Çağdaş uşaq ədəbiyyatının tanınmış imzalarından olan Sevinc Nuruqızının yaradıcılığında əsas yer tutan nəsr əsərləri mövzu müxtəlifliyi, janr rəngarəngliyi və ayrı-ayrı yaş qruplarını nəzərə alması ilə diqqəti cəlb edir. Onun çoxsaylı nəsr əsərləri arasında ən çox diqqətçəkən son bir neçə ilin ən məşhur uşaq mətnlərindən olan “Melisa” povestidir.
Sevinc Nuruqızının 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl - 2018 (KİTAB DOSYASI) müsabiqəsinin roman nominasiyasında birinci yerə layiq görülən “Melisa” nağıl-povestinin baş qəhrəmanı parçadan hazırlanmış gəlincikdir, lakin insanlar kimi, o da sevməyi bacarır. Əsərdə kuklaçı qadın bu gəlinciyi düzəldərkən sevgi haqqında nəğmə oxuyur deyə, bəlkə də Melisanın digər kuklalardan fərqli olaraq, insan kimi sevməyi bacarması onun hazırlandığı zaman oxunan elə bu nəğmədir. “Melisa”nın hekayətini nəql edən müəllif uşaqlara müraciətlə bu əhvalatı danışmasının səbəbini belə izah edir: “Dostum, yəqin ki, bu əsəri, yəni “Melisa”nı yazdığım üçün özümü uzun illər qınayacağam. Bilirsən niyə? Buradakı bir gəlinciyin həyatını təsvir etməklə səni kədərləndirdiyim üçün. Amma bu əsəri yazmaqla sənə həyatın görmədiyin tərəflərini göstərmək istədim. Müxtəlif şəraitlərdə yaşayan yaşıdlarının – sənin kimi oğlan və qızların həyatından bəzi epizodlar danışdım. Göstərmək istədim ki, bu Yer kürəsi adlanan planetdə heç də hamı xoşbəxt deyil...”
Melisa ailənin bir üzvü kimi “insan həyatı” yaşayan gəlincikdir. Elə onun bir cansız oyuncağa xas olmayan hiss və duyğuları, yaşantıları da insancadır. Dünya ədəbiyyatında əsas qəhrəmanı oyuncaqlar, gəlinciklər olan onlarla əsər yazılıb. Bədii mətndə oyuncaqlar, o cümlədən gəlincik öz nominativ və funksional mənalarını genişləndirərək gerçək bir varlıq olduğu halda alqı yarada bilmək kimi semiotik təbiəti ilə müəyyənləşir. Bu baxımdan “Melisa” povestində də məhz gəlincik obrazı insanın animistik bənzəridir.
Qeyd edək ki, oyuncaqlara ədəbiyyat və bütövlükdə sənətdə uşaq əyləncəsi kimi yanaşmanın dəyişilib böyüklərə xas məna və mahiyyət qazanması əsasən romantizmin adı ilə bağlıdır. Uşaq üçün gəlinciyi “canlandıran”, “insanlaşdıran” onun inamı, xəyal gücüdür. İnsana aid xüsusiyyətləri oyuncağına aid və tətbiq etməklə (geyimlərini dəyişmək, oyunların iştirakçısına çevirmək, yedirdib-içirtmək, yatırtmaq, çimizdirmək və s.) uşaq onu özünə bənzədir – oyuncaq insanlaşıb dost, sirdaş olur.
Oyuncaqların, gəlinciklərin ictimai-mədəni əhəmiyyəti danılmazdır. Uşaqların emosional-psixoloji inkişafında, xarakterinin formalaşmasında da onların rolu azaldıla bilməz. Balacaların diqqətini cəlb edən oyunlar kimi, sevimli oyuncaqlar da onların həyatına, nəzərə çarpmasa da, həlledici təsir göstərmək gücündədir. Oyun zamanı uşaq özünə aid xəyali dünya yarada bilir. Bu fantastik aləmdə oyuncaqlar yaradıcı, psixoloji, sosial funksiyaları yerinə yetirməklə, uşağın iç səsini, potensialını, subyektiv mənini ifadə edir. Oyuncaqların “missiyası”nın virtual obyektlərin multimedia koleydoskopunda arxa plana keçdiyi bu çağda mətnə gəlinciyin əsas obraz kimi seçilməsi məhz bu baxımdan da aktualdır.
