Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə nailiyyətləri var? Şair, akademik, SSRİ Ali Sovetinin demək olar ki, daimi deputatı, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Akademiyasının vitse-prezidenti, ovçu, Sovet Sülh Komitəsinin üzvü, 2 dəfə Stalin mükafatı laureatı, 2 dəfə Lenin ordeni kavaleri, İosif Stalin qarşısında şeir oxumuş və Uinston Çerçillin qabağında tost demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli ucalır. Bir heykəli də Axundov adına kitabxananın portalındadır. Bir büstü Bakıdakı ev-muzeyinin qarşısında, bir heykəli Salahlı kəndindəki xatirə muzeyinin qabağında, böyük bir abidəsi Qazax şəhərində, biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil, Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın cənubunda yerləşən bu qədim türk məskəninə nə zamansa dahi rus şairi Puşkinin adını vermişdilər. Niyə? Bəlkə ona görə ki, başqa bir ölkəni, özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi adlan ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə rus, sovet dövlət xadimlərinin adlarını daşıyan şəhərlər, qəsəbələr, kəndlər var idi. Çarizm vaxtında isə təbii ki, rus imperatorları və onların ailə üzvlərinin adlarını daşıyan şəhərlərdə yaşayıblar babalarımız. Ancaq Biləsuvarda Səməd Vurğun ilə Puşkinin yanaşı dayanmalarında ədəbi məntiq var. Səməd Vurğun Puşkinin "Yevgeni Onegin" poemasını bizim dilə böyük məhəbbət və professional məharətlə tərcümə edib. Odur ki, onların dünyanın hansısa bir yerində qoşa dayanma haqları var.
Səməd Vurğunla bağlı rəsmi məlumatları verdim. Adlar, titullar, abidələr, vəzifələr. Yox, bır vəzifəsı yadımdan çıxmışdı az qala: Səməd Vurğun uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. Ancaq bütün bu sadaladığım rəsmi tanınma atributları Azərbaycanda hamıya məlumdur. Və Azərbaycan nüfuzuna görə, deyəsən, 7-ci sovet respublikası statusundan qurtulub, dünyanın, kim bilir, neçənci müstəqil dövlətinə çevriləndən sonra aydın göründü ki, Səməd Vurğunun daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş.
Atam şair kimi neçin həmişə yaşayacaq? Mən bunu bəlkə övlad istəyimə arxalanıb deyirəm? Xeyr, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədəbiyyatı tarixinin bir səhifəsi Səməd Vurğundur. Böyük poetik istedadı, oxucu, dinləyici ürəyinə-beyninə birbaşa yol tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və nəhayət, təbii hadisəyə bənzər, tamamilə aktyorluqdan uzaqda duran, bir özünü təqdim edə bilmək, sevilmək, yadda qalmaq, alqış doğurmaq bacarığı, Səməd Vurğun fenomeni. Miflər yaranan münbit zəmin... Sayı-hesabı yoxdur atam haqqında hələ özü sağ ikən yaranmağa başlayan miflərin, xatirələr formasında yazılmış yalanlı-doğrulu dastanların.
Yaxşı, bəs belə bir istedadla, böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?
- Səməd fılankəsi satıb, özü aradan çıxıb.
Bu bir versiya.
- Səməd doproslarda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.
Bu da başqa bir versiya.
Anam Xavər xanımın versiyası:
- Mircəfər Bağırov "Krasnıe Partizanı" təşkilatında sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.
Bir başqası tamamilə səmimi deyir:
- Səmədi tutub güllələsəydilər, bütün Azərbaycan xalqı ayağa qalxıb üsyan edərdi!
O zaman bu xalqın qorxusundan səsi də çıxmırdı...
- Ən istedadlıları, qaymaqları öldürdülər, qaldı belələri.
Yalandır. Böyük bir bəşər, insan faciəsinin adi məişət cinayəti səviyyəsinə endirən yalan. Bəlkə də səmimi, fəqət, tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir. Rusiyada böyük şair Osip Mandelştam həbsdə çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov, nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmin Boris Pasternak. Bunlar fiziki olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir. Və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub, nə ölçü etalonu. Azərbaycanda da, həmçinin Hüseyn Cavid, Mikayıl Müşfıq kimi sənətkarlar tələf edildilər və onlarla başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başqaları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı, hər iki gözü göz yaşları ilə dolub düz gələrdi. Bəlkə də birə-bir...
Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni 1971-ci ildə Moskvada mənə məşhur Sovet şairi-yazıçısı Konstantin Simonov dedi:
- Bütün diktatorlar kimi Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mircəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də sözarası hal-əhval tuturmuş. Səmədi fəlakətdən, yəqin elə bu qurtardı.
Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibəti ilə keçirilən bayram təntənələri günlərində. Və orada Stalinin hüzurunda onun şərəfınə yazdığı məşhur "Rəhbərə salam!" şeirini oxumuşdu. Elə burdaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib, cavab almışdı.
Elə-belə, rəhbər "marağı", "məzələnməyi"ni nümayiş etdirən sözlər...
- Samed gto tvoe imə, a Vurqun familiə?
- Net, tovarih Stalin, gto moy psevdonim.
- A çto oznaçaet slovo Vurqun?
- Vlöblennıy!
- V koqo, v devuşku?
- Net, tovarih Stalin, v Rodinu!
Bax, belə bir söhbət Kremldə. Bunun stenoqramması atamın ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə məhz ilk uğursuz məhəbbətindən sonra götürübmüş atam. Stalini aldadıb ... Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərilərin siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş. Ancaq Stalin öz əli ilə "Lenin" ordeni yazıb, o birini pozub... Atamı ölkənin ən yüksək ordeni ilə təltif edib. Belə ki, Simonovun dediyində böyük məntiq var. Həmçinin mənim yaddaşımdan respublikamızın o zamankı yerli diktatoru Mircəfər Bağırovun öz məhkəməsində dediyi sözlər də çıxmır. Hakim Almaniya faşizmi üzərində qurulmuş Nürnberq məhkəməsində SSRİ adından ittihamçı kimi çıxış edən Rudenko müttəhim Bağırovdan soruşdu:
- Siz xalqın sevimli şairi Səməd Vurğunu neçin həbs etdirmək istəyirdiniz?
- Mən bunu istəsəydim, çoxdan edərdim.
Bağırovun sözləri də, zənnimcə, həqiqət idi. Görünür, həyatda hər bir tarixi hadisənin bir neçə yozumu olduğu kimi, dəhşətli Stalin repressiyaları da bir nöqtədən çəkilmiş cəhənnəm mənzərəsi deyil. Yəqin ki, bu haqda tarixçilər, xüsusilə, sovetoloqlar öz mötəbər fıkirlərini deməlidirlər, mənim amacım yalnız atamla bağlı bu haqda oğul sözünü demək idi...
Səməd Vurğun, əsasən, 1926-cı ildən müntəzəm şeirlər yazmağa başlayıb və 1932-də kitabı - "Fanar" işıq üzü görüb. Kitabdakı şeirlər Mayakovski poetikası ruhuna və formasına yaxın yazılardan ibarətdir. Ümumiyyətlə, otuzuncu illərin əvvəlində çoxmillətli böyük bir ölkənin çoxdilli poeziyası forma etibarilə bir-birinin eyni idi. Mayakovski pafosu, sərbəst cümlələr pillələri, ritm və bu ənənə dahi rus şairi özünü tapança ilə öldürənə qədər davam etdi. "Fanar" kitabı ilə şair Səməd Vurğun başlandı.
Bəs haralarda təhsil almışdı? Anadan olduğu Salahlı kəndinin məktəbındə S sinif oxumuşdu. Bibisi Ayşə xanım onu Qazaxa, orada yenicə, 1918-ci ildə açılmış seminariyaya gətirəndə, həmin təhsil ocağının rəhbəri, böyük maarifçi Firudin bəy Köçərli zəif, raxit bədənli, 12 yaşlı uşağı süzüb, deyibmiş:
- Ayşə xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir, beynində bilik qala bilməz, yazığın.
