ADPU-nun repressiya qurbanı olan üç dilçi alimi: Abdulla Tağızadə, Xalid Səid Xocayev və İdris Həsənov - Şəkər MƏMMƏDOVA

Şəkər MƏMMƏDOVA

Filologiya üzrə fəlsəfə doktoru,

ADPU, Türkoloji mərkəzin rəhbəri

XX əsrin 30-cu illəri Azərbaycan tarixinə daha bir qara səhifə olaraq yazıldı. Bu illərdə xalqın düşünən beyinləri, türkçülük və azərbaycançılıq ideyaları ilə döyünən ürəkləri bir gecənin içində "xalq düşməni", pantürkist damğasıyla repressiyaya məruz qaldılar. Əslində isə repressiya qurbanlarının hamısı məhv edilməkdə olan soykökü, dili, mədəniyyəti, bir sözlə, xalqı xalq edən bütün milli-mənəvi dəyərlərin həm təmsilçisi, həm də qoruyucusu idilər.

XX əsrin ilk yarımilliyində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu) professor-müəllim heyəti Azərbaycanın ictimai, siyasi, mədəni həyatında mühüm işlər görmüş, adlarını xalqın mədəni, siyasi birliyi və türkçülük uğrunda aparılan mübarizədə tarixə yazmağı bacarmışlar. Bu heyətin üç nümayəndəsinin - Abdulla Tağızadə, Xalid Səid Xocayev və İdris Həsənovun yolları yalnız Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda kəsilmir, onların amalları, düşüncələri, əqidələri də bir-birinə bənzəyir. Məhz elə buna görədir ki, hər üçünün müxtəlif işlərdə birgə çalışdığını, adlarının yanaşı çəkildiyini görə bilərik.

Abdulla Tağızadə və İdris Həsənovun yolları eyni ildə (1897) və şəhərdə (Gəncə) anadan olmaları ilə başlayıb. Sonra bu yol Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda davam edib və repressiya ilə sona çatıb. 1888-ci ildə Daşkənddə dünyaya göz açan, əslən özbək olan Xalid Səid Xocayev isə Ali Pedaqoji İnstitutunda ərəb və fars dillərinin tədrisi ilə məşğul olmuşdur.

Abdulla Tağızadə və Xalid Səid Xocayev 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın iştirakçıları olmuşdular. Abdulla Tağızadə 1924-cü ildə Maarif Komissarlığının sərəncamı ilə Leninqrad şəhərindəki Şərq Dilləri İnstitutuna oxumağa göndərilir və burada Leninqrad Dövlət Universitetinin dil və ədəbiyyat mədəniyyət fakültəsinin ikinci kurs tələbəsi olarkən, 1926-cı il Birinci Türkoloji Qurultaya tələbə kimi dəvət olunur. Beləliklə, A.Tağızadənin adı Azərbaycandan yox, Rusiya Federasiyasından (Leninqraddan) dəvət olunanlar içərisində verilir. Xalid Səid Xocayev isə 1926-cı ildə Birinci Türkoloji Qurultaya Azərbaycandan şəxsən dəvət olunanlardan olmuşdur. Həmçinin Xalid Səid Xocayev qurultayda çıxış edənlər cərgəsində idi. Çox təəssüf olsun ki, onun çıxışı qurultayın stenoqramında və ya başqa bir yerdə çap olunmamışdır. F.D.Aşinin, V.M.Alpatov və D.M.Nasilovun müəllifi olduqları "Repressirovannaə Törkoloqiə" kitabında Xalid Səidin üç dəfə özbək dilində danışdığını, rusca xülasənin olmaması onun rus dilini kifayət qədər bilməməsi ilə əlaqələndirilib (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov; Repressirovannaə Törkoloqiə, 2002, s.95). Azər Turan isə "Xalid Səid Xocayev. Şəhid Türkşünas" adlı kitabında Xalid Səidin nitqinin stenoqrama salınmamasının səbəbini onun rus dilində danışmaması ilə izah edir (Azər Turan, Xalid Səid Xocayev. Şəhid Türkşünas, 2009, s.21). Bu o demək deyil ki, Xalid Səid özbək dilində çıxış edib. Onun çıxışının türkcə (Azərbaycan dilində - Ş.M.) olduğunu Əli bəy Hüseynzadənin qurultayla bağlı yazdığı qeydlərdən oxuya bilərik. Azər Turanın 15 fevral 2008-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunmuş "Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultaydan qeydləri" adlı yazısında oxuyuruq: "Özbək Xalid Səid fasih türkce nitqini verdi. Ona görə qonuşma fərqlərinin hüdudunu təyin etmək çətindir, ləhcələrin coğrafiya baxımından bir-birinə qarışmaları, türklərin bir-birini anlamaları üçün ümumi bir ədəbi dil zəruridir".

