Payıza açılan qapı - Ehtiram Səfərov Fəxrəddin Əsədin kitabı haqqında yazır

Qarşımda Fəxrəddin Əsədin yeni çap olunmuş "Payıza açılan qapı..." adlı kitabı var. Mən kitabda toplanan şeirlər vasitəsilə şairin yaradıcılığına səyahət edərək onun müasir dövrdə cəmiyyətimizdə baş verən, hadisələrə nüfuz edən, modern şeirləri ilə seçilən bir sənətkar kimi poetik düşüncələrini təhlil etməyə səy göstərdim.

Hazırda Fəxrəddin Əsəd Azərbaycan Yazıçılar Birliyi Ağdaş rayon bölməsinin sədri kimi ictimai iş aparır. Fəxrəddin Əsəd imzası oxuculara çoxdan tanışdır. Onun şeirləri mütəmadi olaraq respublikada çıxan qəzet və jurnallarda çap olunmaqdadır. Məni Fəxrəddin Əsədlə şəxsən tanış edən bu yaxınlarda dünyasını dəyişən mərhum dostumuz İnqilab İsaq olmuşdur. Fəxrəddin sadə, səmimi və ünsiyyətcil olmaqla, özünü yaxşı tərəfdən göstərməyi bacaran bir insandır.

Kitaba ön söz yazan professor Rüstəm Kamal yazır: "Fəxrəddin Əsəd poeziyasında şeirlərin "məna sıxlığı"nı metaforalar yaradır. Şeirlərin mayası metaforalardan "tutulur". Kitabın başqa bir yerində isə ön söz müəllifinin "Fəxrəddinin bütün şeirləri özünə ünvanlanıb" - deməsi diqqəti cəlb edir. Alimin vurğuladığı bu ifadənin şairin lirik "mən"inin avtobioqrafiq ruha kökləndiyini deməyimizə haqq verir.

Kitabda toplanan şeirlərin əksəriyyəti sərbəst vəzndə yazılmış, az bir hissəsi isə heca vəznindədir. Şairin Vətənə, doğma yurduna həsr etdiyi şeirlər çoxluq təşkil edir. Kitabda son illərdə Azərbaycan xalqının, onun mərd oğullarının Qarabağın düşməndən azad olunması ilə bağlı xalqımızın apardığı haqlı savaşını göstərən şeirlər əsas yer tutur. Fəxrəddin Əsəd poetik leksikonuna daxil olmuş bəzi söz və ifadələrdən bolluca istifadə edir. "Yağış", "yuxu", "kölgə", "iz" və "sığal" kimi sözlərin tez-tez təkrar olunması yerli-yerində olmaqla, şeirlərininin ahənginə xüsusi bir məna çaları əlavə edir. Şeirlərində yer alan bədii təsvir vasitələri, o cümlədən metafora və metanomiyadan istifadə olunması, şeirlərin bədii yükünü artırmaqla, onların daha obrazlı səslənməsinə səbəb olur.

 

Biz səma adamıyıq,

Demək, Günəşə daha yaxınıq!

Nə qədər yaxın olsaq da,

Heç ağlıma gəlmədi,

Qış gecələri, kirayə evlərdə,

Günəşi üstümə çəkib yatmaq!

 

Şairin şeirlərinin istər forma tərzi, istərsə də bədii düşüncə məqamı özünəməxsusdur. Fəxrəddin Əsəd poeziyasından xəbərdar olan oxucu şeirlərdə səliqə ilə verilən təşbehlərdən şeirlərin məhz ona məxsusluğunu asanlıqla seçə bilir.

 

Şər qarışır...

Evlərin işıqları

Qız yanağıtək

Pəncərə şüşəsindən asılıb...

 

Fəxrəddin Əsəd poeziyasının leytmotivini əsasən hərbi-vətənpərvərlik ruhunda yazılmış şeirlər təşkil edir. Bu baxımdan, onun "Əsgər məktubları" silsiləsindən yazdığı şeirlər maraq doğurur. Belə bir məşhur deyimi bu yerdə xatırlamaq yerinə düşür. "Hər cür müqayisə qüsurludur". Mən bu fikirlərə istinad edərək məşhur rus şairi Konstantin Simonovdan bir poetik nümunəni misal gətirmək istəyirəm. Bildiyimiz kimi, Böyük Vətən müharibəsi illərində dəmir iradə göstərən və faşizm üzərində möhtəşəm qələbə qazanan sovet xalqının dözümlülüyü, əzmkarlığı və iradəcə möhkəmliyini mükəmməl bədii tərzdə ifadə edən "Gözlə məni" şeiri diqqəti cəlb edir. Əsgər onu həsrətlə gözləyən nişanlısına belə yazır:

 

"Hamı-hamı gözləməkdən bezəndə,

Sən gözlə məni!"

