Parisdə üç türk rəssamı - ANAR

ANAR

Abidin Dinoyla dörd il bundan qabaq, o, Sovet İttifaqına gələrkən tanış olduq. Vaxtilə ölkəmizdə teatr təhsili almış bu görkəmli rəssam Türkiyənin ən böyük sənətkarlarından biridir. Çox vaxt vətən öz böyük oğullarının qədrini bilmir, vətənə cəlayi-vətən olmuşların özləri yox, şöhrətləri gəlib çıxır, vətəninin özünü şöhrətləndirən şöhrətləri.

48-ci ildə Abidin Dino iki rəssam dostu Avni Arbaş və Səlim Turanla birlikdə Türkiyənin dözülməz siyasi mühitindən canlarını qurtarmaqçün Parisə gəlirlər. Danton: - Vətəni çəkmənin dabanlarında aparmaq olmaz, - demişdir. Lakin vətəni mühacirətdə "ürəyin infarktında" yaşatmaq olarmış.

22 ildən bəri Parisdə məskən salmış bu üç rəssam burada ailə qurmuşlar. Abidin və Səlimin arvadları türkdürlər, Avninin yoldaşı fransızdır. Parisdə neçə min rəssam var. Müxtəlif cərəyanlara, məktəblərə, dünyagörüş və dünyaduyumlarına malik olan bu rəssamlar içində baş çıxarmaq çətindir, ad çıxarmaq daha da çətin. Hər üç rəssamın bu böyük və yad şəhərdə ilk çağları ağır, məşəqqətli, ehtiyaclar və sıxıntılar içində keçmişdir. Lakin onlar nə sol siyasi əqidələrindən, nə sənətdə humanizm prinsiplərindən, nə də yaradıcılıqlarının milli, Şərq köklərindən imtina etməmiş, bu başgicəlləndirən sənət təəssüratı içində başlarını itirməmiş, öz mənlərini, öz sifətlərini saxlamış və özlərini sənət aləminə tanıda bilmişlər. Parisdə görüşdüyümüz məşhur fransız sənətkarı Andre Fujeron Abidin Dinonu Parisin tanınmış müasir rəssamlarından biri adlandıranda sevindik. Sevindik ona görə ki, Abidin Dino tərəqqipərvər bir sənətkardır, sevindik ona görə ki, o, böyük Nazimin ən yaxın və əziz adamlarından idi. Sevindik ona görə ki, Abidin  özü də çox səmimi və ağıllı insandır. Sovet İttifaqında görüşdüyümüz zaman o, Azərbaycana, bizim sənətə böyük maraq göstərirdi, müasir şeirimizdən, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindən, Toğrul Nərimanbəyovun əsərlərindən fərəhlə danışırdı. Dino Toğrulun işlərinə baxıb: "Bu istedadlı rəssamın hər işindən görünür ki, o bir Azərbaycan rəssamıdır və məhz Bakıda yaşayan bir rəssamdır, - dedi. - "Bu "Muğam" şəklinə diqqət verin. Müğənni, çalanlar təsvir olunub, ancaq hər boyada, hər yaxıda sanki neftdən bir nişanə, bir əlamət var".

Abidin Toğrula: "Amma siz mütləq Parisi görməli, Paris muzeylərini gəzməli, fransız rəssamlarının əsərləriylə daha yaxından tanış olmalısınız, - dedi (dörd il sonra Abidinin sözləri həyata keçdi. Parisdə Toğrulla birlikdə Abidingilə getdik. Təəssüf ki, rəssamın özünü görə bilmədik. O, bir neçə aylığa Türkiyəyə getmişdi). (Çox-çox illər sonra isə Toğrul Parisə köçdü, ömrünü burada başa vurdu və burada torpağa tapşırıldı.)

Abidin və arvadı, ədəbiyyat və dil müəllimi Güzin xanım Parisin lap mərkəzində Sen-Mişel bulvarıyla Sen-Mişel sahil küçəsinin tinində yerləşən evdə yaşayırlar. Vaxtilə böyük fransız rəssamı Anri Matiss də bu binada yaşayırmış. Evin fasadı Senaya və Notr-Dam kilsəsinə baxır. Tələbələrin məhəlləsi - Latın kvartalı, Sarbonna Universitetinin korpusları da bu evin yaxınlığındadır. 68-ci ilin may çıxışlarında tələbələrin aparıcı qüvvə olmasıyla əlaqədar rayonda cərəyan edən hadisələrin mərkəzi bu ev imiş. Güzin xanım bu günlərdən danışır:

- Heç ağlımıza da gəlməzdi ki, bizim bu sakit küçə, illərdən bəri yaşadığımız və alışdığımız bu evin qabağı ancaq filmlərdən və kitablardan tanış olduğumuz tarixi dekorlara çevriləcək, küçəmizdə tez-tez rast gəldiyimiz cavanlar - gənc işçilər, tələbələr, oğlanlar və qızlar bu tarixi tamaşanın qəhrəmanları olacaq. Onların arasında mənim öz tələbələrim, gündə görüşdüyümüz cavanlar da vardı. Evimizə düşə bilmirdik. Qapımızın ağzında tələbələrin barrikadaları qurulmuşdu. Bizi evə keçməyə qoymurdular, "bizə qoşulun" deyirdilər, - "ya bizdənsiniz, ya onlardan, düşmənlərdən". İzah edirdik ki, biz fransız deyilik, mühacirlərik, yaşımız da barrikada yaşı deyil. Sözümüzü veclərinə almırdılar. İnqilaba nə yaşın dəxli var, nə milliyyətin. "Ya bizdənsiniz - əzilənlərdən, ya da onlardan - əzənlərdən".

