Turan çətiri altında - Vilayət QULİYEV

Vilayət QULİYEV

Görkəmli türkoloq alim Bəkir Çobanzadə (1893-1937) ali təhsil üçün niyə məhz Macarıstanı seçmişdi? Budapeşt Universiteti Avropada türkologiya kafedrasına malik ilk universitet (1870-ci ildən fəaliyyət göstərirdi) sayılsa da, macar paytaxtı Rusiya imperiyasından çıxan gənclərin təhsil məqsədi ilə üz tutduğu ənənəvi ünvanlardan deyildi. Bəlkə də burada 1848-ci il macar inqilabının "Avropanın jandarmı" kimi tanınan rus çarı I Nikolayın göndərdiyi kazak alaylarının əli ilə yatırılması öz mənhus təsirini göstərmişdi? İstənilən halda, XIX əsrdə Avropanın ən gözəl paytaxtlarından sayılan Budapeşt Rusiya üçün yad və uzaq görünürdü.

Fikrimizcə, Qalatasaray məzunu Bəkir Çobanzadənin məhz Budapeşti seçməsində İstanbulda tanış olub yaxınlaşdığı macar ziyalısı Lipot Mosonyinin təşviqləri önəmli rol oynamışdı. Müasir macar alimlərindən Çorba Gyorgy və Fodor Qaborun "Szazadok" ("Əsrlər") məcmuəsində dərc etdirdikləri "Lipot Mosonyi: tarixi tədqiqlər və Konstantinopolda macar mədəni siyasəti. 1914-1916" adlı geniş araşdırmadan da göründüyü kimi, Lipot Daqelmayer Mosonyi öz dövrünün kifayət qədər yaxşı tanınan, geniş əlaqələrə malik elm və din adamı idi. Birinci Dünya müharibəsi illərində ilkin qaynaqlar, arxiv sənədləri əsasında Macarıstan-Osmanlı münasibətlərini araşdırmaq məqsədi ilə Avstriya-Macarıstan hökuməti onu İstanbula göndərmişdi. Vəzifələri sırasına macar katolik kilsəsini təmsil etmək və İstanbulda yaşayan dindaşları ilə işləmək də daxil idi. Fəaliyyətində elmi və mədəni münasibətlər tarixinin araşdırılması, habelə yeni əlaqələr qurulması da mühüm yer tuturdu.

Doğrudur, tanışlıqlarının başladığı 1915-ci ildə Qalatasaray liseyinin sonuncu sinif şagirdi Bəkir Sidqinin macar dili ilə bağlı təsəvvürləri yalnız ümumi xarakter daşıyırdı. Amma Lipot Mosonyinin sayəsində tezliklə macar ədəbiyyatı tarixi və görkəmli nümayəndələrinin yaradıcılığı haqqında nisbətən əhatəli bilik əldə etmişdi. Bunu artıq Budapeştdə yazdığı aşağıdakı sətirlərdən də görmək mümkündür: "Bir gün o (Lipot Mosonyi - V.Q.) məşhur şair Yanoş Araninin "Toldi" əsərinin birinci bölümünü türkcəyə çevirib mənə oxudu. Həm qafiyəsi, ifadə və anlatma gücü, həm də müəllifin cəlbedici şəxsiyyəti diqqətimi çəkdi. Macarları, Macarıstanı əvvəllər də tanımağa can atmışdım. Amma deməliyəm ki, yalnız möhtərəm macar dostum və tanış olduğum diqqətəlayiq əsər keçmiş xəyallarımı biçimli bir hala salıb məni yeni addımlar atmağa təşviq etdi. Çox keçmədən niyyətim gerçəkləşdi"

Digər önəmli amil isə Birinci Dünya müharibəsi illərində hərbi müttəfiqlik nəticəsində geniş vüsət alan türk-macar dostluğu, türk gəncliyinin məqsədyönlü şəkildə Macarıstanın ali məktəblərinə cəlb olunması sayıla bilərdi.

