Azərbaycan nəsrinin korifeyləri və tərcümə sənəti - Yaşar Qasımbəyli yazır

Osman Qoçqarın tərcümə yaradıcılığı və XXI əsr Özbəkistan-Azərbaycan ədəbi əlaqələri

Görkəmli özbək şairi və tərcüməçisi Osman Qoçqarın ədəbi fəaliyyətindən söz açmaq faktiki olaraq çağdaş Özbəkistan-Azərbaycan ədəbi münasibətlərindən bəhs etmək deməkdir. Bir şair kimi, 70-ci illərdən yaradıcılığa başlayan, şeir və poemaları ilə ədəbi ictimaiyyətin rəğbətini qazanan Osman Qoçqar 80-ci illərdən etibarən, ta ömrünün son günlərinə qədər tərcüməçilik işini də uğurla davam etdirmişdir. Tanınmış şairin orijinal yaradıcılığı ilə bərabər, Azərbaycan ədəbiyyatından çevirdiyi əsərlər də ona kifayət qədər nüfuz və ədəbi populyarlıq qazandırmışdır.

 

***

Osman Qoçqarın Azərbaycan ədəbiyyatının qədim və çağdaş klassiklərindən - Seyid İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Vaqif Səmədoğlu, Hüseyn Kürdoğlu, Fikrət Sadıq, Abbas Abdulla, Fikrət Qoca, Cabir Novruz, Sabir Rüstəmxanlı, Səyavuş Sərxanlı, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Vaqif Bəhmənli, Dilsuz və başqa tanınmış şairlərdən çevirmələri ötən əsrin 80-90-cı illərinin poetik prosesində müəyyən iz qoymuşdur. Osman Qoçqarın XX yüzil Azərbaycan nəsrinin say-seçmə nümunələrini qardaş özbək dilində səsləndirməsi də ədəbi əlaqələr tariximizin qürurverici səhifələri sayılmalıdır. Mirzə Cəlil, Mir Cəlal, İsmayıl Şıxlı, İsa Hüseynov, Anar, Yusif Səmədoğlu, Sabir Əhmədov, İsi Məlikzadə, Elçin, Ağamalı Sadiq, Aqil Abbas və başqa böyük nasirlərimizin yaradıcılığından nümunələri də ilk dəfə Osman Qoçqar özbəkcəyə çevirməyə təşəbbüs göstərmişdir. Azərbaycan dilini mükəmməl bilən və ədəbiyyatımıza, sözün həqiqi mənasında, yaxşı bələd olan, mütərcim məsuliyyətini və tarixi missiyasını dərindən dərk edən Osman Qoçqarın bilavasitə orijinaldan müvəffəqiyyətlə tərcümə etdiyi bir sıra əsərlər isə - Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" povesti və 25 hekayəsi (1), Hüseyn Cavidin "Şeyx Sənan" və "İblis" faciələri (2), Yusif Səmədoğlunun "Qətl günü" romanı (3), Elçinin ən məşhur povest və hekayələrindən ibarət ikicildliyi (4, 5), Anarın "Sizsiz" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanları (6) və başqa çox böyük zəhmətlər hesabına ərsəyə gəlmiş çevirmələri müasir Özbəkistan tərcümə sənətinin qızıl fonduna daxil olmuşdur.

