Nizami Gəncəvidən Nizami Cəfərova: böyük xalqın böyük nümayəndələri - Əlimuxtar MUXTAROV

Dahi Nizami Gəncəvi haqqında akademik Nizami Cəfərovun görüşləri

Filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi Nizami Cəfərov yazır: "Mədəniyyət anlayışı çox genişdir: bütün maddi tərəfləri ilə və mənəvi tərəfləri ilə... Doğrudur, bu gün mədəniyyətin hər iki sahəsi qorunur. Amma mənəvi mədəniyyətə düşünürəm ki, daha çox üstünlük verilir, çünki bu, insanın ruhu ilə bağlıdır. O yerdə ki, insanın ruhu birbaşa təzahür edir, bilavasitə təzahür edir, bax, orda mədəniyyət özünü insan naminə daha parlaq bir şəkildə göstərir və insan üçün daha çox sevimli olur mədəniyyət. Dünyada insanın yaratdığı nə varsa, mədəniyyətdir. Bir var, təbii olaraq bu dünyada Allahın yaratdığı, bir də insan dünyaya gələndən sonra onun yaratdıqları mədəniyyətdir. İnsanın yaratdıqlarından da elələri var ki, xüsusi dəyərə malikdir. Bunun biri dildir. Dil böyük mədəniyyətdir. Ədəbiyyat böyük mədəniyyətdir. İncəsənətin müxtəlif sahələri böyük mədəniyyətdir. Ümumiyyətlə, dilin özü mədəniyyətdir. O dildə yaxşı danış, pis danış, fərqi yoxdur, o da mədəniyyətdir. Ancaq o dildə gözəl danışırsansa, yazırsansa, bu da ayrı səviyyədə mədəniyyətdir. Buna artıq biz nitq mədəniyyəti deyirik. Çünki nitq artıq potensial olan o dilin təzahürüdür.Yəni bu təzahürdə insan hər an iştirak edir. Hər an düşünür ki, o mədəni olsun, gözəl düşüncəni ifadə eləsin. Ona görə də biz tez-tez təfəkkür mədəniyyəti söhbəti edirik. Yəni təfəkkür mədəniyyəti olmayan yerdə dil mədəniyyəti yoxdur".

Nizami müəllimin Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyatı, dili, təfəkkürü ilə bağlı söylədiyi bu kəlamlar, fikirlər bir xalqı əbədi ayaqda tutan əsas anlayışlar olduğu kimi, özü də ömrü boyu bu anlayışların təbliği, təmsili, tədqiqi, ən əsası da diri qalması üçün misilsiz xidmətlər göstərmişdir və göstərməkdədir. Xalqımızın milli-mənəvi dəyərlərinin məcmusu, əbədiyyəti olan anlayışlara xidmət edə-edə Nizami müəllim də əbədiyaşarlıq qazanmaqla təkcə ölkəmizdə deyil, türk dünyasında ədəbiyyat, mədəniyyət hadisəsinə çevrilmişdir.

Nizami müəllimin tədqiqat sahəsi Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunsa da, onun bu zəngin fəaliyyətinin, tədqiqatlarının içində dahi Azərbaycan şairi Nizami Gəncəvi xüsusi yer tutur. Necə ki, yuxarıda Nizami müəllim mənəvi mədəniyyətin xalqın ruhuna kökləndiyini ifadə edir, eləcə də böyük alim böyük Azərbaycan mütəfəkkirinə məhz o ruhla bağlıdır.

Və bu ruhi bağlılığın da Nizami Cəfərov zirvəsi var. Adı da Nizami, doğulduğu ayın da Nizami ayı olması bu ruhi bağlılığın, bəlkə də, iç dərinliyi ilə bizim bilmədiyimiz mənəvi hikmətinin gizlinlərindəndir. Xalq şairi Zəlimxan Yaqubun söylədiyi "Düşüb sən doğulan həftəyə, aya, Səni sevmək üçün gəldim dünyaya" misralarındakı dərin hikmətin ehtiva etdiyi fikirlər, sanki bu iki böyük Azərbaycan övladının ruhi bağlılığını əks etdirir, təzahür etdirir.

