VI yazı
ELÇİN
6
Mən yazıçıları dedim, böyük-kiçik məmurlar da öz aralarında Mir Cəfər Bağırovu "Kişi", - deyə çağırırdılar ("Kişi baxdı", "Kişi dedi", "Kişi bilir"...), ancaq ikinci bir tərəfdən, yalnız partiya, sovet və inzibati işçilər yox, sadə camaat, geniş kütlənin böyük bir hissəsi də Mir Cəfər Bağırovu danışıqlarında "Kişi" adlandırırdı və bunun səbəbi də, yəqin onda idi ki, sadə insanları incidən kiçik rəhbərlər - kolxoz və sovet sədrlərindən, inzibati orqan funksionerlərindən tutmuş, raykom katiblərinəcən - Mir Cəfər Bağırovdan qorxurdular. Sadə insanlar bəzən onun həmin "kiçik rəhbərlər" qudurqanlığına qarşı gücünün və ədalətinin şahidi olurdular və Mir Cəfər Bağırovun timsalında şikayət və ümid edə biləcəkləri bir hökmdar görürdülər.
Bu "Kişi!" ifadəsinin qüdrətini ona yaxşısı-pisi ilə birlikdə uzun illər boyu fəaliyyəti qazandırmışdı, ancaq mənə çox təsir etmiş bu fakta fikir verin: o, həbs edildikdən sonra SSRİ Baş prokuroru Roman Rudenko (Nürnberq məhkəməsində SSRİ tərəfindən ittihamçı) Moskvadakı məşhur Butırsk həbsxanasında Mir Cəfər Bağırovu dindirməyə başlayır və 1954-cü il 9 aprel dindirməsi zamanı Rudenko ondan Beriyanı nə üçün ifşa etmədiyini soruşur. Bağırovun cavabını stenoqramda olduğu kimi yazıram: "Düzünü (vicdanla) bildirirəm ki, mənim buna kişiliyim çatmadı" (orijinalda: "Çestno zaəvləö, çto u menə ne xvatilo mujestva").
Elə bir təəssürat yaranır ki, elə bil, "Mir Cəfər Bağırov" bu şəxsin adı yox, onun vəzifəsinin adı olub və vəzifədən sonra söhbət həmin Mir Cəfər Bağırovdan (Mir Qəzəbdən!) yox, mənən sındırılmış bir şəxsdən - sındırılmış adi (!) bir insandan gedir.
Həmin dindirmə protokolunda belə bir maraqlı fakt da var: Beriyanın şəxsi mühafizə rəisi Sərkisovun ifadəsində göstərib ki, birlikdə Moskvada maşında gedərkən, Beriya Bağırova deyib: "Gözlə, biz səni də Moskvaya gətirəcəyik" və Rudenko bu söhbətin olub-olmadığını soruşur. Bağırov: "Mümkündür ki, belə bir söhbət olub, ancaq xatirimdə deyil", - deyir. (Artıq dediyim kimi, Stalinin vəfatından sonra hakimiyyət bölgüsü zamanı Bağırov Siyasi Büro üzvlüyünə namizəd seçildi və çox çəkmədi ki, Lavrenti Beriya aradan götürüldü, Bağırov da qaldırıldığı ucalıqdan müdhiş bir uçuruma atıldı.)
Ancaq bütün bunlar Mir Cəfər Bağırov şəxsiyyətinin yalnız görünən tərəfləridir. Görünməyən tərəf də var idimi?
Əgər varıydısa da, çox dərinlərdə gizlədilmişdi.
Mən bu yazını işləyərkən, tez-tez fikrimdən keçir və təkrar etməyə daxili bir ehtiyac hiss edirəm ki, Mir Cəfər Bağırov şəxsiyyəti haqqında birtərəfli, birmənalı qərar vermək mümkün (və düzgün!) deyil və bu şəxsiyyətin miqyası sovet siyasi xəritəsini və siyasi mətbəxini ehtiva etdiyi üçün, 1920-ci illəri də əlavə etsək, daha çox bir dövr onun fəaliyyəti və taleyi barədə yazmaq - əslində yalnız Azərbaycanın yox, Sovet İttifaqının iyirmi illik tarixi haqqında yazmaq deməkdir.
Mən hələ sovet vaxtı "Ölüm hökmü" romanımda Miri Cəfər Bağırovun daxili aləmi, ziddiyyətlər, dövrün mürəkkəbliyi və izaholunmaz paradoksları barədə yazmışam və aradan keçən bu onilliklər ərzində Bağırov da daxil olmaqla, Sovet İttifaqına həsr edilmiş xeyli sənədli ədəbiyyat, arxiv materialları, Siyasi Büro stenoqramları nəşr edilib, üzə çıxıb, ancaq mən indi də elə həmin fikirdəyəm.
Mir Cəfər Bağırovun adı çəkilən kimi dəhşətli, anlaşılmaz, xaotik repressiyalar yada düşür və bu repressiyaların da miqyası o qədər geniş və mahiyyəti hələ də o qədər müəmmalı və qaranlıqdır ki, nəinki Bağırovun, hətta Stalinin özünün də repressiya qurbanı ola biləcəyi yalnız fantaziya məhsulu deyil. Yadımdadır, "Ölüm hökmü" romanımda yazmışdım ki, 1937-ci ildə Lenin də "xalq düşməni" elan edilə bilərdi və keçmiş menşevik, Böyük Terrorun isə qorxulu prokuroru Andrey Vışinski məhkəmə zalında həmişəki kimi yenə də: "- Onu quduz it kimi gəbərtmək lazımdır!" - qışqıracaqdı (bu, onun sevimli ifadəsi idi). Sağ qalan qocaman bolşeviklərdən tutmuş, pioner və komsomolçularacan, fəhlə və kolxozçulardan tutmuş, şairlərə, alimlərə, partiya bürokratlarınacan - hamı "İkiüzlü Lenini axıracan ifşa etməli!", "Leninə ən ağır cəza!" və s. kimi şüarlarla növbəti və qızğın mitinqlər keçirəcəkdi.
