12 iyun 1806-cı il - İbrahim Xəlil xan Cavanşirin qətl edildiyi gün
...Rus qoşunları Gəncəni işğal edib Qarabağ üzərinə yeriyəndə Dmitri Lisaneviç (1773-1825) mayor rütbəsində idi. Lisaneviç ruslaşmış serbəsilli ailədən çıxmışdı. Serblər rus ordusunda gözəçarpacaq saya və mövqeyə malik idilər. Vətən, din təəssübünü çəkməkdə heç nə ilə ruslardan geri qalmazdılar. Vaxtilə imperatriçə Yekaterinanın sevgililərindən biri olan Zoriçə görə mühüm mövqelərdə bulunurdular. Həqiqətdə isə, əsl səbəb xristian təəssübkeşi Yekaterinanın türklərə qarşı onları alət olaraq işlətməsində idi. Odur ki, serblərin həssas nöqtələrinin qıdıqlanması I Pyotrun əli ilə başlasa da, əslində Yekaterinanı rus-turk müharibələrində istifadə etmək üçün serblərdən xüsusi alaylar təşkili işinin ilk təşəbbüsçüsü saymaq olar.
General Pavel Sisianovun "dəli" Lisaneviçə böyük etimadı var idi. Sisianov marağında olduğu Gəncə üzərinə hücumda ona bərk güvənirdi. Və gümanında yanılmadı; qala divarlarına ilk qalxan və Cavad xanı və oğlunu qala bürcündən (deyilənlərə görə, Gəncənin ikiqatlı qala divarlarındakı qüllələrdən biri olan bu bürc Hacı Qala adı daşıyırdı) sərrast güllə atəşi ilə o vurub salmışdı. Tarixi sənədlər də bunu təsdiq edir; Cavad xanın ölümünün Lisaneviçin əli ilə olduğu göstərilir: "Cavad xan ortancıl oğlu Hüseynqulu ağa ilə birlikdə ümumi hücumda qala divarları üzərində mayor Lisaneviç tərəfindən öldürüldü" (Bax: AKAK, ll c, sənəd 1189; 1 kitab, 77) deyə göstərilir. "Tarixi-Safi"nin müəllifi, əslən erməni olan Mirzə Yusif Qarabaği gizlətmək istəmədiyi sevinclə bu hadisəni xəbər verir: "Şiddətli vuruşma əsnasında rus zabitlərindən biri olan mayor Lisaneviçin gülləsi Cavad xanı "həyat divarından" (yəni yaşamdan) kəlləmayallaq (?) yerə endirdi." ("Qarabaği" Mirzə Yusif əslən Cənubi Azərbaycanın Əhər şəhərindəndir. Qacarlar sarayında müsəlmanlığı qəbul edərək oradan Mirzə Yusif adı altında böyük iddialarla - artıq Rus idarəsinə keçən "vətənə" - Qarabağa dönür) İndi Mirzə Yusifə çevrilən erməni müəllifimiz yarı-sərxoş, yarı-manyak bir həzz ilə: "beləliklə, rus ordusu hər tərəfdən qalaya daxil olub onların "orucluq bayramını qurban bayramına çevirdilər" və "işıqlı günlərini zülmətə döndərdilər; sərdar camaatı qırmağa əmr verdi..." deyə qanlı istilanı nəşəli - obrazlı tərzdə müjdələməkdədir.
Ədəbiyyatımızın mücahidi Salman Mümtaz da bu barədə göynəkli bir dillə yazırdı: "Sisianov... Gəncə torpağını məzlumların qızıl qanları ilə suvardı; ramazanın 30-cu gecəsi Gəncə qalasını alıb, ertəsi günü qətliam etdirdi. Bu muxtəsər bəhs etdiyim hadisə haqqında o vaxtın bədbəxt şairləri həzin-həzin mərsiyyələr söyləmişlər. Mərhum Mirzə Camal tarixinə düşməyən bu tarixi şeirlər Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinə düşmədiyi kimi Hacı Abbasqulu ağa Qüdsinin də "Gülüstani-İrəm"inə daxil edilməmişdir. Səbəb məlumdur; rus idarəsində yüksək məmurluq vəzifəsində bunu hansı ürəklə demək olardı; hansı qələm bunu yaza bilərdi?!
