İslam Qəribli-70: Elm ruhun işığıdır... - Esmira İsmayılova yazır

...Mənim və yüzlərlə yetirmələri üçün müqəddəs olan əziz insan - dəyərli müəllim, tanınmış ədəbiyyatşünas alim, tədqiqatçı, pedaqoq, şair, publisist, gözəl ziyalı, professor İslam Qəriblinin bu günlərdə 70 yaşı tamam oldu. 70 ilə gəlib çatmaq hünər deyil, hünər bu ömrü kişi kimi yaşamaq, el-obanın məhəbbətini qazanmaqdır. Məşhur bir kəlamda deyildiyi kimi: "Həyatın mənası yalnız yaşamaqda deyil, nəyin xatirinə yaşamaqdadır".

İslam Qəribli nəyin xatirinə yaşadığını bilən, Tanrı tərəfindən ona verilən ömür payını layiqincə dəyərləndirməyi bacaran şəxsiyyətlərdəndir. Etiraf edək ki, hər bir ziyalı, alim, müəllim şəxsiyyətə çevrilə bilmir. Şəxsiyyət olmaq üçün insanın duyan qəlbi, Yaradanı və yaradılanları sevən ürəyi, düşünən beyni, verilənləri dəyərləndirə bilən zəkası olmalıdır. Tam səmimiyyətimlə deyirəm ki, mənim tanıdığım İslam Qəriblidə bu xüsusiyyətlərin hamısı cəmləşib. Doğulduğu yerlərin ecazkar təbiəti var xarakterində. Lerik dağlarının vüqarı duyulur əzəmətli duruşunda, çaylarının əks-sədası var səsində, kənd insanlarının səmimiliyi hopub yazılarına, deyimlərinə, xarakterinə. Mərdanəlik, ağayanalıq var simasında. Seyid adının ucalığını, ülviyyətini daima qorumağa çalışıb, işi, əməli, mənəvi dəyərlərə sadiqliyi ilə həmişə ətrafdakılarına örnək olub prof. İslam Qəribli.

 70 illik yubileyini AMEA-nin Nizami adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi qarşılayan, sadə kənd müəllimliyindən alimliyə qədər şərəfli həyat yolu keçən İslam Qəriblinin pedaqoji, bədii, elmi, publisistik fəaliyyəti əsl həyat məktəbidir, ədəbi dəyərdir, bu məktəbi araşdırmağa, bu irsdən öyrənməyə dəyər və həm də ona görə ki, dəyərli insanlar məhz zamanında, yaşayıb yaratdıqları vaxt dəyərlərini almalıdır ki, digərlərinin də yaradıcılıq yollarına işıq olsun!

Professor İslam Qəribli 70 illik ömrünü necə yaşadı, yaşıdlarından nə ilə fərqləndi, yaşanmış ömründə tək özü, doğmaları üçün deyil, xalq, vətən, cəmiyyət üçün yaddaqalan ola bildimi? Bu sualların cavabı İ. Qəriblinin keçdiyi maraqlı və şərəfli həyat yolunun qısaca da olsa, çözümündədir. Geniş oxucu kütləsinin marağını nəzərə alaraq xatırlatmaq istəyirəm ki, İslam Eynəli oğlu Qəribli 5 may 1954-cü ildə Lerik rayonunun Molalan kəndində anadan olub. Əsli Ərdəbil yaxınlığındakı Sarxanbəyli elatındandır, altıncı babası Ramazan Molalan kəndinin əsasını qoyanlardan biri olub, atası Eynəli Kərbəlayi Xanəli oğlu tanınan sənətkar - nəccar olsa da, folklorumuzun və mərsiyyə ədəbiyyatının kamil bilicisi, sinədəftər bir şəxsiyyət, el ağsaqqalı, kəsərli söz sahibi kimi tanınıb və prof. İslam Qəribli doğulduğu kənddə bu gün də elə atasının adı ilə tanınır!

İslam Qəribli 1971-ci ildə ADPU-nun filologiya fakültəsinə daxil olub, 1975-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirərək təyinatla Biləsuvar rayonunun Əmənkənd kənd orta məktəbində 4 il müəllim və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 1979-cu ildə Biləsuvardan Lerik rayonuna dəyişilərək burada pedaqoji işini davam etdirib, 1990-cı ilin dekabr ayına kimi Lerikin Murya, Kaqoy, Molalan kəndlərində müəllim və məktəb direktoru olub.