Özbəkistan-Azərbaycan ədəbi əlaqələri və tərcümə sənəti tarixində silinməz iz qoymuş Osman Qoçqar 1953-cü ildə Özbəkistan Respublikası, Buxara vilayətinin Şafirkan rayonunda dünyaya gəlmişdir. Orta məktəbi əla qiymətlərlə və qızıl medalla bitirən Osman Səttar oğlu Qoçqar 1970-ci ildə Daşkənd Dövlət Universitetinin özbək filologiyası fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə Daşkənd Dövlət Universitetini Fərqlənmə diplomu ilə başa vuran gənc Osman, bir neçə il öz təhsil aldığı orta məktəbdə müəllimlik etmiş, 70-ci illərin sonunda isə Daşkənd şəhərində Qafur Qulam adına ədəbiyyat və sənət nəşriyyatında redaktor kimi əmək fəaliyyətini davam etdirmişdir. Osman Qoçqarın bir ədəbi işçi, nəşriyyat və mətbuat xadimi kimi də fəaliyyət tarixi çox zəngindir. O, müxtəlif illərdə "Özbəkistan", "Gənc qvardiya" nəşriyyatlarında, "Yaşlıq" ("Gənclik") və "Cahan ədəbiyyatı" jurnalları redaksiyasında, "Çolpan", "Şərq" və "Mənəviyyat" nəşriyyatlarında müxətlif vəzifələrdə çalışmışdır. Görkəmli tərcüməçinin sonuncu iş yeri "Cahan ədəbiyyatı" jurnalı idi. XX yüzilin əvvəllərində qızğın fəaliyyət göstərən bu jurnalın səhifələrində Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin sıx-sıx işıq üzü görməsi bilavasitə Osman Qoçqarın mütərcim nüfuzunun və təşəbbüskarlığının nəticəsi kimi dəyərləndirilə bilər. Öz həyatının və yaradıcılığının qızğın çağında amansız ölüm istedadlı şair və tərcüməçini aramızdan apardı. Mirzə Cəlildən sonra onun yaxın dostu və silahdaşı Mirzə Ələkbər Sabirin "Hophopnamə"sini, Məhəmməd Hadinin gözəl və təkrarsız lirikasını, Əbdürrəhim bəy Haqverdiyevin "Marallarım" və "Xortdanın cəhənnəm məktubları"nı, Cəfər Cabbarlının faciələrini, Mikayıl Muşfiqin nəfis lirikasını, Əli Kərim və Məmməd Arazın şeir kitablarını və başqa neçə-neçə böyük ədəbi arzuların gerçəkləşmə ümidlərini də özü ilə birgə apardı... Özünəməxsus şair və bənzərsiz mütərcim Osman Qoçqarın ədəbi-mənəvi əlaqələrimiz tarixindəki xidmətlərini və yerini aydın təsəvvür etmək üçün, ümumən, XX yüzil Azərbaycan ədəbiyyatından özbəkcəyə tərcümə tarixinə qısaca bir ekskurs etmək zərurəti doğulur. Bizcə, Özbəkistanda Osman Qoçqara qədərki Azərbaycan dilindən tərcümə nümunələrinin ümumi sayı və səviyyəsi barəsində müəyyən informasiya və bilgiləri burada bölüşmək məqsədəmüvafiqdir.

 

***

Osman Qoçqarın mütərcimlik fəaliyyətini səciyyələndirərkən, onun minillik yaşarı və canlı ənənələri mövcud olan bir tərcümə mühitində yetişdiyini vurğulamaq vacibdir. İlk öncə, onu qeyd etməliyik ki, Azərbaycan dilindən Türküstan türkcəsinə, yəni özbəkcəyə tərcümə işinin tarixi də, təxminən, elə sovet dövründən başlanır. Amma bu o demək deyil ki, sovetlərə qədər Azərbaycan ədəbiyyatı nümunələrini Özbəkistanda oxumayıblar. Məsələ bundadır ki, ərəb əlifbasının mövcud olduğu dövrlərə qədər, yəni, 1929-cu ildə latın əlifbasının qəbul olunmasına qədər hər iki xalq bir-birinin ədəbiyyatını tərcüməsiz, sərbəst şəkildə başa düşüb. XX əsrin əvvəllərindəki Azərbaycan mətbuatı nümunələri Türküstanda çox geniş yayılmışdı. "Molla Nəsrəddin" jurnalını isə ərəb əlifbasında hər bir türkmən, özbək, tacik, qazax, qırğız başa düşmək imkanına malik idi. Köhnə məktəb və mədrəsələrdə isə bütün müsəlman Şərqində olduğu kimi, Türküstanda da Sədi, Hafiz, Nəvai və Füzuli divanları bir dərslik kimi istifadə edilirdi. Yəni, demək istəyirik ki, Azərbaycan dilindən tərcümə məsələsi sovet dövründə ərəb əlifbasının ləğvi, əvvəlcə latın əlifbasının, sonra isə kiril əlifbasının tətbiqi nəticəsində meydana gəlmiş və aktuallaşmış bir problem idi. Məhz buna görə də Azərbaycan ədəbiyyatından tərcümədən söhbət gedərkən, uzun müddət, təxminən, beş-altı əsrlik bir vaxt ərzində Nizami Gəncəvi "Xəmsə"sindən edilmiş iki tərcümə çox azsaylı tərcümə nümunələrindən biri hesab olunmuşdur; dahi azərbaycanlının "Xosrov və Şirin" dastanını XIV əsrdə Xarəzmli Qütb, "Məxsənül-əsrar" dastanını isə yenə Xarəzmli Heydər - Heydər Xarəzmi XV əsrdə türkcəyə çevirmişdilər.