Cavad xandan oldu mələklər razı,
Pozulmaz qəzadan yazılan yazı.
Xəbərdar olmadı cəngavər, qazı,
Al-qana boyandı çölü Gəncənin.
Baydaqları bürc üstündə qurdular,
Tifil uşaqları həmi qırdılar.
O zaman ki, Cavad xanı vurdular,
Sanasan qırıldı beli Gəncənin!
General Sisianov döyüşdən öncə 5 dəfə şəhəri təslim etməsi barədə xana müraciət etsə də, Cavad xanı fikrindən döndərə bilmədi. O, "Gəncəyə yalnız mənim meyidimin üstən keçib girə bilərsən" dedi və belə də oldu. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə qalaya hücumdan sonra (bu hücumda Lisaneviçin taburu irəlidə idi və qala divarlarına ilk çıxan onlar idi) gəncəlilərin qəhrəman müqavimətini qıraraq rus ordusu şəhəri ələ keçirdi. Cavad xan və onun oğullarından biri qalanı müdafiə edərkən həlak oldu.
Hadisələrin gedişini "Qarabağnamələr" üzrə izlədikcə yenə "Tarixi-Safi" müəllifinin yazdığına görə, mayor Lisaneviçi həmin ilin bahar fəslində İrəvanın mühasirəsində görürük... Tarix səhifələrini diqqətlə çevirsək, hələ 20 yaşlı Lisaneviçin 1793-cü ildə general Zubov komandasında Azərbaycana yürüşünü də öyrənmiş olarıq.
...İbrahim xanla onun öz gələcək qatili mayor Lisaneviçin ilk görüşü müxtəlif müəlliflərdə eyni cür təsvir olunub: "1805-ci ilin mayında Kürəkçay sahilində sülh müqaviləsi bağlanan kimi general Pavel Sisianov mayor Dmitri Lisaneviçi 500 soldatla Qarabağa göndərir" (Mirzə Yusif Qarabaği. "Tarixi-Safi"); "Sərdar Sisianov mayor Lisaneviçi beş yüz yeger adlanan dəstə və topxana ilə Qarabağa - İbrahim xanın yanında olmağa təyin elədi" (Mirzə Mehdi Xəzani. "Kitabi-Tarixi Qarabağ") və s.
Təfərrüatlara varsaq, görəcəyik ki, qalaya hücum vaxtı Cavad xanı ortancıl oğlu Hüseynqulu ağa ilə birlikdə general Pavel Sisianovun böyük etimad bəslədiyi "Qoçu" ləqəbli Lisaneviç öldürmüşdü. Tarixi sənədlər də bunu təsdiq edir ki, 23 nəfər ailə fərdləri və saray adamları ilə birlikdə Qarabağ xanı İbrahim Xəlil Cavanşiri də bu "dəli"mayor Dmitri Lisaneviç qətl etmişdi. Aradan düz 19 il keçəndən sonra isə - 1825-ci ilin iyulunda artıq general-leytenant rütbəli qatil Lisaneviç üsyançı qumuqlar tərəfindən öldürülmüş, bununla öz cəzasına çatdırılmışdır. Bu fakt özü işğalçılara qarşı qafqazlıların 60 ildən çox çəkən milli-azadlıq mübarizəsinin amalını və xarakterini göstərən bir fakt kimi həmişə maraq doğurmuşdur.
İbrahim xanı düz bir il sonra ailəsi ilə qətlə yetirən Lisaneviç əslində burada özü xanlıq edirdi. Vəziyyət isə hər yöndən mürəkkəbləşib müdhiş hadisələrə yol açmaqda idi... Kürəkçay müqaviləsinin imzalanmasından hirslənib qızışan gənc şahzadə Abbas Mirzə Qacar hərbi yürüşə başlayır; Rus-İran müharibəsinin (1804-1813) ilk addımları artıq atılır. Rus qüvvələrinin azlığı və Araz sahillərinə yanaşmaması (müharibələrə "aludə" olan Rusiya bu zaman eyni vaxtda Avstriya, Fransa, Osmanlı dövləti ilə ayrı-ayrılıqda qəsbkar müharibələrini aparırdı) və həmçinin Qızılbaş qoşunu ilə vuruşmağa ruslar tərəfindən məcbur edilən yerli əhalinin ürəksiz müqaviməti nəticəsində Şuşada da həyəcan anbaan artmaqda idi. Həm də 1806-cı il fevralın 20-də əliqanlı general Sisianovun Bakı qala divarları önündə öldürülməsi xalqı bu qəsbkarların Azərbaycandan nəhayət, çıxıb gedəcəklərinə inanmağa ruhlandırdı.
