Lev Qumilyov və “Qədim türklər” kitabı - Vilayət QULİYEV

Azərbaycanca üçüncü nəşrinə Ön söz

Vilayət QULİYEV

Ölkəmizdə yalnız medievist-tarixçilər deyil, bütünlükdə elmi mütaliə həvəskarları arasında Lev Qumilyovun "Qədim türklər" kitabının adını eşitməyən çox az adam tapılar. Müxtəlif illərdə Azərbaycan dilində iki nəşri meydana çıxan bu qiymətli tədqiqat əsəri, sözün həqiqi mənasında, oxucular arasında böyük maraq doğurub. Kitabın adı sehrli çağırış kimi gerçək köklərini öyrənmək istəyənlərin  diqqətini cəlb edir. Yəqin ki, burada qeyri-adi heç nə yoxdur. Özlərini türk soyundan sayan insanların hamısı bəşər sivilizasiyasında cahanşümul rol oynamış qədim xalqın - əcdadlarının  mənşəyini bilmək, tarixinin mürəkkəb, sirli və əlçatmaz səhifələri ilə tanış olmaq istəyir. Belə bir kitabın özünü əski türk soyundan sayan bir müəllif tərəfindən yazılması onun elmi-mənəvi dəyərini daha da artırır. Tarixçi alimin fikrincə, "Rusiya - tatar və rus dünyasının, xristian və müsəlman çevrəsinin simbiozundan ibarətdir". Təsadüfi deyil ki, "Qədim türklər"in 1967-ci ildə işıq üzü görən ilk nəşri müəllifin səmimi hisslərini ifadə edən "Qardaşlarımız türklərə!" ithafı ilə çap olunmuşdu.

***

Lev Qumilyov (1912-1992) çağdaş rus sovet elminin tarixinə ensiklopedist səciyyəli alim kimi daxil olub. Onun fəaliyyət sahələri genişliyi və əhatəliliyi ilə seçilir; yazıçı və tərcüməçi idi. Eyni uğurla arxeoloq, şərqşünas, coğrafiyaşünas, tarixçi, etnoloq, filosof kimi fəaliyyət göstərirdi. Passionar etnogenez nəzəriyyəsinin banisi kimi tanınmışdı. Ən başlıcası isə, keçmiş Sovet İttifaqında türk xalqlarının böyük dostu,  türklərin gerçək tarixinin obyektiv tədqiqatçılarından biri kimi şöhrət qazanmışdı. Səmimi şəkildə tək özünün deyil, milyonlarla slavyan soydaşının damarlarında türk qanı axdığını düşünür, türklərlə slavyanların yüz illərin sınağından çıxmış yaxın qohumluq əlaqələrinin mövcudluğuna inanırdı. Sonralar bütün həyat yolunu müəyyən edən bu inam və düşüncə tərzi ilk dəfə 1930-cu illərin sonunda özünü büruzə vermiş və məşhur tarixçi, "Cəmi ət-təvarix" müəllifi Fəzlullah Rəşiddədinin süjetlərindən birinin nəzmə çəkilmiş versiyası şəklində meydan çıxan "Xoşbəxtlik haqqında mübahisə" adlı kiçik poemada bədii əksini tapmışdı. 1960-cı illərin əvvəllərindən etibarən,  məktublarını bir qayda olaraq Arslan bəy (Lev adının tərcüməsi - V.Q.) kimi imzalayır və yaxın dostlarından onu belə çağırmalarını xahiş edirdi.

