Müasir dövrdə türk dövlətləri arasındakı əlaqələrin və münasibətlərin inkişaf dinamikasını izləsək, görərik ki, müstəqil türk dövlətlərinin başçıları türk xalqları arasında əlaqələrin genişlənməsinə, ölkələrarası münasibətlərin müsbət yöndə inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərməkdədirlər.
Son dövrlərdə türk dövlətləri arasında mədəni əlaqələrin genişlənməsi istiqamətində atılan addımlar da özünü ən geniş şəkildə elm, ədəbiyyat sahəsində göstərir. Belə ki, müxtəlif türk ədiblərinin əsərlərinin digər türk dillərinə tərcüməsi, ümumtürk ədəbiyyatının müxtəlif türk dövlətlərinin ədəbiyyatında təzahürü məsəllərinə həsr olunmuş tədqiqat işlərinin aparılması, qardaş xalqların ədəbiyyatının köklü şəkildə araşdırılması, elmi işlərin yazılması və s. proseslər dediklərimizin əyani sübutu ola bilər.
Xüsusilə, sovet hakimiyyətinin parçalanması ilə 1990-cı illərin əvvəllərində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın müstəqillik qazanması, 1923-cü ildən öz müstəqilliyini elan edərək sürətli inkişaf yoluna qədəm qoyan Türkiyənin fəaliyyəti türksoylu xalqlar arasında hərtərəfli əlaqələrin genişlənməsinə şərait yaratmışdır. Onu da qeyd etmək lazımdır ki, həmin müstəqil dövlətlərin bir-birinin tarixini və ədəbiyyatını tədqiq etmək, onları ümumtürk ədəbiyyatı fonunda dəyərləndirmək həyata keçirilən tədbirlər planının əsasını təşkil edən məsələlərdəndir.
Təməli hələ Ümummilli Lider Heydər Əliyevin "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamının verilməsi və dastanın ümumtürk abidəsi elan olunması ilə atılan türkçülük ideyalarının təbliği məsələsi eyni zamanda bütün dünyaya türkün gücünün, humanizminin, sədaqətinin, dostluğunun, vətənpərvərliyinin nümayişi idi.
Hazırda türk dövlətlərinin, xüsusilə, müstəqil dövlət quruculuğuna malik olmayan, Rusiya və Çinin tabeliyində muxtariyyətlərini əldə etməyi bacaran türk dövlətlərinin ədəbiyyatı tədqiqata cəlb olunması mühüm məsələlərdən biridir.
Fikrimizcə, bu istiqamətdə tədqiqat işlərinin aparılması türksoylu xalqların zəngin ədəbiyyatının müəyyən dərəcədə araşdırılmasına, onların tarixinin öyrənilməsinə və müasir dövrdə qarşılıqlı şəkildə inkişaf etdirilməsinə kömək edəcəkdir.
Azərbaycan ədəbiyyatı tarixində kifayət qədər çox tədqiq olunan mövzulardan biri də Türk xalqlarının ədəbiyyatı, fərqli türk kökənli soyların ümumtürk kontekstində yeri, mövqeyi mövzusudur. Qədim tarixə və ənənələrə malik olan türk qövmünün ədəbiyyatı əslində sonu bilinməyən xəzinədir. Bu xəzinənin araşdırılması və müxtəlifyönümlü tədqiqatlara cəlb olunması həm bu xalqların qədim tarixini, dövlətçilik ənənələrini, həm mədəniyyətini, milli xüsusiyyətlərini, dünya tarixindəki rolunu müəyyənləşdirir, digər millətlərdə türklər haqqında olan fikirlərini aydınlaşdırır.
Bəşəriyyət tarixində yaşayan ilk türklərin tarixi kökləri təqribən 5000 il əvvəl tarixin ən qaranlıq səhifələrində özünü göstərməkdədir. Türk xalqlarının ilk vətəni isə Orta Asiya ərazisi hesab olunmasına baxmayaraq, hazırda türk xalqları ən əlverişli-coğrafi mövqeyə malik olan ərazilərdə - "Ön Asiya, Mərkəzi Asiya, Qafqaz regionları, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yenisey ətrafı ərazilərdə, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşmışlar".
