Aşiyan könüllər - Turan UĞUR

1-ci Türk İnteqrasiya Olimpiadası və ondan geri qalan sıcaq xatirələr haqqında

Turan UĞUR

Bu günlərdə 1-ci Türk İnteqrasiya Olimpiadası münasibətilə ölkəmizə təşrif buyuran doğma soydaşlarımızdan, onların gəlişi səbəbi ilə təşkil olunan törənlərdən yazmağa nə var ki?! Türk qardaşlarımıza qucaq açan, Turan yolçuluğuna hazır olan Bakının - başkəndimizin sıcaq qəlbini türk ellərindən gələn yavruların könlünə aşiyan etməsindən gözəl nə ola bilər?!

 

Aşiyan könüllər

 

Mayın 27-də 1-ci Türk İnteqrasiya Olimpiadasının bağlanış törəninə bəndənizin də dəvət olunması Cümhuriyyət bayramımız ərəfəsində mənə ən böyük hədiyyə oldu. Türk coğrafiyasını qapsayan bu olimpiadanın həm də elm müstəvisində təşkil olunması istiqbalımız üçün yandırılan çıraqların nə qədər atəşli, sönməz olmasının bəşarətçisidir. Ayrıca, türkçülük məfkurəsi üçün münəvvər şəxslərimizi - Xalq şairi Sabir Rüstəmxanlını, şair Rüstəm Behrudini, akademik Nizami Cəfərovu və başqalarını bu ortamda görmək məni xeyli məmnun etdi. Bağlanış tədbirində rejissorumuz Bəhram Yaqublu ilə hazırladığımız video-çarxın təltif olunması, doğma Azərbaycan Televiziyasının əməyinin qiymətləndirilməsi də qürurverici anlardandır.

Türkiyə türklərini, Quzey Kıbrıs yavrularını, qazax, qırğız, özbək, türkmən, kərkük məktəblilərini bu olimpiadada görməyim, müxtəlif türk ölkələrindən gələn müsafirlərimizlə baş-başa şam etməyimiz hafizəmdə unudulmaz anlar buraxdı. Bu çocuqların timsalında, sanki Əl-Fərabi, Mahmud Kaşğari, Çingiz Aytmatov kimi türk nəhəngləri ilə görüşmüş oldum. Xüsusən, Türkmanelinin kərkük balalarının uzaq masadakı, amma doğma nəfəslərini duymağım məni fərəhləndirdi. Darmacalda onların masasına yaxınlaşdım, o çocuqların üzlərindən öpdüm, yanaşı şəkil çəkdirdim.

İndi isə yemək ziyafətindən keçirəm, söz ziyafətinə:

Kayı, Bayat, Alka-Bölük, Qara bölük, Yazır, Döyər, Dodurğa, Yaparlı, Əfşar, Salur - çoxuq...Oğuz tayfalarının bir qisminin adlarıdır bunlar. Birimiz köy deyərik, birimiz kənd, nə fərq edər ki?! Birimiz qamusu deyərik, birimiz hamısı, birimiz hepsi. Nə fərq edər ki?! Hamısı bizik arxadaşlar, hamısı bizik!

Türk dünyası! - Dünya içrə dünyamız - dünyadan böyük dünya!

Türk dünyası dünəndən bu günə, bu gündən sabaha uzanan bir işıq yolunu ifadə edir.

Bəli, bu gün 1-ci Türk İnteqrasiya Olimpiadasının işığına toplaşanlar da məhz bizim yavrular, bizim məktəblilərdir. Bir arada bulunanlar da məhz bizim çocuqlar, bizim məktəblilərdir.

Zatən, "Elm ağılın çırağıdır", - deyən müdrik babalarımızın bu deyiminə haqq qazandırır bugünkü Türk İnteqrasiya Olimpiadası. Ortaq elmimizin, ortaq kamalımızın münəvvərləri sayılan Şeyx Nizaminin, Əl-Biruninin, İbn Sinanın,

Əl-Fərabinin elm marşrutuna sakin olanlardır bu Olimpiadanı gerçəkləşdirənlər. Ortaq mədəniyyətimizin dünyaya bəyanı sayılmalıdır bu gediş-gəlişlərimiz.

Bunlar, Cavid əfəndinin:

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

 

- misralarının ərşə bülənd olması, niyyətimiz uğrunda atdığımız növbəti addımlarımızdır.

Bir halda ki, məramımız ortaq hədəflərimizə çatmaqdır, onda Hədəf Şirkətlər Qrupnun təşkil etdiyi Fənlərin Dostluğu Olimpiadası əsasında yaranan Olimpiadanın ideya müəllifi və layihə rəhbəri dosent Şəmil Sadıqın da adını çəkməyə dəyər!

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Özbəkistan, Kərkük türklərinin iştirakı ilə gerçəkləşən Olimpiada 10-a yaxın ölkədən 100-ə yaxın şagirdə qucaq açdı.

- Bəs ümdə amacımız, əsas amalımız nə?

- Türk xalqlarının ortaq dil, əlifba, dərslik ideyasına dəstək vermək, birgə tərəfdaşlığın inkişafı, işdə, dildə, əməldə birliyin fərqinə varıb da daim irəliyə yürüməkdir.

Bu bilgi mübadiləsində nə üçün elm günəşi Azərbaycan yurdundan zühur etməsin, diyarımız türk birliyinin, türk vəhdətinin beşiyi olmasın?!

Türk dünyası inteqrasiya olimpiadasının yeni - uğurlu bir başlanğıc olacağına inamımız tamdır! İnamımız tamdır ki, hər türkün elmi uğuruna görə Uluqbəyin, Kaşğarlı Mahmudun, Fərabinin, Tusinin ruhu şad olur.

Bilginlik Türkə çox yaraşır - xarakterimizə, şərəf-şanımıza, tarixi gələnəklərimizə çox uyğundur.

Zatən, Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı aydın şəkildə ehtiva edir. 14 fevral 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin Andiçmə mərasimində bu vacib məqamı vurğulayan cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı:

İlham Əliyev:

Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə qardaşlıq münasibətimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, bir kökdən olan xalqlardır.

- Bundan güclü birlik ola bilərmi?!

- Əlbəttə ki, yox!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!