Lev Nikolayeviç Qumilyov Peterburqda, dövrün tanınmış söz adamları - şair Nikolay Qumilyov (1886-1921) və şairə Anna Axmatovanın (1889-1966) ailəsində doğulmuşdu. Anna Andreyevnanın qızlıq familiyası Qorenko olsa da, yaradıcılığa başlayanda nənəsinin Axmatova soyadını özünə ədəbi təxəllüs götürmüşdü. Səmimi şəkildə Altın Orda hökmdarı Əhməd xanın nəslindən olduğunu düşünür, türk-tatar soyuna mənsubluqdan qürur duyurdu. Anası ilə münasibətlərinin mürəkkəbliyinə baxmayaraq  türk əsilli əcdadlarına bağlılıq hissi yeganə oğlu Levə də keçmişdi. Yakut şairi və jurnalisti Avqust Muranla (İvan Yefremov) söhbətində  fəxarət hissi ilə "Damarlarımda Qızıl Ordanın qurucusu Cuçi xanın türk qanı axır" - deyə öz əsil-nəsəbini xəbər vermişdi. Müsahibə alimin ölümündən üç il əvvəl, "Molodyoj Yakutii" qəzetinin 30 mart 1989-cu il sayında dərc edilmişdi.

1918-ci ildə valideynləri ayrıldığından uşaqlıq illəri ata nənəsi A.İ Qumilyevanın himayəsində keçmişdi. İkinci dəfə ailə quran anası yeganə övladı ilə demək olar ki, təsadüfdən-təsadüfə  maraqlanırdı. 1929-cu ildə Lev orta təhsilini başa vurduqdan sonra Leninqrada gedib  bir müddət A.Axmatova və üçüncü əri, sənətşünas-alim N.Puninin himayəsində yaşamalı olmuşdu. Pedaqoji İnstitutun alman filologiyası fakültəsinə daxil olmaq istəsə də, zadəgan mənşəyinə görə  sənədlərini qəbul etməmişdilər.

Anası, ən başlıcası isə, atalığı ilə münasibətləri pozulduğundan 18 yaşından sərbəst həyata atılmışdı. İlk dəfə 1931-ci ildə İrkutska göndərilən geoloji ekspedisiyada iştirak etmişdi. Bütünlükdə 1967-ci ilə qədər geoloji, tarixi, etnoqrafik və arxeoloji xarakterli 21 ekspedisiyaya qatılmışdı. Ekspedisiyalar təkcə elmi deyil, məişət baxımından da həyatında mühüm rol oynamışdı. Burada normal qidalanmaq, az-çox sabit əmək haqqı almaq, ən başlıcası isə, təsadüfi və şübhəli adamlarla ünsiyyətdən kənarda qalmaq mümkün idi. Tacikistana bir ilə yaxın davam edən elmi ezamiyyəti  xüsusi ilə faydalı keçmişdi. Bu müddətdə o, tacik dilinə mükəmməl yiyələnmişdi. Sonralar klassik fars poeziyasının bir sıra diqqətəlayiq nümunələrinin tərcüməsi zamanı, habelə İrandilli Şərq tarixçilərinin əsərləri ilə orijinalda tanışlıq baxımından fars-tacik dilinə bələdliyi köməyinə gəlmişdi.  Digər tərəfdən, gənc Lev Qumilyovun tarixçi, həm də qədim türk xalqlarının tarixi üzrə görkəmli mütəxəssis kimi yetişməsinə qatıldığı arxeoloji-etnoqrafik ekspedisiyaların mühüm təsiri olmuşdu.

1933-cü ildə Moskvaya qayıdan Lev Qumilyov ilk dəfə paytaxtın ədəbi dairələri ilə əlaqələr yaradır. Onun simasında "sanki atası Nikolayı görən" Osip Mandelştam və xanımı ilə yaxınlaşır. Sonralar Mandelştamın həbsi, təqibi və nəhayət, ölümü ilə nəticələnən Stalin haqdakı məşhur epiqramın ilk dinləyicilərindən olur. Dolanışığını təmin etmək üçün, əsasən, Orta Asiya şairlərinin əsərlərini sətri tərcümə əsasında rus dilinə çevirir. Həmin ilin sonunda birinci dəfə sovet məhbəsinə düşür. Lakin doqquz gündən sonra hər hansı ittiham irəli sürülmədən azadlığa buraxılır.

