Nizami CƏFƏROV
Azərbaycan xalqının tarixində, görünür, ən əhəmiyyətli hadisə onun başqa türk xalqları ilə eyni dövrdə ümumtürk etnik birliyindən təbiətin, tarixin və taleyin hökmü ilə ayrılaraq müstəqil bir millət kimi tarix səhnəsinə çıxmasıdır. Ancaq öz-özlüyündə mütərəqqi olan bu proses, çox təəssüf ki, qansız-qadasız ötüşməmiş, qardaş xalqlar arasında ciddi siyasi münaqişələr, hərbi toqquşmalarla müşayiət olunmuşdur. Azərbaycan xalqının (millətinin) yaranmasını təsdiq (və təqdim) edən Azərbaycan Səfəvilər dövləti Şah İsmayıl Səfəvinin (Xətayinin) başçılığı ilə ən azı üç yeniliyə imza atdı: 1) təşəkkül tapmaqda olan xalqın (millətin) mənəvi-ideoloji özünəməxsusluğu (identikliyi!) barədə təsəvvür yaratdı; 2) ümumtürk miqyasında artıq başa çatmaqda olan diferensiasiyaya bütöv bir millətin gələcəyi naminə sahib çıxdı; 3) daxili etnosiyasi inteqrasiyanın konturlarını müəyyənləşdirməklə ölkənin bu günə qədər milli yaddaşa hakim olmaqda davam edən hüdudlarını təmin etdi.
İstər Azərbaycan xalqının, istərsə də hər hansı bir digər türk xalqının (və ümumən türk xalqlarının) tarixi kontekstində bu diferensiasiya - inteqrasiya prosesinə adi seyrçi və peşəkar-metodoloji baxışlar, adətən iki fərqli rakursdan, ya birbaşa, ya da dolayısı ilə üz-üzə gəlir. Birincisi (və ən populyarı!) odur ki, iki (yaxud olsun üç, dörd, beş...) xalqın hökmdarları mənəm-mənəmlik edərək bir-biri ilə heç bir ciddi əsas olmadan, subyektiv iddiaları naminə münaqişəyə girmiş, vuruşmuş, qardaş qanı axıdılmışdır... İkincisi isə, xüsusilə, orta əsrlərin sonu, yeni dövrün əvvəllərindəki həmin münaqişələrə o mənada tarixi bir zərurət kimi baxır ki, xalqların (millətlərin) formalaşması həmhüdud ərazilərdə bir sıra ideoloji- mənəvi, siyasi, coğrafi və s. motivli ziddiyyət və toqquşmalarla müşayiət olunur, hər nə qədər bu və ya digər hökmdarın adı, şəxsiyyəti, fəaliyyəti önə çəkilsə də, bu ziddiyyət və toqquşmalar subyektiv səciyyə daşımır. Birinci və ya adi seyrçi baxış çıxış yolunu hər iki tərəfin tənbeh olunmasında, məsələnin mahiyyətinə varmadan "daşı ətəklərindən töküb" həmrəyliyə, dostluğa, qardaşlığa çağırışda görür ki, bu daha çox ədəbiyyatın, incəsənətin işidir... İkinci və ya peşəkar-metodoloji baxış isə bu cür çağırışların faydasız olduğunu nəzərə alıb münaqişənin mümkün qədər dinc yolla həll edilməsinə cəhd göstərir.
Dahi Sabir məşhur "Fəxriyyə" şeirində məsələyə Azərbaycanın yox, ümumən Türk dünyasının mövqeyindən yanaşır ki, bu, XX əsrin əvvəllərində özünü son dərəcə parlaq şəkildə göstərən türkçülük məfkurəsindən irəli gəlirdi:
Bir vəqt dəxi Qarəqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anadoluya dolduq,
Ol qədr qırıb bir-birimizdən ki yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq...
