Siracəddin HACI
Giriş
Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsərinin çapı, araşdırılması, təbliği ilə bağlı sovet dövründə bir sıra yasaqlar olsa da, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu nəsr örnəyi ilə bağlı ciddi işlər görülmüş, elmi kitablar, məqalələr yazılmışdır (Qasımov A. Füzulinin "Hədiqətüs-süəda" əsərinin poleoqrafik və orfoqrafik xüsusiyyətləri, namizədlik dissertasiyası, Bakı, 1975; Qasımova A. Füzuli yaradıcılığında Quran rəvayətləri, Bakı, 1995; Qasımova A. XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatı və Quran qissələri, Bakı, 1998; Əliyev S. "Hədiqətüs-süəda", Bakı, 1993; Əfəndiyev H. Füzuli Azərbaycan klassik bədii nəsrinin banisi kimi - Azərbaycan bədii nəsrinin tarixindən, Bakı, 1963; Mirzəyev A. Füzulinin "Hədiqətüs-süəda" əsərindəki mənzum parçalar haqqında, "Dil və ədəbiyyat", nəzəri, elmi, metodik jurnal, № 2 (20), Bakı, 1998; Mirzəyev A. Füzulinin "Hədiqətüs-süəda" əsərinin elmi-tənqidi mətni haqqında, "Dil və ədəbiyyat", nəzəri, elmi, metodik jurnal, № 2 (20), Bakı, 1998; Ataəmi Mirzəyev, Füzulinin "Hədiqətüs-süəda" əsəri orta əsrlər tərcümə abidəsi kimi, Bakı, 2001; Ataəmi Mirzəyev, Azərbaycan bədii tərcümə tarixi və Füzuli, Bakı, 2009; Nağıyev M. XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi, tərcümə və dil xüsusiyyətləri), doktorluq dissertasiyası, Bakı, 1994; Səfərli Ə. Azərbaycan dini-bədii və satirik nəsrinin banisi, Məhəmməd Füzuli - 500, Bakı, 2000; Füzuli, "Hədiqətüs-süəda" (tərtib edənlər: Ə.Səfərli, M.Nağıyev və N.Göyüşov), Bakı, 1993).
Biz bu məqalədə "Hədiqətüs-süəda"nın ancaq dibaçəsini şərh edəcəyik, belə ki, dibaçə əsərin giriş qapısı, bələdçisi, yol xəritəsidir, onu doğru öyrənmək, Məhəmməd Füzulinin şəxsiyyətini, ədəbi, dini, fəlsəfi kimliyini, əsərin mövzusunu, ideyasını, yazılma səbəbini, üslubunu tanımağa yol açır.
Dibaçənin bədii əsərdəki işi
"Dibaçə" sözünün etimologiyası ilə bağlı fərqli görüşlər var: bir görüşə görə, farsca "diba" sözünə "çə" şəkilçisi artırmaqla düzəlmişdir. "Diba" qızıl, ya da gümüş sapla toxunmuş, bir çox çeşidi olan qumaşlara, ipəklərə, atlazlara verilən addır. Başqa bir fikrə görə, "dibaçə" ərəbcə olan "dibah" sözündən ("sevgilinin üzü", "çiçəkli, cins ipək") törəmişdir. "Dibaçə" sözünün qaynağının "dibac"/ "deybac" olduğunu yazan alimlər də var - "bir yazı növü".
"Dibaçə" sözü İran şahlarının geyindiyi çox bəzəkli üst paltar, kitabın naxışlarla bəzənmiş üzü, bəzəkli ilk səhifələri mənalarında da işlənmişdir. "Dibaçə" sözünə məcazi olaraq "bir şeyin üzü, başlanğıcı", "yumşaq cild", "sevgilinin üzü", "təmtəraqlı üslubla yazılmış bir beytin, ya da kitabın müqəddiməsi, ön sözü" mənaları verilmişdir. Ağacların, mərmər daşların damarlarına da "dibaçə" deyilmişdir. İbn Məsud Qurani-Kərimdə "ha, mim" hərfləri ilə başlayan Mömin, Əhqaf surələrinə "dibacul-Quran" adını qoymuşdur.
Qədim, orta dövrlərdə və bu gün "dibaçə" qəlibi ilə birlikdə bir kitabın müqəddiməsi mənasında bu sözlərdən də istifadə olunur: "müqəddimə", "müqəddəmə", "müqəddimat", "təqdim", "ifadə", "məram", "ifadeyi-məxsusa", "ifadeyi-məram", "iftitah", "məthab", "təmhid", "təsdir", "giriş", "başlanğıc", "ön söz", "ilk söz", "bir neçə söz", "təqdimat", "təqdim"... Onu da deyək ki, "müqəddimə" sözü fərqlidir, belə ki, daha böyük, bir kitab həcmində olan yazıların adı kimi işlənmişdir.
Bir əsərin dibaçəsi ümumi olaraq bu məsələləri əhatə edir: kitabın yazılma səbəbləri, sənətkarın dünyagörüşünün, sənət anlayışının əsasları, sənətkarın həyatı ilə bağlı məlumat (bunun hər dibaçədə olması şərt deyil), sənətkarın oxuculardan istəyi, şeirin, şairin halı, vəhylə ilhamın müqayisəsi, şairi divan tərtib etməyə yönəldən amillər, şairlərin bir-birlərinə münasibəti, tənqidləri...