Növbəti ilin yayında ali məktəbə qəbul imtahanlarına girir. Sənədlərini Leninqrad Universitetinin rejimin icazəsi ilə yenidən açılmış tarix fakültəsinə verir. Maddi vəziyyətinin çox ağır olmasına, yarıac-yarıtox həyat keçirməsinə baxmayaraq tələbə adını qazana bilir. Xoşbəxtlikdən ictimai vəziyyəti, atasının əksinqilabi mübarizədə iştiraka görə güllələnməsi də, sanki diqqətdən yayınır.

Həmin dövrdə tarix fakültəsində dünya miqyasında tanınan görkəmli alimlər çalışırdılar. Lev Qumilyovun müəllimləri arasında akademik E.V.Tarle, misirşünas akademik V.V.Struve, qədim dünya tarixi mütəxəssisi S.Y.Lurye, çinşünas N.V.Kuner, ərəbşünas A.Y.Yakubovski kimi korifeylər vardı. Tələbə dostlarının xatirələrində Levin ictimai həyata maraq göstərmədiyi, əsilzadə mənşəyini gizlətmədiyi, "qara camaat"a qaynayıb-qarışmadığı haqda epizodlara təsadüf edilir. Bəziləri isə onun simasında sovet rejiminin əleyhdarını görürdülər. Nəticədə S.M.Kirovun qətlindən sonra həyata keçirilən total həbslərdə L.Qumilyov da diqqətdən kənarda qalmamışdı. 1935-ci ilin oktyabrında onu - universitetin ikinci kurs tələbəsini yenidən həbs etmişdilər. Anasının birbaşa Stalinə müraciətindən bir müddət sonra  azadlığa buraxılsa da, ali təhsil arzusu ilə  vidalaşmalı olmuşdu.

Həyatını boşluq içərisində gördüyü çətin dövrdə məşhur xəzərşünas alim M.İ.Artamanovla tanışlıq və onun dəvəti ilə Xəzər dövlətinin  Serkel şəhərinə təşkil olunan arxeoloji ekspedisiyada iştirak Lev Qumilyovun elmi maraq dairəsinin mühüm istiqamətinin formalaşmasına təsirsiz qalmamışdı. Bu dövrün yaddaqalan hadisələrindən biri də 1937-ci ilin oktyabrında universitetə bərpa edilməsi idi. Qərarı az sonra özü də böyük terrorun qurbanı olan rektor M.S.Lazurkin vermişdi.

1938-ci ilin martında Lev Qumilyovu yenidən, üçüncü dəfə həbs etmişdilər. Bu, əvvəlki həbslərə bənzəmirdi. Anası və ailə dostlarının sovet ədliyyə orqanlarına müraciəti cavabsız qalmışdı. Hər şey Beriyanın idarəsinin rejimdən "narazı tələbə ilə ciddi məşğul olmaq niyyəti"ndən xəbər verirdi. İşi aparan erməni müstəntiq A.K.Barxudaryan işgəncələr nəticəsində müttəhimi "sovet rejimini dağıdıb parlament tipli respublika qurmaq" barədə saxta ittihamı imzalamağa məcbur etmişdi.

Lev Qumilyov məhkəmə prosesində fiziki təzyiq nəticəsində ifadə verdiyini bildirib dediklərindən imtina etsə də, köməyi olmamışdı. "Üçlük" ənənəvi 20 dəqiqəlik iclasında onu irəli sürülən ittihamda günahkar sayıb, islah-əmək düşərgəsində 10 il həbs cəzasına məhkum etmişdi. Anna Axmatovanın təkidli müraciətlərindən sonra hökm dəyişdirilmişdi. Levi 5 illiyə Norilsk həbs düşərgəsinə göndərmişdilər. Burada şair Oljas Suleymenovun atası, qazax süvari alayının keçmiş zabiti Ömər Süleymenulı ilə eyni kameranı bölüşmüşdü. Xatırladığına görə, qədim türk tarixinə marağının formalaşmasında saatlarla mübahisə etdiyi, təəssüf ki, bir müddət sonra "Üçlüy"ün qərarı ilə əksinqilabçı kimi güllələnən Ömər ağanın da təsiri olmuşdu.