Akademik Nizami Cəfərov dahi Azərbaycan şairi Nizami Gəncəvi irsini bir çox aspektdən araşdırdığı kimi, bu istiqamətlərin içində dahi şairimizin milli mənsubiyyət konteksti aparıcı yer tutur.

Nizami müəllim "Nizami Gəncəvi: yaradıcılığının mənşəyi, tipologiyası və funksiyası" məqaləsində yazır: "E.ə. I minilliyin sonlarından etibarən qədim türk epos təfəkkürü "süqut edir", tədricən qədim türk ədəbiyyatı formalaşır və IX-XI əsrlərdə İslam dininin türklər arasında yayılması ilə bağlı olaraq epos təfəkkürü deformasiyaya məruz qalır - regionallaşır, "müsəlmanlaşır"... Nizaminin "Xəmsə"sində və ümumən XI-XIII əsrlər Mərkəzi (Orta) Asiya, Qafqaz - Kiçik Asiya və Ural - Volqaboyu türk etnik-mədəni regionlarında məhz az və ya çox "müsəlmanlaşmış" türk epos təfəkkürü öz əksini tapır.

Nizami yaradıcılığındakı rasionalizm, hər şeydən əvvəl, qədim türk eposundakı "naturalizm"dən gəlir - hadisələrin epik təmkinlə təsviri, xarakterlərin "fundamentallığ"ı, irəlicədən müəyyənləşdirilməsi, "təbiiliy"i və s. bunun nəticəsidir. "Alp Ər Tonqa", "Oğuz kafan", "Göy türk", "Köç" və s. qədim türk dastanlarının qalıqları üzərindəki müşahidələr göstərir ki, qədim türk eposu humanist, çevik və obrazlı təfəkkürün məhsuludur - həmin təfəkkür "Xəmsə"də təkcə İslamlaşmamış, həmçinin İslamı özündə ehtiva etmişdir".

Şəxsiyyəti, yaradıcılığı, təfəkkürü və məkan qurduğu diyarla türk hadisəsi olan Nizami Gəncəvi haqqında ifadə edilən fikirlər dahi mütəfəkkirin əsərlərində bəyan etdiyi, professor Xəlil Yusiflinin də qeyd etdiyi "Nizami Gəncəvi öz daim türklüyü uğrunda və bu ərazilərin qədim türk yurdu olması uğrunda mübarizə aparmışdır" tezislərinin elmi ədəbiyyatda akademik Nizami Cəfərov tərəfindən təsdiqinin tapıldığı mühüm arqumentlərdir.

Müəllif davam edərək yazır: "Nizami "Xəmsə"sinin fəlsəfi əsaslarını, əgər belə demək mümkünsə, Əl-Fərabi (IX-X əsrlər) müəyyən etmişdir. Və dahi türk şairinin yaratdığı, demək olar ki, bütün poetik obrazların fəlsəfi sxemi dahi türk filosofunda mövcuddur - hökmdarın "qeyri-adi kamilliyi", "ideal idarə sistemi", "etik intellektualizm", "qneseoloji optimizm" və s. məsələlər Nizamiyə Əl-Fərabidən gəlir. Əgər nəzərə alsaq ki, Nizaminin dönə-dönə müraciət etdiyi antik fəlsəfənin Şərqdə ilk və ən mükəmməl şərhçisi də Əl-Fərabidir, onda aydın olar ki, dahi türk filosofunun dahi türk şairinə müəllimliyi genişmüqyaslıdır. Əl-Fərabi etiraf edirdi ki, insan ağlı "ilahi intellekt"in fəaliyyət sferasına nüfuz etmək imkanına malikdir - bu inqilabi mövqeyi Nizami də müdafiə etmişdir. Nizami fenomeninin mənşəyi məsələsinin həlli, şübhəsiz, həmin fenomenin konteksti məsələsini aradan qaldırmır - heç kəs inkar etmir ki, Nizami müsəlman şərqinin hadisəsidir... Və "Xəmsə"nin metodologizm"i də təsdiq edir ki, dahi şairin təfəkküründə mənşə ilə sistemin münasibəti funksionaldır, yəni elə məqamlar tapmaq mümkündür ki, yalnız mənşə, yaxud yalnız sistem münasibətini ifadə edir. "Xəmsə"nin poetikasında qədim (ümumi) türk əlaməti genotip kimi, ümumşərq əlaməti isə fövqəltip kimi özünü göstərir - sistem isə genotiplə fövqəltipin mürəkkəb münasibəti əsasında müəyyənləşir".

