ADA Universitetinin təşəbbüsü ilə çap olunan “Azərbaycan” qəzetinin transliterasiya mətni haqqında
Vilayət QULİYEV
Yolun yarısı keçildi.
Azərbaycan Cümhuriyyəti hökumətinin rəsmi mətbu orqanı - "Azərbaycan" qəzetinin ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən 20 cildlik transliterasiya mətninin 10 cildi çapdan çıxıb. Bildiyim qədər 11-ci cild də çap edilib, 12-ci cild isə artıq mətbəəyə göndərilib. Digər cildlər üzərində intensiv iş gedir. Amma kitabxanamda hələlik yalnız ilk on kitab var. Odur ki, indilikdə yalnız həmin möhtəşəm cildlər haqqında danışmaq istəyirəm.
Əslində, təqdim olunan yazı daha çox ümumi təəssürat xarakteri daşıyır. Başqa cür də ola bilməzdi. Çünki cildlərdə yer alan ictimai-siyasi mövzular, dərc edilən müxtəlif xarakterli məlumatlar o qədər zəngin və əhatəli, tarixi-coğrafi baxımdan o qədər geniş miqyaslıdır ki, onların bəziləri haqqında neçə-neçə məqalə, hətta ayrıca araşdırmalar yazmaq mümkündür. "Azərbaycan"ın 443 sayının toplandığı (indiki halda söhbət onların yarısında gedir) cildlər regionda və dünyada baş verən mürəkkəb proseslər burulğanında Azərbaycan Cümhuriyyətinin 23 aylıq siyasi, hərbi, iqtisadi, ictimai, mədəni-mənəvi mövcudluq tarixini az qala günbəgün izləməyə, cəmiyyət və dövlətçilik həyatının ən müxtəlif sahələrinə işıq salmağa imkan verir. Bu nəşr sayəsində "yoxdan bir ideal rəmzi olan üç rəngli bayraq yaratmaq", onu sivil dünyaya göstərmək və qəbul etdirmək, milyonlarla Azərbaycan türkünü bir bayraq altında birləşdirmək uğrunda aparılan uzun və çətin mübarizənin əyani surətdə izlənməsi, hətta "görülməsi" mümkün olur.
"Azərbaycan" çoxcildliyinin ilk kitabı 2021-ci ildə, yəni müstəqil milli dövlətimizin bərpasının 30 illiyi ərəfəsində işıq üzü görüb. Əslində zamanında siyasi iradə nümayiş etdirilsəydi, elmi mühit - politoloq, tarixçi və filoloqlarımız daha tədbirli, uzaqgörən tərpənsəydilər, bu qiymətli tarixi məxəzləri aşkarlıq kursunun elan olunduğu 1980-ci illərin ikinci yarısında da cəmiyyətə təqdim etmək mümkün idi. Bəlkə də belə lazımlı addım zamanında atılsaydı, bir sıra yanlışlıq və səhvlərdən qaçmaq imkanı yaranardı. Eləcə də, tək sıravi vətəndaşları deyil, ictimai-siyasi dairələri də hazırlıqsız yaxalayan Qarabağ münaqişəsinin kökləri və səbəbləri haqda əlimizdə daha geniş, obyektiv bilgilər toplanardı. Qarşımızdakı düşməni bütün xəbisliyi və fitnəkarlığı ilə görə bilərdik.
Lakin necə deyərlər, heç olmamaqdan gec olmağı yaxşıdır. Cümhuriyyət irsi də daxil olmaqla xalqımızın milli-mənəvi sərvətləri ilə bağlı vacib, xeyirxah layihələrin müəllifi və icraçısı kimi tanınan ADA Universiteti "Azərbaycan" qəzetinin tam mətninin ərəb əlifbasından transliterasiyası və külliyyat şəklində nəşri məsələsində də onilliklərin sükut buzunu qırıb sözdən əmələ keçməklə hamıdan qabağa düşdü. Mühüm ictimai-siyasi və milli-mənəvi bir layihənin icrasına təkan verdi. Universitetin rektoru, görkəmli alim və diplomat Hafiz Paşayevin təşəbbüsü ilə hələ bir neçə il əvvəl bu istiqamətdə indi artıq konkret nəticələrini gördüyümüz fəaliyyət başlamışdı. Artıq beş ilə yaxındır ki, bütün digər çoxsaylı vəzifələri ilə birlikdə Cümhuriyyətin xalq və tarix qarşısında hesabatı sayıla biləcək "Azərbaycan" qəzetinin tam şəkildə latın qrafikasına çevrilməsi və nəşri Hafiz müəllimin gündəlik qayğıları sırasına daxildir. Onun nəşrə yazdığı kiçik "Ön söz"də deyilir: "Qəzetin müasir oxucu üçün əlçatan olması tariximizin Cümhuriyyət dövrü kimi zəngin səhifəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək işinə töhfə verməkdən ADA Universiteti qürur duyur".
