Əlcəzair əsilli fransız filosof Jak Derridaya görə, bir filosofun mətninin bircə paraqrafını belə diqqətlə oxuyub dəyərləndirə bilmək, onun bioqrafiyasını oxumaqdan daha dəyərlidir. Bu yazıda sizlərə alman yəhudisi, amerikalı filosof, müəllim Leo Straussu (1899-1973) Platonun təməl əsərlərindən birinin şərhi ilə mümkün qədər tanıtmağa çalışacağam. "Dövlət" Straussun ən məşhur kitabı "Təməl haqlar və Tarix"in və məşhur məqaləsi "Zülm və Yazmaq sənəti"nin müzakirə mövzusudur. Ancaq mən bu yazıda onun 1957-ci ildəki seminarlarından diqqətimi çəkən yerləri paylaşıb dəyərləndirəcəm. Straussun dərsləri səs yazısıyla qeydə alınırdı. Çikaqo Universitetində 1958-1968-ci illər arasında keçdiyi 39 dərsdən 34-ü qeydə alındı və nəşr olundu. 1990-cı illərin əvvəllərində Con M. Olin vəqfi tərəfindən dəstəklənən universitetin "Con M. Olin Demokratiya Nəzəriyyəsi və Təcrübəsi üzrə Araşdırma Mərkəzi"nin direktoru Stefan Qreqori kasetləri qorumaq, səs keyfiyyətini yaxşılaşdırmaq və yekun nəşri mümkünləşdirmək üçün "September Media"dan Kreyq Hardinq ilə səs qeydlərinin rəqəmsal redaktəsi layihəsinə start verdi. Universitet Leo Straussun ədəbi külliyyatını qorumaq məqsədilə "Leo Strauss Mərkəzi"ni yaratdı. Vaxtaşırı səs yazılarında yaranan problemlərə görə, dərsləri kitab halında nəşr etmək qərarına gəldilər. Digər səs yazıları "Strauss Mərkəzi"nin rəsmi saytında mövcuddur: https://leostrausscenter.uchicago.edu/courses.
Diqqətimi çəkən ilk nüans Straussun dərslərdə istifadə etdiyi terminlərin fərqli mənalarının olmasıdır. Bu terminləri diqqətlə analiz etmək mövzunu daha aydın dərk etməyimiz üçün vacibdir. Straussun dərslərini dəyərli edən digər xüsusiyyət tələbələrlə müntəzəm şəkildə dialoqda olmasıdır, bu, dinləyicilərin də mövzudan yayınmaması üçün əhəmiyyətlidir. Bu dərslərdən auditoriyanın da mövzular haqqında məlumatlı və hazırlıqlı olduğunu suallarından və arqumentlərindən görə bilirik. Siyasət fəlsəfəçisi olan Strauss bütün siyasi fəaliyyətlərin inkişaf və ya mühafizə ilə bağlı olduğunu deyir. "Dialoq"un mövzusu ədalətdir. "Ədalət" sözü ideal toplumla birbaşa əlaqədardır. Bir cəmiyyətin yaxşı və ya pis idarə olunmasını siyasi fəaliyyətlər istiqamətləndirir. Ən ideal idarəetmə forması həm politik, həm də bəşəri olaraq ən yaxşı olanıdır. Platonun "Dövlət" əsərini oxuyarkən unutmamalıyıq ki, bunlar rəy deyil, dialoqdur. Strauss "Dövlət" haqqında az bilinən bir şeyə toxunur. Əsərin o dövrün məşhur şairi Aristofanın "Qadınlar məclisi" komediyasına bənzərliyindən bəhs edir. "Dövlət"i oxumağa başlamazdan əvvəl bu əsərə də göz gəzdirməyimizi tövsiyə edir. Bu komediya Sokratın ölümündən altı il sonra, təxminən, 393-cü ildə tamamlanıb. "Dövlət"in daha sonra yazılma ehtimalının isə çox olduğunu dilə gətirir. Platon "Dövlət"i yazarkən, yəqin ki masasında Aristofanın komediyası var imiş. Strauss iddia edir ki, "Dövlət" oxucusuna nə qədər orijinal görünsə də, bu əsər heç də təkcə Platonun təxəyyülünün məhsulu