Bir əsərin dibaçəsini doğru anlamaq sənətkarın şəxsiyyətini, ədəbi, fəlsəfi, dini kimliyini, əsərinin mövzusunu, ideyasını, dilini, üslubunu öyrənməyə yol açır. Dibaçələr dövrün ədəbiyyat, siyasət anlayışını, tarixi, tənqid mədəniyyətini, mətn təhlilini, şərhçilik ənənəsini öyrənmək baxımından da dəyərli qaynaqlardır. Sənətkar dibaçə yazaraq özünü, əsərini, bağlı olduğu məktəbin anlayışlarını tanıdır, oxucuya yardım göstərir, əsəri doğru qavramaq ölçüləri qoyur.
"Divan ədəbiyyatında hər əsərin dibaçəsi var" demək mümkün deyil - bir sıra şairlərin divanları ölümlərindən sonra tərtib olunmuşdur, əslində, məsnəvilərə yazılan ənənəvi girişlər də (tövhid, münacat, nət, mədhiyyə, fəxriyyə...), bir növ dibaçədir. Dibaçələrin çoxunu sənətkarlar özləri yazmışlar, ancaq şairin divanını tərtib edənlərin yazdıqları dibaçələr də var.
Dibaçələr türkcə, farsca, ərəbcə yazılmışdır. Türkcə dibaçə yazan ilk şair Əlişir Nəvaidir.
Dibaçələr nəzmlə də, nəsrlə də yazılmışdır, əsərdəki yeri də fərqlidir, çox zaman əsərin başlanğıcında, bəzən də ənənəvi girişdən sonra təqdim olunur ("Dibaçə" sözünün mənaları izah edilərkən bu qaynaqlardan istifadə olunmuşdur: Agah Sırrı Levend, Türk edebiyyatı tarihi, c.I, s. 102; Hüseyn Ayan, Leyla ve Mecnun, İstanbul, 1981, s. 15-17, 68-73; Rene Vellek, Austin Varren, Edebiyyat biliminin temelleri (tercüme eden, Ahmet Edip Uysal), Ankara, 1983, s. 188-206; Harun Tolasa, Klassik edebiyyatımızda divan ön sözleri (dibace), Lamii divanı ön sözü ve (buna göre) divan şiiri sanat görüşü, JTS, III (1979), s. 385-402; Tahir Üzgör, Türkçe divan dibaceleri, Ankara, 1990; Dibace, TDV İslam Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/dibace)
Məhəmməd Füzulinin "Hədiqətüs-süəda"nı yazmasının səbəbləri
"Hədiqətüs-süəda" türkcə yazılmış bir nəsr əsəridir, ancaq şeirlərdən də istifadə olunmuşdur, Məhəmməd Füzuli bu ölçüyə dibaçədə də əməl etmiş, on bir dəfə şeirə yer vermiş, hər şeir parçasını məzmuna uyğunlaşdırmışdır.
Dibaçənin dili çətindir, səbəbləri bunlardır: birincisi, dibaçə türk, ərəb, fars dilinin qarışığı olan bir dildə yazılmışdır, ikincisi, əsərin dibaçəsi ədəbi, dini, nəzəri, fəlsəfi dərinliyi, məzmunu olan mətndir, üçüncüsü, çoxsaylı anlayışlar / terminlər var, dördüncüsü, istifadə olunan Qurani-Kərim ayələri, Allah Rəsulunun hədisləri ərəbcə verilmişdir, beşincisi, Füzuli dibaçədə ədəbi, fəlsəfi, dini, irfani - təsəvvüfi görüşlərini açıqlamışdır - XVI yüzillikdə belə elmi-nəzəri ağırlığı olan mətni sadə türk dilində yazmaq imkansız idi.
Belə bir fikir geniş yayılıb ki, "Hədiqətüs-süəda" hz.Hüseynlə bağlı əsərdir. Bu, doğru, elmi, mətnə uyğun yanaşma deyil. Məhəmməd Füzulinin Allah Rəsulunun nəvəsini çox sevdiyi, ona ürəkdən bağlı olduğu bir gerçəklikdir, ancaq şair əsərini birbaşa/yalnız hz.Hüseynə həsr etməmişdir.
Məhəmməd Füzulinin "Hədiqətüs-süəda"nı niyə yazdığının səbəblərini doğru göstərmək üçün bu məsələlərin nəzərə alınması şərtdir: birincisi, insanın əşyanın mahiyyətini birbaşa/vasitəsiz qavraması imkansızdır, insan varlıqla bir vasitə ilə (bilgi ilə) bağ qurur, buna uyğun olaraq üç bilgi sistemi var: a) əşya ilə beş duyğu vasitəsi ilə əlaqə qurulur, burada təcrübə əsasdır, bu, elmin yoludur, varlıqla beş duyğu vasitəsi ilə bağ qurub onun mahiyyətini öyrənən insana alim deyilir; b) əşya ağıl vasitəsi ilə öyrənilir, bu, fəlsəfənin yoludur, burada dəlil, məntiq əsasdır, bu yolu seçənlərə filosof deyilir; c) irfanın yolu - bu yolu seçən insan fərqli üsullarla (məsələn, riyazət, çilə, davamlı zikr...) qəlbini təmizləyir, bəsirət gözünü açır, kəşf, ilham yolu ilə - vasitəsiz (pərdəsiz, irfan əhli deyir ki, hər anlayış bir pərdədir) əşyanın həqiqətini öyrəndiyini söyləyir, irfan yolunu seçənlərə arif, aşiq deyilir;
Açıqladığımız yollar - bilgi sistemləri arasında ciddi fərqlər var, ancaq fərqli bilgi sistemlərinə bağlı olanların bir-birindən istifadəsi də mümkündür. Məsələn, "irfanın əsas anlayışları qəlb, eşq, kəşf, aşiq, aşiqlik olsa da, ağıla çox dəyər verməliyik, təcrübəni, ağılı, qəlbi bir-birindən ayırmamalıyıq" deyən çoxsaylı ariflər, irfana önəm verən alimlər, filosoflar da var...
