Azərbaycanda türklük, türkçülük və türkologiya - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Məlum olduğu kimi, türklük türk mənşəli xalqların əsas etnoloji-etnoqrafik təbiəti və ya inersiyası, türkçülük həmin xalqların tərəqqisinə çalışan ziyalılarının XIX əsrin sonlarından başlayaraq gəlişdirdikləri ideoloji sistem, türkologiya (türkşünaslıq) isə türkləri (onların  dillərini, ədəbiyyatlarını, tarixlərini və s.) öyrənən elmdir. Türkçülük türk xalqlarının milli özünüdərk, özünütəsdiq maraqlarının təşəkkülü ilə meydana çıxmaqla enerjisini məhz türklükdən alır. Ona görə də  ayrı-ayrı türk xalqlarında öz türklüyünü dərk etmək imkanı, ilk növbədə, türkçülük düşüncəsinin səviyyəsində görünür. Türkologiyaya gəldikdə isə, türklüklə türkçülük arasındakı bu sıx bağlılıqdan müəyyən mənada kənarda dayanır. Hər şeydən əvvəl ona görə ki,  türkologiya nə etnik təbiət (inersiya), nə də etnik  ideologiya deyil, obyektiv metodlarla işləyən elmdir. Doğrudur, təşəkkül tapdığı əsrlərdən etibarən türkologiya, bir tərəfdən, imperialist maraqlara, digər tərəfdən, əksinə, türk təəssübkeşliyinə xidmət göstərməli olmuşdur, ancaq çoxsahəli bir  etnoloji elm olaraq onun missiyası, təbii ki, bunların heç biri deyil. Türkologiya da, məsələn, slavistika, romanşünaslıq, germanşünaslıq, semitologiya, qafqazşünaslıq və s. kimi hər cür subyektiv təsirdən uzaq bir araşdırma meydanıdır ki, onun uğurlarını əldə edilən nəticələrin nə dərəcədə elmi olması müəyyənləşdirir.

Əlbəttə, müxtəlif türk xalqlarının tarixi təcrübəsində türklüyün, türkçülüyün və türkologiyanın təzahür parametrləri ümumi cəhətləri nümayiş etdirməklə yanaşı, bir-birindən bəzən  kəskin şəkildə  ayrılır. Türk Dünyasında inteqrasiyanın diferensiasiyanı üstələdiyi hazırki şəraitdə həmin parametrlərin Azərbaycan təcrübə-göstəricilərini ümumtürk kontekstində nəzərdən keçirmək, elə bilirik ki, faydasız olmazdı.

***

Azərbaycanda türklüyün qədim dövrlərdən başlayaraq almış olduğu geniş miqyas, zaman-zaman müxtəlif konyuktur müqavimət və ya maneələrə məruz qalsa da,  şübhə doğurmur. Bunun əsas  göstəricisi türk mənşəli Azərbaycan dili, Azərbaycan etnoqrafiyası, Azərbaycan eposudur ki, zəngin ənənələri ilə  diqqəti cəlb edir. Azərbaycan coğrafiyasının "sinxronluğ"u ilə türklüyün "diaxronluğ"unu qarşılaşdırıb, əslində Azərbaycanda türklüyün statusunu dəqiqləşdirərkən, önümüzə çıxan ən mötəbər epik mənbə kimi qədim türk eposu "Oğuznamə" türk etnosunun diferensiasiya qanunauyğunluğuna müvafiq olaraq ilk orta əsrlərdə özünün Azərbaycan modelini - "Dədə Qorqud" eposunu təqdim edir. Azərbaycan türklüyünün  "epik pasport"u olan bu eposda həm ümumən türklüyün retrospektiv dərinliyi, həm də diferensial (sinxron) Azərbaycan coğrafiyası aydın görünür.