Mir Cəfər Bağırovun güllələnməsində isə Nikita Xruşşovun mühüm rolu olduğuna şübhə yoxdur və Bağırovun aqibəti ilə bağlı sənədlərdəki dərkənarlar, ünvanlar əsas etibarilə Nikita Xruşşovun şəxsi-qərəzliyinə aparıb çıxarır.
Xatirələrindən bəhs etdiyim Həsən Həsənov Cəbrayıl rayonunun Soltanlı kəndindən idi və sonradan-sonra - 1960-70-ci illərdə - İlyas Əfəndiyevin onunla "həmyerli" (qarabağlı mənasında) "salam-əleyküm"ü yaranmışdı, hərdənbir Dənizkənarı bulvarda rastlaşırdılar. Elə həmin illərdə Həsən Həsənov İlyas Əfəndiyevə danışmışdı ki, Xruşşov Ukraynada MK-nın birinci katibi olanda Mir Cəfər Bağırovla birlikdə, hərəsi öz işi ilə bağlı Kremldə Stalinin qəbulunu gözləyirmiş və Stalin ilk olaraq Bağırovu qəbul edib. Bir xeyli müddətdən sonra Mir Cəfər Bağırov Stalinin kabinetindən çıxıb və istehza ilə Xruşşovun kepkasının dimdiyini aşağı çəkərək: "- Hələlik, Nikituşka!" ("Poka, Nikituşka!") - deyib.
Doğrusu, tanış olduğum ədəbiyyatda mən belə bir epizodla rastlaşmamışam, ancaq 1990-cı illərdə İmam Mustafayevlə (1954-59-cu illərdə Azərbaycanın partiya rəhbəri olmuşdu) söhbətimiz əsnasında ondan bu barədə soruşdum, o da, təsdiq etdi ki, belə bir hadisə olub, hətta Nikita Xruşşov artıq özü Baş katib olandan sonra bu hadisəni bir neçə dəfə qəzəblə, Bağırovun aqibətini də istehza ilə xatırlayıbmış.
Həsən Həsənov da, İmam Mustafayev də Mir Cəfər Bağırov ətrafının yüksək vəzifəli adamları, onunla gündəlik təmasda olan şəxslər idi və elə bilirəm ki, onların dediklərinə folklor kimi yanaşmaq dügün olmaz. Ukrayna SSRİ-də Rusiya Federasiyasından sonra ikinci böyük və nüfuzlu respublika, Nikita Xruşşov isə, eyni zamanda Siyasi Büronun üzvü idi və onun Stalinin qəbul otağında oturub, Mir Cəfər Bağırovun çıxmağını gözləməsi, əlbəttə, təhqiramiz bir iş idi. Bu hadisə Stalin dövrünün, yəqin ki, ötəri (ancaq yaddaqalan) bir epizodudur və Bağırovun güllələnməsinin də əsas səbəbi, aydın məsələdi ki, bu da, bunabənzər epizodlar da yox, onun Lavrenti Beriya ilə dostluğu, bu dostluğun (bu siyasi-inzibati tandemin) gələcək perspektivi olmuşdu.
"Kreml mətbəxi"nə yaxşı bələd olan Fyodor Burlatski Xruşşovdan bəhs edərkən, Nikkolo Makiavellinin bir fikrini xatırlayır: "Brut özünü səfehliyə vursaydı, Sezar olardı" ("Literaturnaə qazeta", 1988, № 8.).
Bic və enerjili Nikita Xruşşov elə bu yolla - özünü səfehliyə vuraraq, sadəlövh göstərərək hakimiyyəti ələ aldı və 10 il Sovet İttifaqına rəhbərlik etdi, "Atamız əziz Stalin!" - deyən elə həmin kütlənin "Əziz Nikita Sergeyeviç"i oldu. Sovet tarixində onun adı, ilk növbədə, Sov.İKP-nin XX qurultayında (1956) Stalin kultunu, şəxsiyyətə pərəstişi kəskin tənqid etməsi ilə qalacaq, hərçənd sonradan o, özünə kult yaratmağa başladı və onun dostu Mixail Şoloxovun Stalinlə bağlı bir sözü Moskva yazıçılarının arasında gəzirdi: "Bəli, şəxsiyyətə pərəstiş var idi, ancaq şəxsiyyət də var idi!" - yəni dolayısı yolla, bu o demək idi ki, indi isə pərəstiş var, ancaq şəxsiyyət yoxdur.
Bu da əlamətdar bir faktdır ki, Stalini repressiyalarda ittiham edən Nikita Xruşşov, son illərdə "KQB" məxfi sənədləri, arxivlərdəki məktublar, stenoqramlar, dərkənarlar (ancaq hələ də hamısı yox) üzə çıxdıqdan sonra məlum oldu ki, əlləri repressiya qurbanlarının qanına bulaşanlardan biri - birincilərdən biri elə Nikita Xruşşov özü olub. (Bu barədə bax: Ö.N.Jukov. Taynı i istorii. Moskva, Tera-knijnıy klub, 2000; yaxud: Simon Sebaq Montefiorenin göstərilən kitabı və s.)
