Nizami CƏFƏROV
Türkiyə Cümhuriyyətinin yüz yaşının müxtəlif səviyyələrdə təntənəli şəkildə qeyd olunduğu günlərdə onun hər cəhətdən şərəfli tarixinin bəzi məqamlarının müzakirəyə çıxarılması, əlbəttə, heç nəyin müzakirəsiz qəbul olunmadığı bugünkü dünya üçün tamamilə təbii idi. Həmin məqamlardan biri budur ki, çökməkdə olan Osmanlı imperiyasının dağıntıları üzərində qurulmuş Cümhuriyyət ümumən türklərin, xüsusən, Türkiyə türklərinin milli dövlətçilik ideallarına, maraqlarına, ehtiyaclarına nə dərəcədə uyğun idi?..
Hərdən belə bir mülahizə ilə qarşılaşırıq ki, Atatürk inqilablarının məhsulu olaraq təşəkkül tapmış Cümhuriyyət, əsasən, yaxud bütünlüklə Avropa təmayüllü, kosmopolit bir hadisə olduğuna görə istər Türkiyə türklərinin, istərsə də, ümumən türklərin dövlətçilik ənənələri, təcrübəsi ilə əlaqədən uzaq, ümumbəşəri səciyyə daşıyırdı, Asiyanın dərinliklərindən Avropanın içərilərinə qədər gəlib çıxmış, farsları, ərəbləri yenərək özlərinin qabaqcıl (passionar) kütləsi ilə avropalılıq iddiasına düşmüş türklərə bu bir mükafat idi ki, nəhayət, XX əsrin əvvəllərində mahiyyətini belə anlamadıqları cümhuriyyətə qovuşdular... Nəinki cümhuriyyət (respublika) idarə-üsulunu, hətta Atatürk inqilablarını (atatürkçülüyü!) Türkiyədən (və türklükdən) ayırmaq kimi bir mövqeyə dayanan, təxminən, bu cür əsassız mülahizələr yalnız Osmanlı dövlətinin deyil, bütövlükdə Türk dünyasının tarixini təkzib etməkdədir.
Türk tarixinin təfərrüatlarına vardıqca, hər kəs az və ya çox dərəcədə hiss edə bilər ki, Atatürk inqilabları XIX əsrin sonu, XX əsrin əvvəlləri üçün səciyyəvi olan "müasir dünya quruculuğu" hərəkatının tələblərinə cavab verməklə yanaşı, türk məkanında gedən müasirləşmə (modernizasiya) hərəkatının üzvi tərkib hissəsidir.
Türkiyə Cümhuriyyəti Osmanlı imperiyasının o baxımdan, bilavasitə davamıdır ki, birincisi, məhz həmin imperiyanın "mərkəzi"ndə (Kiçik Asiya yarımadasında) yaranmışdır; ikincisi, imperiyanın demoqrafik, sosial, iqtisadi (nə qədər acınacaqlı bir irs qalsa da), mənəvi-mədəni potensialına əsaslanmışdır; üçüncüsü, XIX əsrin ortalarından başlayaraq hakimiyyətdə, dövlət idarəçiliyində, mənəvi-ideoloji həyatda müəyyən reformalar keçirilmişdir. Nə qədər paradoksal görünsə də, Osmanlı imperiyasının I Dünya müharibəsindəki məğlubiyyəti Cümhuriyyət quruculuğuna hazırlığın (deməli, imperiya ilə cümhuriyyət arasındakı bilavasitə varisliyin!) daha bir əlaməti olaraq təqdim edilə bilər. Hələ Atatürk inqilabları başlayana qədər Türkiyənin orta əsrlər imperializminə məxsus siyasi- coğrafi "miras"dan (ərəb ölkələrindən, Balkanlardan) imtina eləməsi (yaxud beynəlxalq təzyiqlə buna məcbur edilməsi) onun cümhuriyyətçilik yoluna düşməsinin ən mühüm faktıdır. Əlbəttə, Osmanlı sarayı (xilafət) belə bir təzyiqi son dövrlərdə öz üzərində yalnız xaricdən deyil, daxildən də hiss etsə də, onunla barışmaq istəmirdi. Və ənənəvi imperiya prinsiplərinə görə, istəmək də istəməzdi. Hətta sarayın millətçi rəhbərliyində belə həmin iddialar başqa şəkildə olsa da, təzahür etməyə başlamışdı. Hərbi nazir Ənvər paşa millətçilərin romantik xəyalları ilə silahlanaraq Türk-Turan dövləti qurmaq fikrinə düşmüşdü.
