"Şuşaya salam!" şeirlər toplusu Səlim Babullaoğlunun təfsirində - Zemfira Məhərrəmli yazır

Yazı masamın üstündə bir kitab var - "Şuşaya salam!" adlanır. Qədim tarixi, təkrarolunmaz, füsunkar təbiəti, can dərmanı havası, büllur bulaqları və mədəni ənənələri ilə diqqəti özünə çəkən Şuşamız. Dünya mədəniyyətinə, ədəbiyyatına ünlü isimlər, dahi sənətkarlar bəxş edən Qarabağımızın baş tacı! Xain, bədnam düşmənin işğalına məruz qalsa da, haqq-ədalət bərqərar olmuş, otuz illik həsrət və intizardan sonra artıq Şuşamız yenidən öz kökünə qayıdıb çiçəklənmə dövrünü yaşayır.

Haqqında söz açdığım kitab Şuşamızın indiki inkişaf dövrünün, bugünkü mənzərəsinin tərcümanı, ifadəçisi kimi yaranıb, ərsəyə gəlib. "Şuşaya salam!" bir ədəbiyyat layihəsi olaraq möhtərəm Prezidentimizin elan etdiyi 2022-ci il "Şuşa ili" çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Birliyin beynəlxalq məsələlər üzrə katibi, şair-publisist, tərcüməçi Səlim Babullaoğlunun müəllifliyi, Mədəniyyət Nazirliyinin dəstəyi və "Space" TV-nin tərəfdaşlığı ilə gerçəkləşib.

Azərbaycan da daxil olmaqla, 30-dək ölkədən 44 tanınmış şair canlı TV bağlantısı ilə ecazkar Şuşamız barədə fikirlərini söyləyib. Məxsusi olaraq Şuşaya həsr etdikləri, yaxud Şuşaya ithafən yazılmış Vətən şeirlərini səsləndiriblər. 44 gün müddətində hər gün bir şair öz şeiri ilə Şuşamızı salamlayıb.

Həmin şairlərin çoxu Şuşanı heç vaxt görməyib. Buna baxmayaraq, müxtəlif xalqların ədiblərinin bu şəhərin tarixi keçmişi, dünyaca məşhur sənətkarları, musiqiçiləri, şairləri barədə bilgilərinin əks olunduğu poeziya nümunələri maraqla oxunur. Kitabda yer alan şeirlərin böyük əksəriyyətini dilimizə Səlim Babullaoğlu çevirib.

Kitab dünya şöhrətli yazıçımız, ustad Anarın təqdimatında mərhum Xalq şairimiz, unudulmaz Rəsul Rzanın "Şuşam mənim" şeiri ilə açılır:

 

Sinəsi qabarıq,

nağıllardan gəlmiş

pəhləvandır

Şuşam mənim.

Mərdliklə, gözəlliklə

qoşam mənim...

Sənin doğma torpağında

neçələrin gözü qalıb.

Vətən adlı doğma yurddan

püşk olarmı?

Pay olarmı?

Yüz bir şəhər adı çəkim,

gözəllikdə biri sənə tay olarmı?

 

Özbəkistanın Xalq şairi Xurşud Davron təqdim etdiyi şeirində qədim Azərbaycan şəhəri Şuşanın təkcə gözəlliklər məskəni deyil, həm də mərdlik, yenilməzlik rəmzi olduğunu söyləyir, bu ecazkar torpağın qoynunda neçə-neçə ünlü sənətkarın yetişdiyini, Şuşanın zəngin mədəniyyətimizin ayrılmaz bir parçası olduğunu yada salır:

 

Hər çiçəyin yarpağında

Mir Nəvvabın boyağı var.

Hər guşəndə Nizaminin, Nəsiminin, Füzulinin

yandırdığı çırağı var.

Mənəm, bu gün sənin balan

Şad günündə danışıram:

Sən qəlbisən Qarabağın,

Salam, Şuşa, salam, Şuşa!

