Uşaq ədəbiyyatı haqqında bir neçə söz... - Allahverdi Eminov yazır

Gənc nəslin mənəvi və intellektual tərbiyəsi bütün epoxalarda mühüm məsələ kimi diqqət mərkəzində olmuşdur. O cümlədən, uşaq ədəbiyyatı bu missiyanı yerinə yetirmişdir, pedaqoji məsələ kimi yanaşılmışdır. Azərbaycan uşaq ədəbiyyatı (XIX əsr istisna deyil), xüsusilə, 1920-ci ildən başlayaraq şairlərimiz və yazıçılarımız klassik ənənələrimizi davam etdirməklə uşaqlar üçün maraqlı əsərlər yazmışlar. Belə ki, 1945-ci ildə S.Vurğun "Balalarımız üçün gözəl əsərlər yaradaq" adlı məqalə qələmə almaqla ədəbi ictimaiyyətin diqqətini bu problemə yönəltmişdir. Bu məqalədən təxminən, 20 il əvvəl şair Mikayıl Rzaquluzadə "Yeni məktəb" jurnalında "Uşaq ədəbiyyatı məsələsi" (1926, №3, səh.6-15) adlı maraqlı məqaləsini çap etdirmişdir.

Uşaq ədəbiyyatı məktəblə, pedaqoji proseslə, təlim-tərbiyə ilə daima bağlı, vəhdətdə yaranmışdır. Balalarımızın əqli və əxlaqi tərbiyəsində, hərtərəfli inkişafında uşaq ədəbiyyatının rolu danılmazdır və bu, ciddi tələb kimi nəzərdə tutulur. Bu ədəbiyyatın ən yaxşı nümunələri şagirdlərin mütaliə mədəniyyətini yüksəldir, lüğət ehtiyatlarını zənginləşdirir, həyatı, insanları daha yaxşı başa düşməyə hazırlayır. Buna görə də məktəb proqramlarında və dərsliklərdə ən mühüm bədii nümunələr əksini tapır. Uşaq ədəbiyyatı şagirdlərdə bədii-estetik zövqün inkişafında bünövrə rolunu oynayır, ilk ədəbi anlayışların öyrədilməsinə imkan verir. Bu isə təlimin sonrakı mərhələlərində şagirdlərin ana dili və ədəbiyyat dərslərində aldıqları bilik və bacarıqların dərinləşməsinə, tamamlanmasına müsbət təsir göstərir. Bu baxımdan, uşaq ədəbiyyatı, eyni zamanda təlim əhəmiyyəti olub, yalnız kiçik oxucuların deyil, pedaqoqların, psixoloqların, metodistlərin də maraq dairəsinə düşür. Odur, uşaq ədəbiyyatının taleyi yalnız yazıçıların, şairlərin deyil, pedaqoji ictimaiyyətin də diqqət mərkəzində olmalıdır.

Çağdaş gənc nəsil - məktəbli uşaqlar qeyri-adi istedad sahibləridir, həssas insanlardır, onlarda yeni fikirlər, ideyalar oyanır, kosmosla maraqlanırlar. Dahi fantast yazıçı Jül Vernin romanlarında qaldırdığı məsələlərə adi gözlə bələdləşirlər, təbiət və cəmiyyət hadisələrinə yeni baxışla yanaşırlar. Xatırlayıram; bir şagird yazmışdır: "Mən elmi - fantastika ilə çox maraqlanıram. Bu mövzuda xeyli kitablarım vardır, "macəra dünyasını" oxuyuram. Bu əsərlər məni başqa dünyaya aparırlar... O dünyanın insanları gözlənilməz vəziyyətlərlə qarşılaşırlar, sağlamdırlar. Çox şeyə qadirdilər..."

Çağdaş uşaqlara, sanki mövcud informasiyalar azlıq edir, onları gələcək həyat tərzi daha çox maraqlandırır. Bəli, onların düşüncə tərzinə, bədii zövqünə cavab verən əsərlər yazmaq tələb olunur.