Amma ədalət naminə onu da qeyd etməliyik ki, yeni dövrdə, hələ inqilabdan əvvəl Azərbaycan ədəbiyyatından tərcümə tarixini də ötən əsrin 10-cu illərindən etibarən elə Türküstan cədidləri başlamışlar. Yalnız "Molla Nəsrəddin" və başqa qəzet-jurnallardan alınmış materialları deyil, əsrin əvvəllərində yeni yaranmaqda olan teatrların və teatr truppalarının ehtiyaclarını ödəmək, repertuarlarını zənginləşdirmək üçün cədidlər onlarla Azərbaycan dramaturqlarının əsərlərini özbəkcəyə çevirmişdilər. Özbək ədəbiyyatşünas alimlərinin dəfələrlə vurğuladığına görə, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Hüseyn Cavid və Cəfər Cabbarlının əksər pyesləri ötən yüzilin 10-cu illərindən başlayaraq, intensiv şəkildə özbəkcəyə çevrilmiş və səhnələşdirilmişdir. İnkarolunmaz tarixi faktlara və arxiv materiallarına əsaslanaraq görkəmli özbək ədəbiyyatşünas və teatrşünas alimləri İ.Sultanov, Y.Sultanov, M.Rəhmanov, S.Qasımov, S.Əliyev, Ş.Turdiyev, N.Kərimov, L.Kayumov, H.Abdusəmədov, M.Şərifov, B.Qasımov, E.Kərimov, H.Baltabayev və başqaları Türküstanda milli dramaturgiyanın təməl daşlarını qoyan Mahmud Xoca Behbudi, Abdulla Əvlani, Əbdürauf Fitrət, Hacı Müin Şükrulla, Abdulla Bədri, Həmzə Həkimzadə Niyazi, Qulam Zəfəri, Abdulla Qədiri, Mənnan Uyğur və başqaları tərəfindən kazan-tatar və Azərbaycan dramaturgiyasının əksər uğurlu nümunələrinin özbəkcəyə çevrilməsini öz tədqiqatlarında qeyd etmişlər. Özbəkistan Həmzəşünasları təkcə Həmzə Həkimzadə Niyazinin Azərbaycan dilindən 20-dən çox pyesi özbəkcələşdirdiyini söyləyirlər. Prof. B.Qasımov Abdulla Əvlaninin Azərbaycan dilindən onlarla dram əsərini çevirdiyini bildirir. Akademik M.Rəhmanov məşhur "Özbək teatrı tarixi" (1968) kitabında inqilabdan əvvəl və sonra Özbəkistan teatr truppalarının repertuarında Azərbaycan dramaturqlarının əsərlərinin üstünlük təşkil etdiyini göstərir. Prof. H.Baltabayev Abdulla Əvlaninin "Ölülər" komediyasının tərcüməsi ilə kifayətlənməyib, Mirzə Cəlilin, demək olar ki, bütün pyeslərini tərcümə etdiyini və həmin səhnə əsərlərinin özünün rəhbərlik etdiyi "Turan teatr truppası" vasitəsilə ölkə şəhərlərində nümayiş olunduğunu məlum edir. Azərbaycan dilindən və dramaturgiyasından edilən tərcümələr 1920-cı illər ərzində də səngiməmiş, yüksələn xətlə davam etmişdir. Xüsusən, Hüseyn Cavidin və Cəfər Cabbarlının səhnə əsərləri Özbəkistan teatrlarında 20-30-cu illər ərzində, repressiyalar alovlanana qədər mühüm mövqeyə malik olmuşdur. Mütəxəssislər tərcümə tariximizin bu şanlı səhifələrini qeyd etməklə bərabər, ötən əsrin əvvəllərində geniş vüsət almış həmin tərcümə "bumu"nun izsiz yoxa çıxdığını da təəssüflə vurğulayırlar. Qeyd etdiyimiz və dövrün istedadlı ziyalıları, özünəməxus ədib və dramaturqları tərəfindən yerinə yetirilmiş bu tərcümələrin itib-batmasının mühüm səbəblərindən biri onların bilavasitə səhnə üçün nəzərdə tutulması və çap olunmaması idisə, ikinci mühüm səbəb isə, şübhəsiz ki, repressiya amili ilə bağlıdır. Türk xalqlarını bir-birindən ayırmağa və tamamilə ilə yadlaşdırmağa yönəlmiş stalinizmin repressiya və qətliam tonqallarında özbək cədidlərinin özləri ilə birgə, onların əsərləri və arxivləri ilə birlikdə cədid teatrlarının repertuarlarını bəzəyən məşhur tərcümələrin və əsərlərin səhnə variantları da yanıb külə dönmüşdü.