Əlbəttə, Abidin də, Güzin xanım da əzilənlərlə idilər. Abidin Dino bunu öz sənətiylə, öz əsərləriylə  sübut etmişdi. Abidinin may günlərinin təəssüratından  doğulmuş tabloları, nümayişçiləri, insan axınını təsvir edən rəsmləri - sənətkarın barrikadası, əzilənlərin, üsyan edənlərin tərəfi idi.

- Bu adamlar nerəyə gedir, Dino? - deyə xəbər alan Nazim Hikmət özü də cavab verirdi - Sən də, mən də, Dino, onların arasındayıq, biz də, biz də, Dino, gördük açıq mavini.

On bir il qabaq yenə də may ayında Paris təlatümə gəlmişdi. Abidin bir çox rəsmlərində məhz bu günləri təsvir edir. Güzin xanım sonsuz bir kədərlə: - "O gün Nazim də Parisdəydi, - deyir, - bütün günü bir yerdə olduq".

Gördüm, şükür, gördüm, şükür,

bu günü də gördüm, şükür.

Gördüm, şükür, bu günü də Parisdə.

Axdı Paris,     

əsl Paris

mavi-mavi, qızıl-qızıl.

Axdı ren-ron-karon-Sen,

axdı Paris sular kimi şakır-şakır,

axdı Paris 1958

mayıs iyirmi səkkizdə

Mən bunları yazıram

1958 mayıs iyirmi doqquzda.

 

Bu gün - 58-ci ilin 28 may günü iki sənətkarın əsərində - Nazim Hikmətin şeirində və Abidin Dinonun rəsmində həkk olunub.

Abidinin sənətində sovet filmlərinin, xüsusilə, Eyzenşteynin "Tətil" və "Potyomkin zirehli gəmisi" filmlərinin təsiri duyulur. Sovet rejissoru kimi o da, tək-tək fərdləri deyil, təlatümə gəlmiş kütləni, "massovkanı" təsvir edir. Bu kütlə təbii qüvvə kimi əzəmətlidir, çoxsifətlidir. Hamıya hakim kəsilmiş eyni yüksək bir hiss, bir amal, birlik qayəsi insanları ayıran fərdi cəhətlərə üstün gəlib. Abidin adamları - söhbət əməkçilərdən, əzilənlərdən, üsyana qalxmışlardan gedir - bir toplu, bir küll halında təsvir edir. Sanki rəssam nümayişlər obrazı yaratmaqçün doğulmuşdur.

Nazim Hikmətin və Abidin Dinonun yaradıcılığında ümumi cəhətlər çoxdur: güclü yenilik hissi, böyük humanizm, inqilabi pafos, dünyanın dərdlərini öz qəlbinin ağrıları kimi duymaq bacarığı.

Güzin xanım Abidinin son işlərini göstərir: - Bu, Vyetnam hadisələriylə bağlıdır, - deyir. - Qəzetlərdən aldığı məlumatlar Abidini çox həyəcanlandırır. Görürsünüzmü, bu, peyzajdır, meşə rəsmidir. Abidin bu işi çəkən zaman - amerikalıların son rəzalətindən - Sonqmi faciəsindən xəbər tutdu. Bəlkə bu xəbəri eşitməsəydi, meşə daha şən, daha işıqlı olardı.

Yadımdadır, Moskvada, fransız sərgisində çıxış edən fransız rəssamı Bazen (o, Fransanın ən məşhur rəssamlarındandır, Parisdə müasir sənət muzeyində bir neçə tablosu asılıb) deyirdi:

"Bəlkə də bütün dövrlərin ən böyük rəssamı olan Sezan 1870-ci il müharibəsi zamanı almaları çəkirdi. Amma otuz il sonra o yenə də almaları çəkirdi. 1914-cü il müharibəsi zamanı Renuar çiçəkləri, çılpaq qadınları çəkirdi, Pikasso borular və meyvə vazlarından ibarət kubist natürmortlar üzərində işləyirdi. Yüzlərlə misaldan mən yalnız bu üçünü götürürəm. Müharibələr və inqilablar keçib gedir, tarixin qanlı, ya mübarizəli səhifələri çevrilir, sənətkarlar isə - ən böyük, ən həssas sənətkarlar isə, görünür ki, bütün bunlara biganə qalırlar".