İslam Qəribli niyə məhz müəllimlik peşəsinə könül vermişdi - bu seçimi kənd uşağının öz müəllimlərinə olan sevgisimi doğurmuşdu, müəllimlərinə olan hörmətdənmi qaynaqlanmışdı, bu peşəyə olan ehtiyacdanmı? Düzü, nədənini, niyəsini İslam müəllimdən heç vaxt soruşmamışam, cavabını da bilmirəm. Amma bildiyim bir həqiqət var ki, həyatda təsadüfi heç nə yoxdur və İslam Qəriblinin müəllimlik peşəsini seçməsi taleyin xoş qisməti, uca Yaradanın ona lütfü kimi dəyərləndirilməlidir ... Zaman göstərdi ki, müəllimlik peşəsi prof. İslam Qəriblinin sanki taleyinə "biçilmişdi", həyati ehtiyaclarını ödəyən peşə, "çörək ağacı"ndan çox, ruhən, qəlbən bağlandığı könül sevdası oldu, gəncliyindən ahıllıq çağlarına qədər cəmiyyətlə özü arasında hörmət, ehtiram, sevgi körpüsünə döndü...

 Pedaqoji fəaliyyətlə məşğul olduğu illərdə İslam Qəriblinin aldığı təltiflər, təşəkkürnamələr, fəxri-fərmanlar, fəxri adlar göstərdi ki, ADPU-nun filologiya fakültəsinin fərqlənmə diplomlu məzunu çalışdığı bütün pedaqoji kollektivlərdə sevilən, seçilən, fərqlənən biri olmağı bacarıb. 1985-ci ildə "Baş müəllim" adını qazanması fikrimizi bir daha təsdiqləyir. Biləsuvar, Lerik rayonlarının ucqar kənd məktəblərində tədrisdə yeni öyrənmə metodlarını, şagirdlərə fərqli yanaşma tərzini ortaya qoymaqla, fənnini ürəkdən tədris etməklə yetirmələrinin yaddaşında əsl müəllim kimi iz qoymağı bacardı. Aylar, illər keçdikcə İslam müəllimin yetirmələrinə, ilahi seçimi olan müəllimliyə, ədəbiyyata - poeziyaya olan sonsuz sevgisi ürəkləri isitdi, öyrətmənə, öyrənməyə olan sevgiyə döndü, həyat yolunu nurlandırdı, onu cəmiyyətin nurlu ziyalısına çevirdi, nur, işıq topası kimi özünə qayıtdı. Rayonda işləyə-işləyə Azərbaycan EA-nın müxbir üzvü, böyük alim Əziz Mirəhmədovun rəhbərliyi ilə "M. Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah poeması" mövzusunda namizədlik dissertasiyası yazması və 1990-cı il sentyabr ayının 28-də müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alması ucqar dağ kəndində çalışan müəllimin əldə etdiyi böyük uğur kimi dəyərləndirilməlidir. Bu uğur gənc müəllimin həyat fəaliyyətinin axarını dəyişdi, o, həm də alim-tədqiqatçı oldu. İslam Qəriblinin pedaqoji və elmi fəaliyyəti, nəinki bir-birinə mane olmayıb, əksinə, tamamlayıb, qoşa qanada dönüb. O, uzun illər orta və ali məktəblərdə dərs deyib, bakalavrların, magistrlərin, doktorantların, sözün müstəqim mənasında, rəhbəri - yol göstərəni, məsləhətçisi olub, bir çox dərsliklərin müəllifinə çevirib. İ. Qəriblinin müxtəlif illərdə tərtib etdiyi "Azərbaycan dili" (2002, 2003, 2006, 2009) adlı dərs vəsaitləri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

 İslam Qəriblinin 1990-cı ilin dekabrından AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunması, aparıcı, baş elmi işçi kimi çalışması, hazırda isə Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyəti göstərir.

