Dağlarca və Azərbaycan - Tofiq Məlikli yazır

Bu ilin avqust ayının 26-sında çağdaş türk ədəbiyyatının klassiklərindən biri, böyük yenilikçi şair, 80-dən çox poetik kitabın yazarı Fazil Hüsnü Dağlarcanın (1914-2008) anadan olmasının 110 illiyi qutlanılır. Elə sənətkarlar var ki, bir ömrə bir neçə həyatı sığışdıra bilirlər. Onlar yerlərində saymırlar, əksinə, zamana qoşulub irəliləyirlər, bəzən zamanı qabaqlayırlar da. Fazil Hüsnü Dağlarca, şübhəsiz, belə sənətkarların cərgəsindədir. Müxtəlif illərdə nəşr olunmuş "Uşaq və Allah" (1940), "Asu" (1955), "Haydi" (1968), "Xoruz" (1977) adlı kitabları tək şairin həyat və yaradıcılığının deyil, ümumən yeni türk poeziyasının dönüş nöqtələridir.

Fazil Hüsnü Dağlarca anadan şair doğulmuşdu, onun istedadı Allah vergisiydi. Orijinal düşüncə tərzi, dünyaya baxışı, özünəməxsus üslubu onu fövqəladə dərəcədə yeni, fərqli bir ədəbi dünya yaratmış, unikal şəxsiyyət və sənətkar kimi formalaşdırmışdı. "Fazil Hüsnü Dağlarcanı heç bir şairlə müqayisə etmək olmaz, o heç kimə bənzəmir, hamıdan kənardadır, özünəməxsusdur, bir halda ki, onda hər şey yenidir: mövzu da, forma da, dil də... müqayisəyə ehtiyac varmı? O, sənətdə və həyatda tamamilə yeni və bambaşqa bir şey axtarır," deyən "müasir türk tənqidinin atası" Nurullah Ataç çox haqlı idi. Həqiqətən, Fazil Hüsnü Dağlarcanın yaradıcılıq yolu özünün təkrarolunmazlığıyla fərqlənirdi. Çoxsaylı axınlardan və ədəbi məktəblərdən kənarda qalaraq, bütün ömrü boyu inadla və məqsədyönlü şəkildə poeziyada özünü və özünə xas olanı axtarmışdır. Fazil Hüsnünün məhz özünəməxsusluğa can atması, ədəbiyyatda öz sözünü demək istəyi, milli mədəniyyətdə sırf özünə aid yeri tapmaq cəhdləri tənqidçilərə Dağlarca yaradıcılığını "tənha məktəb", "türk poeziyasında başlı-başına bir cərəyan" kimi qiymətləndirməyə əsas vermişdir. Bu təsnifatı inkar etməyərək, əlavə etmək istərdik ki, hər şeyə rəğmən, Fazil Hüsnü yaradıcılığı türk ədəbiyyatı və mədəniyyətilə qırılmaz şəkildə bağlı olmuşdur. Onun yaradıcılığı ədəbiyyatın gəlişməsinə nəinki zidd deyildi, əksinə, ümumi axının bir parçasıydı. Onun poeziyası müasir türk ədəbiyyatının bədii simasının təşəkkülünə sürəkli təsirini göstərmişdir.

1969-cu ildə Sovet hökumətinin qərarı ilə Aleksandr Puşkinin anadan olmasının 170 illiyi təntənəli şəkildə qeyd olunacaqdı. SSRİ Yazıçılar Birliyi bu yubileylə əlaqədar olaraq geniş tədbirlər proqramını, xaricdən dəvət olunacaq yazıçıların siyahısını hazırlamalıydı. Xarici qonaqların dəvətilə məşğul olan komissyanın işinə mən də cəlb olunmuşdum. Bu tədbirə mən Türkiyədən çağdaş türk poeziyasının ən böyük şairlərindən olan Dağlarcanın dəvət olunmasını təklif etdim. Bir müddətdən sonra ona rəsmi məktub göndərildi və 1969-cu ilin may ayının axırlarında Dağlarca Moskvaya gəldi, bir ay Sovetlər Birliyində qaldı. Bu bir ay ərzində mən ona rəfaqət etdim. Biz birlikdə Pskova, möhtəşəm Puşkin şeir bayramının keçirildiyi Mixaylovskayaya, Leninqrada, Estoniyaya və Azərbaycana getdik. Yeri gəlmişkən, onu da deyim ki, Mərkəzi Televiziyanın bir çox ölkəyə yayımladığı şeir bayramının sonunda Dağlarca "Puşkinə çiçəklər" şeirini türkcə və mən isə onun ruscaya etdiyim tərcüməsini oxudum.