Abidinin rəsmləri, Güzin xanımın sözləri Bazenin fikrini inkar edir, köhnə bir həqiqəti təsdiq edirdi: Sənətkar, illah da, böyük və həssas sənətkar, əsrinin hadisələrinə biganə qala bilməz. O öz əsrinin şahididir, öz dövrünün nəbzini tutur. İntəhası, sənətin həyata münasibəti müstəqim, birbaşa deyil, mürəkkəb və dolayıdır. Müharibə dövründə almaları və mənzərələri çəkən Sezan öz çağının tarixi hadisələrini bilavasitə əks etdirmir. Lakin onun da, Pikassonun da sənətdə devriliş, inqilab yaratmış tabloları dövrün çətin sorğularına sənətkar cavabı idi. Onlar öz əsərlərində dəyişən, parçalanan, formalarını itirən varlığın modelini, əksini, fotoqrafik əksini yox, dəruni, məzmun, anlayış və duyumla bağlı əksini verirdilər. Bu baxımdan Vyetnam faciəsini yalnız bu fəlakətzadə ölkəyə həsr olunmuş əsərlər çəkən rəssam əks etdirmir. Bu faciəni qəlbən, ruhən duyan sənətkar nə çəkirsə-çəksin, - meşə, dəniz, yaxud alma - əsrin ağrılarını, ümidlərini ifadə edir və qələmiylə, fırçasıyla, rəng, biçim, ovqat tərziylə canlandırır.

Söhbət yenə Nazim Hikmətdən duşür. Abidingildə bir qonaq da var. Sinli, ağır təbiətli, üzündə ağıl və iradə duyulan qadın - Türkiyənin mütərəqqi ictimai və siyasi xadimi, sülh tərəfdarı, ölkəmizin dostu, mübariz, sol əqidəli iqtisadiyyat alimi Bəhicə Borandır. Bəhicə xanım xatırlayır ki, Nazim "Türkiyədə" adlı pyesində yaratdığı Xədicə obrazının bir çox cəhətlərini onun bioqrafiyasından, ömürlüyündən almışdır. Əsərin qəhrəmanı Xədicə kimi real Bəhicə xanımı da türk hökuməti hamilə ikən məhkəməyə vermişdi -sülh və demokratiya uğrunda mübarizə apardığı üçün. İndi həmin uşaq - o vaxt Bəhicə xanımın dünyaya gətirdiyi övlad - 20 yaşlı bir gəncdir.

Güzin xanım:

- O pyesinə Nazim mənim də adımı salıb, - deyir, - yadınızdadırmı, qəhrəmanlardan biri Güzindir.

- Əlbəttə, yadımdadır. Nazim Hikmətin "Saman sarısı" şeirindəki misralar da yadımdadır:

Sən mutluluğun rəsmini yapa bilirmisən, Abidin?

- Nə yazıq ki, Parisdə Abidinlə görüşə bilmədiniz.

Abidin Türkiyəyə gedib; 22 ildir həsrətini çəkdiyi vətənə. Güzin xanım belə bir fakt da danışdı: hələ bir il bundan qabaq Abidinin adı belə Türkiyədə qadağan imiş. İngiltərədə keçirilən dünya futbol birinciliyi haqqında çəkilmiş filmin rejissoru Abidindir. Bu film Sovet İttifaqında da göstərilib: "Qızıl ilahə uğrunda mübarizə". Həmin film Türkiyə ekranlarına da çıxıb. Türk xalqı futbolu sevir, amma türk hökuməti rəssam Abidin Dinonu sevmir. Odur ki, filmin titrlərində Abidin Dinonun adı rəsmi dairələr üçün göz dağı imiş. Film göstərilən zaman Dinonun adı yazılan kimi salonda alqışlar qopurmuş. Türk gəncləri Pelenin əfsanəvi qollarından daha çox, yasaq sənətkarın adına əl çalırmışlar.

"Hər şey axır, hər şey dəyişir" - dialektikanın qanunları yenilməzdir. Əsl sənətin qanunları kimi. İndi Türkiyədə Dinonun fərdi sərgisi açılır. Bu il İsveçdə rəssamın sərgisi nümayiş etdiriləcək. Bundan qabaq da bir çox Avropa ölkələrində onun əsərləri göstərilmiş, Moskvada Mərkəzi Yazıçılar Evində sərgisi olmuşdur. Şübhəsiz, yaxın vaxtlarda Bakı sənətsevərləri də bu istedadlı rəssamın ağrılı və mübariz sənətiylə tanış olmalıdırlar.

 

***

Parisdə ən maraqlı görüşlərimizdən biri mütərəqqi türk rəssamı Avni Arbaşla oldu. Avni, yuxarıda dediyim kimi, 22 il bundan qabaq Abidin Dinov və Səlim Turanla Parisə gəlib. Burda evlənib. Arvadı Janin xanım da, qadın bəzək-düzəkləri modelləri hazırlayır.

