Nizami Cəfərov - fikir həyatımızda mərhələ yaradan alim - Azər TURAN

Azər TURAN

Nizami Cəfərov bütövlükdə türk, eləcə də Azərbaycan düşüncə tarixini (daha doğrusu, türk düşüncə tarixinin fəlsəfəsini), bu sahənin elmi metodologiyasını yaradaraq araşdırır. Onun "Azərbaycanşünaslığa giriş" kitabı bu istiqamətdə konseptual bir başlanğıc idi və  Azərbaycanşünaslıq kimi bəlirlənən bu təfəkkür hadisəsini Azərbaycanda türk düşüncə tarixi də adlandırmaq olardı. Nizami Cəfərovun tədqiqatı Hilmi Ziya Ülkenin "Türk düşüncə tarixi"ndən xeyli dərəcədə fərqlənir. Hilmi Ziyaya görə, türk düşüncə tarixi Türkiyə Cümhuriyyətinin sərhədləri daxilində mövcuddursa, Nizami Cəfərov bu stereotipi dağıdıb, Türkiyə də daxil olmaqla,  Azərbaycan və Türküstanın düşüncə tarixini də bu areala daxil etməklə türkologiyada yeni üfüqlərin açılmasına səbəb oldu. Onun Azərbaycan dilçiliyinə, filoloji zehniyyətinə gətirdiyi məfkurəçilik milli ideoloji aspektin müəyyənləşməsində həlledici amillərdən birinə çevrildi. Bu məqamda ümummilli lider Heydər Əliyevin 1995-ci ildə  vurğuladığı bir məqamı xatırlatmaq istəyirəm. O, milli ideologiyanın yaranmasından danışarkən, ədəbiyyatçıların böyük xidmətini xatırladaraq, xüsusilə qeyd edirdi ki, "Bəlkə bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil, yəni bir sənəd, bir kitab, bir proqram yoxdur. Amma bu olmalıdır". Və üstündən qısa müddət keçəndən sonra Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda ilk ideoloji türkçü təsisat - Atatürk Mərkəzi yaradıldı və Nizami Cəfərov da Heydər Əliyev tərəfindən həmin qurumun başçısı təyin olundu. Əslində Nizami Cəfərovun türkşünaslıq və Azərbaycanşünaslıq kontekstində yazdıqları həmin milli ideologiyanı sistemləşdirən qiymətli məxəzlərdir.

Azərbaycanda türkçülük tipoloji baxımdan Türkiyədəki türkçülük axımından əsaslı şəkildə fərqlənir. Nizami Cəfərovun türkçülük konsepsiyasında Atatürk də, Şah İsmayıl Xətai də eyni vüsətlə və biri digərini incitmədən, biri digərinin yerini daraltmadan  iştirak edir.

Bəlkə də kimlərəsə primitiv görünəcək, olsun, amma mən bunu xüsusən qeyd etmək istəyirəm ki, Nizami Cəfərovda, tutaq ki, Türkiyə alimlərinin çoxunda olduğu kimi qızılbaş kompleksi yoxdur. O, sovet alimlərinin (sovet ideoloji yönlü alimlərin)  ümumtürk dilinə vurduğu zərbənin, Azərbaycan dilini ortaq türk dili məkanından ayırmalarının qarşısına türkcənin diferensasiyası nəticəsində ortaq və ümumi kökdən ayrılıb, müstəqil dil kimi gəlişməyə başlamış Azərbaycan dilinin təşəkkül prosesinin tarixini çıxarmaqla elmi fikirdə aktivləşdirməklə ortaq türk dilçiliyində yeni düskurs yaratdı. Azərbaycan dilinin təşəkkül prosesini də həmin məcrada təhlil elədi.