Azərbaycanda türklüyə münasibət özünün ən müxtəlif təzahürlərində "Dədə Qorqud"a münasibətlə müəyyən edilə bilər. Orta əsrlərin sonlarına doğru etnik- etnoqrafik yaddaşdan, demək olar, silinən eposun yerini "Koroğlu" süjetləri tutmağa başlayır. Əlbəttə, "Dədə Qorqud"la "Koroğlu" arasında ideya-estetik doğmalıq, sələf-xələflik münasibətləri olduqca güclüdür.  Bununla belə etiraf etmək lazımdır ki, "Dədə Qorqud" eposundakı türk-oğuz-azərbaycanlı kompleksi "Koroğlu" eposunda qabarıq deyil. Və Koroğlunun timsalında ortaya çıxan epik şəxsiyyət artıq xalqın (etnosun!) fövqünə yüksəlmişdir.

"Kitabi-Dədə Qorqud"un əlyazma nüsxələri aşkarlandıqdan sonra Azərbaycanda eposa münasibətin yeni  dövrü başlayır ki, bu özündə türklüyə münasibəti də ehtiva edir. XIX əsrin sonu, XX əsrin əvvəllərindən get-gedə daha geniş miqyas alan türklük (və türkçülük) hərəkatı "Kitab"ın nümunəsində, bir tərəfdən, mötəbər tarixi mənbə əldə edirsə, digər tərəfdən, həmin mənbəyə qarşı çıxanların da səsi eşidilir.

Millətlərin öz müqəddəratını təyin etmək hüququnu sözdə qəbul etməsinə rəğmən, tezliklə Sovetlər Birliyini yenidən "xalqlar həbsxanası"na çevirən Lenin- Stalin "milli siyasət"i türk xalqları üçün etnik tarix uydurmaq, daha doğrusu, onların müxtəlif genetik mənbələrdən gəldiyini sübut eləmək fikrinə düşdükdə, azərbaycanlılar, faktik olaraq, "İran mənşəli" elan olunur. Və xalq öz eposu ilə yeni-yeni tanışlığa başladığı bir dövrdə ondan (eposdan!) məhrum edilməklə etnogenezisi hər  cür mübahisələrin predmetinə çevrilir.  Sovet dövrü boyu rəsmi (akademik) Azərbaycan tarixşünaslığı "Dədə Qorqud"dan milli (və mötəbər) bir mənbə kimi imtina etmiş olsa da, onu yaradan xalqın türk mənşəliliyini danmağa çalışsa da, müqayisəli-tarixi metod (və mövcud türk xalqlarının müəyyən əlaqələri, xüsusilə, nə qədər qarşısı alınsa da, Türkiyədən vaxtaşırı olaraq gəlib çatan strateji məlumatlar) buna imkan verməmişdir. Ancaq  xalqın (və milli ruhlu ziyalıların) heç cür qəbul etmədiyi antitürk (və antidədəqorqud) təbliğatı da  Azərbaycanda sona qədər müqavimət göstərmiş  dilçilikdən, ədəbiyyatşünaslıqdan fərqli olaraq tarixşünaslıqda bugünə qədər özünü hiss etdirməkdədir.

Azərbaycan xalqı dövlət müstəqilliyi qazandıqdan sonra ümummilli  lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda "Dədə Qorqud" eposunun 1300 illik yubileyinin keçirilməsi bir neçə baxımdan tarixi əhəmiyyət daşımışdır:

birincisi, xalqın ən yüksək siyasi-ideoloji səviyyədə öz qədim eposuna sahib çıxması nəticəsində yaxın keçmişdə buraxılmış son dərəcə mənfur bir səhv aradan qaldırıldı;

ikincisi, azərbaycanlıların məhz türk genotipli bir xalq olması yenidən təsdiq edilməklə antiazərbaycan (və antitürk) əhval-ruhiyyəsi qarşısına milli mövqedən sədd çəkildi;

üçüncüsü, türklük dövlət  ideologiyasının əsas təməllərindən  biri kimi təsdiq olundu.