Müasir uşaq ədəbiyyatının maraqlı nümunələrini oxumaq lazım gəlir və çağdaş həyatla bağlı olmalıdır, uşaqları düşündürməlidir, inandırıcı obrazlar yaradılmalıdır. Vaxtilə həvəslə oxunan Teymur Elçinin, Tofiq Mahmudun, İlyas Tapdığın, Xanımana Əlibəylinin, Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin, Məsum Əliyevin, T.Mütəllibovun və başqalarının əsərlərinə bu gün də ehtiyac duyulur.

Uşaq ədəbiyyatı "böyük ədəbiyyatın" bir qoludur və onu ayırmağa dəyməz, bədii yaradıcılığın spesifik sahəsidir. Uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin bir "sirri" də özünəməxsusluğunu qoruyub saxlamaqdır, bədii yaradıcılıqda nəzərə almaqdır. Təəssüf ki, təcrübəli şairlər, yazıçılar uşaq ədəbiyyatından demək olar ki, uzaqlaşmışlar, uşaqların zövqünə cavab verən əsərlər yazmırlar. Tənqidçilərimiz isə susurlar (tənqidçi Elnarə Akimova istisna olmaqla), vaxtilə belə olmamışdır. Xatırlayıram: 1976-cı ildə "Azərbaycan sovet uşaq ədəbiyyatı antologiyası" çap edilmişdi. Hərçənd nöqsanlar vardı: böyüklər və valideynlər üçün qələmə alınan əsərlər uşaqların "ayağına" yazılmışdı. Belə ki, uşaq mütaliəsinin və marağının mövzusunun, əhatə dairəsinin xüsusiyyətləri ilə yazılan əsərlərin spesifikliyi qarışıq salındığına görə, S.Vurğunun "Azərbaycan", S.Rüstəmin "26 ürək", Mehdi Hüseynin "Hop-hop" əsərləri uşaq nümunələri kimi verilmişdir. Təəssüf ki, belə qüsur Qara Namazovun tərtib etdiyi "Uşaq ədəbiyyatı proqramı"nda da vardır.

Uşaq ədəbiyyatında istedadla yazılan əsərlərə milli sərvət kimi yanaşmalıyıq, bunun üçün əsasımız uzaqda deyil: M.Ə.Sabir, Abbas Səhhət, S.S.Axundov, Rəşid bəy Əfəndiyev, Abdulla Şaiq poeziyası və nəsri kifayət edər. Belə əsərlər yalnız böyüklər üçün nəzərdə tutulmamışdır. Məsələn: "Uşaq və buz" (M.Ə.Sabir), "Qorxulu nağıllar" (S.S.Axundov), "Tülkü həccə gedir" (A.Şaiq), "Şəngül, şüngül" (M.Müşfiq) və s. klassik nümunələr məhz milli sərvətimiz deyilmi? Bu baxımdan XX əsrdə yazılan elmi-fantastik əsərlərdən ən yaxşı nümunələri E.Mahmudov, N.Abdullayev, T.Elçin, Zakir Quliyev qələmə almışlar. Təəssüf ki, bu gün bu janr tamamilə unudulmuşdur. Unutmamalıyıq ki, elmi-fantastik janrda yazılan əsərlər uşaqların təxəyyülünü zənginləşdirir, dünyagörüşünü formalaşdırır, xəyalpərvərlik aşılayır. Vaxtilə S.Vurğun yazmışdır ki, uşaq xəyalı səyyardır, o, şıltaq ulduz kimi süzüb oyanır. O, güldən-gülə, çiçəkdən-çiçəyə qonan kəpənəyə bənzər. Daimi hərəkət uşaq təbiətinin hüsnüdür. Xəyal və romantika bu təbiətin qanadlarıdır...