"Bir insanı tanımaq üçün onunla səfərə çıx", - deyib atalarımız. Doğrudan da, aramızdakı yaş fərqinə baxmayaraq - o zaman Dağlarca 55 yaşında, mən isə 27 yaşındaydım, - bu bir ayda aramızda sıcaq dostluq bağı yaranmış və bu dostluq 39 il, sair dünyasını dəyişdiyi 2008-ci ilə kimi davam etmişdir.

Bu səfər zamanı biz saatlarla, günlərlə ədəbiyyat, sənət üstünə söhbət edir, o mənim suallarımı cavablandırır, ədəbi görüşlərini açıqlayırdı. Bütün bunlar, əlbəttə, Dağlarcanı yaxından tanımağa, onun şeir dünyasının çox çətin açılan qapısını aralamağa imkan verirdi.

Proqrama görə, 1969-cu ilin iyun ayının ortalarında Dağlarca və mən Tallindən Bakıya gəldik. O zamanlar Türkiyə ilə əlaqələr yox deyiləcək səviyyədəydi. Nə gələn vardı, nə gedən. Bu səbəblə hər bir türkün, xüsusilə, türk yazıçısının Bakıya gəlişi böyük bir hadisəyə çevrilirdi. Şairlərimizlə görüşləri, qurduğu dostluqlar, xüsusilə Rəsul Rza və Həmid Araslıyla qardaş münasibəti Fazil bəyi çox etkiləmişdi. Rəsul Rza və Dağlarca bütün günü bir yerdə olur, şeirdən, ədəbiyyatdan danışır, bəzən dartışır, mübahisə edir, şeirlər oxuyur, əlaqələrimizin keçmişindən gələcəyindən söz açırdılar.

Proqrama görə, Fazil Hüsnü Dağlarca Azərbaycanda olarkən, Şamaxı, Göyçay, Gəncə və Göygölü ziyarət etməliydi. Yayın ilk günlərində Dağlarca, Rəsul Rza, Həmid Araslı və mən, xatirəmdə gözəl anlar kimi yaşayan nəşəli, zarafatlarla, gülüşlərlə dolu, şeirlərlə, ədəbiyyat söhbətlərilə aşıb-daşan dostluq, qardaşlıq səyahətinə çıxdıq. Bu, həqiqətən, geyri-adi bir gəzinti idi.

Bakıda, Rəsul Rzanın evində olanda, Rəsul müəllimlə Nigar xanımın bir "mübahisəsinin" şahidi olduq. Nigar xanım Dağlarcaya, Gəncədə olarkən, şəhərin, bir növ, simvoluna çevrilmiş çinar ağaclarının gözəlliyinə diqqət yetirməsini söylərkən, Rəsul muəllim gülümsəyərək, Gəncə çinarlarının Göyçay çinarlarının yanında cılız qaldığını, Azərbaycanın ən qocaman çinar ağacının Göyçayda olduğunu iddia edirdi. İki böyük şairin - Nigar Rəfibəyli ilə Rəsul Rzanın "çinar dartışması" hamımıza nəşəli dəqiqələr yaşatmışdı.

Göyçaya gəldiyimizdə Rəsul Rza bizi içi oyuq, nəhəng bir çinar ağacının altında çay içməyə dəvət etdi. Ağac, həqiqətən, tarixi bir heykəl etkisi yaradırdı. Dağlarcanın çinar ağacına heyrətlə baxdığını görən Rəsul müəllim, iki gəncəliyə - Həmid Araslı və mənə dönərək: "Deyin görüm, Gəncədə belə çinarınız varmı?" deyə soruşunca, Həmid müəllimin "Gəncənin hər küçəsində onlarca belə çinar ağacı var" cavabı qonağımızı heyrətə salmış, biz isə bu sözlərə xeyli gülmüşdük.

Gəncədə ev sahibləri şəhəri gəzdirərkən, Həmid müəllim və mən Dağlarcanın diqqətini gözəl çinar ağaclarına, xüsusilə də, hər iki tərəfı qədim çinarlarla sıralanmış küçəyə çəkməyə çalışırdıq.

"Çinar dartışması"nın təsirilə Dağlarca "Çinar" şeirini yazmış və yeni kitabına salmışdı.

Dağlarcanın Azərbaycana səfəri onu olduqca təsirləndirmişdi. Şairlərlə görüşlər, qurduğu dostluqlar, özəlliklə Rəsul Rzayla qardaş münasibəti, onun Həmid Araslı, Rəsul Rza vəTofiq Məlikliylə birlikdə etdiyi Şamaxı, Göyçay, Gəncə və Göygölə səfəri şairə böyük təsir etmiş və onun yaradıcılığında öz əksini tapmışdır. "Azərbaycan" silsiləsindən olan şeirlər məhz bu səfərin bəhrəsi idi. Bu silsilə şeirlər Fazil Hüsnü Dağlarcanın "Ora" adlı yeni bir kitabında yer almışdır. O, kitabın əlyazmasının bir nüsxəsini də mənə vermişdi.