 

***

Məsələ burasındadır ki, Əli bəy Hüseynzadənin hələ XX əsrin əvvəllərində formulə etdiyi triada (türkləşməli, müsəlmanlaşmalı və avropalaşmalı - modernləşməli) elə həmin illərdə, xüsusilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə kifayət qədər ciddi müzakirələrdən keçmiş, müxtəlif ideoloji  təmayüllərin təsirinə məruz qalsa da, milli bir doktrina olaraq geniş yayılmışdı. Bununla belə, türklüyü türkçülüyə, müsəlmanlığı müsəlmançılığa, müasirliyi və ya ümumbəşəriliyi kosmopolitizmə, yəni azərbaycançılığın üç tərkib hissəsinin hər birini ayrıca bir ideologiyaya çevirmək cəhdləri də olmuşdur.

Əlbəttə, türklük Azərbaycanda ilk orta əsrlərdən sadəcə, etnoqrafik (və epik!) bir hadisə olaraq qalmamış, Nizami, Nəsimi, Füzuli kimi dühalar türk olduqlarını dərindən dərk etməklə yanaşı, bunu öz cahanşümul əsərlərində də göstərmişlər. Nizami farsca, Nəsimi və Füzuli həm ərəb, həm fars, həm də türkcə - ana dilində yazsalar da, türklüyün (və türkcənin) böyük təəssübkeşləri idilər. Ancaq tədricən müsəlmanlıq Azərbaycan türklüyünə məxsus aparıcı əlamətləri özündə o qədər əhatəli şəkildə birləşdirməyə başladı ki, xalq ümumən "müsəlman" adlandı. Və XIX əsrin sonu, XX əsrin əvvəllərinə qədər azərbaycanlılar, xüsusilə, öz aralarında (ümumxalq  səviyyəsində)  etnik yox, dini mənsubiyyətlərinə görə tanınırdılar ki, bu, müəyyən satirik məna çaları alana qədər (məsələn, Sabir deyirdi: "mən də müsəlmanam, a şirvanlılar") davam elədi.

Avropalaşmanın, müasirləşmənin və ya ümumbəşəriliyin Azərbaycanda yeni formada təzahürü öz mənbəyini XIX əsrin əvvəllərindən sonra formalaşan rus- Azərbaycan (Qərb) yönlü ziyalılarla ortaya çıxır. A.Bakıxanov, M.Kazımbəy, M.F.Axundzadə, S.Ə.Şirvani kimi ziyalılar milli ideologiyanın üçüncü komponentini  hazırlayaraq bütünlüklə formulə edilməsi üçün zəmin yaradırlar.

Türklük, müsəlmanlıq və müasirliyin, yəni etnik, dini və ümumbəşəri dəyərlərin həm ayrı-ayrılıqda, həm də bir kompleks halında təzahürü, heç şübhəsiz, müəyyən qanunauyğunluqlara əsaslanır. Azərbaycançılığın üzvi tərkib hissəsinə  çevrilən türklük  elə fundamental dəyərdir ki, sözügedən etnosu həm "daxil"dən, həm də "xaric"dən  səciyyələndirir. "Daxili" səciyyələndirmə yeni etnosun - azərbaycanlıların  orta  əsrlərin sonu, yeni dövrün əvvəllərindən bir millət olaraq təşəkkülü prosesində hər nə qədər  müxtəlif etnik elementləri bu və ya digər dərəcədə özündə ehtiva etmiş olsa da, prinsip etibarilə, türk mənşəlilikdən çıxmadığını; "xarici" səciyyələndirmə isə Azərbaycan millətinin digər türk millətləri kimi ümumtürk etnoloji sistemində tipoloji baxımdan fərqli, özünəməxsus yer tutduğunu göstərir. Bəzən türkoloji ədəbiyyatda belə bir mülahizə özünə yer tapır ki, türk xalqları məhz sovet dövründə bir-birindən ayrılmağa vadar edilmişlər... Bu mülahizə ən azı ona görə yanlışdır ki, türk xalqlarının diferensiasiyası  ilk orta əsrlərdən başlamış, orta əsrlərin sonu, yeni dövrün əvvəllərində isə bugünkü türk millətlərinin təşəkkülü ilk təzahürlərini tarix səhnəsinə çıxarmışdır. Sovet dövrünə  gəldikdə isə, əlbəttə, "yeni ideologiya" sinfi məsələni önə çəkdiyindən milli məsələyə o qədər "laqeyd" yanaşmışdır ki, axırda çarizmin imperialist ənənələrini qəbul etməklə kifayətlənməli olmuşdu.

