Bölgələrdə ədəbi həyat - 2023 - Nurlanə MƏMMƏDOVA

Ədəbi-nəzəri estetik fikirdə istər tarixi, istərsə də, coğrafi baxımdan ədəbiyyatı təhlil obyektinə çevirmək Bütöv Azərbaycan ədəbiyyatının öyrənilməsi zamanı əhəmiyyətli funksiya daşıyır. Bu, ədəbiyyatı parçalamır, vahid Azərbaycan ədəbiyyatının inkişafına kömək edir. Eyni zamanda regionlar paytaxt ədəbi mühitini formalaşdıran bir vasitə rolunu oynayır. Buna görə də Azərbaycan ədəbiyyatının müasir dövrdə inkişaf xəttinə nəzər yetirdikdə, bölgələrdə yaranan və formalaşan ədəbiyyatı da unutmaq olmaz.

2023-cü ildə bölgələrin ədəbi mühitində canlanma müşahidə olunur. Həm kitab çapı, həm də mətbuatda dərc olunan bədii mətnlər fikrimizi təsdiq edir. Xüsusilə, bölgə ədəbiyyatının tanıdılması istiqamətində böyük işlər görülmüşdür. "Ədəbiyyat qəzeti" Lənkəran bölməsi, Şimal-qərb regional bölməsi, Qərbi Azərbaycan bölgəsi, "Ədəbi ovqat" jurnalı Sumqayıt, Şabran, Xəzər bölməsi, "Azərbaycan" və "Xəzan" jurnalı digər bölgələrdə yaşayan ədəbi simaların yaradıcılığını işıqlandırmışdır.

Bölgə ədəbiyyatında poeziya üstünlük təşkil edir. Heca vəzni ilə yanaşı, sərbəst vəznə də müraciətin çox edildiyinin şahidi oluruq. Yaxşı nəsr nümunələri yaransa da, kəmiyyət baxımından çox azdır. Dramaturgiyada kəmiyyət və keyfiyyət nöqteyi-nəzərindən inkişaf qeydə alınmır. Mövzu rəngarəngliyi ilə yanaşı, imza çoxluğu da bu ilin canlı mənzərəsini yaradır. Milli-mənəvi dəyərlər, əxlaqi-didaktik, nəsihətamiz xarakterli mövzular hakimliyini qoruyub saxlayır. Bütün bölgələri birləşdirən əsas cəhət Vətən sevgisi və şəhidlik mövzusudur. Oxşar mövzuların işlənmə məqamında fərdi yaradıcılıq cizgiləri aşkar etmək mümkündür. Bundan başqa, insanın ruh aləminin dərinliklərini üzə çıxarmağa cəhd edən müəlliflər də az deyildir. İnsan və zaman vəhdətində axtarış mövqeyinin cəmiyyətin dərk edilməsinə yönəldilməsi vacib bir problem kimi diqqətimizi cəlb edir.

2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar bir çox yazıçı qələmini bu mövzuda sınamışdır. Bədii yaradıcılıq elə bir məhvərdir ki, sevgisiz, istəksiz yarana bilməz. Bu məhəbbət hissi İbrahim Yusifoğlunun "O, Günəş ömrüdü, sönməyəcəkdir" poemasında aydın şəkildə gözə çarpmaqdadır. Ulu öndərə həsr olunan əsərin əsas qayəsi millətin gələcəyi üçün çalışan dövlət xadiminin siyasi zəkasının dərinliyini, öz əməlləri ilə xalqda milli ruh və milli qürur hissinin təcəssümünə çevrilən liderin quruculuq fəaliyyətini diqqətə çatdırmaqdır. Heydər Əliyevin Günəşə bənzədilməsi ümummilli liderin fəaliyyətinin Azərbaycan tarixində əhəmiyyətini göstərir. Mingəçevir bölməsindən olan Məmməd Mərzilinin şeirində də Heydər Əliyevin şölə saçan Günəşə bənzədilməsi motivi vardır. Ulu öndər Naxçıvandan Banu Musayeva, Sumqayıtdan Zakir Zahirin, Ağstafadan Rüfət Axundlunun şeirlərində tarixdə ədəbi izi qalan şəxsiyyət kimi təqdim edilir.

Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigarın "Zəfər yolu" şeirində Şuşa həsrəti ilə alışıb yanan bir şairin arzusunun gerçəkləşməsi, qəlbinin rahatlığı öz ifadəsini tapmışdır. Xanəli Kərimlinin, Hüseyn Bağıroğlunun, Məmməd Tahirin, İbrahim Yusifoğlunun, Həsənəli Eyvazlının, Budaq Təhməzin, Elxan Yurdoğlunun, Rahil Tahirlinin müxtəlif mövzulu şeirləri dövri mətbuatda çap olunmuş, bu bədii nümunələrə əsasən onların öz imzalarının hakimliyini qoruyub saxladığını müşahidə etmək mümkündür. Haqq şairi Xanəli Kərimlinin və Hüseyn Bağıroğlunun Turan arzusu, özlərini Turan şairi kimi qiymətləndirməsi, Məmməd Tahirin mənəviyyata köklənən şeirləri bölgənin mövzuları sırasında üstünlük təşkil edir. Həsənəli Eyvazlının "Gülüstan müqaviləsi" şeiri kağız üzərində iki yerə parçalanan torpağın birləşdirilməsi arzusunu tələb səviyyəsində göstərən poetik nümunədir. Ələsgər Talıboğlunun şeirlərində hər şeyi unudan şairin yurd sevgisini unutmadığını, ilham atəşinin Vətəndən qaynaqlandığını görürük. Banu Musayevanın nəğməli dünyasında Azərbaycanın əksər bölgələrinin poetik təsvirinə, türkün birliyi ideyasına yönələn şeirlər az deyildir. Qumru Qüdrət öz poeziyasını şəhidlik mövzusuna kökləyir. Dünyada baş verən hadisələrə laqeyd yanaşmayan müəlliflərdən İbrahim Yusifoğlu Türkiyədə baş verən zəlzələ səbəbindən ölkənin dərdinə şəriklik nümayiş etdirir. Ələsgər Talıboğlu isə Ukrayna xalqının Vətən uğrunda döyüşünü şeirinə mövzu seçmiş, Azərbaycan xalqının öz torpaqları üçün döyüş meydanına atılması ilə eyniləşdirmişdir.

Əli Kərim poeziyasından ilham mənbəyini götürən Sumqayıt ədəbi mühitində ən çox şairlər üstünlük təşkil edir. Sabir Sarvanın təşəbbüsü ilə yaradılan bu bölmə poeziyada öz sələfinin yolunu davam etdirir. Ofelya Babayeva dəyişən nəsillərin, qəhrəman igidlərin qoruduğu dəyişməz, əbədi Vətəni, səngər şairi Əli Nəcəfxanlı uğrunda ölümü arzuladığı ölümsüz Vətəni, şəhidlik məqamına yüksəlmək istəyən Mövlam Hüseynli eşqindən dərdinə məlhəm axtardığı yaralı Vətəni tərənnüm etmişlər. Zəmanədən şikayət motivi Süleyman Hüseynov, Rəfiqə Şəms yaradıcılığında vardır.