Həqiqətən də qürur duyulası, iftixar ediləsi işdir.
Mütəxəssislər yaxşı bilirlər - ərəb əlifbasından transliterasiya sadəcə mexaniki proses deyil. Böyük təcrübə, yüksək bilik və intellekt, haqqında bəhs açılan dövrün tarixinə, proses və şəxsiyyətlərinə, dil və üslub məsələlərinə bələdlik tələb edən yaradıcı işdir. Bəzən bir sözün, yaxud bir adın düzgün yazılışını tapmaq üçün uzun-uzadı düşünmək, ən müxtəlif versiyaları nəzərdən keçirmək lazım gəlir. Heç yadımdan çıxmır - Cümhuriyyətin bütün parlaqlığı və cəlbediciliyi ilə həyatımıza yenicə daxil olmağa başladığı 1990-cı ildə bir nəfər həmkarımla birlikdə diplomat və publisist Adil xan Ziyadxanın "Azərbaycan" kitabını əski əlifbadan kirilə çevirib çapa hazırlayırdıq. Mətndə qarşımıza ərəb qrafikası ilə təxminən "sprlşmk" (ərəb əlifbasında sait səsləri ifadə edən hərflər demək olar ki, göstərilmir - V.Q.) şəklində yazılmış bir söz çıxmışdı. Dostum onun "sporlaşmaq" olduğunu iddia edir, mən isə "süpürləşmək" kimi oxuyurdum. Söhbət 1917-1920-ci illərdə beynəlxalq güclərin Azərbaycan, xüsusən də Bakı nefti uğrunda mübarizəsindən getdiyi üçün hər iki oxunuş bu və ya digər dərəcədə uyğun sayıla bilərdi. Yalnız mətnin bir neçə abzasını məna - məzmun baxımından nəzərdən keçirəndən sonra ikinci versiyaya üstünlük verdik.
Çap texnologiyasının qeyri-mükəmməlliyi, mürəttib və korrektor işinin lazımi səviyyədə olmaması da əski mətnlərin transliterasiyanı xeyli çətinləşdirir.
Ərəb əlifbasının dolaşıqlığından, ən kiçik yanlışın da ciddi fikir və məna təhriflərinə yol açmasından şikayətlənən böyük Füzuli 500 il əvvəl - hələ hamının gözünün bu əlifbaya uyğunlaşdığı bir vaxtda acı-acı şikayətlənərək yazırdı:
Qələm olsun əli ol katibi-bədtəhririn
Ki, fəsadi-qələmi sözümüzü şor eylər.
Gah bir hərf süqutuilə qılar nadiri nar,
Gah bir nöqtə qüsurilə gözü kor eylər.
Aydın məsələdir ki, Azərbaycanda ötən əsrin ilk iki onilliyinin qəzet dili hazır klişelərin mövcud olduğu ənənəvi poeziya dilindən müqayisəedilməz dərəcədə çətin və mürəkkəb idi. Odur ki, "hərf süqutu" və "nöqtə qüsuru" nəticəsində yaranan yanlışlıqlara daha tez-tez təsadüf edilirdi. Hətta bizim günlərdə vəziyyətdən çıxış yolu kimi ərəb əlifbası ilə olan mətnlərdə şəxs, yer, tarixi hadisə və s. adlarının oxunuşunda anlaşılmazlıq yaranmasın deyə mətn daxilində bu adlar mötərizə içərisində həm də latın hərfləri ilə verilir.