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
Bir vəqt Şah İsmayilü Sultani-Səlimə
Məftun olaraq eylədik islamı dinimə,
Qoyduq iki tazə adı bir dini-qədimə,
Saldı bu təşəyyö, bu təsənnüm bizi bimə...
Qaldıqca bu halətlə sərayi-əsəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
"Bəngü Badə" müəllifinin dövrü isə tamam başqa idi, o zaman türkçülük məfkurəsi hələ mövcud deyildi, ancaq türklük stixiyası vardı. Və dahi Füzuli öz türklüyünü ərəblərə və farslara qarşı qoyurdu:
Ey feyzrəsəni-ərəbü türkü əcəm,
Qıldın ərəbi əfsəhi-əhli-aləm,
Etdin füsəhayi-əcəmi İsadəm,
Bən türk zəbəndan iltifat eyləmə kəm.
Əlbəttə, mənsub olduğu xalqın - ümumtürk xalqının dilini sevən, vətənpərvər bir şair - mütəfəkkir üçün Səfəvi-Osmanlı münaqişəsi heç bir əsası olmayan, mənasız, qeyri-insani hadisə, fəlakət idi. Bunun günahı isə, təbii ki, Şah İsmayılla Sultan Səlimin üzərinə düşürdü. Füzuli məsələyə tarixin fəlsəfəsi, tarixi prosesin obyektiv qanunauyğunluqları baxımından yanaşa bilməzdi.
Füzulişünasların, demək olar ki, hamısı "Bəngü Badə"nin mövzusu, ideya- məzmunu barədə eyni fikirdədirlər. Və sənətşünas Mirzə Talıbov da öz dəyərli əsərində - "Bəngü Badə"dən görünən tarix"də həmin fikrə elə bir ciddi yenilik gətirmir. Onun əsas uğuru, hətta cəsarətlə deyə bilərik ki, kəşfi Təbriz miniatür məktəbinə aid rəsmi tapıb şərh etməsidir.
Mirzə Talıbov göstərir ki, həmin rəsmin "Bağdad məktəbinin nümunəsi kimi qələmə verilməsinə rəğmən, sırf Azərbaycan təsviri sənət məktəbinə aid boyakarlıq əsəri olduğu açıq-aydın nəzərə çarpır. Bu qənaətə bizi rəsmin kompozisiya həlli, koloriti, obrazların realistliyi, ilk növbədə isə, rəsmin üzərindəki nəstəliq xətti ilə həkk olunmuş yazı gətirdi". Həmin yazı isə "Bəngü Badə"dəndir:
Bəng həm oldu haldan agah,
Yığdı məqdur olduğunca sipah.
Hər biri bir tərəfə çəkdi səfi,
Oldu zəngin büsat hər tərəfi.
Mirzə Talıbov güman edir ki, rəsm XVI əsrin 30-40-cı illərində (əslində, 30-cu illərində) çəkilmişdir. Bu isə o deməkdir ki, Çaldıran döyüşü artıq baş vermiş, "döyüş teatrı"nın personajları tarix səhnəsini tərk etmişlər, ancaq Səfəvi- Osmanlı qarşıdurması davam elədiyindən Şah İsmayıl - Sultan Səlim münaqişəsinin təəssüratları hələ köhnəlməmişdi... "Bəngü Badə"nin isə Şah İsmayılın Çaldıran məğlubiyyətindən - 1514-cü ildən əvvəl, Azərbaycan Səfəvi dövlətinin hüdudlarını müəyyənləşdirmək uğrunda gənc şahın apardığı müzəffər mübarizə illərində qələmə aldığı iddia olunmaqdadır. Beləliklə, rəsmin poemadan təxminən 20 il sonra çəkildiyi qənaəti yaranır. Miniatürün, adətən kitablarda, əsərlərdə canlandırılmış obrazları təsvir etdiyi prinsipini rəhbər tutsaq, sözügedən rəsmin bilavasitə "Bəngü Badə"yə illüstrasiya olması ona görə şübhə doğurmaya bilməz ki, Füzulidəki alleqorik obrazlar yerinə burada normal insan portretləri əks olunur.
