Azərbaycan Respublikasının Prezidenti, Ali-Baş sərkərdə İlham Əliyevin - "Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir. İslami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır!" məfkurəsinin milli-ideoloji, mənəvi-fəlsəfi qaynağından yola çıxaraq, bütün ömrünü milli-mənəvi dəyərlərimizin saflaşmasına, inkişafına, təbliğinə və təşviqinə, dinimizin təəssübünə, dilimizin qorunmasına və inkişafına xidmət edən, ömrünün səksəninci pilləsinə əsl insan kimi yüksələn, Azərbaycan ədəbiyyatının və ictimai-siyasi platformasının ən görkəmli nümayəndələrindən biri haqqında imkanlarım dairəsində ürəkdolusu söz açmaq istəyirəm.
Ucalıq elə bir zirvədir ki, o ənginliyə yüksəlmək də çətin, oradan seyr etmək də...
O zirvə, insanın özünü dərk etməyə başladığı andan niyyəti, amallarıyla, arzusu, məramıyla, mövqeyi, əqidəsiylə nəzərlərini zillədiyi, əməlləri, fəaliyyəti ilə yüksəlməyə can atdığı, bütün həyatını, ömrünü ölçə-biçə zərrə-zərrə, misqal-misqal, ovuc-ovuc, an-an ehtiyatla xərcləyərək üz tutduğu, qazanmağa və yüksəlməyə çalışdığı, yolu sıldırımlı qayalardan, uçurumlardan keçən əlçatmaz, ünyetməz qədər uzaq və uzaq bir nöqtədir. O zirvəyə yalnız könlü uca, əməlisaleh, zəhmətkeş insanlar yüksələ bilirlər. Bu gün ömrünün səksəninci pilləsindən əzəmətlə boylanan və yüksək amallarla yaşadığı həyatının Şəxsiyyət salnaməsinə çevrilən işıqlı səhifələrini məğrur dayanışla seyr edən HİDAYƏT kimi!..
Bəri başdan, ömrün səksəninci pilləsindən dünyanı məğrurluqla seyr edən əziz Hidayət müəllimi ürəkdən həm öz adımdan, həm də böyük tarixi keçmişə malik, on altı il rəhbəri olaraq əmək verdiyi, bu gün də təəssübünü çəkdiyi, gözlərindən kənar buraxmadığı İrəvan Dövlət Azərbaycan Dram Teatrının Hidayət müəllimi çox sevən kollektivi adından təbrik edirəm, cansağlığı, firavan ömür arzulayıram!..
"Çaylar zirvələrdən baş alır, qayaların bağrından keçir, dəryalara qovuşur.
Yollar isə, əksinə, düzlərdən başlanıb, əlçatmaz, ünyetməz zirvələrə doğru üz tutur.
Yazan, yaradan ilham və qələm sahibinin - şair dostumuz Hidayətin də ömür yolunu uca zirvələrə qalxan çəhlimə - cığıra bənzətmək olar". Uzun illər əvvəl AMEA-nın müxbir üzvü Yaşar Qarayevin dediyi bu poetik bənzətmə fikirlərimizlə məntiqi bağlılıq və tam uyğunluq təşkil edir...
Qərbi Azərbaycanın Mığrı rayonunun Maralzəmi kəndində dünyaya göz açdı Hidayət Xuduş oğlu Orucov.
Mənalı həyat kredosu ilə zəngin ömür yaşayan, çoxşaxəli yaradıcılığı və çoxşaxəli fəaliyyəti ilə Azərbaycan ədəbi aləmində, eləcə də Azərbaycan ictimai-siyasi mühitində sanballı müstəviyə yüksələn o görkəmli şəxsiyyət, cəsarətli jurnalist, milli məfkurəsi bütöv və məzmunlu, genetik yaddaşına əsaslanan milli kimliyinə bağlı duyğularla yazıb-yaradan görkəmli yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, teatr xadimi, dövlət xadimi, diplomat; təfəkkür və zəka bazası dolğun, yüklü, öz ağırlığı ilə fərqlənən; hər səmtdən görünəcək qədər əzəmətli, böyük bir Ziyalı; mənliyində vətənpərvərlik ruhu dərin köklərə bağlı və yüksək emosional dinamikası ilə yorulmadan çalışan, "...bir şəxsiyyət kimi səmimi, mərd, sözünü açıq söyləməkdən çəkinməyən, verdiyi vədləri tamamilə və vaxtında yerinə yetirməyə çalışan bu və digər hadisəyə özünəməxsus münasibəti olan, öz mövqeyini sonuna qədər müdafiə edən, bəzən də öz mövqeyindən həddindən artıq inadkarlıq göstərərək dönmək istəməyən, hər bir ciddi məsələyə vətəndaşlıq mövqeyindən yanaşan, ətrafındakı insanlar içərisində ciddiliyi ilə seçilən, çox nadir hallarda zarafat edən, şit və yersiz zarafatları isə heç sevməyən, hər cür zəhmətə qatlanan..." (Süleyman Dəmirəl Universitetinin professoru Yunis Məmmədli) yüksək amallarla yaşayan və yaradan Azərbaycan türküdür.
Bu tanıtımı belə əhatəli və əminliklə yazmaq üçün əlbəttə ki, haqqında söz açdığın insanı yaxından tanımalısan. Mən Hidayət Orucovu Tanrının lütfü ilə uzun illərdən bəri bağlı olduğum yaxın ünsiyyətimlə və məni özünə cəlb edən özü, sözü bütöv bir Oğuz soyunun nəhəng siması olaraq, qeyri-adi insani keyfiyyətləri ilə tanıyıram. Diqqətli müşahidələrimlə incə-incə araşdırdıqca dərindən öyrəndiyim gerçəklərdən doğan qənaətimin nəticəsi olaraq, əminliklə qeyd edirəm ki, Hidayətin keçdiyi ömür yolu, bütöv bir şəxsiyyət fenomeninə çevrilə bilən, tək-tək insanlara nəsib olan, ucalıq zirvəsinə yüksələn və rəvan hisslərlə, ağayana mənəvi rahatlıqla o zirvədən seyr edə bilən işıqlı, nurlu bir insanın ömür yoludur. Bu ömür, sadalanan meyarlarla çox aydın şəkildə özünü ifadə edir və hətta Hidayət müəllimi yaxından ünsiyyəti olmadan tanıyanlar belə bu gerçəkliyi bütün parlaqlığı ilə görür...
