Elçin İsgəndərzadə yaradıcılığı. Türkçülük - vətənçilik kontekstində - Nəriman HƏSƏNZADƏ

"Xarıbülbül" dediyimiz, həqiqətən də bu nadir və əfsanəvi "quş", adı dillərdə dastan olan qədim bir torpaqda - Şuşa torpağında yuva qurmuşdur. Amma şuşalılara rəvan şeir dili verən, ilahi səs bağışlayan bu "bülbül" oxumur; öz dili, öz səsi yoxdu. Mən Şuşada qızılgülün üstə qar görmüşəm. İlin dörd fəsli bir gül ləçəyində qərar tutmuşdu.

Elçin İsgəndərzadə də Şuşada anadan olub. "Xarıbülbül"ün həmyerlisidi. Üstə qar olan qızılgülü yəqin ki, o da görüb.

Şuşa yad əllərdə, düşmən tapdağında olanda, "Xarıbülbül"ün yuvası dağıdılanda Elçin İsgəndərzadənin yaradıcılığında Şuşa harayı tüğyan edirdi. O, Xarıbülbülün əvəzinə oxumalı, qarlı qızılgülün əvəzinə danışmalı idi... Oxudu da, danışdı da!..

 

Ürəyimin başında,

gözlərimin yaşında

Bir bulud hüzn,

bir yarpaq nisgil.

Xəyalımda Xarıbülbül,

ilk sevdamdı elə bil.

Ömür qaralı-ağlı,

bütün yollarım bağlı.

 

Gah ulu babası Qurbaninin xalq ruhunda, gah da çağdaş türk şeiri üstündə köklənən şeirlər, poemalar yazan müəllifin əsərləri qarşımdadı.

O, üzünü tək bir oxucuya yox, bütün Türk dünyasına tutub danışır, tanıdığı şəxsiyyətlərə müraciət edir. Gah ürək sözünü, gah da əsrin sözünü deməyə çalışır. Zəmanəylə, dövranla üzbəüz oturub danışmağı sevir. Onu danışdıran ilahi bir qüvvə var ki, daima şairin rahatlığını pozur. O bu "təzyiqə" məhkumdu - şairlik səadəti də bundadı.

Gənclik şeirlərinin birində Elçin böyük arzularla yaşadığını, həyata, insana bağlılığını təbii boyalarla ifadə edir.

Ancaq böyük Nizaminin dediyi kimi, bir köynəyə sığan insan bir dünyaya sığmadığı üçün, bəzən öz hisslərini cilovlaya bilmədiyinə görə ona elə gəlir ki, həyatın ən ağır anlarını yaşayır.

 

Mənim bu dünyada əlim çatası

nə qədər arzular qaldı gözümdə,

 

- deyə şikayətlənir də. Hətta şairin səfəfbəredici poetikasında belə not səsləri eşidilir:

 

Demək südündə şairlik varmış,

şair oldum.

Demək südündə alimlik varmış,

alim oldum.

Demək südündə oğulluq yoxmuş, -

Ola bilmədim,

oğlun ola bilmədim, QARABAĞ!

Əlbəttə, bu misralar göründüyü kimi birbaşa yox, onun sətiraltı mənasında qəbul edilməlidir.

Çünki şair başqa bir şeirində:

 

Mən bu gözəl dünyanın

nəşəsini,

qəmini,

sevgisini,

ölümünü,

Cənnətini,

Cəhənnəmini

bir şair kimi görüb gəldim

dərgahına Allahın.

Diz çöküb dua elədim,

çin oldu sayəndə duam,

 

- deyir.

Bu da şairin özünütəkzib üçün, oxucu qarşısında səmimi etirafı, ünsiyyət vasitəsidi. Təbiətdə olduğu kimi, şairin də dəyişən fəsilləri olur. Şuşada qışda açan qarlı qızılgül kimi. Mən buna anomaliya yox, təbiət hadisəsi deyirəm. Çünki şairliyin hər anı bir təbiət hadisəsidir.