 

***

Osman Qoçqarla türk dillərindən tərcümənin özünəməxsusluğu və çətinlikləri barəsində, sovet dövrünün yaratdığı əngəllər və problemlər haqqındakı çoxsaylı söhbətlərimizdə cədidlərin yeni Türküstan mədəniyyətini şəkilləndirmək işində XX yüzilin əvvəllərindəki demokratik Azərbaycan ədəbiyyatı örnəklərinə fəal surətdə istinad etdiklərindən və həmin illərdəki qızğın tərcümə prosesindən dəfələrlə bəhs etmişdik. Yuxarıda qeyd etdiyimiz kimi, sovet dövründə ard-arda ərəb əlifbasının latın əlifbası ilə, latın əlifbasının isə 1939-cu ildən başlayaraq kiril əlifbası ilə əvəz olunması türk dillərinə tərcümə zərurətini gündəmə gətirdi. 1941-ci ildə, hələ böyük Vətən müharibəsi başlanmazdan əvvəl, Nizami Gəncəvi və Əlişir Nəvai yubileylərini keçirən Dövlət komissiyasının iclasında Səməd Vurğunun Həmid Alimcana müraciətlə dediyi aşağıdakı mülahizələr gəlişigözəl sözlər deyildi: "Biz indiyə qədər elə bilirdik ki, Əlişir Nəvai bir Azərbaycan şairidir". Həqiqətən, inqilabdan öncəki köhnə, ənənəvi Azərbaycan və Türküstan məktəblərində tədris olunan dərsliklər, demək olar ki, bir-birinin eyni idi. XV-XVI əsrlərdən başlayaraq, əsasən, humanitar məzmuna və təyinata malik Şərq məktəblərində "Qurani-Kərim", poetika elmləri, "Firdovsi", "Nizami", "Sədi", "Hafiz", "Nəvai", "Füzuli", "Mirzə Bedil" və başqa böyük Şərq şairləri tədris olunurdu. Ənənəvi Şərq məktəblərinin dəyişməsi və onların öz yerlərini "rus-tuzem", "rus-tatar", daha sonra isə "üsuli-cədid" məktəblərinə verməsi ötən əsrin əvvəllərindən başlansa da, bu proses, təbii ki, 20-ci illərdən etibarən yeni sovet məktəblərinin meydana gəlməsi ilə geniş vüsət almışdı. Eyni əlifbada və eyni mədəniyyət ruhunda tərbiyə olunan Şərq xalqlarının ədəbiyyatları və klassikləri də milli çeşidlərə bölünərək, tamamilə bənzərsiz əlifbalarda təqdim olunmağa başladı. Məhz bu mənada, 30-40-cı illərdən başlayaraq Türküstan türkləri Məhəmməd Füzulinin Azərbaycana məxsus olmasından necə heyrətlənirdilərsə, Azərbaycan türkləri də Əlişir Nəvainin Özbəkistana məxsusluğunu hələ o qədər qəbul edə bilmirdilər. 1926-cı ildə I Türkoloji qurultay ərəfəsində bütün türk xalqlarının dahi mütəfəkkiri Əlişir Nəvainin köhnə təqvimlə yubileyinin ilk dəfə Bakıda qeyd olunması faktı da Səməd Vurğunun yubiley komissiyasının iclasındakı təəccübünün nə qədər əsaslı olduğunu da nümayiş etdirməkdədir. Bu nöqteyi-nəzərdən yanaşanda, Azərbaycan türkcəsindən Türküstan xalqlarının dillərinə, eyni zamanda özbək dilindən Azərbaycan türkcəsinə tərcümələrin sovet dönəmində başlanması təbii olmaqla bərabər, həm də Şərq və türk xalqlarını bir-birindən ayırmağa, parçalamağa yönəlmiş mədəni siyasətin nəticəsi kimi dəyərləndirilməlidir.