Türklüyün ümumtürk miqyasında türkçülüyə çevrilməsi, təbii ki, Azərbaycanı da əhatə etmiş, həmin ideologiyanın banilərindən olan Ə.Hüseynzadə, eləcə də türkçülüyü Rusiya müsəlmanlarının Dumadakı ictimai-siyasi mübarizə meydanlarına qədər gətirib çıxarmış Ə.Topçubaşı Azərbaycanda yetişmişlər... Xüsusilə, XX  əsrin əvvəllərində həm Azərbaycanda, həm də digər türk millətləri, xalqları arasında ümumtürk miqyaslı ideologiya (türkçülük) ilə milli ideologiyalar (məsələn, azərbaycançılıq, türkiyəçilik, özbəkçilik, tatarçılıq və s.) arasındakı münasibətlər, təəssüf ki, kifayət qədər elmi metodlarla dərindən  araşdırılmadığından bu sahədə ziddiyyətli diletant mülahizələri, demək olar ki, söz sahibidir. Və  fikrimizcə, ən böyük ziddiyyət də ondan ibarətdir ki, etnik inersiya olan  türklük ümumtürklük ideologiyası olan türkçülüklə qarışıq salınır.

Azərbaycançılığın ikinci üzvi tərkib hissəsi olaraq müsəlmanlıq o baxımdan müəyyən şərh tələb edir ki, burada müsəlmanlığın "türk təmayülü" nəzərdən qaçırılmasın... Müqayisələr göstərir ki, İslamın qəbulundan keçən min ildən artıq bir dövr ərzində nəinki ərəb, fars və türk müsəlmanlığı, hətta türk xalqları, millətlərinin müsəlmanlıqları arasında ciddi fərqlər əmələ gəlmişdir. Farsların müsəlmanlığında zərdüştiliyin, türklərin müsəlmanlığında isə tanrıçılığın fundamental təsiri vardır. Qıpçaqlara nisbətən karluqlar, oğuzlar "daha çox" müsəlmandırlar.

Azərbaycançılıq ideologiyasının araşdırıcıları bəzən müsəlmanlıq deyəndə, onun "ərəb təzahürü"nü nəzərdə tutur, türklərə, eləcə də azərbaycanlılara aid olmayan məsələlərdən bəhs edirlər ki, tamamilə yanlışdır.

Türklük, müsəlmanlıqla yanaşı, azərbaycançılığın tarixən müxtəlif cür təsəvvür edilmiş üçüncü bir üzvi tərkib hissəsi də var: avropalaşmaq, ümumbəşərilik, müasirlik və s. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan XIX əsrdən etibarən həmin ideyalara da açıq olmuş, Şərqlə Qərbin qovşağında yerləşən bir millət olaraq hər iki mədəniyyəti mənimsəmişdir.

Əlbəttə, azərbaycançılıq - türklük, müsəlmanlıq və müasirliyin mexaniki birləşməsi deyil, bütöv bir xalqın etnopsixoloji, etnososioloji, etnokulturoloji, etnosiyasi və s. təkamül tarixinin formalaşdırdığı elə bir mütənasib inteqrasiya kompleksidir ki, onun  hər hansı komponentinə, ya  ümumən cəmiyyət, ya da ayrı- ayrı zümrələr səviyyəsində xüsusi səlahiyyət tanınsa, həmin kompleksin fəaliyyəti zəifləyir və nəticə etibarilə ideologiya öz gücünü itirir. Azərbaycan xalqının (və azərbaycançılıq ideologiyasının) tarixində belə dövrlər olmuşdur.  Ən səciyyəvi misal yenə də XX  əsrin əvvəlləridir: məhz bu illərdə türkçü, islamçı və qərbçi təmayüllərlə yanaşı, bir sıra aralıq təmayüllər də həm ədəbiyyatda, həm də  ictimai-siyasi həyatda meydan sulamışlar.

