Adətən oxuduğum hər hansı bir kitabı və yaxud sözü, cümləni öncə, necə deyərlər, elə belə - yəni kitab kimi, söz kimi, cümlə kimi görürəm. Və bu məqamda özümü sıradan bir iş görmüş adam kimi hiss edirəm. Ancaq üstündən müəyyən zaman, hətta bəzən beş-on dəqiqə keçəndən sonra da məni özünə çəkən kitab, söz, cümlə olur. Və bu gün də var. Məsələn, Nüsrət Kəsəmənlinin, Əli Kərimin, Rüstəm Behrudinin, Xalq şairləri - Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, Məmməd Arazın, Şahmar Əkbərzadənin və digər yazarlarımızın hansısa bir şeiri, yəqin ki, çoxlarının diqqətini çəkib. Bax, bu mənada, son günlər yazı masamın üstündə yer tutmuş, "gözü"nü gözümdən çəkməyən bir kitabla təmasdayam. Demək olar ki, onun vərəqlərini çevirməkdən, kitab da, deyəsən, mənimlə isinişib...
Elə ona yaxınlaşan kimi dərhal açıram, tam səmimiyyətlə deyim ki, bu kitabdakı şeirlərin əksəriyyəti mənə ruhumun səsi qədər yaxındır. Çünki onların özündə ehtiva etdiyi fikirlər, həm də hisslərdir - yaşanmış hisslər! Bir oxucu olaraq şeiri oxuyanda elə bilirəm ki, səs eşidirəm - hisslərin səsini! O səs şeiri gözümün önündə canlandırır; şeir dipdiri olur, baxır gözlərimin içinə. Və mən ona sarılmaqdan özümü saxlaya bilmirəm. Bu, diri sözün qüdrətidir. Ona nəfəs verən söz adamı üzünü Tanrıya tutub deyir:
sevinə-sevinə
qəriblikdən
ağappaq buluddan
tikilən evimə,
sənə dönürəm,
evdəsənmi, İlahi?
Bu bəndi oxuyanda, yəqin siz də göz önünə ağ buludu gətirdiniz, onun evə bənzərliyini gördünüz. O "ev"in qapısını açıb siz də içəri keçdiniz. Və içinizdə olan Allah o evdə "bəndəm, xoş gəldin!" dedi sizə. Bu "xoş gəldin!" artıq Allaha qovuşmaqdır. Allahın dərgahında olmaqdır.
Yaxud da:
Bu nə eşq, nə sevda imiş,
Yol nə yerdə, nə göydəymiş.
Dərdin özü dərman imiş
Rəbbin yolun bulanlara.
Gələn gedəndən çox imiş,
Bilgi biləndən çox imiş,
İnsan Tanrının sirriymiş
Sirrə sirdaş olanlara...
Kim deyir, gedənlər dönmür?!
Dualardan yol görünür,
Ölüm toy - vüsal günüdür
Yurda qurban olanlara...
Mən bu şeiri ilk dəfə oxuyanda əlimi ürəyimin üstə qoyub and içə bilərəm ki, bir az xoflandım. Çünki ölümün toy-bayram olduğunu, vüsal olduğunu, bu qədər zərif-incə, az qala, pıçıltı ilə ifadə etmək, o böyük çoşqunu adamın ruhuna hopdurmaq tapıntıdır, kəşfdir, ya da möcüzədir. Mən bunun adını hələ də bilmirəm.Təkcə bildiyim odur ki, müəllif yurduna, vətəninə qurban gedənləri, yəni şəhidlərimizi vüsala çatanların zirvəsinə qaldırır. Onların şəhidliyini Tanrıya qovuşmaq mərtəbəsində görür.Təbii ki, Tanrıya qovuşmaq da toy-bayramdır, vüsaldır!
Bu fikir ən müqəddəs kitabımızda da öz təsdiqini tapıb. Şəhadətə yüksəlmək hər adama nəsib olmur, axı.