Böyük bir xaos hökm sürürdü; vəziyyəti yerli erməni məlikləri, o cümlədən, Məlik Şahnəzər də bir yandan körükləyirdi. İbrahim xan əslində onunla qohum idi; Məlik Şahnəzərin qızını almışdı. Lakin ata Şahnəzər də, oğlanları da indi xanın qatı düsməninə çevrilmişdi. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində bu barədə oxuyuruq: "Mərhum Pənah xan və İbrahim xanın mehribanlıq nəzəri, hörmət və mərhəmət gözü həmişə Məlik Cümşüdün üstündə olmuşdu". İndi isə belə qeyri-müəyyən vəziyyətdə ermənilərin, xüsusən, Məlik Cümşüd Şahnəzərovun məkrli gizli donosları öz işini görüb qurtarmışdı. Hələ sonra Türkmənçay sülhü ərəfəsində və sonra Rusiyanın Qacarlar dövlətində səlahiyyətli səfiri Aleksandr Qriboyedovu əhatələyən ermənilərin içində onun tərcüməçisi və kuryeri iki Şahnəzərovu - bu ailənin nümayəndələrini görürük. Daha irəli gedib deməliyik ki, Qarabağdakı rus ordusu komandanı erməni general Valerian Madatov (əsil adı Rüstəm) Peterburqa köçən və orada məskunlaşan Cümşüd Şahnəzərovun qızı ilə evlənmişdi. Xanın qətlindən sonra çar idarəçiləri onun varisi Mehdiqulu xanın könlünü almağa çalışmış, üstü almazlarla bəzədilmiş qələm də bağışlamaqla, sanki onu qələm-möhür sahibi, hakim kimi tanımışdısa da, sonralar məhz erməni general Madatov Qarabağın qanuni hakimi Mehdiqulu xanı perikdirib Qarabağdan qovmuşdu. Cümşüd Şahnəzərovun Peterburqda təhsil alan və xidmətə girən oğulları artıq yeni əsrdə Mixail Qorbaçovun sağında, daim "Qarabağ uğrunda" fəaliyyətdə gördüyümüz onun müşaviri, bizimsə müasirimiz həmin Şahnəzərovun ulu babasıdır.
...İbrahim xanın isə belə şəraitdə Şuşadan çıxıb Xan Səngər adı ilə məşhur olan qalada qərar tutması şübhələr doğururdu; artıq onun ruslarla ittifaqa girməkdən peşman olması aydın görünürdü. Çoxları da güman edirdi ki, Qacarlar sarayında yaşayan oğlu Əbülfəth ağanın (o, Fətəli şah Qacarın qaynı idi) Qızılbaş qoşunu başında Qarabağa girməsi İbrahim xanın buyruğu ilədir.
Beləliklə, İbrahim xanın rus dövlətinə olan sədaqəti - Kürəkçay müqaviləsinin etibarlılığı artıq şübhə altına alınmışdı... Odur ki, bir an belə ləngimədən dəli mayor Lisaneviç 100 soldatla 1806-cı ilin 11 iyununu 12 iyuna bağlayan gecə qaladan çıxaraq xan düşərgəsinə yaxınlaşır və onu mühasirəyə alır. İbrahim xanı öz əyanları və ailəsi ilə birlikdə öldürür. Lisaneviç bundan sonra dərhal polkovnik rütbəsinə qaldırılır. Mirzə Adıgözəl bəy bundan 10 il sonra - 1816-cı ildə Qarabağ hakimi Mehdiqulu xanın yanında işə başlayarkən, Lisaneviçin yanında podporuçik rütbəsində tərcüməçi işləmişdir. Ehtiyatla olsa da, bu müdhiş olayın aradakı çuğulların fitnəsi ilə baş verdiyini göstərir. Müəllif canyanğısı və saxladığı təəssübünə görə yenə təhsinlərə layiqdir... Bu zaman erməni fəallığı açıq-aşkar hiss olunduğu şəraitdə çuğulların kimliyi də o zaman da, indi də aydın olur.