Milli ideologiyanın tarixində sovet dövrü olduqca ziddiyyətli, paradoksal bir mənzərə təqdim edir. Belə ki, bir tərəfdən, cəmiyyətdə XX əsrin əvvəllərinin, xüsusilə, Cümhuriyyət illərinin zəngin ideoloji təəssüratları qalmaqda davam edir; ikinci tərəfdən, hər cəhətdən iddialı yeni sovet sosialist ideologiyası ən amansız üsullarla həm türklüyə, həm müsəlmanlığa, həm də ümumbəşəriliyə qarşı hücuma keçir; üçüncü tərəfdən isə, etnik təyinatsız, dinsiz, ümumbəşəri miqyasdan məhrum bir "azərbaycançılıq" meydana gəlir... Həmin bu "sovet azərbaycançılığı"nın  ədəbiyyatda ən parlaq nümayəndəsi, heç şübhəsiz, Səməd Vurğun olmuşdur. Onun xalq dilinin etnoqrafik dərinliklərdən gələn zəngin, təsirli dil-üslubu, mükəmməl milli metaforik təfəkkürü (və ünsiyyətcil olduğu qədər də mütəfəkkir  şəxsiyyəti!) imkan vermişdir ki, azərbaycançılıq özünün təhrif olunmuş formasında belə cazibədar görünsün.

 

***

Azərbaycanda türklük, türkçülük və türkologiya məsələlərinə "daxil"dən - Azərbaycandan (və azərbaycançılıq ideologiyası mövqeyindən) baxmaqla "xaric"dən (ümumtürk mövqeyindən) baxmaq arasında əhəmiyyətli fərqlər vardır.  Və burada ümumbəşəri mövqedən baxışın da müəyyən təcrübələrindən bəhs etmək mümkündür.

Əlbəttə, elmi-metodoloji baxımdan əsassız olduğuna görə yanlış mülahizələrə gətirib çıxaran ən təhlükəli baxış türk diferensiasiyası prosesinin ayrı- ayrı dövrlərinin, mərhələlərinin nəzərə alınmamasıdır. Yəni "türk dili", "türk ədəbiyyatı", "türk xalqı" kimi ifadələr müxtəlif tarixi dövrlərdə, mərhələlərdə müxtəlif anlayışları bildirdiyindən bu ifadələrdən sui-istifadə etmək "imkanlar"ı kifayət qədər genişdir... Ancaq istər elmi, istərsə də ictimai-siyasi diskurslarda bizim sərəncamımızda, çox əlamətdardır ki, obyektivlik naminə hər dəfə əminliklə istinad edəcəyimiz bir  mənbə var ki, bu da yüz illik yubileyinə hazırlaşdığımız Birinci Türkoloji Qurultaydır.

Türklər Qurultaya hər nə qədər Sovetlər Birliyinin siyasi-ideoloji maraqları  əsasında toplaşsalar da, birincisi, bu maraqlar hələ o qədər də irticaçı xarakter almadığından müxtəlif türk xalqlarını təmsil edən nümayəndələrin məruzə və çıxışlarında  türk dilləri, ədəbiyyatları, tarixləri və s.  barədə obyektiv mənzərə yaradılırdı... İkincisi, növbəti qurultayların keçirilməsinin qarşısı alınsa da, Birinci Türkoloji Qurultayın kifayət qədər nüfuzlu nümayəndələri təxminən, on il - repressiyanın həlledici dalğası başlayana qədər həm türkologiyanın, həm türkçülüyün, həm də türklüyün regional (milli) ənənələrinin inkişafı missiyasını bütün mövcud ixtilaflara rəğmən, uğurla davam  etdirdilər.