Nizami Gəncəvinin yardıcılığının əsasını, mənbəyini, qidasını təşkil edən bu mülahizələrin nəticəsi idi ki, İranın ən böyük Nizami tədqiqatçıları etiraf edirdilər ki, "Nizami əsərlərini fars dilində yazsa da, onun əsərlərindən türk qoxusu gəlir". Onların bu etirafları Nizaminin əsərlərində ən sadə oxucunun görə biləcəyi işarətlərdən qaynaqlanmayıb, Nizami Cəfərovun bəyan etdiyi daha dərin kodlara əsaslanırdı. Təsadüfi deyildir ki, professor Xəlil Yusifli də ömrünün son günlərində olan görüşlərinin birində mənə demişdi ki, Nizami deyir ki, "Biz Türk Midiyanın davamçılarıyıq" fikirləri də akademik Rafael Hüseynovun söylədiyi "Nizamini bizdən qoparmağa çalışanlara" ən tutarlı cavabdır.

Nizami-Firdovsi qarşılaşdırılması: Akademik Nizami Cəfərov "Nizami Gəncəvi və ya dünya şöhrətli Azərbaycan şairi" məqaləsində yazır: "Əlbəttə, Nizami Gəncəvi yaradıcılığı, prinsip etibarilə, Azərbaycan ədəbiyyatı hadisəsi olsa da, ona a) ümumtürk, b) ümumşərq, c) ümumdünya ədəbiyyatı kontekstlərində baxmadan dahi şair-mütəfəkkirin tarixi miqyasını təsəvvür etmək çətindir. Lakin uzun illər istər Şərq, istərsə də Qərb ədəbiyyatşünaslıq təcrübələrində Nizami İran şairi kimi təqdim olunmuşdur ki, bu zaman onun məhz farsca yazması əsas götürülmüşdür. Həmin məntiqlə yanaşsaq, onda gərək tərcümeyi-halları, yaradıcılıqlarının ideya-estetik koordinasiyası yaxşı məlum olan onlarla türk şairini iranlı elan edək. Yaxud həm türkcə, həm farsca, həm də ərəbcə yazmış Azərbaycan şairi Füzulini eyni zamanda üç xalqın övladı sayaq...

Mütəxəssislər Nizami yaradıcılığında şəksiz ümumbəşəri miqyas ilə birlikdə eyni dərəcədə şəksiz türklüyü (azərbaycanlılığı) yalnız ideya-məzmunda deyil, həm də forma-üslubda görürlər. Məşhur İran ədəbiyyatşünaslarından Səid Nəfisi vaxtilə yazmışdı ki, "Nizamidən türk ətri gəlir". Görkəmli Azərbaycan ədəbiyyatşünası Həmid Araslı isə Nizaminin dilində işlənən spesifik türk-Azərbaycan sözlərindən, ifadələrindən çoxlu örnəklər vermişdir. Belə bir fakt - müqayisə də mövcuddur: "Şahnamə"də fars dilini bütün zənginlikləri, incəliklərilə əks etdirmiş Firdovsidən sonra Nizami bu dilə elə yeniliklər gətirdi ki, farsdilli poeziya uzun zaman həmin yeniliyin təsirindən çıxa bilmədi. Bu isə o deməkdir ki, türk-azərbaycanlı Nizami yazdığı dilin poetik ənənələrini həm davam etdirmiş, həm də ona türk təfəkkürü mövqeyindən rezonans vermişdir".