O böyük şəxsiyyəti tanıdıqca, onun çoxşaxəli yaradıcılığı və müxtəlif vəzifələrin icrası zamanı tutduğu yol, apardığı işlərin sahmanı Hidayət haqqında geniş arealda monoqrafiyaların yazılması üçün dolğun materialların boy verdiyini göstərir. Bu mənada, məni cəlb edən peşəm istiqamətindəki Hidayət müəllimlə bağlı tarixi gerçəkliklər "Hidayət və teatr" elmi-tarixi, bədii-publisistik monoqrafiyanın ərsəyə gəlməsinə rəvac verdi. Monoqrafiyanı yazmağa başlayarkən isə, tamam başqa mənzərənin şahidinə çevrildim. Yuxarıda dediyim geniş həyat və fəaliyyət arealı onun nəinki görünən cəhətlərindəki yüksək keyfiyyətlərini göstərə bilir, hətta görünməyən tərəflərindəki müsbət enerji verən, "İnsan və həyat", "Vətən və vətəndaş", Məmur və vəzifəyə dürüst münasibət", "Hidayət və milli təəssübkeşlik", "Hidayət və milli strategiya", "Hidayət və dövlətçilik sevgisi", "Hidayətin xalq məhəbbəti", "Dostluqda uca, münasibətdə sədaqət" və s. bu kimi sayı arta bilən mühüm mövzulara ponoram açır. Bu mövzuların qələmə alınması üçün Hidayətin açdığı cığırda kifayət qədər zəngin materiallar mövcuddur. Filologiya elmləri doktoru, professor Yusif Seyidov Hidayət şəxsiyyətindəki uca məqamların bir qisminə belə işıq tutur: "Hidayət bütün həyatı, ictimai və ədəbi yaradıcılığı boyu özünə, öz əqidəsinə sadiq qalmış, siyasət küləkləri, həyatın dönüşləri onu o tərəf-bu tərəfə əyə bilməmişdir. Hidayət son illərdə istər keçmiş ittifaqda, istərsə də Azərbaycanda baş verən hadisələrin dərinliyinə nüfuz edir, tarixə, şəxsiyyətlərə birtərəfli yanaşma hallarına qətiyyətlə cavab verir, düzü düz, əyrini əyri deməyə, "qarası ağına qarışan", "nahaqqı haqqı ilə yarışan" günlərdə insanları əqidə sabitliyinə çağırır!".
Monoqrafiya üzərində çalışarkən, sövq-təbii, o böyük yazıçının, şairin, milli mənafeyi güclü publisistin, millətinə, dövlətinə sədaqətlə xidmət edən azərbaycanlı türkünün doğulduğu gündən keçdiyi həyatının ən uzaq nöqtələrinə qədər ekskurs etdim. Gördüm ki, akademik İsa Həbibbəylinin də nəzər nöqtəsində olduğu kimi: "...vətəndaşlıq Hidayətin çoxcəhətli yaradıcılığının cövhəri, mahiyyətidir. O, yeni mərhələdə Azərbaycanda dərin ictimai məzmunlu vətəndaş poeziyasının, yüksək vətəndaşlıq ruhuna malik olan publisistikanın və səhnəyə həyat nəfəsi bəxş edən dramaturgiyanın əsas yaradıcılarından biri kimi böyük nüfuz qazanmışdır. Ciddi vətəndaşlıq mövqeyi və məsuliyyət şair, publisist və dramaturq Hidayəti bütün yönləri ilə tam şəkildə mənalandırır". İncələdikcə raslaşdığım digər belə dolğun məzmunlu fikirlər, faktlar gözlərim önündə rəngarəng, məzmunlu, zəngin bir insan ömrünün tablosunu yaratdı. Nəticədə, alqışlarımla fərəhləndim ki, Qərbi Azərbaycanın sinəsindən sıyrılıb çıxmış görkəmli ədibin özü də, qələminin məhsulu olan "Burdan min atlı keçdi" tarixi-etnoqrafik romanında haqlarında bəhs etdiyi min-min atlılarımız kimi dədə-babalarımızın vicdan ruhu qəlibində formalaşmış və ömrünü vicdanlı yaşamağa həsr etmişdir. Bəlkə də, ümumən, fikirlərimi bir qədər bəlağətlə qeyd etdiyimi zənn edənlər də ola bilər. O zaman, mən, oxucumu təkcə İrəvan teatrının İrəvanda 1968-1984-cü illərdəki fəaliyyətinə nəzər salmağa dəvət edir və şahidi olacağına inanıram ki, Xalq şairi Nəbi Xəzrinin qeyd etdiyi kimi: "Mübaliğəsiz demək olar ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Hidayət müəllimin şah əsəridir. Bununla fəxr etmək olar". İndi özünüz hesab aparın, qərəzlə silahlanan, gözlərini açar-açmaz üzərimizə hər anda gizli və aşkar hücumlar təşkil edən qansız, insafsız bir millət içində böyük bir sənət ocağını özünün şah əsəri miqyasına qaldıra bilmək böyük ağıl, hünər, bacarıq və qətiyyət tələb etmirmi? Demək ki, Hidayət haqqında, onun amalları və əməlləri barədə nə qədər danışsan azdır. O dövrlərdə erməni millətçiləri arasında bir türk oğlunun, Azərbaycan ziyalısının üzərinə düşən və düşməyən məsələlərin həllinə nail olmaq üçün hansı çətinliklərdən keçilən yollara baş vurduğunu və hər cəhətdən, hər dəfəsində də uğurla çıxdığının dəyərini görmək lazımdır. Bütün bunlar elə də asan başa gəlmirdi. O böyük və işıqlı insanın məhsuldar əməyini bütün xırdalıqlarına qədər hər gün gözləri ilə görən yüzlərlə ziyalılardan biri kimi görkəmli tarixçi-alim, ömrünü ədalətlə yaşayan, xeyirxah insan mərhum İsrafil Məmmədov Hidayət müəllimin şəxsi məziyyətlərini öz orijinal fikirləri ilə ümumiləşdirərək izahlandırarkən, bizi buna əsaslı şəkildə inandırır və heyrətləndirir: "Onu hamıdan yaxşı tanıyır, ona hamıdan çox inanırdım. İnanırdım ki, bərk ayaqda Cəhənnəm dibçəyinə rast gəlsə də, istəyindən dönmədən, içində xoş ətirli Cənnət çiçəyi cücərdəcək". Baxın, söz kisəsi zəngin olan İsrafil müəllim Hidayət müəllimin bütün keyfiyyətlərini ikicə cümləyə necə səlis bir məzmunla, necə poetik rənglə yerləşdirə bilib.