Vəznlərə nəzər yetirdikdə, heca vəznində yazılmış şeirlərin daha aktual olduğu görünür. Gülnarə Cəmaləddinin şeirləri sərbəst şeirin tələbləri səviyyəsindədir. Onun "Yaşa", "Susdur o nəğməni, oxuma!" şeirlərinin ölçü, bölgü, qafiyə sistemi ideyaya, məzmuna tabe edilir, ritm, ahəng gözlənilir. Gənclər arasında Emin Pirinin şeirlərində harmoniyanın qorunması faktı diqqəti cəlb edir. "Sevməzdim səni?!", "Sən, mən və pianino", "O... Yol... Yağış... Külək..." şeirlərində sevgi hisslərinin poetik dillə ifadəsi şeirə axıcılıq gətirməklə ölçü prinsipinin pozulmasını diqqət mərkəzindən kənar qoyur. Sərbəst şeirin əsas xüsusiyyəti formal cəhətlərdən uzaqlaşıb diqqəti əsas mətləbə yönəltmək olduğu üçün onun şeirlərində bu qaydalara layiqincə əməl edilir. Elvin İntiqamoğlunun "Şəhid qızı" və "Pəncərə" şeirlərində ölçü məzmunla uzlaşır, şairin fikir dünyası sərbəst şeirin qəlibləri çərçivəsində təsiredici bir poetik nümunəyə çevrilir.

Tarixi gerçəkliyi nəsrinə gətirən Eyruz Məmmədov "Qan düşməni" romanında Rus imperiyasından SSRİ-nin süqutuna qədərki dövrdə baş verən iki nəsil arasındakı ədavəti reallıqlara söykənərək qələmə almışdır. Ağalar İdrisoğlunun "Sərçənin də Allahı var" ibrətamiz hekayəsi zaman faktorunun ədalətin bərpa edilməsində əhəmiyyətini heyvanların dili ilə oxucuya çatdıran bir əsərdir. Almaz Bəyazid isə hekayəsində erməni hücumuna məruz qalmış kəndin sakinlərinin sonrakı taleyini başqa müstəvidə dəyərləndirir, yurdunu tərk edib şəhərə gəlmiş qonşuların bir-birinə xəyanətini, həmçinin köməyini bədii nəsrə köçürür. Hafiz Ataxanlı isə üzüyola adamın səhv-düz bilmədən, hamıya şahid durmasının acı sonunu yumoristik çalarla ifadə etmişdir. Qi Or Elin "Pianoçunun son sonatası" hekayəsində bir pianoçunun sənət sevgisinin, Arif Ərşadın "Səylərin qırılsın" hekayəsində xeyirə-şərə yaramayan bir vəzifəli şəxsin xudbinliyinin, Xələfbəyli Mənsurə Eldarqızının "Qanlı kəmər" hekayəsində isə özünü erməni təcavüzündən qorumaq üçün kəmərlə öldürən qızın taleyinin qızın ölümünə səbəb olan caninin öz övladının başına gəlməsi ilə eyniləşdirməsi ilahi ədalətin gec-tez özünü göstərəcəyinin təsvirinə önəm verilmişdir.

