Ömrü şeir kimi yaşadınsa, doxsanında da gəncsən... - Elxan YURDOĞLU

90 yaşını qeyd etdiyimiz Firudin Süleymanoğluna dost təbriki

Bənzətmələrdə qeyri-adiliyi xoşlayan adamam. Hələ bir az bu cür müqayisələrə şirin yumor qatdınsa, dadından doymaq olmur. Məsələn, bu günlərdə 90 yaşını tamam edən Hacı Firudin Süleymanoğlunu görəndə elə bilirəm ki, ucaboy olduğu üçün adı və soyadı, həmçinin təxəllüsü də beləcə uzun olub. Ömrü də uzun olsun, Firudin müəllimin.

Universitetin III kursunda oxuyarkən, dostum, mərhum şair İlqar Qulusoyun təklifi ilə Naxçıvanda fəaliyyət göstərən bir ədəbi məclisə getmişdik. Orada tanış olmuşam Firudin Süleymanoğlu ilə. Təxminən, 25 il bundan əvvəl ilk dəfə Naxçıvanda tanınmış imzalar qarşısında şeirlərimi oxumuşdum. Gənc bir şairin yazdıqlarına heyrətlənən və onu təqdir edən fikirlərini bu gün də xoş hisslərlə xatırlayıram. Elə o vaxtdan da - 2000-ci ildən Firudin müəllimlə beləcə dostluq edirik. Səmimi dostluq münasibətlərində yaşın əhəmiyyət daşımadığını düşünürəm. Məndən nə az, nə çox, elə mənim yaşım qədər - 45 yaş böyük olan Firudin Süleymanoğlunun bu günlərdə 90 yaşı tamam oldu. Bu yazını da dost təbriki kimi qəbul edin.

Hündür boyu, hökmlülükdən daha çox qayğıkeşliklə dolu ağayana səsi, dik qaməti, asta və sanballı yerişi, bir də ağappaq saçlarının nuranilik qatdığı şəffaf siması bu adamın fiziki xarakteristikasıdır. Daxili dünyası ilə xarici görünüşü mütənasiblik təşkil etdiyini qətiyyətlə deyə bilərəm. Çünki 90 yaşında 9 yaşlı uşaq kövrəkliyindədir, 19 yaşlı gənclik ovqatındadır.

Hacı Firudin Süleymanoğlu ilə eyni rayondanıq. Düzdür o, 1934-cü ildə Noraşen rayonunda, mən isə 1980-ci ildə İliç rayonunda anadan olmuşuq. Amma müstəqilliyimizin bərpası ilə qədim adı da özünə qaytarılan Şərur rayonunun sakinləriydik. 2004-cü ildə isə yeni yaradılan Kəngərli rayonunun inzibati ərazi dairəsinə daxil oldu kəndlərimiz.

Azərbaycanın ictimai-siyasi həyatında, elmi dairələrində, ədəbi-mədəni mühitində mühüm rol oynayan şəxsiyyətlərin doğulduğu Şahtaxtı kəndində anadan olub Firudin müəllim. O kənd ki, bu gün adını çəkəndə Hüseyn Cavid, Məhəmməd ağa Şahtaxtılı, Behbud ağa Şahtaxtılı, İsa Sultan Şahtaxtılı, siyasi xadim Əziz Əliyev, oftalmoloq, akademik Zərifə xanım Əliyeva, Xalq yazıçısı Hüseyn İbrahimov və onlarla ziyalı yada düşür. Bu cür ziyalıların sıra ardıcıllığını davam etdirənlərdən biridir Firudun Süleymanoğlu.

1953-cü ildə Şahtaxtı kənd orta məktəbini bitirib, 1960-cı ildə həmin kənddəki Hüseyn Cavid adına sovxozda ilk əmək fəaliyyətinə başlayıb. Araz çayı üzərində İran İslam Respublikası və SSRİ-nin şərikli inşa etdikləri Araz Su Elektrik Stansiyasının tikintisini həyata keçirən "Azərhidrotikinti" idarəsində baş mühasib kimi çalışıb, 1972-1977-ci illərdə Arpaçayı üzərində tikilən dəryaçanın inşasını həyata keçirən "Arpaçayhidro" tikinti idarəsində böyük maliyyəçi-iqtisadçı vəzifəsində çalışıb. Bir müddət Naxçıvan Muxtar Respublikası Stadionunun direktoru olub. Ayrı-ayrı idarə və təşkilatlardakı əmək fəaliyyətindən sonra, 1996-cı ildə təqaüdə çıxan Firudin müəllim 2013-2017-ci illərdə Naxçıvan şəhər Veteranları Təşkilatının sədri, 2017-ci ilin noyabrından isə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının sədridir.