deyil. Bütün dialoq Pireydə baş verir və bu, xüsusi bir məna daşıyır. Afina şəhər-dövlətinin liman şəhərlərindən biri olan Pirey ticarət və donanması ilə məşhur idi. Yeni Afinanın siyasəti köhnə torpaq zadəganlarınkından çox fərqlənirdi. Pirey dəniz və ticarət güclərini təmsil edirdi və bu, Platon nöqteyi-nəzərindən degenerasiyadır. İlk dərslər ədalət haqqında müzakirələrlə keçir. Strauss ədalətin qanuniliyini və qanunun polis öhdəliyində olmasını vurğulayır (burada "polis" sözü şəhər mənasındadır. Antik şəhər-dövlətlərində polislər "demos", yəni sivillərə və iqtidara bölünürdü. Strauss qanunun iqtidar tərəfindən müəyyənləşdirildiyini yazırdı). Bu da bizə qanunun mənbəyinin "demos" yox, bir qrup insan və ya tək bir adamın olduğunu göstərir. Qanunun hökumətin, ya da hakim qrupun mənfəətindən başqa bir şey olmadığını fərz etsək belə, bunun həqiqi mənfəətlərindən fərqli olduğunu da deyə bilərik. Burada məsələ iqtidarın hökmünə baş əyməməkdir. Bu həm də ədalət və ya ədalətsizliyin var olduğu bir sistemə baş əyməmək deməkdir, çünki hökm olmadan qanun olmaz. Sokrat ədalətlinin heç kimə zərər verməyən olduğunu deyir. Bu, vətəndaş əxlaqının mühakimə edilməsi deməkdir. Ədalət Platonun qeyd etdiyi kimi, ortaq məqsədlər üçün daim ədalətsizlikdən üstündür. Hətta quldurların belə, öz işlərini davam etdirə bilməsi üçün müəyyən mənada öz aralarında ədalətə ehtiyacları vardır. Ədalətin vacib şərti qanun deyil, çünki qanun özbaşına ədalətli olmaya bilər və ədalətin sərhədlərinin xaricinə də çıxa bilər. Ədalətin əsas şərti işlərin düzgün şəkildə paylaşdırılmasıdır. Bunu necə anlaya bilərik? Ədalət hamıya potensialına görə olanı vermək mövzusunda qəti və davamlı iradədədir. Bu tərifin çox vaxt başa düşülməməsinin səbəbi rəsmi qanunların pozulmasıdır. İdeal cəmiyyətlərdə isə bu sistemi elə rəsmi qanunlar müəyyənləşdirməlidir. Rəsmi qanun ədalətli olmaya və ya axmaqca ola bilər. Platon "Dövlət"də bunun hər zaman mümkün ola bilməyəcəyini gizli arqument olaraq göstərir. Yəni insan həm də ağlının və rasionallığının yüksəldiyi mərtəbəyə çatmalıdır. Qanunlar çox vaxt buna əngəl olur. Ədalət ilə əlaqədar başqa bir vacib məsələyə Qlaukon "Caycısın üzüyü" əhvalatıyla toxunur. O, ədalətin həmin əhvalatdakı kimi, görünən ilə görünməz arasındakı fərqinə diqqət etməsək, problemin həllini anlaya bilməyəcəyimizi düşünür. Strauss dövlətin şairlərə qadağa qoymasının səbəbini də nəzərdən keçirir. Məsələn, Homerin və Hesiodun hekayələrində gizli məqsədlərinin olabilmə ehtimalını deyir. Onun fikrincə, gənclər bu məqsədləri ayırd edə bilməzdi. Bugünkü ümumi fikir şairlərin belə bir gizli düşüncələrinin olmadığıdır, halbuki Homerin süjet, hekayə və personajlarla bağlı niyə müəyyən seçimlər etdiyini düşünəndə özünüzü dərhal bu sualların ortasında tapırsınız. Platon Tanrını əvvəlcə tək, poetik sitatlara keçəndə isə cəm halında istifadə edir. Bu, Platonun tanrılar haqqında yunan hekayələrini əsla həqiqət olaraq qəbul etməyəcəyini göstərən