“Melisa” povestindəki insan-kukla yalnız cəmiyyətdəki “mexanikləşmə”, “avtomatlaşma”dan xəbər vermir, həmçinin insanın mənəvi deqradasiyasını da nümayiş etdirir. Cansız gəlincik obrazının başına gələnlər əsərdə obyektiv reallığa nüfuz edərək nağılvari süjeti fəlsəfi, ictimai, psixoloji səviyyələrə yönləndirir, problematika universallaşır.
Sevimli oyuncaq hər bir uşağın bir az da öz içinə dönüşüdür. Uşağın oyunları, hər şeydən öncə, əşyalarla emosional kontakt deməkdir. Əziz oyuncağı Melisaya münasibətdə Zöhrənin simasında dostluq, sədaqət, etibar idealı, insanın sevmək qabiliyyəti, humanizm duyğusu əksini tapır. İllər ötüb keçsə də, qız böyüsə də, sevimli gəlinciyini unutmur, sevgisini qəlbində əzizləyib böyüdür. Maraqlıdır ki, elə Melisa da eyni hissləri keçirir, o da öz ilk rəfiqəsi, dostu Zöhrəni unutmur, onun üçün darıxır. Çünki əsərdə oyuncağın da insan kimi, duyğuları diridir, canlıdır.
“Melisa” povesti bir çevrə üzrə poetik qurğusu ilə diqqəti cəlb edir: başlanğıcda kimsənin diqqətini çəkməyən Melisa Zöhrə ilə dostlaşıb məmnun olur, bu dostluq hər ikisini xoşbəxt edir. Əsərin sonunda yenə gözləmədikləri halda, qovuşur və xoşbəxt olurlar.
Mifoloji təsəvvürdə, adət-ənənələrə görə, leylək müqəddəs quşdur və şər qüvvələri uzaqlaşdıran talisman hesab olunur. Bundan əlavə, o, ailə xoşbəxtliyi, sədaqət və valideyn sevgisinin simvoludur. Melisanın Leyləyin dimdiyində yenidən Zöhrənin həyətinə gətirilməsi onun həyata yenidən doğuluşu ilə assosiasiya yaradır. Ümumiyyətlə, uşaq hekayələrində adətən, sadəlikdən daha çox bəsitliyə yol verilən əsərlər bolluğunda “Melisa” povesti oxucusunu həyat-ölüm, yaxşılıq-pislik, xeyirxahlıq-qəddarlıq haqqında düşünməyə sövq edir.
Əvvəllər, xüsusən sovet dövründə uşaq ədəbiyyatının dilinin mütləq yaş kateqoriyasına uyğunlaşdırılması, bəzən isə lap bəsitləşdirilməsi tendensiyası yayğın idisə, indi əksər uşaq əsərlərinin dili böyüklərin dilinə daha yaxındır. Bunun səbəbi son illər uşaq yazarlarının azyaşlılarla uydurma “uşaq dili”ndə danışmağı yanlış hesab etmələri, ədəbiyyat vasitəsilə onlara doğru danışmağı öyrətmək istəyi ilə bağlıdır. Sevinc Nuruqızının əsərləri də məzmun etibarilə uşaqlara aiddir, dil etibarilə isə xüsusi sərhəd qoyulduğu sezilmir. “Melisa” povestində böyüməkdə olan uşağın əxz etməli olduğu ümuminsani dəyərlər ön plandadır. Sadə, rahat evdəki mehriban, xoşbəxt ailə dəyərləri, harmoniya üzərində qurulmuş münasibətlər sistemi və s. uşaqlara deklamasiya vasitəsilə deyil, təsvir yolu ilə aşılanır. Yaxşı və pisin, xeyir və şərin nümunəsində kiçik oxucu ona daha yaxın, daha xoş olanı seçmək imkanı əldə edir.
Maraqlıdır ki, S.Nuruqızı uzun illər evlərində “məskunlaşmış” gəlinciyi əvvəlcə hekayələrinin, sonra povestinin qəhrəmanı edir. Müəllifin bu barədə yazdıqlarından bəlli olur ki, əsərdə Cubbulu adı ilə təqdim edilən gəlincik elə Melisadır. Beləliklə, Sevinc xanım qızının gəlinciyinə müxtəlif adlar, obrazlar altında fərqli ədəbi ömürlər yaşadır. “Ağca və Cubbulu” hekayəsində Qarabağın sərhədyanı kəndlərində yaşayan qızcığazın müharibədən keçmiş taleyi təsvir olunur. Hekayədə göstərilir ki, müharibənin dəhşətlərinə rəğmən dostluq, sevgi, sədaqət həmişə qalibdir.
