Dənizli dünyam var mənim - Düşüncələr, xatirələr. Kamil ƏFSƏROĞLU

Mənim dənizli dünyam uşaq çağlarımdan başlayıb, dənizi görmədən, tanımadan. Ağ köpüklü ləpələrin pıçıltısını, kükrəyən dalğaların gurultusunu röyalarımda eşitmiş, duymuşam. Mən dənizə uzaqdan-uzağa vurulmuşdum və elə bilirdim ki, onun suyu göyqurşağı təki rəngarəng, əlvandır. Elə bilirdim bütün sular, elə qəsəbəmizdəki Çinar kəhrizin dupduru suyu da dənizə axır və öz əllərimlə düzəltdiyim ağ yelkənli oyuncaq gəmini də dənizə aparır. Kəhriz suyunda ləngərləyə-ləngərləyə uzaqlaşan o gəminin dalınca həsrətlə baxırdım...

İlk dəfə dənizi görəndə bildim ki, o mənim uşaq təxəyyülümdəkinə bənzəmir, fərqlidir, suları da rəngarəng deyil. Üzünün dönən, dəlisov vaxtları da olur, coşub daşır, dalğaları şahə qalxıb sahildəki daşlara, qayalara çırpılır. Elə bil, dəniz göyün yerdəki tayıdır, havaxtsa göylərdən qopub. Köpüklü dalğalar geniş açılmış nəhəng qanadları xatırladır və dəniz cələyə düşmüş quş kimi çırpınır, qanad çalır ki, düşdüyü cələdən qurtulub havalansın, qalxsın göyün yeddinci qatına. Göyün üzü tutulanda, dəniz də dəyişir, bambaşqa olur, üzü bozarır. Xəzər nə kökə düşürsə-düşsün, sahil halını pozmur, dözür onun şıltaqlığına. Çox keçmir, yorulub əldən düşür, hirsi-hikkəsi yatır və Xəzərin sahilində başqa ab-hava, başqa mənzərə yaranır - sözlü-nəğməli mənzərə. Mahnı sədası dalğa-dalğa ətrafa yayılır.

 

Əsir sərin bir külək,

Elə sevgililərtək.

Pıçıldaşır söyüdlər,

Sanki mavi Xəzərə

Nəğmə qoşur söyüdlər.

 

Dənizli bir dünyam var mənim. Bu, fərqli dünyadır və Xəzərə olan sevgimdəndir ki, yazılarımda dönə-dönə ona üz tuturam - qəlbimdə bir aləm dəniz eşqi, dəniz sevgisi.

Bayram təntənələri zəhmətkeşlərin nümayişilə başladı. İnsan axınının sonu yox idi. "Uraa!" sədaları meydan boyu yayılırdı. Zəhmətkeşlərin keçidindən sonra hərbi parad başladı, şıq geyimli silahlı əsgər və dənizçilər, kursantlar nizami yerişlə tribunanın önündən keçdilər. Təntənəli parad hərbi texnikanın keçidiylə sona yetdi. Bizə isə bu təntənəni-təmtərağı kənardan izləmək qaldı, azərbaycanlı tələbələrin nümayişdə hərbi geyimdə iştirakına son məqamda Moskva razılıq verməmişdi...

Günəşin ilıq şüalarına bürünmüş Dənizkənarı bulvarda deyib-gülən, şənlənən adamların arasında biz üç dost seçilmək istəyir, elə seçilirdik də. Qoşa lentli dənizçi furajkasını yanakı qoyub şəstlə yeriyirdik. Pərtliyimizi büruzə vermək istəməyib, sahil boyu pəsdən oxuyurduq:

 

Qarşımızda baş əyir

Mavi dalğalı dəniz...

 

Sahili öpən qırçın ləpələrin xəfif pıçıltısıyla mavi Xəzər də öz nəğməsini oxuyurdu. Dəniz hüdudsuz görünürdü və adama elə gəlirdi onun yalnız bircə sahili var, bizim durduğumuz sahil. Əlvan bayraqlarla bəzədilmiş ağ gəmilər suların səthində düzülüb hərəkətsiz qalmış oyuncaqları, biz isə bu oyuncaqlara əli çatmayan, aralıdan həsədlə baxan uşaqları xatırladırdıq...