"Nizaminin Xeyir-Şər dilemması zərdüştlükdən daha çox, Müsəlman İntibahına əsaslanır"...

"Şairin demək olar ki, bütün poemalarında özünü göstərən Xeyir-Şər dilemması zərdüştlüyün məşhur tarixi formuləsindən daha çox, Müsəlman İntibahının formalaşdırdığı yeni idrak-mənəviyyat prinsiplərinin interpertasiyasında verilir. Və bir dünyagörüşün inhisarından çıxarılaraq ümumfəlsəfi dünyagörüşü, ümumbəşəri təfəkkür metafizikası səviyyəsinə yüksəldilir".

Bu fikrin təsdiqinə akademik İsa Həbibbəylinin də tədqiqatlarında rast gəlirik. Belə ki, "Yaşayan Nizami" məruzəsində ifadə edir: "Şərq intibahının yaradılmasında iştirak edən mütəfəkkirlər çox olub. Hətta Şota Rustavelidən tutmuş, Əlişir Nəvai, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, ümumən, XIII-XIV əsrlərə qədər bir çoxlarının adını çəkə bilərik. Ancaq məsələ burasındadır ki, onların hər hansı biri olmasa, Şərq intibahı baş tutmuş sayıla bilər. Ancaq Nizami Gəncəvinin olmadığını təsəvvür etsək, Şərqdə intibah baş tutmuş sayılmaz".

Nizami Gəncəvinin islam dininə, nümayəndələrinə baxışı, məzhəb ayrı-seçkiliyi qoymadan peyğəmbərə və onun xəlifələrinə olan rəğbəti, tərənnümü, dövrünə qədər və dövründən sonrakı fars şairlərindən fərqli olaraq İsgəndərə olan sonsuz rəğbəti də Nizami müəllimin yuxarıda irəli sürdüyü tezisləri təsdiq edən, Nizami Gəncəvinin özü də daxil olmaqla, əcdadlarının Azərbaycan türk hadisəsi olmasının təkzibolunmaz arqumentləridir.

Nizami Gəncəvinin istedadı və cəsarəti... "1170-ci illərin ortalarında Ərzincan hakimi Məlik Fəxrəddin Bəhram şaha ithafən qələmə alınmış əsərin əvvəlində Bəhram şahın şəxsiyyəti olduqca yüksək qiymətləndirilirdi. Lakin səlcuqlar dövrünün hər nə qədər nüfuzlu olsa da, adi bir türk hakiminə göstərilən həmin ehtiram "sirlər Xəzinəsi"nin azərbaycancaya filoloji tərcüməsinin müəllifi, görkəmli nizamişünas Rüstəm Əliyevin də dediyi kimi, sonrakı katib-şairlər tərəfindən o dərəcədə vulqarlaşdırılmışdır ki, istər-istəməz dahi şairə yaraşdırılması heç cür mümkün olmayan məddah obrazı meydana çıxmışdır. Halbuki Nizaminin "Sirlər Xəzinəsi"ndən özünü mükəmməl bir şəkildə təzahür etdirən ədəbi əqidəsi hər cür məddahlığa qarşı dayanmaqla zəmanəsinin intellektual olduğu qədər də cəsarətli sözünü deməkdədir".

Nizami Gəncəvinin öz dövrünün görkəmli, nüfuzlu hökmdarlarının təkliflərini, dəvətlərini qəbul etməyib, saraylara getməməsi, xüsusilə, adıgedən məsnəvisində hökmdarlara xitabən söylədiyi:

 

Sən hökmdar olmusan yetişəsən haraya,

Daim məlhəm qoyasan vurulan hər yaraya.