Sovet dövründə Azərbaycan ədəbiyyatının Özbəkistanda tərcüməsi və təbliği tarixi o qədər də zəngin deyil. Bu prosesin, təxminən, 30-40-cı illərdən başlandığını söyləmək olar. 20-ci illər Özbəkistan teatrlarında Hüseyn Cavid və Cəfər Cabbarlı pyeslərinin səhnələşdirilməsi, geniş təbliğ olunması bu yeni mədəni siyasətin təzahür forması deyil, əksinə, əsrin əvvəllərindən cədid yazıçıların başladığı mədəni hərəkatın davamı idi. 40-50-ci illərin tərcümə sahəsindəki ciddi və yaddaqalan hadisələri sırasında Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Mehdi Hüseynin "Abşeron", Mirzə İbrahimovun "Gələcək gün", "Böyük dayaq", romanlarının, Rəsul Rzanın "Lenin" poemasının, bir sıra şeir, hekayə və başqa əsərlərin tərcüməsini qeyd etmək yerinə düşər. Bu əsərlər sovet dövrünün ideoloji və siyasi əlamətlərini, etiketlərini əks etdirsələr də, oxucular arasında geniş yayıldığını və rəğbətlə qarşılandığını vurğulamaq məqsədəmüvafiqdir. Xüsusən, "Qılınc və qələm" və "Gələcək gün" əsərləri uzun müddət sevilə-sevilə oxunmuş, "Lenin" poeması isə bədii məziyyətlərinə görə yüksək qiymətləndirilmişdi. "Lenin" poemasının özbəkcə tərcüməsinin son dərəcə uğurlu alınmasında XX yüzil özbək poeziyasının klassiklərindən biri, xalq şairi Mirtemirin böyük zəhmətini və mütərcim istedadını unutmamalıyıq. 40-50-ci illərin tərcümə məhsullarından söz açarkən, Azərbaycan xalq şairi Səməd Vurğunun 50 illiyi münasibəti ilə nəşr olunmuş şeirlər kitabının bu prosesdə mühüm rol oynadığını da yaddan çıxarmaq olmaz. Səməd Vurğunun ilk şeirlər kitabının özbəkcəyə çevrilib nəşrə hazırlanmasında, təbii ki, Maqsud Şeyxzadə ilə birgə, Mirtemirin mühüm xidmətləri vardı. Səməd Vurğunun 60 illiyi münasibəti ilə çap olunmuş "Seçilmiş şeirlər" kitabının tərcüməsi və nəşri prosesində də Maqsud Şeyxzadə və Mirtemir yaxından iştirak etmişdilər.