Dənizlə görüşə tək gəlmirəm, ədəbi personajlarım da mənimlədir. Sahil bağında doyunca gəzib dolaşır, sonra hər biri qayıdıb gedir öz kitabına. Sovetskili Bəybala, Şıxəli Şanxayski, Şokolad Oqtay, balıqçı Əmirağa, qaçqın Miriş, Bosman Timofey, Mirağa Monolitski, Student Arif, gürcü qızı Mziya... Onlar tanış deyillər, heç rastlaşmayıblar da, çünki hərəsi bir romandan, bir povestdən, bir hekayədəndir və hər birinin də öz dənizli dünyası var. Bu dünyadan boylanıb baxırlar həyata və onların gözüylə-sözüylə biz də fərqli görürük dənizi.

Ədəbi personajlarımla görüşməyəndə darıxıram. Bax bu, təsbeh çevirən, təvərəpapaqlı oğlan sovetskili Bəybaladır, özü demiş, vesli cayıldı. Dənizin vurğunudur. Gəmi kapitanı olmaq ən böyük arzusudur. Bulvardakı "Venetsiya" deyilən gəzinti kanalında sürdüyü qayığın da adı "Meçta" olub - "Arzu". Necə deyərlər, o dəniz fatehinin başına elə işlər-işləklər gəlib, deməli deyil. Yox, elə deməlidir, özü də həm qüssəli, həm də gülməlidir. Daha yaxşı olar, bu safdil, mehriban oğlanı onun öz sözündən-söhbətindən tanıyın:

"İşim pis döyüldü, ürəyimcəydi - kasıba nə lazımdı, beş-on manat çörəkpulu qazansın. Çox pulun da çox dərdi olur. Ancaq bir şey məni açmırdı ki, tramvay relsdən çıxmadığı kimi, mən də "Venetsiya"dan qırağa çıxa bilmirdim. Deyirdim, kaş bu kanalın dəryaya miyana bir yolu olaydı. Onnan sonra gəl Bəybalanı saxla, görüm, necə saxlayırsan? Fitilləyib qoyardım üstünə saatda 40-50-nan, Narginnən belə hərlənib gələrdim. "Yaxtklub"un gözətçisi vardı - dyadya Borya - ona iki araq verib, zər baftalı kapitan kostyumu, lövbər nişanlı furajka almışdım. Nimdaş idi, amma mənə yaraşırdı, necə lazımdı. Hamı məni gəmi kapitanı bilirdi, bircə əmək kitabçamda elənçik yazılmamışdı. Qayığımın səliqə-səhmanı da öz yerindəydi, arxasına "Zimbala" stop-siqnalı, qabağına da "Pobeda" podfarnikləri bağlamışdım. Bortovoy jurnal da açmışdım - əsl dənizçi səliqəsi... Venetsiyada başqa qayıqlar da vardı: "Vesyolıy", "Stremitelnıy", "Bıstrıy", ancaq hamı mənim "Meçta"mda gəzmək istəyirdi. Özümə o qədər dost tapmışdım, alayı cürə... Myaskombinatın nəçənniyi də hərdən arvad-uşağıyla gəlirdi. Beşdən-üçdən basırdı cibimə, deyirdi, Bəybala, sən alayı cayılsan, şəhərdə yedinkasan... Bir şair vardı - o da mənim passajirim idi. Yetimin geyim-gecimi basyaq sayağı, süyumsuz olurdu, saçına briyalin sürtüb, dala darayırdı, konakrada - at oğrusuna oxşuyurdu. Bir kərəm mənə dedi ki, Bəybala, sənə poema qoşacam, adını da qoyacam "Dəniz oğlu". Dedim, şair, atam-qərdeşim, lazım döyül, məniynən işin olmasın, bunun düşər-düşməzi olar. Bəsti Bağırova döyüləm ki, mənə poema qoşasan. Gördüm yox ey, şair oxuyub məni, bilir ki, Bəybala tutulub dəniz azarına, "leçit" eləmək lazımdı. Dedi "Pavel Korçaqin" tankerinin kapitanı dostumdu, səni götürər işə, üzərsən mavi sularda özünçün. Yoxsa, bu nədi? Girmisən lehməyə, çıxa bilmirsən... Dedim, ağsaqqalımsan, şair, necə məsləhətdi... Nəsə, şairin poema söhbəti mənə düşmədi, başıma iş gəldi. Bir kərəm solidni passajirləri gəzdirirdim, basmışdım qaza. Povorotda qayığın burnunu yığa bilmədim, çevrildi, hamımız düşdük suya. Bədbəxtlikdən, biri Sularda Mühafizə Milis İdarəsinin nəçənniyi imiş, qrajdanski paltardaydı. Suları süzülə-süzülə qaçdılar "İnturist"ə. Məni işdən elə statyayla çıxardılar ki, dənizə yüz metrdən yaxın düşə bilməzdim..."