 

Fransızca bir az danışmağı bacaran Nailə Nəzirovanın köməyilə soraqlaşa-soraqlaşa gəlib Folantin küçəsinə çıxdıq. Avninin mənzili bu küçədədir. Avni və arvadı hər üçümüzü - Nailəni, Toğrulu və məni böyük mehribanlıqla qarşıladı. Söhbət baletimizin Fransa səfərindən, Parisdən, Bakıdan, Abidin Dinodan, Nazim Hikmətdən başlanır, rəssamlığa, ədəbiyyata, kino sənətinə keçir. Avni deyir ki, müasir rəssamlar içində ən çox fransız rəssamı Bonnarı sevir. Avni sovet filmlərini, xüsusilə, "Rublev"u çox bəyəndiyini söyləyir. Biz də fransız filmlərinin ölkəmizdə geniş şöhrət tapmasından danışırıq. Janin xanımla kino zövqümüz uyğun gəlir. O da mənim kimi müasir fransız rejissorlarından ən çox, Fransua Trüffonun filmlərini bəyənir. Avni Azərbaycan incəsənətiylə maraqlanır, Bakıda sərgi açmaq arzusunda olduğunu bildirir. Toğrulun tablolarının fotolarına, reproduksiyalarına baxır, çox bəyənir. Sonra öz işlərini - Amerika, Fransa, İsveç albomlarında çıxmış reproduksiyalarını göstərir. Avninin işlərini ilk dəfə görürəm, ancaq bu reproduksiyalardan birinə - Atlı şəklinə baxan kimi, dərhal tanıyıram - Avninin atları, bumu? - deyirəm.

Avni gülümsünür:

- Öylədir, - deyir, - Nazim şeirini həmin bu tabloya yazıb.

 

Bu atlar Avninin atları.

Quvveyi-Milliyyə atları.

Qara yamçı altında ağ sağrı dolğun

titrər burun qanadları.

Bu atlar Avninin atları.

Mənə Avninin atlarına

minmək nəsib olmasa gərək,

amma Məmməd minəcək.

Gələcək düşmanla topuz-topuza,

Gulüm, Qüvveyi-Milliyyə atları,

Gözüm, Quvveyi-Milliyyə atları.

Məmləkəti satanları bağlasınlar quyruğunuza...

 

Avni də Abidin kimi, Nazimin ən yaxın dostlarından idi. Bu iki rəssam böyük şairin Parisdə ən yaxın adamları idi. "Saman sarısı" şeiri yadınızdamı:

 

Matiss bir manavdır kosmos yemişləri satar,

Bizim Abdin də öylə, Avni də, Levni də...

 

Avni böyük şairlə dostluğundan maraqlı söhbətlər edir, bir tablosunun fotosunu bizə bağışlayır. Nazim Hikmətə həsr olunmuş bu şəkil indi qarşımdadır. Avninin sözlərini xatırlayıram: Mən Nazimi iş başında, döyüşdə, səngərdə təsvir etmişəm; o, şeir oxuyur, türk xalqına şeir oxuyur. Onu dinləyənlər türk xalqının əməkçi kütlələrinə mənsub insanlardır.

Sonra Avni bizi o biri otağa aparır. Bu kiçik otaq həm də rəssamın emalatxanasıdır. Avni bir-bir tablolarını göstərməyə başlayır. Avni tablolarının xarakter cəhəti onların maraqlı kompozisiya quruluşudur. Nazim Hikmətə həsr olunmuş tabloda olduğu kimi, başqa rəsmlərdə də təsvir olunmuş insan fiqurları tablo səthinin kiçik bir hissəsində yerləşir. Nazim Hikmət tablosundakı kinonun təsirindən doğan maraqlı işıq effekti əsas obrazın - şairin sanki projektorla işıqlandırılıb qaranlıq fondan çıxması ideyasını əks etdirir.

O biri tablolarda da əsas fikir dünyanı, varlığı əks etdirən böyük saya fonda lap kiçik görünən, ancaq yenə də diqqəti cəlb edən, fərdiyyətini saxlayan insan surətləridir. Tablolarda neorealist filmlərdən tanış olan motivlər - şəhər sakinlərinin məişət, həyət və küçə səhnələri və s. təsvir olunub. Evin qabağında səkidə oturub söhbət edən qadınlar, küçədə oynayan uşaqlar. Avninin demək olar ki, bütün tablolarında uşaqların obrazı var. 22 il əvvəl Parisə gəlmiş və burada ailə qurmuş hər üç rəssamın - Abidinin də, Avninin də, Səlim Turanın da övladları yoxdur. Bəlkə də Avninin tablolarında dönə-dönə təkrar olunan uşaqlıq mövzusu müəyyən bir nisgilin bədii ifadəsidir.

Kiçik uşaq fiqurları - bütün qalan sahəsi boş və saya qalmış tablonun bir küncünə qısılıb qalıblar - kompozisiyanın özündə bir ağrı, uşaqların taleyi haqqında bir nigarançılıq, təlaş var.

Avni bütün qəlbilə yaşadığı cəmiyyətə, kapitalist cəmiyyətinə nifrət bəsləyir. Bu cəmiyyətin parıltısı çoxdur. Yaraşıqlı kadillaklar, dolu mağaza vitrinləri, qiymətli geyimlər, bəzəklər. Ancaq bilsəniz, daxilən insanlar burada necə böyük bir boşluq hiss edirlər?! Hərdənbir əsərlərimi alan zənginlər məni də öz məclislərinə dəvət edirlər. Bu günlərdə bir milyonçunun müsafiri oldum. Bu ziyafətdə dünyanın hansı naz-neməti yoxdu? Ən bahalı geyimlər, bəzəklər, ən ləziz yeməklər, ən nadir içkilər. Milyonerin xanımı: hər axşam belə qəbullar, belə ziyafətlər, - dedi, - bilsəniz, nə qədər bıkmışam belə həyat tərzindən.