"Bəngü Badə"dən görünən tarix"in müəllifi yazır:
"Ümumiyyətlə, rəsm əsəri ilk baxışdan kefli, əyləncəli, xoş ovqatlı məclisin təsviri kimi qavranılır ki, bu təəssüratı yaradan məhz həmin sözügedən səhnədir. Düşünürük ki, rəssam belə bir səhnəni kompozisiyaya daxil etməklə bilərəkdən əsəri bu səpkidə işləmişdir. Belə ki, məzmunu Bəngin və Badənin ayrı-ayrılıqda qurduqları iki "eyş-işrət" məclisinin iştirakçılarının danışıqlarından düzənlənən poemanın özünün qəhrəmanları bəng, badə daxil olmaqla kefləndirici içkilər, məstedici maddələrdir".
Kompozisiyaya Füzulinin özünün portretinin də daxil edildiyi güman olunarsa, əlbəttə, rəssam, ilk növbədə, məhz "Bəngü Badə"nin ideya-məzmun motivlərinə istinad etməyə çalışmışdır. Ancaq Təbriz məktəbinə mənsub (ola bilsin, həyatının hansısa dövrünü Bağdadda, yaxud İstanbulda yaşamış) sənətkar yalnız "Bəngü Badə"dən aldığı tarixi təəssüratlarla kifayətlənməmiş, məşhur münaqişənin müfəssəl təsvirini vermişdir. Və ona görə də, düşünürük ki, rəsm əsəri sadəcə, "Bəngü Badə"dən görünən tarix"in əksi deyil, onun ideya-estetik qayəsi daha genişdir.
Mirzə Talıbovun belə bir mülahizəsi isə heç cür özünü doğrulda bilməz ki, guya poemanın "Bəngü Badə" adlandırılması "iki türk hökmdarı arasında qırğına gətirib çıxarmış bu olaylar hakimlik, torpaq, taxt-tac, mal-dövlət uğrunda aparılan müharibələr, çəkişmələr sərxoş (xəstə) təfəkkürün bəhrəsidir... fikrindən qaynaqlanır". Bu çox sadəlövh baxışdır, əgər belə düşünsək, onda gərək tarixin (və taleyin) hökmü ilə dövlətlər, hətta imperiyalar quran türk hökmdarlarının hamısını "sərxoş (xəstə) təfəkkür" sahibi elan edək. Dahi Füzuli bu fikirdə ola bilməzdi.
Yeri gəlmişkən, Səfəvi-Osmanlı qarşıdurmasında Şahla Sultanın missiyaları fərqlidir: Sultan Səlim imperatordur, Osmanlılar ərəb ölkələrini, Balkanları zəbt edərək böyük bir imperiya yaratmışlar; Şah İsmayıl isə formalaşmaqda olan xalqının hüdudlarından ancaq müdafiə məqsədilə kənara çıxır. Bu baxımdan Türkiyə tarixçisi Tufan Gündüzdən gətirilmiş belə bir sitat çox maraqlıdır ki, "Sultan Səlimin Şah İsmayıla münasibətinin daha da pisləşməsinə və onu müharibəyə çağırmasına səbəb olan ünsürlərdən biri də İrandan və Xorasandan Səlimə göndərilən çoxsaylı məktublar olmuşdur. Bu məktublarda Şah İsmayılın və bütün qızılbaşların aradan qaldırılması istənilir. Məktublar arasında Xorasanlı Xacə Mollanın göndərdiyi məktub daha da qızışdırıcı olur. Belə ki, o öz yazısında qızılbaşları zəhərli bir ilana bənzədərək Məhəmməd peyğəmbərə küfrdə ittiham edir. Eyni zamanda Sultan Səlimi bir zamanlar İranı zəbt etmiş İskəndərlə eyniləşdirərək onu yeni Zülqərneyn adlandırır".
