Ruhlarla əlaqə, yaxud ozan-aşıq sənətinin fəlsəfəsi - Rüstəm KAMAL

Rüstəm KAMAL

Bu resenziyavari tezislər prof. Məhərrəm Qasımlının elmi axtarışlarının ("Aşıq sənəti: qaynaqları, tarixi təşəkkülü və mühitləri", - Bakı, 1994) məntiqi nəticəsi olan "Ozan-aşıq sənəti və ədəbiyyatı" adlı fundamental araşdırması ətrafında gəzişmələrdir.

Əsərdə Azərbaycan aşıq sənətinin mənşəyi, tarixi təkamülü və "biçimlənmə mərhələləri"nin ictimai-siyasi, ideoloji konteksti geniş aydınlaşdırılır və bölgələr üzrə lokallaşmasının (aşıq mühitləri) şərtləri və coğrafi-etnik hüdudları göstərilir. Bir sözlə, aşıq yaradıcılığı bütöv, mürəkkəb bir etnomədəni sistem kimi nəzərdən keçirilir.

Araşdırmada problemin çoxşaxəli nəzəri qoyuluşu M.Qasımlını fərqli səviyyələrdə - etimoloq, ədəbiyyat tarixçisi, kulturoloq, bəzən də semiotik (bu terminin adını çəkməsə də!) kimi çıxış etməsini şərtləndirmişdir.

Görkəmli tədqiqatçı ənənəvi olaraq, ilk növbədə tarixi-etnoqrafik bilğilər əsasında ozan-şaman kəsişmələrinə aydınlıq gətirir, iki sənət tipinin genetik-funksional səviyyədə ortaq və fərqli cəhətləri qeyd edərək, belə qənaətə gəlir ki, "əski çağlarda ozanın yerinə yetirdiyi vəzifələrlə qamın funksiyası arasında elə bir ciddi fərq olmadığı aydınlaşır. Daha doğrusu, türk tayfalarında qamşamanın çoxvariantlı "baxşı", "buğu", "sındar", "pərixan", "oyun", "falbin" sırasından olan adlarından biri də "ozan" olmuşdur. Bu ad oğuzlar arasında daha çox yayılmış və tədricən "qam" sözünü əvəz etmişdir" (s.32).

Doğrudan da, türk epos ifaçılığını bildirən elə terminlər var ki, etimologi cəhətdən şaman anlamlarına çox yaxındır. Özbək dilində "baxşı" xalq təbibi, falçı və şamandır, həm də dastan söyləyicisidir.

Əlbəttə, ozan və qam-şaman iki mədəniyyət tipidir, hər ikisinin arasında dərin bağlantıların və ənənə xəttinin olması da mümkündür. Prof. M.Qasımlı ozan sənətinin şamançılıqdan tədricən müxtəlif mərasimlər (etnoqrafik, hərbi-siyasi, dini mərasimlər) kontekstində differensiallaşdığını yazır və daha sonra maraqlı bir kulturoloji tezis irəli sürərək, ozan-aşıq keçidini "informasiya yükünün" diaxron-sinxron səviyyədə dəyişməsi də əlaqələndirir: "Ozanların tarix səhnəsində öz fəaliyyətlərini daynadırmasını onların daşıdıqları informativ yükü (ozan qoşqu və söyləmələrini, o cümlədən də Dədə Qorqud boylarını) də sondürür. Sıradan çıxan, tarixin qavranlığına çəkilən peşəkar söyləyici-ifasından az sonra el-camaat yavaş-yavaş həmin mətnləri unutmağa başlayır, etnosun ümumi yaddaşı mətnləri unutmağa başlayır, etnosun ümumi yaddaşı ozan informativ yükünü onun özü olmadan çox da uzağa apara bilmir" (s.295)

Aşıq sənəti fərqli etnomədəni yaddaş hadisəsidir. Yaddaş tipi mədəniyyət tipini müəyyənləşdirir - ustad Y.M.Lotman belə deyirdi. Məhərrəm Qasımlı da "informasiya yükü" janr repertuarı anlamındadır, aşıq yaddaşı ilə sənəti ilə sıx bağlı bir məsələdir. Ona görə ozan-aşıq janr ənənəsinin obrazını onun daşıdığı "informativ yük" əsasında səciyyələndirir.