Ulu türk qövmünün yayılma arealı Asiya və Avropanın da az bir hissəsi olmağına baxmayaraq, mədəniyyəti və ədəbiyyatı bütün dünya xalqlarının mədəniyyətinə, incəsənətinə təsir etmişdir. Elə bu səbəbdən də Türk xalqalarının ədəbiyyatını dünya ədəbiyyatının bir hissəsi kimi, dünya ədəbiyyatını isə ümumtürk ədəbiyyatı fonunda araşdırmaq və təhlil etmək daha maraqlı tədqiqatların meydana çıxmasına rəvac vermişdir.
Azərbaycan ədəbiyyat tarixinə nəzər salsaq, görərik ki, türk xalqlarının ədəbiyyatı ilə qarşılıqlı əlaqələr hələ orta əsrlərdə özünü göstərsə də, bu məsələ hələ qədim dövrlərdəki proseslərin nəticəsi idi. Belə ki, sadəcə bir çox türk xalqlarının folklorunu tutuşdurmaq bu qövmün bütövlükdə eyni qədim toplumdan törəməsini deməyə əsas verir. Bədii ədəbiyyat, daha dəqiqi folklor hər bir xalqın pünhan olan xüsusiyyətlərini bəlli edən əsas qaynaqdır desək, hər halda yanılmarıq.
Qeyd etmək lazımdır ki, XX əsrin sonlarından başlayaraq türk ölkələrinin və xalqlarının tarixi və mədəniyyətinin araşdırılması məsələsi daha prioritet məsələyə çevirilmişdir. Türklər və tarixi haqqında məlumatlar, Bizans, Çin, İran, ərəb və hind qaynaqlarında öyrənilməktədir. Türklərin öz qaynaqlarının böyük bir qismi Monqol işğalları əsnasında yox olmuşdur. Bir qismi də hələ də ortaya çıxarılmamışdır.
Hazırda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi 6 müstəqil, Şimali Kipr Türk Respublikası de-fakto müstəqil, Sincan-Uyğur, Başqırdıstan, Tatarıstan, İli-Qazax Muxtar dairəsi, Krım Muxtar Respublikası, Qaraqalpaqıstan, Çuvaşıstan, Saxa, Kabarda-Balkariya, Xakasiya, Qızılsu-Qırğız Muxtar dairəsi, Qaraçay-Çərkəz, Naxçıvan, Tuva, Altay, Qaqauziya, Taymır-Dolqan-Nenes rayonu kimi muxtar respublikalar və ərazilər bütövlükdə qədim türk ulusunun soy-kökündən gələn nəsillərin, xalqların yaratdığı dövlət və ya dövlət birlikləridir. Yuxarıdakı siyahıdan da göründüyü kimi muxtariyyət şəraitində yaşayan türk toplumlarının əksəriyyəti Rusiya və Çinin tərkibindədir. Bu isə onu deməyə əsas verir ki, sözü gedən xalqların mədəniyyətinə, tarixinə, düşüncə tərzinə və dolayısı ilə ədəbiyyatına başqa ölkələrin təsiri və təzyiqi az olmamışdır. Təbii ki, müstəqil şəkildə türklüyü və türkçülük ideyalarının təbliğatını aparmaq, soy-kökdən qaynaqlanan qədim ümumtürk mədəniyyətini ictimaiyyətə aşılamaqda müəyyən hüdudlara, çərçivəyə sığdırılan türk qövmləri hətta bəzi hallarda daha ağır şiddətə, etnik təcavüzlərə də məruz qalmaqdadırlar. Lakin bu sahədə aparılan işlər müstəqilliyini əldə etmiş türk kökənli ölkələrdə daha da qənaətbəxşdir.