Həsən Həsənov xatirələrində belə bir hadisə danışır və yazdığı kimi də təqdim edirəm: "1953-cü ilin payızında Mustafayev (söhbət İmam Mustafayevdən gedir - E.) Xruşşovun yanına getmişdi. Mən ondan Xruşşovun yanına nə üçün getdiyini soruşdum. O, dedi: - Xruşşov dedi ki, Bağırovun məsələsi ilə məşğul olmaq lazımdır. Mən dedim: - Bağırovun məsələsi məgər bitməyib? O, işdən çıxarılıb, respublikadan gedib, tay Bağırovun nə məsələsi ola bilər? Bu suallarıma Mustafayev cavab verdi ki, Xruşşov dedi, bu əclafın bioqrafiyası ilə dərindən məşğul olmaq lazımdır. Buradan mən nəticə çıxardım ki, Bağırovun işi olduqca pisdir".
Azərbaycanda Mir Cəfər Bağırovun vəzifə verdiyi, telefonla belə onunla ayaq üstə danışan, haqqında ləyaqətsizcəsinə təriflər yağdıran adamlar onun üzünə durdu, bu dəfə onunla birlikdə başqalarını yox, bir-birlərinə macal vermədən onun özünü "ifşa" etdilər.
Lavrenti Beriya haqqında böyük və maraqlı kitabın müəllifi Sokolov belə bir sual verir: "Bir insan kimi Beriya kim idi?" Və bu suala bu cür cavab verir: "Bu zaman fantaziyaya qapılmağa məcbur olursan". (Boris Sokolov. Beriə - sudğba vsesilğnoqo narkoma, Moskva, "VEÇE", 2003.)
Güman etmirəm ki, zəngin fantaziya belə, Lavrenti Beriyanın, eləcə də Mir Cəfər Bağırovun bir insan kimi kimliyini müəyyənləşdirə bilmir, çünki onların həyatı və fəaliyyəti fərdi şəxsiyyətdən daha artıq dərəcədə dövrün faktorunu, xarakterini, hadisələrini ifadə edir.
Cani-dildən Kremlin (Stalinin) dirijorluğu ilə fəaliyyət göstərən, Üzeyir bəyin "Leyli və Məcnun"unu "primitiv opera" adlandıran, ancaq sonradan "Koroğlu"nu yüksək qiymətləndirən, yaxud "Dədə Qorqud"u zərərli "düşmən abidəsi" (!) elan edən, yaxud da Nəriman Nərimanovla bağlı "nərimanovşina" deyə yalançı siyasi müxalifət yaradan və bir çoxlarını "nərimanovşina"da (millətçilikdə) ittiham edib, gedər-qayıtmaza göndərən Mir Cəfər Bağırov qəlbən Azərbaycana bağlı idimi?
Mən bu suala da mütləq bir cavab verə bilmirəm, çünki xislət - bir sirri-Xudadır.
Belə bir maraqlı epizoda fikir verin: Bakı Partiya komitəsinin katibi və Bağırovun arvadının qohumu Qildin MK-da şöbə müdiri işləyən Musa Əliyevin fəaliyyəti barədə Mir Cəfər Bağırova "donos" yazır və Musa Əliyev xatirələrində deyir ki, məsələ Büroda müzakirə edildikdə, Qildinin böhtanı üzə çıxır. Bu da əsəbiləşmiş Mir Cəfər Bağırovun Qildinin üstünə qışqırmağıdır: "- Sən bu qədər ildir Azərbaycan çörəyi yeyirsən, ancaq azərbaycanlılara nifrət edirsən! Xüsusən də səndən ağıllı olanlara!"
Bu sözlər elə bil ki, artıq başqa bir Mir Cəfər Bağırovun nadir portret cizgilərindən biridir.
Mən Cənubi Azərbaycan hadisələri barədə qısaca da olsa, artıq yazmışam, ancaq bu da yadıma düşür: Həsən Həsənov da İlyas Əfəndiyevə danışıb ki, Mir Cəfər Bağırov müharibə illərində də, sonra da Cənubi Azərbaycan hadisələri ilə bağlı ürəkdən gələn bir ehtirasla çalışırdı, Cənubda baş verənlər barədə tez-tez telefonla birbaşa Stalinə məlumat verirdi və bu məlumatları, düzdür, olduğu kimi çatdırırdı, özündən heç nə əlavə etmirdi, ancaq Stalinin xasiyyətinə yaxşı bələd olduğu üçün, danışığı elə qurur, elə aparırdı ki, nəticə Azərbaycanın xeyrinə olsun.
O biri tərəfdən də, Bağırovun çıxışlarında, məruzələrində ana xətlərdən biri millətçiliklə mübarizədir və onun "millətçi" axtarışı bəzən fantasmoqorik bir zirvəyə qalxırdı.
Mən yuxarıda dedim ki, Mir Cəfər Bağırov impulsiv adam idi, baxın: "Pravda"dan sonra Sovet İttifaqının ikinci rəsmi qəzeti "İzvestiya"da Mirzə İbrahimovun məqaləsi dərc edilir və Həsən Həsənov xatirələrində yazır ki, məqalədə maarif sahəsində nə qədər inkişaf etdiyimizi göstərmək üçün Mirzə İbrahimov Azərbaycanı Mərakeşlə müqayisə edir. Həsən Həsənov yazır: "Bağırov bu məqaləni oxuyub, mənə zəng etdi və soruşdu: "İzvestiya" qəzetində İbrahimovun məqaləsini oxumusan? Mən cavab verdim ki, oxumuşam. Dedi: "Ordan nə nəticə çıxarmısan? Etiraf etdim ki, mən orda elə bir şey görməmişəm. O, mənə dedi: "Deməli, heç nə anlamamısan. O, (Mirzə İbrahimov - E.) millətçidir. O, sübut etmək istəyir ki, Azərbaycan da Mərakeş kimi müstəmləkədir. Ona görə də o, onları müqayisə edir. Səməd Vurğunu, Süleyman Rüstəmi, institutlardan başqa kimləri istəyirsiniz, çağırın, qoy, Mirzənin məqaləsinin əleyhinə yazsınlar. Qoy, yazsınlar ki, Mirzə millətçidir, o, savadsızdır, o, yetkinləşməmişdir, yarımçıqdır".