Bakı Qurultayı türk xalqlarının tarixinə (və taleyinə!) baxışın biri digərinə tamamilə əks olan iki təmayülünü ortaya çıxardı. Onlardan birini  "tarixi", yaxud romantik, digərini isə "müasir", yaxud realist adlandırmaq olar.  Birincisinə görə, hələ də vahid (ümumi) türk dili, türk xalqı və ya milləti, türk ədəbiyyatı və s. mövcuddur ki, müxtəlif regional təzahürləri ilə fərqlənsələr də, bu fərqlər aparıcı, yaxud əhəmiyyətli deyil. İkincisinə görə isə,  artıq ayrı-ayrı türk dillərindən, türk xalq və ya millətlərindən, türk ədəbiyyatlarından və s. danışmaq lazım gəlir... Maraqlıdır ki, etnoqrafiya, tarix, ədəbiyyat, əlifba kimi  ümumi məsələlərdə "türk birliyi" barədəki təsəvvür özünə, müəyyən mənada, haqq qazandırmağa çalışsa da, ədəbi dil və ya dillər məsələsinin müzakirəsi ortaya  çıxdıqda, həmin təsəvvürün artıq bir illüziya olduğu aydınlaşdı. Ümumi bir türk ədəbi dili olduğunu iddia edən, XVII-XVIII əsrlərdən artıq formalaşmış müxtəlif (və milli) türk ədəbi dillərinin varlığına göz yuman təmayül Qurultayda özünün milli maraqlarını cəsarətlə müdafiə edən Azərbaycan türklərinin, özbəklərin, qazaxların, türkmənlərin, qırğızların, tatarların, başqırdların, altayların və başqalarının nümayəndələri qarşısında geri çəkilməli oldu ki, onların içərisində sovet türkologiyasının A.N.Samoyloviç kimi "pantürkist" lideri də vardı. O, "dildə, fikirdə, işdə birlik" şüarının müəllifi İ.Qaspıralının mövqeyində dayanıb ümumtürk ədəbi dilinin gələcəyi barədə nikbin fikirlər söyləyərkən, öz həmfikirləri ilə birlikdə belə bir mülahizəyə də əsaslanırdı ki, yeni yollar salan, feodal pərakəndəliyini aradan qaldıran, xalqlar arasındakı ünsiyyəti  sıxlaşdıran sovet hakimiyyəti tezliklə türk xalqlarının mədəni inteqrasiyasında görünməmiş uğurlara nail olacaqdır. Halbuki bu  hakimiyyət həmin xalqlar arasında onsuz da, zəif olan əlaqələri çox keçmədən tamamilə kəsməyin  unikal təcrübəsini verdi.

Obyektivlik naminə onu da etiraf etmək lazımdır ki, XX  əsrin əvvəllərində türkçülük hərəkatının təsiri altında ümumtürk birliyindən hər nə qədər çox danışılsa da, türk məkanında aparıcı tendensiya ən müxtəlif sahələrdə (dil, ədəbiyyat, sosial-siyasi həyat və s.) inteqrasiya yox, məhz diferensiasiyadan ibarət idi. İnteqrasiya, prinsip etibarilə, milli hüdudlardan kənara çıxmırdı. Və ümumtürk tarixi baxımından bu heç də tamamilə qeyri-təbii deyildi.

Birinci Türkoloji Qurultay bütün Sovetlər Birliyi miqyasında, o cümlədən də, Azərbaycanda türkçülüyü məhdudlaşdırmaqda türkologiya qarşısında müəyyən "üfüqlər" açdı, ancaq bu, o qədər də uzun sürmədi. Və tərkibində türk sözü olan hansı ifadə vardısa, hamısı tezliklə yasaq edildi.

 