Bunu eşidən Səməd ağzını açıb, Qurani-Kərimdən birnəfəsə surələr deməyə başlayıb, parlaq yaddaşını nümayiş etdirib və sonrakı illərdə seminariyanın 1 nömrəli tələbəsi kimi bütün mahalda ad çıxarıb. Humanitar fənlərdən savayı, riyaziyyat, coğrafıyadan başqa Qazax seminariyasında saz, tar, hətta skripka çalmaq da öyrənib, dram dərnəyinin fəal iştirakçısı olub. Sonralar Səməd Vurğun Bakı Pedaqoji İnstitutunda və Moskva Dövlət Universitetində təhsil alıb. Ancaq inanmıram ki, oxuduğu məktəblər, institut, hətta Moskva Universiteti ona nə isə verib, simasını şəxsiyyət kimi formalaşdırıb. Çünki təbiət etibarilə atam auditoriya və kitabxana adamı deyildi. Mən onu mütəmadi dərs oxuyan, leksiyalarda səliqə ilə konspektlər tutan tələbə kimi təsəvvürümə belə gətirə bilmirəm. O, özünü özü savadlı insan etmişdi. Fitri istedadı və kitab oxumağı ilə, bəli, çox geniş mütaliəsinin hesabına Səməd Vurğun dünya fəlsəfəsindən, ədəbiyyat və mədəniyyətindən, tarixindən xəbərdar idi. Onun haqqında yaranmış yanlış miflərdən birinə görə, Səməd Vurğun yalnız istedadı hesabına böyük ədəbi sima ola bilib, guya savadı olmayıb. Yalandır. Atam Kant, Hegel, Şopenhauer fəlsəfələrindən də xəbərdar idi, marksizm-leninizmi də bilirdi. Rus dilində çap edilmiş dünya ədəbiyyatının nümunələrinin əksəriyyətini də oxumuşdu. Rus dilində tamamilə sərbəst danışır, bir vergül səhvi belə buraxmadan yazırdı. İlya Erenbruq kimi intellektualı bu bacarığı ilə, hətta bir dəfə heyrətə gətirmişdi. Fəqət, yazımın əvvəlində demişdim: atam haqqında miflər çoxdur, indinin özündə də yaranmaqdadır. Qoy, olsun. Bu miflərdən, şəxsən mənə görə Səməd Vurğun poeziyasına nə xeyir dəyir, nə zərər. Bu poeziya isə poeziya məfhumunun özü qədər sehrkar və sirlidir. Niyə?
1989-90-91-ci illərdə Bakıda keçirilən çoxminli Milli Azadlıq hərəkatının mitinqləri azəri türklərinin oyanışı, sovet imperiyasının süqutu, millətin öz doğma torpağı Qarabağa qarşı qonşu Ermənistanın təcavüzünə sinə gərməkçün qalxması amilləri ilə yanaşı, həm də neçə dəfə atamla bağlı da narahat hisslər keçirmişdim. O zaman Bakıda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Leninin, Kirovun, Şaumyanın və başqa bolşevik rəhbərlərinin heykəlləri uçurulurdu. Və bu anlarda, nə gizlədim, mənim övlad qəlbimdə xəfıf, fəqət, dəhşətli bir xof, qorxu var idi ki, birdən beynləri qızmış gənclər "sovet şairi", "sovet bəstəkarı", "sosializm ideoloqları" fitvası altında Səməd Vurğunun, Üzeyir Hacıbəyovun da abidələrinə əl qaldırarlar, onları da dağıdarlar. Bununla da, Çində baş vermiş "mədəni inqilab"ın başqa variantını təkrar edərlər. Bu mənim şəxsi faciəm və əlbəttə ki, bütün Azərbaycana vurulmuş, ölkənin nüfuzunu bütün dünyada ən aşağı pilləyə endirən bir aksiya olardı. Xoşbəxtlikdən xalqımız mənim xofumdan qat-qat müdrik çıxdı, doğrudan da, poeziya məmləkətinin övladları olduğunu sübut etdi. Mitinqlərdə ən çox şeirləri səslənən şairlərdən biri məhz Səməd Vurğun oldu. Qəribədir, ana torpaq uğrunda şəhid olmağa hazır olanlar da Səməd Vurğunun şeirlərindən misralar deyirdilər, meydanda yüz minlərlə insanı dağıtmaq məqsədi ilə oraya gələn kommunist partiyasının rəhbərləri də, vətənpərvərlər və təxribatçılar, türkçülər və islamçılar, demokratlar və ifrat radikallar da. Belə də olmalı idi. Əsl poeziya, hətta hansısa konkret bir ideologiyanın tərənnümçüsü kimi çıxış edəndə belə, öz bədii muxtariyyətini qoruyub saxlamaq qüdrətinə malikdir. Buna misallar çoxdur. Uolt Uitmen Amerikada, Redyard Kiplinq İngiltərədə... Unutmayaq ki, məşhur "Qırmızı papaq" nağılını Şarl Pyero bir royalist ideoloqu kimi yazmış və bu nağıl Fransada bir müddət yasaq elan edilmişdir. Amma bu gözəl, müdrik nağılın bədiiliyi bütün ideologiyalardan qüvvətli, yaşarlı çıxıb və bu günə də ayaq basdı, gələcəyə də yönəlib. Görünür, Allah ədəbiyyatı, mədəniyyəti xüsusi nəzarəti altında saxlayır. Ona təşəkkür edək.