Monoqrafiyada eposda təhkiyə (söyləmə) və vokal başlanğıcların qarşılıqlı əlaqəsinə xüsusi yer ayrılması məntiqi cəhətdən özünü doğruldur və tədqiqatçı epik təhkiyənin musiqi biçimində süjetin rolu haqqında çox maraqlı nəzəri qənaətlərini bölüşür ki, bu da, ümidvaram, gələcəkdə bu yöndə araşdırmaların aparılmasını təşviq edir. İllər öncəsi, bir qış gecəsində, İncə dərəsində (Yazıçı E.Hüseynbəyli, şair E.Z.Qaraxanlı və M.Dəmirçioğlu ilə bir yerdə) Aşıq Sadığın (ustad Aşıq Avdı Qaymaqlının oğlu) "Əlixan-Pərixan" dastanını ifa edərkən təhkiyənin vacib dönəmlərinə uyğun saz havalarını necə dəyişməsinin şahidi olmuşduq. Epik personajın düşdüyü situasiyalardan və epizodlardan asılı olaraq, aşıq intonasiya sferasını tənzimləməsi aşıq poetikasının mühüm prinsiplərindən biridir.

M.Qasımılı aşıq sənətinin əsas özəllikləri (ustad-şagird əlaqələri, "folklor-yazı-aşıq poeziyası" münasibətləri, improvizə və epik mətnlərin variativliyi məsələləri və s) də yanaşı, ifa zamanı aşığın ritual-davranış formaları olan jest, mimika, bədən hərəkətləri kimi ifadəlilik elementlərinə də toxunur, bununla da gələcək araşdırmalar üçün nəzəri-metodoloji "ipucu" vermiş, olur.

Amma araşdırmada bir jestin metaforik anlamı - simvolik yozumu barədə xatirə səciyyəli nəzəri ümumiləşdirməsi diqqətimi çəkdi: "Aşıqlar təsəvvüf ruhlu mahnılar oxuyarkən həmin mətnlərdəki bir sıra rəmzi səciyyəli hərf və deyimləri dinamik hərəkət - rəqslər vasitəsi ilə ifadə etməkdədir. Qocaman el sənətkarı Murad Niyazlı 1991-ci ildə Şəmkirdə bu barədə gedən söhbət zamanı bizə bildirdi ki, ustad tapşıoığına görə Qurbaninin:

 

Arif idim, oxudum Haqq kəlamını,

Əlif qəddim dal yazıldı o bürcə

 

- misralarını oxuyanda adıçəkilən hərflərə uyğun olaraq aşıq əvvəlcə öz qəddini ərəb əlifbasındakı "əlif" hərfi kimi düz tutmalı, daha sonra isə ibadət-itaət işarəsi olaraq əyilib "dal" hərfi şəklinə salmalıdır. Aşıq Murad köhnə aşıqların saz çala-çala "La İlahə İllal-lah"ı qol, çiyin və baş hərəkətləri ilə hərfbəhərf ifadə eləməsini də öz gözü ilə gördüyünü söylədi". (s.140).

M.Qasımlı "ifa xronotoplarından" asılı olaraq, ozan-aşıq ifaçılıq sənətini və aşıq mühitlərinin tiploqiyasını müəyyənləşdirir. Aşıq ifaçılığının etnoregional və mərhələ və tipilogiyasını təxminən belə təklif edir:

1) üç əsas növdə-söyləmə, calğı ilə oxu və qarışıq tipli (reçitativ və oxu ilə söyləmə) ifa tərzi; 2) ansambl ifası (məsələn, Şirvanda, Gədəbəydə). Aşıq mühitləri ilə bağlı araşdırmaların əsas nəzəri mənbəyi prof. M.Qasımlının "mühit təsnifatıdır". Bu təsnifatın altyapısında aşıq sənətinin "tənəzzül tərəqqi" xəttini sezmək olar.

Alimin bir fikrində tamamilə haqlıdır ki, aşıq ifacılığında müsiqi aləti (saz, balaban) yalnız mühüm səsləniş-havacat vasitəsi deyil, həm də xüsusi simvolik məzmunlu predmetdir. Azərbaycan dastanlarında saza sakral münasibətin mistik-ezoterik xüsusiyyətlərinin təsviri də bu üzdəndir.

Araşdırmanın vacib nəzəri məqamlarından biri də odur ki, aşıq sənəti, ümumiyyətlə, simvolik sistem kimi, sakral-simvolik işarələr sistemi kimi göstərilir. Monoqrafiyanı oxuduqca görürsən ki, ozan-aşıq sənətinin simvolik yaddaşı çox qədimlərə gedib çıxır və onun simvolik invariant nüvəsi dini inancları, irfan-təkkə dünyagörüşünü, epik süjetləri və mətnləri özündə birləşdirir.

M.Qasımlı folklor semiotiki kimi, təsəvvüf işarə sistemini aşıq sənətinin fəlsəfəsini "kodlaşdıran qurğu kimi" (Y.Lotman) mənalandırır. Təsəvvüf simvolikası Azərbaycan eşq dastanlarının süjet axarını müəyyənləşdirmiş, "təkkə kökənli aşıqların" (M.Qasımlı) və şairlərin yetişməsini şərtləndirmişdir.