İkincisi, Məhəmməd Füzuli ölçülərini göstərdiyimiz üç bilgi sistemindən irfan yoluna bağlıdır, elə buna görə də aləmdə hər nə varsa, eşqdir, elm bir qeylü-qaldır ancaq deyir, məscidə, mədrəsəyə, zahidə qarşı çıxır, belə ki, onlar elmi, ağılı, məktəbi, kitabı təmsil edirlər, zahidi sərt tənqid edir, təkkəni-məscidə, çiləxananı mədrəsəyə, arifi zahidə, ilhamı, kəşfi kitaba (elmə, fəlsəfəyə) qarşı qoyur, elə buna görə də ilahi-irfani eşqi tərənnüm edən "Leyli və Məcnun"u yazır, həyat anlayışını, bağlı olduğu bilgi sistemini Leylinin, Məcnunun dili, halı, eşqi ilə tanıdır, elə buna görə də ilahi eşqi, aşiqliyi tərənnüm edən, gerçək aşiqliyin əsası acı, çilə, səbir-dirəniş gücü, imtahandır ölçüsü qoyan "Hədiqətüs-süəda"nı yazır, bu əsərdə aşiqləri - Allahın Elçilərini, onların mücadilə dolu həyatlarını tanıdır, bu sırada hz.Hüseynə də çox yer verir, belə ki, o, gerçək aşiqdir, acılar çəkmiş, imanını şəhadəti ilə sübut etmişdir, Füzulinin ideallarına, insan, varlıq anlayışına, bilgi sisteminin ölçülərinə uyğundur...
Üçüncüsü, Füzuli "Hədiqətüs-süəda"nın dibaçəsində kitabın fəsillərinin adlarını bir-bir saymışdır, bu, əsərin mövzusunu, ideyasını, şairin hədəfini açıqca göstərir:
- Babi-əvvəl: "Ənbiya əhvalını bəyan edər" - birinci bölmənin tam adı belədir: "Bəzi ənbiyayi - izam və rusuli-kiram surəti əhvalların bəyan edər" ("Bir sıra böyük nəbilərin və dəyərli rəsulların əhvallarının surətini bəyan edər - açıqlayar"). Füzuli başlıqda nəbilərlə rəsulları bir-birindən ayırmışdır, bu, doğru deyil, belə ki, Qurani-Kərimə görə hər nəbi həm də rəsuldur. Şair bu fəsildə nəbilərə seçici yanaşmış, "böyük nəbilər"ə yer vermişdir: hz.Adəm, hz.Nuh, hz.İbrahim, hz.Yaqub, hz.Musa, hz.İsa, hz.Əyyub, hz.Zəkəriyyə və hz.Yəhya - ikisi bir bölmədədir. Məhəmməd Füzuli bu nəbilərdən ən çox hz.Yaquba (onunla bağlı fəsildə hz.Yusif də var), ən az hz.Musaya, hz.İsaya yer vermişdir.
Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsərini niyə yazdığını, hansı məsələni önə çıxardığını, ideyanı hansı anlayışa/anlayışlara yüklədiyini göstərən açıq əlamət, dəlil var, belə ki, nəbilərlə bağlı yazılmış hər fəslin başında "ibtila" sözünə - anlayışına yer vermişdir, məsələn, "Fəsli-ibtilayi - Adəm əleyihissəlam". "İbtila" irfan bilgi sisteminə bağlı eşq, aşiqlik, səbir, şəhidlik ölçülərinin ayrılmaz tərkib hissəsidir, anlayışdır, ibtilasız aşiq, aşiqliq yoxdur. "İbtila" sözü ərəbcədir, "b-l-ayn" kökündəndir, "bəla" sözü ilə kökdaşdır. Qurani-Kərimdə eyni kökdən törəyən sözlər otuz səkkiz dəfə işlənmişdir, bu mənaları var: "imtahan", "kədər", "müsibət", "cəza", "çox çətin iş". Allah buyurur ki, kainatın yaradılışı da (Hud, 11/7), ölümün və həyatın yaradılışı da (Mülk, 67/2) imtahan üçündür: "O, hansınızın daha gözəl iş görəcəyini sınamaq üçün ölümü və həyatı yaratdı" (Mülk, 67/2).
