"Repressiyalar burulğanı": kədərli ömürlərə səyahət - Vahid Əziz İradə Əliyevanın kitabı haqqında yazır

Bir neçə ildən sonra 30-cu illərin repressiyalar burulğanından düz 100 il ötəcək. Tarixin ağrı-acılarla, insan faciələri ilə dolu daha bir dəhşətli səhifəsi bizdən bir neçə vərəq də uzaqlaşacaq. Adama elə gəlir ki, vaxt ötdükcə bütün dərdlər unudulur, ən yaxşı təbib olan zaman qəlbimizdəki yaralara məlhəm çəkir. Bununla özümüzü ovuduruq. Əslində elə yaralar var ki, onlar insanın qəlbində deyil, yaddaşındadır və heç bir əlac həmin yaranı tam sağalda bilmir. Ötən əsrin 30-cu illərinin repressiyası da Azərbaycan xalqının yaddaşına vurulmuş yaradır. Hər dəfə keçmişə boylandıqca, xatirələrə daldıqca yaramız qövr edir. İllər əvvəl başımıza gətirilən faciələrin təsirləri, hətta aradan bir əsrə qədər zaman keçəndən sonra da yenə addımbaşı özünü hiss etdirir.  

Tarixən dünyanın müxtəlif ölkələrində baş vermiş inqilabların sonu xalqları qana çalxayıb. Maraqlıdır ki, tarixilik baxımından müxtəlif zamanlarda və məkanlarda baş vermiş inqilabların məzmunu bir-birindən fərqləndiyi kimi, onların bais olduğu itkilər arasında da çox böyük fərqlər nəzərə çarpır. Əsrlərin müxtəlif dolanbaclarında baş vermiş inqilabları kino lenti kimi gözlərimiz önündən keçirdikcə dişləri qanlı "inqilab əjdahası"nın "iştahının" getdikcə necə artdığını, əvvəlcə minləri, sonra on minləri, daha sonra isə milyonları kamına çəkdiyini görürük.

Ötən əsrin 20-30-cu illərində total şəkildə həyata keçirilmiş Stalin repressiyaları da milyonların taleyini külə çevirən dəhşətli bəşəri cinayət idi. Bu illərdə Azərbaycanda və başqa-başqa ölkələrdə milyonlarla günahsız insan Stalin istibdadının qurbanı oldu. "Sosializm quruculuğu", "xalqın xoşbəxtliyi" kimi saxta şüarlar, qondarma miflər adı altında ömrü böyük məşəqqətlət içində başa çatdı.

Bolşevizm cəlladları üçün konkret seçim meyarı yox idi. Onlar əldə silah sovet quruluşuna qarşı müqavimət göstərənlərlə, yaxud bu meyldə olanlarla yanaşı, dünənə qədər yeni quruluşa dəstək verən sadə kəndliləri, fəhlələri də, bu quruluşun yaradılmasında fəal iştirak etmiş ictimai xadimləri də, ayrı-ayrı müəssisələrdə rəhbər vəzifə tutanları da müxtəlif səbəblər tapıb güllələyirdilər. Təəssüflər olsun ki, o dövrdə məhv edilmiş azərbaycanlılarla bağlı konkret statistika əldə etmək mümkün deyil. Lakin təxmini hesablamalar 80 mindən çox şəxsin, o cümlədən alimin, yazıçının, aktyorun, müəllimin, din xadiminin, sovet-partiya xadiminin, hərbçinin və başqa belə bütün düşünən beyinlərin, fərqli təfəkkür sahiblərinin bir ucdan məhv edildiyini göstərir. Belə bir reallığı diqqətə çatdıraq ki, o dövrdə tək bircə xarici dil bilən şəxsləri də qırırdılar. Ölüm və cəza maşını dayanmadan, nəfəs dərmədən, fasiləsiz işləyirdi. Hər bir "xalq düşməni"nə "məhkəmə" zamanı ancaq 15 dəqiqə vaxt ayrılır, tək-tək hallarda məhkəmə 20 dəqiqə sürürdü. Onların özləri ilə yanaşı, ailələlərinin də həyatı zülmətə bürünürdü. İbrət götürüləsi məqam isə odur ki, öz həmvətənlərinə qarşı qırmızı terroru düşünüb həyata keçirənlərin özləri də sonralar qan çanağında boğuldular. "Çünki külək yaradanlar mütləq tufana düşməli idilər" - mərhum Ziya Bünyadovun bu ibrətə münasibəti belə idi.