Bəybalanın şirin, ballı-ballı danışmağı var, dinlədikcə, dinləmək istəyirsən.

Birdən sözünü dəyişir, şəhərin qəlbisinə sarı boylanır, doğulub boya-başa çatdığı "Sovetski" küçəsini soruşur. Ona nə cavab verəcəyimi bilmirəm. Dilim dönmür danışım. Özümü ələ alıb, hüznlü səslə deyirəm:

- Bəybala, daha o küçə yoxdur.

O diksinir. Eşitdiyinə inanmağı gəlmir. Səsi əsir:

- Necə yəni yoxdur, müəllim?!

- Söküblər, yerində başqa, abad küçə salıblar.

O doluxsunur, yanaqları səyriyir, bir cüt gözyaşı donub üzündə qalır. "Sovetski"siz Bakı olar?" - titrək səslə soruşur. Dərindən köksünü ötürüb, ağır addımlarla uzaqlaşır. Onu səsləyib çağırmır, yolundan eləmək istəmirəm. Hara getdiyini bilirəm, bilirəm ki, personajı olduğu "Sovet küçəsinin serenadası" povestimin səhifələrinə hopacaq, qovuşacaq öz nisgilli dünyasına...     

Dənizdən əsən sərin məltəm saçlarımı oxşayır, dəryanın sərin, duzlu nəfəsiylə üzümü öpür.

Nargin adası Xəzərin bənizində iri xalı xatırladır. Belə xal-adalar çoxdur, sahilə yaxını Nargin olduğundan gözə dəyən də odur. Dəniz də canlıdır, təbiətin bətnindən doğulub. İllər, əsrlər ötdükcə böyüyüb, əvvəl göl, sonra da dəniz olub. Deyilənə görə, şəhərlə üzbəüzdə, sulara qərq olmuş qədim bir şəhər də var - sirlərlə dolu şəhər. Min illər bundan əvvəl o şəhərin öz sakinləri, öz həyatı olub: günəşin doğmasıyla küçə və meydanlar canlanıb, adamlar işə-gücə, dükan-bazara yollanıblar... Carçılar küçəbəküçə düşərək, təbil vura-vura car çəkib, xalqı hökmdarın fərmanlarından hali ediblər... Kaş, dəniz sözeşidən olub, ovaxtkı həddinə-hüduduna çəkiləydi və o qədim şəhər öz qədim mədəniyyəti, izdihamı, dükan-bazarı, başıpapaqlı, əbalı adamlarıyla yenidən zühur edəydi...

Dəniz həm də bərəkət, bolluq rəmzidir. "Axşambazarı" hekayəmdəki balıqçı Əmirağa demişkən:

"Soveti dolandıran balıqçılardı. Yetim-yesirin qarnını kilkəynən doldururlar, osetrini, qara kürünü isə Kremldəki darmoedlər tıxır. Bəs necə? Yaxçı ki, Xəzər var, bərəkətinə qurban olum. Dəryanın nöyütünü hökümət çıxardır, balığını, kürüsünü kənd camaatı. Çörəyimiz dəryadan çıxır. Əvvəllər özüm də dənizə çıxırdım. Yaxçı lötkəm vardı - qoşamotorlu, rıbnadzorlar kölgəmə də çata bilmirdi. "Dva brat"dan o yana üzüb geçirdim. O yannan çıxan balığın dadı da alayıidı, hələ kürüsünü demirəm. Rıboxrananın inspektorları məni hərləyirdilər. Ölmüşdü Əmirağanın nənəsi, quyruq ələ versin..."

Rejissor Vəli Səyyadi "Xəzri" romanımı oxuyub mənə dedi ki, əsərdəki o həyəti görmək istəyir. Roman dostumu yaman tutmuşdu, personajların həyatdakı prototiplərini tanımaq istəyirdi. Bu mənim də ürəyimdən idi, gör havaxtdı, qırx ildən çoxdur o tərəflərə - Bayılın "Şanxay" deyilən məhəlləsinə yolum düşməyib.