Görkəmli alim şair fəhmi və həssaslığı ilə bildirir ki, ruhlarla əlaqəyə girmək, onlara təsir etmək üçün şaman qamlarmalarında olduğu kimi, dastan söyləmələri də ruhlara ünvanlanırdı. Qamlama zamanı şaman özü necə ruha çevrilirsə, şaman mətnləri isə şamanın "özgə" dünyalara səyahətini, aşıq həmin "ordan" da "sağ-salamat" əks etdirir. İfaçı-söyləyiçi mətnlərin köməyi ilə hami yardımçı ruhlar yaman ruhları və şər qüvvələri neytrallaşdırır. Aşıqlar inanırlar ki, dastan qəhrəmanları hami ruhlardır. Fikrimin təsdiqi kimi Məhərrəm müəllimin bir ibrətli xatirəsinə üz tuturam: "Televiziyada "Musiqi xəzinəsi" verilişini aparırdım. Borçalıdan gəlmiş səksən beş yaşlı ustad aşıq Məhəmməd Sadaxlı bir "Dəli Koroğlu" havası oxumaq istədi. Mən qocaman aşığın yaşını nəzərə alı bonu niyyətindən yayındırmaq istədim. Aşıq Məhəmməd israr etdi və qəribədir ki, "Dəli Koroğlu" havasının ayağını - zil məqamını da məharətlə oxumaqdan çəkinmədi. Mən havanı rahatlıqla oxuyub geri qayıdan aşığa:

- Ustad, çoxmu çətin oldu? Bu yaşda səsi zora salmadınız ki?! - söyləyərək həyacanımı gizlətmədim.

Aşıq Məhəmməd zarafatla:

- Yox, oğul, narahat olma, Koroğlu özü kömək elədi - cavabını verdi" ("Əlini uzat mənə" kitabından, s.187-188).

Araşdırmada belə bir ciddi nəzəri qənaət ortaya çıxır ki, ozan-aşıq sənətinin tarixi gerçəkliklə ilişgilərini araşdırmadan janrların genezism problemi tam həllini tapa bilməz. Doğrudan da, aşıq sənətinin təşəkkülü və inkişafı janrın estetikası sərhədlərindən kənarda mümkün deyil, yəni onun tarixliyi janr tarixliyinin səciyyəsi ilə bağlıdır.

Ədəbiyyat tarixi janr tarixidir. Bu baxımdan aşıq ədəbiyyatı da "özünəməxsus poetik qəlib və biçimlərə, şeir çeşidləri, üslubi imkan və bədii vasitələrə malik bədii təfəkkür hadisəsidir" (s.313).

Aşıq ədəbiyyatı janr sistemini bərpa etmədən onun fəlsəfəsini anlamaq mümkünsüzdür, ona görə də hər bir janrın melopoetik strukturu, adresatı sakrallığı və funksiyası haqqında yığcam məlumatlar verir.

Ozan-aşıq yaradıcılığının janr sistemi birbaşa mərasim-mifoloji ənənənin təsiri ilə diqtə olunur, yaxud onun modelləri ilə yaranır. Birinci halda mətnlərin janr distrubasiyası ilk növbədə onların funksional əhəmiyyətinə əsaslanır. Görünür, aşıqların mərasim ssenarisində janr məkanının təşkili, janrların ardıcıllığı ilə bağlıdır. Aşıq məclisinin strukturu və dastan söyləmə aktına (bu haqda bax: araşdırmanın "Aşıq məclisinin quruluşu", "Aşıq repertuarı", "Aşıq məclisinin açılışında və qapanışında oxunan poetik mətnlər") bunun əyani isbatıdır.

İkinci halda ozan-aşıq mətnlərinin janr təbiəti onların mifoloji dəyəri ilə şərtlənir. Arxaik təhkiyə mətnlərinin əksəriyyəti (ozan söyləmələri - oğuznamələr, "Koroğlu") bu qəbildəndir.

Aşıq yaradıcılığının əsas janrları şifahi "nitq janrları" (M.M.Baxtın) sistemində yaşayır və ya mövcud olur. Fikrimcə, aşığın ifa etdiyi folklor janrlarının əksəriyyətini "nitq janrları" kimi də səciyyələndirmək olar. Məhərrəm Qasımlının elmi və poetik təfəkkürü bir-birilə elə çulğaşıb üzvi vəhdət halına gəlib ki, hətta elmi üslubuna yansıyıb. Məsələn, Qurbaninin "Bənövşə" rədifli qoşması ilə bağlı bir təəssüratını - yozumunu götürək - mənsur şeir kimi yazıb. Bir sözlə diqqət yetirin: "Qurbani poeziyası həm də lirik- aşiqanə duyğular gülüştanıdır. Onun şeirlərində könül kövrəkliyi, həzinlik və səmimiyyət olduqca güclüdür... Gözəllik və ətir etalonu kimi qəbul etdiyimiz bənövşə onu qoxlayan, iyləyən qızın özünün də çox təravətli və ətirli olduğunu görüb qarşı tərəfi - qızın ətirli buxağını qoxulamaqdan özünü saxlaya bilmir. Bu təkrarsız və unudulmaz bədii lövhənin müəllifi Qurbanının bahar ovqatlı şair könlüdür" (s.428-429)