Məhəmməd Füzuli nəbilərin mücadiləsini tanıdarkən hər başlıqda "ibtila" ("imtahan") sözünə yer verir, məhz bu anlayışı önə çıxarır, Elçilərin örnəkliyi ilə insan, imtahan, mücadilə, səbir anlayışlarını inşa edir, deyir ki, aşiqlik bir iddiadır, hər iddianın sübuta ehtiyacı var, imtahan insanın dəyərini ortaya çıxaran nemətdir. Şair ölçü qoyur, imtahanda olan insanın dirəniş gücünə ehtiyacı var, bu böyük gücün qaynağı tövhid inancıdır ("la ilahə illallah" - Allahdan başqa ilah yoxdur), Allaha ürəkdən təslim olmaqdır - nəbilərin həyatı, imanı, mücadiləsi, səbri bu ölçüyə ən gözəl örnəkdir.
İkinci bab: "Həzrəti-Rəsulun Qureyşdən çəkdigi cəfaları bəyan edər" - Füzuli bu bölmədə Elçiləri yarışdırır, son Elçinin - hz.Məhəmmədin üstünlüyünü açıqlayır, onu "risalət sarayının soltanı" adlandırır. Bu anlayış da doğru deyil, belə ki, Qurani-Kərim buyurur ki, möminlər Elçilər arasında fərq qoymazlar. Şair bu bölmədə hz.Übeydənin, hz.Həmzənin, hz.Cəfərin şəhadətinə də yer vermişdir.
Üçüncü bab: "Həzrəti-seyyidül-mürsəlin vəfatını bəyan edər";
Dördüncü bab: "Fatimətüz-Zəhra vəfatın bəyan edər";
Beşinci bab: "Həzrəti-Mürtəza vəfatın bəyan edər" - Füzuli bu bölmədə hz.Əlinin mücadiləsinə, şəhadətinə yer vermişdir.
Altıncı bab: "Həzrəti-imam Həsən əhvalın bəyan edər";
Yeddinci bab: "Həzrəti-imam Hüseynin Mədinədən Məkkəyə gəldiyini bəyan edər";
Səkkizinci bab: "Həzrəti-Müslüm Əqilin vəfatını bəyan edər";
Doqquzuncu bab: "Həzrəti-imam Hüseynin Məkkədən Kərbəlaya gəldiyini bəyan edər";
Onuncu bab: "Həzrəti-imam Hüseynin şəhid olduğunu bəyan edər";
Xatimə: "Müxəddərati-Əhli-Beytin Kərbəladan Şama getdigini bəyan edər";
Məhəmməd Füzuli "Hədiqətüs-süəda"nın bütün bölmələrində insanı, onun bu dünyadakı varlıq səbəbini, Allaha təslimiyyəti, ilahi eşqi, aşiqliyi, imtahanı, səbri-dirəniş gücünü, haqq uğrunda mücadiləni tanıdır, bağlı olduğu anlayışa uyğun ölçülər qoyur.
"Hədiqətüs-süəda"nın dibaçəsinin özəllikləri
Məhəmməd Füzuli "Hədiqətüs-süəda" əsərinin dibaçəsinə şeirlə başlayır, eşq, aşiq, aşiqlik anlayışlarına uyğun şeir yazır, dua üslubu seçir. Allahın ər-Rəbb adına/sifətinə yer verir - Sən hər varlığı tərbiyə edənsən, Füzulinin də ağlını, qəlbini, istedadını tərbiyə et, bərəkətləndir, ona güc ver ki, imtahanla Allaha təslimiyyətini sübut etmiş aşiqlərin mücadiləsini ən gözəl biçimdə tanıdacaq əsər yaza bilsin demiş olur. Füzuli bu şeirində ər-Rəbb olan Allahdan dörd nemət istəyir:
Birincisi, kimliyini tanıdır, deyir ki, Allah eşqinin/ilahi eşqin yolçusuyam, aşiqəm, eşq əhliyəm, məni bu yolun şeydası qıl - çılğın, divanə aşiqi qıl, bu yola sımsıx, Məcnun kimi bağla, ikincisi, ibadətin hökmlərini - eşq yolunun haqqını verməyi, aşiqliyə sadiq qalmağı nəsib et, üçüncüsü, mənə həqiqəti göstər, doğru yerdən baxmağı, doğru görməyi, doğrunu görməyi öyrət, dördüncüsü, dilimi aç, ona bərəkət ver ki, həbibinin özəlliklərini danışa bilim.
Məhəmməd Füzuli aşiq, eşq, aşiqlik, imtahan anlayışlarını inşa etmək üçün Allahı, Onun sifətlərini tanıdır: Allah hər şeyin idarəçisidir, qanunlar qoyur, ucadır, hər şeyə qadirdir... Deyir ki, imtahan qanununu da o qoymuşdur, şair Bəqərə surəsinin 155-ci ayəsini qaynaq göstərir, ayənin ərəbcə məzmununu verir - Sizləri imtahan edərik. Füzuli ayəni öz anlayışına uyğun açıqlayır: eşq yoluna sadiqliyini, bu yolda sabitqədəm olduğunu, vəfa yolunu tutduğunu, doğru yolla getdiyini iddia edənlər, şərəf qazanmaq istəyənlər bilsinlər ki, hər iddianın sübuta / əməyə ehtiyacı var, imtahan iddianızın gerçəkliyini üzə çıxaracaq. Şair deyir ki, Allah hər şeyi bilir, o, bir şeyi öyrənmək üçün sizi imtahan etməz, sizi bilməyiniz, özünüzü tanımağınız üçün imtahan edər, ilahi imtahanın məqsədi öyrətmək, seçmək, layiq olanları üstün qılmaqdır.
