Ədəbiyyatda İrəvan konsepti - Tehran ƏLİŞANOĞLU

"İrəvan gündəliyi", Bakı, Qanun Nəşriyyatı, 2024

Tehran ƏLİŞANOĞLU

İrəvan torpaqları qədim türk yurdudur. Burada tarix boyu Azərbaycan türkləri yaşamış, yurd salmış, mədəniyyət qurmuşlar. Bu həqiqət geniş ictimaiyyətə yaxşı bəllidir. Bu barədə tarixçilər, arxeoloqlar, etnoqraflar, mədəniyyətşünaslar xeyli tədqiqatlar aparmış, monoqrafiyalar yazmış, kitablar çap etdirmişlər. Son yüzillərdə şovinist erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə etnik təmizləmə, soyqırımı siyasəti yeridib, ən nəhayət 1987-1988-ci illərdə soydaşlarımızı total şəkildə deportasiyaya uğratması, son nəfərəcən doğma yurdlarından qaçqın-didərgin salması bu mövzunun aktuallaşmasına, daha da problematikləşməsinə, ötən otuz il ərzində beynəlxalq maraq və miqyas kəsb etməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı münasibətilə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə məxsusi vurğulamışdır: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" (İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az).

Tarixin və dünya ictimaiyyətinin gözü qarşısında baş verən həqiqətləri bir daha təsdiqləməklə birgə, oxuculara təqdim edilən "İrəvan gündəliyi" layihə-kitabı həm də fərqli ideya və rakursdan çıxış etməyi qarşısına məqsəd qoymuşdur. Qədim İrəvan torpağında məhz son yüzillərdə baş verən, cərəyan edən olaylara, hadisələrə milli ədəbiyyatın aynasında, yazıçıların qələmində, bədii-tarixi mətnlərin konkretliyi və şahidliyi ilə baxmaq, artıq üç əsrdir bu torpaqlarda davam edən etnik zəmində Vətən, yurd, ocaq davasının real mənzərələrini görmək-göstərmək, həqiqətlərinə varmaq, dünənin sözü, öyüdü, dərslərini müasirlərə ötürmək, bu rakursdan qarşıda açılan sabahlara körpü salmaq... Zira tarixi gerçəkləri ədəbiyyatdan daha canlı yaşadan, qoruyub-saxlayan, bərpasına impuls və puls verən, eləcə də onu bugün və sabah edən ikinci bir mənbə, ünvan tapmaq çətindir.

Kitab İrəvan konseptinin ədəbiyyatda yaranması və tarixi yolunu izləyərək, dörd bölmədə ehtiva olunur: "İrəvan xanlığı", "İrəvan gündəliyi", "İtirilən cənnət" və "Qayıdış dastanı". Hər bölmənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ulu Öndər Heydər Əliyevin İrəvan torpaqları haqqında söylədiyi tarixi sitatlarla açılması hədəfi daha aydın görməyə, düzgün yöndə dərk etməyə vəsilə olur.

İrəvan konsepti yazılı ədəbiyyatda ilk olaraq "İrəvan xanlığı" adı ilə təzahür edir. Bəllidir ki, ermənilərin hazırda sığındığı Ermənistan adlı ölkə tarixən daima türk dövlətçiliyinin - Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi dövlətlərinin tərkibində mövcud olubdur. İrəvan xanlığı Azərbaycan ərazisində mövcud olan digər xanlıqlar kimi, məhz bu qüdrətli dövlətçiliyin varisidir. XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalınacan, hətta 1828-ci il Türkmənçay müqaviləsinə qədər davam gətirmiş, o zaman müstəqil dövlətçiliyimizin son itirilən istehkamı olmuşdur. Bu fakt ilk olaraq tarix ədəbiyyatında - Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində, XIX əsrdə qələmə alınan bütün "Qarabağnamə"lərdə istisnasız olaraq təsbit olunmuş, tarixi romanlarda, dram əsərlərində, bədii mətnlərdə əksini tapmışdır.