***

Nəinki Rusiya, hətta dünya türkologiya elminin banisi Mirzə Kazımbəy azərbaycanlı olsa da, "türkçülüyün babası" Əli bəy Hüseynzadə öz əsas ideyalarını Bakıda çıxan mətbuat orqanlarında formulə etsə də, Birinci Türkoloji Qurultay məhz Azərbaycanın paytaxtında keçirilsə də, Mahmud Kaşğarinin "Divan"ı ilk dəfə Azərbaycan türkcəsinə çevrilsə də, türklər haqqındakı elm - türkologiya heç zaman nə Azərbaycan, nə də ümumtürk miqyasına sığmamışdır. Bu elmin dünya şöhrətli nümayəndələri içərisində çox müxtəlif xalqlara məxsus insanlar vardır. Ancaq onu da etiraf etməliyik ki, M.Kaşğari, M.Kazımbəy, Bəkir Çobanzadə xətti ilə inkişaf edən "türklərin türkologiyası" XX əsrin sonlarından etibarən, əgər belə demək mümkünsə, "beynəlxalq türkologiya"nı xeyli üstələmişdir. Sovetlər Birliyinin çökməsi müstəqillik əldə etmiş türk xalqlarının, xüsusilə, dilçi, ədəbiyyatçı və tarixçiləri qarşısında geniş imkanlar açmışdır ki, mənsub olduqları xalqları heç bir ideoloji təzyiqə məruz qalmadan "necə varsa, o cür" öyrənsinlər. Doğrudur, müstəqillik "türklərin türkologiyası"nı ilk illərdə sovet ideologiyası ilə haqq-hesab çəkməklə yanaşı, "türklərin fəzilətləri" barədə, daha da çox danışmağa sövq edirdi. Artıq bu təbii eyforiya arxada qalmış, türkologiyanın bir elm olaraq məsuliyyəti məhz türklərin üzərinə düşmüşdür. Və Azərbaycanda türkologiyanın vəziyyəti barədə bəhs edərkən, ilk növbədə, ona görə ümumtürk miqyasından çıxış eləmək lazım gəlir ki, bu bizim üçün yalnız mənəvi-etnoqrafik, siyasi-ideoloji yox, həm də elmi-metodoloji məkandır. Azərbaycan dilinin, ədəbiyyatının və xalqının tarixi bütün parametrləri üzrə ümumtürk dili, ədəbiyyatı və türk etnosu tarixi "məkan"ında - kontekstində öyrənilməsi dərinləşməyincə türkologiyanın düzgün metodla işlədiyini təsəvvür etmək mümkün deyil. Və yeri gəlmişkən, deyək ki, türkoloji elmin metodoloji imkanlarının ən çox özünü göstərdiyi, yaxud tətbiq olunduğu sahə Azərbaycan dilçiliyidir. Bunun da səbəbi odur ki, sovet dövründə türkologiyanı, adətən türk dilçiliyi təmsil etdiyindən (eləcə də türklərin türklüyünü, hər şeydən əvvəl, məhz dilə görə inkar eləmək mümkün olmadığından) həmin sahədə müəyyən təcrübə qazanılmış, türk və qeyri-türk mənşəli türkoloqlar arasında kifayət qədər ardıcıl fikir mübadiləsi, diskurs imkanları yaranmışdır. Eyni sözləri, müəyyən qeyd-şərtlə, etnoqrafiya, mifologiya, folklorşünaslıq barədə də demək olar... Azərbaycan ədəbiyyatşünaslığına gəldikdə, buraya türkologiyanın "nüfuz"u müstəqillik illərində xeyli güclənsə də, ona görə çox ciddi problemlərlə qarşılaşır ki, ərəb və İran filologiyası (şərqşünaslıq) "ənənələri"nə analitik münasibətdə ləngiyir... Ən acınacaqlı vəziyyət isə, görünür, Azərbaycan xalqının etnik tarixini obyektiv metodlarla, məhz etnik mənşəli Azərbaycan xalqının tarixinin tələb etdiyi türkoloji kontekstdə öyrənməkdən uzaqlaşdırılmış Azərbaycan tarixşünaslığındadır. Təəssüflə əlavə etmək lazımdır ki, son illər özünü get-gedə daha çox göstərən fərdi təşəbbüslər akademik tarixşünaslığın on illər ərzində quraşdırdığı yad (və hər hansı bir etnosun "tərcümeyi-hal"ı barədə şübhə yaratmaqdan o tərəfə keçməyən!) "etnogenez istehkamı"nı fəth edə bilmir.

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimində "Azərbaycanın türk ailəsi"ndən bəhs edərkən dediyi tarixi sözlər Azərbaycanda türkologiya elminin, ümumən türkoloji düşüncənin qarşısında açılan geniş üfüqlərdir. Və bu üfüqlər, ilk növbədə, Azərbaycan dilçiliyinə, Azərbaycan ədəbiyyatşünaslığına və Azərbaycan tarixşünaslığına yeni ruh, yaradıcılıq enerjisi, eyni zamanda ideya-metodoloji təminat verir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!