Ali Pedaqoji İnstitutun (ADPU) müəllimləri olan Abdulla Tağızadə, Xalid Səid Xocayev və İdris Həsənovu birləşdirən digər ünsürlər onların, ya birgə müəllifi olduqları dərsliklər, ya da redaktoru olduqları kitablar idi. Belə ki, Abdulla Tağızadə və Xalid Səid Xocayev 1938-ci ildə orta məktəb (7-ci sinif) üçün "Müxtəsər üslubiyyat" adlı dərsliyin həmmüəllifi olmuşlar, kitabın Ön sözü (bir neçə söz) elə müəlliflərə aiddir. Kitabın redaktoru isə B.Çobanzadə olmuşdur. 92 səhifədən ibarət olan kitabda mövzular altı başlıq altında verilmişdir: A. Üslubiyyat (stilistika), intonasiya və durğu işarələri; B. Cümlə; C. İfadənin bədii ünsürləri; Ç. Bəyan; D. Yazı. Yazının mənşəyi və inkişafı; E. Yeni türk imlası.

Digər ortaq kitab isə Abdulla Tağızadə, İdris Həsənov və Ələkbər Babazadə həmmüəllifliyi ilə 1934-cü ildə çap olunan "Azərbaycan türk dilinin imlası" adlı kitabdır. 32 səhifədən ibarət olan kitab 3 hissədən ibarətdir: 1) Türk və türkləşmiş kəlmələrdə imla prinsipləri; 2) ərəb-fars sözlərinin imlası prinsipləri; 3) Avropa və rus sözlərində imla prinsipləri.

İdris Həsənovun 1936-cı ildə altıncı sinif üçün tərtib etdiyi  "Qrammatika" kitabının redaktoru Abdulla Tağızadədir. Abdulla Tağızadə, həmçinin bir neçə kitabın redaktoru olmuşdur: Türk dili: qeyri-türk məktəblərinin dördüncü sinfi üçün /Qasımbəyli, D.Məhəmmədzadə; red. A.Tağızadə, Q.Həsənov. (1936); Türk dili: qeyri-türk məktəblərinin 3-cü sinfi üçün /Qasımbəyli, Məmmədzadə; red. A.Tağızadə. (1936); Türk dili və ədəbiyyat: ibtidai məktəb proqramları /ASŞC MXK İbtidai və Orta Məktəb İdarəsi; dil proqramını tərt. ed. Q.Ələkbərli; ədəbiyyat proqramını tərt. ed. Ə.Nazim, F.Qasımov, Ə.Sultanlı [və b.]; red. A.Tağızadə, Ə.Şərifov, Ə.Nazim (1936).

1928-1929-cu illərdə Ali Pedaqoji İnstitutda qədim türk dilləri - orxon və uyğur dilləri, türk dillərinin tarixi qrammatikası haqqında məruzələr oxuyan Abdulla Tağızadə haqqında yazılan bir çox məqalələrdə onun müəllifi olduğu kitabların adı qeyd olunur ki, həmin kitablar harada və necə saxlanılması ilə bağlı heç bir məlumat yoxdur. "Şərq" qəzetinin 8 noyabr 2014-cü il buraxılışının 11-ci səhifəsi Abdulla Tağızadəyə həsr olunub və həmin səhifədə yazılır: "..."Türk-tatar dillərinin tarixi sərf-nəhvi" kitabını nəşr etdirir. VIII-IX əsrlər qədim uyğur abidəsinin mətnini nəşrə hazırlayır, ona sözlük yazıb, abidə haqqında qiymətli fikirlər söyləyir. 692-693-cü illərdə yazıldığı güman edilən, Tonyuququn qəbirüstü abidəsi üzərindəki mətni çapa hazırlayan Abdulla Tağızadə "Qədim türk dilləri və yazılı abidələrinin öyrənilməsi üsulu və yolları", "Dil haqqında elmin inkişaf tarixi", "Azərbaycan dili və şivələrinin izahlı lüğəti", həmçinin Xalid Səid Xocayevlə birlikdə "Müxtəsər üslubiyyat" əsərlərini yazmaqla dilçilik elmimizə yeni nəfəs qazandırır".