Qeyd edək ki, professor İslam Qəribli 35 ildən çoxdur ki, yorulmadan, usanmadan ədəbiyyat tariximizə baş vurur, o taylı-bu taylı Azərbaycan ədəbiyyatının açılmayan səhifələrini tədqiq edir, ədəbi qaynaqları səbirlə araşdırır, yeni fikirlərini ortaya qoyur və ən əsası, heç kimi təkrarlamır, öz yolu, öz cığırı ilə gedir. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, Məhəmməd Hadinin həyatının, elmi, bədii irsinin köklü araşdırılması professor Əziz Mirəhmədovdan sonra İslam Qəriblinin adı ilə bağlıdır və bu irsin tək araşdırıcısıdır, "sonuncu mogikan"ıdır. İslam müəllim bütün yaradıcılıq gücünü sərf edərək, Azərbaycan ədəbiyyatının istedadlı və talesiz nümayəndəsi Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunu ilmə-ilmə çözərək "M.Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması" mövzusunda namizədlik (1990), "M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövrü mətbuatında (1905-1920)" mövzusunda (2013) doktorluq dissertasiyalarını müdafiə edib. Akademik Bəkir Nəbiyevin İslam Qəriblinin "Məhəmməd Hadi və mətbuat (1905-1920)" monoqrafiyasını "Hadişünaslığa yeni töhfə" adlandırması tədqiqatçının böyük zəhmətinə verilən dəyərdir. Prof. İ. Qəribli M. Hadi ilə bağlı araşdırmalarını bu gün də eyni həvəs və bu nakam ədibin ruhuna ehtiramla davam etdirir. Onun "Məhəmməd Hadi: Həyatı və yaradıcılığı" adlı son monoqrafiyası XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə dair ən sanballı tədqiqat hesab olunur.

"Ağçaydan başlanan yol", "Sönməyən ocaq", "Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması", "Azərbaycan dili", "Məhəmməd Hadi yaradıcılığının "Həyat" və "Füyuzat" mərhələsi", "Məhəmməd Hadi və mətbuat (1905-1920)", "Gecikmiş görüş", "Mən bir kitab, hər vərəqim min kitabdır", "Ədəbiyyat sərhəd tanımır", "Sözün sehri", "Hüseynbala Mirələmov: tarix və müasirlik", "Xurşidbanu Natəvan: həyatı və yaradıcılığı" və s. kitabları prof. İslam Qəriblinin necə məhsuldar alim, publisist, şair, yazıçı olduğunu göstərir. Prof. İslam Qəriblinin "Azərbaycan ədəbiyyatı: dünən və bu gün" kitabı təkcə ədəbiyyatşünaslığımızın deyil, özünün də elmi yaradıcılıq yolunun təhlili, yaradıcı şəxsiyyət kimi özünə hesabatıdır.

Prof. İslam Qəribli geniş diapazona malik ədəbiyyatşünas alimdir. Onun elmi yaradıcılığının əsas istiqamətini ədəbiyyat tarixçiliyi və mətnşünaslıq təşkil edir. 20-dən yuxarı elmi və bədii kitabların redaktorunun toplayıb tərtib etdiyi, ərəb əlifbasından transliterasiya edib çapa hazırladığı, müqəddimə, şərh və lüğətlər yazdığı "Necə qan ağlamasın...?"(Bakı-1993), M. Şəhriyar. Seçilmiş əsərləri-müştərək (Bakı-2000; 2005), Ş.S.Ərdəbili "Qara məcmuə" (Bakı-2004), M. Hadi. Seçilmiş əsərləri-lüğət hissəsi (Bakı-2005), Ə.Nəbati, Heyran xanım, X.Natəvan. Seçilmiş əsərləri (Bakı-2005), A. Bakıxanov. Seçilmiş əsərləri (Bakı-2007), Ə.N.Oxtay. Əsərləri (Bakı-2009), M. Biriya. Əsərləri (Bakı-2010), M. Biriya. "Hər addımda məzarım var" (Təbriz-2016), M. Şəhriyar. "Əbədiyyət gülüyəm mən" (Bakı-2017), M. Hadi. Əsərləri. I və II cildlər (Bakı-2020) kitabları nəşr edilib.

İslam Qəribli olduqca məhsuldar alim, tədqiqatçı olduğundan müəllifi olduğu, redaktə etdiyi kitabların, məqalələrin dəqiq sayını yazmaqda çətinlik çəkirəm. Təqribi də olsa, deyə bilərəm ki, çapdan çıxmış elmi əsərlərinin sayı 200-dən artıqdır, 20-dən artıq kitabın müəllifidir, onlarla kitabın redaktoru olub və zəhmətkeş alim bu gün də qələmini yerə qoymur, daim yazır, yaradır, yeni araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirir.

O taylı-bu taylı Azərbaycanda, bütün Türk dünyasında professor İslam Qəribli ədəbiyyatşünas alim-tədqiqatçı kimi tanınır, sevilir. Tələbələri üçün o həm də gözəl müəllim-pedaqoqdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!