Cənub bölgəsi yubileylər ili kimi yadda qalır. Lənkəran bölməsinin yaradılmasının 45 illiyi, bölmənin sədri Qafar Cəfərlinin 65 illik, Ağamir Cavadın 60 illik yubileyi keçirilmişdir. Qafar Cəfərlinin "Ömür yolu" romanı avtobioqrafik məqamların yer aldığı nəsr əsəridir. Kitabda müəllifin özü ilə dialoqu qurulur, həyatının bilinməyən tərəflərini 65 sual əsasında hisslərinə müraciət etməklə oxucuya çatdırır. Bu dialoqun hər iki tərəfinin müəllifi qismində çıxış etməsi Vaqif Yusiflinin də qeyd etdiyi kimi, "şirinli, acılı xatirələrin" yenidən yaşanmasına səbəb olur. Ağamir Cavadın "Söz eşqi" kitabında söz bədii obraz səviyyəsinə qaldırılır, şairin alın yazısının bir parçası olan yaradıcılığının əsas qayəsi üzə çıxarılır. Nizami Gəncəvinin "Gərək söz meydanı gen olsun müdam" misrasına köklənən, 60 illik ömür yolunun əsasında əbədi yaşayan sözün işığı, məqamı, ölçüsü, gücü nəzəri-estetik fikirlər müstəvisində bədiiləşdirilir. Sonetdə öz sözünü demiş Ağamir Cavadla Əhməd Haqsevər arasında deyişmədə qıfılbəndin olması Lənkəran ədəbi mühitində müxtəlif janrlara müraciətin olduğunu isbat edir. Sual-cavab formasında qurulan deyişmə iki şairin intellekt səviyyəsini aşkara çıxarmağa imkan verir. Sevgi lirikasının ən qabarıq şəkildə özünü göstərdiyi müəllif Əlizadə Nuridir. Onun "Sənə yağış dərirəm" şeirlər kitabında ürəyinin sapıyla şeirlər tikən şairin qəlbinin dərin qatlarında yer alan poetik duyğular Vətən və sevgi rabitəsində qurulur. Tərlan Əbilov isə sərbəst vəznin tələbləri səviyyəsində poetik zövqü, mövzu rəngarəngliyini zənginləşdirmək funksiyasını öz üzərinə götürür. Ziya Dilsuz sual altında gizlənən cavabları axtarır, insan düşüncəsini məşğul edən problemlərə işıq salır. Anar Seyidağanın "De ki sevirəm səni" kitabı adından məlum olduğu kimi məhəbbət lirikasını əhatə edir. "Mən səni sevməyə and içməmişəm", "Mən sənə sevməyi öyrədəcəyəm", "Mən səni sevməyə bilmərəm axı!", "Tanrım, mən sevməyi bacarırmışam" sözləri ilə bütün dünyanın sevgidən yarandığı fikrini müdafiə edir. Şeirlərində təsadüf etdiyimiz "Mən niyə sevmişəm?" və "Niyə sevməmişəm?" misralarında bu sevgi notlarında təzadlı hisslərin bir-biri ilə mübarizə etməsini də müşahidə etmək olar. Xanlar Həmid 2022-ci ildə nəşr olunan sevgi ruhu ilə mayalanmış "Darıxan sevgilər" şeirlər kitabından sonra 2023-cü ildə başqa müstəvidə özünü ədəbi mühitdə tanıdır. Onun "Avesta"nı tərcümə etməsi elmi əhəmiyyət kəsb edən bir məsələdir. Tərcümə sahəsində Qorxmaz Kamil Kadusinin Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərinin talış dilində təqdimi də öz yerini tutmaqdadır. Onun poemalarından və dördlüklərindən ibarət "Düşüncə" kitabı isə poeziyada zaman faktorunu ortaya çıxarır. Bu kitabda şairin düşüncə tərzi zamanın ölçü tərəzisində ağıldan istifadə etməklə öz yolunu nizamlayır.

Gəncə bölməsi yeni layihə ilə yadda qalır. "Kitab təzə, söz təzə" layihəsinin ilk müzakirəsi bölmənin sədri Xəzangülün yaradıcılığına həsr olunmuşdur. Layihənin məqsədi Gəncə ədəbi mühitini formalaşdıran simaların kitablar haqqında düşüncələrini diqqətə çatdırmaqdır. Xəzangülün "Göy dili", "Yapon şeir formaları və düşüncələr" kitabları üslub baxımından bir-birini tamamlayan şeirlərdən ibarətdir. "Yapon şeir formaları və düşüncələr" kitabında "haiku", "tanka" və "cinquain" şeir formalarında bədahətən yazılmış şeirləri toplanmışdır. Bu şeir şəkilləri sərbəst vəzni xatırlatsa da, ölçü qəlibinin sabitliyi sərbəst vəzndən fərqlidir. Haiku üç misradan (misradakı hecaların sayı 5/7/5), tanka beş misradan (misradakı hecaların sayı 5/7/5/7/7), cinquain isə 5 misradan (2/4/6/8/2) ibarətdir. "Göy dili" kitabı ilə özünün Göy qızı olmaq arzusunu ifadə edən şairə İlahiyə ünvanlanan şeirlərində "haiku" kimi qısa olan ömrün təsvirinə diqqəti yönəldir.