Digər bir məqalədə - Savalan Fərəcovun "Qədim türk mədəniyyətini araşdıran alim" ("Mədəniyyət" qəzetinin səh.19, 6 iyul 2018-ci il nəşrində) adlı yazısında yuxarıdakı əsərlərin adı çəkilir: ""Türk-tatar dillərinin tarixi sərf-nəhvi" kitabını nəşr etdirir. VIII-IX əsrlər qədim uyğur abidəsi "Huastuanift"in mətnini nəşrə hazırlayır, yazdığı Ön sözdə abidə haqqında qiymətli fikirlər söyləyir. Həmçinin 692-693-cü illərdə yazıldığı ehtimal edilən Tonyuququn qəbirüstü abidəsi üzərindəki mətni çapa hazırlayır. "Qədim türk dilləri və yazılı abidələrinin öyrənilməsi üsulu və yolları", "Dil haqqında elmin inkişaf tarixi", "Azərbaycan dili və şivələrinin izahlı lüğəti", habelə tanınmış özbək dilçisi Xalid Səid Xocayevlə birlikdə "Müxtəsər üslubiyyat" əsərlərini yazır".

Qeyd etmək lazımdır ki, A.Tağızadənin Xalid Səid Xocayevlə birlikdə "Müxtəsər üslubiyyat" və adı heç bir yerdə çəkilməyən İdris Həsənov və Ələkbər Babazadə ilə həmmüəllif olduğu "Azərbaycan türk dilinin imlası" adlı kitabları Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında qorunub saxlanılır. Cəlal Qasımovun "Birinci Türkoloji Qurultay: Şahidlər Və Şəhidlər" (Bakı, 2019) adlı kitabının 173-cü səhifəsində də eyni əsərlərin adlarına rast gəlirik: "Qədim türk dilləri və yazılı abidələrinin öyrənilməsi üsulu və yolları", "Dil haqqında elmin inkişaf tarixi", "Azərbaycan dili və şivələrinin izahlı lüğəti", eləcə də Xalid Səid Xocayevlə birgə yazdığı "Müxtəsər üslubiyyat"ı və onlarca başqa əsərləri ilə dilçilik elmimizi zənginləşdirən Abdulla Tağızadə 1897-ci il martın 17-də (istintaq qovluğunda onun doğum tarixi gah 1897, gah da 1898-ci il göstərilmişdir - C.Q.) Gəncə şəhərində anadan olmuşdur. Abdulla Tağızadə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda dil-ədəbiyyat və sənət şöbəsində elmi işçi, sonra isə dilçilik və terminologiya şöbəsinin müdiri işləyir, "Türk-tatar dillərinin tarixi sərfi-nəhvi" kitabını nəşr etdirir". 18 mart 1937-ci ildə həbs olunan Abdulla Tağızadənin şəxsi kitabxanasının yandırılması, "əlyazmalarının məhv olunması ilə bağlı akt" olduğu məlumdur. Nəşr olunan kitablarının repressiya zamanı müsadirə olunması onun əlyazmalarının ortada olmamasına əsas verir, amma nəşr olunan kitablarından yalnız ikisinin Azərbaycan Milli Kitabxanasında oxuculara təqdim olunması təəssüf hissi doğurur.

Həbs olunana qədər Abdulla Tağızadə, İdris Həsənov və Xalid Səid Xocayev SSRİ Elmlər Akademiyası Azərbaycan filialının əməkdaşları olmuşlar, eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda (ADPU) qabaqcıl pedaqoq kimi də fəaliyyət göstərmişlər. Abdulla Tağızadə ADPU-da dilçilik kafedrasının müdiri vəzifəsində çalışmış, 1930-cu ildə institutun dosenti seçilmiş, qədim türk dillərinin qrammatikasından məruzələr oxumuş, Azərbaycan dili fənnini tədris etmişdir.

Türkdilli xalqların ortaq əlifba və ortaq ədəbi dil ideyasını irəli sürən Xalid Səid Xocayev institutda ərəbcə və farsca tədrislə məşğul olmuşdur. Onun adının bir türkoloq kimi tarixə yazılmasına səbəb türkçülük fikirləri ilə yanaşı, Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərini ilk dəfə tam şəkildə türkcəyə çevirməsi oldu. Azərbaycan filologiyasının inkişafında xüsusi yeri olan Xalid Səid Xocayevin "Türk dillərinin müqayisəli qrammatikası" (Bakı 1926), "Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi", "Yeni əlifba yollarında əski xatirə və duyğularım", "Müxtəsər üslubiyyat", "Müfəssəl sintaksis", "Üslubiyyat nəzəriyyəsi", "Türk dilinin tarixi qrammatikası", "Cığatay ədəbiyyatı haqqında mühazirələr", "Türk ədəbiyyatının nəzəriyyəsi", "Türküstan tarixinin qısa icmalı", "İran dillərinin qrammatikası", "Mahmud Kaşğari "Divan"ı mətninin izahlı, elmi tərcüməsi", "Orxon kitabələrinin izahlı tədqiqi", "Türk məktəbi üçün rus dili" kimi mətbu əsərləri və kitabları ilə yanaşı, itkin əlyazmaları (Azər Turan) da var.