Həsən Həsənov Mir Cəfər Bağırovun tələb etdiyi məqaləni yazdırır və mən o məqaləni yazanın, ona qol çəkən rəhmətliklərin - dövrün məşhur şair və ədəbiyyatşünaslarının adını yenidən sadalamaq istəmirəm, ancaq Həsən Həsənov həmin məqalənin çapını bir az gecikdirir, iki gündən sonra isə Bağırov yenidən maraqlanır ki, məqalə yazıldımı, kimlər qol çəkdi? Biləndən sonra ki, tapşırığı yerinə yetirilib, yumşalır və Həsən Həsənov yazır ki, bir müddətdən sonra onun xahişi ilə Bağırov həmin məqalənin çapını təkid etmir.
Mir Cəfər Bağırovun rəhbərliyi dövründə Azərbaycan bütün sahələrdə inkişaf edib və onun Moskvadakı (Kremldəki) nüfuzu sayəsində Respublikaya ayrılan vəsaitdə xəsislik etmirdilər (edə bilmirdilər). Bu dövrdə kütləvi savadlanma prosesi böyük uğurlar qazanıb, milli elm və mədəniyyət sürətlə inkişaf edib, Sumqayıt, Mingəçevir kimi sənaye şəhərləri salınıb, böyük sənətkarlar yetişib və Azərbaycan mədəniyyətini - teatrı, opera və baleti, simfonik musiqini, rəngkarlığı, kinonu qısa zamanda Avropa səviyyəsinə qaldırıb, yeni yaranmış janrları (misal üçün, balet, yaxud roman) Azərbaycan mədəniyyətinin milli faktoruna çeviriblər, Azərbaycan ədəbi dili təmizlənərək, ərəb və fars ibarə və izafətlərindən qurtularaq, saflaşıb və s., ancaq terror da, sındırılmış talelər də qanlı hərflərlə həmin dövr tariximizə yazılıb. Bütün bu hadisələr obyektiv səbəblərlə bərabər, respublika daxilində Mir Cəfər Bağırovun adı ilə bağlıdır və mən hərdən fikirləşirəm ki, onun hökmranlığı həmin obyektiv səbəblərlə birlikdə davam etsəydi, Azərbaycanı daha nələr gözləyirdi?
Mən bu sualı ona görə verirəm ki, Musa Əliyevin yazdığına görə, Mir Cəfər Bağırovun məhkəməsində bir sirr də açılıb: onun kabinetindən 1952-ci ildə nazir Yemelyanovun "NKVD"-də hazırlanıb, Bağırova göndərdiyi bir siyahı tapılıb və bu qara siyahıda həbs edilməli 53 nəfərin, o cümlədən, Musa Əliyevin, Səməd Vurğunun, Mirzə İbrahimovun və başqalarının adı olub (Bu barədə bax: Nadejda İsmaylova. Svoim poçerkom, Baku, 2022, str. 309.).
Əlbəttə, Mir Cəfər Bağırovdan söz düşəndə, onu itaətkarcasına "Xozeyin" adlandıran Yemelyanov bilavasitə Bağırovdan tapşırıq almasaydı, özbaşına belə bir siyahı tərtib edib, ona göndərə bilməzdi və görünür, Bağırov Stalin səviyyəsində yeni bir "37" ab-havası hiss edib, bəlkə də gizli tapşırıq alaraq, hazırlığa başlayıb - nə bilmək olar, adamın ağlına hər cür güman gəlir.
Mir Cəfər Bağırovun məhkəməsi o zaman çekist tarixinin baş çekisti hesab edilən Feliks Dzerjinskinin adını daşıyan klubun (indiki Şəhriyar klubu) böyük zalında keçirilirdi və mənim oxuduğum 7 nömrəli məktəb o klubun bir neçə addımlığında yerləşirdi, məktəblə Yazıçılar İttifaqının binası arasında da "26 Bakı komissarı"nın adını daşıyan bağ (indiki Sahil bağı) uzanırdı.
O məhkəmə günlərinin ab-havası indiyə kimi mənim xatirimdədir və indi düşünürəm ki, elə bil, o günlərin həyəcanı, hansısa bir gözlənti, ərəfə hissi, "ey gidi dünya!.." əhval-ruhiyyəsi, ovqatı bizim məktəbin də, o bağın da aurasına hopmuşdu.