Gəncə ədəbi mühitində Dədə Qərib adı ilə qəlblərə yol tapan Qərib Mehdinin 2022-ci ildə nəşr olunan, sayca 50-ci kitabı olan "Xatırla ki, yaşayım" kitabında 50 yaradıcı insandan - yazıçıdan, aktyordan, rəssamdan, musiqiçidən - bəhs edilir. Onun hekayələrindən azadlığa olan eşqin qoxusu gəlir. "Tərif və ya Astar küçəsinin sakinləri" hekayəsində yumoristik üslubda vəzifə və hörmət anlayışları qarşılıqlı şəkildə işlənmişdir. Aləmzər Əlizadənin "Nəğmə qapısı", Minayə Abdullayevanın "Nurlu sabaha", Rəfiqə Sadıqovanın "Talesizlər şəhəri" kitabları Gəncə ədəbi mühitində mövzu baxımından rəngarənglik yaradan bədii mətnlərdir. Rəfiqə Sadıqovanın qeyd etdiyimiz məcburi köçkün həyatından bəhs edən bu kitabında həyat həqiqətlərinə sadiqlik fonunda tarixi gerçəklik yazıçı təxəyyülünün əsasında qələmə alınmışdır.

Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə "Ömür muncuq düzümüdür" şeirlər kitabında poetik axtarışlarını öz dəsti-xəttinə sadiq qalmaqla davam etdirir. Kitabda son illərin məhsulu olan şeirlər yer almışdır. Əslən Cəbrayılın Böyük Mərcanlı kəndindən olan şairin II Qarabağ müharibəsində şücaət göstərmiş igidlərə həsr etdiyi şeirlərində Zəfər sevincinin hissləri ilə yaşadığı hadisələrin kədər notları bir-birini tamamlayır. "Haqsızlıq görəndə susan deyiləm" deyən müəllif poetik parçalarda cəmiyyətdəki haqsızlığa qarşı ədalət tərəzisinin qələbə çalacağı günü, bəşəriyyətin yenidən yaradılmasını səbirsizliklə gözləyir. "Zəmanə haqlıdır, məzlum günahkar" ifadəsini işlətməklə ironik qələmini işə salır. Namiq Zamanın ilk qələm təcrübələrindən ibarət "Səni düşünürəm" kitabında olan poeziya axtarışlarının nəticəsi "Ruhum onu soraqlar" kitabında tamamlanır, zamanın ritmini tutan yaradıcılıq ortaya qoyulur.

Barat Vüsalın 30 illik rəhbərliyi ərzində Qazax bölməsi Vaqif, Vidadi, Hacıkərim Sanılı, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Hüseyn Arif ənənələrinə sadiq qalmaqla ədəbi mühitdə müasir meyillərlə düzxəttli inkişaf yolu gedir. Barat Vüsalın "Ayrılmaz yollar" kitabı bədii yaradıcılığını əhatə etməsə də, onun fəaliyyətinin başqa bir istiqamətini elmi mühitə nümayiş etdirir. Məqalələr, xatirələr, açıq məktublar və Ön sözlərdən ibarət bu əsərdə hadisələri təsviretmə məqamında ifadə üsullarında şair qələminin izləri vardır. Saqif Qaratorpağın "6 saatlıq sükut" kitabında "nəyim var?" və "neyim var?!", "gec olar" və "köçhaköç olar", "tumurcuq" və "uçuq" kimi sınıq qafiyələrdən istifadə edilmişdir. Nuranə Təbrizin insan ruhunu ifadə edən "Axtarıram, tapmıram, Bəxtim itən yerdəyəm, Getməyə yol görünmür, Ümid bitən yerdəyəm" - misraları onun şeirlərinin əsas qayəsini göstərməklə gözəl qurulmuş qafiyə sisteminə malikdir. Say etibarilə ədəbi simaların çoxluğu ilə seçilən bu bölgədən Səhlədar Hidayətoğlu, Məzahir Alıyev, Məzahir Yaqub, Mübariz Qaragözlü, Mustafa Rasimoğlu, Bilal Qoca, Tamella Poladlı, Elnur Süleymanlı, Asimə Hüseyn öz yaradıcılığına sadiq qalmış, orijinal nümunələr yaratmışlar.