Günlərin bir günü düşmən tərəfindən mərmilər atılanda başqa kəndə köçərkən ailə tələsiklik və təlaşda, əlbəttə, gəlinciyi unudur. Hər gün cürbəcür oyunlar oynayan Sürəyyasız qalan Ağca ilə Cubbulu darıxır, özlərini kimsəsiz hiss edir, nigaran qalır. Birdən ağıllarına gəlir ki, Ağca gəlinciyi də dimdiyinə götürüb Sürəyyagilin sığındığı kəndə üz tutsunlar. Beləcə, üç vəfalı dost qovuşur. İllər sonra “Ağca və Cubbulu” hekayəsinin davamı yazılır – bu dəfə artıq qələbə əhvalında. Əsərin ikinci hissəsində göstərilir ki, 28 illik həsrətə son qoyulub, çünki işğal altında olan torpaqlarımız geri alınıb. Sürəyya öz doğma vətəninə gedə bilmək imkanı əldə edəndə özü ilə uşaqlarını deyil, uşaqlıq dostu Cubbulunu götürür. Hekayədə Sürəyyanın Ağdama uzun illər sonrakı gedişi, təəssüratları həssaslıqla ifadə olunur: bölgədəki tikililərdən, üzağardan gözəlliklərindən əsər-əlamət qalmasa da, mənfur düşmənin tapdağı altında dağıntılara məruz qalsa da, torpaq öz doğmalığı ilə onu ovudur. İllər sonra işğaldan azad olmuş torpaqlara geri dönən vətəndaşların sevinc və həyəcanı bir-birinə qarışır.
Hekayənin birinci hissəsində əsasən Sürəyyanın dağıntılar altında qalmış gəlinciyindən ötrü yaşadığı psixoloji sarsıntılar ifadəsini tapsa da, ikinci hissədə vətən sevgisi, həsrəti əks olunur. "Ağca və Cuppulu" əsəri İsveçdə İBBY-nin “Andersen” qızıl medalına təqdim edilmiş və ilk onluğa düşmüşdür. Bir müddət sonra isə bu əsər Cənubi Koreyada Asiya Mədəniyyət Mərkəzinin "Uşaqlar üçün şəkilli kitab" layihəsində “Sürəyyanın izində” adı ilə çap olunmuşdur (2020).
Ümumiyyətlə, Sevinc Nuruqızının uşaqlar üçün yazdığı nəsr əsərləri oyuncaqlara çox vurğu edilməsi ilə xarakterikdir. Gəncə terrorunun günahsız qurbanları olan uşaqlara ithaf edilmiş “Pıçıltı” (2022) canlı və cansız hər kəsin, hər şeyin məhvinə səbəb olan terrora yüksək səslə “yox” deyən əsərdir. İkinci Qarabağ müharibəsi dönəmində Gəncədəki faciəyə həsr olunmuş bu ilk əsər heyvanların və oyuncaqların pıçıltısı əsasında qələmə alınıb. Bununla da müəllif həm də belə bir mesajı ötürmüş olur ki, biz insanlar onların nə hiss etdiyinin fərqinə vara bilməsək də, səslərini duymasaq da, eşitdiklərimizdən heç nə anlamasaq da, digər canlıların (hətta cansızların) da insan əli ilə törədilmiş hər cür pisliyə, vəhşiliyə özünəməxsus etirazı var. Sevinc Nuruqızı əsərdə heyvanların və oyuncaqların etirazını pıçıltı olaraq duya bilir və bu səsi azyaşlı oxucularına da elə bu cür, pıçıltı ilə çatdırır.
Sevinc Nuruqızı cəmiyyətdə baş verən proseslərin bədii həllinə can atan müəllifdir. Onun nəsr əsərlərində balaca qəhrəmanlar cürbəcür vəziyyətlərə düşür və hər bir situasiyaya görə davranışı və hələ formalaşmaqda olan xarakteri üzə çıxır. Sevinc xanımın qəhrəmanları üçün yenicə atıldıqları həyat bütün tərəfləri ilə bir sınaq meydanıdır. Burada balacalar böyük suallarına cavab arayır, həyatı öyrənirlər. Bu əsərlərdə həyatın çətinliklərinə sinə gərmək qabiliyyəti uşaqlara müəyyən bir əxlaqi davranış xətti ilə təşviq edilir.
S.Nuruqızının nəsr əsərlərinin, nağıllarda olduğu kimi, həmişə xeyirin qələbəsi ilə sonlanması oxucunun ümidini diri saxlayır, inanırsan ki, nə qədər ki yaxşı adamlar var, demək, yaxşılıq da yaşayacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!