Bunları yazmaqdan məqsədim əsəri ərəb əlifbasından çevirib nəşrə hazırlayan iki nisbətən gənc, amma üzərlərinə yetərincə böyük məsuliyyət yükü götürmüş və öhdəsindən şərəflə gəlmiş azərbaycanlı filoloq alimin - Türkiyənin Mərmərə universitetinin keçmiş məzunu - indiki dosenti Mehdi Gəncəli ilə İstanbul universitetin məzunu Azad Ağaoğlunun necə böyük çətinliklərlə üzləşdiklərini göstərməkdir. Qətiyyən mübaliğəyə varmadan deyə bilərəm - onların qısa müddət ərzində gördükləri iş hər baxımdan həqiqi fədakarlıq nümunəsi, gerçək vətənpərvərlik örnəyidir. Üstəlik hazırlıqsız korrektorun mürəkkəb işin öhdəsindən gələ bilməyəcəyini yaxşı başa düşən Azad Ağaoğlu daha bir fədakarlıq edərək milyonlarla işarədən ibarət nəşrin korrekturasının oxunması vəzifəsini də üzərinə götürüb. Mehdi Gəncəlinin yetirmələrinin - Mərmərə universitetinin dil-ədəbiyyat bölümündə təhsil alan tələbə və magistrlərin bir qrupunun könüllülük prinsipi əsasında transliterasiya işinə cəlb olunmaları isə, heç şübhəsiz, Türkiyənin elmi dairələrində Azərbaycan Cümhuriyyəti dostlarının, XX əsr Azərbaycan ictimai-siyasi həyatının gələcək tədqiqatçılarının sıralarını genişləndirməyə xidmət edir. Çoxcildliyin elmi redaktoru akademik Teymur Kərimlinin xidməti də təqdirəlayiqdir.
20 cildliyi müəyyən mənada həm də akademik nəşr kimi qəbul etmək olar. Tək elə onu göstərmək kifayətdir ki, iş prosesində qəzet mətnində yol verilən ayrı-ayrı yanlışlıqlar islah edilib. Mətndəki çətin başa düşülən ərəb-fars tərkibli söz və ifadələrin açıqlaması kvadrat mötərizə içərisində verilib. Qəzetin hər sayından sonra əlavə olunan "Qeyd və şərhlər" bölməsindəki izahlar da mətnin səhih və düzgün anlaşılmasını, məna təhriflərinin aradan qaldırılmasını təmin edir. Adların orijinala uyğun transliterasiyası, habelə XX yüzilliyin əvvəli ilə müqayisədə meydana çıxmış fərqlərin göstərilməsi də diqqətdən yayınmayıb. Hər cildin axırında verilən, şəxs, yer, dövlət, qurum, idarə, təşkilat, şirkət və cəmiyyət adlarını ehtiva edən əhatəli "Adlar göstəricisi" də məsələyə akademik yanaşmanın göstəricisi sayıla bilər. Bu həm də qəzetdə toxunulan bir sıra məsələlərin tarixi əhatə dairəsini və coğrafi genişliyini daha dərindən anlamağa kömək edir, eyni zamanda redaksiya ətrafında toplanan əməkdaşları yaxından tanıdır.
***
"Azərbaycan" geniş profilli mətbu orqan kimi fəaliyyət göstərirdi. Var qüvvəsi ilə dövlətçilik düşüncəsinin yayılması, istiqlal ideyasının beyinlərdə və ürəklərdə yol tapması, xalqın vahid qüvvə kimi dövlətinin ətrafında birləşməsi amalına xidmət edirdi. Leninin yerinə düşən sözləri ilə desəm, təkcə "kollektiv təbliğatçı və təşviqatçı deyil, həm də kollektiv təşkilatçı" işinin öhdəsindən layiqincə gəlirdi. "Azərbaycan" yalnız hökumətin qanun və qərarlarının mətnini, parlament müzakirələrinin stenoqramını, dünyanın aparıcı xəbər agentliklərinin rəsmi materiallarını çap etməklə kifayətlənmirdi. Qəzetin səhifələri Cümhuriyyət qayəsinə tapınan, milli istiqlal ideyasına töhfə vermək istəyən yaradıcı simalar, eləcə də sıravi vətəndaşlar üçün açıq idi. Burada rəsmi xronika ilə bir sırada tarixi araşdırmalar, vətənpərvər ruhlu publisist yazılar, hərbi və iqtisadi xarakterli təhlillər, siyasi polemika nümunələri, şeirlər, çoxsaylı elanlar (onlardan da mühüm bilgilər almaq mümkündür), hətta felyetonlar da dərc olunurdu.