XVIII əsrdə mövcud olmuş İrəvan xanlığının (1747-1828), bu torpaqlarda yaranmış azərbaycanlı-türk mədəniyyətinin, İslam-Şərq memarlığı nümunələrinin, məscidlərin, türbələrin, təkrarsız İrəvan sarayının və bütövlükdə İrəvan şəhərinin varlığı şəksiz olduğu kimi, ədəbiyyatda məhz XIX əsrdə konseptləşməsi də çox mənalıdır. Sanki tarixən itirilən dövlətçiliyin ağrısı-acısı, eyni zamanda qüruru-məsuliyyəti ədibləri, XIX əsr düşünərlərini qayğılandırmış, "Qarabağnamə"lər belə yaranmışdır. Kitaba "Qarabağnamə"lərdən məhz İrəvan xanlığının adı və hadisələri keçən seçmə yerlərin salınması tarixi həqiqətləri bir daha yada salır; qonşuların bütün "çığır-bağırları"na, qondarma tarix uydurmalarına rəğmən, bu mətnlərdə erməni faktoruna qəti yer yoxdur, varsa da cüzi və epizodikdir. İkinci bir tərəfdən, önəmlidir ki, tarixi romanlarda və bədii mətnlərdə "İrəvan xanlığı"na maraq da Azərbaycan torpaqlarının növbəti dəfə işğala məruz qaldığı dövrlərlə bağlanır. Yusif Vəzir Çəmənzəminlinin 1930-cu illərdə qələmə aldığı "İki od arasında", Sabir Rüstəmxanlının müstəqillik illərində yazdığı "Ölüm zirvəsi" romanlarından motivlər, eyni zamanda Azad Qaradərəlinin "İrəvan qalası" pyesi bunun bariz nümunəsidir.

Kitabın ikinci bölümü bilavasitə "İrəvan gündəliyi" adlanır və maarifçilik dövrü ədəbiyyatından mətnlərə istinad edir. XIX əsrdə Şimali Azərbaycan əraziləri Rusiya imperiyasının tərkibinə daxil olur və Azərbaycan xalqının mədəniyyəti yeni kontekstdə davam və inkişaf edir. Bu heç də əsrlərcə mövcud olan milli-etnik, mədəni-tarixi köklərdən uzaqlaşmaq demək deyildi. Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı" əsərində, digər bölgələrdəki kimi, İrəvan ədəbi mühitinin də olduğunu təsbit və təsvir edir, M.İ.Bəzminin adını çəkir. Bu sıradan klassik divan ədəbiyyatının nümayəndələri Məşədi İsmayıl Bəzminin və Əsir İrəvaninin qəzəlləri nümunə kimi kitaba da daxil edilmişdir (İrəvan ədəbi mühiti haqqında bax: Nazim Mustafa, Ədəbi mühit: İrəvan şəhəri - Ədəbi mühit | İRƏVAN ŞƏHƏRİ (preslib.az). Kitabın dizaynında həmin dövrdə yaşamış, rəsmləri İrəvan Xan sarayını bəzəyən Mirzə Qədim İrəvaninin şəkil və ornamentlərindən bəhrələnmə, həmçinin XIX əsr "İrəvan gündəliyi"nin klassik ruhunu daha yaxından duymağa imkan yaradır.

XVI-XVIII əsrlərdən xalq şeiri zəminində inkişaf edən Aşıq yaradıcılığının zirvə dövrü də XIX yüzilə təsadüf edir. Göyçə aşıq mühitinin başda Aşıq Ələsgər, Aşıq Alı olmaqla yetirdiyi onlarla aşıqlar, aşıqlıq məktəbi özlüyündə İrəvan torpaqlarının milli-etnik və tarixi-mədəni mənşəyi və mənsubiyyəti barədə çox söz deyir.

Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı, Azərbaycan Prezidentinin çıxışında bu hadisəyə yüksək qiymət və rəmzi məna verməsi tarixi həqiqəti bir daha təsdiq etdi: "Bildiyiniz kimi, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün mən iki Sərəncam imzalamışam. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb. Bildiyiniz kimi, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir" (Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB VİDEO - AZƏRTAC (azertag.az)

"İrəvan gündəliyi"nin müəllifləri İrəvan folkloru və aşıq mühitinə dair tədqiqat və materiallara (bax: Qərbi Azərbaycan folkloru. 2 cilddə. Bakı, "Elm və təhsil", 2023. - Layihənin rəhbəri: akademik Muxtar Kazımoğlu (İmanov), toplayanlar: Ləman Vaqifqızı, Məhsəti Süleymanova, İlkin Rüstəmzadə, tərtib edən: Ləman Vaqifqızı, İlkin Rüstəmzadə, redaktor: Əziz Ələkbərli) isnadla, kitabda yalnız Aşıq Ələsgərin şeirlərindən konseptlə bağlı xüsusi parçalara önəm vermişlər. Belə görünür ki, layihə-kitabın başlıca məqsədi heç də məlum faktları işıqlandırmaq yox, yazılı ədəbiyyatda İrəvan konseptinin tarixən gəlişməsinə vurğu salmaq olmuşdur.