Osman Qoçqar özünəqədərki tərcümə mədəniyyətini və sənətini yaradıcı surətdə qiymətləndirərkən, bu sahədə Maqsud Şeyxzadə və Mirtemirdən çox şeyləri əxs etmişdir. Ərəb, fars və rus dillərini mükəmməl dərəcədə mənimsəmiş Maqsud Şeyxzadə Türkiyə türkcəsini və başqa türk dillərini də yüksək səviyyədə bilirdi. Maqsud Şeyxzadənin tərcümə yaradıcılığı özünəməxsus bir tərcümə məktəbi kimi möhtəşəm və mötəbərdir. Böyük şair və filosofun rus dili vasitəsi ilə dünya ədəbiyyatından, qardaş və qonşu türk dillərindən, orijinaldan çevirmələri yüksək estetik əhəmiyyətini bu gün də qoruyub saxlamaqdadır. Böyük sənətkarın yalnız Səməd Vurğun və Nazim Hikmətdən deyil, eyni zamanda qazax və qırğız poeziyasından, türkmən və qaraqalpaq şairlərindən, fars-tacik şeiriyyətindən etdiyi tərcümələr də diqqətəlayiqdir. Amma M.Şeyxzadənin türk dillərindən çevirmələri içərisində "Nazim Hikmət. 65 şeir" kitabını (7) misilsiz bir nümunə adlandırmaq olar. Bəlkə də bu kitab Nazim Hikmətin dünya və türk dillərinə tərcümələri içərisində ən kamilidir. "Nazim Hikmət. 65 şeir" kitabındakı tərcümələrin səviyyəsini və gözəlliyini yalnız Rəsul Rzanın böyük türk şairindən dilimizə etdiyi çevirmələrin estetik keyfiyyəti ilə müqayisə etmək olar.