Bütün bunları ona görə xatırlatmaq istədim ki, müxtəlif sahələrdə çalışmasına baxmayaraq, o xarakterinin əsas cizgilərinə hopmuş ağsaqqallıq ruhunu bu gün də öz fəaliyyəti ilə davam etdirir.

Aradan keçən 25 il ərzində dəfələrlə görüşlərdə, tədbirlərdə, lap elə Naxçıvan şəhərinin Əcəmi Seyrəngahı kimi tanınan parkında həmyaşıdları ilə gəzişmələri zamanı onunla həmsöhbət olmuşam. Daha çox şeirdən, ədəbiyyatdan, sözdən, lətifələrdən, folklordan və təbii ki, kənd həyatından, kəndin dəyişməyən mənəvi saf ruhundan danışmışıq. Ona görə ki, Firudin müəllim yaradıcı, həm də tarix adamdır. Söhbətlərimiz zamanı ondan eşitdiyim elə şəxsiyyətlər, imzalar, tarixi hadisələr olurdu ki, belə bir ömür yaşayan adama qarşı qibtə hissim coşub-daşırdı. Bütün bunların fövqündə Firudin müəllim yaradıcı adamdır, şairdir. Şifahi xalq ədəbiyyatını iliklərinə qədər hiss edən, daşıyan, yaşadan folklor adamdır. Uşaqlığından bəri yaşadıqlarını, məişət hadisələrini ədəbiyyat faktı kimi söhbətlərinə qatan etnoqrafik adamdır.

Firudin Süleymanoğlu gənclik illərindən bəri yaradıcılıqla məşğul olsa da, ilk kitabını 2002-ci ildə nəşr etdirib - 68 yaşında. "Tək iydə" adlı ilk kitabında şeir və poemalarını bir yerə toplayıb. Sonralar "Hərənin öz ağlı" (2003), "Görün ki, bu nə sevdadır" (2004), "Həsrətin sahilində" (2005), "Dözüm" (2007), "Bir ömrün izi" (2011), "Kəhrizlərin pıçıltısı" (2013), "Babamla söhbət" (2019), "Xoş o kəsin halına ki..." (2020) kitablarını nəşr etdirdi. 

Düşünürəm ki, ötən dörd il ərzində də ağsaqqal şair dostumun qələmi dinc durmayıb. Öz yubileyinə hədiyyə kimi oxucularla növbəti görüşünü ilin sonuna kimi həyata keçirəcək. Bunu niyə tərddüdsüz dediyimi də bilirəm. Bu şəhərdə - Naxçıvanda Firudin müəllimi hər dəfə gəzinti zamanı düşüncələrə dalmış halda müşahidə eləmişəm. Özüm də o təklik ovqatının adamı olduğumdan yaxınlaşıb fikirlərini dağıtmaq istəməmişəm. Sadəcə, müşahidə eləmişəm. Uzaqdan lap maraqlı görünür Firudin Süleymanoğlu. Elə bilirsən, Savalan dağıdır, yeriyir. Nədənsə saçları ağarmış, ucaboy adamlar mənə Savalan dağı obrazı kimi görünür. Bəlkə də Araz çayı sularında yuyunan Şahtaxtı kəndində doğulmaq bir az o taya boylanan şairin ruhuna, varlığına hopub.

Kitabxanamda Firudin müəllimin bir-birindən fərqli, sanbalıyla seçilən, qalın kitabları var. Bu günlərdə həmin kitabları bir daha nəzərdən keçirmək istədim. Hər birində avtoqraflar istər-istəməz diqqətimi çəkdi. "Dözüm"də "İstedadlı qələm dostum Elxan Yurdoğlu üçün" yazıb, "Bir ömrün izi"ndə "Çox hörmətli qələm dostum, istedadına böyük hörmətlə yanaşdığım Elxan bəyə" deyir, "Kəhrizlərin pıçıltısı"nda "Çox hörmətli və sərrast yazarlardan biri, xətrini çox istədiyim Elxan Yurdoğlu üçün" imzalayır kitabını, "Babamla söhbət"də "Çox hörmətli qələm dostum Elxan müəllim üçün müəllifdən xoş arzularla" ürək sözlərini yazır. Bütün bu xoş sözlərin qazanılmasında qarşılıqlı fikir müzakirələri, səmimi ünsiyyət, yaşımızın fövqündə dayanan məhrəmanə sözə aşinalıq dayanır. Şeirlərinin birini xatırlayıram:

 

Tale məni çəkdi bərkə, sınağa,

Yavuncu düşmədim heç bir alçağa.