Qərbi Azərbaycanda o dövrlərdə nəinki çalışmaq, yaşamağın özü belə insandan cəsur və yenilməz bir pəhləvan gücü, hünəri, gözlənilməz, seçkin fəndlər tələb edirdi. Ermənilərin bir yandan pambıqla, bir yandan əllərində olan imtiyazlarla "baş kəsdiyi" bir dövrdə, onların arasında başı qorumaq və qalib olmaq yalnız böyük ağlın, təmkinin, möhkəm fiziki gücün və dözümün hesabına mümkün ola bilərdi. Hidayət də məhz o illərdə İrəvanda yaşayan say-seçmə o kişilərdəndir ki, mübarizəsini kişi kimi mərdanə şəkildə aparır, üzüağ çıxır, qərəz içində öz hökmünü diktə edən böyük bacarıq sahibi olaraq özünü sübut edirdi. Hidayətin bu xidmətləri Azərbaycan ziyalılarının diqqətindən qaçmır, hər kəsin müşahidəsində aydın şəkildə görünürdü. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar o dövr İrəvan mühitini xarakterizə edərkən, Hidayət müəllimin fədakar və əzmkar əməyini belə işıqlandırır: "...Həmin dövrdə Ermənistanda və ermənilər arasında yaşamaq bir fədakarlıq idisə, Hidayətin (təbii ki, adlarını sadalamadığım ziyalılarla birlikdə) gördüyü işləri (hətta icazə verilmiş olsa belə) görmək ikiqat fədakarlıq idi... Millətçi ermənilər hər vəchlə çalışırdılar ki, İrəvan ədəbi-elmi mühiti istənilən vaxt səviyyəsiz olsun. Bütün təzyiqlərə baxmayaraq, gizli mübarizədə dözüm, iradə məqsədyönlülük göstərən ziyalıların sayəsində İrəvan ədəbi-elmi mühiti var olaraq qaldı. Heç şübhəsiz, bu xeyirxah işdə on altı il İrəvan Dövlət Teatrının direktoru, daha sonra Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri vəzifəsində işləmiş Hidayətin xüsusi xidmətləri olmuşdur".
Hidayətin şəxsiyyəti və doğru-düz əməlləri nəticəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qafqazın ən münbit yaradıcılıq atmosferi olan, ən məhsuldar çalışan, ən nümunəvi səhnə əsərləri yaradan, nüfuz dairəsini günü-gündən genişləndirmək imkanları qazanan bir sənət ocağına çevrilmişdi. Qəribə də olsa, erməni məmurları, xüsusən, Mədəniyyət naziri erməni teatr rəhbərlərinə, gizlədə bilmədiyi qısqanclıq hirsi ilə, İrəvan teatrının rəhbərindən işləməyi öyrənmələrini tövsiyə edirdi. O dövr İrəvan Azərbaycan ədəbi mühiti Hidayət şəxsiyyətinin himayəsi əhatəsində, düşmən gözləri önündə pərvəriş tapmışdı və inkişaf edirdi. Çünki akademik Əhliman Əmiraslanovun da dediyi kimi: "Hidayət müəllimin ona etimad və etibar edilən həmin vəzifəni 16 ildən artıq bir müddətdə şərəflə yerinə yetirməsi onun xalqına olan hörmət və məhəbbətinin, vətənə, doğma torpağa bağlılığının dərinliyindən, səmimiyyətindən, saflığından xəbər..." verən dəyanətinin nəticəsi idi. Əlbəttə ki, erməni millitaristlərinin imkanları olsaydı, bu mühiti birdəfəlik boğardılar, ancaq dediyimiz kimi, Hidayətin yenilməzliyi qarşısında istər siyasi cəhətdən, istərsə də fiziki möhkəmlik anlamında tab gətirə bilmirdilər. Bir qədər uyğun bənzətmə olmasa da, az qala, içimdən keçir deyim ki, Hidayət müəllim düşmənlərlə sanki yenilməz qladiator qüdrəti ilə vuruşurdu...
Hidayət hələ Maralzəminin kənd müəllimliyindən İrəvana, "Sovet Ermənistanı" qəzetinə peşəkar jurnalist olaraq fəaliyyətə dəvət aldıqdan və oradakı elə ilk yazılarından ermənilərin kürkünə birə salmağa başladığı vaxtlardan günbəgün elə formalaşırdı, zənginləşirdi, əməlləri ilə elə cür inkişaf edirdi, bərkiyirdi, möhkəmlənirdi, nüfuz dairəsini elə genişləndirirdi, əhatələndirirdi ki, erməni siyasi elitası Hidayəti jurnalist peşəsindəki uğurlarından ayrı salmaq və o sahədə əldə etdiyi müsbət nəticələrin qarşısını almaq üçün göndərdikləri, Hidayətə tam yad olan bir sahədə, teatr məkanında neytrallaşdıra biləcəklərini hesab etdikləri halda, Hidayət Tanrının verdiyi xüsusi məharətlə orada düşmənləri daha da məyus etdi; tam olaraq mat vəziyyətinə saldı. Həm istedadlı ədib, həm də sayılıb-seçilən teatr xadimi, ictimai aktiv azərbaycanlıların istinad nöqtəsi olaraq hər an sürətlə parlamağa başladı. Keçmiş "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Həbib Həsənov həmişə qeyd edirdi ki: "Hidayət "Sovet Ermənistanı" qəzeti üçün kəşf idi". Qəzet isə Hidayət üçün yaradıcılıq aləminə düşmək üçün tramplin rolunu oynadı".
Günbəgün artan uğurların qorunub saxlanması və irəliləməsi üçün siyasi oyunlarda təmkinli olmaq, oyunların qaydalarına səmtlənmək və məharət göstərmək tələb olunduğuna görə, Hidayət müəllim ağlı, zəkası ilə siyasətdə də bişdi, püxtələşdi, möhkəmləndi, düşmənləri məğlub edə-edə yetkinləşdi və sonrakı mərhələlərdə məhz siyasi xadim kimi də özünə mühüm yer tuta bildi. Uzun illər Heydər Əliyev kimi nəhəng bir dövlət xadiminin idarəçiliyində Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin öhdəsindən ləyaqətlə gəldi. Hidayət müəllimin bu vəzifədəki yüksək xidmətləri haqqında ayrıca, neçə-neçə elmi monoqrafik əsərlərin yazılmasına böyük əsaslar var. Çünki həmin vəzifədə Hidayət müəllim mükəmməl bacarıqla və məharətlə çalışdı; çox böyük işlər gördü. Bu məqamda akademik Kamal Abdullanın təbiri yerinə düşür: "...Bütövlükdə, Hidayət müəllimin ziyalı, şair, dövlət xadimi kimi fəaliyyəti vətənə, millətə, dövlətə şərəfli xidmət, şəxsiyyətin bütövlüyü nümunəsidir..." Bu fikirlərin həqiqəti Hidayət müəllimin bütün fəaliyyəti boyu apardığı düşüncəli, müdrik ağılla gördüyü işlərdə özünü göstərir.