Prosesin tarixi səfəvi-osmanlı münaqişələrinə, daha sonra, sovet hakimiyyətinin qurulduğu ilk illərə dayanır. 1920-ci illərdən etibarən, dil birliyi ideyasına yönələn türk respublikalarında tətbiq olunan rus-bolşevik siyasəti Azərbaycandan Türküstana qədər türklərin dil böhranına ürcah edilməsinin əsasını qoydu. Vahid türk dili bünövrəsinin dağıdılması, ardıyca da "Planlı dil çalışması"nda Zəki Vəlidi Toğanın dediyi kimi, "Böyük bir Avrasiya dili olmaq peşinə düşən rus dili qarşısında Rusiyaya tabe və ona qonşu Şərq millətlərinin dillərinə bunları "xalqlaşdırmaq" bəhanəsiylə ədəbi dillərin məhəlli danışıq dilləri əsasında "tadil"i, bu yolla bu qövmlər arasında dil və imla qərarsızlığı yaratmaq, bu dillərin "yaşama istedad və qüdrətini məhv etmək", eləcə də, yenə Zəki Vəlidinin "Xatirələr" əsərində xatırlatdığı kimi, sovet hakimiyyətinin ilk illərində kominternin iclasından dərhal sonra müsəlman ölkələrdə çalışacaq qeyri-türk kommunistlərə türk məmləkətlərində nə qədər ki, imla sabit deyil, türk ləhcələri arasında fərqliliyi qabartmaq və məzhəb ixtilaflarının daim qızışdırılması (göründüyü kimi, təkcə dil məsələsi deyil - A.T.) barədə məxfi təlimatlar ötürülməsi, bu yolla həm müsəlman türk aydınlarını parçalamaq, həm də onları tezliklə zərərsizləşdirməy"in mümkün olacağı barədə məkrli niyyətlərin qarşısına Azərbaycanda yalnız səksəninci illərin sonunda, xüsusən, 1990-cı illərin əvvəllərində çıxılırdı ki, Nizami Cəfərovun adı bu elmi müqaviməti yaradan alimlərin arasında ön sıralardaydı. 

Nizami Cəfərovun 1980-ci illərin sonlarından etibarən yazmağa başladığı "Füzulidən Vaqifə qədər" silsilə yazılarında belə bir qənaət irəli sürüldü ki, Azərbaycan təfəkkürü nə qədər diferensial hadisə olsa da, müsəlman mədəniyyətinə özünün ümumtürk konteksti ilə çıxır. Burada bir məqamı da etiraf etməliyik: Nizami Cəfərovun həmin silsilə yazıları Azərbaycanda yeni nəslin milli müstəqilik şüuruna sahiblənməsində böyük iş görmüşdü və o yazıların dərc olunduğu "Ədəbiyyat və incəsənət qəzeti" həm də Nizami Cəfərovun həmin silsilə yazılarına görə oxunur və həmin darmacalda  bu  məqalələri intizarla gözləyən oxucu təbəqəsi formalaşırdı. Həmin məqalələrin yazıldığı illərdə xalq hərəkatından söhbət belə getmirdi və elmi arsenalda Mirəli Seyidovun türk düşüncə məxəzlərini hərəkətə gətirən "Mifik təfəkkürün qaynaqları" kitabından başqa hansısa kitab yox idi. Sonralar Azərbaycanşünaslığın elmi metodoloji kontekstini yaradan Nizami Cəfərovun bu sahədə gördüyü işlərin uğurlu başlanğıcı onun yuxarıda xatırlatdığım məqalələri hesab oluna bilər və təsadüfi deyildi ki, 1991-ci ildə kitab şəklində nəşr olunan həmin silsilə yazılara giriş Azərbaycan barədə tarixi-kulturoloji mülahizələr kimi təqdim olunurdu. Nizami Cəfərov 1980-ci illərin ortalarından etibarən, elmdə birmənalı şəkildə qəbul edilməsə də, inadla və israrla bəyan edirdi ki,  III-V əsrlərdə ümumxalq Azərbaycan dili  formalaşır - bu proses türk tayfa dillərinin (birinci növbədə, folklor dilinin) mərkəzləşməsi hesabına gedir. O zaman 30 yaşlarında olan Nizami Cəfərovun 1980-ci illərdə irəli sürdüyü bu mülahizələr Azərbaycan türkologiyasının yeni məzmuna adlaması kimi dərk olunurdu. Təbii ki, bu fikirlər, Zəki Vəlidi Toğanın səlcuqlu amilinin Azərbaycandakı mövcudluğuyla bağlı qənaətləri ilə üst-üstə düşür. Amma buna rəğmən, Nizami Cəfərov tarixi prosesi daha qədimlərə, ən azı, beş yüz il əvvələ aparırdı. Baxmayaraq ki, bu mülahizələr irəli sürülərkən hələ sovet rejimi süqut etməmişdi. Amma buna rəğmən, Nizami Cəfərovun alim mövqeyi sovet dilçiliyi kontekstinin əsaslarına kökündən zidd idi. Qeyd etdiyimiz dövrdə Nizami Cəfərov  "XII əsrdə Nizami Gəncəvi ərəb, fars şairlərindən daha ardıcıl şəkildə antik mədəniyyəti müsəlman mədəniyyətinin tarixi mənbələrindən biri kimi təqdim edirdi" qənaətini irəli sürür və dərhal da yeni və gözlənilməz bir hipotez irəli sürürdü: "Bu, türk təfəkkürünün dünya təfəkkürü universallığına qalxmaq iddiasının (və istedadının) göstəricisi idi". 

