Vaqif Səmədoğlu - 85
Nizami CƏFƏROV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Vaqif Səmədoğlunu "İstiqlal" ordeni ilə təltif etdi. "Şöhrət" və "Şərəf" ordenlərindən sonra "İstiqlal" böyük şair-mütəfəkkirin təltif edildiyi üçüncü yüksək dövlət mükafatı oldu.
Hər üç təltifin, xüsusilə, üçüncüsünün, mənim fikrimcə, ən azı iki mühüm mənası var. Birincisi ondan ibarətdir ki, Vaqif Səmədoğlu öz yaradıcılığının xarakterinə, ideya-məzmununa, hətta ifadə-formasına görə məhz istiqlal şairidir. İlk şeirlərinin çap olunduğu 60-cı illərdən etibarən, həmişə insan (və cəmiyyət), ruh (və sosial mənəviyyat) azadlığı ideyalarını qarşısıalınmaz bir enerji (və ehtirasla) təbliğ etmiş, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən milli azadlıq hərəkatının liderlərindən biri kimi həm poetik yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyəti ilə, istiqlal mübarizəsinin ön sıralarına çıxmışdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqil (və milli) dövlət quruculuğu prosesində Vaqif Səmədoğlu millət vəkili olaraq böyük həvəslə iştirak etmişdir.
"İstiqlal" ordeni ilə təltifin ikinci mənası isə ondan ibarətdir ki, Azərbaycan dövləti insan (və millət) azadlığı uğrunda illərlə mübarizə aparmış bir şair-mütəfəkkiri, ictimai-siyasi xadimi yüksək qiymətləndirməklə ali məramını ifadə etdi. Və bir daha göstərdi ki, xalqın böyük şəxsiyyətləri, onların taleyi həmişə dövlətin (və Prezidentin) diqqət mərkəzindədir.
Vaqif Səmədoğlu öz dövrünün övladı olsa da, yəni ideya-estetik təfəkkürü keçən əsrin ortalarından sonra formalaşsa da, dahi Səməd Vurğunun ailəsində böyüməsi, elə bilirəm ki, onun bir şair (və şəxsiyyət) olaraq xarakterini müəyyən edən əsas amil olmuşdur. "Min illik Azərbaycan poeziyasının ən populyar misralarının müəllifi" olan dahi Səməd Vurğunun bir çox xüsusiyyətlərini Vaqif Səmədoğluda da görmək mümkündür ki, buraya hər şeydən əvvəl, a) etnoqrafik- milli müəyyənliyi; b) yüksək vətənpərvərliyi və c) analitik-intellektual təfəkkürü aid etmək olar.
Yaşayıb-yaratdığı dövr Səməd Vurğundan, ümumən ədəbi-ictimai mühitdən fundamentalizm (pafos!) tələb edirdi. Və şair bu və bunabənzər "prinsipial" tələbləri yerinə yetirməli idi. Lakin milli təəssübkeşlik, analitik təfəkkür, istedad (və ilham!) bütün hallarda öz böyük həqiqətini diktə etməkdə idi. Səməd Vurğunun hansı ideya-mənəvi mövqe uğrunda mübarizə apardığını onun iki böyük övladı - Yusif və Vaqif Səmədoğluların, sözün geniş mənasında, yaradıcılıq təcrübəsi (və şəxsiyyəti!) də parlaq şəkildə göstərdi. Dahi Atanın, uğrunda mübarizə apardığı, xəyallarında gördüyü istiqlalı övladları, biri (Yusif Səmədoğlu) bir az az, digəri (Vaqif Səmədoğlu) bir az çox real həyatda gördülər.
...Vaqif Səmədoğlunu Səməd Vurğundan fərqləndirəcək yalnız bir mühüm məqam maraq doğura bilər ki, bu da intonasiya-pafos məsələsidir. Belə ki, Səməd Vurğundan sonra Azərbaycan poeziyası o zaman hələ gənc olan istedadlı şairlərin şəxsində "ton"unu aşağı salmağa, hətta pıçıltı ilə danışmağa başladı. Çünki artıq elə mətləblərdən bəhs edilirdi ki, onu bərkdən (pafosla) demək olmazdı.
Və Vaqif Səmədoğlu elə ilk şeirlərindən səmimi oldu, ürəyinin səsi (ritmi!) ilə yazdı. Bu isə, bir insanın dünyası miqyasında olsa da, hər halda azadlıq (istiqlal!) uğrunda mübarizə idi.