önəmli detallardan biridir. Dövlətin bir başqa problemi də "nəcib yalan" mövzusudur. Strauss yaxşı insanların niyə yalan danışdığını soruşur. Tələbələr isə, "məcburiyyətdən və məlumat çatışmazlığından" deyə cavab verirlər. Strauss qeyd edir ki, yalan danışmaq üçün gerçəkləri bilmək lazımdır. Həqiqəti bilmirsənsə, yalan danışa bilməzsən. Platon bunu bütün insanların qardaşlığı tezisi ilə ortalığa çıxarır. Bu, yalandır, lakin ehtiyacdır. Səbəbi sadədir, əgər insanlar ardıcıl olaraq bütün insanların qardaş olduğu tezisi ilə hərəkət etsəydi, müharibə olmazdı. Platonun dövləti təbiətə uyğun qurulur, təbiətə görə inşa edilən şəhərdə hamı qonşusuna xidmət etməlidir. Empirik bir şəhərdə bu heç vaxt doğru deyil. Bununla da bitmir, hamı sadəcə, qonşusuna və hər şeydən əvvəl bütünə xidmət etməklə qalmır, hamı məmnuniyyətlə və mümkün olan ən yaxşı şəkildə xidmət göstərir. Platonun təklif etdiyi ədalətin əsl tərifi birinin öz işiylə məşğul olması, ya da öz işini görməyi deyil, onu yaxşı şəkildə görməyidir. Bu, Aristotel üçün də belədir. Deyə bilərik ki, ədalət bütün digər fəzilətlərin əsasıdır və bu, bütün müzakirələrdə ədalətin ən yüksək tərifidir. Bu həm də o deməkdir ki, ədalət ucadır, çünki digər fəzilətlərin varlığı üçün zəruridir. Bəşəri ədalətin olmadığı saf ədalət xəyaldır. Bu baxımdan, "nəcib yalanların" ədalətsiz olduğunu deyə bilmərik. Onu daha yüksək standartla ölçmək mümkün deyil. Platonun dialoqlarını başa düşməyin yolu sözügedən dialoqdan nəyin abstrakt olduğunu öyrənməkdir. Ağıla ilk gələnlərdən biri qadınlar və uşaqlar ilə əlaqəli kommunizmdir. Yəni Platonun fikrincə, qadınlar və uşaqlar ortaq mülkiyyətdir. Bu, tam kommunizm deməkdir, əgər tam kommunizm olmasa idi, gizlilik sferası olardı. Platon sadə utilitar deyildi. Dövlətin təbiətlə uyğun olması ən uca "bəşəri yaxşı"ya çatmaq üçün vazkeçilməzidir. "Bəşəri yaxşı"nı cəmiyyətə öyrətmək öhdəliyini isə filosoflara şamil edir ("Bəşəri yaxşı" Platonun əsərlərində ən yüksəkdə olan ideyadır və hər şey ondan törəyir). Bunun üçün qısa da olsa, mağara alleqoriyasına baxmaq lazımdır. Mağaranın şəhər olduğunu bilməliyik. Mağara metaforası fəlsəfə ilə şəhər arasındakı qeyri-mütənasibliyi kitabdakı hər şeydən və bəlkə də Platonun hər hansı digər dialoqundan daha aydın izah edir. Mağarada yaşayan insanlar və günəşin altında yaşayan insanlar. İnsan kütləsi ilə filosoflar arasındakı fərq budur. Münaqişə o zaman həll edilə bilər ki, filosoflar siyasi həyatın mağarasına enib, mağaranın işləri ilə məşğul olmağa məcbur edilsinlər. Nəyə görə dövlətin başında, idarə edilməsində filosofların yeri əvəzsizdir? Platonun varlıq ilə əlaqəli açıqlamasında bunu anlayırıq ki, mövcud olan hər şey başa düşülməlidir. Platonun bütün bu ideya anlayışı o dövrə qədər bilinən Tanrı anlayışının bir nöqtəyə qədər əvəzləyicisi ola bilərdi. Strauss Platonun fenomenlərdən ibarət dünyanı qavramağımız üçün dilə gətirdiyi xatırlatmanı Kantın "a priori" anlayışına bənzədirdi.