Məlum olduğu kimi, yeni Türkiyənin dünyaya gəlməsi yeni Rusiyanın yaranması ilə təxminən eyni dövrdə baş vermişdi. Müstəmləkələrindən (onlara iqtisadi, mədəni-texnoloji inkişaf üçün nə qədər qüvvə sərf etmiş olsa da) tamamilə imtina edən Türkiyədən fərqli olaraq Rusiya vaxtilə zəbt etdiyi ərazilərdən (xüsusilə, türk torpaqlarından) qətiyyən əl götürmədi. Ancaq Türkiyə kimi, Rusiya da o dövrün dəbdə olan siyasi prinsiplərini rəhbər tutaraq tarix səhnəsinə cümhuriyyət (respublika) olaraq çıxmağı elan etmişdi. Və təsadüfi deyildi ki, keçən əsrin 30-cu illərində Rusiya ilə Türkiyənin arasındakı "dostluq, qardaşlıq münasibətləri"nə tamamilə təbii olaraq xələl gəldikdə, Atatürk Rusiyanı xəfif bir ifadə ilə imperiya adlandırmaqdan özünü saxlaya bilməmişdi. Və o da təbii idi ki, Sovetlər Birliyinin dünya xəritəsindən silindiyi 1990-cı illərin əvvəllərində Türkiyə Cümhuriyyətinə özünün yetmiş illiyini böyük təntənələrlə qeyd edərək, postsovet məkanında müstəqillik qazanmış qardaş dövlətlərlə hər cür diplomatiyanın fövqündə olan son dərəcə səmimi münasibətlərə meydan açırdı.
Əslində Rusiya cümhuriyyət olmaq istəyirdisə, öz imperialist maraqlarından imtina edib, elə əvvəldən - imperiyanın dağılmağa məruz qaldığı XX əsrin əvvəllərindən, nə qədər ağır olsa da, milli hüdudları daxilinə çəkilməli, digər slavyan xalqları ilə yanaşı, milli dövlət quruculuğu probleminin həlli ilə məşğul olmalı idi. Ancaq bu cür normal yoldan imtina edib "sosialist imperializmi", "yeni dünya quruculuğu" liderliyi iddialarına qapıldığından, on illərlə özünün bəşər tarixində əlahiddə roluna əmin olduğundan, son illərdə isə iddialarının yanlış, bundan sonrakı inkişaf imkanlarının məhdudluğundan elə laübalı vəziyyətə düşmüşdür ki, çıxış yolu tapmaq üçün hər hansı tarixi təcrübəyə əsaslanmaq iqtidarında deyil.
Türkiyə Cümhuriyyətini quran türk cəmiyyəti, onun hürriyyət istəkləri bütün XIX əsr boyu çox ciddi axtarışlar yolu keçsə də, istər cəmiyyətin, istər hürriyyətin, istərsə də, cümhuriyyətin tarixi türklərdə çox dərin "tarixəqədərki" köklərə malikdir. Qədim türk cəmiyyətinin strukturu, qədim türk dövlət idarəçiliyi sistemi və qədim türklərin vətənpərvərliyi barədə mövcud mənbələr kifayət qədər geniş məlumat verməkdədir. Həmin məlumatlara görə, qədim dövrlərdən etibarən, türk cəmiyyəti hüdudsuz coğrafiyaları əhatə edən dövlətlər quraraq yüzillər boyu, sadəcə, diktator hakimiyyətinin deyil, çoxspektrli "özünüidarə" texnologiyalarının sayəsində yaşatmışdır. İstər "Oğuz kağan" (e.ə. I minilliyin sonları) eposunda, istərsə də, bütün II minillik boyu - həm şifahi, həm də yazılı şəkildə təzahür edən oğuznamələrdə türklərin hürr-ictimai idarəçilik mədəniyyəti təqdim (və tərənnüm) olunur. Odur ki, bu qədər zəngin bir demokratik dövlət idarəçiliyi təcrübəsinə (və miqyasına!) malik bir cəmiyyətin ona yad olan hansısa "modernist" təsisatlara ehtiyac duyacağını və bunun üçün neçə minillik tarixindən, ənənələrindən imtina edəcəyini düşünmək mənasızdır. Həm də ona görə ki, türklər orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən başlayaraq siyasi təsir dairələrində olan həm Asiya, həm Afrika, həm də Avropa xalqlarına ən müasir idarəçiliyi tətbiq edirdilər.