Sonrakı mərhələdə isə, özünün yeni siyasi baxışları ilə dünya siyasi arenasına sanballı istiqamətlər gətirən, fundamental siyasi məktəbin yolunu öz imzası ilə təzələyən İlham Heydər oğlu Əliyev idarəçiliyində də Hidayət müəllim ölkə rəhbərinin bir neçə yeni sahələrin dirçəldilməsi üçün etimadını qazandı və yenə də eyni fəaliyyət uğurları ilə dövlət rəhbərini məmnun saldı.
Dövlətimizin, dövlət başçımızın milli strategiyasını, siyasi kursunu xüsusi incəliklər tələb edən fitri istedadla aparan Hidayət müəllim respublikamızda milli azlıqlardan öz xeyirlərinə yararlanmaq istəyən qarışdırıcı qüvvələrə qarşı incə və həssas siyasi mövqe nümayiş etdirir, düşünülmüş qarşıdurmaların əvvəlcədən yolunun kəsilməsi üçün xüsusi proqramlar işləyib hazırlayır və gözlənilməz siyasi həmlələrlə müsbət nəticələr əldə edirdi. Belə mühüm məsələlərdən ən gərgini isə Gürcüstanda yaşayan soydaşlarımıza qarşı qurulmuş oynlarda daha fəhmli, fərasətli, zəkalı olmaq tələb olunurdu. Qərbi Azərbaycan faciəsinin təkrarlanma təhlükəsindən Gürcüstanda yaşayan soydaşlarımızı xilas etmək, onlara qarşı aparılan oyunları pozmaq, Qaracalarda, Qaraçöpdə, Qarayazıda, Qərbi Gürcüstanda, ən çox da Borçalıda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsində məhz Hidayət şəxsiyyətinin varlığı mühüm əhəmiyyət kəsb edirdi. Böyük bir etnosun öz dədə-baba torpaqlarından didərgin salınmasına çalışanlar qarşısında yalnız iti zəka sahibi, dərin ağlı və böyük təcrübəsi olan insan baş çıxara bilərdi. Məhz ona görə də bu işdə böyük Heydər Əliyev Hidayət şəxsiyyətinə, onun idrak imkanlarına, dərin ağlına və əlahiddə fəhminə inanırdı; bu mühüm məsələdə ona etimad göstərirdi. Bu da bir gerçəklikdir ki, o ağır dövrdə Hidayət müəllimin apardığı incə işlər bir siyasi-epopeya misallı nəhəng və az qala, əfsanəvi xarakter alan çox böyük hadisələr miqyasına yüksəlmişdi.
Hidayət müəllimin Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət müşaviri olaraq Gürcüstanda apardığı həssas siyasətin bir qismi mənim də 1998-2000-ci illərdə Tiflis teatrının bərpa rəhbəri kimi fəaliyyətim dövrünə təsadüf etdiyi üçün bəzi hadisələr gözlərim önündə baş verdi.
Öncə onu qeyd edim ki, o zaman ümummilli liderimiz Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla bağlı apardığı həssas siyasətin tərkib hissəsi olan, rifah və sosial vəziyyətin, mədəni səviyyənin yüksəldilməsi üçün tutulmuş xüsusi proqrama əsasən, Eduard Şevardnadze Heydər Əliyevin tələbi ilə əllinci illərdə qapadılmış Tiflis Azərbaycan Teatrının bərpası ilə bağlı sərəncam imzaladı. Daha sonra, ulu öndərimizin xüsusi tapşırığı ilə işlərin sürətləndirilməsi üçün Tiflisə bir mütəxəssis göndərilməsi məsələsi aktuallaşdı. O vaxtkı Azərbaycan Respublikasının Mədəniyyət naziri hörmətli Polad Bülbüloğlu mənə böyük etimad göstərərək Tiflis teatrının bərpa rəhbəri vəzifəsini icra etmək üçün məni görəvləndirdikdən sonra, ilk olaraq, bu vəzifə də məhz milli-mədəni sahə kimi strateji məsələ olduğu üçün Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri vəzifəsinin rəhbəri Hidayət müəllimin xeyir-duasını və tövsiyələrini aldım. Məhz elə o vaxtlar Hidayət müəllim Gürcüstana səfərlər etdikcə, biz, onun apardığı işlərin muncuq kimi incə sapa düzülən zərif gedişlərinin şahidinə çevrildik. Yadımdadır ki, bir dəfə Hidayət müəllim Borçalının rayon rəhbərlərindən birinin erməni əsilli olduğunu bildikdən sonra, həmin məmurun vəzifədən götürülməsini prinsipial məsələ kimi, E.Şevardnadzenin qarşısında qaldırdı və E.Şevardnadzenin "Hidayət, darıxma, bir aya bu məsələ mütləq öz həllini tapacaq" cavabı ilə məsələ aktiv mərhələyə qalxdı və bir ay sonra həqiqətən də, həmin rayon rəhbəri işdən azad olundu. İkinci belə bir hadisə isə, Laqodexi rayonunda baş verdi. Hidayət müəllimin oraya səfəri zamanı aşkarladığı rayon rəhbərinin erməni əsilli olmasına qarşı tutduğu qəti mövqeyi nəticəsiz qalmadı. Hidayət müəllim Laqodexi rayonuna bağlı Qaracalar kəndində yaşayan soydaşlarımızın vəziyyətini yaxından öyrənmək üçün oraya səfər etdikdə, rayon rəhbərinin ikiüzlü siması ifşa olundu və onun Hidayət müəllimin şərəfinə açdığı süfrə elə açıq da qaldı. Çox təkidlə xahiş etməsinə baxmayaraq, Hidayət müəllim erməni əsilli rayon rəhbəri ilə çörək kəsməkdən qəti imtina etdi və yenə də məsələni Gürcüstan prezidentinə bildirdi. Hidayət müəllimin bu mövqeyi də onluğa sərrast atılmış güllə kimi Laqodexi rayon rəhbərinin vəzifədən kənarlaşdırılmasına gətirib çıxardı. Qaracalarda yaşayan soydaşlarımıza qəsd edən erməni əsilli rayon rəhbəri vəzifəsinə də. Qaracalar kənd sakinlərinə də kənardan baxmaq məcburiyyətində qaldı. Təbii ki, bütün bu işlərdə və bu kimi digər məsələlərdə, eləcə də, Gürcüstanda torpaq islahatlarında soydaşlarımıza tutulan divanların qarşısının alınmasında Hidayət müəllimin daxili tələblərinin diktəsi ilə tutduğu kəskin mövqe ulu öndər Heydər Əliyevin Hidayət müəllimə verdiyi xüsusi səlahiyyətlər nəticəsində haqqı öz həqiqətinə qovuşdururdu. Belə iş prinsipi məhz böyük Heydər Əliyevin milli strategiya istiqamətində incə işlənən düzgün gedişlərinin unikal təzahürü, Hidayət müəllimin peşəkar icraçılıq bacarığının sanballı nəticəsi idi. Hidayət müəllimin Gürcüstandakı gördüyü işlərlə bağlı saymaqla bitməyən saysız-hesabsız nümunələr göstərmək olar.