Maarifçilik dövründə, Çar hökumətinin yerli xalqlara, xüsusən müsəlmanlara qarşı yeritdiyi hər hansı antimilli siyasətə baxmayaraq, Tiflis, Bakı, Naxçıvan, Şuşa, Lənkəran və digər Azərbaycan şəhərləri ilə yanaşı İrəvan şəhəri də milli mədəniyyətin inkişaf etdiyi, qabaqcıl Qərb və dünya mədəniyyətinə qovuşduğu ocaqlardan biri olmuşdur. "Əkinçi"dən, "Ziyayi-Qafqaziyyə"dən "Molla Nəsrəddin" jurnalınacan kitabda misal gətirilən "İrəvan xəbərləri" maarifçilərin Azərbaycanın bütün bölgələri kimi, İrəvanı da daimi diqqət mərkəzində saxladıqlarını göstərir, faktik əks etdirir. Maarifçilər millətin gözünü açır, xalqın maariflənməsi, təhsil və mədəniyyət qayğısına qalırdılar. Odur ki, İrəvanla bağlı olaylar da Firidun bəy Köçərlinin, Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Əbdürrəhim bəy Haqverdiyevin bədii-publisist qələmində maarif, işıq, tərəqqi uğrunda əsl çarpışmaya dönür; nəticədə bu savaşın qaynar məkanlarından birinin də məhz azərbaycanlıların yaşadığı, məktəblər açdığı, sivilizasiyaya, əsrin tələblərinə uğraşdığı İrəvan şəhərinin olduğunu görürük. Doğrudur, çox zaman bu mübariz ruh satirik rəngə boyanır, kəskin tənqidi-təşrihi şəkil alır, Molla Nəsrəddin-C.Məmmədquluzadənin amansız gülüşündə, İrəvan müxbiri "Anaş Qurbağa"nın acı əhvalatlarında, Əbdürrəhim bəy Haqverdiyevin - "Mozalanbəyin səyahətnaməsi", "...İrana, Hindistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, İrəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana..." xəyali səfərlərində milləti utandırır da; amma bütün bu məramın ən ali niyyətlərdən doğduğu, yüksək amala söykəndiyini sübuta da hacət yoxdur.

"İrəvan gündəliyi" - böyük Azərbaycan yazıçısı, ədibi, ictimai və mədəniyyət xadimi Mirzə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında məxsusi yer tutur, önəm kəsb edir. Cəlil Məmmədquluzadə ömrünün gənclik illərini Naxçıvanla yanaşı İrəvanda keçirmiş, burada fəaliyyət göstərmiş, yazıb-yaratmışdır. Ədib haqqında tədqiqatlardan, məxsusən akademik İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyasından (bax: İsa Həbibbəyli, Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1997) bu barədə geniş bilgilər alırıq. Zatən XIX əsrin sonu- XX yüzilin əvvəllərində Naxçıvan və İrəvan şəhərləri eyni bir İrəvan quberniyası adı altında inzibati-mədəni mərkəz kimi mövcud idi. Kitabda təqdim olunan Cəlil Məmmədquluzadənin məktublaşmalarından hissələr, hekayələrində, pyeslərində İrəvan hadisələri-motivləri-notları bölgənin bu dövrdə milli mədəniyyətimizin ünvanında Bakı, Tiflis, Qarabağla bir sırada necə böyük rol oynadığını, önəm daşıdığını göstərir. Belə ki, milli ədəbiyyatımızda simvolik mahiyyətli "Danabaş kəndinin əhvalatları" məhz "İrəvan quberniyasında yazılıb", milli dramaturgiyamızın şah əsəri "Ölülər" pyesində "Əhvalat İrəvan şəhərlərinin birində vaqe olur", milli hekayəçiliyimizin şedevri "Poçt qutusu"nda İrəvan motivi mərkəzi yer tutur. Mirzə Fətəli Axundzadənin "Təmsilat"ından, Cəlil Məmmədquluzadənin "Kişmiş oyunu", "Usta Zeynal", "İranda hürriyyət", "Zırrama" hekayələrindən İrəvan - Rusiya Azərbaycanı ilə İran Azərbaycanını ayıran və qovuşduran ağrı-acılı məkan kimi keçir. Bəlkə də "Hekayəti-xırsi-quldurbasan" pyesində Bayramın "uzaq yer" bildiyi, "Eşşəyin itməkliyi" povestində Məhəmmədhəsən əminin "qürbətlik çəkdiyi" İrəvan şəhərinin simvolik statusu belə bir doğmalıq və eyni zamanda "yadlaşma" halından qaynaqlanırdı. "Yadlaşdırma" cəhdləri isə açıq-aşkar var idi. "Danabaş kəndinin məktəbi" pyesi və daha sonra eyni adlı povestində Mirzə Cəlil bu halı çar hökumətinin mövcud təhsil siyasəti və milli gerçəklər fonunda faş edir. "Yan tütəyi" hekayəsini yazıçı bilavasitə bioqrafisindən keçən - "Cavan vaxtlarında İrəvanda naçalnik divanxanasında qulluq edərkən" başına gəlmiş əhvalat əsasında qələmə almış, acı bir yumor və ironiya ilə millətin sinirlərində necə "yan tütəyinin çalındığı"nı əyani olaraq sərgiləyə bilmişdi.