Adamlar iki-bir, üç-bir o bağa gəlib, söhbət edə-edə orda dolaşırdı və onları ora gətirən, əlbəttə, 26 Bakı komissarlarının xatirəsi yox, yaxşısı-pisi ilə bərabər, Bağırov nigarançılığı, Bağırov aqibəti idi. Biz də uşaqlarla o bağa çıxıb, Mir Cəfər Bağırov haqqında bir-birimizə orda-burda eşitdiyimiz ağlasığan və sığmayan şayiələrdən danışırdıq: "Bağırov deyil, oxşarıdır, Moskvadan gətiriblər...", "Çekist dostları Bağırovu qaçırıb, o, yenə qayıdacaq..." - yadımda qalanları deyirəm. Maraqlısı, bəlkə də səciyyəvisi o idi ki, biz bir-birimizlə pıçıltıyla danışırdıq və bir-birimizə söylədiyimiz o şayiələr, o pıçıltı elə bil, bizi başqa bir sirli-sehrli dünyaya aparırdı. Uşaq vaxtlarımdan yazıçıları tanıdığım üçün, o günlərdə o bağda gəzişən, hərdən də ayaq saxlayıb, daha artıq bir həyəcanla (görünən həyəcanla) nəsə deyən Mehdi Hüseyni, Süleyman Rüstəmi, Mikayıl Rzaquluzadəni, gənc Əliağa Kürçaylını xatırlayıram və onların nə danışdığını eşitməsək də, həyəcanlarını, hətta biz uşaqlar da hiss edirdik - onlar, əlbəttə, Bağırovun məhkəməsindən danışırdılar.
O zaman biz Bakıdakı Cənubi Sovet meydanında (indi Nəriman Nərimanovun heykəli olan meydanda) yaşayırdıq və həqiqət budur ki, o meydanın ətrafındakı məhəllələrin sadə camaatı Mir Cəfər Bağırova qahmar çıxırdı. Bu camaatın arasında anası-atası, bacı-qardaşı həbs olunanlar, sürgünə göndərilənlər, bəlkə güllələnənlər də var idi və indi bunları xatırlayanda görürəm ki, bizim o köhnə Bakı koloritli, lazım olanda söyüş söyən, qarğış edən məhəllələr intiqam hissi ilə yaşamırdı.
Deyə bilmərəm ki, bu yerdə söhbət ürəyiyumşaq məhəllə mərhəmətindən gəlir, yox, bu məhkəmə, yəqin ki, aradan üç il keçməsinə baxmayaraq, Mir Cəfər Bağırov şəxsiyyətiylə bağlı inanılmazlığın, heyrətamizliyin ifadəsi idi. O da yadımdadır ki, həmin günlərdən birində axşamçağı həyətimizə girəndə qonşumuz, "Azdrama"nın artisti Sadıq Salehlə rastlaşdıq və o, atamla salamlaşıb: "- Dünya Mir Cəfərə də qalmadı!.." - dedi. Görün, nə qədər illər keçsə də, bu məşhur ifadə ("Dünya filankəsə də qalmadı...") məhz Sadıq Salehin deyimində mənim hafizəmə hopub və hər dəfə bu ifadəni eşidəndə rəhmətlik Sadıq Saleh də yadıma düşür, Mir Cəfər Bağırov da.
Sovet hökumətinin, sovet quruluşunun çox zülmünü-zillətini görmüş, əzab-əziyyətini çəkmiş nənəm (İlyas Əfəndiyevin anası), Stalin öləndə "- Axır ki, gorbagor oldu!"- deyə sinədolusu rahat nəfəs alan Bilqeyis xanım belə, xatırlamıram ki, həmin məhkəmə günlərində Mir Cəfər Bağırov haqqında nəsə ağır bir söz desin və Bilqeyis xanım o sadə məhəllə camaatından fərqli olaraq, çox cod xasiyyətli bir qadın idi, sovet quruluşuna qarşı onun daxilindəki kini, ədavəti, qərəzi mülayimləşdirmək heç vədə mümkün olan bir iş deyildi. İndi bu sözləri yazarkən, fikirləşirəm ki, bəlkə də Mir Cəfər Bağırovun da xasiyyətindəki sərtlik, cəsarət, sanbal Bilqeyis nənəmin daxilində təhtəlşüur bir hörmət hissi yaratmışdı.
Bunları yazdıqca yadıma düşür, danışırdılar ki, məhkəmənin ilk iclasında məhkəmə üzvləri, prokuror Roman Rudenko içəri girib, onların ardınca da Bağırov səhnəyə gətiriləndə zaldakı adamların hamısı ayağa qalxıb və məhkəmə üzvləri də, Rudenko da hərə öz yerində əyləşib, zaldakı insanlar isə oturmayıb. Nəhayət, guya Bağırov zala müraciətlə: "- Oturun..." - deyib və adamlar da yalnız bundan sonra oturublar.
Məhkəmədə Mir Cəfər Bağırovu prokuror kimi Roman Rudenko ittiham edirdi və bu həmin Rudenko idi ki, Nürnberq məhkəməsində müttəfiqlərin SSRİ tərəfindən ittihamçısı idi, 27 il Sovet İttifaqının Baş prokuroru olmuşdu, 1960-cı illərdə Sovet İttifaqında dissidentləri təqib və həbs etdirənlərin, onları psixi xəstəxanalara göndərənlərin başında dururdu. Bu adamın ittihamçı kimi Bakıya, məhkəməyə göndərilməsi, əlbəttə, Georgi Malenkov və Nikita Xruşşov başda olmaqla, Siyasi Büronun Mir Cəfər Bağırov şəxsiyyətinə münasibətini, elə bilirəm ki, dəqiq ifadə edir və mən bilən dərəcədə Rudenko 27 illik Baş prokurorluğu zamanı 1953-cü ildə şübhəli (mübahisəli) Lavrenti Beriya məhkəməsindən, 1956-cı ildə də Mir Cəfər Bağırovun məhkəməsindən başqa heç bir məhkəmədə bilavasitə ittihamçı olmayıb.