Elmi-fantastik əsərlərin yazılmasında nəşriyyatlar maraqlı olmalıdır, sifariş yolu ilə əsərlərin yazılmasına çalışmalıdır. Xüsusilə, gənc yazıçıları ruhlandırmalıdır. Xatırlayıram: bu sətirlərin müəllifi "Maarif" tədris nəşriyyatında baş redaktor işlərkən, yazıçılarımızın əsərlərindən ibarət bir elmi-fantastik məcmuənin nəşrinə nail oldum. Yüksək tirajla oxuculara çatdırıldı...

Bəzi uşaq yazıçıları lüzumsuz mövzulardan, az əhəmiyyətli məsələlərdən yazır, buna görə də yersiz təkrarlara yol verirlər. Belələrinin əsərlərini oxuduqda aydın olur ki, onlar məktəblə yaxından əlaqə saxlamır, öz uşaqlıq təəssüratları ilə yazıb yaradırlar. Bu təəssürat isə, çox zaman vaxtı keçmiş və köhnəlmiş olur. Biz çalışmalıyıq uşaq yazıçıları uşaq kollektivləri ilə daim əlaqədə olsunlar. Lazım gələrsə, məktəbdə, bağçada işləsinlər. Mən bunu uşaq ədəbiyyatına yeni gələn gənclər haqqında xüsusilə vacib bilirəm.

M.Ə.Sabir, S.S.Axundov, A.Səhhət, A.Şaiq kimi yazıçılarımızı onlara nümunə göstərirəm. Bu sənətkarlar məhz dərs demək, uşaqlarla əlaqə və təmasda olmaq nəticəsində yazıçı - tərbiyəçi, yazıçı - pedaqoq səviyyəsində yüksələ bilmişlər. Biz üzümüzü hörmətli yazıçılarımıza tutub deyirik: İndi məktəb həyatla, istehsalatla, ictimai-faydalı əməklə daha yaxın və sıx fəaliyyət göstərir, uşaq tərbiyə müəssisələrimizdə yeni və müasir üsullar tətbiq olunur, səmərəli nəticələr verir. Məktəbin yeni tipləri, dərslərin yeni və müasir təşkilat formaları yaranır və təkmilləşir. Bəs necə uşaq yazıçısı olasan ki, bunlardan xəbərsiz yazıb yaradasan? Müasir uşaq ədəbiyyatının ən görkəmli yaradıcıları olan A.Şaiq, M.Rzaquluzadə, M.Seyidzadə, M.Dilbazi və başqalarının bədii axtarışları, uşaq həyatı və psixologiyası üzərində daimi müşahidələri onları adi uşaq yazıçısından görkəmli söz ustaları, pedaqogika, psixologiya və metodika elmlərinin vacib problemlərinə cəsarətlə girişən, təlim-tərbiyənin mühüm məsələləri barədə ağıllı, faydalı və elmi mülahizələr yürüdən elm adamları, təhsil xadimləri səviyyəsinə yüksəltməmişmi?! Nə qədər ki bəzi uşaq yazıçıları hələ də pedaqoq səviyyəsinə yüksəlmək qayğısına kifayət qədər qalmırlar, pedaqogika, psixologiya və metodikanın nəzəri və praktiki məsələlərini yaxşı bilməyə səy etmirlər, zənnimcə, bu, bir o qədər də onların bədii yaradıcılığına, uşaq əsərlərinin əxlaq və estetik dəyərinin kamilliyinə mənfi təsir edir: bizim uşaq yazıçılarımız həm də təlim-tərbiyə məsələlərinin tədqiqatçısı olmalıdırlar. Qoy, bizim uşaq yazıçılarımız, xüsusilə də, ümid verən gənclərimiz uşaq ədəbiyyatının bu klassik yaradıcılarından nümunə götürsün və onların bəbii irsinin ən yaxşı davamçıları olsunlar!