Beləliklə, ədəbiyyatda "İrəvan gündəliyi" bütövlükdə ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarının bütünlüyü, bölünməzliyi mənzərəsini gündəmə gətirir, layihədə nəzərdə tutulduğu kimi, oxucunu canlı olaraq Dərbənddən, Tiflisdən İrəvana, Təbrizəcən bu mənzərələrə apara, hali edə bilir.

O da qeyd olunmalıdır ki, XIX-XX əsrlər İrəvan ədəbi-mədəni mühiti barədə geniş materiallar və ayrıca tədqiqatlar mövcuddur (Bax: Ziyəddin Məhərrəmov, İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) Bakı, Nurlan, 2010; yenə onun, İrəvan ədəbi mühitinin XIX əsr və XX əsrin 20-ci illərini əhatə edən dövrünün tarixi özünəməxsusluğu- Vikikitab (wikibooks.org); yenə onun, İrəvan ədəbi mühitində nəşr olunan "Lək-lək" və "Bürhani-həqiqət" ədəbi-bədii mətbuat abidələrinin rolu barədə- Vikikitab (wikibooks.org); Əsgər Zeynalov, İrəvan məktəbləri. Bakı, "Mütərcim", 2011; yenə onun, İrəvan Ziyalıları. Bakı, 2013; İlham Rəhimli. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Bakı, "E.L.", 2007 və s.). Layihə-kitabda bəlli tədqiqatlara deyil, bilavasitə ədəbiyyat materiallarına, prinsipial olaraq yalnız faktiki İrəvan adının, İrəvan şəhərinin keçdiyi ədəbi-bədii mətnlərə isnad olunmuş, "gündəlik" janrının tələblərinə uyğun, ədəbiyyatın içindən İrəvan konseptinə nəzər salmağa cəhd edilmişdir.

Kitabın üçüncü bölümü təsadüfən "İtirilən cənnət" adlandırılmamışdır. Çar hökuməti təbəəsi olan müsəlman xalqlara nəinki yad münasibət bəsləyirdi, üstəlik onlara qarşı dini və milli zəmində münaqişə törədərək, "parçala, hökm sür" siyasətini yeridirdi. 1905-ci ildə başladılan erməni-müsəlman davası yalnız həmin münaqişənin qara müjdəçisi olmadı, yüz ildən də çox, bugün də davam edən qatı erməni millətçiliyinin azərbaycanlılara qarşı səlib yürüşünün, azərbaycanlıların soyqırımına uğradılması və doğma torpaqlardan deportasiyasının başlanğıcı oldu. Millət qırğınının səbəbkarı təkcə Mirzə Ələkbər Sabirin "Müsəlman və erməni vətəndaşlarımıza" şeirində "Fitneyi-iblisi-məlun" adlandırdığı, "Molla Nəsrəddin"in səhifələrində dəfələrlə hədəfə aldığı və Cəfər Cabbarlının "1905-ci ildə" pyesində "Atan kazaklardır!" deyə ifşa etdiyi Çar hökuməti deyildi. Çar Rusiyasının yüz il ərzində kütləvi şəkildə əzəli Azərbaycan ərazisinə yerləşdirdiyi ermənilərin torpaq hərisliyi, daşnaksütyun sıralarında təşkilatlanması, qonşu xəyanəti və qana susaması heç də az rol oynamırdı.

