Mərziyə Əhmədi Üskui Dalğa: Cənubun cəsur qızı - Aygün BAĞIRLI

Aygün BAĞIRLI

Qadın olmaq zəriflik deməkdir, incəlik, əsalət deməkdir, üstəlik, tale sənə yaradıcılıq istedadı, şair həssaslığı veribsə, bu deyilənlər ikiqat olmalıdır. Qadın güclü olmağa məcbur deyil. Meydanda olmaq, qəhrəmanlıq göstərmək də onun vəzifəsi deyil. Amma nəsibin olan coğrafiya və onun taleyi bəzən səndən qəhrəmanlıq, döyüşkənlik və cəsur olmağı tələb edir. Məsələn, əlindəki qələmlə gülü, çiçəyi, çayı, çəməni vəsf etmirsən, sevgi hekayələri də yazmırsan, sonunda üç ətirli alma düşən nağıllar da uydurmursan. Qələmi süngüyə, qılınca çevirirsən, zalım və güclü olanlarla mübarizə aparmalı olursan, Mərziyə Əhmədi Üskui Dalğa kimi.

Azərbaycanın cənubunda - Təbrizin Üskü qəsəbəsində 1945-ci ildə dünyaya göz açan, cəmi 29 il ömür sürən Mərziyə Üskui bir ömrün içinə neçə həyat yerləşdirib. Pedaqoq, şair-yazıçı, cəsur inqilabçı. Və hər üçünü şəxsiyyətində ləyaqətlə, bacarıqla birləşdirən Üskuinin yaradıcılığını nə müəllimliyindən, nə də mübariz inqilabçılığından ayırmaq olmur. O, müəllim kimi ibtidai siniflərdə Abdulla Şaiqin "Keçi" şeirini tədris edəndə "Bir qurd çıxsa qarşına, Sən nə edərsən ona?" sualından sonra növbəti məşhur misraya keçməzdən əvvəl şagirdlərindən suala cavabı "Var gücümü toplaram, buynuzumu o qurdun sinəsinə saplaram" kimi öyrədirdi. Az sonra kiçik sinif otaqlarına sığmayan Mərziyə Əhmədi "dərslərini" həm meydanlarda, həm əsərlərində keçməyə başlayır. Ana dili, azadlıq, ədalət və bərabərlik uğrunda mübarizə bacarığını bütün tələbələrinə aşılamağa çalışırdı. Bütün bunlar ona heç də asan başa gəlmirdi. O, təqib və təhdidlərə məruz qalır, zindan həyatı yaşamağa məhkum olur, amma bütün bunlar onu tutduğu haqq yolundan çəkindirə bilmir. Mərziyə Əhmədi Şəms Kəsmai, Pərvin Etisami, Səlmaslı Nimtac xanım, Munirə Taha kimi qələm sahiblərinin yolunu seçir. Sakit həyatı yox, mübarizə və savaş yolunu. Onlar bu yolla bir gün qaranlıqları aydınlandıracaqlarını düşünürdülər. Zərif çiyinlərinə ağır məsuliyyət yükü götürən Mərziyə özünü çox problemlərin qarşısında borclu bilir, missiyasını həyata keçirmək üçün həm pedaqoji fəaliyyətindən, həm yaradıcılığından istifadə edirdi.

Dostları onu başına gətiriləcək müsibətlərdən qorumaq üçün Avropaya göndərəndə Mərziyə orada qərar tuta bilmir, vətəndə lazım ola-ola qürbətdə rahat həyatı özünə rəva görmür və onlardan xəbərsiz qayıdıb gəlir. Cəsur və mərdanə addımları onun yolunu məhbəsdən də salır. Onu həbsxanadan yola salarkən ,"Ümid edirik ki, bir də görüşməyəcəyik" - deyən polis işçisinə "Mən əminəm ki, görüşəcəyik" - deməklə, öz haqq yolundan çəkinməyəcəyini bəyan etmiş olur.

Zülmə boyun əymək, haqsızlıq qarşısında susmaq Mərziyə Əhmədi şəxsiyyətinə xas xüsusiyyət deyildi.

 

Xırda, incə arx idim,

Meşələrdən, dağlardan,

Dərələrdən axırdım.

Bilirdim, durğun sular

Öz içində boğular.

 

Mərziyə səssiz axmağı, durğunluğu, öz içində boğulmağı özünə yaraşdırmırdı. O bilirdi ki, zəncirləri, çərçivələri, sədləri sakit dayanmaqla qırıb aşırmaq olmaz. Bunun üçün dalğalanmaq, tufanlara, boranlara hazır olmaq lazımdır.

 

Mən zülümə sığışmaram!

Bir ölümlə qorxuzdunuz, yetər məni!

Bir həyata sığışmadım,

Yüz ölümə sığışmaram!