Məhəmməd Füzuli Allahın imtahan qanununu/ölçüsünü şərh etmək üçün öncə Bəqərə surəsinin 155-ci ayəsinin ümumi məzmununu verir, sonra ayədəki anlayışları - Allahın nələrlə imtahan edəcəyini - bir-bir açıqlayır, təfsir edir, hər sözün ərəbcəsini yazır (ayədə olduğu kimi), sonra da izah edir: "qorxu ilə" imtahan edərik - Füzuli deyir ki, Allah insanı, ya ibadətə rəğbətinin yaranması üçün axirət qorxusu ilə, ya da bu dünyada təslimiyyət, təvəkkül dərəcəsi qazanması üçün dünyəvi müsibətlərlə qorxudar. "Aclıqla" qorxudarıq - Füzulinin təfsiri belədir: Allah, ya şəhvət gücünü qırmaq üçün yeməyi, içməyi, qidanı azaldar, ya da insanın şəri hökmləri yerinə yetirməsi üçün oruc tutmağı əmr edər. "Malla, var-dövlətlə" imtahan edərik - Füzuli deyir ki, bu, ya Allaha sədaqətini göstərmək üçün zəkat, xüms verməkdir, ya da nəfsin tüğyanını azaltmaq üçün sərvəti paylaşmaqdır. "Canınızla/canla" imtahan edərik - Füzuli deyir ki, bu ya nəfsin gücünü qırmaqdır, ya da xəstəliklər vasitəsi ilə cismin zəifləməsidir. "Məhsullarla" / "məhsulların azlığı ilə" imtahan edərik - Füzulinin təfsirinə görə bu ya bağçanın meyvələrinin azalmasıdır, ya da övladını itirməkdir.
Şair bir ölçü də qoyur: Allah imtahanın mərtəbələrini açıqladıqdan sonra (imtahan aşiqliyin ayrılmaz parçasıdır) səbir edənlərə müjdə verir: "Səbir edənləri müjdələ", onların özəlliyi budur: "Bir müsibətlə üzləşəndə deyirlər ki, doğrusu, biz Allaha aidik və sonunda yenə Ona dönəcəyik/qayıdacağıq". Bu, Allaha, onun qanunlarına təslimiyyət şüuru, inancıdır, Allaha iman edən bilər ki, imtahan qaçılmazdır, aşiq olan səbir edər - dirənər, dirənən imtahanı qazanar.
Füzulinin bu ayədən çıxardığı nəticə var: imtahan qaçılmazdır, qədərdir (qədər Allahın varlığa qoyduğu qanunlardır), ilahi yazılımdır, insanın qarşılaşdığı xeyirli işlər də, fəsad işlər də imtahan üçündür, "təmkinin ətəyini tutanlar", yasa batmayanlar, imtahanda olduğunu anlayanlar, Allaha təslim olanlar, mücadilə edənlər imtahanı qazanmaq müjdəsi ilə şərəflənəcək, Allahın yardımını, Ona mənəvi yaxınlığı haqq edəcəklər.
Məhəmməd Füzuli aşiqliklə imtahan arasında bağ qurandan, imtahanın ilahi qanun/qədər olduğunu Qurani-Kərim ayəsi ilə açıqlayandan sonra səbir anlayışına tərif verir, deyir ki, səbir imtahanın, aşiqliyin ayrılmaz bir parçasıdır. Füzulinin ölçüsünə görə səbir imtahanın acılarına dirəniş gücüdür, ilahi nemətdir, səbir o insana verilər ki, o, imtahanın ortaya çıxardığı müsibətlər uçurumuna talib olsun, imtahanın varlığını, acısını qəbul etsin, bu zaman "şərəfi-səbir sərəfraz eylər". Füzuli deyir ki, səbir məhək daşıdır, ölçüdür, onun işi seçməkdir, aşiqi aşiq olmayandan seçər, "küfrü imanı imtiyaz eylər", küfrlə - saxta aşiqlə iman - gerçək aşiq arasına sınır qoyar, onları ayırar.
Şair ilahi kitablardan ("kutubi səmavidən") - ancaq Qurani-Kərimdən deyil -örnək göstərir: sevən də, sevilən də bəladan qurtula bilməz, sonra bu ölçünü təfsir edir, deyir ki, kim sevməyə "ləyaqət buldu", ya da sevilməyə, "məhbub olmağa qabil oldu", o özünü bəla oxuna hədəf etdi, "kəndisini mənzili-nüzuli-ina qıldı" - əzabın nazil olduğu /endiyi mənzil oldu. Şair bu ölçünü bir örnəklə, məcazla açıqlayır: bağçadakı/gülzardakı sədaqət yaşıllığı bəla yağışından bitər, "nəşvü nüma bulur", "məhəbbətin çırağı xəlvətdə möhnət atəşindən rövşən olur". Füzuli imtahanla diriliş ölçüsünü bu məşhur sözlə də izah edir: "Qızıla atəş gərək olduğu kimi, sevənlərə də bəla gərəkdir", o, şeirlə deyir ki, bəla atəş, qızıl məhəbbətdir, sonra da ölçüsünü, mövqeyini Allah Rəsulunun hədisi ilə gücləndirir.