Müharibə ərəfəsində Macarıstan türk gəncliyi arasında etnik mənşəyi, dili və tarixi baxımından daha çox tanınan və maraq doğuran yeganə Avropa ölkəsi idi. Bu da, ilk növbədə, XIX əsrin ikinci yarısından etibarən macar ziyalılarının turançılıq  ideya cərəyanına böyük maraq göstərmələri, panturanizmi geniş yaymaq istiqamətində apardıqları ardıcıl tədqiqat-təbliğat fəaliyyəti ilə bağlı idi.

Budapeştdə yaşayan türk tədqiqatçısı, "Macar turançıları" kitabının müəllifi Tarik Dəmirkanın da qeyd etdiyi kimi, "Belə bir məqam xüsusi ilə maraqlıdır: həqiqətən də, XX yüzillikdə Türkiyədə pantürkizm və türk milliyyətçiliyinin öncülü kimi ortaya çıxan və Türkiyə Cümhuriyyətinin təməl siyasi xətlərindən birinə çevrilən turançılıq ideologiya olaraq türk əsilli dünyanın hüdudları xaricində yerləşən bir ölkədə - Macarıstanda yaranmış və ilk dəfə orada təşkilati formasını almışdı".

Meydana çıxdığı ilk vaxtlarda Macarıstanda daha çox coğrafi məfhum kimi başa düşülən Turan və turançılıq zaman keçdikcə siyasi xarakter almağa başlamışdı. Slavyan və german dünyası arasında sıxılıb qalan, panslavizm və pangermanizmin get-gedə daha aqressiv xarakter aldığını görən macar milliyyətçiləri üzlərini Şərqə - Asiyaya çevirmək, əzici ideoloji cərəyanların qarşısına panturanizmlə çıxmaq qərarına gəlmişdilər. Bütünlükdə isə kiçik Macarıstanda pərvəriş tapan turançılıq düşüncəsi özlərini ari irqin nümayəndəsi sayan panavropa ideoloqlarının hegemonluq və dünya ağalığı niyyətindən müdafiə xarakteri daşıyırdı.

1910-cu ildə tanınmış macar coğrafiyaşünas alimi və dövlət xadimi, Macarıstan EA-nın həqiqi üzvü, müstəqil macar dövləti qurulandan sonra iki dəfə xarici işlər naziri, iki dəfə isə baş nazir vəzifələrində çalışmış hersoq Pal Telekinin (1879-1941) rəhbərliyi ilə Budapeştdə Turan Cəmiyyəti (Turani Tarsasag) təsis edilmişdi. Bir sıra nüfuzlu ictimai xadimləri, elm və mədəniyyət adamlarını sıralarında birləşdirən Cəmiyyət qarşısına "Avropadan Asiyaya, Devenyüdən Tokioya qədər Turanı aramaq", vahid soy-kökə malik xalqların turançılıq zəminində mədəni-mənəvi, gələcəkdə isə iqtisadi-siyasi birliyini təmin edib möhkəmləndirmək vəzifəsini qoymuşdu. 1913-cü ildən Cəmiyyət eyniadlı məcmuənin nəşrinə başlamışdı. "Turan" çoxsaylı çətinliklərlə üzləşməsinə baxmayaraq, nəşrini müəyyən fasilələrlə İkinci Dünya müharibəsinə qədər davam etdirmişdi. 1996-cı ildən etibarən macar cəmiyyətində turançılıq ideyalarının yenidən dirçəlməsi nəticəsində jurnal öz nəşrini bərpa etmişdi. Rübdə bir dəfə çıxan sələfindən fərqli olaraq yenilənən "Turan"ın ildə altı sayı nəşr olunur.

Ümumilikdə isə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra müstəqil dövlətçilik şəraitində turançılıq ideyaları nisbətən geniş vüsət almağa başlamışdı. 1920-ci ildə ölkədəki doqquz turançı qurum birləşib vahid təşkilat - Macarıstan Turan Federasiyası (Magyarorsag Turani Szövetseg) yaratmışdı.