O görkəmli şəxsiyyət Gürcüstanda istər ölkə rəhbəri tərəfindən, istərsə də digər nüfuzlu şəxsiyyətlər tərəfindən xüsusi hörmət və ehtiramla qarşılanırdı. Hidayət müəllim Gürcüstana hər dəfə səfər edərkən, Gürcüstan Kotalikos-patriarxı II İlyanın mütləq onunla görüşmək arzusu, xalqlarımız arasında milli-mənəvi dəyərlər ətrafında apardıqları əhəmiyyətli söhbətlər və dostluq münasibətlərinə müsbət təsiri olan xoş ünsiyyətlər unudulmazdır. Eləcə də, nüfuzlu yaradıcı şəxslərin mütləq Hidayət müəllimlə görüşmək, ünsiyyətdə olmaq, o nəhəng simanın maraqlı söhbətlərini dinləmək, yaradıcı polemikalar aparmaq niyyətləri də maraqlı və səmərəli idi. Görüşlər çox vaxt baş tuturdu. Belə görüşlərin sözsüz ki, böyük əhəmiyyəti vardı. Bu görüşlər təkcə millətlərarası münasibətlərin siyasi tərəfdən tənzimlənməsinə xidmət etmirdi, həm də, ədəbi, mədəni əlaqələrin, mənəvi dəyərlərin vüsət almasına, qırılmaz bağlar yaratmasına geniş meydan açırdı. Eduard Şevardnadze Hidayət müəllimə xüsusi hörmətlə münasibət göstərirdi. Onu nəhəng simalarla paralelləşdirir, onu ən böyük şəxsiyyətlərlə bir sıraya yüksəldir və deyirdi: "Xalqlarımızın layiqli və görkəmli oğullarının şəxsi dostluqları hamıya məlumdur. M.F.Axundov və Akaki Seretelinin dostluq münasibətlərini qeyd etmək yerinə düşərdi. Bu ənənə xalqlarımızın ən ağır dövrlərində də davam etdirilmişdir. Səməd Vurğunla Georgi Leonidze, Hidayət Orucovla Quram Pançikidze bu gözəl ənənənin gözəl davamçılarıdır". Gürcüstanın böyük şairi, Hidayət müəllimin dostu Quram Pançikidze həvəslə qeyd edirdi ki: "Hidayətə sonsuz sevgimdən danışa bilmirəm, çünki əsl sevgi şərh olunmur. Onu da ayırd edə bilmirəm ki, Hidayətin poeziyasını çox sevirəm, yoxsa, özünü? Mənə elə gəlir, Hidayətin poeziyası elə onun özüdür"...
Ümumiyyətlə, Hidayət Orucovun milli məsələlərlə bağlı apardığı işlər bütün qonşu ölkələrlə, eləcə də ölkəmizdən uzaqlarda yerləşən, əlaqələrimizin olduğu bütün dövlətlərlə, millətlərlə səmimi, işgüzar, isti münasibətlərin yaranmasında öz layiqli səmərəsini verirdi və Hidayət müəllim hər yerdə də belə məhəbbətlə qarşlanırdı.
Hidayət müəllimin qardaş Türkiyə Cümhuriyyəti ilə qardaşlıq münasibətlərinin dərinləşməsi istiqamətində apardığı işlərin isə misli-bərabəri yoxdur. Bu, ayrıca bir mövzudur.
Hidayət müəllim Rusiya Federasiyası, ölkəmizdə yaşayan rus icması ilə də yaxından əlaqədə çalışırdı və çox səmərəli nəticələr əldə edirdi.
Quba rayonunda yaşayan Dağ yəhudiləri, Bakı şəhərinin yəhudi sakinləri Hidayət müəllimi özlərinin ən yaxın dostu kimi qəbul edirlər. Onlarla yaradılan isti münasibətin səmərəsi ümumən dünya yəhudilərinin bizimlə dostluq əlaqələrinin canlanmasında rolu var.
Hidayət müəllim Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışdığı dövrlərdə o sahəni demək olar ki, kökündən yenidən qurdu. İstər müsəlman dininə mənsub millətlərlə, istərsə də qeyri-müsəlman dini icmaları ilə daha yaxın əlaqələr yaradır, qarşılıqlı hörmət və ehtiram səviyyəsində münasibətlər formalaşdırırdı.
Dağıstan Respublikasında yaşayan soydaşlarımızla bağlı isə xüsusi proqramlar tutulmasını planlaşdırır və həyata keçməsinə böyük köməkliklər göstərirdi. Təkcə birini, Dərbənd Azərbaycan Teatrının pərvəriş tapması üçün görülən işləri qeyd etmək, məncə, digərləri haqqında da fikir mənzərəsi yaratmaq üçün yetərlidir.
Dağıstan Respublikasında, xüsusən, Dərbənd şəhərində və Dərbənd rayonu ərazisində yaşayan soydaşlarımızda milli ruhun gücləndirilməsi üçün müxtəlif tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi misilsiz hadisələr idi. Həmin tədbirlərin bir neçəsi dövlətimizin dəstəyi, Hidayət müəllimin köməkliyi ilə, mənim də iştirakımla İrəvan teatrının kollektivi tərəfindən həyata keçirildi. Biz dəfələrlə Dərbənddə kənd-kənd gəzir, təmənnasız tamaşalar oynayır, görülən işlər barədə Mədəniyyət Nazirliyi ilə yanaşı, ayrıca, Hidayət müəllimə də məlumatlar göndərirdik. Deməliyəm ki, belə tədbirləri biz, İrəvan teatrının kollektivi ilə Gürcüstanda da həyata keçirirdik. Eynən Gürcüstanda da dövlətimizin dəstəyi və Hidayət müəllimin xüsusi köməkliyi ilə azərbaycanlıların yaşadığı bütün rayonları və kəndləri dəfələrlə bir-bir gəzir, oynadığımız tamaşaları Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza təmənnasız mədəni-kütləvi təbdirləri kimi təqdim edirdik.
Bu günlərdən o günlərə nəzər saldıqca, Hidayət fenomeni daha möhtəşəm görünür.
O zamanlar ulu öndər Heydər Əliyevin: "Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır" konseptual prinsipləri ilə həyata keçirilən, həlli çətin olan bütün milli-strateji məsələlərin ölkəmizdən kənarlarda nöqsansız baş tutması, həmin ölkə rəhbərlərinin və xalqlarının yalnız və yalnız Heydər Əliyevə olan sevgisinin və bu sevgi kapsamında Heydər Əliyevin etimadlarını doğruldan Hidayətə isti münasibətin təzahürü idi...
