəşi ilə yanır, bu elə bir atəşdir ki, göz yaşlarının onu söndürməsi imkansızdır:
...Dəstbusi arizusundan gər ölsəm, dustlər,
Kuzə eylin torpağım, sunun onunla yarə su.
(Dostlar, sevgilinin - hz.Məhəmmədin əlini öpmək arzusu ilə ölsəm, torpağımdan kuzə düzəldin, onunla yara - sevgiliyə su verin).
...Suya versin, bağiban gülzari, zəhmət çəkməsin,
Bir gül açılmaz yüzin tək versə, min gülzarə su.
(Bağban boş yerə zəhmət çəkməsin, gül bağçasını selə versin, O, min gül bağçasına su versə də, Allah Rəsulunun üzü kimi bir gül açılmaz).
...Yümni-nətindən gühər olmuş Füzuli sözləri,
Əbri-nisandan dönən tək lölöi - şəhvarə su.
(Səni - Allah Rəsulunu öyməyin bərəkəti ilə Füzulinin sözləri nisan buludundan düşüb böyük (tək) inciyə çevrilən su damlası kimi bir mirvari olmuşdur).
Türk füzulişünasları şairin qəzəllərinin şərhi ilə bağlı ciddi işlər görmüşlər. Müasir oxucunun Füzulinin əsərlərini doğru anlaması çətindir, zaman, dil, üslub, anlayış fərqi var. Elə buna görə də klassik irsin söz-söz şərhi bir ehtiyacdır. Bu məsələ ilə bağlı professor Əli Nihad Tərlanın gördüyü işlər ayrıca qeyd olunmalıdır.
Alim Məhəmməd Füzulinin qəzəllərini şərh edərkən bu ölçüləri seçmişdir: qəzəlin mətnini vermiş, onu rədifi, ya da birinci misrası ilə adlandırmış, hər beyti rəqəmlə sıralamış, qəzəlin vəznini bildirmiş, hər beyti ayrıca şərh etmiş, anlayışları seçmiş, mənalarını açıqlamış, məcaz növlərini, onların mətndəki işini, şairin məqsədini göstərmişdir.
Türk alimləri deyirlər ki, Füzulinin şeirləri, o sıradan qəzəlləri ciyər qanı, göz yaşları ilə böyütdüyü övladlarıdır, o, şeirlərin ən gözəlini yazmaq iddiasındadır. Füzulinin qəzəlləri göstərir ki, o, aşiqdir, eşq, iztirab şairidir:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
...Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəraydı var.
...Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə,
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.
Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
(Məndə Məcnundan daha çox aşiqlik istedadı var, sadiq aşiq mənəm, Məcnunun ancaq adı var. Ey gül, mən təmkinli, səbirli insanam, məni bülbülə bənzətmə, Onun dərdə səbri yox, hər an min fəryadı var, Ey könlüm quşu, eşq göyündə qafil olaraq uçma, belə ki, bu səhranın - eşq səhrasının yollarında çox ovçusu var. Ey Füzuli! Sənə öyüd verənlərinin eşqi yasaqlamasını qəbul etmə. Onun öyüdü ağılın tədbiridir, bir təməli yoxdur).
Məhəmməd Füzuli deyir ki, gerçək şeirin mayası acı, kədər, ayrılıqdır, dərin hüzndən doğulan şeirin insana təsir gücü çoxdur.
Türk alimləri Füzulini Nəsimidən seçir, deyirlər ki, Nəsimi bəlli bir dini-fəlsəfi görüşü təmsil edir, o, şeiri təbliğat vasitəsinə çevirmişdir. Füzuli isə bir gerçək aşiqdir: "... Divanındakı bütün qəzəlləri eşq duyğularının, hicranın, ayrılıq acılarının tərənnümü, sevgilinin gözəlliyinin təsviridir. Füzuli eşqdən, eşqin qəmini çəkməkdən məmnundur. Başqalarının cəfasını çəkməyi, xalqın qınamasına qatlanmağı aşiqliyin təbii bir cilvəsi sayır. O, eşqdəki səbatını, səbir gücünü böyük eşq qəhrəmanları olan Məcnun və Fərhadın eşqi ilə qarşılaşdırır, deyir ki, mən onlardan daha böyük aşiqəm...".
Professor Hasibə Mazıoğlunun belə bir iddiası var ki, Füzulinin eşqi mənşə etibarı ilə bəşəri eşqdir. Bu fikirlə razılaşmaq çətindir, belə ki, Füzulinin qəzəllərində bəşəri eşq də, ilahi eşq də var, o, özünü eşq, möhnət, qənaət ölkəsinin padşahı sayır:
Mənəm ki, qafiləsalari-karivani-qəməm,
Müsafiri-rəhi-səhrayi-möhnətü ələməm,
Həqir baxma mənə, kimsədən saqınma kəməm,
Fəqiri-padişahasa, gədayi-möhtəşəməm,
Sirişk təxti-rəvandır mənə, bu ah-ələm,
Cəfavü cövr-mülazim, bəlavü dərd-həşəm.
Nə mülkü mal mənə çərx versə, məmnunəm,
Nə mülkü maldan avarə qılsa, məhzunəm.
Əgərçi müflisü pəstü mühəqqərü dunəm,
Dəmadəm öylə xəyal eylərəm ki, Qarunəm.
Könüldə nəqdi-vəfa gənci, leyk pünhani,
Gözüm xəzaneyi-ləlü gühər, vəli fani...
(Mən qəm karvanının qafilə başçısıyam. Möhnət, ələm səhrasının yolunun yolçusuyam. Məni həqir görmə, hər kəsdən aşağı olduğumu sanma. Mən padşah kimi fəqir, möhtəşəm yoxsulam. Göz yaşı yeriyən taxtım, ah bayrağım, cəfa və cövr yaxın adamlarım, bəla və dərd əsgərlərimdir. Fələk mənə mal, mülk versə, məmnun olmaram. Maldan, mülkdən ayırsa, hüznlənmərəm. Hər nə qədər pulsuz, aşağılanmış, təhqir edilmiş olsam da, hər an elə xəyal edirəm ki, Harunam - dünyanın ən zəngin adamıyam. Könüldə vəfa xəzinəsi var, ancaq gizlidir. Gözüm ləl, gövhər xəzinəsidir, ancaq keçicidir).
(Davamı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!