Bir vaxtlar, tələbə diliylə desək, kvartirantı olduğum həyəti tanıya bilmədim, çox dəyişmişdi, yeni tikilmiş evcik mənzillərdən, qurama eyvanlardan o kiçik məkan daha da kiçilmişdi. Sakinlər də dəyişmişdi, köhnələrdən qalan yox idi. Amma mən bu darısqal həyəti qırx il əvvəl necə görmüşdümsə, eləcə də görürdüm - ovaxtkı mənzərəsi, ovaxtkı sakinləriylə: Şıxəli Şanxayski, Bilqeyis xala, müharibə veteranı Bayandur kişi, pensioner Mkıç, bosman Timofey... Dəyişməyən yalnız yüksəklikdən açılan dəniz mənzərəsidir. Burdan baxanda adama elə gəlir ki, dəniz günəşin anasıdır, onu bətnindən doğur və hər səhər doğulan da yeni günəşdir.

"Üzü gündoğana baxan "Şanxay" məhəlləsi evləri-evcikləriylə günəşin qızılı şəfəqlərinə bələnmişdi. Uzaqlarda göyümtül duman gəzişirdi.

Bosman Timofey həyətimizdə yeganə dənizçiydi. Onun uzaq səfərdən qayıtması əsl bayram idi. Həyət adamları dəyirdi bir-birinə, stol açılır, süfrə bəzənirdi. Timofeyin zövcəsi Mariya bəzənib-düzənir, əldən-ayaqdan olurdu. Bilqeyis xala bu sarışın qadını qınaqlı-qınaqlı süzür, donquldanırdı: (deyinirdi:) "Sən bu arvadın hərəkətinə bax, elə sevinir, elə bil toyudu. Gəmi gələnnən-gələnə Timofey yada düşür".

Belə baxanda, elə toy kimiydi, Mariya ərinin uzun səfərdən qayıtmağını intizarla gözləyirdi. Fərəhindən az qalırdı qanad açıb uçsun. Təzə gəlin kimi üzünün ənlik-kirşanını, dodaqlarının boyasını geninə-boluna sürtür, elə bil ərinə təzədən ərə gedirdi. Məhəllə uşaqları Timofeyin yük gəmisinin fitini aralıdan tanıyır, Mariyanı da onlar muştuluqlayırdı.

Həyətdə, Şıxəli demiş, alayı ab-hava vardı, məclis qurulmuşdu. Şəritdən asılmış mələfələr bəyaz yelkəni, darısqal həyət ağ gəmini, sakinlər isə hara üzdüklərinin fərqində olmayan sərnişinləri xatırladırdı. Həyətin yeganə tələbə kvartirantı olsam da, məclisdə tost demək, söz söyləmək haqqım vardı.

- Mən dənizlə bağlı sağlıq demək istəyirəm!  - ayağa qalxdım. Gözümü dolandırıb, məclisdəkiləri süzdüm.

Erməni Mkıç çiyinlərini dartdı, ağzını arvadının qulağına tutub soruşdu:

- Zoyacan, priçem zdes more? - soruşdu.

Zoya ərinin sorğusuna başını bulayıb, öz dillərində cavab verdi:

- Es el çi em hasqanumum! (Mən də başa düşmürəm).

- Zabavno, oçen zabavno! Maraqlıdır! - Timofey razı halda dilləndi.

Onun dediklərindən ürəklənib, sözümün gerisini gətirdim:

- Dəniz nə qədər şıltaq, dəli-dolu olsa da, onu fəth edən insandı! Dəniz cəsurları sevir! Ağ gəmilər mavi suları qırçınlayıb iz, cığır açır. Dalğalar isə bu izləri-cığırları yuyub silir. Amma nə qədər yusa, silsə də, o izlərin izi qalır. İllər, əsrlər ötəcək, milyonlarla izlər içərisinnən mavi suların qoynunda bir iz də görünəcək - bosman Timofeyin "Abşeron" gəmisinin izi...

Sözlərim Timofeyi tutmuşdu. Duyğulanmış, gözləri nəmlənmişdi.

- Spasibo tebe, student! - deyib əlini kürəyimə vurdu. Qrammafonun dəstəyini burub qoşdu, həzin mahnı sədası dalğa-dalğa həyətə yayıldı.

 

Kak provojayut paroxodı,

Sovsem ne tak, kak poezda.