İran yox, məhz Azərbaycan Səfəvilər dövlətini yaradan, onun siyasi coğrafiyasını müəyyənləşdirən Şah İsmayıl istər-istəməz fars şovinizmi ilə üz-üzə gəlməli olmuşdu. Və farslarla bağlı məsələlərdə təcavüzkarlıq etmək qızılbaşların - azərbaycanlıların liderinin missiyasına daxil deyildi. Abbasilər dövründən başlayaraq öz hakimiyyətlərini saray intriqaları yolu ilə təmin etməyə çalışan farslar siyasi problemlərini hərb meydanlarında həll edən türklərə özlərinə məxsus müqavimət göstərirdilər ki, bu müqavimətin məzmunu Şah İsmayıl üçün aydın ola bilməzdi... İmperator Sultan Səlim üçünsə, rəqibinə qarşı olan hər bir siyasi qüvvə ilə əməkdaşlığın faydası vardı. Və Səfəvilərin dövlət qurduğu ərazinin fars şovinistləri tərəfindən İran adlandırılması (və elə həmin ikiüzlü qüvvə tərəfindən də Sultana "peşkəş" olunması) Sultan Səlimin izzət-nəfsini oxşayırdı... O da, öz növbəsində, Ubeyd xan Özbəyə məktub yazıb, onu "napak, xəbis, yalançı, günahkar, qantökən cani olan sufi körpə"yə - "fəsad mənbəyi"nə qarşı birgə mübarizəyə çağırmışdı... Halbuki Şah İsmayılın Sultan Səlimə münasibəti o qədər aqressiv olmamışdı ki, bunun da ciddi səbəbləri vardı. Ən başlıcası isə o idi ki, Səfəvi hökmdarı Osmanlı torpaqlarını zəbt etmək fikrində (və qüdrətində) deyildi. Bununla belə Şah İsmayıl rəhbərlik etdiyi ideologiyanın - qızılbaşlığın qələbəsinə əmin olduğuna görə Osmanlını "dinc yolla" çökdürəcəyinə haradasa inana bilərdi.
Mirzə Talıbovun Çaldıran döyüşünü qaçılmaz hesab eləməsi Səfəvi-Osmanlı münaqişəsi zəminində, əlbəttə, özünü doğruldur. Çünki "Şah İsmayılın nüfuzunun artması, ardıcıl olaraq qazandığı qələbələr, şiəliyi yayan müridlərinin hər tərəfə, xüsusilə də, Osmanlı imperatorluğunun ərazisində yerləşməsi və onların vasitəsi ilə Osmanlıların yerli əhalisinin arasında tərəfdarlarının sayını artırmaqla imperatorluğun daxili siyasətinə müdaxilə etməsi gec-tez müharibəyə gətirib çıxaracaqdı".
Məlum olduğu kimi, münaqişə Osmanlının qələbəsi ilə Səfəviləri müəyyən hüdud daxilinə sıxışdırsa da, dayanmadı, XIX əsrin əvvəllərində Yaxın Şərqdə yeni beynəlxalq münasibətlər bərqərar olana qədər davam etdi. Və bu, o demək idi ki, həmin münaqişə Şah İsmayılla Sultan Səlimin şıltaqlığı, şəxsi iddiaları kimi izah oluna bilməz.