Uşaq ədəbiyyatı elmə, məktəbə, müəllimə, valideynə hörmət tərbiyə etməkdə böyük imkanlara malikdir. S.Ə.Şirvani, M.Ə.Sabir, A.Şaiq, Rəşid bəy Əfəndiyev kimi sənətkarlar bu mövzularda dəyərli əsərlər yazmış, nəcib ənənələr qoyub getmişlər. Uşaqlarda kiçik yaşlarında möhkəm inam yaratmaq məsələləri uşaq ədəbiyyatının başlıca mövzuları olmalıdır. Bu mövzuların təbliğində yazıçının şəxsi nümunəsi də böyük rol oynayır, onun pedaqoji prinsipləri, təlim-tərbiyə nəzəriyyəsinin qanunlarını bədii yaradıcılıq süzgəcindən keçirmək məharətini həyati bir tələb kimi qarşıya qoyur. Mövzu arxasında gizlənmək, quru nəsihətçiliklə kifayətlənmək əsil sənətə həmişə yabançı olmuş, oxucu tərəfindən, uşaq və gənclər tərəfindən bu cür əsərlər kənara atılmalıdır. Təəssüf ki, bəzi uşaq əsərlərində bu qüsur hələ də özünü göstərməkdədir. Mövzu maraqlıdır, əsərdə bu və ya digər faydalı fikir də vardır. Amma balaca oxucunu, bədii əsərlə ilk dəfə tanış olan kiçikyaşlı uşağı özünə cəlb edən, ona mənəvi qida verən sənətkarlıq yoxdur. Belə əsərlərdə bəzən nəsihət, quru didaktika bədiiliyə, sənətkar axtarışlarına üstün gəlir. Bu cür yazıçıları oxuduqda, istər-istəməz xalq şairi S.Vurğunun vaxtilə dərsliklərimizdə özünə yer tapmış, bədii cəhətdən sönük şeir müəlliflərinə dediyi bu sözləri yada düşür: "...Ölkəmizin təbii sərvətlərini... yoxsul dillə, ... soyuq və cansız bir ürəklə təsvir edən şairləri vicdan məhkəməsi qarşısına çəkmək olmazmı?"

XX əsrin son on illərində uşaq ədəbiyyatına Məstan (Məsum) Əliyev, Tofiq Mütəllibov, Tofiq Mahmud, Zahid Xəlil, Aləmzar Əlizadə, Rafiq Yusifoğlu, Ələsgər Əlioğlu, Məmməd Aslan, Rəfiq Zəka, İlyas Tapdıq və başqa imzalar gəlmişdir, yaradıcılıqlarının bir hissəsini bu ədəbiyyata həsr etmişlər. Bu gün onların yaşı 60-70 ili ötmüşdür, amma yaşayanların yaradıcılıq enerjisi səngiməmişdir. Sevindiricidir, onların bəziləri öz üslublarını saxlamışlar, özlərinə xas mövzularını müəyyənləşdirmişlər.

Uşaq ədəbiyyatının taleyi "böyüklər" üçün yazan şair və yazıçıların da əsərlərindən asılıdır. Onların povest və romanlarında, poemalarında uşaqların tərbiyəsində rol oynayan motivlər, epizodlar geniş təsvirini tapmışdır. Bu yanaşma ədəbiyyatın daima qismətinə düşmüşdür. Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, Süleyman Rəhimov, Əli Vəliyev və digərlərinin yaradıcılığında bunu görürük. Tarixən bu hal təbiidir. Məsələn, Lev Tolstoy "Hərb və sülh", "Dirilmə", "Anna Karenina" romanları ilə yanaşı, uşaqlar üçün hekayələr də yazmışdır. Əli Vəliyev "Madarın dastanı", Əbülhəsən "Tamaşa qarının nəvələri" povestini qələmə almışlar. Ötən əsrin ortalarında bizim pedaqoqlarımızdan F.Köçərli, A.Şaiq, A.Çernyayevski, S.S.Axundov, Mahmudbəyov qardaşları və başqaları məktəblilər üçün dərsliklər, oxu kitabları yazmışlar, uşaq poeziyasının və nəsrinin nümunələrini qələmə almışlar. M.Ə.Sabir, A.Səhhət, A.Şaiq yaradıcılığına böyük ehtiyac duyulurdu. Onların ənənələrini S.Vurğun, R.Rza, M.Seyidzadə, X.Əlibəyli, M.Dilbazi davam etdirdilər.