Mən bu kitabın başqa bir səhifəsində yenə heyrət doğuran fikirlə qarşılaşıram. Əslində bunu hamımız bilirik, qığılcım da işıq yarada bilir. Yəni qaranlıqda işarır, özünü göstərir, yəni diqqəti çəkir. Deməli, o qığılcım qaranlığa meydan oxumaq gücündədir. Bu mənada, kiçik bir əl fanarının qaranlığı yarması şairin oxucuya təqdimatında həmin gücün əks edilməsidir. Əl havasında dolaşdığın qaranlığın içərisində hayına çatan o kiçik fanar sənə yol göstərir - işıq yolu! Sən də o işıq yolu ilə işığın ardınca gedirsən. Elə şair də bunu poetik şəkildə bizə çatdırır:
Kiçik əl fənəri
bapbalaca boyuyla
könüllərdən,
düşüncələrdən
zülmət xofunu qovmuşdu...
Deməli, buradan bir məna da ortaya çıxır: - Qaranlığa qalib gəlmək üçün kiçik olmaq, zəif olmaq qorxulu deyil. Əsas, var olmaq - qaranlığı yarmaq, işıqlandırmaq istəyində olmaqdır. Mən bu şeirin aurasında həmin olmağı gördüm. Anladım ki, insan öz yerində, öz anında olanda onda qaranlıqlar qorxulu olmur. Təbii ki, müəllifin mənə xatırlatması daxilimdəki müəyyən ümidsizliyə bir tərs şillə oldu. Özüm özlüyümdə inandım ki, "ümid sonuncu ölür" deyənlər yanılmayıblar. Həqiqətən, mənə görə, həyat ümid öləndə bitir. Ona görə də kitabdakı ümidlər şeirini təkrar-təkrar oxudum. Onun bir bəndini də sizə çatdırıram:
Qıymayın əzilsin bir könül,
sınsın bir ürək.
Qaldırın bu daşı,
səpələnsin ətrafa
sevgilərim,
ümidlərim
çiçək-çiçək...
Burada söhbət həyatımıza, ömrümüzə, hətta ürəyimizə yüklənən daşdan gedir; yolumuza yumalanan, əlimizi altında saxlayan daşdan gedir. O daşı qaldıranda ümidə nəfəs verilir, bax, o ümid də çiçək-çiçək açır. Həm bizim üçün, həm də çevrəmiz üçün. Sadəcə, onu istəmək, o işi görmək bizə qalır. O istəyi gördüyümüz anda yaşamın mənası da dəyişir bizim üçün. Yalanın, sayğısızlığın, etinasızlığın, hətta tapdalanan haqqımızın bizə nələr yaşatdığını, bizə nələr toxuduğunu anlamağa başlayırıq. Dərk edirik ki, yalandan Allaha and içməklə, çox da uzağa getmək olmur. Atacağımız addım büdrəməklə başa çatacaq. Ona görə də şairə qulaq asmaq, onun şeirindəki fikir yükünü anlamaq yerinə düşər:
Allah özü şahiddir gizlilərə,
könüllərdən keçənlərə.
Görmürsənmi, gülüm,
Allah yalanlardan,
olanlardan bezib
çoxdan çıxıb gedib,
insanlar olmayan yerə?..
Sonuncu fikir, mirsa, yəqin sizi də düşündürür.Yəqin sizin də ağlınızdan gəlib-keçdi ki, insanlar, yəni biz olmayan yerlər Allahı darıxdırmayacaqmı? Şəxsən, mən bu sualın ardına düşüb, bir neçə gün yol getdim. Və gəldiyim nəticə də bu oldu ki, dünyada insanlar olmayan yer var, amma Allah olmayan yer yoxdur. Deməli, şair bizi öz fəlsəfi düşüncəsiylə yenidən Allah olan yerə qaytardı. Dedi ki, ay insanlar, siz olmayan yerlərdə də Allah var. Onu unutmayın. Allahını unutmayanlar, sonda qalib olurlar. Çünki onların dəstəyi Allahdandır! Bunu bildiyimiz üçün biz öz Allahımıza hər zaman sevgilərlə, sayğılarla, ümidlə əl açırıq.Və bir bəndə olaraq içimizdən keçənləri də Allahla bölüşürük. Odur ki, şair də bir bəndə olaraq, içindəki sızıltını, acını da Allahla bölüşür və yazır:
Bir söz sorsam, bilərsənmi?