Osmanlı imperiyası, məlum olduğu kimi, XIX əsrin ortalarından etibarən "imperiya" adını tamamilə şərti olaraq daşıyırdı. XVII-XVIII əsrlərdən sürətlə güclənən, XIX əsrdə artıq öz müstəmləkələri ilə Osmanlını uzaqdan (və get-gedə həm də yaxından!) əhatəyə almış həqiqi imperiyalar Böyük Britaniya (İngiltərə), Fransa, Rusiya onun tarixi taleyini həll etməkdə idilər. Almaniya ilə əməkdaşlıq da onu xilas etmək iqtidarında deyildi. İstanbul sarayının ətalətli həyatı yalnız adı qalmış imperiyanı yeni dövrün çevik imperialist qüvvələrinin təkcə maddi yox, eyni zamanda mənəvi-ideoloji borclusuna çevirmişdi. Və bu "borc"dan Osmanlını təslim olmaq, parçalanmaq, nəhayət, siyasi səhnədən bütünlüklə çıxarılmaq "xilas edə" bilərdi... "Türkiyənin paylaşılması haqqında yüz layihə" müəllifləri Türkiyənin (Osmanlının) imperialistlər arasında necə bölüşdürüləcəyinin ən optimal yolları"nı axtaranda çox mühüm bir cəhəti nəzərə almamışdılar ki, o da türklərin cəmiyyət, hürriyyət (və cümhuriyyət!) barədə artıq milli xarakterə çevrilmiş təsəvvürləri idi.
Atatürkün (və Türkiyə Cümhuriyyəti tarixinin!) ən böyük bilicilərindən Prof. Dr. Sadıq K.Tural "Atatürk. Yüzilə damğasını vuran öndər" kitabında (Ankara - 2015, 2018 və 2022) Osmanlı imperiyasından Türkiyə Cümhuriyyətinə keçid (və bu inqilabi prosesdə Atatürkün siyasi dühasının rolu!) dərindən şərh olunmuşdur. Çökməkdə olan dövlətin daxili problemlərinə bütün təfərrüatı ilə bələdliyi heç bir şübhə doğurmayan, məramı yalnız millətin iradəsinə dayanaraq onun milli dövlətçiliyini bərqərar etməkdən ibarət Liderin o illərdəki düşüncələri, mübarizələri və ümumən millət - Türkiyə cəmiyyəti miqyasında qazanılmış uğurlar kitabda "Böyük nitq"dən gətirilmiş sitatlarla, əgər belə demək mümkünsə, riyazi dəqiqliklə formulə edilir. Düşdüyü böhrandan dövləti bu və ya başqa bir itki ilə qurtarmaq üçün irəli sürülən üç təklifin (1) ingilis himayəsi, 2) amerikan mandası və 3) bəzi bölgələrin Osmanlı tərkibindən çıxaraq başlarına çarə qılmaları) heç birini uyğun görməyən Lider deyir:
"Əfəndilər, mən bu qərarların heç birində fayda görmədim. Çünki bu qərarların dayandığı bütün dəlillər və məntiqlər çürükdür, təməlsizdir. Gerçəkdə içində olduğumuz o tarixdə Osmanlı dövlətinin təməlləri çökmüş, ömrü tamamlanmışdı. Osmanlı məmləkətləri tamamən parçalanmışdı. Ortada bir ovuc türkün barındığı bir ata yurdu qalmışdı. Son məsələ bunun da bölünməsinin qarşısını almağa çalışmaqdan ibarətdir. Osmanlı dövləti, onun istiqlalı, padşah, xəlifə, hökumət - bunların hamısı mənası qalmamış bir sıra boş sözlərdən ibarətdi".
Prof. Dr. Sadıq K.Tural yeni Türkiyənin qurucusunun necə bir qərar vermiş olduğunu "Böyük nitq"in dili ilə bir daha xatırladır:
"Əfəndilər, bu durum qarşısında tək bircə qərar vardı, o da milli hakimiyyətə dayanan, qeydsiz, şərtsiz, bağımsız bir Türk dövləti qurmaq!"
