Bu günlərdə Türk Mədəniyyəti və İrsi Fondu və "Ədibin evi" Ədəbiyyata Dəstək Fondu tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlalın dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri haqqındakı elmi məqalələrindən ibarət "Nizami Gəncəvi dünyası" adlı kitabı çap olunmuşdur.
Nəşrdə müəllifin "Nizaminin müsbət obrazları", "Yeddi gözəl"dəki hekayələr haqqında", "Məhəbbət dastanı", "Nizami və Füzuli" və "Əsrlərdən gələn dostluq səsi" adlı məqalələri yer alıb. Qeyd edək ki, nəşrin layihə rəhbərləri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Aktotı Raimkulova və "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, məsləhətçisi filologiya elmləri doktoru, mərhum professor Şirindil Alışanlı, bədii tərtibatçısı Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, kitabın üz qabığındakı rəsm əsərinin müəllifi isə Əməkdar incəsənət xadimi Əyyub Məmmədovdur. Kitabın ön sözünü oxuculara təqdim edirik.
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor
Görkəmli ədəbiyyat xadiminin bənzərsiz elmi şərhləri
XX Əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlalın "Nizami Gəncəvi dünyası" adlı kitab Türk Mədəniyyəti və İrsi Fondu ilə "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun birgə əməkdaşlığı çərçivəsində nəşr edilmişdir. Kitabda siz orta əsr dünya ədəbiyyatının ən parlaq poetik zinətlərini ərsəyə gətirmiş, "Xəmsə" kimi solmaz söz inciləri yaratmış dahi Nizami Gəncəvinin bütün Türk dünyasının ədəbi xəzinəsinə məxsus mükəmməl əsərlərinin elmi şərhləri ilə tanış olacaqsınız.
Kitabın müəllifi XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı, elm xadimi Mir Cəlaldır. Bu kitab timsalında bir daha bizlərə - oxuculara aydın olur ki, görkəmli insanların, tarixdə iz qoyan ədəbi şəxsiyyətlərin yaradıcılığının həqiqi qiymətini onların özləri kimi bəşəri dəyər və amallarla yaşayıb-yaradan, dünya durduqca öz dərin mahiyyətini qoruyub-saxlayan hikmətlərin məğzinə nüfuz edə bilən əsl sənətkarlar daha dürüst verə bilirlər. Çünki onlar zəka, idrak, xüsusən isə ruh baxımından bir-birilərinə daha doğmadırlar. Bu mənada Azərbaycan xalqının böyük oğlu Mir Cəlalın dahi şair Nizami Gəncəvi haqqında belə bir kitab qələmə alması xüsusi və rəmzi məna daşıyır.
Azərbaycan oxucusuna yaxşı bəllidir ki, görkəmli söz sənətkarı, alim Mir Cəlalın "Füzuli sənətkarlığı" əsəri bu gün də füzulişünasların ardıcıl müraciət etdiyi qiymətli mənbələrdən, stolüstü kitablardandır. Azərbaycan oxucuları həmin kitaba görə haqlı olaraq Mir Cəlalı füzulişünas alim kimi çox sevirlər. Biz inanırıq ki, bu kitab vasitəsilə elm xadimi, yazıçı Mir Cəlal həm də görkəmli nizamişünas alim kimi oxucuların qəlbində və yaddaşında əbədi iz qoyacaqdır.
Əlbəttə, dahi Nizami Gəncəvi bədii irsinə sevgi, onun təbliğinə yönəlik tükənməz maraq Mir Cəlal yaradıcılığında daim aparıcı istiqamətlərdən biri olmuşdur. O, Nizami Gəncəvinin "Kərpickəsən", "Xeyir və Şər", "İki rəssam", "Fitnə", "İlin fəsilləri" kimi "Xəmsə"yə aid hekayətlərini uşaqlar üçün sadələşdirərək daha anlaşıqlı hekayələr şəklində nəşrə hazırlamışdır. Əgər həmin kitab yazıçı Mir Cəlalın Nizami Gəncəvi irsinin təbliğinə aid və uşaqlara klassik irsi öyrətməyə yönəlmiş addımı idisə, bu nəşr daha çox alim Mir Cəlalın elmi baxımdan ciddi əhəmiyyət daşıyan və N.Gəncəvinin əbədiyaşar yaradıcılığını akademik mühitə, tələbələrə və ümumən yetkin oxuculara sevdirən bir nəşr kimi müstəsna dəyərə malikdir.
Qeyd etmək istərdim ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradılıb. Təşkilat bu günə qədər türk mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində bir sıra layihələrə imza atmışdır.
Beynəlxalq aləmdə nüfuz qazanmış Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyalarından biri də Türk dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığının təbliğidir.
Mir Cəlalın "Nizami Gəncəvi dünyası" adlı bu kitab "Türk dünyasının görkəmli şəxsiyyətləri" seriyasından işıq üzü görən ikinci nəşrdir. Türk Mədəniyyəti və İrsi Fondunun adı çəkilən kitab seriyasından ilk nəşri bu il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 530 illik yubileyi qeyd edilən dahi şair Məhəmməd Füzuli haqqında "Heydər Əliyev və Məhəmməd Füzuli" adlı kitab olmuşdur. Kitabda unudulmaz dövlət xadimi Heydər Əliyevin Məhəmməd Füzulinin adının əbədiləşdirilməsi və bədii irsinin təbliği ilə bağlı fərman və sərəncamları, müxtəlif ölkələrdə baş tutan Füzuli yubileylərindəki çıxışları, həmçinin çoxsaylı fotoları yer almışdır.
Biz Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə işıq üzü görən Mir Cəlalın "Nizami Gəncəvi dünyası" adlı kitabının nəşrinə töhfə vermiş hər kəsə, xüsusilə "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevaya dərin minnətdarlığımızı bildiririk.
İnanırıq ki, bu nəşr kitabsevərlər tərəfindən yüksək rəğbətlə qarşılanacaq və Azərbaycan oxucularında həm dahi Nizami Gəncəvinin bədii irsinin dərindən öyrənilməsi, həm də görkəmli alim, professor, elm xadimi, yazıçı Mir Cəlalın elmi-bədii yaradıcılığına olan böyük marağı daha da artıracaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!