Əminliklə demək olar ki, "...onun elmi, bədii və ictimai fəaliyyəti intensiv, davamlı, arasıkəsilməz olduğu kimi, həm də çoxcəhətli və çoxşaxəlidir" (prof. Yunis Məmmədli). Hidayət müəllim tütduğu bütün vəzifələrində də, yaradıcılığında da, yaşadığı həyatında da yalnız milli mənliyi, milli-strateji mövqeyi üzərində formalaşdırdığı mükəmməl prinsiplərlə bu günə qədər nöqsansız ömür-gün yaşadığını geridə qoyduğu, həyat yolunda buraxdığı aydın bir izdən, cığırdan başlanan, nəhayət, böyük və işıqlı prospektə çevrilən "Hidayət ömrü" tarixçəsində salnaməyə çevirir.
BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, professor Abuzər Xələfov Hidayət müəllimin şəxsiyyəti və fəaliyyəti ilə bağlı söhbət açarkən deyirdi ki: "Yüksək yaradıcılıq qabiliyyətinə, hərarətli dünyagörüşünə, intellektual və mədəni səviyyəsinə, ensiklopedik biliyinə, zəngin mənəvi və insani keyfiyyətlərinə görə fərqlənən Hidayət, sözün əsl mənasında, xalqımız, millətimiz, müstəqil dövlətimiz uğrunda alovlanıb yanan Böyük Ziyalıdır".
Bütün uğurlarına rəğmən, o Böyük Ziyalı, həmişə narahat həyat təbəddülatlarının mənasını vətən həsrətində, yurd, torpaq sevgisində, məhz o yerlərə qayıtmaq arzusunun, niyyətinin sönməz ehtirasında axtarırdı. Hidayətin ən böyük amallarından biri də, ürək çırpıntıları ilə onun ömür nəbzinin ritminə çevrilən, əsərlərinin demək olar ki, əksəriyyətinin leytmotivi olan Qərbi Azərbaycan sevgisindən bir an belə kənarlaşa bilməməsidir. Poeziyasında və nəsrində olduğu kimi, "Məhəbbət yaşayır hələ..." lirik, romantik dram əsərindən başlanan, "Durnalar qayıdanda" adı altında "Məni qınamayın", "Bu dünyanın adamları", "Vətəndən ağırdı vətənin yükü", "Burdan min atlı keçdi", "İrəvanda xal qalmadı", "Ömürdən uzun gecə" və "İrəvanda yanan çıraq" tarixi, mistik dramına qədər uzun bir səhnə yolu keçən dramaturgiyasında o, ürək yanğıları ilə sevgi, məhəbbət, ata, ana, ailə, millət, torpaq, vətən, yurd, namus, qeyrət, öc, sərkərdə, qələbə, zəfər, yurda dönüş, qayıdış kimi müxtəlif mövzuları əhatə edən coğrafi-məzmun konturlarında öz vətəndaşlıq və yazıçılıq mövqeyinin sanbalını ortaya qoyur. Böyük ədəbiyyatşünas alim, akademik Nizami Cəfərov bu nisgilli hissləri, bu kövrək duyğuları çox məhrəm həssaslıqla duyaraq vurğulayır: "...Mən əminəm ki, Hidayətin böyük yazıçı, publisist, ictimai xadim istedadı onun siyasətçi, dövlət xadimi kimi fəaliyyəti üçün həmişə tükənməz mənbə olacaq, ona ilham verəcək, yeni poetik "Avtoportret"lər yazdıracaqdır. Və ona da əminəm ki, biz o yerlərə qayıdacağıq, çünki bir vaxtlar ədəbiyyatçı idik, indi həm də siyasətçiyik"...
Hidayət Orucovun düşüncə arealı kimi fəaliyyət dairəsi də genişdir. Eyni vaxtda dövləti vəzifənin qüsursuz icra edilməsi, respublikamızı əhatə edən bütün məsələlərin yerinə yetirilməsində (hətta onun sahəsi olmasa belə!) aktuallıq göstərməsi, yüksək nəzərlərlə diqqətə alması, istənilən anda yaranacaq istənilən suala bitkin cavablarla hazır olması, bütün bunlarla yanaşı, yaradıcı insanlara xüsusi diqqət göstərməsi və öz yaradıcılığından da uzaqlaşmaması Hidayət fenomeninin fundamental qüdrətini ifadə edir.
Professor Abuzər Xələfov böyük heyranlıqla qiymətləndirir ki: "Hidayətin həyat və yaradıcılığı, ədəbi-bədii, publisistik və ictimai-siyasi fəaliyyəti ilə tanış olduqda inanmaq olmur ki, kiçik bir zaman kəsiyində adi bir insan bu qədər böyük iş görə bilər. Mədəniyyətimizin, ədəbiyyatımızın elə bir sahəsi yoxdur ki, Hidayətin orada izi olmasın. O, hansı sahədən keçibsə, orada özünəməxsus iz qoyub gedib". Bəli, Hidayət müəllim ömrünü yalnız səmərəli, mənalı, məzmunlu yaşamağa sərf edir...
Nə qədər diqqətlə nizam qursan da, Hidayət müəllim haqqında söhbət açarkən ardıcıllığı gözləmək mümkün olmur. Mütləq pərakəndəliyə yol verirsən. Çünki bütün həyatı, yaradıcılığı, dövləti və diplomatik xidmətləri bir-biri ilə o qədər əlaqəli və sıx bağlıdır ki, biri barədə danışarkən, istər-istəməz, digərinə keçid etmək məcburiyyətində qalırsan. Ancaq bütün sahələrdə fəaliyyəti zamanı milliliyi həmişə onun ruhundadır. Buna səbəb isə, Hidayətin bir amala - Azərbaycançılıq-Türkçülük məfkurəsinə bağlılığıdır. Hansı sahəyə baş vurmasından asılı olmayaraq, sonda, bütün imkanlarını səfərbər edərək öz amalına qovuşur, öz ideoloji məntiqində bütövləşir.