Morskie medlennıe vodı,

Ni tak, kak relsı v dva ryada...

 

Tanış olun - bu qarayanız, bəstəboy adam isə Mirişdi - "Meymun həvası" hekayəmin qəhrəmanıdı. Qaçqındı, varlı-karlı birinin bağ evinə baxır. Dənizi ilk dəfə qaçqınlıqda görüb. O binəva suya girəndə bilmişdi ki, bəs dəniz suyu Ayıflı kəhrizininki təki şirin, içməli deyil, duzludu.

Dəblə tikilmiş, çərhovuzlu, güllü-çiçəkli bağ evi qəlbidəydi, üzü dənizə baxırdı. Mirişi ovunduran, onun başını qatan da dəniz idi, yoxsa, dərddən-fikirdən çərləyərdi, quduz it olub quyruğunu qapardı. Dəniz isə əzəl gündən ona üz göstərmirdi, yəni qaçqın hara, dərya hara? Burulğana salıb kişini fırfıra təki necə fırlatmışdısa, yazıq az qalmışdı o dünyalıq olsun. Bir oğlan onu xilas eləmişdi. Özünü qınamış, yamanlamışdı: "Miriş, dədən-baban dərya görmüşdü ki, sən də görəsən? Bu saa Ayıflı kəhrizi dəyil ha, salar səni girdaba, yem olarsan balıqlara".

Miriş maraqlı personajdı, safürək, xeyirxahdı. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad görməkdir. O günün gəldiyini, Zəfər müjdəsini ona mən çatdırıram. Şadlığından az qalır ağlını itirsin. Çaşqın halda yerində kirimişcə qalır, fərəhdən dili söz tutmur. Göz yaşlarını saxlaya bilmir, əlləriylə üzünü örtüb için-için ağlayır. Özünə gəlib, dəmiryol vağzalının səmtini soruşur, püfərək, iti addımlarla o səmtə sarı uzaqlaşır...

"Sevgilim" hekayəm bizi ötən illərə götürür. O il insan ilk dəfə Ayın səthinə qədəm qoyub. Həmin vaxt Arif qəbul imtahanlarını verib, universitetə qəbul olub. Gürcü qızı Mziyanın da yolu ilk dəfə Bakıya o vədə düşüb və onu Ariflə bir təsadüf rastlaşdırıb.

"Əl-ələ tutuşub üzü dənizə gedirdilər. Dəniz nəhəng aynanı xatırladırdı, günəşin parlaq şüaları onun susqun sularında bərq vurub sayrışırdı. Mziya gördüyü mənzərəyə məftun olmuşdu, heyranlığını gizlətmirdi:

- Arif, Xəzər gördüyüm ilk dənizdir, - dedi. - Uşaq vaxtlarımın nisgilidi, istəmişəm ki, kaş dənizli şəhərdə doğulaydım... Necə də gözəldir, elə adı da maraqlıdır - Xəzər.

- Hesab elə ki, bu gündən Xəzər həm də sənin dənizindir, - Arif dilləndi. Dili açılmışdı.

- Mənim dənizim!... - Mziya pıçıldadı. Üzünü Arifə tutdu: - Bayaqkı filmdə də belə gözəl mənzərə vardı: Xəzərdə ağ yelkənli qayıqlar üzür, bəyaz qağayılar uçuşur, qiyyə vurur, "Sevgilim" mahnısı səslənirdi. Elə bilirdim, o mahnının sözlərini də başa düşürəm. Sevgilim gürcü dilində bilirsən, necədir?

Arif başını buladı.

- Sağvarelo!

- Sağvarelo?

- Hə!

- Sağvarelo gürcücə öyrəndiyim ilk sözdür. Bu sözü heç vaxt unutmayacam..."

Ədəbi personajlarım qayıdıb gediblər öz kitablarına. Xəzərlə baş-başa, göz-gözə qalmışam. Mavi səma boylanıb onun ayna sinəsində öz camalını seyr edir. Narın, lələkli buludlar nəzilə-nəzilə üzüb gedir... Dəniz də xoş halda - əhvaldadır. Gəmilər onun susqun, lacivərd sularında sədəf təki ağarışır. Fit verib hovur-hovur uzaqlaşır, bir sahildən digərinə üz tuturlar. Nədənsə, mənə elə gəlir, dəniz hədsiz-hüdudsuzdur və onun bir sahili var, mənim durduğum sahil...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!