Bildiyimiz kimi, türk xalqlarının ortaq dastanlarının - "Alpamış", "Ergenokan", "Törəyiş", "Köç", "Oğuz Kağan", "Kitabi-Dədə Qorqud", "Koroğlu" və s. kimi folklor nümunələrinin mövcud olması tarixən eyni kökdən törəmiş ayrı-ayrı qolların bir-biri ilə mədəni, tarixi əlaqələrinin davam etməsinin bariz nümunəsi idi. Lakin onu da qeyd etmək lazımdır ki, türk xalqları əsrlər boyu davam edən güclü dövlətçilik ənənələrinin daxili və xarici səbəblər nəticəsində zəifləməsindən sonra zaman-zaman müxtəlif xalqların, dövlətlərin vassallığını qəbul etməyə də məcbur olmuşlar. Hətta bəzən yalnış olsa da, daxili müdaxilələrin və xəyanətin öhdəsindən gəlmək üçün qeyri-türk kökənli toplumlarla birləşmiş, mübarizə aparmışlar. Nümunə üçün XIX əsrin müxtəlif dövrlərində juzların - qazaxların digərləri üzərində üstünlük əldə etmək istəyi nəticəsində ruslarla, çinlə, monqollarla və hətta vəhşi köçəri tayfalar hesab olunan juanjuanlarla ittifaqlarını, yaxud Azərbaycanda xanlıqlar dövründə bəzi xanlıqların rus və iran meyilliliyini xatırlatmaq kifayətdir.
Orta əsrlərdə qərbdə qüdrətli iki türk dövlətinin - Osmanlı və Səfəvi dövlətlərinin hakimiyyətinin qüdrətli vaxtlarında şərqdə yaşayan türk toplumları rusların, çinlilərin, monqolların siyasi hiylələrinin qurbanına çevirilirdi. Çar Rusiyası tarixi ideyasını - " parçala və hökm sür" ideyasını əsas götürərək azsaylı və lidersiz qalan türk tayfalarını özünə birləşdirirdi.
Lakin bütün bunlara baxmayaraq, müxtəlif türk xalqlarının ən qüdrətli siyasi liderləri sayəsində türklər Böyük Turan ideyasını zaman-zaman gündəm mövzusu etməyi də bacarmışlar. Təbii ki, haqqında danışdığımız türk xalqları arasındakı ədəbi-mədəni əlaqələr məsələsi etnosun yayılma arealından da asılı olaraq dəyişir. Elmi araşdırmalar zamanı tədqiq ediləcək əsas maraqlı məsələlərdən biri də ərazi baxımından bir-birindən uzaq olan türk qövmlərinin ədəbiyyatının ortaq mövzuları və ya detalların nə dərəcədə olmasıdır.
Müstəmləkə şəraitində yaşayan xalqın vəziyyəti bizə bəllidir. Çar Rusiyasının Azərbaycan xalqını tabeliyində olduğu müddətcə etnik, milli və dini ayrı seçkiliyə məruz qoyması, sovet imperiyasının isə köklü şəkildə yadlaşdırma, tariximizdən, soy - kökümüzdən, milli mənsubiyyətimizdən, dilimizdən, dinimizdən uzaqlaşdırma siyasəti yuxarıda haqqında danışdığımız müstəmləkə siyasətinin iç üzünü açmağa kifayət edir. Odur ki, türk xalqlarının əksəriyyətinin hələ də dünyaya hegemonluq etmək iddiasını yeritməyə çalışan, dünyada ən böyük əraziyə sahib olan dövlət olmasına baxmayaraq, hələ də qonşu ölkələrdə gözü olan, bütün siyasi münaqişələrdə bu və ya başqa şəkildə müdaxiləsi ilə diqqət çəkən böyük ölkələrin təbəəliyində olması heç də ürəkaçan məqam deyildir. Eyni zamanda dünya tarixində təbəəliyində yaşayan xalqlara qarşı, xüsusilə, uyğur türklərinə qarşı qatı münasibəti ilə seçilən ÇXR-nin tərkibində muxtariyyət qazanan türk xalqlarının çox ağır şərtlərdə yaşaması diqqətdən kənarda qalan məsələ deyildir.