Neçə cür bəy gördüm, neçə cür ağa,

Önündə sınmadım, əyilmədim mən.

 

Firudin Süleymanoğlunun başqa bir şeirində isə onun sındığını, əyildiyini gördüm. Amma bu əyilmək özünə əyilmək idi. İnsan özünə yeniləndə, özünə əyiləndə, özünə təzim edəndə daha da böyüyür. Dözümü böyüyür, düşüncələri böyüyür, mübarizə əzmi böyüyür. Oğlu Ayxana yazdığı "Olmuşam" şeirində bir bənd var. O misralarda şairin əyildiyi məqama baxın, bir:

Əlli dörddə geydim əsgər libası,

Qayıdanda dərd-sər gördüm, ən azı.

Çox şeyə biz tamarzıydıq, tamarzı,

Öz əlimə boyun əyən olmuşam.

 

Çox şükür ki, zamanla boyun əydiyi əli zəhmətə qatlaşaraq şairin boyunu da ucaltdı, mənəvi dünyasını da göylərə yüksəltdi, alnını da açıq etdi. Bu zəhmətsevərliklə, halallıqla Firudin Süleymanoğlu ömrünün 90-cı yayını geridə qoyur. İyul ayının 1-də - Naxçıvanın qora bişirən şaqqamalı günündə dünyaya gələn adamın istiqanlılığının səbəbi də aydın olur. Bəzən doğulduğun torpaq da, ocaq da, fəsil də həyatın gərdişində taleyə təsir edə bilirmiş.

...Düşüncələrə dalıram, onun "Babamla söhbət" kitabına yazdığım resenziyanı müzakirə edərkən çəkdirdiyimiz şəkillərə baxıram. Gözlərim kompüterin ekranında donur, yaddaşım hərəkətdədir. "Koroğlu" dastanında bu el qəhrəmanının söylədiyi vücudnamədəki tapşırma bəndini dilimdə pıçıldayıram:

 

Səksənində sinir yenər dizinə,

Doxsanında qubar qonar gözünə.

Koroğlu der, çünki yetdin yüzünə,

Uca dağ başında kola bənzərsən.

Ürəyimdə "doxsanında"kı adama üzümü tutub, "gözlərinizə qubar enməsinə imkan verməyin", deyirəm. Necə ki, "səksəninizdə dizinizə sinir yenməyib". Sabir demişkən, "mən bu təmənnada ikən" Firudin Süleymanoğlu başqa şeiri ilə yaddaşımı döyəcləyir:

 

Fərəh hissi qəmlə salıbdır yarış,

Nə nadana qarış, nə qula qarış.

Koroğlutək zəmanənlə sən barış,

Qoy yerə tüfəngi, gözlə, ürəyim!

 

Əzizim Firudin müəllim! Tüfəngi yerə qoya bilərsiz. Bunu biz "savaşlara yox!" şüarı kimi qəbul edirik. Amma bizim sizdən bir tələbimiz də var: qələmi yerə qoymayın. Yazın ki, qayıtmaq istədiyiniz və tez-tez üz tutduğunuz Şahtaxtı kəndinin çölü-çəməni, yovşanı, kəvşəni, gülü, çiçəyi, dağı, daşı, dərəsi, bərəsi, Arazı tamarzı qalmasın bu şeirlərə.

Yazın ki, doğmalarınızla bir zamanlar yaylaqlarında gəzişdiyiniz Qərbi Azərbaycan torpaqları - Zəngəzur, Göyçə sizin şeirlərinizdən görünsün və bugünün gənc nəsilləri o yerlərə yenidən qayıtmağın yollarını da sizin şeirlərinizdə tapsın.

Yazın ki, dostlar, tanışlar, oxucular ağsaqqal sözündən, böyük öyüdündən məhrum olmasınlar.

Yazın ki, 100-də yeni şeirlərinizin istisinə qızınaq, üşüyən duyğularımıza, sızlayan ağrılarımıza sığal çəkək, sizin sözünüzlə.

Bir də ki, axı şair adamlar, ömrü şeir kimi yaşayan adamlar doxsanında da gəncdi. Ruhu gənc qalan ağsaqqal şair, səmimi dost, halal adam Hacı Firudin Süleymanoğlu, 90 yaşınız münasibətilə sizi bütün oxucularınız adından, sözə, şeirə, ədəbiyyata dəyər verən hər kəsin adından təbrik edirəm. Düzdür, biz tez-tez görüşəcəyik. Amma yenə də dostyana ərklə əlinizi sıxır və - 100-də görüşənədək, - deyirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!