Turan düşüncəsini yaymaq baxımından Türkiyəyə və türk xalqlarına mühüm önəm verilirdi. Türk əsilli ölkələr ən yaxın müttəfiqlər sayılırdı. 1913-cü ildə hersoq Pal Telekinin rəhbərliyi ilə üçnəfərlik macar Turan heyətinin İstanbula səfəri iki imperiyanın fikir adamlarını turançılıq zəminində yaxınlaşdırmağa xidmət edən Türk-Macar Dostluq Cəmiyyətinin qurulması ilə nəticələnmişdi.

Türkiyədə Turan ideyaları məhdud dairədə də olsa, XIX əsrin sonundan etibarən yayılmağa başlamışdı. Bu hərəkatın öncülləri sırasında Əli bəy Hüseynzadə, Yusif Akçura kimi Rusiya imperiyasından Türkiyəyə köç etmiş, həm Qərbə, həm də Şərqə dərindən bələd olan ziyalılar dayanırdılar. Əli bəyin 1904-cü ildə Qahirədə, "Türk" qəzetində çap etdirdiyi "Sizlərsiniz, ey qövmi-macar bizlərə ixvan, Əcdadımızın müştərəkən məskəni Turan" misraları ilə başlayan proqram xarakterli məşhur şeiri azərbaycanlı fikir adamının Macarıstanda turançılıq zəminində gedən prosesləri diqqətlə izlədiyini söyləməyə əsas verir. Aradan bir neçə il keçəndən sonra türk-macar turançılığının manifesti adlandırıla biləcək bu kiçik, lakin son dərəcə məzmunlu şeir orijinalda və məşhur macar türkoloqu, professor Dyula Mesaroşun macarcaya poetik tərcüməsində "Turan" məcmuəsində çap olunmuşdu.

1913-cü ildə İstanbulda sonralar Mustafa Kamal Atatürkün mətbuat və ictimai fikir cəbhəsindəki fəal silahdaşlarından biri kimi tanınan türk qadın yazıçısı Xalidə Ədib Adıvarın "Yeni Turan" romanı çap olunmuşdu. "Yeni Turan, güzel ölke, Söyle, sana yol nerede?" leytmotivinin zaman-zaman təkrarlandığı əsər qısa müddətdə türk gəncliyinin ən sevimli kitablarından birinə çevrilmişdi.

Türkçülük hərəkatının ideoloqlarından Ziya Göyalp soydaşlarına əski və qutsal yurdu nişan verərək "Vatan ne Türkiye`dir Türklere, ne Türküstan, Vatan büyük ve müebbet bir ülkedir - Turan!" misraları ilə intəhasız coğrafiyada fikir və düşüncələrə hakim kəsilən "əbədi Turan"ın poetik obrazını cızmışdı. Eyni dövrdə yaşamış macar turançısı, şair Arpad Zemplenyi isə onun səsinə səs verərək, "Turan birliyi" adlı araşdırmasında yazmışdı: "Türk xalqı bütün zamanlarda birləşdirici, təşkilatçı qabiliyyətə malik olub. Türklərin ən əski dövlətinin Turan olması mümkündür. Bütün bu torpaqlar indi Türküstan - yəni bir türk yurdu kimi anılır".