Faciə o qədər geniş miqyasda həyata keçirilmişdi ki, necə deyərlər, "cidanı çivalda gizlətmək" olmadı. Stalinin ölümündən az sonra, 50-ci illərin ortalarından başlayaraq vaxtilə bu cinayətlərin bilavasitə iştirakçısı olmuş adamların özləri tərəfindən müəyyən tədbirlər görüldü. Bəşəri cinayətlərin müəyyən hissəsi etiraf edildi, günahkarların bir qismi gec də olsa cəzasına çatdı. Uzun illər qürbətdə, müasir insanın təsəvvür etməyə belə çətinlik çəkəcəyi ən sərt şəraitdə ömrü çürüyənlər böyük xof içində də olsa, öz yurd-yuvalarına, doğmalarının yanına qayıtdılar.

Amansızcasına həyata keçirilmiş repressiyaların əsas məqsədi, Sovet hakimiyyətinə qarşı hər hansı müqaviməti məhv etmək və totalitar rejimi gücləndirmək idi. Bu prosesin nəticəsi olaraq, Azərbaycanda milli özünüdərkə, müstəqillik düşüncəsinə və azad sözə ciddi zərbə vuruldu. Milli-mədəni irsin bir çox qiymətli təmsilçiləri itirildi, bir nəsil ziyalı məhv edildi.

Repressiya burulğanı xalqların ən öndə olan şəxsiyyətlərini, milyonlarla insana yol göstərən, istiqamət verən ziyalılarını alıb apardı. Böyük bir ənənə, təcrübə, irs yarıda qırıldı, yeni nəsillərə ötürülmədən yoxa çıxdı. Mənəvi dəyərlər, örnəklər aşındı, xof, sıxıntı, insanların mənəviyyatına böyük zərbələr vurdu.

Əfsuslar olsun ki, keçmişə qayıdıb zamanın çarxını geri fırlatmaq, bu şəxsiyyətlərin həmin çarxın arasında əzilib-param parça olmuş ömürlərini yenidən bir yerə toplayıb onlara həyat vermək mümkün deyil. Belə bir çarəsizlik önündə edə biləcəklərimiz o dövrü mümkün qədər çox öyrənib tədqiq etmək, həmin şəxsiyyətlərin indiyə qədər naməlum qalmış irsini də üzə çıxarmaqdır. Çünki onların yarımçıq qalmış taleyi indi bu irsdə yaşayır.

Azərbaycanın Əməkdar jurnalisti İradə Əliyeva onlardan biridir. İradə xanımın adı çəkiləndə, imzası qəzet səhifələrində oxucunun gözünə sataşanda dərhal yada repressiya illəri ilə bağlı araşdırmalar düşür. Hələ ötən əsrin 80-ci illərinin sonlarından, repressiya cinayətləri üzərindəki sirr pərdələri asta-asta götürüləndən, Azərbaycan ictimaiyyəti bu cinayətlər barədə yeni-yeni öyrənməyə başlayandan bəri bu mövzuya tez-tez müraciət edən İradə Əliyeva özünün maraqlı araşdırmaları, yaddaqalan yazıları, ilk dəfə gün işığına çıxardığı faktlarla imzasını o illərin öyrənilməsinin simvoluna çevirməyi bacarıb. Repressiya mövzusuna maraq göstərən hər bir Azərbaycan oxucusuna məlumdur ki, İradə xanım hələ 1993-cü ildə mərhum akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun "Qırmızı terror" kitabının həm tərcüməçisi, həm də tərtibçisidir. Sonradan da təkrar nəşr olunan bu kitab repressiya dövrünü, o dövrün cinayət işlərini öyrənmək istəyənlər üçün aydın yola sanki işıq saldı.

Rəğbət doğuran haldır ki, İradə xanım bu istiqamətdə jurnalist araşdırmalarını o dövrdən bəri eyni fəallıqla davam etdirir. Əldə etdiyi faktları, sənədli materialları, üzə çıxardığı tarixi həqiqətləri yeni kitablar halında oxucularına təqdim edir. Onun bu günlərdə rus dilində işıq üzü görmüş "Vodovorot repressiy" ("Repressiyalar burulğanı") kitabı da buna bir nümunədir. Bu günlərdə müəlliflə görüşüb xeyli söhbətləşdik. İ.Əliyeva dedi ki, həmin şəxsiyyətlərin yarımçıq qalmış taleyi o dövrün xatirələrində, sənədli materiallarında ömür sürür. Biz o illəri zərrə-zərrə öyrəndikcə bu insanlar da həmin zərrələr boyda böyüyür, dirilir, milli yaddaşımızda yenidən həyata qovuşur. Əslində bütün  bunlar o qədər də asan deyil və özünü belə bir ağır yükün altına vermiş yaradıcı insanlardan - alimlərimizdəndən, jurnalistlərdən gərgin zəhmət, böyük məsuliyyət tələb edir. Amma çox sevindiricidir ki, zəhmət və məsuliyyətin ağırlığına, məsuliyyətin böyüklüyünə rəğmən yenə də illərdir ki, bu yükü böyük sevgi ilə daşıyan yaradıcı adamlarımız var".