Avni realistdir. O, modernist cərəyanlara mənsub olan sənətkarlardan danışır: onların arasında çox böyük istedadlar, səmimi və həqiqi sənətkarlar, hətta mütərəqqi baxışlı adamlar da var, - deyir. Ancaq aralarında şarlatanlar da çoxdur. Bu günlərdə Klayn adlı bir rəssam - o, Parisdə ad qazanmış rəssamlardandır - məni fərdi sərgisinə dəvət etmişdi. Bəli, gəldik, kataloq-filan. Kataloqda əsərlərin adları yazılmışdı, sərgi salonunda ramkaların altında da işlərin adları yazılmışdı, ramkaların içi isə... boş idi. Divarın parçası görünürdü. Klaynı təbrik etdim, - yaradıcılığında böyük inkişaf görürəm - dedim, - neçəyə satdın bu boş ramkaları?

Sözlərimi yumordan uzaq bir tərzdə qavrayan Klayn böyük bir qiymət dedi. Doğrudan da, indi burjuaziya epataja da pul verir. Qəribə dünyada yaşayırıq.

Avni: - İndi mən sizi bir qədər Parisin gecə həyatı ilə tanış etmək istəyirəm, - deyir, - Monparnas bulvarına tərəf gedək. Rəssamlar yığışdığı kafedə oturaq.

Monparnas bulvarıyla Raspay bulvarının kəsişdiyi yerə gəlirik. Erenburqun təsvir etdiyi, neçə-neçə filmdə, romanda, şeirdə və tabloda vəsf olunmuş məşhur "Rotonda" kafesi burdaymış. İndi əsrin əvvəlində rəssamların, yazıçıların, Paris bohemasının məskəni olan əski kafe yoxdur, onun yerində "Rotonda" adlı kinoteatr var. Ancaq sabiq "Rotonda"dan beş addım o yanda sənət tarixinə daxil olmuş ikinci məşhur kafe - "Kupol" kafesi hələ də işləyir. Avni bizi bu kafeyə dəvət edir. Bu kafenin təsvirini Heminquey verib. Gecəyarıdan ötdüyünə baxmayaraq kafe ağzınacan doludur. Əcaib görkəmli müsafirlərdən adamın gözü qamaşır. Avni: O qadını görürsünüzmü? - deyə uzunsaçlı, hündür bir qızı göstərir, - diqqət edin, o qadın deyil, kişidir, qadınsayağı geyinib.

Doğrudan, çox diqqətlə baxanda "qızın" cavan oğlan olduğunu görürsən. Allah Məşədi İbada rəhmət eləsin!

Böyük şəhərlərin sakinləri, adətən bir qədər soyuq olurlar. Avni o qədər mehriban, xoşrəftar, isti adamdır ki, elə bil onunla bu gün yox, neçə illər bundan qabaq tanış olmuşuq. Bizə daha çox şey göstərmək istəyir, öz həyatından, Parisin sənət həyatından maraqlı faktlar danışır, Azərbaycan mədəniyyətinə, incəsənətinə aid çoxlu suallar verir. Biz onu baletimizin sabahkı tamaşasına dəvət edirik.

Sabahı gün, gecə Rembrantın sərgisinə baxmaq üçün Avni arvadıyla birlikdə Hollandiyaya, Amsterdama uçmalı idi. Ancaq yol üstündə olmasına baxmayaraq, axşam Şanz-Elize teatrına gəldi, baletlərimizə böyük maraqla tamaşa etdi və çox bəyəndiyini qeyd etdi. Mən xahiş etdim ki, Avni tamaşalardan aldığı təəssüratı yazsın. Avni bu xahişi yerinə yetirdi və aşağıdakı sözləri yazdı:

"İlk dəfə Parisdə bir Azərbaycan baletini görmək firsətini bulduğumdan dolayı bəxtiyaram. Qısa bir mazisi (keçmişi, tarixi) olan bu balesin göstərdiyi başarı (müvəffəqiyyət) məni heyran buraxdı. Seyr edərkən, sevinc və həyəcandan gözlərim yaşardı. Kəndisiylə (özüylə) tanışmaq zövqünü duyduğum Toğrul Nərimanbəyovun dekorları ciddən çox gözəl və orijinal. Azərbaycanın belə qiymətli bir sənətkara malik olduğunu görmək məni çox sevindirdi. Dünya baleləriylə boy ölçə biləcək Azərbaycan balesinin sıx-sıx buralara gələrək bizlərə eyni zövqü dadmaq firsətini verməsini dilərəm. Avni Arbaş".

 

***

Parisdə axırıncı görüşdüyüm bir adam haqqında da danışmalıyam. Bu adam rəssam Turan Səlimdir. Haqqında çox eşitmişdim. Ancaq şəxsən tanış olmaq mənə Parisdə son axşam nəsib oldu.