Şabrandan Qafar Süleyman, Nəcməttin Mürvətov, Sevinc Məmmədova, Müşfiq Qərib, Məzahir Zeynal, Günəş Hüseyn, Gülarə Şabranlı, Nərminə Yunis, Əziz Girami, Tural Coşqun, Zakir Bayramlı və Güləli Bağbanın şeirləri bu bölgədə poeziyanın əsas yaradıcılıq istiqaməti olduğunu üzə çıxarır. Xüsusilə, Ay Bəniz Əliyarın Vətən sevgisindən ilhamlanan poetik duyğusu torpağı müdafiə etmək vəzifəsini layiqincə yerinə yetirən Xəyal Həsənova həsr olunan "Qayıdan torpaqlar, qayıtmayan oğullar" poemasında daha qabarıq tərənnüm edilmişdir. "Bəs niyə o atlı qayıtmır hələ?" sualı Zəfərə gedən yolda könüllü olaraq canını qurban seçən oğulların qayıdan torpaqlar kimi qayıtmaq arzusunu ifadə edir. Nəsrdə Aydın Tağıyev kiçik hekayələri ilə yanaşı, "Kişilər gec ağlayır" fraqmental romanında böyük həqiqətləri yazıçı manerasına uyğun şəkildə, milli zəminə söykənməklə təsvir etmişdir. Cəbhəyə yola düşən oğulun, atanın, sevgilinin igidlik məharəti şəhidlərə həsr etdiyi fraqmentlərdə üzə çıxır.

Bu il Azərbaycan Yazıçılar Birliyinin Qərbi Azərbaycan bölməsi yaradılmışdır. Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının nəticəsi olan bu təşəbbüs bölgənin şair və yazıçılarından ibarət eyni ədəbi mühiti formalaşdırmaq məqsədi daşıyır. Musa Urudun "Zəngəzur bayatıları" şeiri, Vahid Əzizin "Dərələyəz" poeması ədəbiyyat sahəsində bu qayıdışa arzu göstərən bədii nümunələr idi. Xanəmirin "ey dili qafil fil faili məchul fani f...", "ey dadi bidad danəndə dəhan dərviş d..." misraları ilə başlayan şeirlərində özünü "ritm xəstəsi" adlandıran şairin ezoterik düşüncəsinin, ruhsal və şüuraltı dünyasının gizlinləri ritmin köməyi ilə açılır. Aydın Uluxanlının yaradıcılığı keçib gedən illəri geri qaytarmaq istəyini ifadə edən poetik nümunələrlə zəngindir.

Şimal-qərb bölməsi Əlmaniz Ələkbərlinin rəhbərliyi altında bir çox bölgə şairlərinin bədiiyyatının tanıdılmasına ehtiyac olan bir bölmədir. Bu il fəaliyyətə başlayan bölmənin şairlərindən Şirin İbrahimov, Şakir İbrahimli, Ömər Dəmirçioğlu, Ömər Zutov, Adilə Aslanova, Nəbi Mülkümov, Kifayət Mütəllibqızı, Şıxamir Sultanov, Rəşid Mirzəyev, Əmrah Almalı, Nüsrət Musayev və Havva Adəmsoyun yaradıcılığının əsas xüsusiyyətlərini üzə çıxaran şeirləri "Ədəbiyyat qəzeti"nin səhifələrində nəşr olunmuşdur. Əlmaniz Ələkbərlinin "Sevənlər unudulmur", Adilə Aslanovanın "Sənsən alınmaz Qalam", Aytac İbrahimin "Paradoks" kitabları yeni açılan bölmənin fəaliyyətini təmsil edir. Gənclərdən Günay Hacıyevanın hekayələri Türkiyədə işıq üzü görmüşdür. Müəllif hekayələrinin birində anasızlıqdan özünü tənha hiss edən bir uşağın gecə soyuğunda ölən anasına ünvanlanan monoloqu ilə ədalətsiz dünyanı sorğu-suallarla mühakiməyə çəkir.