İradə Əliyeva əvvəlki məqalələrində, tarixi oçerklərində, kitablarında olduğu kimi bu nəşrdə də repressiya dəhşətlərini ayrı-ayrı şəxsiyyətlərin ömür hekayələrində nəzərdən keçirib. Əslində bu hekayələrin hər biri cild-cild kitablara, elmi tədqiqatlara, filmlərə mövzudur. Bu kitabda diqqətə çatdırılan adların izi ilə oxucu onlarla ziyalımızın günahsız taleyinin izinə düşür. İzlər adamı repressiya burulğanında qərq olmuş başqa talelərə doğru da aparıb çıxarır. Baxıb görürsən ki, bu insanlar o dövrdə mövcud olan quruluşun şərtlərinə əsla asi çıxmamışlar. Sosializmin xalqlara, həqiqətən, xoşbəxt gələcək gətirəcəyinə sidq-ürəkdən inanmışlar. Belə bir gələcəyin yaradılması üçün fədakarlıqla çalışmış, fayda vermişlər. Onlar öz vətənlərinin layiqli övladları, Azərbaycanı böyük məhəbbətlə sevən insanlar, yüksək ixtisaslı mütəxəssislər, bacarıqlı təşkilatçılar, ziyalılar, elm xadimləri, sənət adamları, dövlət qulluqçuları idilər. Tarixi inkişafın o vaxtkı dönəmlərində, ölkədə yüksək təhsilli, peşəkar bilik və bacarıqlara malik mütəxəssislərin barmaqla sayıldığı vaxtlarda həmin şəxsiyyətlərin hər biri misilsiz sərvət idi. Onların xalq qarşısında böyük xidmətləri vardı. Düşünəndə dəhşətə gəlirsən ki, illərin gərgin zəhməti, təhsili, tərbiyəsi, təcrübəsi hesabına yetişib formalaşmış, xalqın, ölkənin gələcəyi ilə bağlı arzu və xəyalları əsrlərə sığmayan bu şəxsiyyətlərin işıqlı ömrünə cəmi 15 dəqiqə sürən məhkəmələrdə necə son qoyula bilərdi?!

Kitabda Teymur Heydər oğlu Salahova həsr edilmiş oçerk bunun tipik örnəyidir. Stalinin əlaltılarının, o cümlədən erməni millətindən olan repressiya cəlladlarının qəzəbinə tuş gəlmiş Teymur Salahov da 15 dəqiqəlik məhkəmənin sonunda ölümə məhkum edilmişdi. Kitabda Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin, Məmməd Cuvarlinskinin, Şəfi bəy Rüstəmbəylinin, Mədinə Qiyasbəylinin, Əhməd bəy Pepinovun, Abbasmirzə Şərifzadənin, Hənəfi Zeynallının, Ömər Faiq Nemanzadənin, Tağı Şahbazinin və başqalarının məhbəs həyatlarına, yarımçıq qalan, qırılan ömürlərinə geniş rakursdan, hərtərəfli nəzər salınır, bu şəxsiyyətlərin obrazları aydın şəkildə qələmə alınır.  Belə insanların taleləri heç zaman unudulmamalıdr. Repressiya həmişə lənətlənməlidir ki, oxşar cinayətlər dünyanın hansısa məkanlarında bir daha təkrarlanmasın, repressiya maşını yeni ömürlərə son qoya bilməsin.

İradə xanımın kitabı da nəql etdiyi məzmunla belə bir ali həqiqətə xidmət edir. Tarixi oçerklərdən ibarət kitabın publisistik dillə qələmə alınması, səlis üslubu, sistemli strukturu onun üstün məziyyətlərindəndir. Kitabı oxuduqca o dövrün mühitinə, ab-havasına düşür, mövcud quruluşun sərt qayda-qanunları ilə əhatələnir, sanki o dövrün özündə yaşamış olursan. İradə Əliyevanın bir araşdırmaçı publisist kimi peşəkarlığı oxucusunu qələmin, sözün bələdçiliyi ilə o dövrlərə, həmin ömürlərə kədərli bir səyahətə aparmağı bacarmasıdır. 

Biz oxucular bu peşəkar qələmdən yeni-yeni yaradıcılıq nümunələri gözləyir, belə maraqlı və faydalı bir kitabı ərsəyə gətirdiyinə görə İradə xanım Əliyevaya təşəkkürümüzü bildiririk.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!