Nizami Cəfərov ədəbiyyatşünaslığa, daha doğrusu, ədəbiyyatşünaslıqda dövrləşdirmə konsepsiyasına də yön verdi. "Füzulidən Vaqifə qədər" silsilə yazılarında gənc alimin Füzuli dilini tezis, Vaqif dilini antitezis, Səməd Vurğun dilini sintez adlandırması da, onun gənclik maksimalizmi deyil, gənc Azərbaycan aliminin müdrik elmi qənaətiydi (bizdə, yəni milli ideologiyada bütün böyük hadisələr tezis, antitezis və sintez üçlüyünün vəhdəti  nəticəsində meydana çıxır. Bayrağımız kimi). Üstündən illər keçəndən sonra Nizami Cəfərov fikirlərini bu şəkildə yekunlaşdırdı ki, "orta əsrlərə aid olan Füzulinin dilinə Azərbaycan dili deyəndə, müəyyən şərtiliyi nəzərə almalıyıq. Yəni, Füzulinin dili Vaqifin dili deyil axı. Vaqifin dili təmiz Azərbaycan dilidir. Füzulinin dili isə Azərbaycan dili kontekstinə tam keyfiyyətlə oturmur, çünki bu, hansısa bir ortaq dil mədəniyyətidir".

(Keçən həftə Füzuli barədə yazdığım "Bən türkzəbandan iltifat eyləmə kəm" yazımda cəsarət edib Füzuli dilini "Ortaq ədəbi osmanlı türkcəsi" adlandırmışdım).

O, hər zaman cəsarətli davrandı, filolojidə, tarixşünaslıqda  Azərbaycanşünaslığın məhvərində cərəyan edən yeni filoloji aspektlər təklif etdi. Azərbaycan intibahının hüdudlarının müəyyənləşdirilməsində əsaslandırılımış elmi iddialar irəli sürdü.

Nizami Cəfərov heç vaxt emosional millətçilik etmədi. Onun türkçülüyü intellektual yöndəydi və təkcə Azərbaycanda və Azərbaycan dilçiliyində də deyil, Türkiyədə və türk dilçiliyinə münasibətdə də, Türküstanda da stabil, səbirli elmi istinad yaradılmasına nail oldu. Azərbaycanda Vaqif, Türkmənistanda Məhtimqulu, Türkiyədə Əhməd Naimin dilini də, latın  dilindən imtina əsasında yaranmış latın mənşəli fransız, italyan, ispan dillərini müqayisəli təhlilə cəlb elədi. Çünki onun universal elmi zəkası buna tam imkan verir. O, öz yazılarıyla türkologiyanın elmi əsaslarını zənginləşdirməklə yanaşı, türkologiyanın ideolojisinin də yaranmasına stimul verən alimlərdən biridir (bu baxımdan təkcə Nizami Cəfərov deyil, dilçilik və ədəbiyyatşünaslıq məxrəcində yeni istiqamət yaradan Aydın Məmmədovun, Kamal Abdullanın, Kamil Vəli Nərimanoğlunun, Firudin Ağasıoğlunun da adlarını minnətdarlıqla çəkməliyik.  İndi söhbət Nizami Cəfərovdan getdiyinə görə, əsasən onun yaradıcılığı üzərində dayanıram).