1934-cü ildə Ali Pedaqoji İnstitutunun dillər kafedrasında "Dil və ədəbiyyat kabineti" yaradan İdris Həsənov haqqında Ədalət Tahirzadə yazır:  "İşə ürəkdən can yandırmasının və artıq nüfuzlu elmi işçi kimi yetişməsinin məntiqi nəticəsi olaraq 1935-ci ilin 22 noyabrında institutun (ADPU - Ş.M.) dilçilik və dillər kafedralarının birləşmiş iclasında professor Bəkir Çobanzadənin, eləcə də Abdulla Tağızadə, Xalid Səid Xocayev və başqalarının rəyi ilə İdris Həsənova professor rütbəsi və dissertasiya müdafiə etmədən filologiya elmləri namizədi alimlik dərəcəsi verilməsi qərara alındı" (Ədalət Tahirzadə, "Elm" qəzeti, 18 iyun 1988, səh.4). Eyni zamanda İdris Həsənov 1932-ci ildə Azərbaycan və SSRİ-nin başqa respublikalarında yeni latın əlifbası əsasında korlar üçün nöqtəli hərflərin layihəsini yaratmışdır. Həmçinin İ.Həsənov yeni türk əlifbası ilə buraxılan "Yeni yol" qəzeti və "Gələcək" jurnalında müxtəlif məqalələrlə fəal iştirak etmişdir. "Gələcək" jurnalının 10 mart 1925-ci il buraxılışında (№2) "Əlifba üstündə çalışanların müxtəsər tarixi" adlı məqaləsi çap olunmuşdur. Həmin məqalədə İdris Həsənov ilk dəfə olaraq əlifba məsələsini qaldırmış və onun dəyişdirilməsi üçün səy göstərmiş Mirzə Fətəli Axundovun əlifba islahatı üçün gördüyü işlərdən və yeni türk (latın) əlifbasından danışmışdır.

Azərbaycan dilçiliyində, filologiyasında əvəzsiz işlər görmüş A.Tağızadə, X.S.Xocayev və İ.Həsənovu birləşdirən nəhayət, son idi, hər üçü repressiyanın qurbanı, türkçülük şəhidi və dilçilik qəhrəmanları idi. Abdulla Tağızadə 17 mart 1937-ci ildə həbs olunmuş, 12 yanvar 1938-ci ildə isə güllələnmə hökmü yerinə yetirilir. Xalid Səid Xocayev 3 iyun 1937-ci ildə həbs olunur, A.Tağızadədən fərqli olaraq onun barəsində hökm daha tez verilir - 12 oktyabr 1937-ci ildə hökm həyata keçirilir. İdris Həsənov isə digər həmkarları kimi, 3 aprel 1938-ci ildə həbs olunur, sadəcə, hökmün nəticəsi fərqli olur. Belə ki, İ.Həsənov 1939-cu il iyunun 2-də antisovet təşkilatında iştirakına görə 8 il müddətinə islah-əmək düşərgəsinə göndərilməsinə qərar verildi. 8 il sonra - 1946-cı il aprelin 3-də cəzasını çəkdikdən sonra Gəncəyə qayıtsa da,  professor İdris Həsənov  1949-cu il dekabrın 21-də təhlükəli element kimi yenidən 1939-cu il ittihamına görə həbs olundu və ömürlük Krasnoyarsk diyarına sürgün edildi. 1950-ci il noyabrın 3-də özünü dənizə ataraq dünyasını dəyişdi. Əksinqilabçı, millətçi, pantürkist, terror təşkilatının üzvü, "xalq düşməni" kimi həbs olunan gənc nəslin maariflənməsində və formalaşmasında mühüm rol oynayan hər üç müəllim 1957-ci ildə bəraət almışdır. Onları birləşdirən dəyərlər çox idi, ən önəmlisi isə, onlar milli düşüncə zəminində orijinal təfəkkür sahibləri idilər. Yeni əlifba fəalları və təbliğatçılarından və Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun peşəkar müəllimləri olan A.Tağızadə, X.S.Xocayev və İ.Həsənov filoloq, alim, türkoloq kimi Azərbaycan dilçiliyində təkrarolunmaz şəxslərdəndir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!