Bəllidir ki, "uşaq" sözü geniş məna daşıyır, məktəb yaşına çatmamış "balalara da, ibtidai sinif şagirdlərinə də..." uşaq deyirik. Uşaq və uşaq ədəbiyyatı deyəndə azyaşlı uşaqları, ibtidai sinif şagirdlərini, onlar üçün yazılan əsərləri nəzərdə tuturuq. Təəssüf ki, bu mövzulardan bəhs edən şeirlərin, hekayələrin və xırda pyeslərin mövzusu məhduddur, bəsitdir, dayazdır. Əlbəttə, belə mövzular yazılmalıdır və yazılacaqdır. Lakin yalnız bunlarla kifayətlənmək olmaz, alman şairi H.Heyne demişkən:

 

Düzdür, Günəş, Ay, Ulduz, çiçək və daha nələr,

Gözləri, gözəllikləri təriflə ən nəğmələri -

Bütün bunlar insana ləzzət verir, ancaq bil,

Bu dünya heç də yalnız bundan ibarət deyil!

 

Dünyamızda yazılası nə qədər mövzular mövcuddur. Uşaq ədəbiyyatı yalnız gözəlliyi təsvir etməkdən ibarət olmayıb, azyaşlılar üçün qələmə alınan əsərlər eyni zamanda bilik, informasiya verməli, həyatı dərk etdirməli, mühiti anlatmalı, dünyagörüşü düzgün istiqamətləndirməlidir. Şairlərə elə gəlir poeziyanın vəzifəsi ancaq emosional aləmin tərbiyəsidir. Poeziyaya - şeirə bu cür yanaşma birtərəflikdir. Necə deyərlər, almaz var üzüyə, boyunbağıya taxılır yaraşıq naminə, elə almaz da var - polad kəsməkdə lazımdır.

Yenə o fikrimə qayıdıram ki, yazıçı və şairləri uşaq və böyük ədəbiyyatının "sahibləri" deyə iki qismə ayırmağın tərəfdarı deyiləm. Əlbəttə, böyüklər üçün yazanlara uşaqlar üçün yazmaq qadağan deyil, amma uşaqlar üçün də əsər yazmaq istedadına malik yazıçıların bu sahədə çətinliklərdən çəkinmələri təəssüf doğurur. Bu gün klassik şairlərimizin şeirləri dərsliklərdən sıxışdırılır, tərtibçi - müəlliflərin bədii zövqünə şübhə yaranır, onlar poeziyanın tərbiyədə misilsiz roluna laqeyd yanaşırlar. Sabirə, Səhhətə, Şaiqə biganəlik göstərirlər. Deyək ki, Səhhətin "Quşlar" şeirinin bədii dəyərindən uşaqları məhrum edirlər.

 

Quşlar, quşlar, a quşlar!

Qaranquşlar, a quşlar!

Cəhcəh vurun burada,

Həm yerdə, həm yuvada...

 

Rəşid bəy Əfəndiyevin "Payız"ı təkrarsız şeirdir:

 

Payız olur, əsir soyuq küləklər,

Solur dağda, çəməndə gül-çiçəklər...

 

"Çağdaş uşaq ədəbiyyatının yazarları: şairlər, xüsusilə, klassiklərimizin toxunduğu mövzuları dönə-dönə təkrar etsələr də, o şeirlər hələ də yazılmamışdır, bu da bir sehrdir", - deyərdim. Və bu, bədii sirdir - açılmamışdır! Bu etirafla barışmaq lazımdır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!