Həbs müddəti başa çatandan sonra, 1944-cü ilin oktyabrında Sovet Ordusu sıralarına çağırılmış, Berlin əməliyyatında iştirak etmişdi. Növbəti il ordudan tərxis olunub Leninqrada qayıtmışdı. Anası ilə münasibətləri qaydasına düşmüş, məşhur Fontankadakı evdə - onun mənzilində yaşamağa başlamışdı. SSRİ EA Şərqşünaslıq İnstitutunda işə düzəlməsi (doğrudur, yanğınsöndürən vəzifəsinə!), stabil maaş alması, vaxtının çoxunu kitabxanada keçirmək imkanı qazanması, bəlkə də həyatında ilk dəfə onda müəyyən eyforiya hissi doğurmuşdu. 33 yaşında ekstern yolla imtahan verib nəhayət,  universitet diplomu ala bilmişdi. Diplom işi Orta Asiyada tapılmış terrakot heykəlciklərə aid idi. Bu mövzu ilə hələ 1930-cu illərdən maraqlanırdı.

1947-ci ildə Lev Qumilyov SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil oldu. Ancaq həyatının uğur zolağı çox tezliklə başa çatdı. Təxminən il yarımdan sonra onu "seçilmiş ixtisas üzrə filoloji hazırlığının çatmaması" bəhanəsi ilə aspiranturadan xaric etdilər. Özü isə qərarı anasının da əsas fiqurantlarından  olduğu "Leninqrad" və "Zvezda" jurnalları haqda məlum partiya qərarı ilə əlaqələndirirdi. Digər tərəfdən, sovet siyasətinin apologetlərindən olmaması da rolunu oynamışdı.

Lakin Leninqrad Universitetinin rektoru, məşhur iqtisadçı A.A.Voznesenskinin simasında xeyirxah hami tapıldı. Rektor şəxsi söhbətdən sonra riskə gedib dissertasiya  müdafiəsi üçün imkan yaratdı. "İlk türk xaqanlığının siyasi tarixi" adlanan əsər 1948-ci ilin dekabrında müdafiə olunmuşdu. Bir neçə ay sonra Lev Qumilyov artıq SSRİ Xalqları Etnoqrafiya Muzeyinin baş elmi işçisi idi. İlk elmi məqaləsi - "Tuyuk-Məzardan tapılmış döyüşçü heykəlcikləri" işıq üzü görmüşdü.

Amma idilliya bu dəfə də uzun sürmədi. 1949-cu ildə o, yenidən - dördüncü dəfə həbs edildi. Özü zarafatla deyirdi ki, müharibəyə qədər atasına, müharibədən sonra isə anasına görə "oturmalı" olub. İstintaq uzun sürsə də, əslində yeni heç bir şey yox idi.  1938-ci ildəki ittihamlar təkrarlanırdı. Onu antisovet qruplaşmaya mənsubluqda, terror niyyətində və rejimə qarşı əks təbliğatda təqsirli bilirdilər. Təbii ki, ənənəvi donosları çıxmaq şərti ilə ittihamların arxasında heç bir əsaslı dəlil-sübut dayanmırdı.  Prokuror özü də bunu hiss etmiş, söhbətlərinin birində təqib və həbslərin əsl səbəbini açıqlayaraq demişdi: "Siz təhlükəli adamsınız, çünki çox biliklisiniz".