...Qafqaz od içində yanır. Lisaneviçin 1809-cu ildə türk qalası Axalkalakdan səsi gəlir, qızıl qılınc və almasa tutulmuş şərəfli hədiyyələrlə mükafatlandırılmış, artıq generaldır. Xalq içində isə qorxunc xatirələrlə "dəli mayor" kimi anılır. Harada qızğın döyüş var, orada bu hərbçidən çox, qatiləbənzər generalı görmək olar. Quba üsyanı qalxanda bu dəli general 1810-cu ilin oktyabrında iki yeger rotası ilə Quba xanlığı üsyançılarının qabağını alır, hücum edib Qubanı işğal edir. Bununla Qubada mühasirəyə düşmüş rus qoşun bölüyünü ağır durumdan xilas edir. Ağuşadan da Qubanın əsl hakimini - Şeyx Əli xanı (O, məşhur Fətəli xanın oğludur) o qovub çıxarmış, bütün idarəni Rus hərbi komendantlığına vermişdir. 1804-1813-cü illərin Rus-İran savaşında 28 sentyabrda mövqe tutduğu Qara Baba dağından bircə taburu ilə Qızılbaş ordusuna tələfat verir. Bu şücaətinə görə o, alay komandirliyinə keçirilir. Lisaneviç bundan sonra İmeretiyanın ələ keçirilməsində şücaət göstərir və 1810-cu ildə Axalkalak qəhrəmanı elan olunur. Bütün bunlara görə 1811-ci ildə Müqəddəs Vladimir ordeni, general-mayor rütbəsi və brilliantlarla bəzədilmiş qılınc ilə mükafatlandırılır.
Daima rus idarəçiliyindəki yüksək erməni məmurlarından bolluca inayət görən Dmitri Lisaneviç erməni zadəgan ailəsinə məxsus qadınla evlənmiş, bu qadından gələcəkdə Rus ordusu generalı olacaq iki oğlu olmuşdu.
"Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nda nəşr edilmiş sənədlərdən görünür ki, general-mayor Lisaneviç 1811-ci ilin avqust ayında, Pənbək və Şoragil Dairələri rəisi vəzifəsində olmaqla, Ərzurum sərəskərinin hərəkatını güdür, nəzarətdə saxlayırdı. Bu vaxt Rusiya ilə Türkiyə arasında müharibə gedirdi. Hərbi əməliyyatın əsas meydanı Dunay çayı ətrafında idi. Lakin Rusiyaya tabe olan Qafqaz torpaqlarına Türkiyə qoşunlarının keçə biləcəyi qorxusu olduğu üçün general-mayor Lisaneviçin əsas diqqəti Türkiyənin sərhəd rayonlarında olan Osmanlı qoşunlarının hərəkatını izləməyə çevrilmişdi. Lisaneviç sərhədin o tayına kəşfiyyatçılar və casuslar göndərirdi.
...1824-cü ildən artıq Lisaneviçin fəaliyyət meydanı Şimali Qafqaza keçir. Burada öz əcəlini bulan general Lisaneviçi öldürən şəxsin şəxsiyyəti müəmmalıdır: 1825-ci il iyulun 16-da Qumuqlu knyaz, dağların şərəfli oğlu Musa Xasav (Musa Xasav Usmiyev - müəllif) tərəfindən döyüşdə öldürülür. Babaları Qafqaz canişini, general Yermolovun şəxsi tərcüməçisi Mirzə Yenikolopov və Fətəli şah Qacarın baş müşaviri erməni Mötəmüddövlə Mənuçöhr xan olan yazıçı İvan Yenikolopovun göstərdiyinə görə: Lisaneviç və general Nikolay Qrekovun əslində şair Lermontovun Hacı Abrek surətinin proobrazı olan çeçen mücahidi Bey Bulat Taymazov tərəfindən Terek çayı boyundakı döyüşdə öldürüldüyünü yazır. Amma bu da düz deyil. Çünki Taymazovun adını az sonra Rus-Türk müharibəsi sonunda Peterburqa - İmperator sarayına qələbə xəbəri aparan seçkin heyətin tərkibində görürük. Şübhəsiz, 4-5 il əvvəl iki rus generalı öldürən adamın nə savaşda, nə də şanlı heyətdə yeri olmamalı idi.