Hidayət ən kiçik vəzifədən ən böyük vəzifəyə qədər yüksəldi, keçdiyi yolda heç vaxt vəzifələrə görə şəxsi məziyyətlərində heç bir dəyişiklik olmadı. Mığrıdan yol alan sadə Hidayət ən mötəbər kürsülərdə də həmin sadəliyini qoruyub saxladı. Çünki bu, onun gendən gələn xarakteri, xasiyyəti, insani keyfiyyəti ilə bağlıdır. Hidayətin mənliyi dəyişmədi, dəyişən yalnız taleyin ona bəxş etdiyi günlər, aylar, illər və bu illər içində irəliyə hərəkət edən, bir-birini əvəzləyən yeniliklər oldu. Tələbə yoldaşı, Xalq şairi Sabir Rüstəmxanlı Hidayət müəllim haqqında o fikirdədir ki: "Vəzifə sahibi olmaq, düzlüklə, vicdanla dövlətinə, xalqına xidmət eləmək insanın ucalığı, iftixar yeridir... Hidayət vəzifəyə görə ucalan yox, vəzifələri boyu bərabəri ucaldan adamlardandır". Hidayətin boyu da, maşallah ki, göz önündədir.
Hidayət müəllimi gənclik dövrlərindən yaxından tanıyan, daim yaradıcılığına yüksək qiymət verən, hələ "Ədəbiyyat və incəsənət" qəzetinə rəhbərlik etdiyi zamanlardan Hidayətin qələmindən çıxan yazılara qəzetin səhifələrində sevərək yer ayıran Xalq şairi, böyük sənətkar Nəriman Həsənzadə Hidayət müəllimin diplomatik fəaliyyətə başladığı ilk günlərdən onun bu sahəyə gəlişini paralellərdə müqayisələndirərək qeyd edir ki: "Hidayət indi Çili şairi Pablo Nerudanın, qırğız yazıçısı Çingiz Aytmatovun, görkəmli diplomat rəssam Hafiz Paşayevin (istedadla yaratdığı rəsm əsərlərini hamıdan gizlətsə də!) estafetini davam etdirir. Gərək ki, Aligeri Dante də ("İlahi komediya"nın müəllifini deyirəm) qədim Romanın səlahiyyətli səfiri olubdur".
Bəli, Hidayət müəllimə diplomatik fəaliyyət göstərmək də nəsib imiş. Bu sahədə də o, bacarıqlı oldu. Dövlətimizi, ölkə rəhbərimizi, millətimizi qardaş qırğız türkləri arasında layiqincə təmsil etdi, münasibətlər kontekstində yeni yollar açdı...
Hidayətin bədii yaradıcılığı müəllifin böyüyüb boya-başa çatdığı mühitdən, ictimai-sosial vəziyyətdən, siyasi proseslərin təsirindən, ətraf hadisələrin onun daxili dünyasına hopdurduğu əhvaldan alınan özünəməxsus ruhla doğulur. Onun poeziyası da, nəsri də ömrünü daim mübarizələr çəlpəşiyində yaşamış insan duyğularının ovqatından qidalanan və dillemmatik labirintlərdən keçən retrotipik duyğuların poetik mücəssəməsi ilə doğulur. Əsərlərindəki Çingiz Aytmatov, Oljas Süleymenov sayağı kökəbağlılıq, ənənələrə yansıyan manera güclüdür. O da var ki, Hidayətin əsərləri böyük Mirzə Cəlilin görüb yazdığı şedevrlər kimi, real həyat hadisələridir; gerçəkdə müəllifin içindən keçdiyi, bircə-bircə yaşayıb gördüyü və qələmə aldığı əhvalatlardır. Həmin hadisələr, əhvalatlar Hidayətin nəzər süzgəcindən keçərək, onun qələmindən doğulan, özünəxas rənglərlə boyanan cümlələrdə öz tablosunu yaradır. Qaranlıqda işıq axtaran sələfi Cəlil Məmmədquluzadə kimi Hidayət də həmişə işıq seli ilə sanki bir bədii oyun içindədir.
Xalq şairi Bəxtiyar Vahabzadə nə gözəl ifadə edib: "...torpaq təəssübü, xalqımızın mənəviyyatını əks etdirən can yanğısı, mərdliklə namərdliyin, düzlüklə əyriliyin əlbəyaxa vuruşu getdikcə onun yaradıcılığında elə təbii, eyni zamanda elə qabarıq canlanır ki, hətta şeirin janrlarına sığmır, nəsrə dönür, kəsərli publisistikaya çevrilir...
Hidayət həm bir vətəndaş, həm də bir şair kimi sözün düzünü deməyə çalışır və buna nail olur".
Hidayətin əsərlərində bəzən bir mövzu bir neçə süjetlə paralelləşir. Bu məqamda bir gerçəyə diqqət yetirək. Mən bu günə qədər elə bir yazıçıya rast gəlməmişəm ki, o, milli konsepsiyada yazdığı bir romanından və ya bir povestindən birdən çox səhnə əsəri yarada bilsin. Ancaq Hidayət "Burdan min atlı keçdi" romanından "Vətəndən ağırdır vətənin yükü" və "Burdan min atlı keçdi" pyeslərini yaratdı, "İrəvanda xal qalmadı" povesti əsasında isə "İrəvanda xal qalmadı" və "İrəvanda yanan çıraq" səhnə əsərlərini ərsəyə gətirdi. Hər iki nəsr əsərindən əldə olunan dörd pyesin dördü də uğurla öz səhnə həyatına qovuşdu, anşlaqlarla keçən geniş tamaşaçı rəğbəti qazandı. Qərbi Azərbaycan konsepsiyasına ən layiqli töhfələr oldu. Bu da bir gerçəkdir ki, bu günə qədər Qərbi Azərbaycan, İrəvan mövzusuna Hidayət qədər öz yaradıcılığında yer ayıran ikinci bir yazıçıya, yaxud da şairə rast gəlməmişik. Təkcə Hidayətin bu mövqeyi, bu yazıçılıq platforması Azərbaycan ədəbiyyatı salnaməsində onun bədii keyfiyyəti yüksək olan əsərlərinin uzunömürlülüyünün təminatçısıdır. Bir əsərdən bir neçə süjet xəttinin ayırlmasının özü maraqlı bir məziyyət, idrak fundamentallığıdır - müəllifin yazıçı təxəyyülünün geniş miqyasa istiqamət almaq qabiliyyətini əks etdirir. Görünən odur ki, Hidayətin əsərlərində cərəyan edən bir mövzu əhatəsində, müxtəlif hadisələr paralelinə pəncərə açmaq mümkündür. Bir əsər daxilində süjeti müxtəlif qollara şaxələmək və gərək olduqda, həmin şaxələri bir arqanikada, bir vəhdətdə bir neçə süjet birləşməsində cəmləşdirmək mümkündür.
Hidayət müəllimin bədii yaradıcılığını dərindən təhlil etmək istəmirəm. Yaradıcılığının bəzi anları barədə kiçik də olsa, sadəcə, fikirlərimin tutumu üçün nümunələr göstərməyi yetərli hesab edirəm. Çünki, əgər bu məcraya meyil salsaq, o zaman yazının həcmini yığıb-yığışdırmaq olmaz. Odur ki, poeziyası barədə tək bircə misal çəkməklə, onun fikir fəlsəfəsinə istiqamət açmaq üçün yetərli olacağını zənn edirəm.