Bu səbəbdən də Stalinin cəza maşını gənc və perspektivli alimi yenidən 10 illik müddətə həbs düşərgəsinə göndərməyi məqsədəuyğun saydı. Həbs zamanı əlyazması şəklində 481 səhifəlik  "Orta əsrlərdə Asiyanın Ortasının tarixi" əsəri müsadirə edilib izsiz-soraqsız yoxa çıxdı. Çox güman ki, qədim türklər haqqındakı tədqiqatın bir hissəsi olan və uzun illərin gərgin əməyi nəticəsində meydana çıxan ciddi elmi araşdırma arxivə verilməmiş, sadəcə, makulatura kimi yandırılmışdı.

Bir tərəfdən, çoxsaylı xəstəliklər, digər tərəfdən, Stalinin ölümündən sonra yaranan yumşalma məhbus Lev Qumilyovun həyatına da təsirsiz qalmamışdı. Onu işləmək üçün düşərgə kitabxanasına keçirmişdilər. Burada bütün boş vaxtını mütaliə və elmi araşdırmalara sərf edirdi. Partiyanın antistalinist ruhlu XX qurultayından sonra üzərindən bütün ittihamlar götürülərək azadlığa buraxılan alim həbs düşərgəsini özünün növbəti əsəri  - "Xunnuların  tarixi" kitabı ilə tərk etmişdi.

Üst-üstə, 12 il çəkən dörd həbs cəzasını arxada qoyan Lev Qumilyov nəhayət, 1956-cı ildə Ermitajın direktoru A.M.Artamanovun köməyi ilə muzeydə müvəqqəti işə götürüldü. İlk dəfə idi ki, az-çox, normal şəraitdə  işləmək imkanı qazanmışdı. 1950-ci illərin sonlarından elmi məqalələri "Sovetskaya arxeologiya", "Sovetskaya etnoqrafiya", "Vestnik drevney istorii" kimi mötəbər jurnallarda dərc olunmağa başladı. 1960-cı ildə  "Xunnular. Asiyanın Orta hissəsi qədim dövrdə" adlı ilk kitabı işıq üzü gördü. Lev Qumilyovun əsərində bir neçə yenilik diqqəti cəlb edirdi. Əvvəla, o, qədim dövrün türk tarixini avropasentrist nəzəriyyələrin təsirindən kənarda öyrənməyə çalışmış, tarixi hadisələri landşaft və təbii şəraitlə bağlı gözdən keçirmiş, nəhayət, qədim hunların əcdadları sayılan xunnuları, eləcə də digər türk tayfalarının sosial və hərbi fəallığının izahı kimi ilk dəfə passionarlıq, passionar enerji nəzəriyyəsini irəli sürüb əsaslandırmağa çalışmışdı. Bütünlükdə maraqla qarşılanan əsər haqda kifayət qədər sərt fikirlər də söylənmişdi. Müəllifi, hətta əski Çin salnamələrinin tərcüməçi, məşhur din xadimi və sinoloq İakinf Atanın (N.Y.Biçurin) tərcümələrini öz sözləri ilə nağıl etməkdə günahlandırmışdılar. Amma bu tənqidlərə rəğmən, elə həmin il "Xunnular" ingilis dilinə çevrilib ABŞ-da nəşr olunmuşdu.

Lev Qumilyov adlı-sanlı opponentləri ilə açıq debat şəraitində 1961-ci ilin may ayında Ermitajda "Qədim türklər. Qədim dövr və orta əsrlərin kəsişməsində (VI-VIII əsrlər) Asiyanın Orta hissəsinin tarixi" adlı doktorluq dissertasiyasını müzakirəyə çıxarmış, oktyabrda isə böyük müvəffəqiyyətlə müdafiə etmişdi. Müdafiədən az sonra həmkarı V.Abrosova  məktubunda "həyatının ən böyük işini gördüyü"nü yazırdı. Əsas opponent kimi köhnə dostu və himayəçisi M.İ.Artamanovun çıxış etdiyi müdafiə çağdaş elmi fikrin tarixində hadisəyə çevrilmişdi.