Amma Xalidə Ədibin də inadla cavab tapmağa çalışdığı gerçək Turana aparan yol harada idi? Onu necə bulmaq, ona necə qovuşmaq olardı? Təbii ki, bənzər sual macar turançılarını da düşündürürdü. Cavab isə Turan idealının başqa bir aşiqindən - azərbaycanlı şair və filosof Hüseyn Caviddən gəlmişdi: "Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"

Təbii ki, bu həqiqəti Macarıstanda da dərk etmişdilər. 1910-cu ildə qurulan Macar Turan Cəmiyyətinin başlıca məqsədi "Asiya və bizə qohumluğu çatan Avropa xalqlarının elm, sənət və iqtisadiyyatlarını öyrənmək, onları ölkənin daxilində və xaricində tanıtmaq, inkişaf və tərəqqilərinə yardımçı olmaq" şəklində müəyyən edilmişdi. "Turan" məcmuəsinin ilk baş redaktoru Alois Paikert (1866-1948) nəşrin birinci sayına yazdığı Ön sözdə qarşıda duran vəzifələrdən danışarkən, onları belə səciyyələndirmişdi: "Devenyidən Tokioya qədər Avropada və Asiyada keçmişdə və gələcəkdə özümüz və dünya üçün dostlar və müttəfiqlər qazanaraq Turanı araşdırmaq və qazanmaq - budur bizim məqsədimiz. Bu məqsəd ətrafında birləşək".

Turan birliyi zəminində əməkdaşlıq etmək istəyən digər ölkələrlə olduğu kimi, Türkiyə ilə əlaqələrin mərkəzində də belə bir maarifçilik fəaliyyəti, qarşılıqlı öyrənmə və zənginləşmə istəyi dayanırdı. Macarlar, xüsusən də, türkoloq alimlər yalnız Türkiyəni gəzib dolaşmaq, türk dili və mədəniyyətini birtərəfli qaydada tədqiq etməklə kifayətlənmək istəmirdilər. Onlar prosesin qarşılıqlı xarakter almasında, ortaq vətənin və müştərək köklərin birgə fəaliyyət nəticəsində araşdırılmasında maraqlı idilər. Avropanın ortasında yerləşən, eyni zamanda türk-Asiya köklərini unutmayan çağdaş, müasir Macarıstanı isə bu baxımdan birləşdirici bir mərkəz kimi görürdülər.

Turan Cəmiyyəti eyniadlı nəşrin səhifələrində Osmanlı türkcəsində çap etdiyi bir çağırışda üzünü bütün türk-tatarlara tutaraq yazırdı: "Osmanlı övladları ebeveyni! Evlatlarınızı təhsil üçün Fransa, Almaniyaya göndərəcək yerdə Macarıstana göndərdiyiniz surətdə daha ziyadə isabət etmiş olursunuz! Təhsili-ulum və fünun üçün Macarıstanda sizi qardaşlarınız bəkləməkdədirlər". Vaxtı ilə "Osmanlı padşahını öz hökmdarı kimi tanıyan Macarıstan" bütün orta və ali məktəblərinin qapılarını türk tələbələrin üzünə açmağa hazır olduğunu dönə-dönə bildirmişdi.

İstanbul turançılarının Budapeştdəki macar dostların yardımı ilə Birinci Dünya müharibəsi ərəfəsində qurduqları Təhsili-Sənaye Cəmiyyəti də, ilk növbədə, bu məqsədə xidmət edirdi. Cəmiyyətin qarşıya qoyduğu başlıca hədəf türk gəncliyinin ölkənin ehtiyac duyduğu ixtisaslar üzrə müasir tələblərə cavab verən Qərb təhsili almaları məqsədi ilə mütəşəkkil qaydada Macarıstana göndərilməsi idi.