 

Xalq şairi Bəxtiyar Vahabzadənin Mərziyənin dilindən verdiyi bu parça bir bədii bəyannamə kimi səslənir və təkcə Mərziyənin səsi kimi yox, dünyanın hər yerində haqsızlıqla üz-üzə qalanların səsi kimi. Mərziyə bir qadın harayı, qadın fəryadı ilə xalqların azadlığını əlindən alanlara, doğma dilində danışmağa qadağa qoyanlara etiraz edirdi. Belə mərd, sədaqətli, cəsur, vətənpərvər şairənin çətin həyatı və çoxyönlü yaradıcılığı ilə bizi tanış edən Lətifə Mirzəyevanın "Sənətkarın Elmi Pasportu" seriyasından olan "Mərziyə Əhmədi Üskui Dalğa: Həyatı və yaradıcılığı" monoqrafiyası düşünürük ki, onun xatirəsinə dəyərli töhfədir. Monoqrafiya Lətifə Mirzəyevanın Cənubi Azərbaycan ədəbiyyatı istiqamətində ilk araşdırması deyil. O, bundan əvvəl "Kərim Məşrutəçi Sönməz", "Həsən Məcidzadə Savalan", "Şimali Azərbaycan Cənub ədəbiyyatında", "Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi", "Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri" kimi kitab və monoqrafiyalar yazmış, hal-hazırda isə "Cənubi Azərbaycan mövzusu Şimali Azərbaycan poeziyasında" monoqrafiyasının üzərində işləyir və "Şimaldakı Cənubi Azərbaycan mövzulu ədəbiyyat" antologiyasını çapa hazırlayır. Ancaq müəllifin Mərziyə Üskui haqqında yazdığı monoqrafiyada ona bəslədiyi xüsusi ehtiram və sevgini sezmək çətin deyil. Qeyd edək ki, Lətifə xanım Mərziyə Üskuinin həm bədii yaradıcılığını, həm pedaqoji və inqilabi fəaliyyətini dərindən incələmiş, bu zərif və güclü xanımın bütöv şəxsiyyəti ilə şimallı oxucuları yaxından tanış etmişdir. Qeyd edək ki, Cənubun cəsur şairəsi haqqında bu tayda xeyli sayda əsərlər yazılmış, onun bədii obrazı yaradılmış, əsərlərinin elmi qiyməti verilmişdir. Əli Tudə, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Firuzə Məmmədli və başqaları onun haqqında bədii əsərlər yazmış, Mirzə İbrahimov, Əzizə Cəfərzadə, Həmid Məmmədzadə, Sabir Nəbioğlu kimi alimlər onun yaradıcılığına münasibət bildirmişlər ki, müəllif bütün bunları nəzərdən keçirmiş, "Mərziyə Üskui Dalğa Azərbaycan ədəbiyyatında" bölməsində hər biri haqqında fikir bildirmişdir.

29 yaşında düşmən gülləsinə tuş gəlib həyatla vidalaşsa da, əsərləri və tələbələri Mərziyənin ideya və ideallarını yaşatmış, onun bir arzusunu yüz etmişlər. Balaş Azəroğlunun dediyi kimi:

 

Düşmən elə bildi ki, bu atəşlər altında

Əbədilik söndü o.

Bilmədi ki, kök atmış bir çinara döndü o.

Ucaldı budaq-budaq, çoxaldı yarpaq-yarpaq,

Boylandı doğma yurdun ulduzlu sinəsinə.

El üçün Vətən üçün neçə şeir böyütmüş

Bir şairə - bir ana

Ucaldı vərəq-vərəq Vətənin səmasına...

 

Ümid edirik ki, böyük məhəbbətlə yazılan, Mərziyə Əhməd Üskui haqqında ilk sistemli monoqrafik tədqiqat olan "Mərziyə Əhməd Üskui Dalğa: həyatı, mühiti və yaradıcılığı" monoqrafiyası həm oxucular, həm tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynayacaq. Lətifə xanımın zəhmətlə ərsəyə gətirdiyi dörd fəsildən ibarət bu əsər nakam xanımın həm həyatını, həm fəaliyyətinin bütün yönlərini araşdırmaq baxımından əhəmiyyətlidir. Biz bu tədqiqat vasitəsilə Mərziyə xanımın obrazını bütövlükdə - həm şair, həm pedaqoq, həm də bir inqilabçı kimi görə bilirik. Mərziyə xanımın cəsurluğu onda idi ki, özünü bütün fəaliyyəti ilə ölümə aparırdı. Əqidəsi və məsləyi naminə heç vaxt geri çəkilməyən Mərziyə xanım özü də dərk edirdi ki, bu ölüm ancaq fiziki ola bilər. O, cəsarəti ilə hələ sağlığında özünə mənəvi abidə ucalda bilmişdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!