Azərbaycanda Fazil Hüsnü Dağlarca böyük satirik şair Sabirin ev-muzeyini, Gəncədə Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişdir. Gördüklərinin təəssüratıyla "Sabirin evində" və "Nizami məqbərəsi" şeirlərini yazmışdır.

 

Xalqına yönəlmiş,

Ürəyimizə dönmüş

Bir aydınlıq vardır

Sabirin evində.

 

"Gəncəli Nizami türbəsi" şeirində isə şair yazır:

 

Təbiət sən-mən olalı

Enmiş ilk dəfə yer üzünə.

Haralara gedərsə-getsin, karvanlar,

Çatar həqiqət yer üzünə.

Bu türbə insanı göy üzünə yüksəltməz,

Daha da yaxınlaşdırar yer üzünə.

 

Bakı yaxınlığındakı dağlıq yerdə - Qobustanda qədim qayaüstü rəsmləri görən Fazil Hüsnü "Qobustandan səslər" şeirini yazır. "Unudulmuş əsrlərin rəsmləri bu günlə söhbət edir, uzaq əcdadların əməlləri, fikirləri, hissləri rəsmlərdə canlanır", - deyir şair bu şeirində.

Dağlarcanın Azərbaycanda keçirdiyi həyəcanı, duyğuları, düşüncələri, siyasi görüşləri özəlliklə "Bakıda oyanmaq" şeirində öz əksini tapmışdır:

 

Türkcə səslər gəlir yollardan,

Qaranlığı yox edir türkcə işığı.

Bir az İzmirə bənzər,

Bir az İstanbula,

Dənizlə dağ qarışığı.

Daha mavi, daha ağ

Bakıda oyanmaq.

 

Kimisi gedər sənə doğru,

Kimisi gedər çörəyinə,

Onlar sənin doğma qardaşlarındır,

Yaratmaqdadırlar gözəlliyini günün.

Tanımadınmı yenə?

Böyüyən, böyüyən bir budaq,

Bakıda oyanmaq.

 

Səslənir radiodan mahnılar,

Bir bulaqdan axar dilin.

Qovaqlarla, çinarlarla, ardıclarla,

Təbiətin eşiyinə

Daşar yaşılın.

Ta içindəki bir yarpaq,

Bakıda oyanmaq.

 

 İki olursan burda, iki vətənin olur,

İlk dəfə, ilk kəz,

Çağların söylədiyi nağıllardan uzaqlaşırsan,

Ölümdən sonrakı diriliş var ha,

Artıq sənə gərəkməz.

Həm yaxın, həm uzaq

Bakıda oyanmaq.

 

Fazil Hüsnünün "Bakıda oyanmaq" şeiri poetik baxımdan olduğu qədər, siyasi baxımdan da maraqlı bir əsərdir. Bilindiyi kimi, keçən əsrin 40-60-cı illərində Sovetlər Birliyi ilə Türkiyə Cümhuriyyəti arasında siyasi, iqtisadi, mədəni əlaqələr yox deyiləcək səviyyədəydi. Bunun da əsas səbəbi Türkiyənin də üzv olduğu NATO ilə Sovetlər Birliyinin sosialist dövlətlərlə bərabər yaratdığı Varşava Paktı arasındakı siyasi-hərbi gərginlik və bunun sonucu olaraq da bu iki sistem arasında "dəmir pərdə"nin yaranması idi. Sovetlər Birliyi ilə Türkiyə arasında siyasi və ideoloji qarşıdurmanın qüvvətləndiyi bir vaxtda Dağlarcanın "Bakıda oyanmaq" şeirini yazması, gerçəkdən, cəsarətli bir addım idi. Şair, Bakıda işinə gedən, günlük həyatını yaşayan insanlardan bəhs edərək, "sənin doğma qardaşlarındır//tanımadınmı yenə?" deyir. Bu şəhərdə "türkcə səslər gəlir yollardan", "Qaranlığı yox edir türkcə işığı":

 

İki olursan burada, iki vətənin olur.

İlk dəfə, ilk kəz,

Çağların söylədiyi nağıllardan uzaqlaşırsan.

 

1969-cu ildə yazılmış bu şeirin önəmi həm də ondadır ki, uzun illər unutdurulmaq istənilən bir gerçəyi - Azərbaycan və Anadolu türklərinin qardaş olduqlarını, onların iki vətəni olduğunu ilk dəfə dilə gətirməkdədir. Gəncəyə həsr olunmuş şeirində Fazil Hüsnü Dağlarca deyir: "Orada anadan olduğuna inanır/ Hər bir türk Gəncəni görsə." Azərbaycanla bağlı bir başqa şeirində də dediyi kimi: "İki olursan burada (yəni Azərbaycanda), iki vətənin olur/ilk dəfə, ilk kəz".

Türkiyə və Azərbaycan kimi iki vətəni olan böyük şairin doğum günü qutlu, ruhu şad olsun.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!