Səlim Turan Hüseynzadə - azərbaycanlıdır, Əlibəy Hüseynzadənin oğludur. Ancaq Türkiyədə doğulmuşdur, 22 ildir Parisdə yaşayır. Parisə Abidinlə və Avniylə bir vaxtda gəlib. Onların dostudur. Sol əqidəli bir sənətkardır. Söhbətimizin əvvəlində Səlim bəy ölkəmizdə onun atasına - Əlibəy Hüseynzadəyə münasibət haqqında soruşdu. Mən həqiqəti olduğu kimi söylədim. Əlibəyin məfkurə və dil prinsiplərinə tənqidi münasibətimizi gizləmədim. XX əsrin əvvəlində məfkurə aləmində Əlibəyin təmsil etdiyi cərəyanla "Molla Nəsrəddinçilər" məktəbi arasında mübarizə gedirdi və bu gün həmin mübarizədə bizim "Molla Nəsrəddinçilər"ə haqq qazandırmağımızı, tarixi həqiqətin də bu inkişafı təsdiq etdiyini söylədim. Onu da dedim ki, Əlibəy özü bu həqiqəti anlamış, etiraf etmişdi. Mühacirətə gedərkən, Tiflisdə Mirzə Cəlillə görüşmüş və "Molla Nəsrəddin" xəttinin doğru olduğunu etiraf etmişdi. Bu barədə həm Mirzə Cəlil xatirələrində yazır, həm də Əlibəy özü. Əlibəy yazırdı ki, mən bir dəfə balaca uşağın top-top oynamasına diqqət verdim. Topu yerə vururdu, top isə yerə dəyib qalxırdı. Sənət də belədir, yüksəlməkçün gücünü Antey kimi torpaqdan almalıdır. Əlibəy bu həqiqəti təəssüf ki, gec dərk etmişdi. Bununla belə, Əlibəyin bir mədəniyyət xadimi kimi, geniş təhsilli bir adam kimi, rus və Avropa ədəbiyyatı haqqında məqalələr müəllifi və bir tərcüməçi kimi mədəniyyət tarixində xidmətlərini bizim marksist ədəbiyyatşünaslığı heç vaxt inkar etməmişdir. Əlibəyin rəssamlıq fəaliyyətini isə biz bu gün ancaq minnətdarlıq hissiylə yad edirik - o bizim ilk peşəkar rəssamlardan olub. Səlim Turana deyirəm ki, Əlibəyin iki işi bizim İncəsənət muzeyində asılmışdır və onları indicə tanış olduğu rəssam Toğrul Nərimanbəyov bərpa etmişdir.

İlk dəfə eşitdiyi bu məlumat Səlim bəyi çox sevindirdi, o: "Türkiyədə yaşayan bacımda da atamın bir neçə tablosu qalıb, - deyir, - əlaqə yarada bilsəniz, məmnuniyyətlə o işləri Azərbaycan muzeylərinə təqdim edər".

Sonra söhbət Səlim bəyin öz fəaliyyətindən düşür. Yuxarıda dediyim kimi, sol əqidəli sənətkar olan Səlim 22 il bundan qabaq rəssam dostlarıyla birlikdə Türkiyənin dözülməz siyasi mühitindən yaxa qurtararaq Parisə gəlmişdir. Paris həyatının ilk dövrləri çətin keçmişdir. Lakin indi artıq Səlim Turan Fransada bir rəssam kimi tanınmışdır. Doğrudur, Avnidən və Abidindən fərqli olaraq o, rəsmi qulluqda da işləyir. Ancaq bu qulluq da sənətiylə, rəssamlıq peşəsiylə bağlıdır. Səlim Turan Maarif Nazirliyi sistemində işləyir. O, məktəblərin bədii tərtibatıyla məşğul olur, işiylə əlaqədar olaraq tez-tez Fransanın əyalətlərinə səfərə çıxır. Səlim Turan bir rəssam olmaqla bərabər, həm də mütəfəkkir, sənət nəzəriyyəçisidir. Təəssüf ki, Parisdə olarkən onun rəsm əsərləriylə tanış ola bilmədim. Görüşümüz, dediyim kimi, son axşam oldu və Səlim bəyin emalatxanasına gedə bilmədik. Onun əsərləriylə yalnız Bakıda tanış oldum. 1970-ci ilin yanvarında Fransaya getmiş bir qrup Azərbaycan mədəniyyət və elm xadimləri Səlim bəylə görüşmüşlər və Səlim 17 işini Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinə bağışlamışdır. Muzeyin direktoru, hörmətli alimimiz Abbas Zamanov bu işləri Bakıya gətirmiş və onları nümayiş etdirərkən məni də dəvət etmişdi. Bu 17 iş müxtəlif tipli şəxslərin realist planda çəkilmiş portretləridir. Portretlər sulu boyayla işlənmişdir. Əsasən, Şərq sifətli adamlardır. Bəziləri müasir adamların şəkli, bəziləri isə bizim orta əsr şairlərimizin xəyali surətlərini xatırladan rəsmlərdir.