Yer üzü göyün əksimi?
Sağ-salamat yerləşdinmi?
Yerdən göyə köçən adam?
İnsan sevdiyini, doğmasını, əzizini itirəndə haldan-hala düşür. Zaman-zaman barışmır bu itkiylə. Çoxda ki torpağın üzü soyuqdur; alır bizdən aldığını, sinəmizə dağ çəkir. Ancaq göy üzü bizə təsəlli verir, inandırır ki, itirdiyimiz Tanrı dərgahındadır. Ən müqəddəs yerdədir. Bax, o ən müqəddəs yerdə olan üçün də biz bir təlaş yaşayırıq. Bir narahatlıq keçir içimizdən. Düşünürük ki, görəsən, necə yerləşdi, rahatlana bildimi? Sonra da yenə yerinin Tanrı dərgahı olduğunu qəbul edib, buna inanıb, sükürlər edirik. Bax, elə bu təsəllimiz də bir qurtum su kimi, bir udum hava kimi bizi rahat edir.
Baxmayaraq ki, ayrılıq elə ayrılıqdır və bunun başqa adı yoxdur. Bunu şair də etiraf edir:
Bu cənnət, bu da cəhənnəm,
O Əzrayıl, bu da ki mən.
Qələmimnən, qələmiynən
Yazılıram yarpaq-yarpaq.
Yol hanı, çıxıb getməyə?
Qaçıb ölümü ötməyə,
Külümdə od böyütməyə
Bağlanıram yarpaq-yarpaq.
Can dediyin qorxum imiş,
Uçub gedən ruhum imiş,
Ölüm solğun yuxum imiş,
Oyanıram yarpaq-yarpaq.
Bir hissəsini təqdim etdiyim şeirdə öncədən vurğuladığım hisslərin toplumunu gördüm. Elə bil ki, bir dəstə bənövşə idi, bir qom nərgiz idi, ətri də, rəngləri də bir-birini elə tamamlayırdı ki, o cənnətdən ayrılmaq istəmirdim. Bütün bunlar da sözlə çəkilmiş rəsm əsəri idi mənim üçün. O rəsmi açmışdım vərəq-vərəq gözümün qarşısında. Baxırdım, duyurdum, hiss edirdim və özüm hopurdum həmin hisslərə. Necə ki həmin hisslər mənə hopmuşdu. Bu, sözün bütün mənalarda özü demək idi. Yəni SÖZ nəyə qadir olduğunu sərgiləmişdi mənim üçün. Şair də öz sözünün ağası idi bu yerdə. Yazır ki:
Qoymaz bir kimsədən minnət götürəm,
Ölüm xəbərimi söz yetirəcək.
Oğuldan, uşaqdan, dostlardan qabaq
Mənim cənazəmə sözüm girəcək.
Və həmin şeirin sonunda şair, sanki oxucuya bir nişanə göstərir:
Qalacaq ruhumun yükü sözümdə,
O məndən doymadı, doymadım ondan.
Mən "Ol"la gəlmişdim, "Öl"lə gedirəm,
Yaşamaq ümidim başlayır sondan.
Mən bu kitab barəsində ilkin yaşantılarımı, ilkin duyğularımı ona görə "Sözüm" şeiri ilə bitirirəm ki, müəllif burda həm göstərir, həm də çox böyük inamla öz iddiasını ortaya qoyur. Bəyan edir ki, sözüm uzunömürlüdür, ölümsüzdur və yaşayacaqdır.
Mən də bir oxucu olaraq bu gerçəyə inanıram. Ən azından ona görə ki, "Deyilən söz yadigardır". Yadigarlar isə ölməzdir.
P.S. Barəsində söhbət açdığım kitabın adı "Ömrün yaddaşı"dır! "Ömrün yaddaşı"nın müəllifi isə Sona Vəliyevadır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!