Bölgələrimizdə başqa dillərdə öz qələminin məhsullarını çap etdirmək meyili diqqətimizi cəlb etmişdir. Qafar Cəfərlinin "Volşebnaya noç", Xatirə Fərəclinin "Zimnie derevya", Hümbət Quliyevin "The Photographer" kitabları müəlliflərin dünya miqyasında tanınmasına xidmət edən təşəbbüsdür.

Quba bölməsi (sədr Ramiz Qusarçaylı), Şamaxı bölməsi (sədr Orxan Fikrətoğlu), Aran bölməsi (sədr Sərvaz Hüseynoğlu), Şəki Bölməsi (sədr Vaqif Aslan), Beyləqan bölməsi (sədr Fazil Əsəd), Muğan bölməsi (sədr Namiq Hacıheydərli), Xəzər bölməsi (sədr Arif Buzovnalı), Abşeron bölməsi (sədr Şəhla Ağbulud), Ağdaş bölməsi (sədr Fəxrəddin Əsəd), Oğuz bölməsi (sədr Vüsal Oğuz) və bölməyə daxil olan şair və yazıçıların fəaliyyəti bu il üçün qənaətbəxş təsir bağışlayır. Onların yaradıcılıq tendensiyası müasir dövrün tələbləri səviyyəsində bədii örnəklərlə zəngindir.

İsmayıl İmanzadənin "Hər çəməndən bir çiçək" kitabının uşaq psixologiyasının nəzərə alınıb yazıldığını görə bilərik. Uşaq dünyasını rəngləndirən bu şeirlərdə Vətən anlayışı uşaqlara izah edilir, təbiətin gözəllikləri sərgilənir, uşaqların dili ilə onların anlama qabiliyyəti fonunda şairin düşündürücülüq bacarığı üzə çıxır. Bu müstəvidə heyvanların şəxsləndirilməsi vasitəsilə kiçik oxucusuna təsir etmək vəzifəsini Naxçıvandan Bayram İsgəndərli öz üzərinə götürür. Tərbiyəvi-didaktik mövzuların - xeyirxahlıq, dostluqda vəfalı olmaq, yaxşılıq etmək, azadlıq uğrunda mübarizə aparmaq, "özgəsinə quyu qazan özü düşər" ideyası - dramatik janrın imkanlarından istifadə etməklə dialoqların köməyi ilə göstərilməsi daha inandırıcı təsir bağışlayır. Cənub bölgəsindən Əhməd Haqsevər "Zarafat" şeirlər kitabında uşaq dünyasına işıq tuta bilmişdir. Eləcə də, İlham İlhami riyazi hesablama sistemi vasitəsilə uşaqların biliklərinin zənginləşdiriməsinə xidmət edən şeir yaratmışdır.

Yekun nəticəmiz budur ki, bölgələrdə inkişaf edən ədəbiyyat paytaxtda formalaşan ədəbi mühitdən mövzu və sənətkarlıq xüsusiyyətlərinə görə geri qalmır. Lakin kəmiyyətdən çox, keyfiyyətcə yaradıcı şüurun və ilham mənbəyinin tərəqqisi, standartlardan uzaqlaşıb yaradıcı şəxsiyyətin orijinallığını nümayiş etdirən mətnlərin artımı arzuolunan tələb kimi ortaya çıxır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!