1967-ci ildə doktorluq dissertasiyası əsasında hazırlanmış "Qədim türklər" kitabı çap olunmuş və qısa müddətdə tarixi bestsellerə çevrilmişdi. Türklərin tarixi əsərdə bütün Avrasiya regionu - Bizansdan Koreyaya, Baykal gölü və Anqara çayından Tibet dağları və Sıçuan əyalətinə qədər geniş, mürəkkəb coğrafiyada  nəzərdən keçirilmişdi. Lev Qumilyovun fikrincə, türkyutların etnik tərkibində prototürklərlə protomonqollar həlledici rol oynamışdılar. V əsrdə Ordosdan 500 nəfərlik Aşina ailəsi Altayın cənub yamaclarına gələndə buranın yerli sakinləri türklər idi. Aşina ailəsinin başlanğıcda hansı dildə danışmasından asılı olmayaraq VI əsrin ortalarına doğru özləri də artıq tam türkləşmişdilər. Böyük Türk Xaqanlığının yaranması və inkişafı kitabda Avrasiyanın timsalında etnik, siyasi və dini aspektlərdən Çin, fars, ərəb, Bizans, Qafqaz Albaniyası, türk qaynaqları əsasında ardıcıllıqla öyrənilmişdi. Məhz Lev Qumilyovun tədqiqatı ümumdünya tarixində qədim Misir, qədim Yunanıstan, qədim Roma kimi qədim Türk dünyası haqqında da konseptual və inandırıcı dəlillər əsasında danışmağa imkan yaratmışdı. Qədim dünya tarixində, bəşər sivilizasiyasının inkişafında türk xalqlarının yeri və rolu ilk dəfə bu əsərdə sistemli şəkildə işıqlandırılmışdı.

Lev Qumilyov qədim türklərin hərbi məharəti, döyüşkənliyi, sarsılmaz azadlıq ruhu və qələbə əzmi, dövlətçilik baxışları, ordu kultu haqqında ilhamla söz açırdı. Bu baxımdan onların qədim Sparta sakinlərindən üstün olduqlarını etiraf edirdi. Türklərin yaratdığı Əbədi El, xan seçkisi, nəsil-şəcərə sistemi qədim dünyanın ilkin demokratik təsisatlarından biri kimi təqdim olunurdu.

Tanınmış tatar alimi, məşhur kitabşünas Əbrar Kərimullin türk xalqlarının dostu kimi tanınan Lev Qumilyovun şəxsiyyətini və elmi əsərlərini yüksək qiymətləndirərək yazırdı: "Stalinizmin tüğyan etdiyi illərdə Qumilyovun tədqiqatlarını yaxın buraxmırdılar. Nəşr etdirə bildiyi əsərlərsə, "tarix elmi senzorları"nın tələbkar süzgəcindən keçirdi. Kitabları dərhal satılırdı. Minlərlə elm adamı onları oxumaq istəyirdi. Ona görə bilərəkdən az tirajla buraxılırdı. Alimin "Etnogenez və Yerin biosferi", "Qədim türklər", "Xəzər ətrafında minillik", "Son və yenidən başlanğıc", "Birinci türk xaqanlığının müfəssəl siyasi tarixi" və digər kitabları dünya miqyasında məşhurdur. O, türk, monqol, slavyan və Avrasiyanın digər xalqlarının həyatına dair çoxsaylı elmi əsərlər yazmasına baxmayaraq türkoloq kimi tanınırdı".