Ölkənin mövqe və nüfuz baxımından birinci qəzeti ilk türk Cümhuriyyətinin çətin günlərində, həyəcanlı sınaq anlarında xalqı öz dövləti ətrafında sıx birləşdirmək üçün bütün mümkün yollara baş vururdu. Vətəndaşları milli-tarixi kökləri ilə tanış edir, onlara türkçülük, sağlam milliyyətçilik ruhu, döyüşkənlik və mübarizlik əhval-ruhiyyəsi aşılayırdı. Ruhdan düşməməyə, taleyinin ən böyük töhfəsini - müstəqil Cümhuriyyətini göz-bəbəyi kimi qorumağa səsləyirdi. Bu baxımdan "Umudvar" təxəllüsü ilə çıxış edən Ömər Faiq Nemanzadənin Denikin ordularının Azərbaycan istiqlalına real təhlükə yaratdığı 1919-cu ilin iyununda yazdığı aşağıdakı ehtiraslı və həyəcanlı sətirlər günümüzdə də öz keçərliliyini saxlamaqdadır:
"Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə gələn yırtıcı ayılardan daha yırtıcıdır. Vəhşilərdən daha vəhşidir. Ən qəhhar xunrizlərdən daha xunrizdir.
Ey azərbaycanlı! Ey türk! Bil ki, sən zəif olduqca, hər yandan olursa olsun, üstünə hücum mühəqqəqdir!
Ey türk! Gözünü aç ki, əlindəki neməti-istiqlalı qapmaq istəyirlər.
Ey Azərbaycan! Ey hər kəsin gözü düşən nazənin vətən! Yatma, yatma ki, birdən-birə "ürəyin" üstünə çökmək, hərarəti-həyatiyyəni söndürməyə qəsd edirlər.
Ey cavan türk! Vətənini, onunla bərabər ananı, bacını, balalarını qurtarmaq üçün kimsədən imdad diləmə, saqın aldanıb kimsəyə əl uzatma! Əl uzatma ki, sənin yeganə yardımçın sənsən! Sənin yaşamaya, istiqlala olan inamındır! Sənin millətinə olan məhəbbətindir!
Ey Azərbaycanlılar! Ey böyük və şanlı cahangir nəvələri! Başını bir az yuxarı qaldır! Ticarət işini bir az yüngülləşdir, həmiyyətini və qeyrətini göstər!
Ey kimsəsiz türk! Qorxma! Həmiyyətinə, mənəviyyatına, imanına nöqsan gətirmə! Sən kimsəsiz olduğun halda daha böyük aslansan! Tək, möhkəm və əsaslı təşkilatın (dövlət nəzərdə tutulur - V.Q.) ən güclü silahın olsun. Səndə o iman, o həmiyyət olduqca, həmişə qalibsən!"
Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi iki ildən də az müddət ərzində Cümhuriyyət "millətə bir az istiqlal və hürriyyət dadızdıra", hürr yaşamağın nə olduğunu öyrədə bilmişdi. Dünənə qədər özlərini sadəcə "müsəlman" sayan azərbaycanlılarda milli qürur tərbiyə etmiş, onlara dövlətçilik və vətənpərvərlik hissləri aşılamışdı. Bu işdə ən böyük məsuliyyət payı hakimiyyətin əsas tribunası, səsi və sözü olan "Azərbaycan" qəzetinin üzərinə düşürdü. Ona görə də Vətənimizin adını daşıyan qəzeti təkcə tarixi mənbə, qaynaq kimi deyil, bu günümüzün və gələcəyimizin həmişə qüvvədə olan mühüm sənədlərindən biri kimi yaşatmaq və öyrənmək lazımdır.