Parisdə isə mən yalnız Səlim bəyin sənət haqqında nəzəri baxışlarıyla tanış ola bildim. Bu tanışlıq əvvəlcə şəxsi söhbətdən başlandı. Sonra isə Səlim bəy mənə öz kitabını bağışladı. "Sənət və toplum üzərinə" ("Sənət və cəmiyyət haqqında". Türklər "toplum" sözünü cəmiyyət mənasında işlədirlər) adlanan bu kitabda müəllif həm öz yaradıcılıq və həyat təcrübəsinə, həm də sənət tarixinin müxtəlif faktlarına əsaslanaraq çox maraqlı mülahizələr irəli sürür, bir çox diqqətçəkən müşahidələrdən söz açır.

Solçu və mütərəqqi bir sənətkar kimi Səlim Turanı ən çox maraqlandıran və narahat edən məsələ sənətin cəmiyyətdəki rolu və əhəmiyyəti və bundan dolayısı, sənətin xalq tərəfindən anlanılmasıdır. Səlim bəy "Sənət sənət üçündür" nəzəriyyəsini rədd edir. O bunu şəxsi söhbətdə də dedi, sonra həmin fikrinin ifadəsini kitabında da tapdım, "Sənət sənət üçündür düşüncəsi dar və səthi bir anlamda alındıqda da, sənətçinin meydanını daraldır. Daha geniş anlamda alındıqda da, sənətin zamanın tanığı olma, obyektiv olma imkanını çətinləşdirir. Sənətçi... həyatın içində və dünyada olub-bitənlərə yabançı qalan deyil, hətta hər kəsdən fəzlə duyan, təsirlənən və yaşayan adamdır". Və buna görə də Səlim Turanın fikrincə, "Özünə hörmət edən sənət, gerçəyi arayan sənətdir", yəni realist sənətdir.

Ancaq Səlim realizmi dar və məhdud mənada, naturalist və fotoqrafçılıq planında anlamır. Realizm, onun fikrincə, mürəkkəb dünyanı, mürəkkəb dövrü bütün mürəkkəbliyi ilə əks etdirən bir sənətdir. Səlim bəy ədəbi rəsmin əleyhinədir. O deyir ki, bir tabloda yerə atılmış vətən bayraqları təsvir olunmuş və tablonun altında "Əsla! (heç vaxt!)" sözləri yazılmışsa, bu mövzunun ədəbi həllidir, rəssamlıq, plastik sənət baxımından həlli deyil.

Bu cəhətdən müasir realist sənət anlayışı ötən dövrlərin, məsələn, XIX yüz il realizmindən fərqlidir. Səlim bəy: - klassik dövr tozun rəsmini yapırdı,  çağdaş dövr - rüzgarın, - deyir və Mövlananın sözlərini xatırlayır: - Yeli gizlədim, tozu göstərdim - fikrini izah edərək Səlim bəy klassik rəsm sənətini sabit təfərrüatlar sənəti adlandırır, yeni dövrün sənəti isə daima hərəkətdə, daima təlatümdə olan dünyanın məhz bu hərəkətini, bu təlatümünü göstərir. Bir sözlə, tozu yox, ruzgarı.

Ancaq bu sənətin öz çətinlikləri var. Ruzgarı, hərəkəti, dəyişikliyi əks etdirən bu sənətin anlaşılması bəzən çətinlik törədir, bu rəsmlərin qavranılması üçün müəyyən göz tərbiyəsi tələb olunur.

Göz tərbiyəsi nədir?

Bu barədə Səlim Turan kitabında belə yazır:

"İnsan gözünün tarixi yazıldımı?

Göz tərbiyəsi nədir?

Qulaq tərbiyəsi nədir?

Hər göz tərbiyə olurmu? Neçə cür göz var?

Hər qulaq notları doğru duyurmu?

Hər göz rəngləri, biçimləri doğru görürmü?

Doğrusu nə? Yanlışı nə?"

Bu sualların cavabını mən həm Səlim Turanın kitabında, həm də şəxsi söhbətində tapdım.

Estetik tərbiyə problemini Səlim Turan daha  geniş ictimai problemlə - sənətin xalq kütlələrinin malı olması problemiylə bağlayır. Aydındır ki, onun mülahizələri burjua cəmiyyətinə aiddir. Səlim deyir ki, bugünkü dünyanın sənət xəzinələri ilk baxışda hamıya açıqdır. Doğrudan da, əskidən qəsrlərdə, zənginlərin evlərində saxlanılan bir çox sənət əsərini indi muzeylərdə və ya hamının girə biləcəyi saraylarda görmək olar. Bu muzeylərə də, ya kiçik bir məbləğə bilet almaqla, ya da tamam pulsuz girmək olar. Küçədə qoyulmuş heykəlləri, abidələri isə hər kəs nə vaxt istəsə görür. Ancaq bununla belə sənət əsərləri insanların böyük bir qisminə yenə də qapalı qalır.

"Muzeylərin xalqa açıq olması, xalqın faydalanması deməkmi?"