Şübhəsiz, Lev Qumilyovun hadisələrlə dolu həyatını və zəngin elmi irsini kiçik bir Ön sözdə işıqlandırmaq qeyri-mümkündür. Onun üç cildlik "Çöl trilogiyası" ("Xunnu xalqının tarixi", "Xunnular Çində", "Qədim türklər", "Unudulmuş çarlığın axtarışında"), "Qədim Rus və Böyük Çöl", "Xəzəristanın kəşfi", "Qədim Rus və Qıpçaq Çölü (945-1225-ci illər)" kimi əsərləri qədim türklərin adı ilə bağlı olan təkrarsız Çöl mədəniyyətini tək Rusiya deyil, Avropa tarixşünaslığında da tanıtmaq və təbliğ etmək baxımından böyük elmi-siyasi əhəmiyyətə malikdir. Onu tam əminliklə "rus avroasiyaçılığının atası" adlandırmaq mümkündür. Müəllifi olduğu passionar enerji nəzəriyyəsi isə böyük bir coğrafiyada yaşayan, zəngin tarixi və mədəni irsə malik olan türk xalqlarının yalnız tarixi keçmişini həqiqət meyarları ilə araşdırmağa yox, həm də bu nəzəri fikrin gələcəyinə böyük ümidlə baxmağa əsas verir.

 

***

"Qədim türklər" əsərini dilimizə çevirməyə 1989-cu ildə başlamışdım. Antik  türk tarixi ilə bağlı mürəkkəb əsərin tərcüməsinə girişməyimdə o zaman "Sovetskaya tyurkologiya" jurnalı baş redaktorunun birinci müavini vəzifəsində çalışan mərhum Aydın Məmmədovun da müəyyən təsiri olmuşdu. Möhkəm dostluq etdiyimiz Aydın özü Lev Qumilyovun böyük əks-səda doğurmuş "Apokrifik dialoq" əsərini dilimizə çevirmişdi. Məni də ruhlandırırdı ki, "Qədim türklər"in nəşrini müəllifin 1992-ci ildə tamam olacaq 80 illik yubileyinə çatdırım. Tezliklə Leninqrada getməyi, Lev Nikolayeviçlə görüşməyi, böyük müsahibə hazırlamağı planlaşdırırdıq. Kitabının ilk dəfə olaraq türk xalqlarından birinin dilinə - azərbaycancaya tərcüməsi xəbərini sevinclə qarşılayan müəllifin razılığı alınmışdı. Ona görə də "Gənclik" nəşriyyatında şöbə müdiri vəzifəsində çalışan tarix elmləri namizədi, mərhum Vəli Həbiboğlu tərcümədə həmmüəllif kimi iştirak etmək arzusunu bildirəndə vaxt baxımından qazanacağımızı düşünüb məmnuniyyətlə razılaşmışdım.

İrihəcmli əsərin birinci kitabının tərcüməsi üzərində mən, ikinci kitabı üzərində isə Vəli işləməyə başladıq. Təəssüf ki, 1991-ci ilin aprelində Aydın Məmmədovun faciəli şəkildə həlak olması, 80 illiyinin tamamına bir neçə ay qalmış isə Lev Qumilyovun ölümü, eləcə də ölkə həyatındakı çətinliklər "Qədim türklər"in tərcüməsi ilə bağlı planlarımızı düşündüyümüz operativliklə həyata keçirməyə imkan vermədi. Kitabın ilk nəşri "Gənclik" nəşriyyatında, əsər  müəllifinin və Aydın Məmmədovun artıq həyatda olmadığı 1993-cü ildə çapdan çıxdı və  maraqla qarşılandı. Elmi ədəbiyyat üçün kifayət qədər böyük sayılan 10 minlik tiraj iqtisadi-mənəvi çətinliklərlə dolu, mürəkkəb, ziddiyyətli dövrdə, 2-3 ayın içində satıldı. Tezliklə biblioqrafik nadirəyə çevrildi, əl-əl axtarılmağa başlandı. 2000-ci illərdə entuziast gənclərin təşəbbüsü  ilə tərcümə "Qədim Türklər. Böyük xalqın tarixi" adı ilə yenidən nəşr olundu.

Düşünürəm ki, "Qədim türklər"in "Qanun" nəşriyyatında hazırlanan yeni - üçüncü nəşri, ilk növbədə, dövrün, zamanın, hər şeydən öncə isə, türk tarixinin qədim, sirli qatlarına səyahət etmək istəyən əlahəzrət Oxucunun tələbidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!