Bu barədə hadisələrin isti izi ilə qələmə alınmış Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası", Məmməd Səid Ordubadinin "Qanlı illər" bədii-publisistik əsərləri təfərrüatlı, faktların dili ilə söz açır. Bütünlükdə Azərbaycanı bürümüş bu hadisələrin təsvir olunduğu hər iki əsərin konkret halda İrəvan səhifələri "İrəvan gündəliyi" kitabına da daxil edilmişdir. Yüz il əvvəl olduğu kimi, yüz il sonra da - 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1987-1988-ci illərdə eyni mexanizmlə, kütləvi qırğın və deportasiya ilə müşaiyət olunan erməni planlarının gerçək mahiyyətini Sabir Rüstəmxanlı "Difai fədailəri" sənədli romanında əks etdirir; əsərdən "İrəvan faciəsi" adlı fəslin kitabda yer alması dünən və bugün eyni bir ssenari ilə baş verənlərin tarixini izləməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır: "Hamı yaxşı bilir ki, indiki Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün bunlar Azərbaycan torpaqlarıdır. 1918-ci ildə İrəvan Ermənistana bağışlandı. O tarixdən 100 il keçməmiş bizə qarşı yeni iddia qaldırılır. Azərbaycan torpaqlarında bir erməni dövləti yaradıldı" (Azərbaycan Respublikasının Prezidenti İlham Əıiyevin Goranboy rayonuna səfəri çərçivəsində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında çıxışı, 20.11.2009 - https://files.preslib.az/projects/conflict/gl5.pdf)

Bu tarixi həqiqəti sovet dönəmində nə qədər unutdurmağa çalışsalar da, izlərini yaddaşlardan, o cümlədən ədəbiyyatdan silə bilməmişlər. Hətta 1930-1950-ci illərdə sovet ideologiyası, sosialist realizmi mövqeyindən qələmə alınmış romanlarda belə 1918-1920-ci illər Qərbi Azərbaycan, Zəngəzur hadisələrinin gerçək faciələri əksini tapmışdır. "İrəvan gündəliyi"nə salınan Süleyman Rəhimovun "Şamo" və Əyyub Abasovun "Zəngəzur" romanlarından parçalar bu həqiqətləri bir daha təsdiqləyir. 1956-1958-ci illərdə ilk nəşrindən sonra 2 cildlik "Zəngəzur" romanının qeyri-rəsmi qadağan olunması və yalnız müstəqillik illərində təkrar çapı da, görünür ki, bu səbəbdən olmuşdur.

Bütünlükdə sovet dönəmində İrəvan konseptinin Azərbaycan xalqının yaddaşından tam silinməsinə ciddi cəhdlər edilmiş, əvəzində beynəlmiləlçilik, süni "xalqlar dostluğu" ideyalarına müncər olunan "qardaş Ermənistan", "Yerevan" mövzularının ardıcıl təbliğinə geniş yer verilmişdir. Zatən təbiət etibarilə humanist olan, dostluq, qardaşlıq, qonşuluq dəyərlərinə böyük önəm verən azərbaycanlılar sülh, barışıq, əmin-amanlıq naminə bəzən keçmişin acı həqiqətlərinə göz yummağı da bacarmış, ümumbəşəri ideallara tapınmışlar. Halbuki Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanında göstərdiyi kimi, Azərbaycan məktəblərində "Kür, Araz, Ararat,/ Nə gözəldi bu həyat, / Qardaş olub Hayastan / Azərbaycan..." nəğməsi səsləndirildiyi bir zamanda, "qardaş Ermənistan"da türk-azərbaycanlı millətinə qarşı nifrət ideologiyası bəslənmiş, beşikdən məzaracan erməni gəncliyi bu ruhda tərbiyələnmiş, yetişdirilmişdi. Bəlkə 1948-1950-ci illər və 1987-1988-ci illər deportasiyalarının, azərbaycanlıların son nəfərinəcən doğma yurdlarından qovulması, didərgin salınmasında həm bu "qəflət yuxusu"nun da payı vardır - demək olardı.