Məhkəmədə Mir Cəfər Bağırovla birlikdə Azərbaycan "NKVD" komissarları, nazirləri Stepan Yemelyanov, Ağasəlim Atakişiyev, müavin Timofey Borşşev, Azərbaycan "NKVD"sinin rəhbər işçiləri Xoren Qriqoryan (sonradan Ermənistan "NKVD"-nin narkomu, Ruben Markaryan (sonradan Dağıstan "NKVD"-nin narkomu) mühakimə olunurdu və Yemelyanovla, Atakişiyevin hərəsinə 25 il iş kəsilmiş, qalanları güllələnmişdi.
O zaman Xoren Qriqoryanın anasına məktubları üzə çıxdı və bu adam fəxarət və qürurla anasına bildirirdi ki, azərbaycanlılardan necə intiqam alır, azərbaycanlıları necə güllələtdirir. Bu həmin Xoren Qriqoryandır ki, 1921-ci ildə 19 yaşı olanda Mir Cəfər Bağırov onu "ÇK"-da işə götürür, onu pillə-pillə bəsləyərək, sinəsini ordenlərlə dolduraraq, ona general rütbəsi verdirərək, Azərbaycan çekistlərinin rəhbərlərindən biri etmişdi və əslən şuşalı Ruben Markaryanı da eləcə Bağırov yetişdirmişdi, onu da Azərbaycan çekistlərinin rəhbərlərindən biri etmişdi - bunların ikisi də eyni vaxtda Mir Cəfər Bağırov epoxasının qoluzorlu nazir müavinləri idi.
Bakı həbsxanası rəisinin müavini Q.Sərkisov istintaqa ifadə verəndə deyirdi ki, "NKVD"-nin kabinetlərində döyülən məhbusların qışqırtısı, ah-naləsi bütün binanı başına götürürdü və gecə saat 10-dan sonra nə içəri, nə də çölə heç kim buraxılmırdı. Komissar Sumbatov (Beriyanın və Bağırovun ən yaxın silahdaşlarından biri, məşhur "37-38" cəlladı Yuvelian Sumbatov-Topuridze) məhbusları döyməyə başlayırdı və Mir Cəfər Bağırovun özü də bəzən gəlib, bu işgəncəli dindirmələrdə şəxsən iştirak edirdi. Sərkisovun dediyinə görə, Ayna Sultanovanı soyundurub uzadırdılar və əllərinə qalın yaş əski parçaları almış əməkdaşlar (çekistlər) Bağırovun işarəsi ilə bu qadını o qədər döyürdülər ki, az qalırdı dəli olsun, çöməlib əllərini qaldıraraq: "Stalin! Stalin! Stalin!" - qışqırırdı.
Adam bu müdhiş rəzalətə inanmaq istəmir, ola bilər ki, Q. Sərkisov yaranmış şəraitdən sui-istifadə edib, Bağırova böhtan atırdı? Hər şey ola bilər, ancaq Mir Cəfər Bağırovun bu dəhşətli "NKVD" vakxanaliyasından tam şəkildə xəbərdar olmasına mənim şübhəm yoxdur, çünki o, hər şeyi, xüsusən də, "NKVD"-ni ciddi şəxsi nəzarətində saxlayırdı və məhkəmədə onun Qriqoryan, Borşev, Markaryan kimi əlaltılarının müdhiş əməlləri üzə çıxdıqda: "- Məni güllələmək yox, şaqqalamaq lazımdır!" - deməsi, mənə bir az teatrlaşdırılmış həyəcan və peşmançılıq təsiri bağışlayır - təkrar edirəm, "NKVD"-də onun bilmədiyi şey yox idi.
Keçmiş həbsxana nəzarətçisi A.M.Tağıyev isə istintaqa verdiyi ifadəsində müdhiş və müdhiş olduğu qədər də normal ağıla sığışmayan, başa düşülməyən, anlaşılmaz bir faktı qeyd edirdi: məhbuslar güllələnməzdən əvvəl xüsusi kameralara gətirilir və burada güllələnmək üçün çağırış növbələrini gözləyirdilər. Həmin kamerada güllələnmə növbəsi gözləyən məhbusları döyməyə başlayırdılar və Sumbatov-Topuridze də, müavini Gerasimov da hərdən kameraya gəlib, məhbusları şəxsən döyürdülər. Onu da deyim ki, belə bir iblisanə prosedur yalnız Azərbaycanda yox, bir çox sovetoloqların sənədlərə istinad edərək yazdığına görə, bütün Sovet İttifaqında yerinə yetirilirdi.
Doğrusu, qanlı bir mərasimə, az qala, etiqad ayininə çevrilmiş bu olayı mən heç cürə izah edə bilmirəm: kütləvi sadizm ifadəsi idi, yoxsa, bolşevik fanatizmi hipnozu rol oynayırdı, yoxsa da, çekistlərin Sistemdən qorxusunun, xofunun, hürküsünün təzahürü idi, buna görə də sədaqətlərini nümayiş etdirsinlər? Deyə bilmirəm.
Epoxalar dəyişdi, nəsillər bir-birini əvəz etdi və az qala, yüz ildən sonra da xalq Mir Cəfər Bağırovun Bakıda tikdirdiyi bir körpüyə hələ də "Bağırov korpüsü" deyir. El arasında belə bir söz gəzir ki, Bağırov növbəti dəfə Moskvaya uçmaq üçün maşınla aeroporta gedərkən, xeyli müddət yolun ortasından keçən dəmir yolunun qabağında dayanıb, uzun bir qatarın keçib-getməsini gözləyib və bundan əsəbiləşərək bu körpünü saldırıb. Ola bilər ki, həqiqətən də, belə olub, ancaq faciə burasındadır ki, bu gün də "Bağırov körpüsü"ndən keçəndə Hüseyn Cavid və Mikayıl Müşfiq, Abbas Mirzə və Ülvi Rəcəb, Ömər Faiq Nemanzadə və Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli və Əhməd Cavad, Sultan Məcid Qənizadə və Salman Mümtaz... yada düşür.