Kasıbların adəti sənə naz eləməkdir,

Sənin vəzifən isə onlara can deməkdir...

 

- fikirləri də öz növbəsində, Nizami müəllimin qeyd etdiyi Nizami cəsarətinin ən parlaq örnəyidir.

Nizami Gəncəvinin istedadı dedikdə, iki anlayış canlanır gözümüzün qarşısında: Nizaminin zahiri və batini istedadı.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin birbaşa himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2023-cü ildə keçirilən X Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi "Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür" müdrik fikri dahi mütəfəkkirin özünün və əsərlərinin ruhunda məkan quran türk düşüncə sisteminin, Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının tolerantlığını özündə əks etdirir ki, bu da onun bütün şəxsiyyətini, əsərlərini əhatə edir.

Akademik Nizami Cəfərovun dahi Nizaminin zahiri istedadının fövqünü müəyyənləşdirərkən, "Türk-Müsəlman İntibahı: Fərabinin fəlsəfəsindən Nizaminin poeziyasına" məqaləsində yazır: "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin nəhəng yaradıcılığının əsasında dayanan elmiliyin, fəlsəfi-metodoloji mükəmməlliyin mənşəyini araşdırarkən, gözlərimiz qarşısında dünya idrak-təfəkkür mədəniyyətinin ən qədim dövrlərdən gələn son dərəcə zəngin bir mənzərəsi canlanır. "Xəmsə"nin, demək olar ki, hər bir beyti göstərir ki, Nizami bu möhtəşəm söz sənəti abidəsini yaradarkən, yalnız ilhamının geniş üfüqləri ilə kifayətlənməmiş, həmçinin Müsəlman İntibahının məhsulu olan maarifçilik hərəkatının ön sıralarında addımlamağa çalışmışdır".

Nizami müəllimin Nizami Gəncəvinin fitri istedadı və fövqəladə təbii hafizəyə malik olması, ən əsası da, Gəncənin onu yetirəcək gücdə olması ilə bağlı irəli sürdüyü fikirlər görkəmli nizamişünas, professor Rüstəm Əliyevin də tədqiqatlarında öz təsdiqini tapan mühüm faktlardandır ki, bütün bunların hər biri Nizami Gəncəvinin milli mənsubiyyətinin azərbaycanlı olmasına dəlalət edir: "Nizaminin qeyri-adiliyi - belə bir şey yoxdur, Nizami gerçəkliyin dahiyanə təzahürüdür, belə bir dahiliyin məhz Azərbaycanda, Gəncədə meydana gəlməsi isə tarixi zərurət idi. Gəncənin ədəbi mühiti də onun təbiəti kimi bu zəminin bir parçasıdır: "Təbiət kimi, cəmiyyət də öz toxumunu hara gəldi səpmir və bu toxum harda gəldi yox, məhz şərait olan yerdə cücərir: dən qara torpaqda gizlənməsə, nə gül-çiçək, nə də bağ olar. Bunu da Nizami deyib".

Bəli, akademik Teymur Kərimlinin də qeyd etdiyi kimi, " Nizami Gəncədən doğdu, Azərbaycan göylərinə qalxdı və bütün dünyaya işıq saçdı".

Nizami farscasının türkcəsi...

Bu tezis də akademik Nizami Cəfərova məxsusdur. "Artıq neçə on illərdir ki, nizamişünaslar dahi şair-mütəfəkkirin türkcə yazmış olduğu əsərləri axtarır, lakin tapa bilmirlər. Görünür, onunla kifayətlənmək lazım gələcək ki, Nizami öz dövrünün populyar ədəbi dili olan farscada məhz türkcə yazmışdır".