Beləliklə, ərazi baxımından qruplaşmadan başqa muxtar respublika kimi digər dövlətlərin tərkibində mövcud olan türk dövlətlərini belə qruplaşdırmaq olar:
1. Rusiyanın tərkibində: Başqırdıstan, Tatarıstan, Krım Muxtar Respublikası , Çuvaşıstan, Saxa, Kabarda-Balkariya, Xakasiya, Qaraçay-Çərkəz, Tuva, Altay, Qaqauziya, Taymır-Dolqan-Nenes rayonu,
2. Çin və Monqolustanın tərkibində: Sincan-Uyğur, İli-Qazax Muxtar dairəsi, Qızılsu-Qırğız Muxtar dairəsi,
3. Türk ölkələrinin tərkibində: Qaraqalpaqıstan, Naxçıvan.
Ümumtürk kontekstinin türksoylu dövlətlərin ədəbiyyatına təsiri məsələsi ərazi baxımından təhlil olunduğu kimi, müxtəlif siyasi, dini rəhbərliyin tabeliyində olmasının da fərqli təsirləri məsələsi hazırda araşdırılması mühüm olan məsələlərdəndir. Belə ki, ən əsas məsələ olan dini və irqi məsələlər müstəmləkə xalqların tarixində, məişətində, mədəniyyətində və təbii ki, birbaşa ədəbiyyatında özünü göstərməkdədir. Yuxarıdakı qruplaşdırmadan da aydın olduğu kimi, muxtariyyət əldə etmiş türksoylu xalqların yaratdığı dövlətlər daha çox Rusiya Federasiyasının ərazisindədir. Məhz bu səbəbdən də ən əsas məqamlardan biri dil məsələsidir. Məsələn, tarixi baxımından ən qədim türk xalqlarından biri olan, Ural dağlarının ərazisində, əsasən də cənub hissələrində hələ Paleolit dövründən məskunlaşmaları haqqında mənbələrdə məlumat olan, VII əsrdən adları qaynaqlarda çəkilən başqırdların 1992-ci ildə muxtariyyət alaraq Rusiya tarixində ilk muxtar respublika olan Başqırdıstan Respublikasının iki dövlət dilindən birinin rus dilinin olması heç də təsadüfi deyil. Ədəbiyyatla yanaşı teatr, publisistikanın da əsas dili rus dilidir. Bu hal yalnız sözügedən xalqın ədəbiyyatında iz qoymamışdır.
XX əsrin əvvəllərindən başlayaraq əsərlərdə milli məfkurə məsələləri daha qabarıq şəkildə təzahür etməyə başladı. Sovet hakimiyyəti illərində yenidən bütün türk xalqlarının ədəbiyyatında olduğu kimi, başqırd ədəbiyyatında da buxovlar özünü göstərməyə başladı.
Çin əsarətində qalan Uyğur dövlətinin də ədəbiyyatı çar və ya sovet rejimindən heç də geri qalmırdı. Baş verən siyasi proseslər digər türk xalqlarının ədəbiyyatında olduğu kimi, uyğur ədəbiyyatında fərqli mövzuları ana mövzuya çevirirdi. Belə ki, əsrin əvvəllərində azadlığı nur, işıq kimi vəsf edən, vətənpərvərlik ideyalarını əks etdirən əsərlər yazmağa başlayan uyğur yazarları, çində baş verən siyasi məsələlərin nəticəsində ciddi müstəmləkəçilik siyasətinin qurbanına çevirilirlər.
Bu kimi məqamların demək olar ki, bütün digər türk xalqlarının ədəbiyyatında müşahidə etmək onların bədii ədəbiyyatının əlaqələrini bir daha göstərən nüanslardandır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!