Həm ideya-məzmunda, həm də forma-intonasiyada Səməd Vurğun miqyasına öyrəşmiş ədəbi tənqid, ümumən ədəbi-ictimai təfəkkür Vaqif Səmədoğlu üslubunu uzun müddət qəbul etməkdə bir də ona görə çətinlik çəkdi ki, Vaqif Səmədoğlu Səməd Vurğunun bilavasitə varisi idi. Və tamamilə aydın idi ki, ədəbi ictimaiyyət Vaqif Səmədoğludan məhz Səməd Vurğunun yolu ilə getməsini, hətta onu təqlid etməsini gözləyirdi. Fitrətən azad ruhlu Vaqif Səmədoğlu isə heç kimi təqlid etmək fikrində deyildi.
Həqiqət naminə, heç bir konyuktur güdmədən xatırlatsaq ki, keçən əsrin ortalarından etibarən Azərbaycan poeziyasının biri digərini guya estetik baxımdan inkar edən iki üslub - istiqaməti arasında mübarizə gedirdi və həmin mübarizənin, əsasən, konyuktur iştirakçıları Vaqif Səmədoğlunun Səməd Vurğun deyil, Rəsul Rza "cəbhəsi"ndə dayanmağından narahat idilər, açıqca etirazlarını bildirirdilər, onda təsəvvür etmək çətin deyil ki, gənc şair hansı yaradıcılıq həyəcanları keçirmişdi. Rəsul Rzanın onu (Vaqif Vəkilovu) müdafiə etməsi gərginliyi daha da gücləndirirdi ki, bu da səmədvurğunçuları, əlbəttə, heç cür razı sala bilməzdi. Əgər sıradan, daha doğrusu, neytral bir istedad olsaydı, başqa məsələ idi. Söhbət Səməd Vurğunun oğlundan gedirdi...
Həmin mürəkkəb (və konyuktur!) mübahisəni, məsələ burasındadır ki, nə səmədvurğunçular, nə də rəsulrzaçılar deyil, məhz Vaqif Vəkilov (Səmədoğlu!) həll etdi. Belə ki, Xalq yazıçısı Anarın sözləri ilə desək, o, həm Səməd Vurğundan, həm də Rəsul Rzadan fərqli bir üslub, Vaqif Səmədoğlunun öz üslubunu yaratdı. Və maraqlıdır ki, ya aktiv, ya da passiv şəkildə, ya Səməd Vurğun, ya da Rəsul Rza "mövqeyi"ndə dayanıb Vaqif Səmədoğlunu ya tənqid, ya da təqdir edənlərin çoxu onun səviyyəsinə yüksələ bilmədi.
Vaqif Səmədoğlunun heç kəs qarşısında hesabat verməyən, hər cür konyukturun fövqündə olan üslub axtarışları onun daxili şəxsi (fərdi!) müstəqilliyinin üzvi tərkib hissəsi idi... Lakin onu da qeyd etmək lazımdır ki, bu müstəqillik özündənrazı, təntənəli, yaxud fundamentalist bir qürurla müşayiət olunan müstəqillik deyildi, bir növ, "postmodernist" xarakter daşıyırdı:
Sən mənim doğma anamsan,
Azadlıq,
mən sənin yad qapılarında
böyümüş balan...
Vaqif Səmədoğlunun bu "postmodernist azadlığ"ı insan (və millət) barəsindəki təsəvvürlərin orijinallığından, özünəməxsusluğundan irəli gəlir. Şair üçün "Azadlıq!" deyə qışqıran dünya o həddə qədər maraqlıdır ki, heç olmasa, təhtəlşüurla həmin azadlığın bütün məsuliyyətini öz üzərinə götürə, ağrı-acısından da ləzzət ala bilsin. Və ona görə də şair keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində düşdüyümüz mürəkkəb tarixi şəraitdə istər yaradıcılığında, istərsə də, ictimai-siyasi fəaliyyətində nə hay- küyçü ("bolşevik" təfəkkürlü), nə də konyuktur (mənsəbpərəst) azadlığı qəbul etdi. Çünki o bilirdi ki,
İnqilaba
inqilab gərəkdir, gülüm,
azadlıq yox...
Vaqif Səmədoğlu o azadlıq (istiqlal!) mücadiləçilərindəndir ki, öz tərcümeyi- halını mənsub olduğu millətin tərcümeyi-halından ayırmır. Və ən sosial, ən siyasi məsələləri də nə dərəcədə əxlaqi olması baxımından dəyərləndirməyin kifayət qədər maraqlı təcrübələrini verir:
Bu gün dənizi siləndə
gilavarın yaylığı
Yenə dindi təkliyimin
Yorğun söz azadlığı.
Yaxud:
Biz yox,
Allah inanmır bizə...
İnanmır əlimiz qana batanda,
insan insana daş atanda.
Yaxud da:
Bu dünya
dəmyə dünyadı,
Nə bitdi, bitdi...