Nizami Gəncəvi irsinə dövlət qayğısı: "Nizami Gəncəvi İli" çərçivəsində görülən işlər Azərbaycan mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıyır" mövzulu müsahibəsində qeyd edir: "Ulu öndərin milli mədəniyyətin inkişafı yönündəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının Azərbaycan mədəniyyətinin inciləri sayılan dahi şairlərimizin, mütəfəkkirlərimizin yubileylərinin keçirilməsi, onların irsinin öyrənilməsi və dünyada tanıdılması istiqamətində atdığı addımlar mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, müstəqilliyimizin bərpasının 30 illiyini qeyd etdiyimiz tarix həm də dahi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə təsadüf edir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi İli" elan edilib. Ekspertlərin qeyd etdikləri kimi, bu, istər ölkə, istərsə də dünya ictimaiyyətinin Nizami irsi ilə yaxından tanış olması üçün olduqca mühüm bir qərardır. Digər tərəfdən, bu qərar bir daha ölkəmizdə mədəniyyətin inkişafı istiqamətində davamlı tədbirlərin görülməsinin əməli təsdiqidir.

Bu mənada, 2021-ci ilin "Nizami Gəncəvi İli" kimi qeyd olunması böyük məna kəsb edir. Ulu öndərimiz Heydər Əliyev hər zaman Nizami Gəncəvi yaradıcılığına, Nizami Gəncəvinin əsərlərinin tərcümə olunmasına, çap edilməsinə, nizamişünaslıq tədqiqatlarının miqyasının genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Nizami Gəncəvinin yubileylərinin keçmiş Sovet İttifaqı çərçivəsində, hətta dünya miqyasında qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır: "Əsası ulu öndər tərəfindən qoyulan bu ənənə müstəqil Azərbaycanda daha geniş miqyasda davam etdirilir. Prezident İlham Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyər olduqca təqdirəlayiqdir. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Tədbirlər Planı hazırlanıb və həyata keçirilir. Düzdür, davam edən COVID-19 pandemiyası ilə əlaqədar "Nizami Gəncəvi İli"ndə kütləvi tədbirlərin keçirilməsində çətinliklər yarandı. Bununla belə, əsas məqsəd heç bir zaman unudulmamalıdır. Çünki Nizami Gəncəvi həm də öz doğma yurdunu, dövlətini sevmiş bir vətənpərvər, mütərəqqi şairdir. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi Nizami Gəncəvi irsinə ən böyük töhfə, hədiyyə oldu".

Akademik Nizami Cəfərovun dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında qələmə aldığı çoxsaylı əsərlərinin bir neçəsi üzərində apardığımız tədqiqatlar bir daha onu deməyə əsas verir ki, müəllifin irəli sürdüyü tezislər, fikirlər dahi mütəfəkkirin yaradıcılığı işığında öz aktuallığı ilə seçilməklə yanaşı, günümüz tədqiqatları üçün vacib olan tarixilik və müasirlik kontekstinə əsaslanır...

Akademik Nizami Cəfərov müasir Azərbaycanın filologiya elmində bir neçə nəsil tədqiqatçı alimlərin yetişməsində böyük rolu olan görkəmli elm xadimlərindən biridir. O nəslin nümayəndələrindən biri də mənəm. Filologiya üzrə fəlsəfə doktorluğu üzrə təhsilimdə Nizami müəllim "Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı" adlı dissertasiya işimə böyük qayğıkeşliklə elmi rəhbərlik etdi. Əyani doktorant olmağım səbəbilə elmi rəhbərliyi altında üç ilin tamamında dissertasiya işimi tamalayaraq böyük sevinclə müdafiə etdim. 2021-ci ildə - Nizami Gəncəvi ilində isə nəşr edilən monoqrafiyamın elmi redaktorlarından biri və geniş ön sözün müəllifi oldu.

Əziz Nizami müəllimimiz! 65 illik yubileyiniz mübarək! Canınız sağlam, ömrünüz uzun olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!