***
Əlimin altında olanda "Azərbaycan" qəzetinin saylarını gözdən keçirməyi çox sevirəm. Səhifələri vərəqlədikcə xəyalən 100 il əvvələ qayıdıram. Xəbərlərdə haqqında söhbət açılan adamların üzlərini görürəm, səslərini eşidirəm. Onların narahatçılığı və həyəcanı ilə yaşayıram. Sevinclərinə şərik oluram, qəmlərini bölüşürəm. Elə bil dövrün hadisələrinin axarına düşürəm, 15 sentyabr zəfərindən sonra rəsmi paytaxt statusu qazanmış Bakının küçə və meydanlarında dolaşıram. Parlamentdə, mətbuat sahələrində aparılan üzakirələrin, fikir mübadilələrinin iştirakçısına çevrilirəm. 100 il əvvəl yaşamış gənc bir soydaşım Vətəni, istiqlalı qorumaq üçün əsgərliyə getməkdən qürur duyduğunu deyəndə mən də daxilən qürurlanıram. Yüz il əvvəlki bir nəfər halal, qeyrətli məmur haqda oxuyanda belə insanların nədən yalnız keçmişdə qalmasına təəssüflənirəm. O dövrün pislərinin varislərinin, davamçılarının bu gün də at oynatmalarından, hökm vermələrindən, insan talelərini həll etmələrindən kədərlənirəm.
Qəzetin 9 iyun 1919-cu il 199-cu sayında diqqətimi "Rüşvət" adlı bir neçə sətirlik yazı cəlb etdi. Xəbərdə deyilir: "Ticarət və Sənaye Nəzarəti müvəkkili Sultanov cənablarına əcnəbi tüccaranından (xarici tacirlərdən) rəsmi bir mövqe tutan şəxs mal gətirməsinə müsaidə qəsdi ilə böyük miqdarda rüşvət təklif etmişdir. Sultanov cənabları bundan dilgir (dilxor) olaraq hərifi qovmuşdur".
Deməli, Cümhuriyyət qısa müddət ərzində rüşvət almağı ləyaqətsizlik sayan məmur yetişdirə bilmişdi. Hökumətin rəsmi orqanı isə belə saf, təmiz adamların əməlinin təqdir etməyi, hamıya nümunə göstərməyi zəruri saymışdı.
Başqa bir xəbər: "Bakıda sükunət edən (yaşayan) Malışev qubernatora bir ərizə verərək məlum etmişdir ki, 4-cü uçastok pristavı Kərimbəyov və müavini Axundov kəndi xidmətlərindən (öz vəzifələrindən) sui-istifadə edərək bir çox şikayətçilərdən rüşvət istəyirlər. Qubernator həmin şikayəti təhqiq etmək üçün qalabəyinə (komendanta) göndərmişdir".
Burada mənzərə qanqaraldıcıdır. Təbii ki, Cümhuriyyətlə bağlı idillik, fikirlərdən, hər şeyə və hər kəsə heyranlıq düşüncəsindən çox uzağam. Qətiyyən o dövrün məmurlarının hamısının Aydan arı, sudan duru olması qənaətində deyiləm. Amma yenə məmnun qalmağa əsas verən səbəb var: Dünənə qədər velikorus şovinizminin zülmü, təzyiqləri ilə üzləşən Azərbaycan öz dövlətini qurandan sonra humanist və demokratik dəyərləri əsas tutub vətəndaşları arasında milli fərq qoymur. Sıravi bir rus sakinin şikayəti qubernatorun diqqətini cəlb edir, iqtidar onun narazılığını hökumət qəzetinin səhifələrinə çıxarmaqdan çəkinmir. "Erməni cümhuriyyətində türklərin vəziyyətinə" həsr olunmuş silsilə məqalələr də nifrət, milli ədavət, qisas və intiqam hissindən çox uzaqdır.