Vaqif Səmədoğlu poeziyasının elə sirləri var ki, onlara bələd olmadıqda, yaxud üzdən yanaşıldıqda şairin hansı ovqatla nə demək istədiyini və ya dediyini dərk etmək çox çətindir. Məsələn:
Vıyıldamır, yox,
keçib gəldiyi yerlərin
dərdindən ağlayır
pəncərəmin, qulağımın dibində
bu külək...
İndicə əsib sovuşacaq,
üz tutacaq başqa ellərə.
Və bilirəm,
hardasa bizi deyib ağlayacaq
bu külək...
Söhbət o küləklərdən gedir ki, dünyanın təlatümlərindən, üsyanlarından, inqilablarından, ümumiyyətlə azadlıq hərəkatından, yaxud çırpıntılarından danışır, bəşəriyyətin - insanlığın həyəcanlarını, hissiyyatlarını qulaqlardan-qulaqlara pıçıldayır, dünyanın dərdini, ağrılarını eldən-elə yayır.
Və söhbət, təbii ki, şairin yaşadığı Bakıdan gedir... Küləklər şəhərindən...
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni
yellədən külək...
Biri digərini tamamlayan, bütöv bir poetik-fəlsəfi cümlə-lövhə quran üç obraz - anlayış: son ümid - ağ bayraq (Azadlıq) - onu yellədən külək.
Vaqif Səmədoğlunun azadlığı, bəzən zahirən buna meyil etsə də, dünyadan (cəmiyyətdən) təcrid olunmuş azadlıq deyil, hətta onun bu zahiri (formal) təcridliyində belə daxili "mən" sosial-siyasi məzmunla o qədər zəngindir ki, hansı məqamın fərdi, hansının ictimai olduğunu müəyyənləşdirmək çox çətindir:
Yuxuda gördüm səni,
dirilmə, ay nənə, dirilmə.
Erməni bizi, biz ermənini,
rus hər ikimizi qırır, ay nənə.
Dirilmə, bahalıq, qıtlıqdır,
qəzəblə, kinlə tutulub
körpələrin də qulaqları,
bir nağılın eşidilməyəcək,
bir laylan yuxu gətirməyəcək daha.
...Dünya dönüb, dəyişib Bakı,
elə biz də
üç ev dəyişmişik sən öləndən bəri,
Dirilmə, tapa bilməyəcəksən təzə evimizi,
dirilmə, ay nənə, dirilmə...
Məlum tarixi (və ağrılı) günlərin mənzərəsini təqdim edən bu şeirdə reflekslər, hissiyyat - həyəcan mühakimələri nə qədər fərdidirsə, o qədər də ictimaidir; nə qədər realdırsa, o qədər də qeyri-real, mistikdir və nə qədər ciddidirsə, o qədər də zarafatyanadır.
Vaqif Səmədoğlu yaradıcılıqda o qədər müstəqil oldu ki, nə doğma Azərbaycan, nə də yaxşı bildiyi dünya poeziyasının nəinki bir şairini, heç bircə şeirini də təqlid-təkrar eləmədi, yalnız öz şeirlərini yazdı. Xoşa gəlsə də, gəlməsə də... Yalnız özünəməxsus yaradıcılığın mənəvi (və fiziki!) əzablarından zövq aldı:
Şeirlərimin qızdırmasından
yata bilməmişəm
bütün gecəni.
Ciyərləri cadar-cadar olmuş
təngnəfəs şeirlərimin.
Şairin lirik (yalnız lirikmi?) qəhrəmanı bir vaxtlar təvazökar bir "iddia" ilə demişdi:
Bir gün dəli olacağam,
icazə versələr əgər.
Gedəcəyəm baş götürüb
Evimizdən səhər-səhər...
Söysələr də, öz-özümə
ürək verib susacağam,
Söyüşləri yaxam üstən
Orden kimi asacağam...
Neyləyəsən ki, böyük şairlərin taleyi həmişə belə olub, bundan sonra da, yəqin ki, belə olacaq. Səməd Vurğun kimi, Rəsul Rza kimi Vaqif Səmədoğlu da çox tənələrə, nadan təhqirlərə məruz qalıb... Ancaq Səməd Vurğun da, Rəsul Rza da, Vaqif Səmədoğlu da hər biri öz dövrünün insan (və millət) azadlığı barəsindəki təsəvvürlərini mümkün qədər açıq bəyan etməkdən, dünyanın dərdini sinədolusu öz dərdləri kimi çəkməkdən çəkinməyiblər.
Dünya da xali deyil...
Və bu gün Vaqif Səmədoğlunun sinəsini müstəqil Azərbaycan Respublikasının üç ordeni bəzəyir: "Şöhrət", "Şərəf"... Və "İstiqlal".
2014
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!