Mən ömrünü teatr sənətinə sərf etmiş teatr nümayəndəsi olaraq, bu ecazkar sənətdə böyük Lütfi Zadənin "Qeyri-səlis məntiq" nəzəriyyəsinin sinergetik adaptasiyası ilə həm nəzəri, həm də praktiki məşğul olduğum üçün, hətta doktorluq dissertasiyamın da mövzusu olduğuna görə, ədəbi nümunələrdə nəzəriyyənin detallarını axtarır və təhlil müstəvisinə çıxarıram. Hidayət müəllimin yaradıcılığında da qeyri-səlis məntiq variasiyaları geninə-boluna cövlan edir. Məsələn:
"İki dəfə ikin altı eləyər!
Əgər dörd eləsə - riyaziyyatdır...
Əgər dörd eləsə - adi həyatdır".
Diqqət yetirin, səlis məntiq öyrədir ki, iki dəfə iki dörd edir. Lakin qeyri-səlis məntiq, iki ilə dörd arasındakı rəqəmlər sonsuzluğuna işıq tutur və onun mahiyyətini öyrədir. Hidayət müəllim klassik təşnədə yoğurur, müasir, modern dəbdə biçir və tikir. Bu da o deməkdir ki, Hidayətin yaradıcılığı, mövzuya yanaşma metodu yenidir, klassik çəkidə - müasirdir. Ona görə də Hidayət müəllimin yaradıcılığına maraq göstərən Nobel mükafatı laureatı, yazıçı Orxan Pamuk vaxtilə Hidayət müəllimin poeziyası ilə bağlı söhbət açaraq qeyd edirdi ki, "Hidayətin xalqlar dostluğundan, sülhdən, vətən və insan taleyindən, məhəbbətdən danışan bir sıra orijinal, qüvvətli şeirləri belə düşünməyə əsas verir ki, o, bu çətin vəzifəni yerinə yetirə bilən sənətkarlar sırasında öz yerini tuta bilər. Kitabının adı da bunu vəd edir: "Bir az gözləyin məni"... Hidayətin yaradıcılığına belə ustadcasına yansıdılan ekskurs-fikirlərə onu da əlavə etmək olar ki, ədibin yaradıcılığında qırmızı xətt kimi sezilən, ehtirasla coşan şair və nasir manerası, bədii dili, poetik pafosu milli ruhu emosional təsirlə birə-beş gücləndirməyə qadirdir. Akademik Ağamusa Axundov da nahaq yerə yazmır ki: "Xəlqilik və səmimilik Hidayətin şeirlərinin, nəsr və dram əsərlərinin dilinin canında və qanındadır".
Hidayət müəllim öz yaradıcılığı ilə birgə tərcümə yaradıcılığına da həmişə maraq göstərib və bir sıra nəhəng müəlliflərin əsərlərini ana dilimizə çeviribdir. Müəllifin ömrünün bir hissəsi teatr sənəti ilə bağlı olduğu üçün əsasən, səhnə əsərlərinin tərcümə olunmasına üstünlük verib. Həmin tərcümələr müxtəlif teatr səhnələrində tamaşaya qoyulub və tərcümələrin yüksək keyfiyyəti həmişə diqqət çəkib. Bu barədə akademik Azad Mirzəcanzadə maraqlı mülahizələri ilə Hidayətin tərcümə peşəkarlığına belə dəyər verir: "Doğma dilimizə H.Biçer-Stounun "Tom dayının koması", U.Şeksprin "Sonu yaxşı bitən iş yaxşıdır" kimi əsərlərinin mahir tərcümələri, orijinalın əsas məqamlarını əxs etməklə yanaşı, ...Şekspiri yetərincə yüksək səviyyədə tərcümə etməyi bacaran bir insan örnəyidir".
Hidayətin bu məziyyətləri onun təkcə yaradıcılığını əsrarəngiz etmir, o, bir vətəndaş kimi də mənliyindəki milli özünəməxsusluğu ilə daim seçilir. Professor Misir Mərdanov Hidayətin milli bütövlüyünü, milli təəssübkeşliyini belə xarakterizə edir: "...Hidayət müəllim ermənilərin xalqımıza qarşı törətdiyi fitnəkarlığa, soyqırımı siyasətinə etiraz olaraq 1989-cu ildə rəsmən "Ermənistan SSR Əməkdar mədəniyyət xadimi" fəxri adından imtina etdi, bununla milli mənafeini hər şeydən uca tutduğunu bir daha təsdiqlədi..."
Hidayətin çoxşaxəli fəaliyyəti onun dinamik çevikliyini daim hərəkətdə saxlayır. Hər tərəfə nəzər yetirmək, bütün istiqamətləri öz baxış bucağı arealına daxil etmək, heç bir cəhəti diqqətdən kənarda qoymamaq artıq Hidayət üçün ən prioritet və ən asan, sadə məsələdir. Görkəmli şəxsiyyətin təltifləri də sübut edir ki, onun çoxistiqamətli fəaliyyətinin və həmin sahələrdə qazandığı uğurların göstəricilərinə verilən qiymət məhz qeyri-adilikləri ilə diqqət çəkən bir şəxsiyyətin fenomenal ömrünün panoramik təcəssümüdür. Hidayət müəllim haqqında düşünərkən, göz önündə, ilk olaraq, bütün istiqamətlərə işığı düşən, məhz uca amallı, nurlu bir insan siması canlanır. Azərbaycanın görkəmli şəxsiyyəti - Hidayəti düşünərkən...
Bir işıq süzülür
bir uca zirvədən.
Nurunu əsirgəmir
heç kəsdən, heç nədən...
Uca boy, qamətli,
həmişə əzəmətli,
mülayim,
sakit təbiətli...
Humanist!..
Qürurlu, vüqarlı,
möhkəm iradəli,
sağlam düşüncəli...
Könlü kövrək, xisləti saf,
qəlbi təmiz, əməli düz,
dost kimi dost,
sözübütöv, əqidəsi tam,
qəlbində hər kəsə inam,
hər addımında xoşməram...
Xəyalında XƏZƏR,
Gözlərində ZƏFƏR,
Ümidində SƏHƏR,
Arzusunda DƏNİZ....
YÜKSƏLişdir tutduğu yol,
buraxdığı iz...
Ürəyində Vətən eşqi, torpaq eşqi!
Ata eşqi, ana eşqi, övlad eşqi!
Dövlət eşqi, millət eşqi!
Ağrılara, acılara
qaya qədər sərt dözümlü!..
Kədərə də sevinc qədər sahib çıxan,
Hər vaxt məğrur!..
Ruhunda nur!..
28.08.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!