Yada düşür, sarsıdır və bu müdhiş təəssürat səni bürüyəndə, suda boğulan saman çöpündən yapışan kimi, bir təskinlik axtarırsan, fikrindən keçir ki, nə yaxşı bəziləri, misal üçün, Üzeyir bəy salamat qalıb. O Üzeyir bəy ki, doğma qardaşı Ceyhun bəy Parisdə oturub, Sovet İttifaqına qarşı mübarizə və təbliğat aparırdı, Demokratik Respublikanın əsas ideoloji qəzetinin Baş redaktoru olmuşdu. Deyirlər ki, Üzeyir bəyi guya, şəxsən Stalin tapşırıb, yaxşı, deyək ki, elə bu cür də olub, ancaq "Koroğlu"nu Moskvaya aparan, Üzeyir bəyi Stalinin hüzuruna çıxaran kim olub? Elə həmin Mir Cəfər Bağırov.
Nədənsə, bu da yadıma düşdü ki, güllələnən Ruhulla Axundovun yeganə övladı Fərid də, başına milli bolşeviklərin min bir oyun açdığı, vəfatından sonra da yalançı siyasi "narimanovşina" - deyə millətçilik libasına pərçim edilmiş Nəriman Nərimanovun yeganə övladı Nəcəf də və güllələnmiş Mir Cəfər Bağırovun oğlu Cahangir (Vladimir) də faşizmə qarşı müharibədə həlak olublar.
Mir Cəfər Bağırovun ikinci oğlu, onu tanıyanların (məsələn, Moskvada yaşayan tanınmış pianoçu Tamilla Mahmudova) dediyinə görə, çox mədəni və nəzakətli bir adam olan, professor, elmlər doktoru Cem Bağırov 1994-cü ildə Moskvada vəfat etdi, Bağırovun yeganə nəvəsi Mir Cəfər isə Hindistana ezamiyyətə gedir, elə orada da avtomobil qəzasında həlak oldu və bununla da Mir Cəfər Bağırovun nəsli sona yetdi, ondan heç kim qalmadı.
Bu da bir tale yazısıdır.
Bütün Azərbaycan Mir Cəfər Bağırovun əlində idi, onun bir imzası kifayət idi ki, insan ömrünə son qoyulsun, yaxud da onu sırf insani mənada xoşbəxt etsin, ancaq bütün bunlarla bərabər, o, özü xoşbəxt idimi? Başa düşürəm, xoşbəxtlik nisbi məfhumdur, ancaq yenə də, təkrar edirəm, o, bu dərəcədə bir qadirlik, Azərbaycandakı bu dərəcədə bir alilik içində özünü xoşbəxt hiss edirdimi?
Mir Cəfər Bağırov Azərbaycandakı hakimi-mütləqiliyini sevirdi, insanların taleyinin ondan asılı olması daxilən - şüurlu, ya da təhtəlşüur olaraq, onu qürurlandırırdı və əgər o xoşbəxt idisə, bu xoşbəxtliyin də səbəbi onun üçün vəzifəsi və hakimliyi idi. Bəlkə də belə deyildi, ancaq mənim təsəvvürümdəki Mir Cəfər Bağırov belədir və bu təsəvvürü bilavasitə hadisələrin, sənədlərin, mənə obyektiv görünən xatirələrin təəssüratı yaradıb.
Mən bu yazını yazarkən, hərdən fikrimdən keçirdi ki, görəsən, Mir Cəfər Bağırov gecə yerinə girib, yuxuya getməzdən əvvəl ölümə göndərilən o insanları xatırlayıb, vicdan əzabı çəkirdi?
Çətin sualdır.
Bir tərəfdən, niyə də yox?
Bəlkə doğrudan da, o, səhərəcən yerində vurnuxurdu, bəlkə həqiqətən, əzab çəkirdi, dəhşətə gəlirdi və ayağa qalxıb, yuxu dərmanı içirdi?
Bəlkə də, əksinə, onun üçün adi olan bir iş günündən sonra yorulub, tez də yuxuya gedirdi?
Ona görə çətin sualdır ki, bizim tanıdığımız Mir Cəfər Bağırov canlı insandan artıq dərəcədə siyasi-ictimai və inzibati bir anlayışdır.
Rəhmətlik Rəsul Rza deyirdi ki, onun da iştirak etdiyi bir toplantıda Bağırov: "- Müşfiqi nahaq verdim..." - deyib və əgər bu, Bağırovun peşmançılığıdırsa, belə bir peşmançılığın özündə də adamı üşüdən bir soyuq var - yadıma düşdü, heyifsiləndim, sonra yenə unutdum...
Süleyman Rüstəm müharibədə igidliklə döyüşmüş və həlak olmuş Cahangirin - Mir Cəfər Bağırovun təyyarəçi oğlunun yas mərasimində iştirak etmişdi və mənə danışırdı ki, Bağırovun olduqca pərişan bir görkəmi var idi, elə bil, bizim tanıdığımız Mir Cəfər deyildi, hiss olunurdu ki, özünü ələ almaq istəsə də, bacarmır.
Yəni Mir Cəfər Bağırov adi insan, adi ata kimi (!) dərd içində imiş...