Osman Qoçqarın hansı mənəvi-mədəni məkanda və tərcümə mühitində yetişdiyini təsəvvürümüzə gətirmək üçün xalq şairi Mirtemirin tərcüməçilik ənənələri və dərslərinə də fikir verməliyik. Mirtemir Özbəkistanda türk dillərindən tərcümə məktəbinin əsasını qoyan və bu sahədə xarüqələr yaratmış sənətkardır. XX yüzil qazax, qırğız, türkmən, qaraqalpaq, uyğur və Azərbaycan poeziyasının bir çox parlaq nümayəndələrini ilk dəfə o uğurla özbəkcə səsləndirmişdi. Qazax poeziyasının məşhur klassikləri - Abay Kunanbayev, Cambul Cabayev, qırğız xalqının sevimli şairi Toxtoqul, türkmən şeirinin klassikləri - Məhtimqulu, Azadi, Kəminə, böyük qaraqalpaq şairləri Berdak və Əciniyaz ilk dəfə Mirtemirin sehrli qələminin gücü ilə özbəkcə dil açmışdılar. Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Rəsul Rza, Nəbi Xəzri və çağdaş Azərbaycan şeirinin bir çox başqa nümayəndələrini özbəkcəyə məhz Mirtemir çevirdiyi üçün xalq tərəfindən məhəbbətlə qarşılanmışdır. Məsələn, Nəbi Xəzrinin şeirlər kitabını yüksək sənətkarlıqla özbəkcə səsləndirən Mirtemir türk dilindən tərcümənin misilsiz ustadı olduğunu bir daha nümayiş etdirmişdir. Yalnız Azərbaycan ədəbiyyatını sonsuz məhəbbət və sevgi ilə öz ana dilinə çevirən Osman Qoçqar deyil, 70-ci illərdə Bəxtiyar Vahabzadəni (8) özbəkcəyə tərcümə edən xalq şairləri Camal Kamal və Cüməniyaz Cabbarov, Səməd Vurğunun şeir və poemalarını özbəkcələşdirən Rəzzaq Əbdürrəşid, Nazim Hikmətin "İnsan mənzərələri"ni (9) Türkiyə türkcəsindən tərcümə edən Rauf Pərfi, qazax və qaraqalpaq poeziyasını özbək dilinə yüksək səviyyədə çevirən Müzəffər Əhməd və başqa türk xalqları klassiklərini orijinaldan çevirənlər də Mirtemir dərslərini dərindən mənimsəmiş və ondan həmişə öyrənməyə çalışmışdılar. Xalq şairi Mirtemirin qardaş türk xalqları folklorundan etdiyi gözəl və mükəmməl tərcümələr də öz zamanında güclü rezonans doğurmuş və başqa qardaş respublikalarda da rəğbətlə qarşılanmışdır. Qırğızların möhtəşəm və cahanşümul "Manas"ını, qazaxların əzəmətli "Koblandı Batır"ını, qaraqalpaqların nəfis və zərif "Qırxqız"ını Mirtemir tərcüməsində oxumaq böyük ədəbi səadətdir. Böyük sənətkarın türk dillərindən tərcümə təcrübəsi və bu sahədəki uğurları qonşu və qardaş ölkələrdəki qarşılıqlı ədəbi təsir və çevirmə prosesinə pozitiv təsir göstərmişdir. Hər iki dildə - Azərbaycan və özbək dillərində eyni dərəcədə uğurla yazıb-yaradan Akif Azalpın qardaş türk dillərindən çevirdiyi onlarla poetik nümunələr (10), "Özbək xalq qoşuqlarından seçmələr" (11), "Kırım-tatar xalq nəğmələri" (12), prof. Nizami Tağısoyun qazax dilindən çevirdiyi "Koblandı Batır" dastanı (13) və bir çox başqa nümunələr, eyni zamanda bu sətirlər müəllifinin özbək dilinə tərcümə etdiyi, "Sehrli ağaclar" (14), "Azərbaycan nağılları" (15) və ana dilimizə bilavasitə orijinaldan çevirdiyi "Alpamış", "Gündoğmuş" dastanları böyük Mirtemirin tərcümə sənətinin ölməzliyini və yaşarılığını təsdiq edən ədəbi dəlil-sübutlardır.   

 

***

Osman Qoçqarın Azərbaycan ədəbiyyatından tərcümələri münasibəti ilə Özbəkistan ədəbi-mədəni mühitinin üstün cəhətlərindən və özəlliyindən söz açarkən, bu ölkədə, ümumən, həmişə tərcümə işinə və sənətinə böyük məsuliyyətlə yanaşıldığını da söyləmək zəruridir. Yuxarıda biz, Türküstanda Azərbaycan ədəbiyyatından tərcümə tarixinin XIV-XV əsrlərdən başlandığını qeyd etmişdik. Bu ölkədə, təxminən, min illik tarixi məlum olan bu mürəkkəb və özünəməxsus mədəniyyətin inkişafında kəskin qırılmalar, demək olar ki, baş verməmişdir. Tarixən Türküstanda ərəb və fars dillərindən məhəlli türkcəyə, türk dilindən isə ərəb və fars dillərinə tərcümələr mütəmadi olaraq həyata keçirilmişdir. Xüsusən, Əmir Teymurun və Teymurilərin hökmranlığı dövründə başqa mədəniyyətlər və sənətlər kimi, tərcümə sənəti də yaşamış və çiçəklənmişdir. Əlişir Nəvai öz orijinal yaradıcılığında olduğu kimi, XV əsrdə tərcümə sənəti sahəsində də misilsiz möcüzələr yaratmışdır. XVI-XIX əsrlərdə Türküstanda ictimai-siyasi və iqtisadi geriləmə mövcud olsa da, bədii mədəniyyət və tərcümə işi öz yerində dayanmamışdır. Bu dövrlərdə mühüm tərcümələrlə birlikdə, tərcümə tarixi və nəzəriyyəsi ilə bağlı qiymətli əsərlər ərsəyə gəlmişdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!