Yox. Nədən? Bu sualın cavabını Səlim Turan kitabında aydın və aşkar şəkildə burjua cəmiyyətinin təzadlarıyla əlaqələndirir.

"Bir memardan sordum:

- Bu hazır dəmir nərdivan yerinə, beton bir nərdivan qoysa idin, daha gözəl olmazdımı idi?

- İqtisadi məsələdir, - dedi.

- Beton nərdivan daha bahamı başa gəlir? - dedim.

- Xeyr, - dedi, - hazır dəmir nərdivanın fabrikadan alma xərci, beton nərdivandan beş dəfə bahalıdır.

- Bəs belə isə? - deyə sordum.

- Aydın məsələdir, - dedi. - Bu binanın pulunu verənlərin dəmir nərdivan yapan fabrikada payları var".

Burjua cəmiyyətində hər şey pulla, gəlirlə bağlıdır.

"Avropada, Asiyada, Afrikada əski bir şəhərə baxarsaq, ortasında yüksək yapı (bina) olaraq came, kilsə, məbəd görürük. Amerikada modern bir şəhərə baxarsaq, ortasında yüksək bir bina: "Bank".

Əski məbədlərin yerinə müasir məbədlər - banklar ucaltmış bir cəmiyyətdə sənətin taleyi Səlim Turanda böyük nigarançılıq oyadır: O: "Sənətsiz, bilimsiz mədəniyyətin, vay halına", - deyir.

- Hər cəmiyyət öz sənətçilərini bir əzmə yolu tapır. Neçə ki, El Qreko da İsanın başını əsgərlərin başından daha aşağı çəkdiyi üçün inkvizisiya məhkəməsinə verilmişdi.

Səlim Turan məzəli bir əhvalat da danışır: "Bir padşah badımcanı sevdiyini söyləyincə vəziri, badımcan yeməklərinin məziyyətlərini saymağa başlayır. Padşah badımcandan xoşu gəlmədiyini deyən kimi vəzir badımcan xörəklərini pisləyir. Padşah: "Bəs indicə tərifləyirdin, niyə fikrini dəyişdirdin?" - deyə soruşduqda; vəzir: mən badımcanın qulu deyiləm, - padşahımızın quluyam, - cavabını verir".

Söhbət Səlim Turanın öz həyat müşahidələriylə bağlı faktlardan düşür:

- 1940, ya da 41-ci illərdə Muğladan Göycəgizə gedən yolda zəlzələdən ziyan çəkmiş bir kəndə gəlib çıxdım. Qəhvəxanadakı kəndlilərin şəkillərini çəkməyə başladım. Kəndlilərdən birinin şəklini yan tərəfdən, profildən çəkdim. O birilər: Olmadı, - dedilər, - Həsəni təkgözlü çəkdin. Nə qədər anlatmağa çalışdımsa da, yox, yox, dedilər, axı Həsənin iki gözu var. Onda bu profildən çəkdiyim portretə pikassovari ikinci göz qoydum. Bax, bu başqa məsələ, indi oldu düz, dedilər. Səlimin fikrincə, bu xalqda təbii sənət hissinin, hətta ən müasir sənəti anlamaq və qavramaq hissinin fitrən çox güclü olmasını sübut edir. Bu fikri sübut etməkçün başqa bir faktı da xatırlayır.

- Uzun zaman qaldığım bir pansionatın xidmətçisi kəndli qadın idi. Ayrılarkən - "Səndən bir rəsm istəyirəm", - dedi. - Nə rəsmi istərsən, - dedim, - çiçəkmi, yoxsa qızının portretinimi çəkim? - "Yox", - dedi, - "o nə olduğunu anlamadığım rəsmlərindən ver. Hər gün onların içində başqa-başqa şeyləri görürəm. Onları sevirəm".

Ayrılıq vaxtı gəlir. Səlim bəy Azərbaycana gəlmək, Bakıda sərgi açmaq arzusunu bildirir. Kitabının üstünü yazıb mənə təqdim edir, mən də ona fransız dilinə tərcümə olunmuş "Mən, sən, o və telefon" hekayəmi təqdim edirəm.

Bir ay sonra Səlim Turan Parisdə olmuş yazıcı Sabir Əhmədovla mənə kiçik bir tablo göndərdi. Tablonu mənim hekayəmin mövzusuna çəkmiş və arxasında bu sözləri yazmışdı: "Telefon" hekayəsi yazarı Anar qardaşıma sayqılarımla. Səlim Hüseynzadə". Mən bu tablonu mehriban bir insan, heç bir zaman ana vətənini görməmiş, ancaq onun həsrətiylə yaşamış, Parisdə rəssamlıq edən eloğlumuz Səlim haqqında ən xoş xatirə kimi saxlayıram. Arzu edirəm ki, Səlim bəyin istəyi həyata keçsin. Yaxın zamanda Bakıda bu istedadlı rəssamın sərgisi təşkil olunsun, o özü də ana vətəninə gəlib yeni həyatı öz gözləriylə görsün.

 

1970

 

Elə o il "Qobustan" sənət toplusunda dərc olunmuş "Gəzməyə qürbət ölkə" yazısından indiki əlifbamızla ilk fə çap olunur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!