 

Səlim Babullaoğlunun şövqlə dilimizə çevirdiyi həmin şeiri oxuyanda özünü Şuşada hiss edirsən. Qoç igidlərin nərəsi eşidilən bu torpaqda ərənlərin yay çəkib ox atması, qarı düşmənin bağrını dəlməsi göz önünə gəlir. Özbək şairin bu şeirində Şuşamız həm zərifliyin, həm də poladtək əyilməzliyin rəmzi kimi təsvir edilib:

 

Əsrlərdən hikmət söylər

hər çiçəyin, hər bir daşın.

Ürəklərə qüvvət verir

polad əzmin, səbrin, yaşın.

Belarus poeziyasının sevilən şairlərindən olan Lariya Kobestin Şuşaya həsr etdiyi şeiri də Səlim Babullaoğlunun haqqında bəhs etdiyim bu tərcümə kitabındakı kövrək, duyğulu nəzm nümunələrindən biridir. Bir xanım yazarın qəlbinin həzin pıçıltılarıdır bu misralar:

 

Qoca Qarabağın üzəriylə əsən

azad küləkdə

nəfəsini hiss edirəm, Şuşa.

Dağların başındakı

hüdudsuz dumanların susqunluğunda...

Ümidini, sevincini

hiss edirəm, Şuşa,

eşidirəm daşların altından,

yenə necə cücərir, boy atır Xarıbülbül...

 

Tərcümə işi çox maraqlı bir ədəbi prosesdir. Bədii söz sənətinin tərcüməsi də bu qəbildəndir. Təbiidir ki, tərcümə sənətini sevmədən və bununla bağlı bilgilərin olmadan hər hansı bir bədii parçanı bacarıqla, səlis tərcümə etmək mümkünsüzdür. Azərbaycanda tərcüməşünaslıq elmi, bədii tərcümə sənəti zaman-zaman təşəkkül tapıb. Səlim Babullaoğlunun təfsirində də dünya poeziyasının dilimizdə canlandırılmış gözəl nümunələri var. Tərcümə sənətinin bilicilərindən olan Səlim müəllim haqqında bəhs etdiyimiz şeir toplusundakı poetik nümunələri bizim türkcəmizə çevirərkən müəlliflərin lirik duyğularına, zərif hisslərinə sayğı ilə yanaşıb. Qarabağımıza ithaf edilmiş şeirlərin əksəriyyəti o qədər ürəkaçan və pozitivdir ki, tərcüməçi də sövq-təbii bu nikbin ovqata köklənir. Səlim müəllimin türkcəmizə uyğunlaşdırdığı daha bir nümunədə - İraq-Kərkük ədəbiyyatının ünlü isimlərindən olan Şəmsəddin Kuzəçinin şeirində olduğu kimi:

 

Kərkükün qalasından,

öz türkmən balasından,

mor sünbül talasından

məhəbbət gətirmişəm.

 

Kərkük, Təbriz, Marağa,

Xudam, salma irağa,

vətənim Qarabağa

mən övlad gətirmişəm.

Monteneqrolu şair, tərcüməçi Bojidar Proroçiçin təqdim olunan şeirində məhəbbətlə, böyük rəğbətlə qələmə alınmış bir əzəmətli Şuşa obrazı var:

 

Ey Şuşa, sən azadlıq sözündən yoğrulan,

Dağlarda gizlənmiş bir incisən...

Damarlarında azadlıq ruhu axan

ləyaqətli övladların səni qaytardı.

Gözləri yolda qalmış əziz Şuşa,

Sən həmişəlik azadsan!

     

Qazaxıstan şairi, publisist Sayat Kamsıger bütün türk xalqlarının mənəvi paytaxtı Şuşaya həsr etdiyi şeirində Şuşanı "Qarabağın qəlbi, canı və dünyanın həyəcanı" adlandırır, "indi dövran sənin dövranındır" söyləyir:

 

Türk elləri bir oldu, zaman gəldi,

Hə, bir baxın, o böyük Turan gəldi.

Şüşə qəlbim dirçəldi, oldu Şuşa.

Dəmir yumruq, biləkdi, qoldu, Şuşa.