Bu mənada Cümhuriyyətin təşəkkülü prosesində humanizm, demokratiya, hüquq bərabərliyi, dini azadlıq, insan haqlarına sayğı prinsiplərinin mövcudluğundan, bütün bunların rəsmi dövlət qəzetində dəqiq əksini tapmasından qürur duymamaq olmur. "Azərbaycan" səhifələrində təbliğ edilən ümumbəşəri dəyərlər fikrimcə, hələ də cahil orta əsr düşüncəsindən, mağara təfəkküründən uzaqlaşa bilməyən sərsəm erməni təbliğatına ən düzgün və kəsərli cavabdır.
***
Düşünürəm ki, gələcəkdə 20 cildliyin materialları əsasında "Azərbaycan" qəzetinin kitabxanası"nı yaratmaq mümkündür. Nəinki mümkün, deyərdim ki, hətta zəruridir. Belə bir "kitabxana" həm şəxsləri, yəni nəşrin fəal müəlliflərini (məsələn, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Fərhad Ağazadə, Əliabbas Müznib, Xəlil İbrahim, Adil xan Ziyadxan, Şəfiqə Əfəndizadə, Yusif Camal və b.), həm də qəzet səhifələrində ardıcıl işıqlandırılan və dövlət həyatı ilə sıx bağlı olan mühüm ictimai-siyasi mövzuları (Rusiya, Osmanlı imperatorluğu, İran, Gürcüstan, Ermənistan, Dağıstan və Avropa ölkələri ilə əlaqələr, hökumətin və Parlamentin fəaliyyəti, hərbi quruculuq, Paris Sülh konfransı, daxili siyasət, iqtisadiyyat, Qarabağ və Zəngəzur hadisələri, milli münasibətlər, qaçqınlar problemi, nazirlik və idarələrin işi, milli-mənəvi tərbiyə, naqisliklərə qarşı mübarizə və s. və i.) əhatə edə bilər.
Yeri gəlmişkən, bu istiqamətdə ilk addım artıq atılıb. Anadan olmasının 150 illiyi ərəfəsində görkəmli publisist Ömər Faiq Nemanzadənin "Azərbaycan" qəzetində dərc olunan yazıları, eləcə də onun barəsindəki materiallar Mehdi Gəncəlinin tərtibi, mənim ön sözümlə ADA Universiteti tərəfindən ayrıca kitab şəklində nəşr edilib. İndi isə başqa bir Cümhuriyyət xadimi - İrandakı ilk səfirimiz Adil xanın məqalələrdən ibarət kitab üzərində iş gedir. Gələcəkdə digər fəal müəlliflərin toplularının nəşri də nəzərdə tutulub. "Azərbaycan" qəzetinin artıq bütün maraqlanan mütəxəssislərin sərbəst şəkildə istifadə edə bildiyi 20 cildlik külliyyatı dil, tarix, iqtisadiyyat, daxili və xarici siyasət, beynəlxalq münasibətlər, milli münasibətlər, dövlət quruculuğu, parlamentarizm və s. mövzularda elmi-tədqiqat əsərlərinə, magistrlik və doktorluq dissertasiyalarına zəmin olmaqla tariximizin az öyrənilmiş səhifələrinin daha dərindən tədqiqi üçün kifayət qədər geniş imkanlar açır, yeni və zəngin materiallar verir.
"Azərbaycan" adlı qəzet yaratmağa ilk dəfə 1893-cü ildə məşhur mətbuat sülaləsinin kiçik nümayəndəsi - Kamal Ünsizadə təşəbbüs göstərmişdi. Lakin görünür, hər şeydən çox nəşrin adından xoflanan Qafqaz Senzura Komitəsi ideyanı necə deyərlər, beşikdəcə boğmuşdu. Aradan milli-mədəni dirçəliş uğrunda mübarizələrlə dolu 25 il keçəndən sonra isə "Azərbaycan" eyni adlı müstəqil dövlətin rəsmi mətbu orqanı kimi nəşrə başlamışdı. Azad ölkənin vətəndaşları bu qəzeti Cümhuriyyətin özü qədər sevir, ona dərdlərinin tərcümanı, sevinclərinin ifadəçisi, haqlarının müdafiəçisi, azadlığına qovuşmuş xalq və dövlətlə bağlı həqiqətlərin carçısı kimi baxırdılar. Maraqlı bir detal: müvəqqəti redaktor Üzeyir Hacıbəyli 1919-cu ilin oktyabrında Bakıdan Parisə, Versal sülh konfransının işində iştirak edən qardaşı Ceyhun Hacıbəyliyə göndərdiyi məktubda qəzetin gündən-günə tərəqqi etdiyi, redaksiya binasında təmir aparıldığı, otağına telefon çəkildiyi haqda xəbər verir, əhval-ruhiyyənin yüksəkliyindən, regionu bürümüş xaos və iqtisadi çətinliklərə baxmayaraq "Azərbaycan"ın müəlliflərə "qələm haqqı" - yəni qonorar ödəməsindən iftixarla söz açırdı.