Tezliklə bu sahədə gələcək əməkdaşlıq üçün meydan açan ilk ciddi addımlar atılmışdı. 1916-cı ilin aprel-may aylarında Osmanlı imperiyasının müxtəlif bölgələrindən gəlmiş 186 nəfər türk tələbə artıq Macarıstan paytaxtında idi. Çox güman ki, məhz onların problemləri ilə yaxından maraqlanmaq, dilə yiyələnmə, ölkəyə uyğunlaşma şərtlərini asanlaşdırmaq məqsədi ilə Budapeştdə Şərq Mədəniyyət Mərkəzi (bəzi mənbələrdə Şərq Maarif Heyəti də adlandırılır) qurulmuşdu. Bir neçə aylıq gərgin dil və ixtisas kurslarından sonra həmin ilin sentyabrında türk gəncləri müxtəlif ali məktəblərdə təhsilə başlamışdılar. Şərq Mədəniyyət Mərkəzinin 1916-cı ilin dekabrında bu münasibətlə düzəltdiyi qəbulda Turan Cəmiyyətinin həmin dövrdəki sədri Dyula Pekar türk əsilli tələbələr qarşısında çıxış edərək demişdi: "Üç il əvvəl turançılıq fikri bir neçə nəfər həvəskarın və təəssübkeşin xülyasından başqa bir şey deyildi. Ümumi müharibə (Birinci Dünya müharibəsi - V.Q.) başlayandan bəri, hətta müharibənin təsiri ilə bu xəyal müəzzəm bir həqiqət şəklində meydana çıxdı".

1916-1917-ci tədris ilinin sonunda onların 160 nəfəri imtahanları uğurla verib növbəti kursa keçmişdi. "Turan" dərgisinin yazdığına görə, həmin tələbələrin 56 nəfəri sənaye, 78-i kənd təsərrüfatı, 12-si ticarət sahəsində müxtəlif ixtisaslara yiyələnir, 14-ü isə texniki universitetdə oxuyurdu.

1917-1918-ci tədris ilində əvvəlki tələbələrin 5 nəfəri geri dönməmiş, amma əvəzinə macar universitetlərinə 27 nəfər yeni türk tələbə qəbul olunmuş, nəticədə buradakı türklərin ümumi sayı 184 nəfərə çatmışdı.

Osmanlı və Avstriya-Macarıstan imperiyalarının Birinci Dünya müharibəsindən məğlub durumda çıxmaları, siyasi və iqtisadi xarakterli çətinliklər Turan Cəmiyyətinin başlatdığı işi uğurla davam etdirməyə imkan vermədi. Bela Kunun rəhbərliyi ilə cəmisi bir neçə ay ömrü olan Macarıstan Sovet Respublikasının qurulduğu 1919-cu ilin noyabrında ölkədəki türk tələbələrin sayı 133 nəfərə enmişdi. Onların hamısı istisnasız olaraq qeyri-humanitar ixtisaslar - əsasən, sənaye, dağ-mədən işləri, əkinçilik və kənd təsərrüfatı, ticarət və s. üzrə təhsil alır, yaxud staj keçirdilər.

Bəkir Çobanzadə "Turan" məcmuəsi ilə sıx əlaqə saxlayıb dərginin səhifələrində Krım tatarlarının tarix və mədəniyyəti ilə bağlı yazılar dərc etdirsə də, Turan və Təhsili-Sənaye Cəmiyyətlərinin xətti ilə Macarıstanda təhsil alan tələbələr arasında adına heç yerdə təsadüf olunmur. Bu da onun ölkəyə fərdi qaydada gəldiyini, lakin Şərq Mədəniyyət Mərkəzinin müəyyən himayəsindən, eləcə də digər türk tələbələrin faydalandıqları imtiyazlardan istifadə etdiyini düşünməyə əsas verir. Eyni zamanda elə təəssürat yaranır ki, sanki o, Macarıstanda dövrünə görə kifayət qədər çoxsaylı türk tələbə gəncliyinin mövcudluğundan, gündəlik həyatından ümumən xəbərsiz qalmışdı. Təbii ki, bu inandırıcı sayıla bilməz. Budapeştdəki Osmanlı konsulu Enis Behic bəylə yaxın dost olmaları, hətta şeirlərindən birini konsula ithaf etməsi də onun türk icmasının fəaliyyətindən uzaqlığını, yaxud xəbərsizliyini düşünməyə əsas vermir.