Məhəmməd Füzuli imtahanın/bəlanın şiddəti ilə insanın qabiliyyəti, imkanı, sevgisi, istedadı, dərəcəsi arasında bağ qurur: Allahın nəbilərinin, onlara yaxın olanların, risalətlə şərəflənənlərin imtahanı daha ağırdır, "... zira məratibi möhnətləri (möhnətlərinin mərtəbələri) dərəcati - məhəbbətlərinə məqrundur (məhəbbətlərinin dərəcələrinə uyğundur) və rifəti-mənzilətləri (mənzillərinin/ məqamlarının ucalığı) şiddəti - müsibətlərində (müsibətlərinin şiddətində) məzmundur - ona bağlıdır". Füzuliyə görə, nəbilərdən sonra övliyalar gəlir - onların imtahanları ağırdır, belə ki, övliyalar nəbilərin həqiqətlərinin güzgüsüdürlər, şəriət qanunlarını qoruyan insanlardır, sonrakı sırada təqva sahibləri yer tuturlar - ixlas, təqva sahiblərinin, ilahi dərgaha yaxın olanların bəlası / imtahanı şiddətli olar, Allaha yaxın olan bəlaya/imtahana da yaxın olar.
Məhəmməd Füzuli imtahanın dərəcələrini göstərərkən Allahın son Elçisini o biri nəbilərdən seçir, üstün qılır - bunun Qurani-Kərimə uyğun olmadığını söyləmişdik. Şair hz. Hüseynin çəkdiyi acıların şiddətini də onun Allah Rəsulunun ailəsinin üzvü, "risalət nəslinin davamçısı", "nübüvvət nəslinin qaymağı" olmasına bağlayır. O, fərqli qaynaqlardan topladığı rəvayətləri tanıdır, bu rəvayətlərdə olan bir cümləni önə çıxarır: hz.Hüseyn şəhid olanda yeddi fələk qan ağladı, Füzuli məcazi danışır, mübaliğələrə yer verir, qitə yazır, deyir ki, bu, bir hökmdür ki, yaradılan hər varlıq şəhid Hüseynə yas tutar. Füzuli yanlış ölçülər də qoyur, yazır ki, kim hz.Hüseynin müsibətindən xəbərdar olmasa, Allah Rəsulu - Əhməd ona şəfaət etməz, həşr günü Allah onu bağışlamaz...
Şair Kərbəlanı bir şəhidlik məktəbi kimi tanıdır, deyir ki, müsəlmanlar, iman sahibləri hər ilin məhərrəm ayında Kərbəla şəhidlərini yad edir, "şühəda daği - musibətin tazə qılırlar":
Məhərrəmdir bəhari-gülşəni-qəm,
Nəsimi - dilkəşi ahi-dəmadəm.
Ol eylər səbzeyi müjganı nəmnak,
Könüllər qönçəsinə ol salır çak.
Məhəmməd Füzuli "Hədiqətüs-süədanı" türkcə yazmasının səbəbini açıqlayır: Kərbəla şəhidlərini yad etmək üçün təşkil olunan məclislərdə farsca, ərəbcə danışılır, bu iki dildə kitablar oxunurdu, nəticədə, çoxluq olan "əziz türklər ... idraki-həqayiqi-əhvaldan məhrum qalırdılar". Bu hal şairi düşündürür, ailənin (əhli-beytin) matəmi öz hal dili ilə Füzulidən tələb edir, hücum əli ilə onun yaxasından tutur, deyir ki, ey Kərbəla şahının feyz, xeyir, bərəkət nemətinin süfrəsinin sevimli qonağı (bu süfrəni sevən) Füzuliyi - mübtəla, yeni bir tərz icad et, türkcə məqtəl inşa qıl (yaz) ki, türk dilində danışan füsəhalar ondan fayda götürələr, hadisənin məzmununu qavrayalar.
Füzuli deyir ki, bu nəsihəti qəbul etdim, bu xidmətin (türk dilində məqtəl yazmağın) səadət olduğunu anladım, yazmağa qərar verdim. O, türkcə məqtəl yazmağın çətin olduğunu söyləyir, belə ki, sözlərin çoxu belə əsər yazmağa uyğun deyildir - "... əksəri-əlfazı rəkik (incə) və ibaratı nahəmvardır..." ("sözlərinin çoxu incə/zəif və ibarələri kələ-kötürdür"). Şair inanır ki, övliyanın himməti ilə bu çətin işi yerinə yetirəcək.
Füzuli qitə yazır, Allaha dua edir: Sən ərəbə, türkə, əcəmə feyz, nemət, bərəkət, elm, mərifət verdin, ərəbi aləmin gözəl danışanı qıldın, əcəmin gözəl danışanlarını İsa nəfəsli etdin, mən türkzəbandan iltifatını az eyləmə!