Tarixi qaynaqlar, etimoloji yozumlar, aşıq janrlarının funksionallığı haqqında nəzəri fikirlər, aşıq mühitlərinin etnoqrafik-kulturoloji məntərəsi və simvolik obrazların və janrların funksiyası barədə qənaətləri vahid üslub məcrasna salınır. Nəzəri ümumiləşdirmələr, mürəkkəb filoloji mətləblər poetik dillə təsbitlənir və təsdiqlənir. Filologiyanın işlək terminləri onun təhkiyəsində və düşüncəsində az qala milli sözlər kimi yaşayır, onun "üslub havasın"da sanki semantikasını dəyişir.

Onun elmi dilində fəal işlənən "poetik biçimlər", "səs", "elat nəğməçiliyi", "semantik tutum", "didaktik çağırışlar" və s. kimi anlamlar təhkiyəsinin terminoloji toxumasını təskil edir. Bu anlamların gənc tədqiqatçıların da araşdırma dilinə keçdiyini görürük...

Şair, folklorşünas və filosof Məhərrəm Qasımlının (Orxan Paşanın) aşıqşünaslığa (ümumiyyətlə, filoloji fikrimizə) cəsarətlə gətirdiyi elmi yeniliyi "aşıq ədəbiyyatı" terminini əsaslandırmasıdır. Onun inamına görə, ""aşıq ədəbiyyatı" milli ədəbiyyat hadisəsidir. Öz metrik və melopoetik göstəricilərinə görə o nə şifahi xalq ədəbiyyatına, nə də yazılı divan ədəbiyyatına bənzəmir o, türk etnik-mədəni sistemin birbaşa özünəməxsus olan, onun tarixi-genetik təbiətindən doğan xüsusi bir ədəbiyyat tipidir" (s.307)

Düz 40 ildir ki, Məhərrəm Qasımlı (Orxan Paşa) sevdalı ürəyi və elmi zəkası ilə Azərbaycan türklərinin ölməz mədəni və ədəbi hadisəsi olan ozan-aşıq sənətini bərpa və şərh edir.

Saz-söz sənəti prof. Məhərrəm Qasımlının (Orxan Paşanın) yalnız elmi fəaliyyətinin (yaradıcılığının) adı deyil, həm də özünün ifadəsi ilə desək, "könlünün davamı" və "yaşam biçimidir". Aşıq ədəbiyyatı şifahi və yazılı sözün məxrəcində-qovşağında yaranmış, özünəməxsus janr repertuarını, formalaşdırmış ifaçı-söyləyici tipologiyasını etnomədəni və etnosemiotik hadisə kimi təqdim və təsvir olunur.

Bu araşdırma dilinə, üslubuna, süjetinə və strukturuna görə elmi poemadır. Türk milli ruhunun nişanəsi olan saza, saz-söz sənətinə alimin böyük sevgisinin izharıdır.

Orxan Paşa (M.Qasımlı) "Taleyimdən və ürəyimdən keçənlər" adlı kitabında aşığın məclisdə davranışı ilə, aşığlığın ədəbi-ərkan kodeksi ilə alimin bağlı həssas, incə müşahidələrini və xatirə yarpaqlarını yazıya alıb. (Nədənsə həmin müşahidələrindən bu monoqrafiyanın toxumasında istifadə etməyib). Həmin silsilədən Aşıq Hüseyn Saraclının Bakıya gələrkən, yol üstu Göyçəyə dönüb Dədə Ələsgərin qəbrini ziyarət etməsi haqqında danışdığı bir əhvalatı nümunə gətirirəm: "İslam müəllim (Aşıq Ələsgərin nəvəsi - R.K.) gördü ki, biz sazlarımızı evdə qoyub gedirik. Yadımıza saldı ki, sazlarımızı da götürək.

Etiraz eləyib dedim:

- Aşıqlıqda qaydadı, - aşıq aşığın üstünə saz götürüb getməz. Saz götürüb getmək həmən aşığa meydan oxumaqdı, onu deyişməyə çağırmaqdı". ("Əlini uzat mənə" kitabından).

Dədə Qorqud, Abbas Tufarqanlı, Xəstə Qasım, Qurbani, Sarı Aşıq, Aşıq Ələsgər... Məhərrəm Qasımlı üçün ruhların qutsal adlarıdır.

Bu araşdırma da yalnız bizlərə deyil, həm də ruhlara ünvanlanıb...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!