Bu sözlər Atatürkün (və Türkiyə Cümhuriyyətinin) dərin (və genişmiqyaslı) türklüyünə şübhə etmək kimi "qərib" xülyalara düşənlərə, yaxud qəsdən belə bir şübhə toxumu səpmək istəyənlərə ən tutarlı cavabdır... Atatürk Qərbdən hər hansı himayə (manda) xahiş etmək barədə düşünməmiş, yalnız mənsub olduğu etnosun, xalqın, cəmiyyətin iradəsinə, imkanlarına, enerjisinə əsaslanmışdır. Bununla belə, böyük strateq əmin idi ki, mənən, ruhən əzilmiş, əhvalı pərişan hala salınmış xalqı hazırlıqsız, birdən-birə düşmən qarşısına çıxarmaq onu daha da əzilmiş, daha da pərişan hala salmaqdan başqa bir nəticə verməyəcək. Odur ki, deyir:
"Türk ata yurduna və türkün istiqlalına təcavüz edənlər kimlər olursa-olsun, onlara bütün millətlə bir yerdə silaha qarşı çıxmaq və onlarla çarpışmaq gərəkirdi. Bu önəmli qərarın bütün gərək və zərurətlərini elə ilk gündən açıq göstərib ifadə eləmək, əlbəttə, faydalı olmazdı.
Uyqulamanı bir sıra hissələrə bölmək, olaylardan və olayların axışından yararlanaraq millətin duyğu və düşüncələrini hazırlamaq və addım-addım irəliləyərək hədəfə çatmağa çalışmaq gərəkirdi".
Qazi paşa türk millətini istiqlala bir ordunu döyüşə aparacaqmış kimi hazırladı. Və qazanılmış ilk böyük qələbə günlərində - Böyük Millət Məclisindəki 1 noyabr 1922-ci il tarixli açılış nitqində demişdi:
"Əfəndilər! Bu dünyayi-bəşəriyyətdə əsgəri yüz milyonu mütəcaviz nüfuzdan mürəkkəb bir türk milləti-əziməsi vardır. Bu millətin saheyi-ərzindəki vüsəti nisbətində saheyi-tarixdə də bir dərinliyi vardır".
Bu möhtəşəm mülahizənin mahiyyətinə varan Prof. Dr. Sadıq K.Tural haqlı olaraq yazır:
"İngilis, fransız, italyan, yunan ittifaqının İstanbuldakı atəş idarə komandanlığına, İstanbul mətbuatı və tacirlərinin heysiyyətsiz təmsilçilərinə rəğmən, Anadoludakı Milli Mücadiləni imanlı və heysiyyətli hesab edənləri yönləndirib bir milli zəfər qazanan Mustafa Kamal Atatürkün yuxarıdakı iki cümləsi bağımsızlığımızın da, mədəni həyat sahəmizin də üfüqləri olmalıdır".
Əlbəttə, Atatürkün siyasi şəxsiyyəti onun hərbi şəxsiyyətinin bilavasitə davamıdır. Ancaq orası da var ki, onun hərbi şəxsiyyəti Osmanlı ordu idarəçiliyinin, siyasi şəxsiyyəti isə Cümhuriyyət quruculuğunun təsiri ilə yetişmişdir. Və Osmanlı dövləti xalqa xəyanət etmiş sarayın yox, məhz bu cür hərbçilərin, milli mücahidlərin, ziyalıların... şəxsində Cümhuriyyətə gəlib çıxır, - deyə bilərik.
Prof. Dr. Sadıq K.Tural davam edir:
"Atatürkümüzün "ən böyük əsərim" dediyi Cümhuriyyət nədir? Səltənətin, padşahlığın ziddi... Sultan, padşah isə "zillullahi-fil aləm", yəni "Allahın yer üzündəki kölgəsi" olduğu yalanına inanılan və xalqını "qullar"ı olaraq görən bir ailənin təmsilçisi... Məmləkət də, insanlar da onun malı...
...Cumhur - bənzərləriylə bir arada yaşamaqdan, ortaq acı və sevinclərin yaratdığı ortaq keçmiş naminə ortaq gələcək üçün ortaq duyğu və düşüncələrdə bütünləşmək tərəfdarı olanların topluluğu... Hər cür camaatçılıq təmayülünü və hissini uzaqlaşdıraraq anlamlı bir cumhur olmaq, cümhurlaşmağı anlama gətirmək..."