     

Kitabı oxuduqca tərcüməçi ilə şeirlərin müəllifləri arasında maraqlı bir təmas duyulur: sanki ortada bir isti anlaşma, qarşılıqlı fikir mübadiləsi var. Bu isə bədii mətni çevirən şəxsə, sözün əsl mənasında, stimul verir. Əlbəttə, şeirləri yüksək zövqlə tərcümə etmiş Səlim Babullaoğlunun zəngin dünyagörüşü, peşəkarlığı da göz önündədir.Tərcüməçi oxucuya, ədəbi cameəyə müəllifin ötürmək istədiyi əhval-ruhiyyəni, məramı, bədii-estetik informasiyanı mükəmməl çatdırıb. Ən əsası isə, şeirin təsir gücünü, bədii mətnlərdəki fraqmentləri, realiləri izahıyla saxlaya bilib. Həm də tərcümə zamanı Səlim müəllim üçün dilimizin gözəlliklərinə, poetikasına sədaqət birinci dərəcəlidir. Dost ölkələrin ünlü şairlərinin Qarabağımızı vəsf edən şeirləri S. Babullaoğlunun təfsirində bir qədər də cilalanıb, arınıb-durulub.Tərcüməçinin şeir dilinin belə şirin və axıcı olmasının da fərqindəyəm. Axı, Səlim Babullaoğlunun öz şeirlərinin dili də gözəl, səlis və rəvandır:                                                                 

 

Müqəddəs ol, sən uca ol daima,

Qoy bayrağın çevrilsin göz dağına.

Yağıların qarşısın kəs, hey yaşa,

Sən Zəfərin vətənisən, ay Şuşa!

                            

S.Babullaoğlunun şeirləri, geniş nəfəsli lirikası hər gün təkrarlanan həyatın saflığından,  təbiiliyindən doğur və çağdaş poeziyamızda bədii-estetik məziyyətləri ilə diqqəti çəkən qələm nümunələridir. O, artıq 90-cı illərdən Azərbaycan ədəbi mühitində öz sözünü demiş simalardandır. Şair, esseist, tərcüməçi və ədəbiyyatşünas Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri və fərqli üslubi imkanlar qazanaraq daha da yüksəlməsində mühüm rolu inkaredilməzdir. Eyni zamanda, bir-birindən fərqli nümunələr olan esseləri, ədəbiyyatşünaslığa dair məqalələri, uğurlu təşəbbüskarlıq və təşkilatçılıqla həyata keçirdiyi söz-sənət layihələri S.Babullaoğlunun Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyətimizə əvəzsiz töhfələridir.          

Bədii tərcümə prosesinin ağır və bəzən üzücü olduğunu nəzərə alsaq, "Şuşaya salam!" kitabının işıq üzü görməsi üçün böyük əmək sərf edildiyi bir daha göz önünə gəlir və Səlim müəllimin tükənməz enerjisi, peşəkar çalışmaları qibtə hissi doğurur. Yeri gəlmişkən, deyim ki, sözügedən bu ədəbiyyat layihəsində ölkəmizi görkəmli söz adamları - Xalq yazıçısı Anar, Xalq şairləri - Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vahid Əziz, həmçinin İmir Məmmədli, İlqar Fəhmi, Sayman Aruz, Əkbər Qoşalı, Fərid Hüseyn və Səlim Babullaoğlu kimi tanınmış ədiblərimiz təmsil etmişlər.

"Şuşaya salam"la bağlı mülahizələrimi dəyərli qələm dostumuz S.Babullaoğlunun həmin kitabda yer almış, dərin mətləbləri açan, düşündürən şeirindən bir parça ilə tamamlamaq istəyirəm:

 

Namərd yağı göz diksə də yurduma,

evimizə düz gəlmədi dirəyi,

elimizə düz gəlmədi ürəyi,

qolumuza tən gəlmədi biləyi...

Xatirələr bizimlədir - qol-boyun:

hamı sağdır, hamı şaddır, anacan.

Çal-çağırdı el-obada, toy-düyün,

bu ev bizim evimizdi binadan.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!