"Bəngü Badə"dən görünən tarix"in müəllifi şübhə etmir ki, "Füzuli ən azı cavan yaşlarında saraya çox yaxın bir kimsə olmuş, saray həyatı ilə ilgilənmiş və bu barədə kifayət qədər məlumat toplaya bilmişdir. Əks təqdirdə, Bağdadda (Kərbəlada, Nəcəfdə yaşaya-yaşaya Təbrizdə, Həmədanda, Xoyda, nəhayət, Çaldıranda Şahın ətrafında cərəyan edən hadisələri, sənədləri, deyimləri təfərrüatı ilə necə təsvir etmək olar?" Əlbəttə, Füzuli həm Şah İsmayılın, həm də Sultan Səlimin sarayına bələd idi, ancaq bunun üçün həmin saraylara çox da yaxın olmaq lazım gəlmirdi. Hər şeydən əvvəl ona görə ki, bütün Yaxın Şərq sarayları neçə əsrlər idi ki, eyni bir modelə uyğunlaşmışdı. Hökmdarlar arasındakı münaqişənin ideoloji səbəbləri də hər kəsə bəlli olmalı idi, çünki Səfəvi dərvişləri Şah İsmayıl hakimiyyətə gələnə qədər də öz təbliğatlarını açıq aparırdılar. Və ən əsas o idi ki, hökmdar özünü sarayla məhdudlaşdırmır, həyatı dərvişlər arasında keçir, onlarla məsləhətləşirdi... Füzuliyə gəldikdə isə, o, bir tərəfdən, dövrünün böyük təfəkkür sahibi olaraq, baş verən hadisələri izləyir, dövranın gəliş-gedişindən baş çıxarırdısa, digər tərəfdən, dünya hömkdarlarının xarakterini yaxşı bilir, özünü onlarla müqayisə etməkdən çəkinmirdi... Nəhayət, onu da nəzərə almaq lazımdır ki, "Bəngü Badə"də nə Səfəvi, nə də Osmanlı sarayı hərfi-hərfinə təsvir olunmadığı kimi, rəsm əsərində də belə bir konkretlik axtarmaq doğru deyil. Hər iki əsərdə - birincidə dahi şairin, ikincidə isə qüdrətli rəssamın hadisələrə (və hadisəyə) öz interpretasiyası var. Ola bilsin ki, rəssam şairdən təsirlənmişdir, ancaq inanmaq çətindir ki, onun məlumat mənbəyi (və ilham obyekti) yalnız "Bəngü Badə" olmuş olsun. Dərviş söhbətləri, tarix kitabları, dastanlar, rəvayətlər o dövrdə Səfəvi-Osmanlı, şiə-sünni münaqişələrinin mahiyyətinə nüfuz etmək üçün üsullar axtarmaqda bir-biri ilə yarışırdılar.
Mirzə Talıbovun "Bəngü Badə" üzərindəki heç də bütün müşahidələrini artıq keçilmiş mərhələ hesab etmək fikrində deyilik, burada da bəzi maraqlı məqamlar, düşündürücü müqayisələr var, ancaq rəsm əsəri ilə bağlı mülahizələri, artıq qeyd olunduğu kimi, elmi kəşf səviyyəsində yenidir. Şah İsmayılla Sultan Səlimin rəsmdəki surətlərinin Avropa rəssamlarının çəkdikləri müvafiq portretlərlə tutuşdurulması, eləcə də Füzulinin, yaxud digər tarixi şəxsiyyətlərin güman olunan şəkilləri barədəki qənaətlər diqqəti cəlb etməyə (və milli sənətşünaslığımız üçün böyük maraq doğurmaya) bilməz. Doğrudan da, necə ola bilər ki, Azərbaycanda miniatür sənəti bu qədər inkişaf edə, ədəbiyyat islam dini daxilində bu qədər geniş sufi-panteist təfəkkür eksperimentləri apara, bədii-simvolik portretlər yarada, ancaq rəssamlıq məşhur şəxsiyyətlərin timsalında belə, dinin insan şəkli çəkməmək qadağası qarşısında əlini-qolunu yanına salıb dayana?.. Və bütün bunlar o dövrdə baş verə ki, İtaliya rəssamları gəlib Şah İsmayıl, Sultan Səlimin portretlərini yaradırlar!..
Mirzə Talıbovun aşkarlayıb ilkin (və olduqca peşəkar) təhlilini verdiyi rəsm əsəri bir də ona görə böyük tarixi əhəmiyyət daşıyır ki, milli təşəkkül ərəfəsində xalqımızın (və xalqlarımızın) siyasi, sosial və mənəvi ovqatını əks etdirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!