Amma belə deyil, ədəbiyyat altqatda, gizlində cərəyan edən proseslərə zamanında reaksiya verə bilməsə də, "İrəvan gündəliyi"nin bu acı səhifələri əslən Qərbi Azərbaycandan olan yazıçıların son yarım əsrdə yaranmış əsərlərində - Fərman Kərimzadənin "Vedinin yanı dağlar", Hidayətin "Burdan min atlı keçdi", Azər Abdullanın "Sarı tağ", Vahid Əzizin "Dərələyəz", Mövlud Süleymanlının "Erməni adındakı hərflər" və s. onlarla digər nümunələrdə əksini tapmışdır. Əlbəttə, kitabda yer almış mətnlər yalnız seçmə nümunələrdir. Son otuz ildə Qərbi Azərbaycan torpaqlarında cərəyan edən hadisələr, qeyd olunduğu kimi, beynəlxalq maraq kəsb etmiş, barəsində bütöv bir kitabxana elmi, publisistik, o cümlədən bədii ədəbiyyat yaranmışdır. Hətta irəli gedib bu mövzuda "İrəvan gündəyi"nin bugünündən bəhs açan ayrıca kitab üzərində düşünməyə də dəyər.

Bugün tarix bizə işləyir, yüzillər ərzində haqqı tapdanan, torpaqları zaman-zaman işğala məruz qalan, lakin heç zaman bu tarixi ədalətsizliklə barışmayan Azərbaycan xalqı müstəqil dövlətini qurmuş; Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi, ümumxalq dəstəyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu otuz il düşmən tapdağında qalmış Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmiş, 2023-cü ilin 19-20 sentyabrında 24 saatlıq antiterror əməliyyatı sonucunda Azərbaycan Dövlətinin müstəqilliyi və suverenliyi tam bərpa olunmuşdur. Müdrik xalq məsəlində deyilir: haqq nazilər, amma üzülməz; üç yüz ildir davam edən məkrli erməni planları fənaya uğrayır. Gündəmdə Qərbi Azərbaycan məsələsi, "İrəvan gündəliyi"nin sabah səhifələri yazılmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı münasibətilə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: "Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır…" (İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub- Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)

"İrəvan gündəliyi" kitabının son bölümünün "Qayıdış dastanı" adlanması təsadüfi deyil. Bu bölüm hələ həcmli olmasa da, sanbal etibarilə dəyərli və önəmlidir. Azərbaycan Prezidentinin "Qayıdış konsepsiyası"na çağırışın işığında "İrəvan gündəliyi"nin sabahlı səhifələri ədəbiyyatda yenicə yazılmaqdadır. II Qarabağ savaşının, Vətən müharibəsinin içindən yazılan Arzu Əsədin "Lələtəpə dastanı" poeması, Səyyad Aranın "İrəvana gedən yollar" romanı, Musa Urudun "Zəngəzur bayatıları" ötən əsrlərin mənəvi iztirab və intiqamını, günün zəfər və qələbə sevinclərini təcəssüm etdirməklə birgə, "Xan gəlsin, paşa gəlsin, / Qəlbimiz cuşa gəlsin. / İrəvanla Təbrizin / Müjdəsi qoşa gəlsin" deyə sabahlı duyğuları da vəsf edir, sabaha uzanan yolları görür və göstərir.

"İrəvan gündəliyi" layihə-kitabı ədəbiyyatda İrəvan konseptinin tədqiqinə dair ilk təcrübə, mətnlər toplusudur. Bütövlükdə, kitab Azərbaycan torpaqları olan İrəvan şəhəri, mahalı, bölgəsinin üç əsr ərzində ədəbiyyatdan görünən mənzərəsini, gerçəklərini, obrazını cızmağa, əks etdirməyə müvəffəq olmuşdur. Nəşri gələcəkdə zənginləşdirmək, yeni mətnlərlə möhkəmlətmək, həcmi və sanbalını daha da artırmaq olar.

Kitabı hazırlayanlar: YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi ictimai birliyinin sədri, yazıçı Məqsəd Nur və Səbirə Müzəffərli, məsləhətçi və ekspert: AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli antologiyaya rəy yazmış, böyük önəm vermişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə gerçəkləşmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan torpaqlarına Qayıdış Konsepsiyası işığında hazırlanmış "İrəvan gündəliyi" kitabı, inanırıq ki, geniş oxucu kütləsinin marağına səbəb olacaq, burdan alınan təəssürat və qənaətlər bu istiqamətdə yeni tədqiqatların meydana çıxmasına, yeni kitabların hazırlanmasına və çapına rəvac verəcəkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!