Yaxın illərin araşdırmalarına baxsaq: aradan düz 19 il keçəndən sonra, 1825-ci ilin iyulunda artıq general-leytenant rütbəli qatil Lisaneviç üsyançı qumuqları cəzalandırmaq üçün Şimali Qafqazın Aksay (Yaksay) elində Görsel Aulda idi. Qarabağda uzun müddət qaldığından Lisaneviç Azərbaycan türkcəsini öyrəndiyi üçün qumuqca danışmaqda çətinlik çəkmirdi. Həmin gün üç yüz nəfərdən çox Görsel kənd sakini onun əmri ilə meydana yığılmışdı. Lisaneviç azacıq şübhələndiyi yerli sakinləri bir-bir qabağa çıxarır, küçə söyüşləri ilə təhqir edirdi. Təhqirə məruz qalanlardan Uçar oğlu Alav Hacı adlı bir nəfər rus zabitinin qudurğanlığına dözməyib ona və yanındakı qaniçənlikdə ondan geri qalmayan general Nikolay Qrekova xəncərlə ölümcül zərbələr endirmiş, üstünə gələn qumuq baş pristavı Filatovu da ağır yaralamışdı. Bu zaman yaxınlıqda dayanmış başqa bir pristav - qumuq əsilli mayor Musa Xasav Usmiyev qılıncını çəkib öz soydaşını qətlə yetirmişdi. Rus generallarının ikisi də aldıqları yaradan ölmüşdü. Nəhayət, intiqam alınır...
Beləliklə, Lisaneviç illər sonra olsa da, Qarabağdakı qanlı cinayətinin cəzasını Aksayda, adlı-sanlı ailədən çıxmış Uçar oğlu Alav Hacı Muhammad adlı bir qumuq türkündən almışdı. Gəncə və Qarabağ xanlarının qatili, general Lisaneviçi öldürdüyü üçün öz soydaşı Uçar Alavı qılıncdan keçirən və ruslar qarşısındakı xidmətlərinə görə gələcəkdə general-mayor rütbəsinə yüksələn Musa Xasav Usmiyev (?-1843) sonralar İbrahim Xəlil xanın nəvəsi, şairə Xurşidbanu Natəvanla evlənən knyaz Xasay xan Usmiyevin atası idi.
Bu illərdə Qafqazda və İranda bütün siyasi hadisələrin həlledici nöqtələrində görünən səfir Aleksandr Qriboyedov 7 dekabr 1825-ci il tarixdə qohumu və dostu Stepan Begiçevə həmin yerlərdən yazdığı məktubda xəsisliklə də olsa, amma az qala bir "roman" təfərrüatı saxlayacaq bir cümlə ilə "Lisaneviç xrabreyşey çelovek, no oprometçiv, umer qeroyski, jil bez tolku" (Lisaneviç igid, lakin ləkəli adam idi; qəhrəmancasına öldü, amma mənasız yaşadı) - deyə xəbər verir.
Bu hadisədən bir çox illər sonra Qafqazda, həm də faciənin baş verdiyi yerlərdə olan Tolstoy "Kazaklar" əsərində yaratdığı Eroşkanın prototipi olan özünün Yapişka adlandırdığı qoca kazak Epifan Sexindən dinləyir: "Yapişka mənə nağıl edirdi ki, Lisaneviç və Qrekov Görsəl aulda ətraf yerlərin nüfuzlu tatarlarını çağırıb bir yerə toplamışdı. Hamıdan silahları alıb yığmışdılarsa, Uçar Hacı xəncərini arxalığının qolunda gizləmişdi. Üzərinə yağdırılan təhqirlərə dözməyib irəli atıldı, bir göz qırpımında hər iki generalı öldürdü. Sonda isə orada nə qədər tatar vardı, hamısını öldürdülər" (Gündəliyindən: 1853-cü ilə aid qeydlərdən. Bax: 10, 102).
Bu sonluq müəmma bir həyatın, müəmmalı bir şəxsiyyətin əsl qiymətidir! Şər və fitnənin eyni fitnəkar dəyəridir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!