İlkin təxəyyül və zəruri, düzgün düşüncə olmadan bilik tamamilə qeyri-mümkün olardı. Bununla yanaşı, aralarında vacib fərqin olduğunu unutmamağımızı dilə gətirirdi. Hər iki filosof da həqiqətin tam bilgisinə sahib olmadığımızı qəbul edir. Fərq ondadır ki, Kant üçün insan biliyinin müəyyən edilə bilən sərhədləri vardır. Sadəcə, fenomenlər bilinə bilər, şeylər özlüyündə bilinə bilməz. Platon üçün bilinə bilən ilə bilinə bilməyəni ayıran belə bir xətt yoxdur. Daim səviyyələr var və insan biliyinin sərhədini müəyyənləşdirə bilmərik. Belə bir sərhədin varlığından xəbərimiz yoxdur. Fenomenlər dünyasını anlamağın yolu isə zehindən keçir. Zehnin nə olduğunu bilmədən onun mənbəyini açıqlaya bilmərik. Platonun ideyalar doktrinasının sadə mənası budur. Ən uca yaxşının əsas mahiyyətlərindən biri odur ki, bütün sistemlər, yaşamda alternativlərə bölünmüş nə varsa, ondan əmələ gəlib və hər şeyin öz cinsinin ən mükəmməlindən törədiyini iddia edir.
Straussu oxuyarkən, diqqət etməli olduğumuz ən vacib məqamlardan biri odur ki, Platonu sadəcə, "Dövlət" əsərinin içində baş verənlərlə məhdudlaşdırmır, digər dialoqlarından tez-tez misal çəkir. Bu da bizə onu göstərir ki, bir filosofun mətnini oxuyub, anlamaq üçün mütləq digər mətnlərindən də xəbərdar olub onunla əlaqələndirməyi bacarmalıyıq. Strauss əsərin böyük problemlərindən biri olan demokratiya məsələsini düşünərkən, bunu mütləq şəkildə antik və modern demokratiya şəklində ayırmalı olduğumuzu deyir. Bunun səbəbi aralarında ciddi fərqlərin olmasıdır (məsələn, Konformizm). Platon iddia edir ki, əgər biz demokratiya prinsipini azadlıq kimi görsək, bütün hakimiyyətin iyerarxiyası məhv olacaq. Platon "Dövlət"də sevmədiyimiz insanları necə sevə biləcəyimizi problem kimi görür və bunu mümkünsüz hesab edir. Buna görə də, kortəbii sevgi ilə məcburi sevgi arasındakı fərqə diqqət etməliyik. Məcburi sevdiyin insanlarla sevdiyin insanlar kimi rəftarın ədalətlidir. Platon insanları eynilə ruhları ayırdığı kimi üç yerə ayırır (Bilgəlik aşiqi, şərəf aşiqi və pul aşiqi). Bu üç növ insanda ortaq xüsusiyyətlərin olduğunu deyir və mahiyyətində hər üçünü həzz ilə izah etməyə çalışır. Bu iyerarxiyada ən yuxarı mərtəbə biliyə maraq göstərənlərindir və iddia edir ki, bu insanlar digər iki növ insanın zəifliklərini onları təcrübə etmədən, sırf bilik yolu ilə özündə cəmləşdirir. Ən aşağı situasiyanın belə fərqində olmaq özlüyündə bizi ən gözəlin nə olduğuna daha da yaxınlaşdıracaq, bu isə fəlsəfədir. İnsanı təkbaşına qane edən ictimai funksiya fəlsəfədir. Platonik təhlil son nəticədə o deməkdir ki, polis və fəlsəfə arasındakı əlaqə bədən və ruh arasındakı əlaqəyə uyğundur. "Dövlət" əsəri insan bədənini mümkün dərəcədə ən aşağı mərtəbəyə qoyur. Bunun bir səbəbi kommunizm, digər səbəbi bədənin metafizik olanla münasibətə qoyduğu səddir. Platonun yaratdığı bu dövlət ən mükəmməli daim bir hədəf kimi görsə də, dövlətin problemlərindən biri olan əxlaqın fərdi müstəvidə etik varoluş problemindən yayınır. Platon sənət insanlarının təxəyyülü ilə yaradacağının topluma verəcəyi zərərlərdən qorxur. Burada haqlılıq payı ola bilər, lakin nəzərindən qaçan insanın iç dünyasında yaşayacağı ekzistensialist problemlərin bu toplumun fərdlərini hansı psixologiyaya gətirə biləcəyidir. Tarix bizə müxtəlif yaradıcı insanların istər toplumda, istərsə də şəxsi həyatlarında necə uğur tapdığını sübut edib. Son olaraq, Platonun ideyalarının bir məqsədinin də ədalət kimi anlayışların hər yerdə eyni dərəcəyə malik olması üçün ərsəyə gəldiyini düşünürəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!