Prof. Dr. Sadıq K.Tural sonrakı çıxışlarının birində "cumhur" anlayışına bir daha qayıtmışdır:
"Cumhur" kəlməsinin anlamı "çoxluq", "əhali", "xalq" və s. deyil. "Cumhur" bəzi özəllikləri ilə önə çıxan, fəaliyyəti məlum cəmiyyət anlamı ərəbcə bir termindir... 1923-də Atatürkün verdiyi tərif belədir: "Cümhuriyyət düşüncə sərbəstliyi tərəfdarıdır. Səmimi və haqlı olmaq şərti ilə hər bir fikrə hörmət edərik. Hər görüş bizə sayğıdəyərdir. Yalnız qarşıçıxanlarımızın insaflı olması gərəkir".
Bir daha cəmiyyət, hürriyyət və Cümhuriyyət münasibətlərinin gerçəkliyə uyğun tənasübünə gəlib çıxırıq... XX əsrin türk (və Türkiyə) cəmiyyəti o qədər dindar bir cəmiyyət idi ki, özünü "türk" yox, "müsəlman" adlandıracaq qədər tənəzzülə uğramışdı. Və bunu nəzərə alan Qazi Paşa belə bir güzəştə ehtiyac duymuşdu ki, biz "müsəlman vətənpərvərliyi" tərəfdarıyıq".
Prof. Dr. Sadıq K.Tural yazır:
"Ən əski qaynaqlara gedilərək türk tarixini və türk dilini millətləşmənin və müasirləşmənin təməli edərək, mədəniyyətin zənginləşməsinin və milli bütövləşmə ilə milli demokratiyanın əsaslandırılmasının müdafiəsi atatürkçülüyün mənimsədiyi dəyər və prinsiplərdir. Türk dilinə dayanmayan bir mədəni bənzəşmə də, elm və sənətə də yayğın və sürdürülə bilir təfəkkür də mümkün deyildir".
Milli Mücadilənin necə başladığı Vətəni xilas etmək təşəbbüslərinin ilk dəfə hansı mənbədən və ya mənbələrdən qaynaqlandığına şahidlik verən aşağıdakı məlumatları da Prof. Dr. Sadıq K.Tural yada salır:
"Dövlətin komaya girdiyinin elanı olan Mütarekədən (söhbət 30 oktyabr 1918-ci il tarixli Mondoros müqaviləsindən gedir ki, bu, Osmanlı dövlətinin təslim aktı idi - N.C.) sonra sədrəzəm Əhməd İzzət Paşa 10 noyabr günü istefa verdi. Həmin gün Mustafa Kamal Paşaya İstanbula qayıtmasını, ona ehtiyac olduğunu bildirən bir teleqraf çəkdi. İldırım orduları ləğv edildiyindən Mustafa Kamal Paşa 11 noyabr 1918 günü Adanadan qatara mindi. İstanbula gəldi. O, Heydərpaşadan bir motorlu qayıqla düşmən donanmasına aid hərbi gəmilər arasından qarşı sahilə keçdikləri zaman yavəri Cavad Abbasın eşidə biləcəyi bir səs tonu ilə "necə gəliblərsə, elə də gedərlər" demişdi".
Bu əhvalat, hər şeydən əvvəl, onu göstərir ki, hər nə qədər ətalətdə, yeni dünyanın gərdişindən geri qalmaqda, xalqa faktiki olaraq düşmanlıqda qınasaq da, İstanbul sarayı, görünür, bərk ayaqda Vətənin təəssübünü çəkmək hissini heç də tamamilə itirməmişdi; ikincisi, saray, nəticə etibarilə, kimə müraciət etməli, kimin ətəyindən yapışmağı da yaxşı bilirdi; nəhayət, üçüncüsü, saray səhv etməmişdi:
"Mustafa Kamal Paşa siyasi, iqtisadi, əxlaqi, idari zəlzələnin ölkənin hər yanını bürüdüyü zamanın altı aylıq bir müddətində İstanbulda öndə gələnlərin qapısını döyərək onların ağlındakıları öyrəndi. Hər kəs çarəsizliyə təslim olmuş, ümidsiz... İngilis sevənlər ayrı, amerikapərəstlər ayrı... Ziyalı sayılanların əksəriyyəti manda idarəsinə razı.
