Sentyabrın 25-i İnam Atanın (Asif Atanın) 89-cu ildönümüdür. (1935-1997). Onun "Ata ömrü öz diliylə" adlı qısa tərcümeyi-halını "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm. İşıqlı ATALI
1. Dünyaya gəlişimlə bağlı söhbətlər bilmirəm. Ancaq uşaqlığım babam Molla Məhəmmədin hikmətli söhbətləri altında keçib.
Xeyirlə Şərin döyüşü, Həqiqətin qələbəsi, Qaranlıq quyular fəlakəti, Xeyirxah quşlar, Dünyəvi gedişatlar, sirlər, sehrlər hikməti başımın üstündə olardı daim və ömrümü Ülviyyət ahənginə bürüyərdi; o ahəng heç vaxt pozulmadı - nə fərəhli, nə kədərli anlarda, nə tənhalıqda, nə təqibdə: elə bil ki, ömür həmin ahəng üstə köklənmişdi.
Həmin ahəngə faciəvi notlar da qarışmışdı. Günlərin bir günündə qapımızı döydülər, milis libasında bir kişi çayımızı içdi və babamı apardı. Bir də babamı görmədim.
Uşaqlıq anlarından biri: axşamlar çırağımız keçəndə ölümü düşünürdüm; nənəmin, babamın bir vaxt həyatdan gedəcəklərini düşünürdüm - üşütmə keçirdi bədənimdən, kədər dolurdu qəlbimə...
Mən anadan olanda, atam Qasım, anam Növrəsidə Əfəndiyevlər Bakıda Pedaqoji İnstitutda oxuyurdular. Məni Molla Məhəmməd babam və Yaxşı nənəm saxlayırdılar.
25 sentyabr 1935-ci ildə Krasnoselo rayonunun Çaykənd kəndində anadan olmuşam. Coğrafi cəhətdən Ermənistana aid edilən bu dağlı, meşəli, çöllü-çəmənli, çaylı, bulaqlı məkan - türk ruhuyla həmahəng idi; göyü möhtəşəm, yağışı mahnılı, qışı sərt, adamları birüzlü idi.
Atam və anam özləri üçün yaşayan adamlar deyildilər, balaları üçün, doğmaları üçün, qohum-əqrəbaları üçün yaşayan adamlar idilər.
Onlarda təbii fədakarlıq yaşayırdı; - indi azalan, səngiyən, az qala, yoxa çıxan.
2. Qeyri-adilik halı mənim təbiətlə təmasımdan başladı. Yaradıcılığımın - filosofluğumun - tənqidçiliyimin, inamçılığımın - əsas İdeyası - Dünya görünəndən artıqdır; həyat görünəndən artıqdır; İnsan görünəndən artıqdır; Dünyanın, Həyatın, İnsanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyəti, Mənası var Həqiqəti mənə bir hal kimi, davamlı Duyğu kimi, ilkin fikir kimi kənddə, uşaqlıq çağlarımda gəlib çatdı.
Mənə elə gəlirdi ki, çay sadəcə, axmır, mahnı oxuyur, meşə qüssələnir; qürub çağı ağlayır; dağ özündə vüqar daşıyır; ancaq bütün bunları adi gözlə görmək olmaz; onları ruhun, idrakın gözüylə görmək olar. Təbiət əslində İnsana bənzəyirdi.
Adamları ürəyimdə qınayırdım ki, təbiət insaniliyini, insan təbiətliyini görmürlər, hadisədən kənara çıxa bilmirlər, mənaya yetə bilmirlər.
Bu qeyri-adi duyğu, hal, fikir sonralar məni tərk etmədi və mən ədəbiyyatda da, fəlsəfədə də; inamda da - Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyət, Məna axtarmağa başladım və bu mənə hədsiz ruhani fərəh bəxş elədi.
3. Mənim ədəbiyyata, fəlsəfəyə və ümumən, ruhaniyyata bağlılığım İdrak Eşqindən başladı. İdraka Heyrət Duyğusu, Dünyanı, Həyatı, İnsanı dərk etmək Ehtirası - ömrümün təməl hallarından biridir.
Bilik Təşnəsi - daxilimdə yaratmaq tələbi yaratdı: bildiyimi özümləşdirmək - bildiyimi ötmək ehtiyacına çevrildi. Başqasını öyrənmək - özünüifadə etmək zəruriliyi yaratdı.
Vəhysiz hadisənin mahiyyətinə, mənasına çata bilməzsən.
Hadisəni təsvir edə bilərsən - ancaq hadisənin ideyasını aça bilməzsən. İstedad - məncə, elə Mahiyyətə yetməkdir.
Vəhy - zəkayla ehtirasın birləşməsi deməkdir; zəkalı ehtiras, ehtiraslı zəka deməkdir. İdeyanın aqibətləşməsidir, vəcdli fikirdir.
Fikrin, ehtirasın sürətli, şiddətli çağı, uçuşudur. İlhamın - ən coşğun çağıdır. Vəhy məqamında Həqiqətə tez çatırsan, - bəzən bir anda çatırsan. Ancaq Vəhy - biliyə; aramsız, ağır, davamlı düşünmə əməlinə əsaslanır.
Vəhy - İdrak yolunun nəticəsidir.
Vəhysiz yazdığım əsər olmayıb.
Ancaq düşünmə əməlindən ayrı vəhyim olmayıb.
Vəhy - yolun əvvəli deyil - sonudur.
Vəhysizlər, ilhamsızlar mənə "Vəhyini azalt, İlhamını azalt" - deyə çox nəsihətlər verdilər; mən onları eşitmədim və düz elədim; yoxsa, onlar kimi həqiqətsiz qalardım. Yazmaq - daxili hökmdür; ona əməl etməmək mümkün deyil.
4. Yaradıcılıq qüvvəmi İnsanilikdən alıram. İnsanilik dörd keyfiyyətlə səciyyələnir: İnam, İdrak, Mənəviyyat, İradə.
İnamın Mahiyyəti - Mütləqilikdir.
Dünyanın, Həyatın, İnsanın Mütləqiliyinə İnamdan güc alıram.
İdrakın mahiyyəti - Həqiqətdir.
Həqiqətdən güc alıram.
Mənəviyyatın mahiyyəti - Vicdandır.
Vicdandan güc alıram.
İradənin mahiyyəti - Müstəqillikdir.
Müstəqillikdən güc alıram.
Ömrüm İnsanilik üstə qurulub, həqiqətçiliyə həsr edilib; həqiqətçilik sövqü ömrümə hakim olub.
5. Öz ədəbi tənqidimi yaratmışam.
Öz fəlsəfəmi yaratmışam.
Öz inamımı yaratmışam.
Öz ocağımı yaratmışam.
Özümlüyümü təsdiq eləmişəm.
İnsaniliyimi təsdiq eləmişəm.
Əyləncəm yoxdur. Musiqiylə daim təmasdayam.
Muğamları, öz haraylarımı pianoda çalıram.
Cavanlara istəyim: İnamçı olun, İnsançı olun, Yurdçu olun - Şəraitçi olmayın, Mühitçi olmayın, Zamançı olmayın - özümlü olun, özgəçi olmayın.
17-ci il (1995, Bakı)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!