Əlbəttə, yəqin elə belə də olub.
Məhkəmə zamanı təcridxanada ona təhkim olunmuş bir nəfər Mir Cəfər Bağırovun dövrünü və fəaliyyətini tədqiq edən tarixçi Adıgözəl Məmmədova söyləyir ki, Bağırov məhkəmənin hökmündən sonra xahiş etdi ki, oğlu Cahangirin qəbrini ziyarət etməyə icazə versinlər. İcazə verilir və Bağırov oğlunun başdaşını qucaqlayıb, öpərək xeyli müddət ağlayır, "Sənin yanında dəfn olunmaq istəyirdim, ancaq qismət olmadı..." - deyir.
Mir Cəfər Bağırovun cangüdəni olmuş Məhəmməd Şıxəliyev də müsahibəsində deyir ki, hərdən rayonlara çıxan Bağırov, sərhəddən Cənubi Azərbaycana baxıb, ağlayırdı.
Olsun ki, həqiqətən, belə də olub.
Ancaq məsələ burasındadır ki, biz (və tarix!) belə Mir Cəfər Bağırovu tanımırıq.
Və şəxsən mən buna çox təəssüf edirəm.
Mir Cəfər Bağırov qəlbən, öz qapalı dünyasında Stalini sevirdimi, ona daxilən hörmət edir, ehtiram bəsləyirdimi?
Deyə bilmərəm, çünki belə bir sualda söhbət daha çox sentimentli insani hisslərdən gedir, ancaq buna mənim şübhəm yoxdur ki, Mir Cəfər Bağırov Stalindən qorxurdu.
Mir Cəfər Bağırovun xüsusən, 1937-38-ci illərdə "xalq düşmənləri"ni "ifşa" etdiyi çıxışlarında, məruzələrində həmin "ifşa"ların qətiliyi və qəddarlığı içində onun özünüqoruma, özünüsaxlama, özünüxilasetmə instinkti açıq-aşkar hiss olunur və belə bir daxili qorxu, məncə, bütün başqa hissləri, o cümlədən də, inam hissini üstələyirdi.
Əgər istintaq sənədlərinin həqiqiliyinə inansaq, dindirmə zamanı Roman Rudenko Mir Cəfər Bağırovdan soruşur: "- Azərbaycanda sizə və Beriyaya qarşı guya terror aktları təşkil edilməsi ilə bağlı neçə iş açılmışdı?" Bağırov cavab verir: "- Mənim məlumatıma görə 16-17 iş." Rudenko: "- Bu işlərə görə nə qədər adam güllələnmişdi?" Bağırov: "- Yadımda qalmadığı üçün, deyə bilmərəm. Ancaq belə hallarda, adətən güllələyirdilər". Rudenko: "- Siz ciddi surətdə inanırdız ki, sizə qarşı terror hazırlayırdılar?" Bağırov: "- Yox, inanmırdım".
Elə bu kiçik sual-cavabın özü epoxanın illüstrasiyasıdır.
Bağırovun etiraf etdiyi o "16-17 iş"dən biri də bax, bu faciədir: uzun illər Partiya İnstitutunda işləmiş tarixçi İ.Eminbəyli 1919-cu ildə Musavat qəzeti "Azərbaycan"da məqalə dərc etdirdiyi üçün guya "Əksinqlabçı və millətçi təşkilatın" üzvü olduğuna görə həbs edilir və bu adam sovet vaxtı artıq "Kommunist" qəzetinin redaktoru, Konservatoriyanın rektoru olmuşdu. Bu talesiz tarixçinin boynuna qoyurlar ki, o, nəinki terrorçu dəstənin üzvi olub, şəxsən özü Mir Cəfər Bağırovu qətlə yetirmək istəyib və onu da başqaları kimi güllələyirlər. (Z.Melik-Aslanova, N.Milaylova. Ot lji - k pravde, "Bakinskiy raboçiy", 20 fevralə 1990.)
"Yoldaş Stalin" şəxsin yox - epoxanın adı idi.
"Yoldaş Stalin" - bu epoxanın yaratdığı və bu epoxanı idarə edən Sistemin adı idi.
"Mir Cəfər Bağırov" - həmin Sistemin ünvanlarından biri idi və buna görə də: "Mir Cəfər Bağırov kim idi?" - sualına cavab vermək mümkün deyil.
Sistem Mir Abbasın oğlu Mir Cəfəri yox edib və onun əvəzinə "yoldaş Mir Cəfər Bağırov"u yaradıb.
Mir Cəfər Bağırovun vəzifədən çıxarıldıqdan sonra ta ki, güllələndiyi vaxta qədər Georgi Malenkova və Nikita Xruşşova yazdığı məktublar, ərizələr, istintaq zamanı verdiyi cavablar - əgər bütün bunlar saxta deyilsə, sındırılmış, alın yazısına, taleyə məğlub olmuş və bu məğlubiyyətə görə də şaşırmış, mənən səndələyən, özünü səfərbər edə bilməyən tənha və köməksiz bir insanın yazdıqları, dedikləridir.
Vəzifədən sonrakı iki-üç ildə Mir Cəfər Bağırov adi bir insan idi, ancaq o, adi insan olmağa hazır deyildi. Musa Əliyev gündəliklərində yazır ki, "Bağırov Stalini yamsılayaraq, ona oxşamaq istəyirdi və öz rəqibləri üzərində amansız eksperimentlər aparanda buna nail də olurdu".
Bəs, Stalin necə? Vicdan əzabı çəkirdi?
Bu da çətin sualdır.
30 dekabr 2023
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!