Şair Allahdan yardım istəyir, deyir ki, Sən hər şeydən xəbərdarsan, bilirsən ki, Səndən başqa yardımçım yoxdur, bu məkanda paxıllarım, düşmənlərim çoxdur, Sənin kərəminə, mərhəmətinə möhtacam, mənə güc ver ki, "bu binayi-mücərrədi" (Kərbəla mövzusunu) təmir edim, "bu mülki-müəbbədi" (əbədi mülkü) gözəl sözlərlə (türkcə) yenidən dirildim, istəyirəm ki, paxıllar, inad əhli olanlar mənə hücum etdikcə Sən də mənə yardım edəsən. O, duasını ayə ilə bitirir: "Sən, əlbəttə, hər şeyə qadirsən" (Ali-İmran, 3/26).
Məhəmməd Füzuli ərəbcə, farsca məqtəl yazmış bir sıra müəlliflərin adını çəkir, onlara ehtiramını bildirir, "Rövzətüş-şühəda"nın yazarı Hüseyn Vaiz Kaşifiyə ayrıca yer verir, əsərinin adını göstərir, onu "həzrəti-əfsəhul-mütəkəllimin Mövlana Hüseyn Vasiz" (danışanların ən gözəli - Kərbəla mövzusunda ən gözəl əsər yazmış - böyüyümüz / dostumuz / yardımçımız həzrət Hüseyn Vaiz) kimi tanıdır.
Şair "Hədiqətüs-süəda"nı yazarkən, əsas qaynaq olaraq "Rövzətüş-şuhəda"nı seçdiyini, ona "iqtida qıldığını" (tabe, bağlı olduğunu, "iqtida" sözünün bu mənaları var: "izləmə", "birinin yolu ilə getmə", "yamsılama", "təqlid etmə", "bir əsasa bağlı qalma") açıqlayır, deyir ki, bu mövzu ilə bağlı başqa kitablarda olan "... nükati-qəribələri (maraqlı nöqtələri/bilgiləri) mümkün olduqca ana - "Hədiqətüs-süəda"ya əlavə qılaraq" əsərin on fəsil (bab) və bir xatimədən ibarət olmasını istədim.
Məhəmməd Füzuli dibaçənin sonunda fəsillərin və sonluğun adını tanıtmış, iki beytlik bir qitə yazaraq ər-Rəbb olan Allahdan yardım istəmişdir:
Ya Rəbb, müsafiri-rəhi-səhrayi-möhnətəm,
Tövfiq edib rəfiq bana sidqi rəhbər et.
Sərmənzili - muradə yetir, sərbülənd qıl,
Məhrum qoyma cümlə muradım, müyəssər qıl.
(Ey Rəbb, möhnət səhrasının yolunun yolçusuyam, güc ver - uğur nəsib et, mənə sədaqəti (doğruluğu) rəhbər qıl, sədaqət yoldaşım olsun, arzumun mənzilinə - hədəfimə qovuşdur, başımı uca qıl, məni arzularımdan məhrum etmə, mənə zəfər ver!)
Məhəmməd Füzuli "Hədiqətüs-süəda"nın sonunda hz.Hüseynə otuz beytlik mərsiyə yazmışdır, ancaq mərsiyə ayrıca fəsil (bab) olmadığı üçün onun adını dibaçənin sonunda təqdim etdiyi fəsillərin sırasına artırmamışdır: "Mərsiyeyi-imam Hüseyn radiyallahu ənh" ("İmam Hüseynin mərsiyəsi - Allah ondan razı olsun").
"Hədiqətüs-süəda"nın sonunda bir bölmə də var: "İzhari-təvəllüdi-əimmə və qayrihi-radiyallahu ənhum" ("İmamların və başqalarının təvəllüdünün açıqlanması - Allah onlardan razı olsun"). Məhəmməd Füzuli bu bölmədə on iki imamın hər birinin doğum tarixi, doğum yeri, ailəsi ilə bağlı qısa məlumat vermişdir. Bu bölmə ayrıca fəsil (bab) olmadığından şair onun adını dibaçədə göstərdiyi fəsillərin sırasına yazmamışdır.
Məhəmməd Füzuli "Hədiqətüs-süəda" əsərini münacatla bitirmişdir. Münacat dörd məsələni əhatə edir: birincisi, şair Allaha həmd və şükür edir ki, Onun verdiyi güclə belə bir əsər yazdı, ikincisi, Osmanlı padşahı Sultan Süleymanı tərifləyir, ona dua edir: - "Allah fəlakətləri qiyamətədək onun üzərindən qaldırsın", soltanın mərhəməti Füzulinin üzərində davamlı olsun, üçüncüsü, Məhəmməd Paşaya yardımlarına görə təşəkkür və dua edir, dördüncüsü, Füzuli bəlağət sahiblərinə, alimlərə, bu işi bilənlərə deyir ki, "Hədiqətüs-süəda"nı diqqətlə oxusunlar, xətaları düzəltsinlər, Füzuliyə duaçı olsunlar, üzrünü qəbul edib hər nöqsanını tamamlasınlar.
Məhəmməd Füzuli münacatını - "Hədiqətüs-süəda"nı şeirlə bitirir, diqqəti üç məsələyə yönəldir: a) özünü tanıdır, yazdığı əsərlə dini, ədəbi, insani kimliyi arasında bağ qurur: "Giriftari-qəmi-aləmi Füzuli" ("Aləmin qəminə tutulan Füzuli"); b) təvazökar olduğunu göstərir, çox böyük əsər yazdığımı iddia etmirəm; c) sözü anlayanlara deyir ki, Füzuliyə, əsərinə mərhəmətlə yanaşın, ona əsla hücum etməyin ("Gəl ey hali-təkəllümdən xəbərdar, Tərəhhüm qıl, təərrüz qılma, zinhar"), Füzuli "Hədiqətüs-süəda"nın qüsurlarının göstərilməsinə qarşı deyil - öncə dedi ki, bu əsərin nöqsanlarını söyləyin - hücuma, qaralamağa, gözdən salmağa qarşıdır.