Mən Allaha bir işinə görə də minnətdaram. 1933-cü ildə Səməd Vurğunu bir gənc qızla - Xavər Mirzəbəyovayla görüşdürdüyünə görə. Mənim atamla anamı...
1935-ci ildə qardaşım Yusif Səmədoğlu dünyaya gəldi, yazıçı idi. Azərbaycan parlamentinin üzvü olmuşdur.
1937-ci ildə bacım Aybəniz dünyaya göz açmışdı. Atam ən çox sevdiyi övladı. Onun bacıma olan böyük, kövrək məhəbbəti məndə nədənsə heç bir vaxt qısqanclıq doğurmayıb və bunun səbəbini sonralar anlamışam. Axı atam ata da görmüşdür, qardaşı da var idi. Anasını lap uşaqkən itirmiş, bacısı isə olmamışdır. Və Səməd Vurğun bu həsrətini məhz Aybənizlə söndürmüşdü. Bacım anam Xavər xanımla birgə Səməd Vurğunun Bakıdakı ev muzeyini saxlamış, onun ruhunu yaşatmışlar.
Qardaşımla bacımın dünyaya gəlməklərini dedim, özümü isə az qala, unutmuşdum. Mən bu dünyaya 1939-cu ildə gəlmişəm. Mən doğulandan cəmi bir neçə saat sonra atam doğum evinə - anama qısaca bir məktub, şeir çatdırıb. İlk misraları belədir:
Demək, oğlumuzun Vaqifdir adı, O da olacaqdır şeirin ustadı.
Göründüyü kimi, məni ilk dəfə bu dünyada şair kimi elan edib, adımı qoyan və tanıyan adam Azərbaycanın Xalq şairi Səməd Vurğun olub. Əlbəttə ki, bu sözlərim zarafatdır. Mənim də həyatım təsadüflərdən yoğrulmuş bir insan taleyidir. Genetik amilləri mən kənara qoymuram. Bu da var...
Mənim yazım Səməd Vurğun yaradıcılığının təhlili, onun tam bioqrafiyası deyil. Sadəcə olaraq, əli qələm tutan bir oğulun ata haqqında və dar çərçivə daxilində yazdığı bir essesayağı məlumatdır. Bununla belə deməliyəm ki, Səməd Vurğun ən tanınmış Azərbaycan dramaturqlarından biridir. İndinin özündə də onlarla, bəlkə də yüzlərlə adam var ki, onun mənzum "Vaqif" dramının ilk misrasından sonuncusuna qədər əzbərdən deyirlər! 1938-ci ildə yazılmış bu əsər hələ də unudulmayıb, çoxdan bəri səhnədə qoyulmasa da. "Fərhad və Şirin", "Xanlar", "İnsan" dramları da var Səməd Vurğunun.
Səməd Vurğunun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri, onun indiki ədəbi azəri türkcəsinin formalaşmasında apardığı mübarizədir. Dilimizin ifrat ərəb və farsçılıqdan qurtarmasında; qələbə ilə nəticələnmiş bir mübarizə. Və nə qədər ki, bu dil var, Səməd Vurğun adlı şair oxunacaq. Seviləcək və sevilməyəcək. Yəni yaşayacaq.
Manşetdəki fotoda: Səməd Vurğun və övladları
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!