Elçin İsgəndərzadə isə şeirdən-şeirə püxtələşən, poetik uçuşlara həmişə hazır şairdi.

 

Oyanır türküm, oyanır,

hər şəhid məzarından

Boylanır bir Boz qurdum.

Təbrizdən İrəvana

uzanır ana yurdum.

Atlarımın nalları

çapır daşlı yolları.

Tanrı ətəyində əlim,

yolun son ucu ölüm.

Ay baxır göy üzündən,

keçdim Cıdır düzündən.

Cıdır düzündə bahar, -

daşlı yolda qan izi var.

Ağlama kəhər atım,

Göydə Ay mənim muradım.

 

Onun "Avtoportret", "Türkün qəzəbi", "Qaranlıq, zülmət, qan və qaçqınlıq", "Qazi türküsü" kimi şeirlərində və silsilə poemalarında Şuşa həsrəti, Qarabağ dərdi bir torpaq oğlunun ruhi ağrıları kimi hiss olunursa, türkçülük - şairin yaradıcılıq manifesti kimi özünü daha şəffaf göstərir. Elçinin türkçülüyü isə - vətənçilik kontekstində onun poeziyasının leytmotividir.

Bu hisslər və duyğular Elçin humanizmi, Elçin həssaslığı, Elçin mehribanlığı kimi insandakı ümumbəşəri keyfiyyətlərin daha da inkişafına səbəb olur, daimi mehri-ülfətdə, daimi ünsiyyətdə keçən ömrə xüsusi məna verir.

Çingiz Aytmatov yazır ki, "Elçin İsgəndərzadənin poeziyasının son illər dünyanın onlarla ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan xəbər verir ki, türk poeziyası da artıq dünya poeziya okeanına yelkən açmaqdadır".

KKTC Cümhurbaşqanı Rauf Denktaş: "Kıbrıs və Azərbaycan türkləri eyni kökdən gəlmələrinə, eyni dili istifadə etmələrinə rəğmən, yaxın zamana qədər bir-birini yaxından tanıya bilməmişlər. İndi isə bu qapı açıldı...

Prof. Dr. Elçin İsgəndərzadə bu sırada olan dəyərli bir arkadaşdır".

Mən burada yalnız türk dünyasının iki tanınmış və sevilən şəxsiyyətlərinin fikirlərini misal çəkdim.

Müəllifi olduğu, tərtib etdiyi, Azərbaycan türkcəsinə çevirdiyi kitabların sayı-hesabı yoxdu. Öz kitabları dünyanın bir çox dillərinə tərçümə edilib.

Bütün bunlar isə Azərbaycanın müstəqilliyi illərində bizim ədəbi mühitdə həqiqətən tarixi hadisədir.

Elçin İsgəndərzadənin zəngin bioqrafiyasının təkcə xronoloji hissəsi ilə tanış olduqca düşünürsən ki, insan istəsə, az bir müddətdə dağı dağ üstə qoya bilər.

Mən eşidəndə ki, Gəncə şəhərində yaşayıb-yaradan görkəmli, koloritli bir yazıçı Qərib Mehdinin əsərlərinin on beş cildliyini (əlyazmasından tutmuş mətbəə proseslərinə qədər) Elçin İsgəndərzadə nəşr etdirib, sonra da o cildləri müəllifin özünə hədiyyə edib. Mən də gəncəli Qərib qardaşım qədər sevindim.

Yaxud Xudu Məmmədovun adına elm sahəsində, Şahmar Əkbərzadə adına isə ədəbiyyat sahəsində Beynəlxalq mükafatlar təsis edib və 24 ildir ki, laureatların 100-dək kitabları hədiyyə olaraq bir-birinin ardınca işıq üzü görür. Kitab nəşri sahəsində bu, bütöv bir ədəbi hərəkatdır.

Elçinin Xudu Məmmədovun və Şahmar Əkbərzadənin xatirəsinə həsr etdiyi poemaları da minnətdarlıqla oxudum.

Xudu Məmmədov o vaxt biz gənclər üçün paklıq, azərbaycançılıq məktəbi idi.