Nizami Cəfərovun səfəvilərin də, Türkiyədə cümhuriyyət ideoloqlarının da milli konsepsiyasına münasibəti təkcə ədəbiyyatşünaslıqda deyil, türk tarixşünaslığında da yeni mərhələ hesab oluna bilər. İslamda vahidlik, vəhdət anlayışının parçalanmasını eyni inancı və eyni dini bölüşən iki türk qövmünün - səfəvilərlə osmanlıların ziddiyyətləri zəminində deyil, İslamın türk arealına yayıldığı ilkin dönəmdə türklərin əzəli dini olan Tanrıçılığın türk ruhunun "periferiya"larına çəkilməsində görür. Türk məkanında yaranmış yeni türk qolları əslində fərqli təriqətlərin hesabına ziddiyyətlərin nəticəsi olaraq parçalanmağa başlamışdılar. Yuxarıda xatırlatdığım məqaləsində Zəki Vəlidi də bunun xüsusi təlimatla həyata keçirildiyini qeyd edirdi.

Osmanlı-Səfəvi savaşlarına qədər türkləri vahid milli məcrada birləşdirən İslam dini Çaldıran savaşı dönəmindən etibarən öz daxilində yaranmış ziddiyyətlərin hesabına türkləri bölməyə başlamışdı. Əli bəy Hüseynzadə iki türk səltənətinin - səfəvilər və osmanlıların, daha dəqiqi, Səlimlə Xətainin simasında təkcə türk aləminin deyil, daha geniş mənada, İslam aləminin təqsim edildiyini, bölündüyünü qeyd edirdi. Nizami Cəfərov isə bunu ümumislam kontekstindən deyil, ümumtürk kontekstindən şərh edir.

O, ideoloji baxımdan türkçüdür, elmi baxımdan türkoloqdur. Tutaq ki Azərbaycan ədəbi dilinin təşəkkülünü də, Cümhuriyyət ideologiyasını da həm türkçülük kontekstindən, həm də türkoloji aspektdən şərh edir. Bu baxımdan o, hər iki istiqamətdə əyarı müəyyənləşdirən böyük alimdir.

Atatürk Mərkəzinin rəhbərinin dilçi olması isə onun həm də Atatürkçü olmasına dəlalət edir. Fikrimi aydınlaşdırmaq istəyirəm. Ünlü Atatürk süfrələrində Mustafa Kamal Paşanın dediyi belə bir fikir var: "Biz balkanları niçin kaybettik biliyormusunuz? Bunun tek sebebi vardır; bu da İslav araştırma cemiyetlerinin kurduğu dil kurumlarıdır. Türk Birliğinin bir gün hakikat olacağına inancım vardır. Ben görmesem bile gözlerimi dünyaya onun rüyaları içinde kapatacağım. Türk Birliğine inanıyorum. Yarının tarihi, yeni fasıllarını Türk Birliği ile açacak, dünya sükununu bu fasıllar içinde bulacaktır..." Nizami Cəfərovun yönəltdiyi Atatürk Mərkəzi Türk dünyasını bir-birinə bağlayan körpülərin ən etibarlılarından və tanınmışlarındandır. 

Nizami Cəfərovun türkçülüyü Azərbaycan mərkəzlidir. Azərbaycan mərkəzli olsa da, o, türkçülüyü daha geniş spektrdə təqdim və təhlil edir. Və təhlillərini yalnız dilçilik və ədəbi mətnlər əsasında deyil, eyni zamanda tarix, coğrafiya, etnoqrafik bilgilərinin fonunda aparır. "Ərdəbil şeyxləri"nin ideoloji aspektini, dini rəhbərlik institutunu və səfəvi  şeyxlərinin mürşid nüfuzunu  XV yüzilin sonlarında yeni təşəkkül tapmaqda olan Azərbaycan dövlətçiliyinin yaranmasında əsas amillər kimi tədqiqata cəlb edir. Azərbaycançılığı tədqiq edən alimlər, Nizami Cəfərova görə, islamın ərəb nüfuzundan deyil, məzmunca türkləşmiş islama, başqa sözlə, təktanrılı inancın hesabına türkləşmiş islama istinad etməlidirlər. Nizami Cəfərovun irəli sürdüyü konsepsiya ilə yanaşanda türk müsəlmanların Qaraxanlı kimliyi də, Əhməd Yəsəvi meyarları da, hələ üstəlik, farsların "Avesta" fəlsəfəsiylə yeni şəkil verdikləri  islam layihəsi də aydınlığa qovuşur...

Nizami Cəfərov fikir həyatımızda ayrıca mərhələdir.

 

9 oktyabr 2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!