"Hədiqətüs-süəda"nın dibaçəsində Qurani-Kərimin üç ayəsindən istifadə olunmuşdur (2/155; 2/156; 3/26), Füzuli hansı məsələdən danışırsa, ona uyğun ayə seçmişdir, Bəqərə surəsinin 155-ci, 156-cı ayələri imtahanla bağlıdır, şair 155-ci ayənin hər sözünü bağlı olduğu anlayışa uyğun biçimdə təfsir etmişdir. O, Allahdan yardım istəyəndə, paxıllardan, düşmənlərdən qorunmağa ehtiyacı olduğunu bildirəndə Ali-İmran surəsinin 26-cı ayəsini mətnə yerləşdirmişdir: "Sən, əlbəttə, hər şeyə qadirsən".
Məhəmməd Füzuli "Hədiqətüs-süəda"nın dibaçəsində Allah Rəsulunun altı hədisinə yer vermişdir, onlardan üçü imtahanla, üçü də birbaşa, ya da dolayı olaraq hz.Hüseynlə bağlıdır. Bu hədislərin səhihliyi araşdırılmağa möhtacdır, ümumiyyətlə, Füzulinin əsərdə istifadə etdiyi hədislərin sağlamlıq dərəcəsinin öyrənilməsi bir elmi işin mövzusudur.
"Hədiqətüs-süəda"nın dibaçəsində Füzuliyə aid on bir şeir parçası var. Şair hər bölməyə (mövzuya) uyğun şeir yazmışdır, dibaçə şeirlə başlayır, şeirlə bitir, Füzuli işə Allahın ər-Rəbb adı ilə başlayır, deyir ki, ey Rəbb, rəhi-eşqində (eşqinin yolunda) bəni şeyda qıl, işi (əsəri) ər-Rəbb adına müraciətlə də bitirir: ya Rəbb, müsafiri - rəhi - səhrayi - möhnətəm, bana sidqi (doğruluğu) rəhbər, dost, yoldaş et!
Məhəmməd Füzuli dibaçədə bir hikmətli sözə yer ayırmışdır: "Qızıla atəş gərək olduğu kimi, sevənlərə də bəla/imtahan gərəkdir".
Nəticə
- "Hədiqətüs-süəda" Məhəmməd Füzulinin türk dilində yazdığı nəsr əsəridir;
- əsərin dili çətindir: sıradan bir türk oxusa, başa düşməz, belə ki, çoxsaylı ərəb, fars sözləri var, bir ərəb oxusa, anlamaz, belə ki, çoxlu türk, fars sözləri var, bir fars oxusa, qavramaz, belə ki, mətndə ərəb, türk sözləri önəmli yer tutur. Ədəbi, fəlsəfi, dini, irfani anlayışların olması da əsərin öyrənilməsini çətinləşdirir;
- "Hədiqətüs-süəda"nın on fəsli, bir xatiməsi, üç əlavəsi var;
- Məhəmməd Füzuli bu əsəri irfani-təsəvvüfi görüşlərini açıqlamaq üçün yazmış, imtahan, eşq, aşiqlik, səbir, şəhidlik anlayışlarını izah etmişdir;
- Məhəmməd Füzuli "Hədiqətüs-süəda"nın dibaçəsində öncə imtahan anlayışını izah edir, imtahanı ilahi qədər kimi tanıdır (qədər Allahın varlığa qoyduğu qanunlardır), Qurani-Kərim ayələrini qaynaq göstərir;
- səbir anlayışının mənasını açıqlayır - səbir ölçüdür/məhəkdir, gerçək aşiqlə saxta aşiqi ayırır;
- şair Allah Rəsulunun hədislərinə yer verir, "imtahan nədir?" sualına cavab axtarır;
- Məhəmməd Füzuli imtahan anlayışını hz.Hüseynin təcrübəsi ilə tanıdır;
- şair dibaçədə bu əsəri niyə türk dilində yazdığının səbəblərini göstərir;
- dibaçədə "Hədiqətüs-süəda"nın qaynaqlarının adlarına yer verilir, Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda"sı əsas qaynaq kimi göstərilir;
- dibaçədə "Hədiqətüs-süəda"nın on fəslinin (babının), bir xatiməsinin adı təqdim olunmuşdur;
- dibaçə nəsr və nəzmlə yazılmışdır;
- Qurani-Kərim ayələrinə, hədislərə, hikmətli sözlərə yer verilmişdir;
- Məhəmməd Füzuli dua edir, Allahdan yardım istəyir: imtahanla, şəhidlik, aşiqlik, səbir, eşq məktəbi ilə bağlı əsər yazmağı nəsib et, məni paxıllardan, düşmənlərdən qoru;
- şair dibaçədə özünü tanıdır, möhnət səhrasının yolunun müsafiriyəm, ey Rəbb, məni eşqinin - ilahi eşqin yolunda şeyda qıl;
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!