İndi "Bu qala bizim qala" poemasını məmnuniyyətlə oxuyanda o böyük insanın mələk siması yenidən gözlərim önünə gəlir.

 

...Dünya talan dünyadı,

gün gəlincə, verdiyini

geri alan dünyadı.

Sən taleyin gecəsini

gündüzünü görmüşdün.

Göy qübbəsi altında

bu dünyanın hər üzünü görmüşdün.

Sən dünyaya uymadın,

sən mərd oğlu mərd idin.

Sən gül ləçəyindən yumşaq,

qranitdən sərt idin.

...Çiçək ömrü, yarpaq ömrü yaşadın,

yüzillik çinarlar sənin yaşıdın.

Çiçək ömrü,

yarpaq ömrü,

bulaq ömrü,

mələk ömrü yaşadın.

Poemadan köçürdüyüm bu misralar Xudu müəllimin portret cizgilərini çəkmək üçün ən münasib, ən seçmə sözlərdi. Əgər o yaşadısa, həqiqətən "çiçək ömrü, yarpaq ömrü, bulaq ömrü, mələk ömrü" yaşadı.

Müəllifin poemada real boyalarla verdiyi kristal haqqında söhbət Xudu Məmmədovun elmi axtarışları və tapıntıları ilə bağlıydı. Xudu Məmmədov kristallar barədə Londonda ingilis dilində doktorluq dissertasiyası müdafiə etmişdi.

Eşitmişdim ki, azərbaycanlı alim Xudu Məmmədov bizim ulu nənələrin toxuduğu xalıların, kilimlərin üstündəki naxışların izini yerin səkkizinci qatına aid olan kristal kəsiyində görübdü.

Olduqca maraqlı bir elmi kəşfin müəllifinə taleyi yaşamaq üçün möhlət vermədi. O, dünyasını qəfildən dəyişdi.

Könül çırpıntılarını oxucusu ilə bölüşən müəllif indi də "Şahmar şikəstəsi" poemasında dünyasını vaxtsız dəyişən şair Şahmar Əkbərzadənin yadda qalan detallarla bədii obrazını yaradır.

Burada şairin "48 ölçülü qadın paltarı" məşhur hüznlü şeiri, Şahmarın "Topxanaya, Armud ağacına yazdığı məktub"un ermənilər tərəfindən güllələnməsi xatırlanır; taleyi bir-birinə bənzəyən qələm dostlarının Bişkekdə görüşü də unudulmur:

 

Eyvandan qaranquşlar

xəbər verir ilk bahardan.

Mir Cavadın rəsmləri

asılmışdı divardan.

Kitab dolablarında

Çingiz ağanın kitablarıyla

yan-yana, çiyin-çiyinə

Bizim Bəxtiyar, Şahmar, Anar.

Siz sonuncu Ordaçılar idiniz, -

Çingiz ağa, Bəxtiyar.

Boz qurd kimi məğrur Oljas,

Xudanın sirri Xudu.

Və sən, qardaşım Şahmar.

 

Şahmar şəxsiyyətinə və poeziyasına, ümumtürk dünyasına məhəbbət hissilə yazılmış "Şahmar şikəstəsi" əsəri bəlkə də Şuşada eşitdiyim sonuncu muğam fəryadı idi ki, o indi Cihada çağırırdı.

Elçin İsgəndərzadə bir-birinə bənzəməyən, lakin ulduz karvanına bənzəyən poemalar və şeirlər silsiləsi yazmışdır ki, onlar da ilhamlı könül dünyasından xəbər verir.

Mən ümid edirəm ki, şairin türk dünyasına səpələnmiş oxucuları öz könlündən keçənləri Elçinin kitablarının səhifələrində tapacaqlar. Elçinin özünü axtarsalar, o həmişə olduğu kimi oxucularının yanında, könlündə, taleyindədi.

İstedadlı qardaşıma daha çox cildliklər, daha böyük uğurlar arzulayır və Qarabağlı, Şusalı 60 illik yubileyini ürəkdən təbrik edirəm!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!