Turan Cəmiyyəti üzləşdiyi bütün maddi və təşkilati çətinliklərə baxmayaraq fəaliyyətini daha da genişləndirmək, yaxın perspektivdə yalnız Anadolu deyil, türk-müsəlmanların yaşadıqları digər ölkələrdən də Macarıstana tələbələr gətirməklə bağlı planlar qururdu. "Turan" məcmuəsi 1918-ci il saylarının birində həmin fəaliyyət barədə anons verərək yazmışdı: "Bolqar və Arnavut Müsəlman gənclərinə yönəlik maarif çalışmalarının ardınca indi də Tatar (Volqaboyu tatarları - V.Q.) gəncləri ilə bağlı işlərimiz başlayacaq". Bəzi arxiv mənbələri deyilənlərin sadəcə, boş vəd olmadığını, sözdən işə keçildiyi, Anadolunun ardınca Krım və Kazandan da türk gənclərinin Budapeştə yol aldıqlarını aşkara çıxarır. Hətta krımlı gənclərin macar paytaxtına gəlişini Bəkir Çobanzadənin əlaqələndirməsi ilə bağlı faktlar da mövcuddur.

Belə ab-havada Bəkir Sidqinin özünün də Budapeştə can atması təbii və anlaşıqlı görünür. Başqa bir amilin də rolu ola bilərdi. Bəlli tarixi-siyasi səbəblər üzündən hələ erkən orta əsrlərdən başlamış Krım tatarlarının Avropa ilə əlaqələrinin, Qərbə maraq və bağlılıqlarının digər türk xalqları ilə müqayisədə, daha güclü, intensiv olduğu inkaredilməz faktdır. Bu da Polşa, Rumıniya, Litva, Belarus kimi ölkələrdə yaşayan müsəlman tatar əhalinin mənşə etibarı ilə əsasən, tarixi Krım yarımadasından çıxması ilə bağlı idi. Macarıstanda soydaşları yaşamasa da, bu ölkə də soy-kök zəminində bağlılığa görə onların diqqətindən kənarda qalmamışdı.

Məsələn, "Tərcüman"ın 1908-ci il 42, 44, 49, 51, 65, 67-ci saylarında İsmayıl bəy Qaspıralının "Molla Əhməd Fransəviyə təsadüf" adlı yazısı çap olunmuşdu. Yol qeydləri şəklində qələmə alınan və "Firəngistan səyahəti" trilogiyasının sonuncu hissəsi kimi düşünülən bu əsərdə müəllifin Macarıstana səyahətindən söz açılırdı (Həmin əsər mənim Azərbaycan türkcəsinə çevirimdə "İsmayıl Qaspıralı. Firəngistan məktubları" kitabında (Bakı, "Qanun", 2015, s.277-298 ) da yer almışdır). Budapeştin tarixi Buda hissəsində yerləşən, müsəlman və xristian əhali üçün eyni dərəcədə müqəddəs sayılan Gül Baba türbəsini ziyarət, Türkiyədə Rəşid Əfəndi kimi tanınan məşhur türkoloq Armin Vamberi ilə görüş, Şərqin və türk dünyasının problemləri ətrafında müzakirələr təəssüf ki, sona çatdırılmamış yol qeydlərində öz əksini tapmışdı.

Digər tərəfdən, İ.Qaspıralının Şərq-Qərb müqayisəsini etnogenez, tarix və mədəniyyəti ilə iki əks qütbünə bağlı olan Macarıstanın timsalında aparması maraqlıdır. Əlbəttə, biz Bəkir Sidqinin məhz bu əsərin təsiri, yaxud fəaliyyət və şəxsiyyətinə böyük hörmətlə yanaşdığı Qaspıralının təlqinləri ilə Budapeştə üz tutması qənaətində deyilik. Lakin XX əsrin əvvəllərində Qaspıralı ideyalarının və "Tərcüman"ın Krımın türk gəncliyinə böyük təsiri də istisna olunmamalıdır.