Cümhuriyyətlə birlikdə doğulan, ilk sayı Bakının azadlığa qovuşduğu gün (15 sentyabr 1918-ci il) nəşr olunan "Azərbaycan" bolşevik süngüləri altında, Cümhuriyyətlə eyni gündə - 1920-ci ilin 27 aprelində süquta uğradı. Lakin haqq söz ölmür, məşhur ifadədə deyildiyi kimi, əlyazmaları yanmır. Aradan yüz il ötəndən sonra müstəqil dövlətimizin ilk rəsmi sözçüsü küllər altından dirçələn Səməndər quşu tək yenidən həyata qayıtdı. Unutduğumuz, xəbərsiz qaldığımız həqiqətlərin ünvanı olmaq səlahiyyətini, bələdçiliyini öz üzərinə götürdü.
Azərbaycan Cümhuriyyəti barəsində, 1918-1920-ci illərdə ölkəmiz və xalqımızın keçdiyi çətin, mürəkkəb tarixi yol haqqında indiyə qədər az yazılmayıb. Amma mənə elə gəlir ki, həmin yazıların ən səmimi, təsirli və inandırıcı olanları məhz "Azərbaycan" qəzetinin səhifələrində yer tapıb. Çünki bəzən hətta naşı, sadəlövh görünən sətirlər də özündə zamanın möhürünü, günün nəfəsini, canlı şahidlərin hiss-həyəcanını, sevinc və qürurunu, ağrı və narahatlığını daşıyır.
Bu sehrli tarixi dünyaya baş vurmağa, Şərqdə ilk dəfə Cümhuriyyət quran xalqımızın, insanımızın halını onların özündən eşitməyə, öyrənməyə dəyər. Günümüzü mühüm milli-tarixi sərvətlərindən olan "Azərbaycan" qəzetinin transliterasiya edilmiş nəşri hamının qarşısında belə fürsət açır.
***
Sonda bir arzumu dilə gətirmək istəyirəm. Vaxtı ilə ərəb əlifbasının islahı, sonda isə ümumiyyətlə bu yazı sistemindən imtina ideyasını ortaya atan Mirzə Fətəli öz-özünə belə bir sual verirdi: "Bəs soruşa bilərlər ki, indiyə qədər təb edilmiş kitabların halı necə olacaq?" Sonra da cavabında yazırdı: "Zamanla müəssisələrimiz yaranacaq, orada bilikli, bacarıqlı insanlarımız o kitabların ən lazımlı olanlarını seçib yeni əlifbaya köçürəcəklər".
Düzdür, indiyə qədər belə müəssisə yaranmasa da, ayrı-ayrı mütəxəssislərin həmiyyəti, təşəbbüsü sayəsində tariximizin çətin dövrlərində "ümmətdən millətə çevrilməyin" binasını qoyan "Əkinçi", "Füyuzat", "Molla Nəsrəddin" kimi nadir milli mətbuat nümunələrinin transliterasiya mətnləri ortaya çıxdı. "Azərbaycan"ın 20 cildlik külliyyatı bu son dərəcə zəruri, faydalı işdə xüsusi mərhələyə çevrilir. Çox istərdim ki, tarixin fasiləsizliyini təmin edən proses yarı yolda dayanmasın, yaxın illərdə transliterasiya edilmiş "Həyat", "İrşad", "Tərəqqi", "Açıq söz" kimi qəzetləri də vərəqləmək, oxumaq imkanı yaransın.
Sentyabr, Bakı, 2024-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!