 

Təkcə bu şeirə görə şair Lenin mükafatı laureatlığına layiq görülmüşdür. Fəxrəddin Əsədin təqdim etdiyi qəhrəman isə öz nişanlısına qızğın döyüş getdiyi vaxt ölümün gözünə dik baxaraq, bu cür təsəlli məktubu yazır:

 

Məndən xəbər çıxmasa,

Zəng etməsəm qınama.

De ki, sağ-salamatam,

Təskinlik ver anama.

 

44 günlük İkinci Qarabağ müharibəsində, xalqımızı bürüyən ağır dərd və kədəri yaxına buraxmamaq üçün bu cür şeirlər hər bir Azərbaycan əsgərində nikbin ovqat yaradaraq, onların tez-gec qələbə çalacağına ümid yaradır. Təbii ki, şair ömrünün xeyli hissəsini sovet dövründə yaşamışdır. O vaxtlar belə bir təbliğat hakim idi ki, hamımızın Vətəni SSRİ-dir. Vətənin sərhədləri Vladivostokdan, Kamçatkadan başlayaraq, Murmanska qədər geniş bir ərazini əhatə edib. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra Vətənimizin sərhədləri konkretləşərək Kəlbəcərdən, Laçından, Zəngilandan başladı. Biz yalançı beynəlmiləlçiliyə deyil, milli ruhu özündə ehtiva edən bir ölkənin vətəndaşı olmağımızdan qürur duyuruq. Şair şeirlərinin birində bu məsələyə aşağıdakı kimi münasibət bildirir:

 

Qayalar silkələnib,

Düşmənləri daşlayır.

Hardakı keşikdəyəm

Vətən ordan başlayır!

Şairin əsgərlərimizin dilindən verdiyi sevgi məktubları şeirə incə bir ruh, nikbin bir əhval-ruhiyyə gətirərək düşmən önündə mübariz və mərd dayanmağın önəmli olmasını şərtləndirir.

 

Biləydim əlindəmi

Mən bağışlayan yaylıq?

Uzun körpü kimidir,

Aramızda ayrılıq.

 

Şairin zarafatyana yazdığı kiçik bir şeirdə böyük mətləblərin gizləndiyi sezilir. Müəllifə görə yaşadığımız dünya və yer üzü nə qədər geniş olsa da, əlçatmaz deyil. Burada insanlar təsadüfən olsa da, qarşılaya bilər. Uzun müddət bir-birindən ayrı düşənlərin görüşmək imkanı vardı. Yəni bu dünya nə qədər geniş olsa da, hər kəs öz istədiyi ilə rastlaşa bilər. Ancaq o biri dünyada isə bu mümkün deyil. Orda bir nəfərin digəri ilə görüşməsi imkan xaricindədir.

 

Bizim ümid yerimiz,

Oynadığımız gizlənpaç.

Mən yumdum gözlərimi,

Haydı, bacarırsansa,

Sən başqa dünyaya qaç!

 

Kitabda satirik ruhlu, kinayə ilə deyilmiş fikirlərə də rast gəlmək mümkündür. Bir tərəfdən insan sağlamlığı keşiyində duran, ekologiya üçün çox mühüm əhəmiyyət kəsb edən yaşıllığı qorumağın zəruri olması önə çəkilirsə, digər tərəfdən soyuqdan qorunmaq üçün, əlac  kəsiləndə çinar ağacını kəsməyin acısı oxucunun ovqatını təlx edir.

 

Allahım, bağışla məni -

Bu günahkar bəndəni

"Atam" - deyib,

Üz tutduğun çinarın üstünə,

Bu gün əlibaltalı gedirəm...

 

Yanğını, susuzluğu aradan qaldırmaq üçün insanın suya ehtiyacı var. Susuz qalmaq, suya olan tələbatı ödəmədən yaşamaq mümkün deyil. Su həm insana, həm də cadar-cadar olmuş torpağa çox lazımdır. Torpaq şıdırğı yağan yağışa möhtacdır. Qəlbin eşq dolu atəşini ancaq vüsala qovuşmaq söndürə bilər. Şairin lirik "mən"inin gəldiyi qənaət budur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!