Nəhayət, onu da qeyd edək ki, Bəkir Sidqi Çobanzadə humanitar təhsil məqsədi ilə Macarıstana üz tutan yeganə türk əsilli tələbə deyildi. Bəzi tədqiqatlarda iddia olunduğu kimi, Bəkir Sidqi Çobanzadə Eötvöş kollegiumu və Budapeşt Universitetinin ilk türk əsilli tələbəsi də sayıla bilməz. Birincilik çələngi 1911-1914-cü illərdə riyaziyyat ixtisası üzrə təhsil alan Ata Refikə məxsus idi. İki Dünya müharibəsi arasındakı dövrdə isə Şərif Baştav (tarix, bizansşünaslıq), Fuad Atalay (iqtisadiyyat), Rəqib Hülusi Özdəm (dilçilik), Hüseyn Namiq Orhun (dilçilik), Hasan Eren (dilçilik, macar ədəbiyyatı), Həmid Zübeyir Koşay (tarixçi, muzeyşünas), İbrahim Kafesoğlu (tarixçi) və b. bu ali məktəbdən məzun olmuşdular. Onlardan professor Şerif Baştav (1913-2010), Macarıstan EA həqiqi üzvü, linqvist və etimoloq Hasan Eren (1919-2007), tarixçi İbrahim Kafesoğlu (1914-1984) türk-macar elmi-ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdılar. Bu görkəmli elm adamlarının hamısı ilk cığır açanlardan biri kimi Bəkir Çobanzadəni tanıyırdılar, irsinə bələd idilər.

Milliyyətcə Kazan tatarı, sonralar Türkiyə Cümhuriyyətində Türk Dil Qurumu və Türk Tarix Qurumu kimi mötəbər elmi-tədqiqat mərkəzlərinin qurucu üzvü, Ankara Etnoqrafiya Muzeyinin və Hett Muzeyinin yaradıcısı olan, 1957-1965-ci illərdə Dünya Muzeylər Şurasına rəhbərlik edən məşhur tarixçi, arxeoloq, dilçi və etnoqraf, professor Həmid Zübeyr Koşay da (1897-1984) krımlı soydaşından iki il sonra Budapeşt Universiteti fəlsəfə fakültəsinin tarix-filologiya bölümü tələbələri sırasında yer almış və 1923-cü ildə təhsilini uğurla başa vurmuşdu. Amma Bəkir Çobanzadədən fərqli olaraq tarixi vətəninə deyil, Türkiyə Cümhuriyyətinə qayıtmışdı. Mədəniyyət quruculuğu sahəsində Atatürkün silahdaşları sırasında yer tutmuşdu.

Çox güman ki, iki türk gəncinin ilk tanışlıqları da Macarıstan paytaxtında olmuşdu. Çünki Koşay da Bəkir Çobanzadə kimi ünlü macar türkoloqu Gyula Nemetin tələbəsi idi və ciddi elmi tədqiqatlarla bir sırada orijinal bədii yaradıcılığa, habelə poetik tərcümələrə maraq göstərmişdi. Macar poeziyasının türk dilinə orijinaldan ilk tərcüməçisi kimi tanınmışdı. O da diqqətəlayiqdir ki, məşhur macar romantik şairi, milli-azadlıq hərəkatının ideoloqu Şandor Pötöfidən çevirdiyi şeirlərdən birini mətbuatda çap etdirdiyi zaman, görünür, yaxşı tanıdığı və böyük hörmət bəslədiyi "Ustadım Bəkir Sıtkı Çobanzadəyə ithaf" sözləri ilə alim həmkarına ünvanlamışdı.

Və heç şübhəsiz, müxtəlif türk boylarından yetişən istedadlı gəncləri uzaq Macarıstana toplayan ölkə üzərində açılmış geniş turançılıq çətiri idi.

Bizim günlərdə tarix özünü təkrar edir. 2014-cü ildən üzü bəri min nəfərə yaxın azərbaycanlı oğlan və qız ali təhsil almaq üçün artıq Avropanın mühüm universitet mərkəzlərindən birinə çevrilən Macarıstana üz tutmuşdur...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!