39 yaşındakı Mustafa Kamal Paşa müfəttişlik adlı örtüləndirici bir vəzifə yazdıraraq Samsuna çıxıb Milli Mücadiləni başlatmış oldu".
Türk cəmiyyəti, hürriyyəti və cümhuriyyəti münasibətləri ehtivasında mövcud vəziyyəti təhlil etsək (Prof. Dr. Sadıq K. Tural da Atatürkün bir strateq olaraq üstünlüyünü məhz "ümumi vəziyyət"i görmək, incələmək və ona uyğun qərar qəbul etmək məharətində görür), əmin olarıq ki, öz ailə maraqlarına qapılıb təəbələrinə (və xalqına) yuxarıdan-aşağı baxan saray da, hakimiyyətsizlikdən istifadə edib həmin təbəələrə zülm edən inzibati, dini və s. məqamlar da, hərəsi bir məsləkə qulluq eləyən ziyalılar da ictimai həyatın dərin qatlarında hürriyyət (və cümhuriyyət) hisslərindən məhrum deyillər, ancaq "ümumi vəziyyət" bu barədə düşünmək, ona çatmaq üçün qərarlar qəbul etmək və bir neçə səviyyədə səbrlə mübarizə aparmaq, ən başlıcası isə, həmin mübarizəni ümummilli bir mücadiləyə çevirmək yalnız Milli Liderin missiyasıdır:
"Havradan göndərdiyi teleqraflarla İstanbuldakı fəaliyyətsiz idarəyə, Amasiya tamimi ilə də həm saray və ətrafına, həm də imperializmə müharibə elan etmişdir. Havra, Amasiya, Ərzurum, Sivas... Konqrelərdən sonra Ankara... Bu şəhərlərdə keçən sürə içində Kamal Paşanın elədiyi - xalqı öz qədərini təyin etməyə inandırmaqdır; istiqlalın imandan sayılması, küvvəyyi-Milliyyə ruhunun yayılması belə qorundu".
Prof. Dr. Sadıq K. Tural göstərir ki, "tarix olmuş hadisə, insan və vəziyyətlərə o günün şərtlərilə baxıb dəyərləndirmək gərəkdir. Milli Mücadilənin qazanılmasından sonrakı yoxsul yoxsunluqlarla boğuşan və 95 faizi yazıb- oxumaq bilməyən bu xalqın gerçək ehtiyacını doğru müəyyən edən Atatürk bir viziyon sahibiydi... Onun prinsiplərinin, inqilablarının və ehtiyacını duyurduğu qurumlaşdırmalarının üç ana xətti var:
1. Türklük ruhunun oyandırılması və bütünləşdirici gücünün ayağa qaldırılması...
2. Bağımsızlıq ön şərt olmaqla cümhuriyyət rejimli bir dövlət qurulub qorunması...
3. Milli təhsilin həm sistemli, həm də yayğın imkanlarının da, dünyəvi əsaslı hüquq qurumlarının da səfərbər edilərək türk modernliyinin qurulması..."
Əlbəttə, "Atatürkdən sonra onun prinsipləri, inqilabları nə şəkildə davam etdirildi? Bunlar Atatürkün nəzərdə tutduğu layihə gücünə çatdırıldımı? Yeni liderlərin gətirdikləri yeniliklər nə dərəcədə effektli oldu?" kimi suallara toxunmaq tamamilə olmasa da, hər halda başqa mövzulardır. Əsas odur ki, məhz türk cəmiyyətinin müstəqil dövlət olaraq hürr yaşamaq istəklərindən doğulduğuna; həmin istəklər yalnız milli yox, həm də ümumi bəşəri məzmun daşıdığına və ona milliliklə ümumbəşəriliyi ən münasib şəkildə öz şəxsiyyətində birləşdirən Lider - Mustafa Kamal Atatürk rəhbərlik etdiyinə görə Türkiyə Cümhuriyyəti ümumən türk, xüsusən, Türkiyə tarixinin üzvi davamı olaraq yaşayıb inkişaf etməkdədir. Və bu uğurlu inkişafın ən mühüm (və ən yeni!) əlamətlərindən biri də Türkiyə Cümhuriyyətinin digər türk cümhuriyyətləri ilə əlaqələrinin getdikcə daha da güclənməsi, Türk Dövlətləri Təşkilatının yaranmasıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!